Şair, qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri Hacı Arif Buzovnalı bu gün vəfat edib.
Yaxınlarının mətbuata verdiyi açıqlamaya görə, şair Buzovnada yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, ARİF BUZOVNALI imzası ilə tanınan Əliyev Arif Rauf oğlu 1972-ci ilin 6 sentyabrında Bakının Buzovna qəsəbəsində anadan olub. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, 1993-1994-cü illərdə Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.
Ədəbi yaradıcılığa erkən yaşlarda başlayan və əsasən klassik üslubda şeirlər qələmə alan şairin müxtəlif vaxtlarda “Ömrün ötən anları”, “Mərifətdən həqiqətə”, “Səhərimə nə qalıb ki?”, “Xəzərim”, “Sarı güllər”, “Vadi”, “Qəzəllər” kitabları çap olunub. Məqalələri, düşüncələri isə “Xətai və Füzuli… Düşüncələr”, “Nəsimi bir baxışda”, “Qırx qəzəl – Qırx şərh”, “Çün “əhsəni təqvim” idi” kitablarında toplanıb.
Şairin nəşi bu gün Buzovnada torpağa tapşırılacaq.
Balis Sruoganın Tanrılar meşəsi insan əzabının son dərəcə sərt iqlimli coğrafiyası, qanla çəkilmiş xəritəsidir. Miqyası kartoqrafik təsvirlərlə bir kitab formatına qədər kiçildilmiş. Gerçəkdə isə “Tanrılar meşəsi” Baltik sahillərindən başlayan insan faciəsinin dünyanın ucqarlarınadək ayaq açan, yeriyən və xoşbəxt təsadüf nəticəsində bizim günəşli vətənimizədən də keçən uzantısıdır… “Tanrılar meşəsi”nin danışdıqlarını dinləmək mənim kimi bir Azərbaycan oxucusu üçün o qədər də çətin olmadı: buna kimi hər iki babamı ikinci dünya müharibəsində artıq itirmişdim; qanlı repressiya illərinin qurbanları – ünlü ziyalılarımızın qətli yaxın keçmişimdir, hələ nə mürəkkəbi quruyub, nə də qanı. Üstəlik, ali məktəbi bitirəndən dərhal sonra hərbi jurnalist kimi qismətimdə kənd-kənd, rayon-rayon işğal olunan torpaqlarımızı – Qarabağı bir insanın fiziki imkanları daxilində qarış-qarış gəzmək də vardı. Burada gördüklərimin rəsmini yazılarımın birində təsəvvürümün formalaşdırdığı obrazlı cümlə ilə çəkmişdim: müharibədən güllə-mərmi səslərindən çox, körpə çığırtısı, uşaq fəryadı eşidilir. O ağrı-acını bizə yaşadan sovet imperiyası idi. Həm də indinin özündə də Azərbaycana aul kimi baxan sovet imperiyasının ideoloji varisi Rusiya imperiyası… Amma yenə də “Tanrılar meşəsi”nin danışdıqlarını dinlədikcə bir gözüm ağlayır, bir gözüm gülürdü. Ağlayan gözümə görə məsuliyyət daşıyan güclərin əsas koordinatlarını artıq tanıtdım. Hələ daha çox ünvana yollana, daha artıq qapını döyə bilərdim… Amma gülən gözümə görə yalnız və yalnız bir insana – professor Balis Sruogaya minnətdaram. Kədərin-faciənin içində tapdığı yumora, satiraya, sarkazma, ironiyaya görə… Balis Sruoga ölümü gülə-gülə qarşılayan qəhrəmandır! Mənə daha çox Tolstoyun “Hərb və sülhünü”, “Hərb və sülh”dəki obrazları, müharibə səhnələrini xatırladır. Amma onların heç biri deyil! Balis Sruoga özüdür!.. Üərk çırpıntıları, ağrı-acılı yaşantıları ilə ciddi münasibət və məsuliyyət tələb edir. Nə əsərin ümumi məziyyətlərindən danışacam, nədə ayrı-ayrı nümunələrə tribuna verəcəm. Onda müəllifin ürəyinə toxunmaq, ruhunu incitmək risqi var. Çünki Balis Sruoga bütovdür. Tamdır! Balis Sruoga “Tanrılar meşəsi” ilə nəhəng bir ədəbiyyat abidəsi, böyük mədəniyyət hadisəsidir!.. “Tanrılar meşəsi”ni yuxusuz gecələri, çoxillik əziyyəti və davamlı axtarışları ilə ustalıqla tərcümə edən və Azərbaycan oxucusunun öhdəsinə buraxan Mahir Həmzəyevə minnətdaram. Əsərdə yer alan çoxsaylı frazeoloji ifadələri, folklor nümunələrini, söz birləşmələrini Azərbaycan türkcəsinə o qədər yaxın və doğma bir formatda etap edib ki, Balis Sruoganın “Tanrılar meşəsi”ni bir azərbaycanlı yazıçının əsəri kimi oxudum. İnsanlığın, sevginin, mərhəmətin və ziyalılığın vətəni olmur. Onun üçün sərhəd anlayışı yoxdur. İnsanlığın, sevginin, mərhəmətin və ziyalılığın vətəni, insanlığa, sevgiyə, mərhəmətə və ziyalılığa dəyər verən insanların ürəyidir… Mahir Həmzəyevin mükəmməl təqdimatı çağdaş tərcümə mədəniyyətimizin ən sanballı nümunəsi və uğuru, bənzərsiz hadisəsidir… Sonda Balis Sruogaya, “Tanrılar meşəsi” əsərinə görə, Litva xalqına Balis Sruoga kimi işıqlı bir insanı bəşəriyyətə bəxş etdiyinə və o qanlı-qadalı ağır illərdə milli kimliyini, simasını, azadlıq duyğusunu sonadək ləyaqətlə qoruduğuna görə dərin hörmət və ehtiramımı əsgəri salamımla ifadə edirəm…
Təbriklər! Bu günlərdə Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvan (Sehla Revan) Azərbaycanın Xalq şairi akademik mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilinə həsr etdiyi “Ədəbi təhlillər” adlı kitabına görə “Yazarlar” Jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Bununla bağlı ona “Ziyadar” mükafatı laureatının xüsusi diplomu və döş nişanı təqdim edilmişdir.
Bu uğura görə əzizimiz və dəyərlimiz Şəhla xanımı ürəkdən təbrik edir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni yaradıcılıq uğurları arzulayıram! Eyni halda bu dəyərə və təqdimata görə tanınmış şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü və “Yazarlar” Jurnalının baş redaktoru hörmətli Zaur Mustafa oğlu Mustafayevə ( Zaur Ustac)-a dərin minnətdarlığımı bildirir, həyatda həmişə məsud olmasını arzulayıram!
22.11.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, yazıçı-publisist, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
Həsən İbrahim oğlu Mirzəyev 26 noyabr 1927-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirdikdən sonra o, 1948-1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.
Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlamış, 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru işləmişdir. H.Mirzəyev 1959–1962- ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışmışdır. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində işləmişdir. Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1990-cı ildə professor elmi adını almışdır.
Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin müstəsna xidmətləri vardır. O, mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etmişdir. Professor Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat) kimi sanballı monoqrafiyaları o, ilk dəfə yazıb ortaya qoymuşdur. Onun yazdığı 14 cildlik külliyyatı (770 çap vərəqi) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz bir xəzinədir.
Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində, AMEA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetində Dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü olmuş, ömrünün 50 ilini ali məktəb auditoriyalarında mühazirə oxumuş, 60 ildən artıq əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, çoxlu qurultay və konfranslarda iştirak etmişdir. Dövlət nümayəndəsi kimi bir neçə ölkədə səfərdə olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırışlarında deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına, 13 aprel 2009-cu ildə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.
Onun ictimai-siyasi fəaliyyəti və şəxsiyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 260-dan artıq mənbədə xoşməramlı fikir və rəy vardır. İxtisasçıların onun yazdığı kitablar haqqında 120, namizədlik və doktorluq dissertasiyaları haqqında 39, elmi məqalələri haqqında 34 müsbət rəy çap olunmuşdur. Respublikanın 90-dan artıq şair və şairtəbiətli adamları onun şəxsiyyətinə və yaradıcılığına 170-dən artıq şeir və 4 poema həsr etmişdir. Bunların ümumi həcmi 6000 misradan çoxdur. Əmək fəaliyyəti dövründə 50-dən artıq rəğbətləndirməyə (fəxri fərman, fəxri ad, yazılı təşəkkür, adresat və s.) layiq görülmüşdür. O, Respublika ali məktəb əlaçısı, əmək veteranı, YAP Siyasi Şurasının, Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Qızıl Qələm və Şərəf media mükafatlarının sahibi olmuşdur. 16 aprel 2010-cu ildə Almaniyanın Hanover şəhərindəki Avropa Akademiyasının həqiqi üzvü, 17 iyul 2010-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü (həqiqi üzvü) seçilmiş və Türk dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərə görə Uluslarası Qızıl Ulduz medalı ilə təltif edilmişdir.
Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
YETMİŞ İKİNCİ YAZI PAYIZDAN SÖZ DÜŞƏNDƏ (Təvəkkül Goruslu yaradıcılığında payız lövhələri) Salam olsun, çox dəyərli oxucum! Laçını bir neçə dəfə al-əlvan, güllü-çiçəkli görmüşdüm. Onun payızı da yazından heç geri qalmır. Müdhiş mənzərə adamı lap uzaqlara – qarşıdakı dağların ötəsinə götür. Mənzərə qeyri-iradi olaraq düşüncədə Gorus assosiasiyası yaradır. Gorus isə özlüyündə Təvəkkül Goruslu imzasını xatırladır. Bu məqamda – Laçında goruslu şairi xatırladığım üçün – gərək laçınlı ustadlar; Nazim Əhmədli, Adil Cəfakeş məni bağışlasın. Mənim bir təqsirim yoxdur. Bu məsələdə üç səbəbkar var: -mudhiş mənzərə, -mənzərəni yaradan payız, -payızı nəzmə çəkən şair Təvəkkül Goruslu. Payız – Azərbaycan poeziyasında həm bolluq fəsli, həm də düşüncələrin dərinləşdiyi, zamanın yavaşıyıb insanın özünə qayıtdığı bir hal kimi təqdim edilir. Bəndəniz hələ də bu fikirdədir: Dağ-dərədə deyib-gülən, Düzdə dolan gözdü payız. Təbiətin möcüzəsi, Bizə olan sözdü payız. Bəli, payız (güz) insanın olğun, sözün dolğun çağıdır. Obrazlı şəkildə desək, payız var olanın yetkinlik dövrünü əks etdirir. Təvəkkül Goruslunun poetik dünyasında da payız yalnız fəsillərin ardıcıllığından biri – növbəti fəsil kimi deyil, məhz həm də insanın həyat təcrübəsini, əməklə topladığı qazancı, ömür yolunun sınaqlarını ifadə edən simvolik bir mərhələ kimi təqdim olunduğna görə diqqəti cəlb edir və müasir dövrümüzdə şairin müasirləri tərəfindən yaradılmış digər nümunələrdən yaxşı mənada seçilir. Necə deyərlər: Ustac dəyər verər sözə, Qabda nə var çıxar üzə, …
Onun “Payıza düşər” və “Payız yağışı” şeirləri payızın poetik ovqatını təkcə təbiətlə yox, insanın iç dünyasıyla da birləşdirir. Bu şeirlərdə payız həm zəhmətin mükafatı, həm də taleyin bir sınağı kimi görünür. “Payıza düşər” şeirində şair fəsillərin yarışını təsvir edir. Təbiətin dəyişməsi yalnız təbiətin yox, həm də insan əməyinin dövri prosesləridir. Baharın təravəti, yayın istisi, qışın sərtliyi – hamısı payızda öz nəticəsini verir: “Yarpaqlar qızılı, qırmızı rəngdə, Fəsillərin nuru payıza düşər.” Burada payız, əslində, il boyu görülən işin yekunudur. Bu səbəbdən kəndlinin (zəhmətkeş insanların) ən çox ümid bağladığı vaxt da payızdır. Şair sadə kəndli həyatının ritmini poeziyanın içindən keçirərək göstərir ki, payıza çatan zəhmət artıq “bar-bəhər” olur: “Gəlincə gətirər barı-bəhəri, Kəndlilər lap sübhdən açar səhəri.” Bu misralar kənd əməyinin poetik salnaməsidir. Bir ilin son sorusu, son nəfəsi, son imtahanı payızda verilir. Uşaqlıqdan çoxumuzun yaddaşına ömürlük yazılmış: – “cücəni payızda sayarlar” – məsəlində də məhz bu anlam vurğulanır. Maddi bolluq – bağ-bağçanın, mal-heyvanın yekun məhsulları – hamısı kəndlinin gözləntisinin gerçəkləşdiyi məqamdır. Bəndəniz: Yarpağı tökülüb olsa da sarı, Payızda yetişir tutların xarı, Deyirlər, payızda qarşıla yarı, Nar sulu, alma bol, heyvası sarı… Görək ustad sənətkar Təvəkkül Goruslu necə deyir: “Fəsillərin varı payıza düşər!” Məşqdən bir cümlə ilə – sənətkarlıq da məhz budur. Təvəkkül Goruslunun payızı – zəhmət fəlsəfəsi üzərində qurulan milli həyat lövhəsidir. Payız yağışı – ovqatın, taleyin və təkliyin işarəsi “Payız yağışı” şeirində isə şair payızı daha fərqli rakursdan təqdim edir. Bu dəfə payız insana ağırlıq gətirən, düşüncələri dərinləşdirən, bəzən də yorğan kimi çökmüş köhnə hissələrin simvoludur. Şair payızın yağışından çəkinir, onu özünə yaxın buraxmaq istəmir: “Sil gözün yaşını, ağlama payız, Yağma üzərimə payız yağışı.” Burada payız yağışı artıq əməyin bəhrəsini yığan fəsil deyil, insanın içində yığılıb qalmış kədərin metaforasıdır. Təvəkkül Goruslu kədəri təbiətlə danışdırır, sanki yağış insanın üstündəki yükü daha da ağırlaşdıran bir varlığa çevrilir. “Yağış islanmışın nəyinə lazım…” Bu misra həm həyat müşahidəsi, həm də daxili yorğunluğun qısa, lakonik izahıdır. Payız bəzən insana rahatlıq gətirmir, əksinə, içində gizlənmiş xiffəti oyadır. Şeir boyunca aydın görünür ki, şairin payıza münasibəti həm isti, həm də ehtiyatlıdır. Bir tərəfdən payızın bolluq fəslidir: “Payız məhsul fəsli, evlər tikəndi, Varını, barını önə tökəndi.” Digər tərəfdən payız insana “tez tükənən” ömür hisslərini xatırladır. Şairin sözündə burada melanxoliyaya meyillilik boy göstərir: “Yerdən qaldırmamış nə tez tükəndin…” Beləcə, payız yağışı həm təbiətin hadisəsi, həm də insan ömrünün metaforası kimi verilir. Payız obrazlarının poetik mahiyyəti Təvəkkül Goruslunun payız poetikası üç əsas xətt üzrə formalaşır: Əmək və zəhmət fəlsəfəsi Payızın kəndli həyatındakı əhəmiyyəti şairin şeirlərində geniş şəkildə təqdim olunur. Şair üçün payız – əməyin nəticəsi, zəhmətin sevinci, ilin hesabatıdır. İnsan ömrü ilə paralellər Payız həm də insanın həyat dövrlərindən biridir. Yaz – gənclik, yay – yetkinlik, payız – müdriklik, yığım mərhələsi, qış – ömrün qapanışı kimi verilir. Ovqatın dərinləşməsi Payız yağışında kədər, sis, duman, yorğunluq kimi hisslər toplanır. Şair bu hissləri təbiətə köçürür və təbiət də insan kimi dərdə bürünür. Təvəkkül Goruslunun yaradıcılığında payız fəsli yalnız təbiət hadisəsi deyil, həm də həyatın, zəhmətin, taleyin və insan duyğularının güzgüsüdür. Onun payız lövhələrində həm kənd həyatının reallığı, həm də insan ruhunun poetik çırpıntıları var. “Payıza düşər”də zəhmətin bəhrəsi, bolluq və fəsillərin harmoniyası ön planda dayanırsa, “Payız yağışı”nda hüzün, yorğunluq və daxili təlatüm çalarları görünür. Bu müxtəliflik şairin həm həyatsevərliyini, həm də müşahidə qabiliyyətinin gücünü açıq şəkildə göstərir. Payızdan söz düşəndə, Təvəkkül Goruslunun misralarında təbiətin nəfəsi ilə insanın nəfəsi eyni ritmdə səslənir. Bu da onun poeziyasını oxucuya həm doğma, həm də düşündürücü edən əsas cəhətlərdən biridir. Ümumilikdə isə Təvəkkül Goruslu (“Gorus”, “Gorussuz” necə yazsanız da hamısında Gorus var, nəticə bütün hallarda “Gorus”lu olursunuz) müasir Azərbaycan poeziyasının klassik imicdə keşiyində (hər gün) ayıq-sayıq dayanan barmaqla sayılacaq qədər çox az saylı nümayəndəlarindən biridir. Ustad sənətkarı bu yazımla salamlayır, məzmunlu, bəndi-bərəsi yerində, əsl poeziya nümunələrini şairin öz dilindən tezliklə Zəngəzurda, Gorusumuzda, Göyçə gölünün sahilində dinləyəcəyimə inanıram. Ürəkli, tərəddüdsüz şeirlərinin sonuna “Təvəkkül Goruslu” yaz, Ustad! Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Allah amanında. Deyirəm, Laçında salamlaşıb, Bakıda sağollaşmağın ləzzəti bir başqadır. Böyük Allah dövlətimizin bayrağını daim uca etsin İnşəAllah!
“Vətən sevgisi” kitabı sanki poetik ensiklopedik hislər bazasıdır Vətən sevgisi hər birimizin içində kök atan sevgidir. Biz bu sevgi ilə məhz 44 günlük Vətən müharibəsində düşmənə qalib gələ bildik… Ziba Sevindikin 2023-cü ildə “İmza” nəşrlər evi tərəfindən buraxılmış şeirlər kitabının da adı elə “Vətən sevgisi”dir. Kitab, annotasiyadan da göründüyü kimi, Vətən sevgisi ilə yazılıb, burada Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullar haqqında poetik nümunələr toplanıb. Kitaba “Vətənpərvər şairin Vətən sevgisi” başlıqlı ön söz yazmış şair Mais Təmkin qeyd edir: “…Ziba xanımın şeirlərində vətənə, torpağa məhəbbətin tərənnümü çox geniş planda təsvir olunur…”. Səmimi deyək ki, biz də elə Ziba xanımın “Vətən sevgisi” kitabında məhz bu ədəbi nüansa diqqət çəkmək fikrindəyik. Kitabda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında poetik fikirlər yer alıb. Bu poetik fikirlərdə müəllif dahi şəxsiyyətə, ölkə başçısına və birinci vitse-prezidentə olan sevgisini, minnətdarlıq və ehtiramını sözlərin dili ilə çatdırır. Müəllif kitaba həmçinin xalqımızın başına gətirilmiş faciələr – 20 Yanvar, Xocalı soyqırımı, Azərbaycan xalqının kütləvi soyqırımı ilə əlaqəli şeirlər də yerləşdirib, bu şeirlərdə özünün vətəndaş mövqeyi və qaynar Vətən sevgisini qabarıq verib. Oxucu bu şeirləri həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, müəllifin hansı hislər keçirdiyinin fərqinə vara bilirik. Doğrudan da, 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi nəinki Ziba xanımda, hər birimizdə böyük qürur və fəxarət hissi yaradır. Üstəlik, bu torpaqları qanları bahasına geri alan oğullara içimizdə dərin minnətdarlıq duyğuları baş qaldırır. Bu mənada, adıçəkilən kitab yetişən nəsillər üçün sanballı bir həyat örnəyi hesab edilə bilər. Kitabdan bəzi nümunələrə diqqət yetirək: Neçə ildir sənə laylay Deyir dilim, ay Xocalım. Qəmlə ötür gecə-gündüz Ayım, ilim, ay Xocalım…
Elə zaman gələcək, Hər arzumuz güləcək. Yağı düşmən biləcək Bizimkidir Qarabaq!
Hər tərəfi göz oxyaşay Gül-çiçəkli yurdum vardır. Vətənimə arxa olan Əzəmətli ordum. Bu poetik parçalarda Vətən sevgisi, vətəndaşlıq əzmi, torpağa, yurda, elə-obaya olan məhəbbət hissi və bir də ən əsası, qəhrəman oğullarımıza inam və etibar özünü parlaq şəkildə ifadə edir. Biz Ziba xanımın kitabından çox nümunələr verə bilərik. Məsələ bunda deyil, biz əsasən oxuculara diqtə etmək istəyirik ki, Ziba xanım irihəcmli bu kitabında Vətən, torpaq, yurd, el-oba, vətəndaşlıq hissi barədə yeni nə deyib, bu fikirləri necə xarakteriz edib. Bunu isə həm yuxarıda nümunə kimi verdiyimiz şeirlərdə, həm də kitab boyu qatar vaqonları kimi ard-arda düzülmüş digər şeirlərdə də görə, müşahidə edə bilirik. Bütün hallarda Ziba xanımın bu kitabı başdan-ayağa vətənpərvərlik hisləri ilə doludur, müəllifin özünün də bir vətəndaş kimi sevgisi burada çərçivədən çıxır, səhifələr boyu aşıb-daşır. Belə deyək ki, Ziba Sevindikin “Vətən sevgisi” adlı kitabı bir növ, poetik ensiklopedik hislər bazasıdır. Burada şəhid oğullar, qazilərimiz haqqında bir-birindən salxarlı şeirlər var, hər şeir bir qəhrəman oğulun həyat salnaməsi kimi diqqət çəkir. Sizə yeni yaradıcılıq uğurları arzu edirik, Ziba xanım. Qoy bundan sonra da sizin Vətən sevginiz yetişən nəsillərə bir görk olsun!
Hüseyn İsaoğlu, yazıçı-publisist, AYB – nin və AJB – nin üzvü.
Günahın ağırı, yüngülü olmaz. Neçə qız seçəsən, soraqlayasan, Mənimtək aldanan sevgili olmaz.
Kim bükər boynunu bənövşə kimi Bahar ümidilə daşa sığınar ? Hər fürsət düşəndə ovcuna sıxıb Gözündən süzülən yaşa sığınar?
Kor olub görmürsən sədaqətimi Bu sevgim gözünə qənim kəsilib. Bu boyda ümidim, səbrim,zillətim Elə bil özümə qənim kəsilib.
Qaldır ətəyindən dağıt bu daşı Mən verən sevgini bərk tut əlində. Ürəyin yoxdursa, eybi yox, neynim Mənim varlığımı unut əlində.
*****
Göz yaşlarım
Qoy bu dəfə göz yaşlarım
Ən ağrılı dərdimə məlhəm olsun. Üzünü görmədiyim, Adını bilmədiyim Dost kimi həmdəm olsun. Boğazımdan qəhəri, Gözlərimdən dumanı Yusun -yusun aparsın. Taleyimin qoy ağını saxlasın, Qoy qarasın aparsın. Bu günümdən sabahıma Körpü olsun ümid adlı. Uçub qonsun çiynimə Tale quşutək Cüt qanadlı. Tutub əllərimdən qaldırsın məni Gözlərimə sığal verən yaşlarım. Ürəyimin atəşinə təsəllisən, Gözlərimə sual verən yaşlarım.
*****
Mən səni uduzmadım
Nə olsun çıxıb getdin Mən səni uduzmadım. Bu ayrılıq yuxusun Ayrılığa yozmadım.
Gəmilər hər limanı Dövrə vurub dolanmır. Hər sevdanın başına Ürək durub dolanmır
Mən səni uduzmadım Gecənin köynəyinə. Açılan sabahların Nə şərinə, xeyrinə.
Bu həsrət min vüsala Günəş kimi əl edir. Bu qalib sədaqətim Mənlə birgə yol gedir.
Salam olsun çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu təmsil – təmsillər barədə olacaq.
Müasir Azərbaycan ədəbiyyatında təmsil janrına yeni nəfəs, yeni üslub gətirən qələm sahiblərindən biri də Valeh Heydərdir. Onun təmsilləri klassik ibrət ənənəsini yaşatmaqla yanaşı, müasir insanın qarşılaşdığı mənəvi, sosial və ekoloji problemləri obrazlar dili ilə çatdırır. Bu təmsillər həm sadə oxucuya, həm gənclərə, həm də cəmiyyətin düşünən təbəqəsinə yönəlmiş bir “Oyanın!” çağırışıdır.
Valeh Heydərin “Aləm savaş içində” adlı təmsili ilk baxışdan təbiət elementlərinin söhbəti kimi görünsə də, əslində insanın yaratdığı fəlakətlərə təbiətin etirazı kimi səslənir. Ağac, Külək və Su – bir-birini tamamlayan üç ünsür – sanki dünyanın müxtəlif bölgələrində baş verən yanğınlara, ekoloji çirklənməyə, su hövzələrinin korlanmasına, iqlim dəyişikliklərinə şahidlik edən canlı təbiət nümayəndələri kimi danışır.
Küləyin “Əsməyə də qorxuram” deməsi, Suyun “Çirkab adlı dərd”dən xəstələnməsi, Ağacın meyvəsinin çürüməsi – bunların hər biri müasir ekoloji böhranın bədii şəkildə ifadəsidir. Təmsil insanı düşünməyə vadar edir: biz təbiəti məhv etdikcə, əslində özümüzü təhlükəyə atırıq. Təbiətin canı ağrıyırsa, insanın da gələcəyi ağrıyır.
“Çox gözəldir təbiət” təmsili isə müasir dövrün əsas problemini – insanların ekranlara əsir düşməsini gündəmə gətirir. Burada Ağ Dovşan bahalı telefonun cazibəsinə qapılıb real dünyadan, ətraf təbiətdən, dostlarından uzaq düşür. Qəfəsdəki Boz Bülbülün ondan narahatlığı təkcə şəxsi qayğı deyil; bu, bütün cəmiyyətə ünvanlanmış xəbərdarlıqdır.
Müəllif obrazlı şəkildə göstərir ki, bəzən biz öz əlimizlə özümüzün “ekran qəfəsini” yaradırıq. Ətraf aləmin, təbiətin gözəlliklərini, həyatın sevinclərini virtual dünyanın kölgəsində itiririk. Təmsilin nəticə mesajı bir çağırışdır: insanlar, ekrandan baş qaldırın, dünyaya baxın – həyat gözəldir, təbiət əvəzolunmazdır.
“Gözəl Qu quşunun səhvi” təmsili isə əxlaqi-didaktik ruhu ilə seçilir. Burada müəllif təkəbbürün insanı hansı vəziyyətə salacağını yumşaq, lakin təsirli şəkildə göstərir. Gözəlliyinə güvənən, lovğalanan Qu quşu qazlara lağ edir, onları kiçik görür. Amma həyatın sərt anında məhz həmin qazlar onun köməyinə gəlir.
Bu təmsil aşağıdakı dəyərləri ön plana çıxarır:
–Hər kəsə hörmət
–Dostluğun qiyməti
–Mərhəmətin gücü
–Lovğalığın sonu etirafdır
Hekayətin sonunda Qu quşunun səhvini başa düşməsi vacib bir dərsdir: insan nə qədər istedadlı, gözəl, bacarıqlı olsa belə, təvazö həmişə yüksək keyfiyyətdir.
Valeh Heydərin təmsillərinin:
–dili sadə, anlaşıqlı,
–məzmunu dərin,
–mesajı aydın,
–obrazları isə həm realist, həm də simvolikdir.
O, Ezopdan üzü bəri; Nizamini, Füzulini, Krılovu, Seyyid Əzim Şirvanini, Qasım bəy Zakiri, Mirzə Ələkbər Sabiri, Hikmət Ziyanı, Mikayıl Məxfini yada salan bir ibrət ənənəsini bu günün gerçəkliklərinə tətbiq edir. Məsələn, ekologiya, texnologiya asılılığı, insan münasibətləri və mənəvi aşınma kimi müasir mövzular onun təmsillərində həm poetik, həm də publisistik çalarlarla təqdim olunur.
Bu baxımdan Valeh Heydərin yaradıcılığı təkcə ədəbiyyatın yox, həm də cəmiyyətin ehtiyacı olan bir ədəbi məktəbdir – öyüd-nəsihət məktəbi, düşüncə məktəbi, insanlıq dərsi.
Valeh Heydərin təmsilləri günümüzün problemlərinə bədii güzgü tutur. O, insanı təbiəti qorumağa, texnologiyadan ağılla istifadə etməyə, lovğalıqdan uzaq olmağa, dostluğu qiymətləndirməyə çağırır. Bu əsərlər həm uşaqlar, həm gənclər, həm də böyüklər üçün eyni dərəcədə ibrətamiz, düşündürücü və maarifləndirici xarakter daşıyır.
Belə təmsillər cəmiyyətin mənəvi toxumasını möhkəmləndirən nadir ədəbi nümunələrdir — necə ki təbiət safdır, necə ki dostluq müqəddəsdir, necə ki insanlıq ən böyük dəyərdir.
HAŞİYƏ:
Çox dəyərli oxucum, bu yazımı yazarkən çox qəribə bir hadisənin şahidi oldum. Yazı prosesində qeyri-iradi əvvəlki dövrlərdə yazıb yaratmış müəllifləri sıra ilə yazarkən Hikmət Ziya ilə Mikayıl Məxfi arasında qaldım. Hansının əvvəl anadan olduğunu xatırlaya bilmədim. Əlimin altında belə bir ensiklopedik kitab olmadığına görə hamımızın məlumatlar əldə etmək üçün istifadə etdiyi axtarış sistemlərinin köməyi ilə internet üzərindən məlumat əldə etməyə çalışdım. Hikmət Ziya haqqında müəyyən qədər məlumatlar olsa da, Mikayıl Məxfi barədə ümumiyyətlə heç bir məlumat tapa bilmədim. Təsəvvür edirsiniz, bu adımın adı belə yoxdur indiki dövrdə, sərhədsiz internet məkanında… Ani olaraq özüm də tərəddüd içərisinə düşdüm. Bəlkə heç belə müəllif olmayıb. Adları nəsə qarışdırmışam. Bir az fikirləşəndən sonra Ağdam rayonun Yusifcanlı kəndində həyətimizlə bir səpilmiş kitabxanamda olmuş tünd çəhrayı üzlü məzəli həriflərlə yazılmış – Mikayıl Məxfi “Belələri də var” – kitabın cildini dəqiq xatırlaya bildimm. Xeyli düşünəndən sonra təmsil kitablarımın içərisində dəqiq Mikayıl Məxfi və Hikmət Ziya adlı iki müəllif olduğunu özüm üçün yəqinləşdirdim. Və Azərbaycan Milli Kitabxanasının elektron kataloqunda axtarış etdikdən sonra axır ki, heç olmasa bir mənbədən Mikayıl Məxfinin adını tapa bildim. Ancaq təvəllüd məsələsinə yenə aydınlıq gətirə bilmədim. Yazı prosesində avtomatik xatırladığım ardıcıllıqla birinci Hikmət Ziya, sonra isə Mikayıl Məxfi yazdım. Ertəsi gün kitabxanaya getdim və orada olan Mikayıl Məxfinin dörd kitabını götürüb birdə vərəqlədim (o kitablardan ikisi mənim kitabxanamda olub – “Belələri də var”ı düzgün xatırlamışdım), ancaq yenə nəinki təvəllüd barədə, ümumiyyətlə ad, (təxəllüs) soyad və ata adından başqa heç bir məlumat əldə edə bilmədim. Çox ibrətamiz hadisədir və məsələ hələ də açıq olaraq qalır (məhz bu baxımdan müasir müəlliflərin əksəriyyətinin kitabların üzqapağının arxasında özləri haqqında mühüm məlumatları qeyd etməsi təqdirə layiq haldır – məlum hadisədən sonra mən də növbəti kitablarımda mütləq bu variantdan istifadə edəcəm ).
Bu hadisədən sonra kitablarda olan Mikayıl Məxfinin fotolarının şəklini və hər kitabdan seçdiyim müxtəlif şeirləri köçürüb internetə yerləşdirdim. İndi müxtəlif axtarış sistemlərində “Mikayıl Məxfi” yazanda heç olmasa müəllifin adı, fotosu və bir-iki təmsili çıxır.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.