
İNSAN DOĞULMALISAN
Başı qorumaq üçün,
Dili qorumalısan.
Dili qorumaq üçün,
Bəzən lal olmalısan.
Abrı qorumaq üçün,
Nəfsi qorumalısan.
Nəfsi qormaq üçün,
İnsan doğulmalısan.
QORXAQ
Qorxaq qorxaqlığından.
Əl çəkərmi görəsən?
Əlbəttə ki, əl çəkər.
Amma gərək ona sən,
Ayrı ürək verəsən.
XIRDALANAN XIRDALAR
Özündən müştəbehdi,
Nə naşı, nə səfehdi.
Alqı–satqıda behdi,
Xırdalanan xırdalar.
Hər biri xırda kündə,
Böyüklərin əlində,
Böyüyürlər bir gündə,
Xırdalanan xırdalar.
Toyun, yasın “ağa”sı,
Min bir dərdin “dəva”sı,
Allahın bir bəlası,
Xırdalanan xırdalar.
Üzə gülmək adətdi,
Gözə girmək sənətdi,
Saxta bir məhəbbətdi,
Xırdalanan xırdalar.
Göyəribdi hər yanda,
Döşəmədə, tavanda,
At çapırlar ekranda
Xırdalanan xırdalar.
Zəmanənin xətası,
Xətalıdı ədası,
Xırdaların xırdası-
Xırdalanan xırdalar.
EŞŞƏYİN FƏRASƏTİ
Eşşəyin balasına,
Canavar diş qıcadı.
Eşşək gülüb dedi ki,
Dayım oğlu Muraddı.
Get yanına, bəlkə o,
Sovqat gətirib sənə.
Beləcə yazıq qoduq,
Düşdü qurdun əlinə.
Bunu görüncə eşşək,
Var səsiylə bağırdı.
O biri qurdları da,
Öz yanına çağırdı.
ETİBARSIZ ÇIXINCA
Yuxarı zarıldadı,
Aşağı mırıldadı.
Sevimli tula oldu,
Xaltası parıldadı.
Yedi, yedi pıxınca,
Günəş batıb çıxınca.
Bir gün qulağı çıxdı,
Etibarsız çıxınca.
AY GÜLƏYƏNİM
Dəvənin boynuna,
Baxıb gülürsən.
Özün öz eybini,
Niyə görmürsən?
Onun boynu əyri,
Sənin ürəyin.
Hansı gülməlidi,
Ay güləyənim..?
VALLAHİ BACARARSAN
Nə qədər lovğalansan,
Bunca xırdalanarsan.
Nə qədər sadə olsan,
O qədər ucalarsan.
Sadə olmağa çalış,
Vallahi bacararsan.
ZIYALININ YERİNDƏ
Alimi öz yerində,
Şairi öz yerində.
Nədən tacir əyləşir,
Ziyalının yerində.
SƏN İLAN OYNADANSAN
Mükəmməl ağlın olsa,
İlanla dil taparsan.
Tütək boyda ağılla,
Sən ilan oynadarsan.
TİKAN ÇIXARIR
Deyirsən uzunqulaq,
Bədheybət səs çıxarır.
Ac qurdun ürəyindən,
Bu səs tikan çıxarır.
PİSLƏRİN DƏ YAXŞISI VAR
Yaxşı qurd var,
pis görürsə.
Yaxşı it var,
az hürürsə.
Yalançının yaxşısı var,
yanan evi söndürürsə.
Oğrunun da yaxşısı var,
ələ keçib döyülürsə.
ÇABALAYIRSAN
Gah tələ qurursan,
gah tor atırsan.
“Balıq” tutmaq üçün,
çox çalışırsan.
Onu bilmirsən ki,
özün balıqsan.
Zamanın torunda
çabalayırsan.
SƏKSƏNMƏSİN
Düşmən ola, mərd ola,
Elə at ki, dəyməsin.
Dost ola, namərd ola,
Elə vur, səksənməsin.
YALAN OLSUN
Yalançının dilindən,
Arı vursa, sağ olsun!
Eşşək arısı olsa,
Yazıqdı, yalan olsun.
TƏRƏZİ
(Tərəzi düz çəkəndə)
İki qara göz olar,
Açıq alın, üz olar,
Bu dünya dümdüz olar,
Tərəzi düz çəkəndə.
Ölən torpaq dirilər,
Ölü, diri bitirər,
Hər arzuya yetirər,
Tərəzi düz çəkəndə.
Qurdun ağzı bağlanar,
Qoyun yeyər, yağlanar.
Nehrədə yağ çalxanar.
Tərəzi düz çəkəndə.
Qara qum çiçək açar,
Balıqlar quş tək uçar.
Qapılar neynir açar?
Tərəzi düz çəkəndə.
Hamı olar ağ atlı,
Hər səfəri muradlı.
Hər tikə olar dadlı,
Tərəzi düz çəkəndə.
(Tərəzi səhv çəkəndə)
Çaş biri iki görər,
Tərəzini daş döyər,
Alan satanı söyər,
Tərəzi səhv çəkəndə.
Torpaq ölər, dirilməz,
Dirilməsə, bitirməz.
Əkən-biçən bilinməz,
Tərəzi səhv çəkəndə.
Qoyunlar vəhşiləşər,
Ortalığa qan düşər.
Bu qanı yumaz bəşər,
Tərəzi səhv çəkəndə.
Balıqlar ilan olar,
Kürzələr yalan olar.
Qara qum gözə dolar,
Tərəzi səhv çəkəndə.
Ağ at qara boyanar,
Atlı tənha dayanar.
Divlər çalıb oynayar,
Tərəzi səhv çəkəndə.
İKİLİKLƏR
Bu torpaq son səngər, sonuncu qala,
Kaş ki, şəhid kimi sarılam ona.
***
Sözün ayağına baş qoyan gündən,
İmtahan edirəm özüm-özümdən.
***
Yaxşı ki, dünyanı dərk etmir bəşər,
Dərk etsə, bu dünya qiymətdən düşər.
***
Ölüm son çarədi, dərmandı vallah,
Onunçün yaradıb ölümü Allah.
***
Kaş ki, insan əcdadına oxşaya,
İnsan olan, insan kimi yaşaya.
***
Günəş qürub edir, görəsən, neyçün?
Ölmək lazım imiş doğulmaq üçün.
***
Dağlar seyrələndə bitər dərələr,
Dağ dağa söykənsə, itər dərələr.
***
Namusla yaşamaq çətindir, fəqət,
Ondadır xoşbəxtlik, əsl səadət.
***
Qara kül içində od necə parlar,
Eləcə parlayır yaxşı insanlar.
***
Bütün günahların başı – xəyanət!
İnsan günahının yaşı – xəyanət!
***
Yerə qan düşməsə, lalə göyərməz.
Göyərməsə, torpaq dərdə dözəmməz.
Qoşa misra – qoşa yol…
Göyərçinlər, yaxşı yol!
***
Həyatın sonunu düşünməyən kəs,
Mənalı bir ömür yaşaya bilməz.
***
Qartalı görməsə, zirvə qəm çəkər,
Qartal da öləndə ondan əl çəkər!
***
Baş əymək böyükük, niyyət xoşdusa,
Yersiz əyiləcək – içi boşdusa…
***
Söz-söhbətə inanmıram, nə danım,
Əməli qoy ortalığa, inanım.
***
Öz-özünə qalib gəlmək hünərdi,
Bu qələbə çətindi, möhtəşəmdi.
***
Dünyanın əşrəfi insandır, insan!
Yaşamağı bacarmırsa, nə insan?..
***
Min-bir dona bürünsə də gədələr,
Görən kimi tanıyacaq dədələr.
Qabağından keçəndən o borc alıb yeyirdi,
Mən öləndə həriflər ağlayacaq – deyirdi.
***
Siyasətin ticarətlə qohumluğu var,
İkisi də alıb-satır, dəllaldır onlar.
***
Xalqı qəlbən sevənlər,
Bunu ona demirlər.
***
Kim ki, tək özünü güdür həyatda,
Axırda qalacaq şələnin altda.
***
Sözü əməlindən çox olan kəsin,
Dilinin ucundan azacıq kəsin!
***
İstedadlı olanlar heç vaxt paxıl olmurlar,
Nə yaxşı ki, paxıllar istedadsız olurlar.
***
Balta yaranıb ki, kötüyü kəssin,
Yaranmayıb gülü, çiçəyi əzsin.
***
Hamıya qara yaxdı,
Özü qır olub axdı…
***
Şairlər qartalı sevir nə üçün?
Qartallar zirvəni sevdiyi üçün.
***
Nə gəldi-gedərdi, nə fani dünya!..
Yaddaşına yazır hər anı dünya.
***
Ac qalmaq toxluğa minnət borcudur,
Yerində susmaqsa dil orucudur.
***
Dahilər dünyaya gəlməsə əgər,
Dünyaya əbədi qaranlıq çökər.
***
Sözün qiymətini ağıldan soruş,
O, ağlın zəhməti ilə yoğrulmuş.
***
Şeytan mələkdirsə, bəs mələk nədir?
İnsana qurulan bu kələk nədir?
***
Özü piyadadır, tamahı atda,
Qovduqca qovacaq, amma nə fayda?!
***
Dahilər zamana meydan oxuyur,
Dağ öz dağlığını özü qoruyur.
***
Bulaq suyu kimi təmiz adamlar,
Selə qarışsalar, murdarlanarlar.
Sanmayın şöhrət üçün günəş görünür gözə,
Şöhrətin zirvəsindən günəş baş əyir bizə…
***
Bu dünyanı çərxi fələk oynadır,
Oynamaq özü də dəngə yaradır.
***
Paxılın qazancı nədir görəsən?
Bunu paxıl bilir, deməz, öləsən…
***
Ağlım çoxaldıqca, ömrüm tükəndi,
Ağıl ki var, ömrə qələm çəkəndi.
***
Kimi görsə, “qardaşımsan” deyirdi,
Özü isə əmioğlu da deyildi.
***
Görəsən, qaçanlar dəlidən qaçır,
Ya dəli ceyranın dalınca qaçır?!
***
Böyük ağıl sahibi gərək böyük sayılsın!
Yerdə qalan nə varsa, onlar çöpə atılsın.
***
Demə ki, var mənim hər cür imkanım,
Vaxt olar, tapılmaz sənin dərmanın!
***
Dahiləri öldürən ölümlərə ar olsun!
Ölümdən qisas alıb yaşayanlar var olsun!
***
Düşmənin yoxdursa, özün də yoxsan,
Şərlə vuruşmaqdan, demək, qorxursan.
***
Deyirsən, inansan aldanacaqsan,
İnanmasan, necə yaşayacaqsan?
Əl açan, əl tutan əllər birləşə,
İnsanlıq nur saçar, qalxar günəşə…
***
Hörmət hamıya gərəkdi,
Arifə həm də çörəkdi.
İstər aldadan ol, istər aldanan,
Bunların yerini dəyişir zaman.
***
İnsafı itirsən, haqqı itirsən,
Sən bədbəxtsən, zavallısan, yetimsən.
Hər kəs öz imzasıyla qiymət yazır özünə,
Biri qanına yazır, biri yazır üzünə…
***
Xalqın oğlu çoxdur, fəqət,
Hər oğulda olmur qeyrət.
***
Torpaq çiçək düzüb çayın yoluna,
Çay da qolun salıb onun boynuna.
Günəşdə ləkələr axtarma ki, sən,
Gözlərin kor olar, heç nə görməzsən.
***
Bu günün hökmünə cavabdeh zaman,
Hələ yoldadırsa, onda əlaman!
***
Əgər mənimdirsə bölünən Vətən,
Demək, günahkar da mənim özüməm.
***
Astarı üzündən baha gətirir,
Üzü hərdən-hərdən həya gətirir…
***
Həyatın son hökmü, dərmanı ölüm,
İcranı yubatma, ölüm, mən ölüm!
***
Payıza qız calamasan,
Qışdan bahar alammazsan.
***
Dərddən qaçsan, sən təzə dərd taparsan,
Dərdlə sirdaş olsan, ağıllanarsan.
***
Xalqın inamını içdi su kimi,
Xalq da onu atdı çirkli su kimi.
***
Nəvə nənəsini yaman aldadır,
Zaman öz-özünü belə oynadır.
İstəyirsən dırmaşasan başa sən,
Tərifi de, çəpiyi vur, yaşa sən.
Ziyanlı ziyalı ikiqat ziyan,
Belə ziyalıdan yaxşıdır ilan.
***
Yaltaq tərif dedi, qarnı tox oldu,
Tərif deyə-deyə özü yox oldu.
“Bozqurd” olmağına bozqurddur, amma,
Qurdun qurdla boğuşmağı olmaya…
***
“Beşgünlük dünya”da kef çəkdi beş gün,
Beşcə gün yaşadı, öldü büsbütün.
***
Hər köynəkdən çıxan məgər sazmıdı?
Hürə-hürə it olanlar azmıdı?
***
“Gecə qara – cücə qara”,
Projektor olmaya.
Ayının kütlüyünə tülkü güldü o ki var,
Gülə-gülə də seçdi o, ayını tamada.
***
Nadanı qandırmaq çox savab işdi,
Savab qazanınca iş-işdən keçdi…
***
“Mərifətsiz” – söylədilər eşşəyə,
Dedi, bu söz nəmənədi, ay gədə?
Ağlıkəmin bir dərdi var – ağlı kəmdi,
Ağıllının min dərdi var, osa təkdi.
***
Maymaqlar, kim gəldi dostluq edərlər,
Elə bu yolda da qurban gedərlər.
Əslində hamını ölüm axtarır,
Bəzi axmaqlar da ölüm axtarır.
***
Gülmək xeyirdi, xeyir,
Hırıltı gülüş deyil.
İstərəm dünyanın dərdlərini mən,
Alam öz çiynimə, baş alıb gedəm…
***
Nadanı kəndxuda qoydular bir gün,
Nə qədər qan düşdü kənddə həmin gün.
Yalquzaq tək gəzib, tək dolaşmasa,
Hökmü məhdudlaşar onun hardasa…
***
Ata arpa verib satın aldılar,
Ağatlı oğlanı atdan saldılar.
***
Dünyada nə varsa insan üçündür,
Bəs insanlıq özü hara köçübdür?
***
Məni bəyənmirsən, bəyənmə, neynək…
Bunun səbəbini izah et görək.
***
Boyuna baxma ki, əməlinə bax,
Əməli-salehin ayağına qalx!
***
Dünyanı özünə borclu bilənlər,
Dünyadan köçəndə borcu verirlər.
***
Anlamaq həm dərddi, həm də ki, dərman,
Dərdi dərd sağaldar, nəinki dərman.
***
Nə zalımam, nə məzlum,
Sərbəstlik – mənim arzum.
***
Abrı qorumağa çatsa hünərin,
Üstündə durmusan sən xəzinənin.
***
İnsanlıqdan üz döndərən bir tula,
Ya zora baş əyər, ya da ki, pula.
***
Cırtdan olub filə minmək nəmənə?
Qurban olum fil yükünü çəkənə!
***
Dahilər sadəlövh olmasa əgər,
Böyük düşüncəni şikəst eyləyər.
***
Məhək daşı – qızıldan daş,
Başyaran daş, başına daş!..
***
Satılmayan insan – alınmaz qala!
Müqəddəs məbəddir, baş əydim ona.
***
Kim ki, özgə dərdinə biganəlik göstərir,
Nadanlığı bir yana, vəhşilik də öyrənir.
***
Altını çəkməyə varsa hünərin,
Bildiyini elə, haqqın var sənin.
***
Axtarmayın ümumi dil,
Lalın dili beynəlxalq dil.
***
Dünyanın dərdini çəkənlər ki, var,
Dünya vətəndaşı onlardır, onlar!
Müəllif: Zeynalabdin Novruzoğlu
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Naxçıvan MR