Dünyamızı çiçək görən, Gözlər nə gözəl, nə gözəl… Ruhumuza şəfa verən, Sözlər nə gözəl, nə gözəl…. * * * Gül əkənlər, gül dərəcək, Qəlb deyəni, dil deyəcək, Düz əyrini, düz görəcək, Düzlər nə gözəl, nə gözəl…. * * * Ustac olub sözə məftun, Daim gülən üzə məftun, Qəlbdə qalan izə məftun, İzlər nə gözəl, nə gözəl….
Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları! Bizim yalnız bir məqsədimiz var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit, dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək gərəkdi, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı saymasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
Şəhla əvvəlcə elə dünyaya gəldiyi özəl günlə fərqləndi. 31 dekabr… Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni ilin astanasında hələ heç nəyinə bələd olmadığı dünyaya gəlişi ailəyə üçüncü bayramı da yaşatdı. Sabirabad rayonunda doğulan bu qızın uşaqlığı güvənli, qayğı ilə əhatə olunmuş keçdi, orta məktəbi bitirib 2 nömrəli Bakı Tibb Texnikumunun əczaçılıq fakültəsinə qəbul olundu. Ailədən mənimsədiyi işgüzarlığı, öz imicini yaratmaq meyli, daima axtarışlarda olması nəticəsiz qalmadı. Hələ birinci kursda ikən əmək fəaliyyətinə apteklər şəbəkəsindən başladı…
Musahibimiz bir ildən artıq Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanda Əl işləri və gəlin aksesuarlarından ibarət “Nefertiti” brendinin qurucusu Şəhla Babayevadır.
-Şəhla xanım, necə oldu ki, bu işə başlamağa qərar verdiniz? İlk hazırladığınız nə oldu və bundan nə qədər gəlir əldə etdiniz? Ümumiyyətlə, sizi bu işin ən çox maddi, yoxsa mənəvi tərəfi maraqlandırır?
-Orta məktəb illərindən özümün xüsusi bacarığım olduğunu kəşf etmişəm. Mənim çoxlu gəlinciklərim vardı. Hamısına da ad qoymuşdum. lk dəfə onlar üçün paltar tikmişəm. Ən çox da gəlin paltarı tikir, ona uyğun fata düzəldirdim. Sonra mənimlə bərabər arzularım, ideyalarım da böyüdü. Evdə köhnə hesab edilən bəzək əşyası və suvenirləri götürüb görkəmini dəyişirdim. Bir dəfə sosial şəbəkələrin birində bir gəlin şəkli gördüm, saçına vurduğu aksesuar marağma səbəb oldu. Beləcə indiki işimin bünövrəsi qoyuldu… İlk əl işim gəlin üçün bel kəməri olub, qazancım isə 8 manat oldu… İş insanı məmnun etməlidi, işləyərkən daxili rahatlıq hiss etməlisən. Mən bu işimlə xoşbəxtəm, həm də bir növ qazanc yerimdi.
-Bildiyimiz kimi, belə işlərlə məşğul olanlar çoxdur, amma hamı uğur qazana bilmir. Sizcə bunun səbəbi nədir?
–Təşəkkür edirəm, insanda özgüvən aşağıdırsa heç bir işdə uğur qazana bilməz. Ruh yüksəkliyi, inam, yeni ideyalar, zamanın nəbzini tutmaq vacibdir. Hər sahədə olduğu kimi burada da peşəkarlar da var, həvəskarlar da. Hər birinə uğur arzulayıram.
-Bu iş həm də səbir tələb edən bir işdir, bir aksesuar üstündə günlərlə işləmək lazım olur bəzən. Bəs sizin səbriniz böyükdürmü?
-Doğrudur. Dediyim kimi sevdiyim iş olduğundandı ki, səbirlə işləyirəm. Bəzən vaxtı unuduram, eyni vəziyyətdə oturduğumun, gözümü saatlarla xırda muncuqlara zillədiyimin fərqində olmuram. İşi bitirəndə bütün ağrılarım bitir, yorğunluğumu unuduram. Bir də əl işlərimi xanımların xoş gününün şahidi olduğu üçün sevirəm…
-Siz ən çox hansı aksesuarlarla işləməyi xoşlayırsınız və yaşadığınız şəhərdə rəqiblərinizmı deyim, ya həmkarlarınız, çoxdurmu? Hazır işlərə orada tələbat necədir?
-Bütün işlərim mənə əzizdir, amma sifarişçinin istəyini nəzərə alıram, zövqlər çox müxtəlifdir, dəbdəbəli taclardan tutmuş ta zərif baş bəzəklərinə qədər sifarişlər olur. Türkiyədə daha çox həmkarlarım var, orada paxıllıq edənlər demək olar ki, yox dərəcəsindədi. Hamı uğurunu paylaşır, bir-birinə bildiyini öyrədir. Təlabata gəlincə əsasən sadə aksesuarlara üstünlük verirlər, çox diqqət çəkən bəzək əşyalarını sevmirlər…
-Son zamanlar gəlinlik paltarlarının təqdim olunmasında model kimi də görünürsüz. Üstəlik qardaş ölkədə film çəkilişlərinə də qatılırsız, hansı daha maraqlıdır sizin üçün və bu üç işi necə çatdırırsınız?
-Hələ az dediniz, (gülür), işim çoxdur əslində, qadınsansa məşğuliyyətin bitməz… Ev işləri, oğlumun dərsləri vaxt tələb edir. Məni modellik, modelyerlik həmişə maraqlandırıb. Tibb sənətini valideynlərimin istəyilə seçmişəm. Bəli, zəhmətim, göstərdiyim çaba nəticəsini verir, çox şükür. Film çəkilişlərinə istəyim Türkiyədə reallaşdı, burada istəsəm də bəzi əngəllərlə üzləşdim. Modelliyə gəlincə isə, əslində dediyiniz kimi də deyil, Bakıya gəldiyim zaman bir qadın gözəllik salonunda olarkən gəlin obrazı üçün üz cizgilərim diqqət çəkdi və mən də gələn təklifi dəyərləndirdim…
-İndiki pandemiya dövrü həm də toylarımızdan da yan keçməyib. Artıq iki nəfərlə evlənmək adi hal sayılır. Bu sizin işlərinizə də təsir edirmi?
-Bəli, özü də çox. Əvvəllər insanlar ümidlə pandemyanın tezliklə bitəcəyini gözləyirdi, görəndə vaxt uzanır, onlar da əlacsız qalıb belə evlənməyi qəbul etdilər. Təki sağlıq olsun, atalar deyib ellə gələn dərd toy-bayramdı…
-Bilirik ki, uşaqları da unutmursuz, xüsusən qız uşaqları üçün saç üçün maraqlı bəzək əşyaları düzəldirsiniz. Nə zamansa əl işlərinizin satışı üçün xüsusi bir məkan açmağı düşünmüsünüzmü?
– Qızlar özü elə gözəldilər ki, onlara hər şey yaraşır. Əsasən qolbağ və saç aksesuarları düzəldirəm onlar üçün… Məkan məsələsinə gəlincə, bəli, düşünürdüm, amma indiki vəziyyətdə bir sıra çətinliklər var ki, onlar aradan qaldırılmalıdı.
– Deyirlər uzaqdan baxana döyüş asan gələr, buna inanırsınızmı? Tezliklə İstanbula geri dönəcəksiniz, bu zaman işə hardan, nədən başlamaq fikrindəsiniz?
-Atalar nə deyibsə, düz deyib. Qardaş ölkə olsa da doğmalarından uzaqda olmaq üzür adamı. Amma başladığım işləri yarım buraxmaq olmaz, inşallah qoyub gəldiyim yerdən davam edəcəyəm işimə:
-Sizə YAZARLAR adından uğurlar arzulayır, səsiniz daha ucalardan gəlsin deyirik. Həyat sevginiz bol, əlləriniz var olsun, fantazlyalarınız isə tükənməsin. Etiraz etməsəniz bu fotoların birindən jurnalımızın növbəti sayında üzqabığı üçün istifadə edərdik.
-Buyurun. Seçim sizindir. Ancaq məsləhət olsa üçüncü fotodan istifadə edərsiniz. Hə. Məhz üçüncüdən.
-“Atalar üçdən deyib” – ona görə (ciddi)?
-Bəli ‘”atalar üçdən deyib” (gülür).
-Oldu! (gülürəm) Ən dəyərli nemət olan zamanınızı bizim üçün ayırdığınıza görə minnətdarıq. Çox sağ olun!Uğurlarınız bol olsun!!!
YAZ SEVDASI VAR Bu payız bir başqa gəlir ömrümə, Güzün gümanında yaz sevdası var. Xəzana bürünüb bütün bağ, bağça Güzün gümanında yaz sevdası var. * * * Bu xəzan yelimi, ya bahar mehi? Bivaxt tumurcuqda, tər zəfər zehi, Qızılı yarpaqda zər qəhər şehi, Güzün gümanında yaz sevdası var. * * * Ustac, tac almısan Haqqın özündən, Gözəllər xoşhaldır şirin sözündən, Görməz, qəm süzülür qəmgin gözündən, Güzün gümanında yaz sevdası var. 29.08.2021 – Bakı.