Alpaqut Turan döyüş sənəti üzrə IX Azərbaycan çempionatı Dekarbrın 21-22 -də Bakı Şəhər Xəzər rayonu “Şağan” İdman İompleksində keçirilir. İdmançılarımız bu yarışa çox inamla hazırlaşıblar. Alpaqut federatsiyasının təşkilat komitəsi çempionatın keçirilməsinə ciddi nəzarət edir. Alpaqut federatsiyasının vitse-prezidenti Kurşad Rafiq Qasımov çempionatı şəxsən izləyir. Fotolar:
21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.
Tədbirdə müəllifin oxucuları, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.
Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.
Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.
Tədbirdən fotolar:
“Yazarlar” olaraq, bu münasibətləNigar Səttar-zadənitəbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!
Elə yaşama ki, sağlığında unudulasan, elə yaşa ki, öləndən sonra da yaşayasan. Bir Şəhid var bu dünyada:yarımçıq həyatı ilə bir ömür yaşayan, bəxtinə ölümsüzlük yazılan Elşad İldrım oğlu Əliyev.Neçə neçə döyüş əməliyyatların iştirakçısı oldu Elşad. Neçə-neçə qanlı döyüşlər gördü, keçilməz yollar keçdi… Bu yurdun, bu torpağın qəhrəmanlıq tarixinə qanı ilə imza atdı Elşad! Başını dik tut Şəhid anası!Ana oğul itirər,Vətən qəhrəman tapar! Elşad İldrım oğlu Əliyev1966-cı ildə Ağdam rayonunu Ətyeməzli Kəndində anadan olmuşdur.Orta təhsilini kənd məktəbində alan Elşad 30 saylı şəhəh texniki peşə məktəbini bitirmişdir.1982-ci ildə hərbi xidmətə çağrılmışdır.Hərbi xidmətini başa vurduqda sonra 1986-cı ildə Vladivastoq şəhərinə getmiş və orada işləmişdir. Doğma torpaqlarının mənfur düşmənin tapdağı altında qalmasına dözməyən Elşad 1989-cu ildə Ağdama qayıdir. O,öz həmyaşıdlarını başna toplayıb torpaqlarımızın müdafiəsinə qalxmışdir. 1993-cü ildə Xramort uğrunda gedən döyüşlərdə Elşad xüsusi şücaət göstərərək düşmənin tankını,coxlu sayda çanlı qüvvəsini məhv etmiş,mühasirəyə düşmüş 23 döyüşçü yoldaşlarının həyatını xilas etmişdir .Döyüş xəttində qalan yaralı yoldaşını 2 km məsafəni sürünərək döyüş mövqeyindən çıxarmışdır. Döyüşlərin birində ağır yaralanmış, üzərində cərrahi əmaliyyat aparılmış, sağaldıqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır. Elşad İldrım oğlu Əliyev1993-cü il iyun ayının 4-də Xramort uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun yeganə övladı Məhəmməd 36 günlük idi. Bu xəbəri eşitsədə , övladını görmək qisməti olmadı Elşada…Artıq Məhəmməd böyüyüb, ailə qurb Zeynəb adlı bir övladı var.Vaxtsız ata ölümü nə qədər ağır olsa da bu gün Məhəmməd atasının hünəri ilə fəxr edir, qızı Zeynəbə babasının Vətənin azadlığı uğrunda qəhrəmanca döyüşdüyü haqqında danışır. Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Şəhid oğulların Qələbəsidir! Güclü lider, Güclü ordu! Xalqin birliyinin Qələbəsidir! Qürürludur Qarabağlı Azərbaycan! Şuşalı ,Ağdamlı, Laçınlı, Kəlbəcərli, Füzuli ,Cəbrayıl , Zəngilan, Qubadlı, Xocavənd, Xankənd ,Xocalı, Hadrut, Ağdərə, Zəngəzurlu, Göyçə göllü Azərbaycan ! Dünyanın İpək Yoludur Azərbaycan! Al qumaşın zirvələrdə dalğalanır! Ağri dağda Qoşa bayraq dalğalanır! Xari bülbülü ətir saçir! Şükürlər olsun Allah! Birliyimiz daim olsun nar kimi! Nar içində oian dənələr kimi! Düşmənə qalib gəlməyin yoluda məlum: -Birliyimiz, Əqidəmiz ,Vətən, İnsan sevgimiz! Ermənistanda yaşayan bütün hayların gözünün qənimi oğulları yetişdirən Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.. Erməni vandalizminin 30 illik vəhşilikləri nəticəsində bu ərazilər yerlə yeksan edilmiş, yüz illər boyu Azərbaycanın sivilizasi mərkəzlərindən biri, siyasi və mədəniyyət beşiyi olan bu məkanın yalnız xarabalıqları qalıb… Bu məkanı 1993-cü ilin yayına qədər görməyənlərə, bəlkə də, adi görünə bilərdi, bu mənzərə dəhşətə gətirir İnsanı! Yaxşı bir xalq deyimi var: “Namərd dostdansa, mərd düşmənin olsun!” 20 noyabr 2020-ci il tarixdə Ağdam rayonu Azərbaycana qaytarılıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.Qarabağın mərkəzi,düşünən beyni,müqəddəs ruhlar diyarı Ağdam mənfur düşməndən azad edildi, şükür! 6 min şəhidi,16 nəfər Milli Qəhrəmanı ,müqəddəs inanc yeri var Ağdamın! Qoşa minarəli Məçidi var Ağdamın! Qarabağ müharibəsi sona çatıb, torpaqlarımız düşmən işğalından azad edilib. Qarabağda başlanan böyük quruculuq və abadlıq işləri Ağdamın da tarixi, mədəni və mənəvi görkəminin bərpa olunmasına səbəb olacaq. Vətən şəhidlərlər üçün! Şəhidlər Vətən üçün! Mənfur düşmənə üzərində əldə edilmiş Qələbənin qorunması üçün bir Yumruq olaq! Allahın lütvüdür, böyük məhəbbəti! Müqəddəs ruhların oyaq günündə! Məhz Cümə günündə Ağdam azaddır! Minlərlə şəhidi var Ağdamın! Şəhid vermədən azad olan Ağdamın! Şükür olsun intiqamı alındı! Məçidində ilk namazda qılındı! Qarabağın dayaq nöqtəsidir Ağdam! Şir ürəkli oğulların var olsun! Gözünüz,Gözümüz aydın olsun! Müqəddəs ruhlara ehtiram var! Vüqarli, qürurlu Ağdamimiz var! Vətən igid oğullarin çiynində dayanir! Ruhiari şad olan şəhidlərə hörmət vəEhtiramimiz şonsuzdur!
Bəzən insan heç nədən yox, səbrindən yıxılar. Gözləyər . Özü də günlərlə, həftələrlə , aylarla , illərlə. Səbr etdikcə ümidi üzülər və bir də gözünü açıb özünü nəhayətsiz boşluğun içində görər. Baxar ki, nə səbr qalıb , nə istək, nə də həvəs. Bircə səbrin yorğunluğu var canında, vəssalam. Başa düşülməməkdən , qiymətini lazımınca almamaqdan, gözləməkdən.. Axır ki, yorular. Tükənər içindəki inamı, yaşamaq və yaratmaq eşqi . Sevgisizləşər. İçindəki qarmaqarışıqlıqda itib batar bütün bəşəri hissləri. Küsər hər şeydən. Çəkilər öz qaranlıq hücrəsinə və yenə gözləyər. Bu dəfə o möhtəşən sonu gözləyər. Bir az da səbrlə və təmkinlə. Sonra hardansa bir işıq düşər.. Çəkib alar adamı o qaranlıq sonsuzluğun içindən və təzədən var edər. Adam düşünər ki, demək dünya xali deyil. Demək hələ işıq var, ümid var. İynənin ucu boyda olsa da var . Tutar bu işığın ucundan və gedər itirdiyi özünə sarı. Bu işığın o tayında onu nə gözlədiyini bilmədən gedər. Bu dəfə bir az da inamla və qətiyyətlə. Mənim aləmimdi bu işıq adamlar heç özləri də bilmədən zülmətdə günəş tək doğarlar. Günəş olduqlarını bilmədən doğarlar həm də. Babək Qədirli də bu işığın özündən doğanlardandı. Yəni mənim fikrimcə bu belədi. Bəlkə elə işığın özüdü, biz bilmirik. Ürəyində Tanrı sevgisi, mərhəmət hissi, Vətən sevdası ilə doğulanlardandı. Paxıllıqdan, hiylədən, kindən, küdurətdən uzaqdı. Bir sözlə ürəyi bütünlüklə insanlıq hissiylə doludu. Yükünü ən müqəddəs duyğulardan tutub. Ədalətlidi. Həqiqət carçısıdı. Yalana düşməndi. Safdı. Sözdən yapışanlardandı. Yazdıqları da ürəyinin işığına bələnib deyə insanın ruhuna hopur. Ad-san, şöhrət dalınca qaçanlardan deyil, öz adına sadiqdi sadəcə. Soy-kökünə bağlıdı. Çiynində övlad, ata, qardaş, sirdaş, yoldaş yükünü daşıyır bircə. Başqa borcu yoxdu kimsəyə. Özünə sadiqdi. Verdiyi sözü tutar deyə hər deyəndə söz vermir. Bəzən könlündən keçənləri dilinə gətirə bilmir. Tərif və tarif etməkdə bir az çətinlik çəkəndi. Daha doğrusu qəribə utancaqlığı var. Müəllim adına sadiqdi həm də. Əminəm ki, dərs dediyi Gəncə Dövlət Üniversitetində onun qələmi və imzası ilə özünü təsdiq etmiş çox tələbə var. Bu da Babək Qədirovun bir uğurudu. Həmişə insana birinci növbədə səbr arzulayır. Bilir ki, uğura gedən yol səbrdən başlayır. Bilir ki, Tanrının bir adı da səbrdi. Bilir ki, səbrin ətəyindən tutanlardı Allaha bağlı insanlar. İnsan durula-durula, paklana-paklana Ona yaxınlaşa bilər ancaq. Onun (Tanrının)yanında olan lardandı Babək Qədirov da. Ütüsüz, bərsiz,bəzəksiz danışanlardandı həm də. Ürəyindən keçənləri deyir. Hər kəs də ürəyindən keçmir axı. Adamın içini oxuyur deyə onunla rahat danışmaq olur. Azadlığa vurğundu. Yazdıqlarını qafiyədə həbs etməz. Düşündüyü kimi yazar, yazdığı kimi düşünər. Pafosdan kənardı. Özünü yazıçı hesab etməsə də çoxlarından yaxşı yazır. Ən əsası odu ki, yaza bilir. Hecalara bölmür fikirlərini , cümlə -cümlə açır. Sözləri və fikirləri bulanıq deyil, dumdurudu. Hərdən ovqatının təlx vaxtı elə gözəl fikirlə döyər ki, qapını , çaşıb qalarsan. Fikirləşərsən ki, onu bu qapıya da Tanrı göndərib. Yazılarımıza ürəklə ürək qoyar. Boğazdan yuxarı tərifləri sevməz. Tənqiddən də qaçmaz. Xoşuna gəlməsə də kəsib doğramaz. Sözündən tutarsan ağlından keçənləri. Özünün mizan tərəzisi var. Hər kəsin öz çəkisi var bu tərəzidə. Tərəzinin bir gözünə ədaləti , o biri gözünə ürəyini qoyar. Dünyaya öz baxışı var. Öz pəncərəsindən baxar dünyaya. Rəngsiz, boyasız. Ağ-qara. Olduğu kimi görünər dünya onun pəncərəsindən. Saflığında bir uşaq təmizliyi var. Aldatmağı və aldanmağı sevməz. Neçə vaxtdı özü də bilmədən müşahidə edirəm onu. Öyrənməyə çalışıram. Sözünün işığında tanımaq istəyirəm bu səbrinə sığınan adamı. Ellimdi həm də. Qonşu kənddəndi. Amma təsadüfən sosial şəbəkədə tanış olmuşuq. Yəni uzun yol keçə -keçə Tanrı bizi tamam başqa məkanda qarşılaşdırıb. Təsadüfmü, ya zərurət? Bütün təsadüflər zərurətdən doğurmu? Bilmirəm. Amma hər şeydə bir səbəb var məncə. Səbəbin arxasında nələr dayanır, bircə Tanrı bilir. Bu yazı da təsadüfən yazılmadı məncə, zərurətdən doğdu. Ürəyim diktə etdi, qələmim yazdı. Özü də bunca səbrdən sonra. Nə qədər dostuma layiq olduğunu da bilmirəm. Bircə onu bilirəm ki, hər kəsin qiymətini vaxtında vermək lazımdı. Elə Babək Qədirovun də ən böyük arzusu budu.
Qoca çəliklərinə söykənib yorğun-yorğun yeriyirdi. Daha doğrusu qaranlığı yara-yara, küçəni döyə-döyə, divarlara ilişə -ilişə sürünürdü kölgəsinin arxasınca . Beli əyilmişdi, uzaqdan donqarı adamın gözünə girirdi. Arıq vücudunda bir çimdik ət tapmazdın. Çəlik ayaqları hərdən sözünə baxmırdı. Səndirləyirdi. O vaxt daha çox tutunurdu çomağa. Hiss olunurdu ki, kimsəsizdi. Yıxılıb əzilməkdən qorxurdu. Ayaqqabıları da , əynindəki sırıqlısı da çox köhnəydi. Şalvarının qırışlarından , söküyündən görünürdü ki, əyni çoxdandı təzə paltar görmür. Yeridikcə küçə projektorlarının işığı üzünə vururdu, gözünə düşürdü. Hələ gecədən keçməmişdi deyə adamlar küçədən yığışmamışdı. İki -bir, üç -bir yanından gəlib keçirdilər. Hiss edirdi ki, heç kimin vecinə deyil, heç kim onu görmür , hamı öz aləmindədi. Bunu etinasız və soyuq baxışlardan duya bilirdi. Hərdən yanından tələsik keçən insanların yeli vururdu qocanı. Az qalırdı yıxılsın. Tez çəliyinə tutunurdu. Evinə(buna ev demək olarsa) az qalırdı. Küçənin tinindəki binanın zirzəmisində sığınacaq vermişdilər ona. Rütubətin, kifin iyindən baş çatlayırdı. Onsuz da gücdən düşən ayaqları bir az da burda çürüyüb gedirdi. Başındakı idman papağı da yeni deyildi. Görünür o da kiminsə köhnəsi idi. Çünki başına güclə sığmışdı. Pırtlaşıq ağ saçları papaqdan çölə çıxmışdı. Hərdən kölgəsi özündən qabağa keçirdi, hərdən arxada qalırdı. Hərdən də itib batırdı gecənin qaranlığında. Çox yorulanda divara söykənirdi. Hiss olunurdu ki, özündən utanır. Görkəmindən, paltarından, çəliyindən -hər şeydən. Əti tökülmüş üzündə qırışdan yer yox idi. Küçə itləri, pişikləri də yanından etinasız keçirdilər. Kimə və nəyə lazım idi axı bu qoca? Bəlkə də lazımsız olduğunu bu gecəki qədər hiss etməmişdi. Özünə yazığı da gəlmirdi nədənsə. Duruşundan, üzünün ifadəsindən hiss olunurdu ki, yorulub və bu yorğunluğun içində böyük peşmançılıq da vardı. Nəyin peşmançılığın çəkirdi qoca? Bunu bir özü bilirdi, bir də Tanrısı. Hərdən dodağının altında nəsə pıçıldayırdı. Dua edirdi bəlkə. Tanrıdan tezliklə canını almasını istəyirdi ya da. Hər halda nəsə deyirdi. Heç kim eşitməsə də Tanrı eşidirdi axı. Küçənin bu tinindən o biri ucunacan olan yol o qədər uzun gəlirdi ki, qocaya. Az qalırdı çəliklərini tullayıb bardaş qurub otursun elə səkinin ortasındaca. Özünə gücü çatmırdı. Çəlik güclə sürüyürdü qocanı sanki. Töyşüyürdü. Qınayan olmasaydı elə burdaca uzanıb yatardı. .. Birdən yanından keçən iki orta yaşlı kişinin dayanıb arxadan ona baxdıqlarını hiss etdi . Durdu. Adını çəkirdilər. Əvvəlcə yanıldığını zənn etdi. Sonra təkrar -təkrar adını eşitdikcə yüz faiz inandı ki, ondan danışırlar. –Əşrəfdi , vallah Əşrəfdi. Gözlərindən tanıdım. –Bəlkə sadəcə bənzətmisən. Axı bu adam çox qocadı. Bizim Əşrəfinsə hələ 60 yaşı ancaq olar. Düzdü bir az gec getmişdi məktəbə. Amma uzaqbaşı bizdən 2 yaş böyük olardı. Məktəb yoldaşı olmuşuq axı. Yaxşı bilirəm onun yaşını. Bu kişininsə ən az 80 yaşı olar. Yox e , inanmıram nədənsə. –Odu, vallah odu. İstəyirsən qayıdım özündən soruşum. -Yox, ayıbdı.Vallah mən oxşatmadım. –Odu , odu. Bir vaxtlar narkotik alveriylə məşğul idi. Özü də istifadə edirdi. Neçə dəfə tutub basmışdılar türməyə. Bir az yatandan sonra nə yollasa çıxırdı ordan. Sonra yenə başlayırdı köhnə peşəsinə. Məhlədən daşınandan sonra daha ondan heç bir xəbər olmadı. –Adam adama bənzəyər də.Mən bənzətmədim. — Vallah odu. Gözlərindən tanıdım. Yamyaşıl , diri gözləri vardı. Yadında? İndi qıyılıb yazıq. Amma baxışları elə əvvəlkidi. –Deyirsən qayıdıb dəqiqləşdirək? –Hə. Qoca anladı ki, bu adamlar ondan əl çəkməyəcək. Qaçıb canını qurtarmalıydı . Onlarla üz-üzə gəlmək istəmirdi. Çəliyinə bir az da möhkəm söykənib addımlarını yeyinlətdi. Üzləşmək istəmirdi keçmişiylə. Birdən həqiqətən onu tanıyan adamlardı, onda necə olacaq? Utanıb yerə girərdi onda. İndiki halından, çəliyindən utanardı. Bəlkə də ömründə bu qədər həyəcanlanmamışdı. Ürəyi boğazında döyünürdü. İstilik basmışdı onu. Mümkün qədər tez uzaqlaşmaq istəyirdi ordan. Addımlarını( buna addım demək olarsa) bir az da yeyinlətdi. Gözü ayağının altını görmürdü. Bircə burdan, bu adamlardan uzaqlaşmaq istəyirdi , vəssalam. Birdən hiss etdi ki, onlar da arxasınca gəlir. Səsləri lap yaxınlıqda eşidilirdi– “Niyə əl çəkmirsiz axı məndən. Rədd olub gedin də öz yolunuzla. Axı nə istəyirsiz məndən? Guya sizin Əşrəf olsam nə dəyişəcək axı?. Adı batsın Əşrəfin “ Nə fikirləşdisə qəflətən arxaya döndü və var gücü ilə “Gəlməyin arxamca, uzaq durun məndən”-deyib bağırmağa başladı. Bağırdıqca qeyri-ixtiyari çəliklərini yerə döyürdü . Sanki bütün dünyanı bu çəliyi ilə qorxutmaq istəyirdi. İndi yeganə dostu və cangüdəni bu çəlik idi axı. Həyatı bu çəlikdən asılmışdı bu dəqiqə. Adamlar kişinin bir addımlığında dayanıb təəccüblə ona baxırdılar. Yaxınlaşmağa cürət etmirdilər. Üzlərindən narahatlıq və peşmanlıq tökülürdü. Nəhayət ki, kişilərdən biri özündə cəsarət tapdı, irəli gəlib qocanın çəliyindən yapışmaq istədi. Qoca çəliyini bərk-bərk yerə döydü. Hiss etdi ki, güclənib. Ayaqları da sözünə baxırdı deyəsən, dirçəlmişdi sanki. Qaməti dikəlmişdi. Heç elə bil bayaqkı yorğun qoca deyildi. Unutmuşdu küçəni . Kimlərinsə onu eşidəcəyindən də qətiyyən çəkinmirdi. Dünya vecinə deyildi bu anlarda. Çəliyi ilə havanı ölçə -ölçə səsinin yoğun yerinə salıb bağırırdı: –Nə istəyirsiz məndən? Nə vermisiz ala bilmirsiz? Niyə rahat buraxmırsız? Mən sizi tanımıram. Tanımıram mən sizi. Kişilərdən biri o birinə sarı dönüb az qala pıçıltıyla : –Gördün? Dedim axı Əşrəfdi-dedi. –Həə. Narkoman Əşrəf. Qoca adının qabağına qoşulmuş ayamanı eşidib bir az da hiddətləndi və daha da möhkəm bağırmağa başladı: Narkoman deyiləm mən. Əşrəfəm, Əşrəf. Sizinlə nə vaxtsa dost oıduğumu da xatırlamıram. Məni heç biriniz yaxın qoymurduz özünüzə. Bilirsiz niyə? Çünki paxıllığımı çəkirdiz. Qızlar sizə yox, mənə baxırdılar deyə. Ona görə ki, çox kifir idiz. Əlinizdən heç nə gəlmirdi. Qorxaqdız. Tək gəzə bilmirdiz. Amma mən yaraşıqlıydım, heç nədən qorxmurdum, güçlüydüm. Ona görə də tənhaydım. Evdə də, çöldə də.. Heç bilirsiz tənhalıq necə hissdi? Bilməzsiz əlbəttə. Siz ki, tənhalığın nə olduğunu heç vaxt hiss etməmisiz. Atanız, ananız, dostlarınız bu hissi yaşatmayıblar sizə. İndi mənim bu halıma baxıb sevinirsiz hə? Nə istəyirsiz məndən? Cəhənnəm olun. Eşidirsiz? Əl çəkin ! Birdən qoca yuxudan ayıldı sanki. Heç kim yox idi qarşısında. Sən demə bayaqdan öz-özünə bağırırmış. Əvvəlcə dəli olduğunu zənn etdi. Gözlərini yumub açdı. Bəlkə yuxu görürdü? Yox,yuxu deyildi axı. O adamlar beş dəqiqə öncə burdaydılar, onun bir addımlığında dayanmışdılar. Adını da çəkmişdilər , adının qabağındakı ayamanı da.. Hövlnak ətrafa baxdı. Heç kim yox idi. Uzaqdan küçə itlərinin səsi gəlirdi. Birdən yanından arıq, çəlimsiz bir pişik keçdi. Ağzı,burnu qanlıydı. Görünür ovuna nəsə düşmüşdü. Qarnı tox idi yəni. Qoca hiss etdi ki, acdı.Səhərdən heç nə yeməmişdi. Ürəyi bulanırdı. Ağzı sarımsaq qoxuyurdu. Amma gözü ətrafda idi. Bayaqkı adamları axtarırdı. “Hara yoxa çıxdılar axı?.Yox , dəli zad olmamışam. İndicə burdaydılar.” Başı fırlanırdı, nəfəsi təngiyirdi. Hiss edirdi ki, ayaqları yerə dəymir. Çəlik qarışıq havada uçurdu. Kimsə adını çəkirdi: –Əşrəf, Əşrəf… “Bircə evimə çatsaydım”
Dəyərli oxucular! 20 dekabr, Saat 13:00-da Bakı İdman Sarayında (Keçmiş Əl oyunları sarayı) keçiriləcək Bakı kitab sərgisində Vaqif Sultanlının oxucularla görüşü və imza saatı olacaq. Yazıçı ilə görüşmək üçün “Kritika” Nəşriyyatının stendinə yaxınlaşa bilərsiniz. Əlaqə telefonu: 055 430 89 71
Zaur Ustac, çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bir şair, yazıçı və publisistdir. 1975-ci ildə Bakı şəhərində doğulmuş olan Zaur Ustac, 1988-ci ildən başlayaraq mətbuatda fəaliyyət göstərir və 40-dan artıq kitabın müəllifi kimi ədəbiyyat dünyasında geniş tanınır. Onun yaradıcılığı, həm milli ruhu, həm də müasir dövrün sosial və siyasi məsələlərini dərindən təsvir edən, oxucularını həm düşündürən, həm də dərindən hiss etdirən bir keyfiyyətə malikdir. Z. Ustacın şeirlərindəki milli məzmun, vətənpərvərlik və tarixə dair dərindən düşüncələr, onu müasir Azərbaycan poeziyasının aparıcı simalarından birinə çevirib. Onun şeirlərindəki əsas mövzu Azərbaycan xalqının milli kimliyi, tarixi və torpaq sevgisi ilə bağlıdır. Bu xüsusiyyətləri ən çox “Bayraq, Bizim Bayrağımız”, “Araz”, “Sevin, a Təbriz!” və “Ana Dilim” kimi şeirlərində müşahidə etmək mümkündür. Bu şeirlərdə yazar, milli mübarizə və vətənpərvərlik mövzularını bədii şəkildə işləyir.
“Bayraq, Bizim Bayrağımız”
Bu şeir, millətin vətənə, torpağa olan bağlılığını və hər bir kəsin öz kimliyini qorumağa olan vəzifəsini ön plana çıxarır. Z. Ustacın “Bayraq, Bizim Bayrağımız” şeirində, Azərbaycan bayrağı və onun dalğalanması milli mübarizənin simvolu kimi təqdim edilir.
“Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!!”
misraları, Azərbaycanın hər iki tərəfinə olan məhəbbəti və həmçinin, Araz çayının sərhəd kimi təcəssüm etdirilməsi millətə aidiyyət hissinin güclü təzahürüdür. Şeirin hər bir misrasında torpaq və bayraq, bir millətin birlik və bütünlüyünün əks-sədası kimi vurğulanır. Ustac burada həm də Azərbaycan xalqının coğrafi sərhədlərindən asılı olmayaraq, vətən sevgisini göstərməkdədir. “Araz”şeiri isə milli kədər və həmrəylik mövzusunu işləmiş bir əsərdir. Zaur bəy bu şeirində Araz çayını bir simvol kimi istifadə edərək, onun iki sahilindəki Azərbaycan torpaqlarının kədərini, ayrılığını və birliyini dilə gətirir.
“Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz!”
misrası ilə, həm Qərbi Azərbaycan (Güney Azərbaycan) həm də Şimali Azərbaycanla bağlı yaranmış ayrı-seçkiliyi və torpağın bölünməsinin acı təsirlərini hiss etdirir. Arazın suyu, bu dualı torpaqlara məlhəm kimi təsvir olunur; bu, həm də xalqın bölünmüşlük və acı çəkən məqamda birləşmə arzusunu göstərir. Şeirdəki “Yaralı torpağa məlhəmdir Araz!” misrası, həm də tarixən yaralanmış və mənəvi baxımdan sarsılmış bir xalqın təmizlənməsinə olan ehtiyacı işarə edir. “Sevin, a Təbriz!” şeirində isə, Azərbaycanın güneyindəki Təbriz şəhərinə olan mənəvi bağlılığı ifadə edir. Bu şəhər, Azərbaycan xalqının qədim mədəniyyətinin, dilinin və tarixinin mərkəzlərindən biri olmuşdur. Şeir, Təbrizə olan sevgini və burada yaşanan ayrı-seçkilikləri əks etdirir. Ustac burada həm də bir çağırış edir, bu dəfə biryolluq bitəcək olan ayrılıqlara, “Nə güzəşt olacaq, nə də ki, aman!” – deyərək, milli birliyin vacibliyini vurğulayır. Bu şeir, həm də müasir dövrdə yaşanan sosial və siyasi məsələlərə diqqət çəkir, ayrılığın artıq dayandırılmasının zəruriliyini göstərir. Təbrizdəki vəziyyətin təsvirində, Ustac öz xalqının birliyinin və gələcəkdəki arzularının ifadəsini tapır. Zaur Ustacın “Ana Dilim” şeiri, milli kimlik və dilin qorunmasının əhəmiyyətini vurğulayan bir digər əsəridir. Bu şeirdə dil, yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqın kimliyinin qorunması üçün vacib bir amil kimi təqdim edilir.
“Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib…”
misralarında isə Ustac, Azərbaycan dilinin tarix boyu bu xalqın mədəniyyətini və irsini qoruyub saxladığını, xalqın dədə-baba söhbətlərini və qədim ənənələrini yaşatdığını qeyd edir. Ana dili, şairin baxış açısına görə, sadəcə bir vasitə deyil, həm də millətin sərhədini müəyyən edən bir “sərhəd” və “tabu”dur. Zaur Ustacın yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatında yalnız bir şairin poeziyasından daha çoxunu təqdim edir. Onun əsərlərindəki milli məzmun, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və dilinin qorunması mövzusunda ciddi bir elmi yanaşma da mövcuddur. Ustacın şeirlərində, xüsusilə “Araz”, “Bayraq, Bizim Bayrağımız” və “Ana Dilim” kimi əsərlərində göstərilən milli hissiyat, Azərbaycan ədəbiyyatında ənənəvi olaraq davam etdirilən vətənpərvərlik mövzusunun müasir dövrdə də necə əhəmiyyətini qoruduğunu göstərir. Z. Ustacın yaradıcılığı həm də onun bu günkü Azərbaycan cəmiyyətinin mənəvi ehtiyaclarına cavab verən bir nümunədir. Onun şeirləri, xalqa öz tarixi kimliyini, köklərini və xalqın bütün bölgələrində yaşayan insanlarını birləşdirən güclü bir mesaj verir. Ustacın əsərlərindəki yüksək vətəndaşlıq mövqeyi, oxucuları təkcə estetik baxımdan deyil, həm də sosial, mədəni və tarixi mənada dərindən düşündürür. Bir çox digər çağdaş şairlərdən fərqli olaraq, müəllif həm müasir, həm də ənənəvi Azərbaycan ədəbiyyatını birləşdirərək, hər iki cərəyanın ən güclü tərəflərini özündə birləşdirir. Onun yaradıcılığı həm də milli dəyərləri yaşatmaqla bərabər, zamanın tələblərinə uyğun şəkildə bədii ədəbiyyatın sərhədlərini genişləndirir. Zaur Ustac, Azərbaycan poeziyasına özünəməxsus bir təsir göstərmiş, şeirləri ilə oxuculara milli birlik və mübarizə, dil və mədəniyyətin qorunması mövzusunda güclü mesajlar göndərmişdir. Onun əsərlərindəki dərindən düşünülmüş milli məzmun, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfədir. Onun şeirlərindəki təhlil edilən mövzular, həm müasir Azərbaycan cəmiyyətinin ehtiyaclarına uyğun gəlir, həm də tarix boyu formalaşmış Azərbaycan ruhunu yaşadır. Zaur Ustacın poeziyasını oxumaq, yalnız bir şairi deyil, həm də bir xalqın tarixini, milli kimliyini və mübarizəsini anlamanıza kömək edir. Zaur Ustaca həm yaradıcılığında, həm də həyatında böyük uğurlar arzulayıram! Onun poeziyası, həm milli dəyərləri qorumağa, həm də yeni nəsillərə ilham verməyə davam etsin.
Cahangir NAMAZOV, Dünya Talantları Beynəlxalq Birliyi üzvü, Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi, “Bütöv Azərbaycan” qəzetinin Özbəkistan üzrə təmsilçisi.