Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş IV Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib
01 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Şəki şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının təşkilatçılığı ilə Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş IV Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib. Mərasimdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlər iştirak ediblər. Festival Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi “Heç nədən hay-küy” (U.Şekspir) tamaşası ilə açılıb. Tamaşadan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək Şəki Teatrını yubiley münasibəti ilə təbrik edib, kollektivə uğurlar arzulayıblar. Keçirilən festivalın əhəmiyyətini qeyd edən sənətkarlar tədbirin təşkil olunmasında fəal iştirak edən Şəki şəhər İcra Hakimiyyətinə təşəkkür ediblər.
Çıxışın sonunda Şəki Teatrının baş rejissoru Mirbala Səlimliyə Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr Xadimi” qızıl medalı, Şəki Teatrına isə xatirə hədiyyəsi təqdim olunub.
Kəkilli, ayağı xınalı ana göyərçin dan yeri söküləndə gözlərini açıb, qanadlarını gərdi. Axşam bərk soyuq olduğundan canı azca üşümüşdü. Havalar get-gedə soyuyurdu. Belə davam edərsə, yəqin ki, yaxın günlərdə qar yağacaqdır, – deyə Kəkilli ana göyərçin qanadlarını geniş açaraq, buz kimi soyuq havanı ciyərlərinə çəkdi.
Göyərçinlər neçə illərdi ki, şəhərin mərkəzindəki böyük binanın damında məskən salmışdılar. Bir dəstə göyərçindilər. Hamısı da bir-birinə doğma, yaxın idilər.
Kəkilli, ayağı xınalı ana göyərçin neçə illər bundan qabaq cütləşdiyi Çil erkəyi ilə xoşbəxt yaşayırdı. Dəstədəki göyərçinlərin yarıdan çoxu onların doğma balalarıydi. Bu günə qədər yaşayışlarından narazı deyildilər. İnsanlar onları sevir, qayğı göstərir, yemləyirdilər.
Məskən saldıqları binanın qarşısındakı kiçik meydançada hər səhər onlara yem gətirən qoca bir qarı vardı. Qoca qarı hər gün sübh tezdən gələr və onları yemləyərdi. Göyərçinlər qoca qarıya çox öyrəşmişdilər. Onu görən kimi yuvalarından “pırrr” eyləyib uçar və o xeyirxah qarının ətrafında dövrə vuraraq nazlanardılar.
Qoca qarı da onları çox sevirdi. Əlağacına söykənərək, bükülmüş qəddini bir azca düzəldib, bir xeyli onlara tamaşa edərdi. Sonra əlində gətirdiyi torbanın ağzını açar və içindəki buğda dənlərini asfaltın üzərinə səpərdi.
Ac göyərçinlər havada qanad çalaraq yerə enib, asfaltın üzərindəki dənləri acgözlülüklə dənləməyə başlardılar. Yeyib çinədanlarını doyuzdurduqdan sonra havaya qalxıb, qoca qadının başı üzərində bir neçə dəfə dövrə vuraraq, sanki öz minnətdarlıqlarını ona bildirərək yuvalarına doğru uçardılar.
Neçə illərdi ki, beləcə davam edirdi. Hər dəfə göyərçinlər səhər tezdən qoca qarını görən kimi onun yanına uçar və qadının gətirdiyi yemi acgözlülüklə dənləyib yeyərdilər. Artıq onlar buna vərdiş etmişdilər. Qadın gözə görünməyincə, onlar da yaşadıqları binanın damından bayıra çıxmazdılar.
Bir gün göyərçinlər yuxudan ayılıb ətrafa göz gəzdirdilər. Son payız günəşinin solğun şüaları ətrafa yayılsa da, qoca qarı hələ görünmürdü. Ara-sıra belə hallar olurdu. Qoca qarı, ya xəstələnib yorğan-döşəyə düşəndə, ya da vacib bir işi olanda qonşularından kimsə özünü çatdırıb göyərçinlərin yemini gətirib verərdi. Belə hallara çox az-az təsadüf olurdu.
Göyərçinlər bir az da gözlədilər, amma yenə də onları yemləyən qarıdan bir xəbər-ətər yox idi. Artıq, günortadan xeyli ötmüşdü. Göyərçinlərin qarnı ac idi. Buna baxmayaraq, onlar yuvalarından bayıra çıxmağa tələsmirdilər.
Göyərçinlərin gözü Çil ata göyərçində idi. Ondan qərar gözləyirdilər. Çünki Çil göyərçin onların hamısından yaşlı, həm də dəstənin böyüyü idi. Ata göyərçin çox narahat görünürdü. Kəkilli, ayağı xınalı ana göyərçinin səbri tükənmək üzrəydi. Hələ indiyə kimi o belə halla rastlaşmamışdı. Odur ki, Çil ata göyərçindən soruşdu:
– Bəlkə, sən deyəsən nə baş veribdi?!
Çil göyərçin bir neçə dəfə boynunu sağa-sola hərləyib qanadlarını astaca çırpdı:
– Doğrusu, mən də bu hala mətəəl qalmışam. O qarıya görəsən nə olubdur? Bəlkə, o ölübdür?
Ata göyərçinin bu sözləri ətrafdakıları bərk təşvişə saldı. Quşlar qorxu içində boyunlarını döndərib ona tərəf baxdılar.
– Hə də, qoca qarıdır, nə desən ola bilər, – deyə ata göyərçin quşları başa salmağa çalışdı. Göyərçinlərin içindən Qara quyruq göyərçin dərindən ah çəkib dedi:
– Bəs, onda bizim halımız necə olacaqdır?! Biz haradan yem tapacağıq? Onsuz da, son vaxtlar bu şəhərdə insanların vəziyyəti o qədər də yaxşı deyil. Kasıbçılıqdandır, ya nədən insanlar əllərindəki yeməklərin qırıntılarını da bizə atmırlar. Elə bil aclıq baş veribdir yeməklərin son qırıntılarını da ağızlarına təpib, acgözlülüklə gəvələyirlər. Qabaqlar, səkilərin qıraqları, zibil qablarının içi çörək qırıntıları ilə dolu olardı. Nə oldu görəsən bunlara?
Kəkilli ana göyərçin Çil ata göyərçinə sığınıb, onun böyür-başını dimdiklədi:
– Bir havaya qal, uç gör bu nə məsələdir? Axı, səndən başqa bu işi kim görəcəkdir? Görmürsən, balalarımız aclığa tap gətirə bilməyib, ağızlarına gələni danışırlar?
Ata göyərçin qanad çalıb, yaşadıqları binanın ətrafında bir-iki dövrə vurdu. Göy üzündən hər şey apaydınca görünürdü. Adamlar həmişə olduğu kimi ora-bura vurxunurdular. Çil göyərçin dövrə vurub meydanın ortasındakı heykəlin üstünə qondu.
O, bir xeyli heykəlin üstündə oturub ətrafa nəzər saldı. Hər kəs öz işində idi. Qoca qarıdan da bir soraq yox idi.
Bir azdan səbri kəsilən Çil ata göyərçin uçub yuvaya döndü.
Quşlar onu səbirsizliklə gözləyirdilər. Yuvaya qayıdan kimi tez onu dövrəyə aldılar:
– Şəhərdə nə baş verib, o qadın hardadır?! – deyə yerbəyerdən soruşdular.
– Bilmirəm. Heç nə bilmirəm! Səsinizi kəsin, bir də məndən heç nə soruşmayın! – deyə ata göyərçin əsəbi halda qanad çalaraq özünü havada aslı vəziyyətdə saxladı. Araya ölü sükut çökdü. Quşlardan heç biri ata göyərçinin qorxusundan daha səsini çıxartmadı.
Göyərçinlər o günü ac-susuz keçirtdilər. Axşam hamı yuxuya gedəndən sonra Kəkilli ayağı xınalı ana göyərçin Çil ata gəyərçinin böyrünə sığınaraq astaca:
– Ağlın nə kəsir, əzizim, sabah da beləcə ac qalacağıq?!
Çil göyərçin dərindən köks ötürüb:
– Bilmirəm. Bəlkə də, hə… bəlkə də yox! – Məni ən çox narahat edən ac qalmağımız deyil, o qoca qarının taleyidir. Görəsən, ona nə olmuşdur?
Kəkilli ana göyərçin məsələni dərinləşdirməmək üçün dedi:
– Sabahı gözləyək. Elə bilirəm ki, hər şey yaxşı olacaqdır.
Səhər açılanda, artıq, qar yağırdı. Hava bərk soyumuşdu. Göyərçinlər bu gecə acqarına yatdıqlarına görə, yuxudan lap tez oyanmışdılar. Qarınları ac olduğu üçün bir-birlərini dimdikləyib, civildəşirdilər. Hamısının gözləri heykəlin qarşısındakı meydançaya dikilmişdi, qoca qarının yolunu gözləyirdilər. Vaxtın ötməsinə baxmayaraq, hələ də qoca qarıdan bir xəbər yox idi. Görəsən, o hardadır?! – deyə quşlar sual dolu baxışlarla bir-birlərinin üzünə baxırdılar.
Günortadan xeyli ötmüşdü. Hələ də, qarıdan bir soraq yox idi. Göyərçinlərin canını qaraqayda almışdı. Ümidləri tamam kəslimişdi. Dəstədə narazılıqlar eşidilməkdə idi. Çil ata göyərçin qərarını verdi:
– Yuvalarınızdan dağılın!.. İtilin burdan, tənbəllər. Gedin, çöldə-bayırda qarnınızı doyurun. Lap, əvvəlki vaxtlarda olduğu kimi. Bəsdirin, zəhləmi töküb civildəşdiniz. Ola bilsin ki, bundan sonra daha bizi yemləyən tapılmasın.
Dəstə üzvləri onun bu sözlərinə bənd imiş kimi yuvalarından “pırr” eyləyib uçaraq, ətrafa səpələndilər. Yuvada Çil ata göyərçin, bir də Kəkilli ana göyərçin qaldı.
– Mən bu məsələnin axırına çıxmalıyam. Görüm, nə baş veribdir? – deyə Çil ata göyərçin qəmli-qəmli köks ötürdü.
– Haradan öyrənəcəksən bunları? – ana göyərçin yazıq-yazıq onun üzünə baxdı.
– Qonşumuz Ala Sağsağan bilməmiş olmaz. Hərçəndi, mənim ondan xoşum gəlmir, o çox sözbaz, xəbərçi, əclaf bir quşdur. Amma bu işi ondan başqa bilən olmaz, gedim ondan bir xəbər öyrənim.
Ana göyərçin razılaşdı:
– Elə isə yubanma onun yanına uç, məsələni ondan soruş, – deyə Kəkilli ana göyərçin ata göyərçini tələsdirdi.
Ala Sağsağan göyərçinlər yaşayan binanın yanındakı qovaq ağacında yuva qurmuşdu. Bir müddət olardi ki, onlar qonşu idilər. Ala Sağsağanın da göyərçinlərdən xoşu gəlmirdi. Ona görə ki, qoca qarı hər səhər göyərçinlərə dən gətirəndə, o da yuvasından uçub meydana enər və göyərçinlərin payına şərik olmağa çalışardı. Amma göyərçinlər ona dən yeməyə imkan verməzdilər. Ona görə də, sağsağan göyərçinlərin əlindən bərk qəzəbli idi.
Çil ata göyərçin sağsağan yaşayan qovaq ağacına tərəf uçdu. Sağsağan qovaq ağacının budağı üstə oturub bitlənirdi. Qonşusu Çil göyərçini görəndə quyruğunu bir-iki dəfə aşağı-yuxarı qaldırıb, endirərək, qəzəblə qarıldadı.
Çil göyərçin onun yaxınlığındakı budağa qonub dedi:
– Səsini kəs görüm, qonşu. Bir məsələ barədə səndən məsləhət almağa gəlmişəm.
Sağsağan qarıldadı:
– Məsləhət?!.. Nə vaxtdan məndən məsləhət alan olmusan?! Siz ki, məni heç quş saymırsınız.
Çil ata göyərçin bir qədər susdu. Ala Sağsağan lovğalanaraq:
– Dimdiyini sallama, de görüm, nə məsələdi? Bəlkə, acınızdan ölürsünüz, sizə dən verən yoxdur, ona görə yanıma məsləhətə gəlmisən? Düz deyirəmmi?
Çil göyərçin heyrətindən qanadlarını bir neçə dəfə çırparaq:
– Hə, doğrudur! Amma bunlar nəyə görə baş verib, onu öyrənməyə gəlmişəm yanına. Sən bunları bilməmiş olmazsan.
– Bilirəm. Əlbəttə ki, bilirəm! – deyə sağsağan ağ tüklü sinəsini qabağa verdi.
– Nəyi bilirsən? – deyə Çil göyərçin maraqla soruşdu.
– Qoca qarının tutulub, cərimələnməsini.
Çil ata göyərçin eşitdiklərindən heyrətə gələrək:
– Onu niyə tutub, cərimələyiblər? Kim bunu edib? – deyə soruşdu.
– Sizi yemlədiyinə görə. – Hə, o yazığı sizə görə cəzalandırdılar.
– Bizi yemlədiyinə görə? Bəs, o qarı əvvəllər də bizi yemləyirdi, axı? Onda onu heç cəzalandıran yox idi.
– Bəli, əvvəllər də yemləyirdi. Amma bundan sonra daha yemləməyəcək. Ona görə ki, insanlar qanun çıxartdıblar ki, siz göyərçinləri yemləmək olmaz.
– Niyə?! Çil göyərçin təəccüblə sağsağanın üzünə baxdı.
– Niyə?.. Niyə?… Ona görə ki siz xəstəsiniz, mikrob, infeksiya yayırsınız, hər yeri zibilləyirsiniz. Qısası, murdar quşsunuz.
– Yalandır. Biz xəstə deyilik, biz Sülh göyərçinləriyik. Məgər, bunu insanlar bilmirlər? Axı onların özləri bizə “Sülh göyərçini” adını veriblər. Biz sənin kimi quşlardan fərqli olaraq, eybəcər, yırtıcı deyilik, insanlara həmişə yaxın olmuşuq, onlarla həmişə bir yerdə mehriban yaşamışıq.
– Sülh göyərçinləri… Pah… Ala Sağsağan qəhqəhə çəkib güldü. O, çox-çox əvvəllər olub, ağıllı adamların zamanında. İndi dünyanın hər yerində müharibələr gedir, insanlar bir-birlərinin qanını axıdırlar. Kimə lazımdır sülh? Adamlara sülh lazım olmadığı kimi, heç sülh göyərçinləri də lazım deyil. Ona görə də, sizin haqqınızda ayrıca qərar çıxardıblar ki, sizi kim yemləsə, o adam cəzalanacaqdır! Qoca qarını da, iki gün bundan qabaq mənim gözlərimin qarşısında maşına basıb apardılar. İndi o sorğu-sualdadır. Eşitdiyimə görə, onu elə cərmələyiblər ki, nəinki, builki təqaüdü, hələ gələn ildə də alacağı təqaüdündən cərimə ödəyəcəkdir. İndi özü ac-susuz oturub evinin bir küncündə, sizi düşünməyə taqəti belə yoxdur, ay yazıqlar. – deyə Ala Sağsağan qəhqəhə çəkib güldü.
– O sağdır! – deyə, Çil göyərçin zarıdı.
– Hələlik, sağdır. Amma yəqin ki, bir-iki günə acından öləcəkdir.
Çil göyərçin bu sözləri sağsağandan eşidəndə gözləri doldu. Ac qaldıqlarına görə yox, qoca qarını ac qoyduqlarına görə heyfsləndi.
– Bəs, niyə insanlar, təkcə bizə bu qərarı çıxarıblar. Axı, küçələrdə gör nə qədər sahibsiz itlər, pişiklər dolaşır. Bəs, onlar xəstəlik yaymırlar? Elə sizin özünüz, azmı xəstəlik yayırsınız? Bəs, siz kimə lazımsınız?
Sağsağan uçub bir az yaxına, Çil göyərçin qonan budağa qonub uzun dimdiyini ona tərəf uzadaraq yavaşca:
– A bədbəxt quş, zamanə çox dəyişibdir. İndi mənim kimi sağsağanların dövrüdür. Sənə qonşu kimi bir məsləhət verim, nə qədər ki, acınızdan gəbərməyibsiniz, uçun gedin buralardan, yazıqsınız. Sizə görə, yazıq adamlar da əziyyət çəkirlər. Heç olmasa onları düşünün.
Ala Sağsağanın bu sözlərindən sonra Çil göyərçin qanad çalıb yuvasına qayıtdı.
Quşlar yuvada onu gözləyirdilər. Çil göyərçin məyus-məyus quşlara nəzər yetirdi. Quşların hamısı gözlərini onun gözlərinin içinə dikib nə baş verdiyini öyrənmək istəyirdilər.
Çil göyərçin asta-asta başını qovzayıb dedi:
– Yığışın, bu məkanı tərk edib gedirik!..
– Niyə?!.. – quşlar yerbəyerdən civildəşdilər.
– Ona görə ki, deyəsən, insanlara əmin-əmanlıq lazım deyil. Onlar sülh istəmirlər. Sülh olmayan yerdə isə, xeyir-bərəkət, dinclik olmur, əzizlərim. Əmin-əmanlıq olmayan yerdə isə, bizə ehtiyac yoxdur, – deyə Çil ata göyərçin dərindən köks ötürdü.
– Bəs, onda biz hara uçaq? Axı, hər yerdə qanqadadır, müharibələr gedir. Şərqdən tutmuş qərbə, cənubdan tutmuş şimala qədər dünyanın hər yerində od-alov yağır, insanlar bir-birlərinin qanını tökürlər, – deyə Kəkilli ayağı xınalı ana göyərçin kövrəldi.
Çil ata göyərçin xırıltılı, boğuq səslə:
– Elədir. İndi hər yerdə insanlar bir-birlərinə qənim kəsilibdir, bir-birlərinin qanını tökürlər. Dünyanın bu qədər nizamsız, təlatümlü vaxtı olmamışdı. – Mənə qulaq asın, hamı eşitsin! – deyə Çil ata göyərçin səsini ucaltdı:
– Biz göy üzünə uçuruq, açıq səmaya. Bizim yerimiz hələlik ora olacaqdır. Gücünüz çatdığı qədər dözün, qanad çalın, bizim başqa çarəmiz yoxdur. Öləriksə, qoy səmada, mavi göylərdə ölək, adımıza layiq, Sülh göyərçinləri kimi…
Göyərçinlər qanad çalıb havaya qalxdılar. Açıq səmada onlar dövrə vuraraq, çox xoşbəxt görünürdülər…
Xeyirdə-şərdə (düzünə qalsa, 30 il köçkünlük həyatı sürmüş zəngilanlılar, elə digər rayonlarımızdan olanlar da, bir-biri ilə daha çox yas mərasimlərində görüşürlər) qarşılaşdıqca həmişə səmimiliyi, mehribançılığı ilə seçilən şair dostumuzdan nə vaxtsa yazacağımı planlaşdırmamışdım. Mən də digər dost-tanışları kimi onu müasir poeziyamızın az-az tapılan özünə və sözünə sadiq adamlarından biri kimi tanıyıram. Bütün sağlam münasibətlər fonunda bir-iki stolüstü, – sözsüz ki, süfrənin tələblərinə uyğun və ürəkdostu, – həm də iki qələm adamının duyğuları çərçivəsində, bir az peşəkarcasına söhbətimiz də olub. Bəri başdan bildirim ki, Xosrov da mənim kimi tərifdə təhrifi sevmir, – yazıları, şeirləri qədər sadədir. Ümidini də elə bu sadəliyinə bağlayaraq:
Ümiddən o yana umacağım yox,
Elə ümidim də məndən xatircəm, – deyir.
Ümidin ümid yiyəsindən xatircəm olması insanın insan kimi yaşamağının şairanə ifadəsidir.
Xosrov Natillə hərdən görüşürük, söhbətləşirik. Şeirdən, şeiriyyətdən, şairlərdən və şeiri korlayanlardan danışırıq. Deyir, vallah, qüsuru olan şeir müəlliflərinin günahı daha çox onlardan şair, şairə düzəldib qurbanlıq quzu kimi ortalığa buraxanlardadır. Özləri huylayırlar, özləri də tərifini göyün yeddi qatına çıxardırlar. Ədəbiyyat, incəsənət bu üzdən üzüqaradır. Bir dəfə gileyləndim ki, o bizim 50-dən çox kitabın müəllifi olan həmyerli yazarımız bütün xoş münasibətlərimə rəğmən niyə həmişə mənimlə düz sarımır. Xosrov cavab verdi ki, onun da sevgisi səninlə düz sarımamağındadır. Yadına salırsa, yaxşıdır, ancaq görünür bəyənmədiyi, onun ruhuna yad olan nə isə var, diqqət elə, ancaq cox da ürəyinə salma, öz yolunda ol. Bax, belə sadəcəsinə mənə mətləbi açıqladı Xosrov Natil, özü düşündüyü və dəyərləndirdiyi kimi! Çünki bu sadə insan özündən, öz xarakterindən uzaq düşə bilmir və bunu istəmir də. Xosrovu tanıyanlar özləri də onun zərrəcə başqa cür olması ilə razılaşmazlar.
Onu atasına oxşamasında qınayanlar (“Dedilər atana oxşama, bala”) görəsən Xosrova, – dövrümüzün istedadlı şairinə, halal çörək yiyəsinə, yaxşı insan və etibarlı dost olan birisinə öz ürəyincə yanaşıb və öz gözüylə baxsaydılar nə deyərdilər…
Tək yadlar desəydi nə var idi ki,
Hərdən azaylandı doğma bibim də.
Mən niyə atama oxşamayım ki,
O vaxtdan qarası qaldı qəlbimdə.
Ən doğrusu müəllifin son misrada “Yaxşı ki, atama oxşamışam mən” qənaətinə gəlməsidir. Çünki dəhşət oğulların atalarına, başqa sözlə övladların valideynlərinə oxşamamalarındadır!
Xosrov Natillə arabir görüşsək də, söhbətlərimizin mövzusu uzun müddət yadımızdan çıxmır, bizi xoş ümidlərə, gözəl niyyətlərə yönləndirir. Niyyətimiz isə aşkar və aydındır – təmsil etdiyimiz Zəngilanın yaradıcı adamlarını daha çox görüşdürmək, rayonumuzun keçmiş və bugünki ədəbi mühitinə işıq salmaq, ustad şairlərin ənənələrinə sadiq qalmaq, bir sözlə yazıb-yaratmaq! Bunun üçün isə toparlanmaq, bir yerdə olmaq, vaxtaşırı söhbətləşmək lazımdır!
P.S: Qeyd etdiyim kimi, Xosrov Natil tərifi xoşlamır, fikrini qısa və konkret, mənalı və məzmunlu ifadə etməyə üstünlük verir. Bu ilki ad günü münasibətilə qələmə aldığım bu yazı kimi! Təbrik edirəm, XOSROV NATİL!
Aralık, gezegen günlüğünde bir başlangıcın ilk adımıdır, bir dönemin sonunu ve yepyeni bir dönemin tohumlarını işaretler
Bu ayın Latince kökü december-on’dur (10). Eski Türkçede bu aya Aralık denirdi. Bazı kaynaklara göre bunun nedeni Kasım ile Ocak ayları arasına denk gelmesidir.
Aralık, Arapçada “kanun-u evvel” olarak da bilinir: Başka bir deyişle, Aralık “Ocak’tan önce” anlamına gelir.
Bu ayda, çıplak gözle görülebilen beş gezegen – Merkür, Venüs, Mars, Jüpiter ve Satürn – gün batımından sonra gökyüzüne iner. Bu gezegenlerin en önemlisi olan Mars, 8 Aralık’ta gözlem için çok uygun bir konuma ulaşır.
Sonun Başlangıcı (Kış Gündönümü)
Dünya’nın ekseni Aralık ortasına doğru eğildikçe, Güneş’in gökyüzündeki yolu ve yüksekliği yıl boyunca değişir. Güneş, kış gündönümü sırasında gökyüzünde daha kısa bir yol izler, bu da Yarımküre’de en kısa gündüz saatlerini ve en uzun gece saatlerini yaşadığı anlamına gelir.
Elbette, tüm aylar güzeldir, ancak Aralık bir başka güzel aydır.
Sonbaharın sonunu ve kışın gelişini müjdeleyen bu özel ay, beyaz kar manzaralarını ve ardından romantizm, şehvet ve umut mesajlarını sembolize eder. Bu muhteşem ay, bir kişinin kendi içinde yaşadığı hisleri daha derin bir duygu olarak ortaya çıkarır ve yeni başlangıçlar ve mutluluk çiçekler gibi açar. Çoğu insan bu ayı ayrılık acısına açılan bir kapı olarak görürken, ben ve benim gibi düşünen şairler Aralık ayını ayrılığa açılan bir kapı olarak değil, sonsuzluğa açılan bir kapı olarak görüyoruz.
Özellikle yazarlar ve betimleyiciler için Aralık, Ekim ve Kasım ayları kadar makale ve şiir yazmak için değerli bir aydır.
Aralık, hem vahşi hem de güzel, beyaz bir prenses gibidir ve ben onu her zaman yeni yılların ve yeni yüzyılların sevinçlerine açılan büyülü bir kapı olarak düşünürüm.
“Torpağında insan yaşar”, deyən bilgə – Ramiz Əsgər!
Dəyərli Bilgəmiz Ramiz Əsgər ziyalılığı ilə cəmiyyətə, elmi ilə xalqa hələ çox gərək idi. Xəstəhal olsa da daim milli-mənəvi dəyərlər yolunda, xalqın soykökünün dərki istiqamətində usanmadan çalışır, külüng vururdu. Türkmən qəhrəmanlıq dastanı olan “Goroğlu”nun (Koroğlu) ilk cildini bacısı Nailə xanım Əsgərlə bərabər tərcümə edib, tamamladığını feysbuk üzərindən bildirmişdi: “…İndi ön söz yazıram. Bu cilddə 13 boyun tərcüməsi var. 2-ci cilddə 18 boyun tərcüməsi olacaq. Möhtəşəm bir əsərdir. Ancaq nəşr üçün vəsait yoxdur… Qalanını siz düşünün. Təxminən 3 min manat lazımdır…” Ramiz Əsgər işin ən çətin mənəvi tərəfini həll etmişdi. Qalırdı maddi tərəfi. Yadıma bilirsiniz nə düşür? Rəhmətlik Şirməmməd Hüseynovun bugünlə səsləşən fikirləri: Abbas Səhət qəzetlərdə elan verir ki – “ay camaat gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək”. Görünən odur ki, o gündən bu günə heçnə dəyişməyib. Bircə elanın şəkli dəyişib: qəzet səhifəsindən internet səhifəsinə daşınmaqla.
Ramiz müəllim son zamanlar feysbukda ara-sıra statuslar paylaşırdı. Bunların birində ünvanına çoxsaylı xoş sözlər səsləndirilmişdi. Təvazökarlıq, sadəlik və alicənablıqla şəxsinə ünvanlanan dəyərli fikirləri qəbul etməyib, onun məsuliyyətli məsələ olduğunu bildirmişdi. Ramiz Əsgər məsuliyyətini tez-tez vatsap statusunda sevərək bölüşdüyüm “Su pərisi” şeirində də hiss etmişdim. Ramiz müəllim həmin şeiri Bakı Dövlət Universitetinin auditoriyasının birində səsləndirir. Bu anı telefon yaddaşına, sonra da tarixin arxivinə köçürən tələbəyə çox təşəkkür edirəm. Həmin şeirdə deyilir:
Ağ köpükdən sırğaları, Gümüş kimi ağ dərisi, Yarıb gəldi dalğaları, Yоsun saçlı su pərisi.
Heyrət ilə baxdım оna, Alоvlanır içərisi, Aşiq оlub bir insana, Eşqə düşüb su pərisi.
Dedi: “Sevdim bu adamı”, Gördüm о bir eşq dəlisi, “Оlmaz məndən su adamı”, Dinləmədi su pərisi.
Dedim оna: “Məndən vaz keç, Ürəyimdə var birisi, Öz sоyundan birini seç, Sev оnu sən, su pərisi.
Bu dünyanın hər şeyi var, Uçarısı, köçərisi, Tоrpağında insan yaşar, Sularında su pərisi”.
Dedi: “Daha sevgi bitdi, Yox könlümün müştərisi!” Göy sularda gözdən itdi, Qəlbi sınan su pərisi.
Bir səs qоpdu dоdağımdan, Fəryad, nida: “Su pərisi!” Dönüb öpdü yanağımdan, “Get, əlvida, su pərisi!”
Оndan sоnra görünmədi Nə ölüsü, nə dirisi, Hara getdi, bilinmədi, Yоxa çıxdı su pərisi.
Şeiri bütövlükdə ona görə paylaşdım ki, ziyalı ömrünə hazırladığım yazı ilə nəzər salan oxucu şeirlə tanış olsun. Qoy, bədii-ədəbi-estetik zövqü tərəqqi eləsin. Şeirin aşağıdakı sətirlərində bəşəriyyətdə var olan canlıların tutduğu mövqe, vəzifə açıq şəkildə oxucuya çatdırılır:
Bu dünyanın hər şeyi var, Uçarısı, köçərisi, Tоrpağında insan yaşar Sularında su pərisi
Şeirin bu misrası heç ağlımdan silinmir. Eləbil, düşüncə “qayası” üzərinə həkk olunub. “Torpağında insan yaşar” ifadəsi, sanki M.A.Ərsoyun “İstiqlal marşı”ndakı “…Basdığın yerləri “torpaq” deyib keçmə, tanı!..” sətirlərindən doğan gücdən alırdı…
Vətən torpaqlarının azadlığı Ramiz Əsgəri də xoşbəxt etmişdi. Ancaq çox təəssüf… Yaradıcılığının mayasını xalqın kökündən alan böyük alim babalarımızın həsrətlə dünyadan köçdüyü Qərbi Azərbaycanın – Dərələyəzini, Qafanını, Göyçəsini, Vedibasarını görə bilmədi.
Özümə ünvanlı xüsusi qeyd: Ötən illərdə əməkdar jurnalist, əziz müəllimim Qərənfil Dünyaminqızının məqaləsinə yazdığım fikirləri oxuyan Ramiz Əsgər öz təbrikini Qərənfil müəlliməyə çatdırmışdır. Ancaq unutqanlıq edib, bu təbriki Qərənfil müəlliməyə bildirməmişdim. İndi yadıma düşəndə çox təsirləndim. Digər bir məqam da var. Mühacirşünas alimimiz Abid Tahirli hər dəfə tələbələrinə milli dəyərləri, xalq ziyalılarını tanımaqları üçün suallar verir. Günlərin birində bizdən soruşdu ki, “Ramiz Əsgəri tanıyırsınızmı?”. Tələbələr arasında cavab elə də ürəkaçan olmadığı üçün baş verənlər müəllimimizə xoş təsir etmədi. Jurnalistika fakültəsində təhsil alan tələbənin üstünlüyü ondadır ki, müəllimlərimizdən dərsdən əlavə milli-mənəvi dəyərləri, məsələləri dərk etməyi, ziyalıları tanımağı da öyrənirik…
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
1 dekabr Mustafa Müseyiboğlunun anadan olduğu gündür. Doğum günündə rəhmətlə anırıq.
MUSTAFA MÜSEYİBOĞLU HAQQINDA
Mustafa Müseyiboğlu – Gizir (Mustafayev Mustafa Müseyib oğlu) 1 dekar 1952-ci ildə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olub.
1959-cu ildə Ağdam rayonu Yusifcanlı kənd məktəbində birinci sinfə getmişdir. 1969-cu ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirərək (9-10-cu siniflər), Bakı plan-iqtisad texnikumuna Tikintidə planlaşdırma ixtisası üzrə qəbul olunmuşdur. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub hərbi xidmətə yollanmışdır. Xidməti keçmiş ittifaqın Komi Muxtar Sovet Sosialist Respublikasında (Rusiya – Komi Respublikası) layiqincə yerinə yetirib 1973-cü ilin dekabr ayında Vətənə dönür. Əvvəllər Bakı şəhərində yaşayıb fəaliyyət göstərsə də (1974-76-cı illərdə Maştağa qəsəbə sovetinin deputatı olub. 1975-ci ildən KP-nın üzvü idi.) 1976-cı ildə Yusifcanlıya köçür və 1993-cü ilə qədər burada yaşayıb, yaradır. 1993-cü ildən 1999-cu ilə qədər Yevlax rayonunun Xanabad kəndində, 1999-cu ildən 2018-ci ilədək isə Bakı şəhərində yaşamışdır. 2018-ci ilin dekabın 29-da Bakı şəhərində vəfat etmiş, Ağdam rayonu II Yusifcanlı kənd (Əfətli) qəbirstanlığında dəfn olunmuşdur.
Mustafa Müseyiboğlu Bakı plan-iqtisad texnikumundan (1971) əlavə Ağdam kənd təsərrüfatı kadırları ixtisas artırma məktəbində – İqtisadçı (1988), Moskva kənd kənd təsərrüfatı kadırları ixtisas artırma institutunda – İqtisadiyyat və aqro istehsalat sahələrinin təşkili (1992) üzrə təhsilini davam etdirmişdir.
Uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışmış, keçmiş ittifaqın son günlərində dövlətdən torpaq icarəyə götürüb “İcarədar” statusu ilə şəxsi təsərrüfatını yaratmış ilk şəxslərdən biri olub (1991).
Tezyetişən “Kardinal” və “Hafisəli” üzüm sortlarını öz sahəsində uğurla sınaqdan keçirərək ancaq bu sortlardan ibarət ayrıca sahə yaratmışdır.
Kənd təsərrüfatında müxtəlif sahələrdə çalışdığı zamanlar mütəmadi olaraq kataloqda olan bütün mətbu orqanlara abunə olan Mustafa Müseyiboğlu yeni nəşr olunan kitabları da əvvəlcədən sifariş yolu ilə mütləq əldə edirmiş. Hələ gənc yaşlarından Gizir təxəllüsü ilə şeirlər yazan Mustafa Müseyiboğlunun əlyazmalar şəklində bir neçə kitab həcmində şeirlərinin olması barədə məlumat olsa da, Yusifcanlının işğalı zamanı bütün mal-mülklə bərabər zəngin kitabxanası, həmçinin əlyazmaları da xain düşmən tərəfindən yağmalanaraq, məhv edilmişdir. Əlimizdə qalan irsi yalnız “Sibiriyadan məktublar və iki şeir” adlı kitabdan ibarətdir. 2018 – ci ildə MYK -ın ömürlük fəxri katibi seçilmişdir.
EHTİRAMLA ANIRIQ 1 dekabr – Xalq şairi Məmməd Arazın anım günüdür. Könlü Vətən torpağını vəsf edərək Azərbaycan dünyasından dünyaya baxan əbədiyaşar-müqtədir Şairimizin ruhuna salam olsun! Ustadın işıqlı xatirəsini sağlığında yazdığım “Təzələnir söz qatı” ithaf şeirim və vəfatından təsirlənərək qələmə aldlığım “Söz kəhkəşanında poeziya bürcü” düşüncələrimin aynasında ehtiramla yad edirəm. ——————————————————————– SÖZ KƏHKƏŞANINDA POEZİYA BÜRCÜ Yolum demək olar ki, hər gün “Zabitlər bağı”ndan keçir. Redaksiyamız bu bağın həndəvərində olduğundan əsas gediş-gəlişim də bura təsadüf edir. Bağda gövdəsi yarı yanmış, oyuğu kömürləşən bir tut ağacı var, yanından etinasız ötə bilmirəm. “Əmi” deyə müraciət etdiyimiz bənzərsiz şair Məmməd Arazla bağlı bir xatirə tilsimləyir burdan keçəndə məni. …Məmməd Arazın solğun, lakin nurani çöhrəsində xəfif bir təbəssüm var idi. Baharın nisan ayının həlimliyi deyəsən, bir az da həlimləşdirmiş, kövrəltmiş, duyğulandırmışdı şairi. Əlindəki əsaya dirsəklənib oyuğu kömürləşən ağaca heyran-heyran tamaş edirdi. (Görən, Məmməd əmi nələr düşünürdü, ilahi?!) Şairin necə deyərlər, “canlı əsası” – daim qayğısını çəkən, “Dədə” deyə müraciət edən Mais dostumuz isə nədənsə şairdən aralı dayanıb fikrə getmişdi. Bəlkə də, şairi düşüncələrindən ayırmaq, “tənhalığına” mane olmaq istəmidi… Məmməd Arazın nəzər – diqqəti tut ağacının “qaysaqlanmış yarasında” idi. Kənardan xeyli seyr etdim şairin bu halətini. Handan-hana yaxınlaşıb ziyarət etdim… Baxışlarında bir nisgil var idi şairin… Baharın cilvəli çağında yaşıllığa bürünmüş bu guşədə görən, niyə məhz bu “yaralı” tut ağacının seyrinə dalmışdı?.. Bəlkə, öz taleyinin oxşarlığını təbiətdə sonuncu dəfə seyr etdiyindən, ömrünün sonuncu ilinə düşən bu baharla vidalaşması idi?.. Bəlkə, onun üçün bu baharın sonuncu olması dammışdı ürəyinə… …Məmməd Araz ömrünün 72-ci ilində (1 dekabr 2004-cü il) dünyasını dəyişdi. Məmməd Araz dünyası isə əbədidir, dəyişməzdir. Nə qədər ki, ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynası olan poeziya duyğulara sığal çəkirsə, Məmməd Araz ədəbi irsi də zamandan asılı olmayaraq ürəkləri riqqətə gətirəcək, hər nəsil öz ruhunda yaşadacaq və yaşayacaq Məmməd Araz dünyasını. Şərqin böyük mütəfəkkirlərindən olan Cəlaləddin Rumi demişkən: “Ölümümüzdən sonra məzarımızı yerdə arama,ariflərin könlündədir könlümüz”. Məmməd Araz haqq nuruna boyanan haqq şairi idi… Şair “Vəsiyyət” şeirində yazır:
Qara cilddə çap eləyin kitabımı, Məndən sonra Tünd qara. Fəqət soy – adımı Süd rəngiylə həkk edin ora. Daha nə deyim, Qoy mən Qara torpaq üstündə Üfüqə doğru gedən Ağ yola bənzəyim.
Qara torpaq üstündə üfüqə doğru gedən ağ yola dönmüş Məmməd Araz poeziyasının məziyyətləri haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mən sadəcə olaraq dəryadan damla timsalında bir məqamı qeyd etmək istəyirəm. Məmməd Araz poeziyasında mövzu zənginliyi vahid struktur bütövlüyünə köklənir. Bu bütövlük şairin “ mizan-tərəzisinin“ haqq pərsəngində olması ilə şərtlənir. Oxucunu psixoloji ətalətdən silkindirir, öz poetk kredosunu – məslək kredosunu aşılayır. Məmməd Araz poeziyası Ulu Sözün poetik məqamında bizi duyğuların zirvəsinə ucaldan bənzərsiz bir dünyadır. Bu dünyanı yaradan şair özü isə dünyaya Azərbaycan dünyasından baxır:
Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbayan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxır dünyaya.
Baxır söz-zöz, misra-misra Azərbaycan xalqının müqtədir oğlu, Xalq şairi. ( təkcə fərmanla verilən təltiflə, fəxri adla deyil, sözün müstəqim mənasında da xalq şairi) Bədi fikir daşıyıcılarından olan İ.Y. Frankonun “ Böyük şairlər xalqın vicdanıdır” deyimi unudulmaz ədəbi sima olan Məmməd Araz şəxsiyyətinin və şeiriyyətinin boyuna biçiilb. Şeiriyyəti duyğularıma məhrəm və məlhəm olan Məmməd Arazın dünyaya “özü kimi” sığal çəkən söz qatına yenməyə çalışıram. Çağdaş ədəbiyyatımızın – söz kəhkəşanımızın poeziya bürcü haqqında vaxtilə (1994) yazdığım “Təzələnir söz qatı “ adlı şeirim Ustadı anım məqamı ilə yaddaşımda bir daha misra-misra yarpaqlanır:
Zaman məkan üstündə çapırdır öz atını, Dolayıb biləyinə dünyanın damarını. Məmməd Araz kəlməsi təzələr söz qatını, Dünyaya özü kimi çəkəndə tumarını.
Aqil sözü-haqq sözü, haqqın olar bir üzü, “Ağızda dil sümüksüz, amma sümük sındırar”. Görəndə bir biçimdə naşı əyriylə düzü, Kor gözlərə şairin sözü çıraq yandırar.
Dünya dəyirman daşı, hərləndikcə hikkəli, Üyütsə neçə kərə, unu olmaz kəpəksiz. “Bir zərrənin işığı milyonlara şərikli”, Nə qədər ki, işıq var, olmayacaq şəriksiz.
“Dünya sənin” deyəndə, dünya mənim deyənlər Yanıldı gümanında duyğusuz, daş ürəklər. Dünyanı evi bilsə bu dünyaya gələnlər, Dünyamızı bəzəyər, açar güllər-çiçəklər.
O “iti bazarında atından baha dünya” “…Taleyin oyununda” neçə kərə kəm oldu. Arazın axarını kəsdi “xırsız əjdaha”, Ürəklər qübarlandı, gözün payı nəm oldu.
Misqal-misqal o nəmi ürəyinin istisi Qurutmağa çalışdı, özü yandı, alışdı. Araz keçdi özündən, doğdu coşmaq həvəsi, Qovuşdular – gur Araz nur Araza qarışdı…
Mən ki, sənə bulud-bulud, yağış-yağış bağlıyam – Aramızda nə çətir var, nə də dam var, İlahi. Yer üzündə Nə mənim tək göy üzünə ağlayan, Nə də məni sənin kimi unudan var, İlahi.
Sənin ərşin – sonsuzluqdu, mənim ərşim – dualar, Alanı çox… Satanı çox… Arşın-arşın dualar… Bir məbəddən dərgahına uçur qurşun-dualar, Bir məbəddə sönən ümid, yanan şam var, İlahi.
Min illərdi ümidləri yeyir… Doyur adamlar, Səccadədə hücrə-hücrə, oyuq-oyuq adamlar… Bilirsənmi necə yanır soyuq-soyuq adamlar? Mən bilirəm… Nə tüstüm var, nə bacam var, İlahi!
Bir yol buldum min yolkəsən baxışların içindən – Sualların, alqışların, qarğışların içindən… Əlçim-əlçim buludların, yağışların içində Bu dünyada unutduğun bir adam var, İlahi! Bakı, 06 yanvar 2023-cü il
Qanımın səsini Əbildən sonra eşitməyə başladım. Canımın içində ağrıyan, ağlaya-ağlaya başını daşdan-daşa çırpan nədir? Ruhumun içində göynəyən kimdir? Bunu Əbildən soruşmaq istəyirəm. Ancaq onu əbədi yuxusundan ayırmaq, bu dünyanın ahəngində olan səsimlə onu səksəndirmək istəmirəm. Qoy Əbil öz əbıdi yuxusunda rahat yatsın.O bir də İsrafilin suru səslənəndə oyanacaq. Onda mən də onun torpaqdaşı olacağam. Allah bilir,nə zamandan sonra İsmillidəki məzarlarımızdan qalxıb bir yerdə kəpənəklər kimi Tanrının dərgahına uçacağıq… Bilmirəm, böyük məşhərdə adamlar bir-birini tanıyacaqmı? Milyon yaşlı aləmlər, adəmlər… adamlar… Rəbbin hüzuruna tələsəcək… Göy üzü ağ qanadlı kəpənəklərlə-ruhlarla, yaxud cisimlərlə dolu dərgaha gedən yola çevriləcək… Böyük bir yola..Tək yola.Ağ yola. Dünyada bundan başqa bir yol qalmayacaq, olmayacaq… Balaca dünya o zaman tamamlanacaq. Sözünü tamam edib sonsuzluğa yuvarlanacaq.
Amma mən Əbili tanıyırdım. Bilirdim ki, balaca canına hopdurduğu misilsiz düşüncə dalğası, böyük türklük sevdası, şahzadə ədaları, irfan işığı- narın vücuduna sirdaş qıldığı Mövlana, Nəsimi, Bəyazid Bistami ona inandırıb ki,aşiqlər ölməz. O da aşiq idi… Bakı Dövlət Universitetinin sufiməşrəb məzunu,Azərbaycan ordusunun müharibəyə lənət, türkün savaş ruhuna -Amin! söyləyən əsgəri, Şərqşünaslıq İnstitunun Əbil boyda bir mövlanəsi idi. Və təpədən-dırnağa kimi bir intellekt burulğanı idi… Hardasan Əbil? Səndən soruşduğuma Tanpınar cavab verir: Yıldızların altın bahçesindeyiz, Ebediyyetinlə geldik dizdizə.
Ulduzlarla dopdolu göyüzü… Ulduzların qızıl baxçası… Əbilin çox sevdiyi Tanpınar “Göylər yaxınlaşdı bizə”- deyir. Əbil də Göy Adamı olandan sonra göyləri mənə yaxınlaşdırdı … Göylərə baxıram.Göylərə gedən oradan qayıdarmı? …Yazıq yerüzü… Hamıdan balaca ola-ola özünü hamıdan böyük bilən yer… Bizə dağ çəkən yer… Əbili istəyirəm. Göylər onu mənə verərmi? Göstərərmi? Yox. Bir dəfə vermişdi. Alıb apardı. İkinci dəfə verməz.Əbil göylərin aşiqi idi. Göylər də onun bu sevgi dolu sirrindən agah olub onu özünə çəkdi. Sən əvvəllər hardaydln, Əbil? Ola bilməzdi ki,sən qəfil bu dünyaya gəlib, sonra Əbil olub,bir az böyüyüb Göy Tanrıdan, “Şahnamə”dən, Böyük Dəmirçidən,Tolstoydan yazıb, sonra bizi belə amansca tərk edib gedəydin. Sənin üzündə iki min illik tarixin iztirabı vardı…Təbəssümündə də o iztirab gizlənmişdi. Nə idi sənə əzab verən, Əbil? …Sən onda balacaydın, körpəydin. Mənim bu dünyada sevdiyim ən gözəl ətir sənin ətrin idi.İndi o ətirdən ötrü garıxıram, Əbil.Qeybindən qızılgül ətri gəlir .Qeybinin rayihəsində behişt havası var… Yazdıqların indi qeybin sədası kimi gəlir mənə. Ya da qeybdən əsən meh kimi: “Damardakı qan kimi burula-burula bir çay axır sehr dolu bir ölkədən. Zamanın özü qədər qədim olan bu çayın sahilində hələ də bir əfsanə anılmaqdadır- Züleyxanın Yusifə olan sevgi əfsanəsi…”
Sən də əfsanəsən artıq.. Nə yapdınsa, necə etdinsə,məni yeriyən, danışan, düşünən bir daşa çevirdin. Mənə tilsim vurub dünyanı dəyişdin. Səndən sonra mənim də dünyam dıyişdi, Əbil. Əlimdən nə gəlir, Əbil. Bəlkə dünyaya dünyanın tərs vaxtında gəlmişdin, ona görə iztirab nişanəsi qonmuşdu cöhrənə. Amma əmin ol, nə vaxt doğulsaydın,elə belə olacaqdın.İztirablı uşaq. Heç İsa Məsihin yaşına çatmadın. Əbil, sənin heç otuz yaşın olmadı… Amma mən otuz il bundan əvvılki günlərimi xatırlayıram. Elə bil dünən olmuşdu.Dünya necə də balacadır … Ömür necə də qısadır? İstər 80 il olsun, istər 25 il… Bütün hallarda dünyanın vaxt qismətindın bizim payımıza düşən illər azdlr, cox azdır. Burada bir göz qırpımıdır. Orada, Sənin indi olduğun aləmdı bəlkə bu bir göz qırpımı da yoxdur… Bəlkə sən orada, oranın öz gecələrində yatıb iyirmi beş illik, səksən illik bir ömür görürsən yuxularında. Səhərlər yenə ayılırsan. Yuxuda sənə tanış olmayan adamlar gördüyünü, kim bilir, bəlkə də bərxəzdəki Azərbaycan türklərinin içərisində hamıdan çox sevdiyin Nəsimiyə danışırsan. Gördüyün, amma sənə tanış olmayan o adamlardan biri də mənəm, Əbil. Məni unutma, Əbil.