Əziz həmvətənlər! Artıq mübarək Ramazan ayının son gününü yaşayırıq. Ramazan ayını yaşamaq, onun bərəkətindən faydalanmaq, bu ayı sona qədər oruc tuta bilmək Allah-Taalanın Adəm övladına bir lütfüdür. Nə qədər bu ayı görmək arzusunda olan ancaq vüsalına çata bilməyən insanlar var. Bizə bu ayda oruc tutmağı nəsib edən Rəbbimizə sonsuz şükürlər olsun! Qarşıdan bayram günləri gəlir. Bayram günləri nə edilməlidir və ya bayram gününə xas əməllər hansılardır? İslam ənənələrinə əsasən gün bayram namazı ilə başlayır. Bayramdan sonra insanların bir-birini, valideynlərini və qohum-əqrəbalarını ziyarət etmələri tövsiyə olunur. Əksər müsəlman ölkələrində həm də qəbirlər ziyarət olunur, dünyasını dəyişən insanların ruhuna dualar oxunur. Bayram günlərində tövsiyə edilən əməllərdən biri də küsülülərin barışmasıdır. İslamın bəyənmədiyi əməllərdən biri də insanların bir-birindən küsməsidir. Oruc fərdi ibadətdən daha çox ictimai ibadətdir. Onun faydasını cəmiyyətin bütün üzvləri hiss etməlidir. Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, xalqımızı, Prezidentimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun!
Milli Kitabxanada “31 mart – Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı geniş kitab sərgisi açılıb
Milli Kitabxanada 1918-ci ilin mart soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında həqiqətlərin təbliği məqsədilə “31 mart – Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı ənənəvi kitab sərgisi açılıb.
Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/31-mart–soyqirimi
“Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”
«Günümüz Balkan yarımadasında var olan Rumıniya və Bolqarıstan respublikalarında Qızılbaşlar da yaşamaqdadır. Bu Qızılbaşlar Rumıniyanın “Şimali Dobruca” və Bolqarıstanın “Cənubi Dobruca” bölgələrində yaşayırlar.
15-ci və 16-cı əsrdə Osmanlı dövləti Qızılbaşların Səfəvi təriqəti və dövləti ilə əlaqəsini kəsmək üçün “Balkan (Rumeli)” torpaqlarına sürgün etdilər. Xüsusilə Sultan II Bəyazid tərəfindən Balkanlara sürgün edildilər.
Balkan Qızılbaşları sürgünləri haqqında məlumat verərkən, belə söyləyirlər; “Bizlər, Haymana (Ankara) bölgəsindən Rumeliyə sürgün edilmişik.”
Balkan Qızılbaşları iki hissəyə bölünür; Babai və Çələbi Qızılbaşları. Bu qızılbaşlar sadəcə bağlı olduqları Təkkə mərkəzlərinə görə iki hissəyə bölünüblər, ibadətlərində isə kiçik fərq var.
Balkan Qızılbaşlarının günümüzə qədər gəlib çatmış “İsimli Risalesi” vardır. Bu Risalədə Qızılbaşların İslami inanc sistemi, ailə təşkilatı, təkkə mərkəzləri və günlük duaları haqqında məlumat verir. Bu Risalə haqqında ətraflı məlumatı Türk tarixçisi Ahmet Taşğın “Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine.” kitabında toplamışdır.
Balkan türkləri və qızılbaşları haqqında geniş məlumatlara xüsusilə Türk Professor Ahmet Taşğın, Polyak türkoloq Tadeusz Kovalski, Bolqar tarixçi Prof. S.S Bobçev, Rus etnoqrafı V.A. Moşkov, D.G. Gadzanow, St.Romansky və A. Popoviçin araşdırmalarında rast gəlmək mümkündür.
Polyak T. Kovalskinin Rumeli və Balkan araşdırmalarının Dobruca bölməsində verdiyi məlumatlar, Dobrucada mövcud olan Qızılbaş, Bəktaşi və Ələvi kəndləri haqqında ilk və ən əhatəli araşdırmalardandır. D.G. Gadzanow 1911-ci ildə Tozluk, Gerlova və Deliormanda dil və ləhcə tədqiqatlarında “Köse Abdi” kəndinin Bəktaşi, “Akkadınlar” kəndinin isə Qızılbaş olduğunu müəyyən edib, qeydə almışdır.
A. Popoviç “Balkanlarda İslam” əsərində belə qeyd edir; Şimali Dobruca [🇷🇴 Rumıniya] türklərindən bəhs edərkən, St. Romansky’nin aşağıdakı ifadəsini də əlavə etmək lazımdır; “Onlara (Qızılbaşlara) Ortaköy, Trastenik, Balabanca və Frecatrei-də daxil olmaqla bəzi şəhərlərdə də rast gəlirik. Bu dörd qəsəbədəki Türklər Ələvi təriqətinə mənsubdur və onlara Qızılbaş deyilir.
St. Romansky Köstəncə ətrafında Babadağ, Tulça, Maçin, İsakça və Babadağdan bəhs edərkən kəndlərə nümunə olaraq Əli (Ələvi) təriqətinə bağlı Qızılbaş kəndlərinin adlarını sadalayır. Araşdırmalarında Qızılbaşların yaşadığı Ortaköy, Trastenik, Balabança və Frekase qəsəbə və kəndlərinin adları qeyd edilib.”
Rumıniyanın “Silistre” sancağında Qızılbaş kəndlərinin adları aşağıdakılardır;
“Debbağlar, Karalar, Akkadınlar, Söğütcük, Baltacı Yeniköy, Kolebina, Yeniceköy, Denizler, Meşe Mahalle, Mesim Mahalle, Hacı Fakih.” Professor Ahmet Taşğın bu kəndlər haqqında belə bəhs edir; “bu kəndlərin sakinləri təmiz Qızılbaşlardır. Yəni onların arasında qarışıq “sünni” ailəsi yoxdur.”
Ahmet Taşğın Rumıniya-Bolqarıstan sərhədindəki Qızılbaş qəsəbə və kəndləri haqqında belə qeyd edir;
“Bolqarıstanda “Caferler, Kazcılar, Kumluca” kəndləri vardır. Bu kəndlər Bolqarıstanın “Rusçuk” (Ruse) rayonunda yerləşir. Bolqarıstandakı bu kəndlər təmiz Qızılbaşlardır. Bunların (Qızılbaşların) bir qismi Babai və bir qismi isə Çələbidir. Razgrad şəhərində “Sinanköy ve “Adalar” kəndləri, Osman Pazarı şəhərində isə “Alvanlar, Küçükler, Veledler” kəndləri Çələbi Qızılbaşlarıdır.
Bundan başqa Varna şəhərində “Kumluca” kəndi Babai Qızılbaşlarıdır. Həmçinin Bolqarıstan dövləti 1992-ci ildə əhalinin siyahıyaalması zamanı ölkədə 85.773 Şiə və Qızılbaşların yaşadığını qeydə almışdır.
Balkan Qızılbaşları Türkcə danışır və ibadətlərini də, Türkcə edirlər. Həmçinin bu Qızılbaşlar Türk adlarına da sahib çıxır və övladlarına Türk və Əhli-beyt mənsubu adları qoyurlar. Bir sözlə Türk irsini günümüzə qədər qoruyublar.
İbadətlərini əsasən Şeyx Səfi, Otman Baba, Hürufi şairi Mühyiddin Abdal, Şah Xətainin və bir sıra qızılbaş-ələvi şəxsiyyətlərinin kitablarından İlahi zikrlər və dualar söyləməklə edirlər. 600 ilə yaxın müddət keçib, ancaq bu Qızılbaşlar Türk dilini, irsini unutmayıb, qoruyurlar.
Professor Ahmet Taşğın Balkan Qızılbaşlarının Türk irsinə bağlılığını belə təsvir edir;
“Hürriyyətpərvər olmaqla milliyətpərvərdirlər. Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”»
Mənbələr;
Professor Ahmet Taşğın -“Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine. sayfa 31, 32, 33, 34, 90, 99, 137, 157.”
Aleksandre Popoviç – “Balkanlarda İslam. sayfa 165 və 174” (1995-ci il)
Xalq şairi Osman Sarıvəlli qələmindən “Gətir, oğlum, gətir” Mən kənddə doğuldum, sənsə şəhərdə, Sən beşikdə yatdın, mənsə yəhərdə. Yatdım boz otlaqda boz dovşan kimi… Gözümüz dünyaya açılan kimi Mən çomaq götürdüm, sən kağız, qələm, Çomaq bir aləmdir, qələm bir aləm… Dolandı sənələr, dolandı aylar, Gah dondu, gah coşdu, bulandı çaylar. Zaman hökm elədi…Bir qərib axşam Yolun məskənimə düşdü nagahan. Səni oğul kimi o yerdə mənsiz Bağrına basdımı ana kəndimiz? Xoşuna gəldimi Kürün kənarı? Gördünmü, gördünmü göy çinarları? Görürəm, səfalı bir yaz axşamı Çinarın dibinə yığışır hamı. Bu saz məclisindən olanlar halı – Kəndin ağsaqqalı, qarasaqqalı Oraya toplanıb…Sən də bu axşam, Orda, uşaqların arasındasan. Ortada vüqarla aşıq gəzişir, Danışır arabir, deyir arabir. Bir qoca yerindən səslənir bu an: – Aşıq, bir nağıl de, səsinə qurban! Hamı vəcdə gəlir…Bu məsləhəti Bəyənib dəyişir aşıq söhbəti; Bir dastan başlayır coşqun həvəslə, Min yerdə xal vurur yanıqlı səslə. Xalqın əzəməti, fikri, xəyalı, Onun hissi, zövqü, ağlı, kamalı Sanma bir qılıncda, bir hünərdədir, Onlar bu sazlarda, bu sözlərdədir!.. Bu günün qəlbinə girmək istəsən, Durduğun pillədən hələ bir az en. En! Uçan alçalar, enən ucalar! En! Yerin təkində xəzinələr var. Demə “köhnə sözün mənası nədir?” Hər söz, anlayana bir qərinədir!.. Hər fikir mülkündə zərrin tac yatır, Hər meyvə tumunda bir ağac yatır. Hər kiçik bayatı xalqın səsidir, Kamal dünyasının xəzinəsidir. Bahar gecələri enib sahilə Uçan ləpələrin səsini dinlə! Gümüş dalğalarda Ay baxan zaman Düşün, gör nə deyir çay axan zaman? Kömürdən almaz çək, yarpaqdan ipək, Daşdan gövhər çıxart, buluddan şimşək. Gətir ildırımın məğrur səsini, Qumru bulaqların zümzüməsini. Zəmilərdən sünbül, bağçalardan bar, Dərələrdən vüsət, dağlardan vüqar… Özünlə çiçəkli, güllü yaz gətir, Bir aşıq mahnısı, bir də saz gətir! Gətir, yollarına müntəzirəm mən! Gətir, bu fürsəti vermə əlindən! Ana yurdumuzun nəyi var gətir – Məhəbbət, sədaqət, etibar gətir!..
Oğlanlarım, mən sizin yerinizə olsaydım atamı çox sevərdim Adına şeir yazardım hətta. Alnı nədi, heç qoymazdım şəkilləri qırışlana
Yadıma salardım O mənim beşiyimin kəndirini tavana necə mismarlamışdı, Mən də onun baxışlarını könlümə elə yazardım.
Sizə iki şeir yazdım, oğlanlarım Birini uşaqlığınıza, Bunu da böyüklüyünüzə… Birin qucağıma alanda Birini qucağımdan düşürəndə…
Mən dəqiq bilirəm, Bütün ataları övladları öldürür Bunu bilirsinizmi, siznənəm, eyy Hə, siznən Onnan Sənnən…?
Bütün ayrılıqlar qəflətən və özü də səbəbsiz olur. Ağlınıza gəlirmi ki, bir gün atanızın ayaqqqabılarını Qapıda görməyəcəksiniz? Ən birinci qapıdan ayaqqabılar yığışdırılır, Adamı yaman yandırır ayaqqabı yeri…
Dəfn mərasimi qədər həyatda qəddar heç nə yoxdur… Sizin yerinizə olsaydım bunu həmişə yadımda saxlardım.
Yuxudan tez durardım ki, atamı çox görüm Başdaşı üçün şəkillərinə baxmazdım… Öləndən sonra şeirlərini oxumazdım
Mən sizin yerinizə olsaydım atam haqqında xatirə danişmazdım….
Fotodakılar: Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir. Ayaq üstə dayanan isə Əbdürrəhim Tofiq Əfəndizadədir. Tarix ötən əsrin əvvəlləri. Mirzə Ələkbər Sabir 1910-cu ilin axırlarında ağır ciyər xəstəliyinə tutulub Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedir və dostu Cəlil Məmmədquluzadənin evində qalır. Mirzə Cəlillə bərabər, “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni – yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir. İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin o, buna razı olmur və Şamaxıya qayıdır. “Molla Nəsrəddin” jurnalı 1911 – ci il 14 – cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H. İ. Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “…qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”. 1911-ci il iyulun 25-də (köhnə təqvimlə 12-də) Mirzə Ələkbər Sabir vəfat edir. Şairin məzarı Şamaxıda “Yeddi Guşə”dədir.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.