AD GÜNÜ TƏBRİKİ Günlərin bir günü, heç gözləmədiyim anda, ümid çırağımı yandıran bir MƏLƏK endi göylərdən…. O, gündən ÇOX VAXT keçib… Bu gün o, Mələyin ad günüdür… Ad günün mübarək ey mənim məxsusi göndərilmiş mələyim… Yerin sonsuz səmanın ənginlikləri, nəsibin sevgi dolu həyat olsun… Tanrının nəzərindən düşməyəsən… Sən olmasaydın bu şeirlər də olmazdı… Bu kəlmələr sənin riqqətə gətirdiyin qəlb tellərinin səsi olduğundan yalnız və yalnız sənə aiddir, ey zəriflik, paklıq, bakirəlik mücəssiməsi- bütün ülvi hisslərin məcmusu- AĞ ÇİÇƏYİM…. Hörmətlə: Zaur USTAC
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
O GÜN (Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər…
Salam olsun, çox dəyərli oxucum! Bu görüşə görə Böyük Allaha minnətdarlığım sonsuzdur! Sizlərlə bu dəfə vacib bir məsələ barədə söhbət edəcəyik inşəAllah. Haqqında söhbət açacağım məsələ son illər onsuzda aktual olsa da, pandemiya səbəbindən təhsilin məlum məhdudiyyətli formada aparılması, ilkin dövrlərdə qəti evə qapanma tələbləri nəticəsində telefon, planşet, kompüter və s. internetə (olduqca müxtəlif saytlara) çıxışı olan vasitələrə aludəçiliyi olan uşaq, yeniyetmə və gəncləri limitsiz məlumatlar bazası olan bu sirli dünyaya daha da bağladı. Xoş o uşaq, yeniyetmə və gənclərin halına ki, bu fürsətdən müsbət tərəfə faydalana bilirlər. Ancaq həmişə belə olmur. Elə uşaq, yeniyetmə və gənclərimiz var ki, bu sirli dünyada doğru yol tapmaqda çətinlik çəkir və bəzən hətta milli maraqlarımıza zidd olan istiqamət götürürlər. Bu hal çox vaxt gənc dostlarımızın təcrübəsizliyindən, əsl dünyadan, real həyatdan xəbərsizliyindən qaynaqlanır.
Xüsusi ilə son günlərdə hər çıxışda, hər görüşdə cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Gənclər milli ruhda tərbiyə almalıdır!”, “Vətənpərvərlik hissləri ön planda olmalıdır!” kimi çağırışların fonunda ziyalılarımız, bu gün silahı əldə qələm olan yazarlar əllərindən gələni əsirgəməməlidirlər. Bu həqiqətən ciddi məsələdir. Vəziyyət o həddə çatıb ki, hətta rəzil düşmənin təəssübkeşliyini çəkən gənclərimiz peyda olub. “Qloballaşma”, “kosmopolitizm” kimi bəzək-düzəkli ibarələrlə beyinləri yuyulmuş hələlik kiçik qruplar şəkilində yeniyetmə-gənclər dəstələri formalaşmaqdadır. Bu hansı tərəfdən baxırsan, bax mənfi haldır. Belə gənclər virtual dünyada hərəsi bir cəngavər olsalar da, real həyatda tam əks keyfiyyətləri sərgiləyirlər. Belə kiçik qrupların gələcəkdə böyük manqurtlar ordusuna çevrilməməsi üçün cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına hər bir qələm adamı qoşulmalı, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
Bu yöndə faydallı olmaq üçün söhbətimizi dahi Azərbaycan mütəfəkkiri Abbasqulağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı üzərində quracağıq. İlk öncə onu qeyd edim ki, böyük bir dünya olan bu kiçik həcmli kitabla mənim ilk tanışlığım ötən əsrin 80-ci illərinə təsadüf edir. 8-9 yaşım olanda uşaq kimi kiril əlifbası ilə nəsihətlərlə tanış olmuşam. Sonra təxminən 15-16 yaşlı yeniyetmə olanda əski əlifba ilə olan material kimi istifadə etdikdə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşam (kitabın formatı elədir ki, nəsihətlər paralel olaraq həm kiril, həm əski əlifba ilə verilib). Son 1-2 ay ərzində isə Tuncayla (Tuncay Şəhrili) əski əlifba ilə olan material kimi istifadə etdiyimiz üçün yenə hər nəsihəti həm kiril, həm də əski əlifba ilə dəfələrlə oxumuşuq. Müəllifin öz sözlərinə keçməzdən əvvəl bir daha onu xatırlatmaq istəyirəm ki, məsələ olduqca aktual, material, yəni Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər” kitabı olduqca qiymətli vasitədir. Bu kitab möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir. Müəllifin öz qələmindən kitab haqqında qısa arayışa diqqət edək.
QISA ARAYIŞ
… Qüdsi təxəllüslü Abbasqulu ibn mərhum Mirzə Məhəmməd xan Bakui belə deyir:
-Elmlərdən xəbərdar olduğum zaman, mənə məlum oldu ki, uşaqlar bəzi kitabları öyrənmək istərkən, elə dolaşıq ibarələrə rast gəlirlər ki, hətta müəllimlərin özləri onları dərk elə bilmirlər.
Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq və mənimsəmək çox çətindir. Buna görə də “Uşaqlıqda öyrənilən elm daşda qazılmış şəkil kimdir” zərbül-məsəlin məzmunundan qəflət olunur. Əxlaq gözəlliyini hər zamandan artıq uşaq yaşlarında onlara öyrətmək lazımdır. Gözəl əxlaq təkrar olunduğu zaman adətə çevrilib insan təbiətinə daxil olaraq çətin anlaşılan elm və ədəb qaydaları onlara vərdiş olar. Beləliklə, hicrətdən min iki yüz əlli iki il keçən bir zamanda nəsihətlər adı ilə aydın və sadə anlaşılan müxtərəs bir kitab yazdım… Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsində getdikcə daha artıq təsir etsin.
Uşaqlara üz tutub belə nəsihət verirəm:
Ey mənim əzizim, sən insansan. Allah insanı dünyada hər şeydən yaxşı yaratmışıdır. Bu isə işi yaxşı bacarmaq səbəbindəndir .İnsanlar arasında da hər kəs çox biliki və işbilən olsa həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar.
Belə adamların sözləri bizə nəsihətdir:
Öz ata-ananı hamıdan artıq əziz tut və hər nə buyursalar əməl elə, onları heç vaxt incitmə … Sonra böyük qardaşına, bacı, əmi və dayına da itaət elə!
Hər kəs vəzifədə elmdə və yaşda səndən böyükdürsə ona hörmət elə, ta ki, səndən kiçiklər də sənə hörmət etsinlər.
Dövlət başçılarına itaət eləməyi özünə vacb bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.
Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.
Xalqın xeyrinə olmayan bir işi eləmə və ya bir söz demə ki , sənə ondan zərər yetişər.
Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin.
O adamlarla otur-dur ki, böyüklər onları yaxşı adam hesab edirlər, əclaf və hərzə danışanadamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.
Və bu ardıcıllıqla nəsihətlər davam edir. Cəmi 84 nəsihətdən ibarət olan bu kiçik həcmli kitab müasir uşaq, yeniyetmə, gəncin həyat kodeksinə çevrilərsə, onu ancaq uğur gözləyər! Gələcək şəxsiyyət kimi həyatda demək olar ki, heç bir çətinliyi olmaz! Bu nəsihətlər dahi söz adamı Abbasquluağa Bakıxanov Qüdsinin “Nəsihətlər”inin həmişə müasir və aktual olduğunu göstərməklə yanaşı, əsrlərin dəyişməsinə, vasitələrin yenilənməsinə rəğmən tərbiyədə olan problemlərin olduğu kimi qalması diqqət çəkən məqamlardan biridir. Övladının gələcəyini firavan görmək istəyən, vətənini, dövlətini sevən hər bir valideyn və gələcəkdə övlad sahibi olacaq hər bir gənc bu kitabla mütləq tanış olmalıdır. Bu qəti tələbin öz səbəbləri var. Səbəblər aşağıdakılardan ibarət ola bilər:
Birinci əsas səbəb Abbasquluağa Bakıxanov Qüdsi sıradan bir adam deyildi. O əsl dünyagörmüş ziyalı, ağayana əslzadə idi.
O, bu nəsihətləri sadədən mürəkkəbə elə sıralayıb ki, ən müasir psixoloji və pedaqoji bütün tələblərə cavab verir.
Dahi mütəfəkkir bu nəsihətləri tərtib edərkən özünün sahib olduğu bütün dini və dünyəvi bilklərin maksimum realizə imkanlarını nəzərə alaraq, tam praktik tövsiyələr hazırlayıb.
Ən əsası yaşadığımız dövlətin başçısının, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır!” çağrışına tam cavab verir.
Bu məqamda cəmi 84 nəsihətdən ibarət olan bu kitabdan “Dövlət başçılarına itaət eləməyi özünə vacib bil, əgər onlar olmasa, ölkədə nizam-intizam olmaz və adamlar biri birinin malına canına və namusuna qəsd edərlər.” üçüncü və “Hər ölkədə olsan o vilayətin qanununa zidd iş görmə ki, cəzaya düçar olmayasan.” dördüncü nəsihətləri xatırlatmaqla bu mövzuda olan birinci yazımı yekunlaşdırmaq istəyirəm. Dəyərli oxucum, bizim parlaq gələciyimiz, aydın sabahımız olan gənclər, bir məsələni unutmayaq ki, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin mövzu ilə əlaqəli bütün görüş və çıxışlarında dəfələrlə vurğuladığı kimi “Düşmənə nifrət hissi bizi qələbəyə apardı!”. Bu qələbəni biz şəhidlərimizin (sizin yaşıdlarınızın) qanı, canı, yarımçıq qalmış həyatları hesabına əldə etmişik. Onlar bu dünyadan, öz arzularından ona görə vaz keçdilər ki, biz, siz daha firavan yaşayaq. Düşmən əsarətindən onların qurtardığı torpağı qoruyaq, inkişaf etdirək, çiçəkləndirək. Burada “Dədə Qorqud” filmindən məşhur fraza – Dədə Qorqudun “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz.” tövsiyəsi yada düşür. Bu torpağı qorumaq, əkib becərmək, onu qanı-canı bahasını yağı düşməndən alıb bizə ərmağan edən şəhidlərimizin ruhuna, qazi və döyüşçilərimizə hörmət etmək, ehtiram bəsləmək bizim başımızın borcudur. Bu belədir və nə qədər Azərbaycan var, belə də olacaqdır! Əksini düşünənlərin fikrinə hörmət edirəm, ancaq, belələrinə aramızda yer yoxdur və heç vaxt olmayacaqdır!!!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edir, həyatda uğurlarınız bol olsun deyirəm. Hələlik. İnşəAllah bu mövzu davam edəcək. Yenidən görüşmək ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.
Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac 20 – dən artıq şeirlər kitabının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir. Zaur Ustac və onun əsərləri haqqında aşağıdakı kitablar yazılıb: 1. Hacıxanım AİDA “ÖMRÜN ANLARI ” Bakı – 2018. 2.Hacıxanım AİDA “OTUZ ŞEİR, OTUZ FİKİR ” Bakı – 2018. 3.Kamal Camalov “Əliş və Anna haqqında ” Bakı – 2019. 4.Gülü “ZAUR USTAC” Bakı – 2020. 5.Qələndər Xaçınçaylı “TACLI ŞAİR” Bakı – 2020. 6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021. Zaur Ustac müntəzəm olaraq dövri mətbuatda şeir və publisistik yazılarla çixış edir, eyni zamanda yeri gəldikcə qələm dostlarının yazılarına tənqidi münasibət biıdirir
Könül sarayımın sultanı sənsən, Qəlbimdə qurduğun taxtın mübarək! Ruhum təbəəliyi özü üstənib, Biətin mübarək, andın mübarək!
* * * Zaman neçə kərə dayandı, durdu, Adi təbəssümün bir dünya qurdu, Baxışın isitdi viranə yurdu, Ocağın mübarək, odun mübarək! * * * Sözdən ilmə – ilmə toxunub tacın, Nəyim var, nəyim yox qoy olsun bacın, Bu yolda qurbanlıq özü Ustacın Məqamın mübarək, adın mübarək!
HƏR GÜN NƏFDİ…
Altmış üçdən nəf hesablar kişilər, On səkkizdən başlamışam saymağa… Kaldan, şitdən daim uzaq durmuşam, Meylim olub özün tutmuş qaymağa…
* * * Zənbur kimi çiçək-çiçək gəzmişəm, Gül üzəndə, tər qönçəsin üzmüşəm, Qürbət elin cəfasına dözmüşəm, Bir arzum var, kaş dönəydim oymağa…
* * * Ustac xoşlar, kəsə etsin söhbəti, Çalış boşa yeməyəsən möhnəti, Dadımlıqdı bu dünyanın neməti, Macal verməz heç kimsəyə doymağa…
Gülən gözün gözəlliyi gözəldir, Gülən gözü görünməyən göz görər…. Gözün gülür, gözün gözü gülməyir, Gözdə gözü görünməyən göz görər…. * * * Gözü gözdən gözün gözü gizlədir, Gözdə gözü gözün gözü gizlədir, Gözün gözü gözümüzdə gizlidir, Gizli gözü görünməyən göz görər….
* * * Göygöz giryan, gözü gülməz, gülümsər, Gülən gözün gözü gözdən gülümsər, Gülməyən göz, gözə gözdən gülümsər, Giryan gözü görünməyən göz görər…… 21.09.2015. Bakı
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı. Müəllif: Zaur Ustac
Земля -место казни, знай! Человек, не забывай! Яблоко раздора вспоминай, Адама вспоминай И Еву вспоминай! * * * Человек, не забывай! Тело свое вспоминай, Катастрофы вспоминай, И казнь вспоминай! * * * Человек, не забывай! Земля -место казни, знай! Земля -место казни,знай! Земля-место казни, знай! Перевод: Теране Меммед –Təranə MƏMMƏD
The Earth leads punishment! Man, don’t forgot; Remember the apple, Remember the Adam, Remember the Eve! * * * Man, don’t forgot; Remember the body, Remember the catastrophe, Remember the punishment! * * * Man, don’t forgot; The Earth leads punishment! The Earth leads punishment! The Earth leads punishment! Author: Zaur Ustaj –Zaur USTAC,
Zaur Ustacın uşaqlar üçün şeirlərinin daxil olduğu müntəxəbat.
MÜNTƏXƏBAT – MƏKTƏBƏQƏDƏR TƏHSİL (BÖYÜK QRUPLAR ÜÇÜN 4-5 YAŞ) BU TOPLUDA ZAUR USTACIN DA ŞEİRLƏRİ YER ALIB. İSTİFADƏÇİLƏRƏ ƏLÇATANLIĞI TƏMİN ETMƏK ÜÇÜN PDF VARİANTINI TƏQDİM EDİRİK, BUYURUN İSTİFADƏ EDİN:
Salam olsun, dəyərli oxucum! Bu görüşü bizə ərməğan etdiyinə görə Böyük Alaha şükürlər olsun! Sizlərlə yenidən həmsöhbət olmaq çox xoşdur! Bu dəfə söhbətimizin mövzusu əlinə yenicə qələm almasına baxmayaraq, artıq kifayət qədər uğura imza atmış gənc qələmdar barəsində olacaq. Haqqında söhbət açacağımız gənc yazar qısa müddət ərzində öz imzasını tanıtmağı bacarmış, ədəbi cameədə sözünü deməyə başlamışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu dəfə sizinlə bir az hüznlü, gərgin, amma bir o qədər də romantika dolu dünyaya səyahət edəcəyik. Bu dünyanın balaca fidanı xəzan olan yarpaqların arasında öz qələmini tapmış və ondan bərk-bərk yapışıb dikələrək, bu qələmin gücünə bələd olduğundan ona söykənib var gücü ilə, səsi gəldikcə, sözü yetdikcə; “…ey kor olmuş dünya, mən də varam” – deyə hayqırmaqdadır. O qələm onu çox fırtınalarla qarşılaşdırmış, o kiçik, məsum ürəyində od qalamışdı. Bu odun qor götürdüyü ocaq bəşəriyyətin söz məbədinin müqədəsliyinə müqədəslik qatan piraninin piridir. Bu od hərdən sönsə də, hər dəfəsində yenidən daha güclü alovlanmışdır. Alovlanmış və daha da gurlanaraq sönməmiş, əksinə parlaqlığını artırmışdır. Bu od o ocaqdan rişələnib ki, çoxlarımız qiyabi də olsa bu barədə məlumatlıyıq. Bu od o ocaqda, o məbəddə alovlanır ki, onun nə vaxtsa sönməsini heç birimiz istəmərik. Əksinə bu yazını oxuyandan sonra çoxunuz mənimlə razılaşacaqsınız ki, hamımız bu ocağın qorunu, alovunu mühafizə etməli, onu qorumalı daha da gur alovlanmasına, zülmət dünyamızı işıqlandırmasına, soyuq dünyamızı isitməsinə kömək olmalıyıq. İndi sizi bu müqəddəs məbədin ocaqdarı ilə tanış etməyin vaxtı çatmışdır. Bu müqəddəs məbədin indi-indi alovlanmağa başlayan qoru, bu qoca çinarın yeni pöhrəsi, fidan balamız, gənc yazar, dahi söz ustadı İsa Muğanna ocağının, irsinin varisi, qoruyucusu, daşıyıcısı Səma Muğannadır.
Qısa Arayış:
Səma Muğannna (Ağazadə Səma Elbrus qızı) 2006-cı il martın 2-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Babası “İstiqlal” ordenli Xalq yazıçısı İsa Muğanna kiçik yaşlarından Səmanın tərbiyəsi ilə məşğul olmuş, onda ədəbiyyata maraq oyatmışdır. Hal-hazırda Səma 189-190 saylı orta məktəbin 10-cu sinfində təhsil alır, 3 kitab müəllifidir, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür, “Ulduz” jurnalında, “Ədəbiyyat və “Kırımın səsi” qəzetlərində, eyni zamanda müxtəlif saytlarda əsərləri işıq üzü görmüşdür. “Ziyadar” Mükafatı laureatıdır.
Səma Muğanna ilə mənim tanışlığım “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabı ilə olub. Kitab adı ilə diqqətimi çəksə də oxuduqdan sonra bu gənc müəllifin söz dünyası, düşüncələri fikrimi məşğul etməyə başladı. Daha sonra “Göyərçinin qəribə sevgi hekayəsi”, “Lal şəhərim” və digər kiçik həcimli yazıları ilə tanış olduqca hər şey mənə məlum oldu. Söz dünyası, bədii ədəbiyyat öz yeni tacidarını qarşılamağa hazır olmalıdır. Söz səltənətinin yeni sultanının tacının parıltısı artıq ədəbiyyat üfiqlərində görünməkdə, atının ayaq səsləri isə eşidilməkdədir.
Əgər bir az da dərinə gedib, Səmanı daha yaxından tanımağa çalışsaq, bu körpə fidan bala qələminin varlığına sarılaraq ayaqda qalmağı bacarıb. Kiçik dünyasında rəngarəng göy qurşağını kiçik ev edib, o evin də, küçənin də ən şirin nəğməsi olub. Bu nəğmə böyüdükcə səsi ətrafı da ovsunlamış və ovsunlamaqdadır.
Səsdən söz düşmüşkən, sözün əsl mənasında Səma həmdə məlahətli səsə və özünəməxsus ifa tərzinə malik qiraətçi kimi də özünü uğurla sınayır.
Bütün bu sadaladıqlarımızın hamısı Səmada ilkin mərhələdə, işartı formasındadır. Ancaq, ondakı əzim və bir də söykəndiyi soy-kök onu deməyə əsas verir ki, biz çox parlaq bir gələcəyi olan söz adamı, yazarla müasirik.
Səmanın yaradıcılıq dünyasına səyahət etdikcə qəlbləri riqqətə gətirən səhnələrlə tanış oluruq. Qələm sahibinə rəğbətimiz artır.
Səma həyat eşqini, duyğularını, yaşadıqlarını sadəcə qələmə almır. O bəlkə də şəxsən onun özünə aid olanları böyük ustalıqla ümumiləşdirməyi bacarır. Öz yaşıdlarının, bəzən (çox vaxt) isə hətta yaş və digər stereotipik baryerləri aşaraq bütün insanlığın, cəmiyyətin problemlərini uğurla qabarıq şəkildə təqdim edir. O bütün varlığıyla sarıldığı qələmini barmaq uclarıyla izləyərək yazır. O qələminin sözünü dinləyir. Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır. Qələminin sehrini izləyən oxucusu bu yalan, fani dünyadan ayrılıb, onun sevgi dolu dünyasına səyahət edir. Səmanın qeyri-adi, sehirli söz dünyasına düşmüş oxucu həyata tamam başqa gözlə baxmağa başlayır. O dünyadan bu dünyaya yeni əhval-ruhiyyədə qayıdır.
Səmanın söz aləmində uğurlar qazanmasında rol oynayan ilk olaraq babası İsa Muğanna və ailəsi olub. Bu körpə fidan bala dünyaya göz açdığı ocaqda ədəbiyyat qoxusunu duymuş və qələmi əlinə almışdır. Təbii ki, onun yanında dəstəkçiləri də olmuşdur və bu gün də var. Günəş olmadığı zaman Ay Yeri işıqsız qoymadığı kimi, İsa Muğanna yoxluğunda Səma Muğannanın da muğannasevərləri sözsüz qoymayacağına əminik.
Son olaraq Səmaya onu demək istəyirəm ki, əzizim Səma başlanğıc mükəmməldir! “Sükanı belə saxla!” Bax, beləcə davam et! Daim öz üzərində işlə! Biz ədəbiyyat üfiqlərində sənin timsalında yeni bir günəşin doğduğuna inanırıq. Sənin boynuna düşən bizim yanılmadığımızı sübut etməkdir. Bu keşməkeşli, çətin ancaq, şərəfli yolda uğurların bol olsun!
Sona qədər həmsöhbət oduğunuz üçün təşəkkür edirəm. Böyük Allahın yardımı və izni ilə yenidən görüşənədək! Allah amanında.