Əziz və dəyərli dostlar!
Hər birinizi ayrı-ayrılıqda salamlayıram. Bu gün hər birimizin dostu, həmişə gənclərə dəstək olan, çox hörmətli ziyalımız, şair-publisist Elçin İsgəndərzadənin dünyaya gəldiyi gündür. Fürsətdən istifadə edib çox hörmətli Elçin müəllimi səmimi qəlbdən təbrik edirəm. Allah sağlam canla uzun ömür versin. Gözəl günlər nəsibi olsun. Ən xoş arzularımı Elçin müəllimə arzulayıram. Dostluqdan, qardaşlıqdan, böyüklükdən əskik olmasın. Yeni-yeni yaradıcılıq uğurları, yeni-yeni nailiyyətlər arzulayıram.
Əziz və dəyərli dostlarım Elçin İsgəndərzadə (Elçin Barat oğlu İsgəndərov) – 16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub.
1981-ci ildə Ağdam şəhər 6 saylı orta məktəbi Qızıl medalla bitirib.
1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) Mexanika fakültəsində təhsil alıb.
İnstitutu fərqlənmə diplomu ilə bitirib.
1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində «Maşın və mexanizmlər nəzəriyyəsi» ixtisası üzrə aspiranturada təhsil alıb.
Texnika elmləri doktoru, professordur.
AzTU-nun “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri vəzifəsində çalışır.
2011-ci ildə “Avropanın Fəxri İxtiraçısı” adına və Qızıl Medalına layiq görülüb.
2012-ci ildə “Avropanın Əməkdar Elm və Mədəniyyət Xadimi” fəxri adı ilə təltif olunub.
2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin poeziya üzrə “Qızıl Kəlmə” Dövlət mükafatına layiq görülüb.
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü seçilib, hal-hazırda həmin Şuranın üzvüdür.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2007-ci il tarixli 612 saylı Fərmanına əsasən Prezident təqaüdünə layiq görülüb.
2014-cü ildə “Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi” Fəxri adına və medalına layiq görülüb.
2014-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adı və nişanına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adı ilə təltif edilib.
1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinə və 1998-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.
Azərbaycan yazıçılarının X, XI, XII qurultaylarının nümayəndəsi olub.
2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib.
2010-cu ildə Türk Dünyasında ilk dəfə Dünya Böyük Şeir Mükafatına (The World Grand Prize for Poetry) layiq görülüb.
Elmi və ədəbi uğurlarına görə Avropa Şərəf Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm və Təhsilin inkişafındakı xidmətlərinə görə” Böyük Qızıl Ordeni (Ukrayna), A.S.Puşkin medalı (Rusiya Ədəbiyyat Akademiyası), Leonardo Da Vinçi medalı (Roma, İtaliya), İ.V.Göte medalı (Münhen, Almanya), “Roma şəhərinin fəxri alimi” medalı (İtalya) və digər orden və medallar ilə təltif olunub.
230-dan çox elmi əsərin, 52 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 95 bədii və elmi kitabın, 130 çevirmə kitabının müəllifidir.
Türkiyə, Rusiya, Latviya, Litva, Belarusiya, Gürcüstan, Qazaxıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan, Kosova, Makedoniya, Bolqarıstan, İraq və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.
Aşağıda bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirəm!..
YUXU
Oyandım, sübhədək yata bilmədim,
Bu gecə taletək qarışıb yuxum.
İşığa danışdım, suya söylədim, –
Yenə də canımdan çıxmadı qorxum.
Deyirlər tərsinə yozular yuxu,
Bilmirəm yalandı, ya doğru, Allah!
Bu gecə yuxumda RÜŞVƏT görmüşəm, –
Mənim sabahımı sən qoru, Allah!
ALÇA ÇİÇƏKLİ GECƏ
Mənim bu gecəyə çox umudum var,-
Bu gecə ulduzlar çiçəkləyəcək.
Alçalar gül açdı, yenə bu bahar-
Sevənlər, aşiqlər gerçəkləyəcək.
Mənim bu gecəyə çox umudum var,-
Bu gecə durnalar lələk salacaq.
Bu gecə dağlara qar yağacaq, qar,
Bəyaz qar üstündə bir iz qalacaq.
Mənim bu gecəyə çox umudum var,-
Əgər bu gecədən sağ çıxa bilsəm…
Dağların başında əriyəndə qar,
Sənin göz yaşını əyilib silsəm…
Mənim bu gecəyə çox umudum var,-
Bu gecə mələklər yuxuma girər.
Mələklər yuxumda tutmazlar qərar,
Mələklər bir sevda çələngi hörər.
Mənim bu gecəyə çox umudum var,-
Bu qərib gecənin yolçusuyam mən.
Qürbətə aparır bəlkə bu yollar,
Bəlkə Ay işığı, axar suyam mən.
Mənim Göy üzündə bir buludum var,-
Mənim bu gecəyə çox umudum var.
ŞÜKRANLIQ TÜRKÜSÜ
İllərin həsrətini yerə vurdu bu görüş,
Uzanan yad əlləri elə qırdı bu görüş,
Qaranlığın bağrını yardı, yardı bu görüş,
Şükür, bizi bizlərə qovuşdurana şükür!
Başımızdan dərdləri sovuşdurana şükür!
Harda isə gümanlar gümana düşüb getdi,
Çin çıxmayan yuxular dumana düşüb getdi,
Şuşasız zamanımız zamana düşüb getdi,
Şükür, bizi zamanla barışdırana şükür!
Şükür, bizi Şuşaya qovuşdurana şükür!
Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu,
Payızların içindən bahar doğdu, yay doğdu,
Başımızın üstündə mutlu, mavi göy doğdu,
Şükür, bizi bu göyə yaraşdırana şükür!
Şükür, bizi Şuşaya qovuşdurana şükür!
Ha tərəfə yön aldıq, yönümüz çiçəklədi,
Səsimiz qönçə tutdu, ünümüz çiçəklədi,
Sabahın gətirdiyi günümüz çiçəklədi,
Şükür, bizi bizlərə qovuşdurana şükür!
Ayrılığı Şuşadan sovuşdurana şükür!
SEVGİLİM
Bu dünya dediyin bu dünya,
Sənsiz heç imiş, sevgilim.
Arzular durna qanadlı,
Bahardan köç imiş, sevgilim.
Ömür də boşluğun boşunda,
Ömür də qışlığın qışında,
Bircə yol qalıb huşumda,
O da ki, keç imiş, sevgilim.
Qaradan qarası bəllidi,
Sən adlı yarası bəllidi,
Bilirsən, harası bəllidi?
Orası puç imiş, sevgilim.
Hörmətlə: VÜSAL AĞA
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru