Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Son illərdə yaxından tanıdığım, daim əyani və müasir texniki vasitələrlə ünsiyyətdə olduğum, ixtisasca mühəndis, eyni zamanda ədəbi-bədii ictimaiyyətə peşəkar jurnalist, publisist, şair, tədqiqatçı kimi yaxşı tanış olan Araz Yaquboğlunun 50 illik yubileyi ərəfəsində onun zəngin, çoxşaxəli yaradıcılıq məziyyətləri və insani keyfiyyətləri haqqında bir neçə söz demək istədim.
Türk dünyasına Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Dədə Ələsgər, Şair Məmmədhüseyn, Növrəs İman və b. kimi poetik dühalar bəxş etmiş, əsrlərlə qədim, zəngin tarixi olan Göyçə ədəbi məktəbinin bir çox tanınmış poeziya ocaqları mövcuddur ki, onların içərisində Daşkənd kəndində Həsən Xəyallı ocağı xüsusi yer tutur. Poetik gücünü sələflərindən götürən bu ocaq XX əsr Göyçə ədəbi mühitinin göstəricisi olaraq ədəbiyyatımıza onlarca istedadlı yazarlar yetişdirmişdir. Bu ocağın bünövrəsini qoymuş şair Həsən Xəyallı, onun istedadlı yazar övladları – Molla Əmirxan, Nəbi Həsənoğlu, Eldar Həsənli, xüsusilə ixtisasca riyaziyyatçı olan, ilhamlı qələmə, dərin poetik və publisistik yaradıcılığa malik, şifahi və yazılı ədəbiyyatımızı gözəl bilən görkəmli şair Sərraf Şiruyə, cavan yaşlarında dünyasını dəyişmiş, fitri istedad sahibi, şair Aqil İman Göyçə ədəbi irsinin, müasir milli ədəbiyyatımızın layiqli nümayəndələridir. Onların övladları, ədəbi varisləri bu gün uğurla yazıb-yaradan istedadlı şairlər – Aqşin Hacızadə, Qılman İman, Əli Məhərrəmov, haqqında bu yazını qələmə aldığım Araz Yaquboğlu və digər yazarlar bu nurlu ocağın qüdrətli davamçılarıdır.
Hər kəs həyatında müxtəlif xarakterli insanlarla rastlaşır, ünsiyyət qurur, yoldaşlıq edir. Onların arasında öz etibarı, vəfası, ali xüsusiyyətləri ilə seçilən üç, dörd, çox zaman ancaq bir nəfərlə dostluq əsl etalona çevrilər. Belə insanlar müqəddəsliyi, sədaqəti, fədakarlığı, qüdrəti, xoş rəftarı, təvazökarlığı, yüksək mədəniyyəti və s. ali keyfiyyətləri özündə cəm edər və əhatəsinə də təlqin etməyə müvəffəq olar. Araz Yaquboğlu kimi!
Araz Yaquboğlu yüksək mənəviyyatı, intellekti və mədəniyyəti olan əsl azərbaycanlıdır. O yorulmaq bilməyən çox zəhmətkeş, çalışqan, yaradıcı bir tədqiqatçıdır. Onun yaradıcılığı çoxşaxəlidir, həm folklorumuzu, klassik poeziyamızı, ədəbiyyatımızın tarixi şəxsiyyətlərinin yaradıcılığını tədqiq və təhlil edən, eyni zamanda innovativ sahədə uğurlar qazanan gözəl bir elm adamıdır, ziyalıdır. Daim öz işindən zövq alan, ancaq heç vaxt öyünməyən, həmişə öyrənməyə can atan təvazökar araşdırmaçıdır. Onun qələminin məhsulu oxunaqlı, mükəmməl, mövzu və məna baxımından geniş, dərin və zəngindir. Söylədiklərimi bir neçə misalla oxucuların nəzərinə çatdırmağa çalışacam.
Onun “Bütöv Azərbaycan” qəzetində dərc olunmuş “Analar anasını xatırlayarkən” yazısını insan ürəyinin dərin qatlarına təsir edən səmimi, nisgilli, nurlu, kədərli hisslərsiz oxumaq mümkün deyil. Bu yazını mən Göyçədə və Yeni Daşkənddə həyatın bütün gözəlliklərini və məşəqqətlərini görmüş, Vətən uğrunda şəhid və qəhrəman oğullar bəxş etmiş bir analar Anasının vəfatıyla bağlı Araz bəyin özünəməxsus istedadlı qələmiylə yazdığı tarixçəni “Qəriş xalanın hekayəti” adlandırardım. Onun Qəriş xala haqqında kədərli notlara köklənmiş bu fikirləri – “Daha mənim doğulduğum kənddə anamdan başqa kimim qaldı ki? Heç kimim. Heyif sizdən, ağsaqqallar, ağbirçəklər. Mən sizlə nəfəs alır, sizlə qürur duyur, sizə görə kəndə can atırdım” – insan qəlbini təlatümə salır, riqqətə gətirir. Araz Yaquboğlunun bu yazısı Göyçənin Daşkənd, Bərdənin Yeni Daşkənd əhalisinin, bütün insanlarının məhəbbətini və hörmətini qazanmış, hamının onu Qəriş ana, nənə, xala kimi çağırdığı Gülavatın Şükür qızı Məhərrəmova haqqında yazılmış bir essedir, vəfatının ağır təsirindən yaranmış, sevgi ilə xatirələrə bürünmüş rekviemdir. Araz bəy bu çox təsirli yazısında Molla Əmirxan–Qəriş ailəsinə mənsub olan “Qəriş xalanın çolpalı xəngəli”, “Əmirxan əminin qoç payı”ndan bəhs edən, onlara bənzər çoxsaylı mütəəssir olunacaq epizodlarda bu ailənin bütöv göyçəlilərə məxsus olan səxavətini və xeyirxah xasiyyətlərini açıb göstərə bilmişdir.
Araz Yaquboğlu Qəriş xalanın vəfatına həsr etdiyi yazısını bu sətirlərlə bitirir: “Dəfndən qayıdıb qapıya gələndən sonra gözlərim qarşısında sanki beş Qəriş xala gördüm. Onda dedim ki, bir daha Allah sənə rəhmət eləsin, Analar anası! Sən fani dünyanı tərk etsən də, yerində özün kimi beş ana qoyub getdin. Yerin cənnət olsun, Qəriş xala!” İstedadlı yazıçı-publisist qələmindən çıxmış bu hekayəti oxuyarkən mən Araz bəyin bu sözlərinə qoşularaq ona, mərhumun doğma və yaxınlarına, Yeni Daşkənd camaatına dərin hüznlə başsağlığı verir, Gülavatın Anaya – Qəriş xalaya Allahdan rəhmət diləyirəm!
Bu yaxınlarda Azərbaycanda olarkən Araz Yaquboğlunun bədii ifadə baxımından və tarix nöqteyi-nəzərdən maraqlı olan “Ömrün şəhidlik zirvəsi” adlı kitabını diqqətlə oxudum. Araz bəy əvəzolunmaz bir iş görüb. Kitab Göyçə mahalının Daşkəndli şəhidlərinə, ilk növbədə bu gün Bərdə rayonunda Yeni Daşkənd məktəbinin onun adını daşıyan qəhrəman şəhid Yasif Kərimova və məşhur el sərkərdəsi Daşkəndli Məşədi Qasımın xatirəsinə həsr olunub. Daşkəndin kitabda göstərilən qədər çoxsaylı şəhid verməsini təsəvvür etmirdim. Başqa müəlliflərin şəhidlərə həsr olunmuş səmimi, həqiqi ürək ağrısıyla qələmə aldıqları şeir və özgə səpkili yazılarının da kitaba salınması, real faktlara əsaslanan məlumat və hekayətlər onun əhəmiyyətini bir qədər də artırıb. Kitabın müəllifi tək adi bir kənd tarixinə yox, Göyçə mahalı, Qərbi Azərbaycan salnaməsinə dəyərli, minnətdarlıq hissi doğuran töhfə verib.
Yeri gəlmişkən, Azərbaycan radiosu kitaba xüsusi maraq göstərərək, onun əsasında uğurlu veriliş hazırlayıb və efirə buraxıb.
Bu il Göyçənin Daşkənd kəndinin insanlarının mənfur qonşular tərəfindən deportasiyasından 70 il ötür. Bildiyiniz kimi, illər boyu havadarlarının himayəsi altında “dənizdən-dənizə” siyasəti ilə sayıqlayan mənfur qonşularımız tərəfindən Qərbi Azərbaycanın başqa bölgələrində olduğu kimi bir neçə dəfə Göyçə camaatı da deportasiyaya məruz qalmışdır. 70 il əvvəl Göyçəsindən didərgin salınmış Daşkəndin 130 ailəsi Qarabağın Bərdəsində çöl-biyabanda 7 çinar ağacı ətrafında məskunlaşaraq, öz ağır zəhməti, səyi, fədakarlığı, əzm və iradəsi ilə öz orta məktəbinə, dövlət və sosial strukturlarına malik olan bu gün şahidi olduğumuz öz Göyçəsoylu adını daşıyan artıq 750 ailədən ibarət, 2768 nəfər əhalini birləşdirən gözəl məkan, kənd qura, yarada bilmişlər. Qərbi Azərbaycan torpaqlarının, o cümlədən Göyçənin zəngin tarixi-mədəni irsinin öyrənilməsi, təbliğ olunması, onların təbiətini, adət-ənənələrini, milli-mədəni dəyərlərini, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını tədqiq etmək, gələcək nəsillərə çatdırmaq xüsusi əhəmiyyət kəsb edir və bu sahədə alimlərimiz, yaradıcı insanlarımız qarşısında mühüm vəzifələr qoyur. Bu zəmində Araz Yaquboğlunun Daşkəndin tarixi salnaməsini yaratmaq əzmində gördüyü böyük məna daşıyan çoxsaylı işləri, ilk növbədə bu mövzudan – 2023-cü ildə əsasının qoyulmasının, deportasiya olunmasının 70 ili tamam olan Yeni Daşkənd kəndinin tarixindən, əhalisindən, o cümlədən tanınmış ziyalılarından, qəhrəman övladlarından, qələm sahiblərindən bəhs edən irihəcmli (480 səh.) “Daşkənddən Yeni Daşkəndə” kitabı bir örnək kimi xüsusi minnətdarlıqla qeyd olunmalıdır.
Araz Yaquboğlu daim televiziya və radio verilişlərinin qonağı olmaqla, öz dəyərli araşdırmalarını tamaşaçılar və dinləyicilər ilə bölüşür. Onun Dünya TV-də “Ozan dünyası” verilişində Şair Məmmədhüseyn, İctimai TV-də “Ozan məclisi” verilişində Aşıq Nuriddin, 105 FM Radioda “El havası” verilişində məşhur zurnaçı Zamaxan Qəhrəmanov, “Vətən yaşasın” verilişində Yeni Daşkəndli şəhid Ziyafət Balıyev, “Yurd yeri” verilişində Göyçə aşıqları haqqında, “O kənd bizim kəndimizdi” verilişinin Daşkəndə həsr olunmuş üç sayında söylədiyi fikirlər, etdiyi dəyərli təkliflər və tövsiyələr olduqca önəmlidir. Onun uzun illər boyu apardığı araşdırmalar, tədqiqatlar əsasında tariximizi özümüzə qaytaran maraqlı faktların, məlumatların, toponimlərin, verilişlərdə müzakirə olunan insanların həyatından bəhs edən naməlum faktların üzə çıxarılması, yer-yurd yerlərinin coğrafiyasının, təbiətinin, ayrı-ayrı hadisələrin xatirələrinin geniş oxucu, seyrçi və dinləyici kütləsinin nəzərinə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Burada adı çəkilən “Yurd yeri” verilişinə mən böyük maraq hissilə qulaq asdım. Veriliş Göyçə ədəbi mühitinə, İnternetin, xüsusilə Vikipediyanın Qərbi Azərbaycanın toponimlərini, yer, yurd adlarının tarixi faktlarla araşdırması işində əhəmiyyətinə həsr olunmuşdu. Verilişə dəvət olunmuş Araz Yaquboğlu söhbətin mövzusunu dərindən bilmək bacarığı və yüksək professionallığı ilə Göyçə ədəbi tarixinin müəyyən örtülü məqamlarını faktlarla, ustalıqla açıqlamağa nail oldu. O Miskin Abdal, Şair Məmmədhüseyn, Aşıq Hacı Bayramov yaradıcılığından maraqlı, cəlbedici söhbətlər apardı. Bu verilişdə mən sanki yenə Göyçəyə gedib qayıtdım. Hətta aşıq musiqisinin pərəstişkarı olmağıma baxmayaraq, mən “Heydəri” aşıq havasının nə cür səsləndiyinə bu verilişdə qulaq asdım.
Araz Yaquboğlu eyni zamanda çoxsaylı şeirlər müəllifidir. O, öz şeirlərini “Ədəbi İrəvan” almanaxında, “Ekspress”, “Bütöv Azərbaycan” və digər qəzetlərdə, dərgilərdə dərc etdirmişdir. Bu şeirlərdə səmimilik, lirika, poetik fikirlər diqqəti cəlb edir.
Göyçə həsrəti Araz bəyin misralarında kədərli, nisgilli notlarla səslənir:
Ayrı düşüb saz mağardan,
Zurna səsi gələr hardan?
O, tər güllü yaylaqlardan,
Çiçək üzə bilmirəm mən.
Araz çəkər möhnətini,
Dilə salar söhbətini.
Yozum sənin həsrətini,
Hansı sözə, bilmirəm mən.
Şair, qəlbinə çox yaxın olan Molla Əmirxanı bu cür təsvir edir:
Hazır bir kitabdı, aç varaq-varaq,
Neçə qərinədən verəcək soraq.
Uzaqdan vüqarlı görünən bir dağ,
Alınmaz qalaydı Molla Əmirxan.
Əmisi şair Sərraf Şiruyəyə zəmanədən belə şikayətlənir:
Gözüm, könlüm olsa da tox,
Sevincim az, kədərim çox.
Nə adətdi, kef-damaq yox –
Yadda qalan pis gün olur.
Çox gənc ikən dünyasını dəyişmiş istedadlı şair Aqil İmanla bağlı kədərini bu sətirlərlə ifadə edir:
Sənsiz ürəklər üzgündü,
Neçə baхışlar süzgündü.
Qəlblər fələkdən küskündü,
İncə qananım, hardasan?
Rəqiyə nənəsini şair aşağıdakı səmimi misralarla yada salır:
Qəlbimin aynasıydı,
Anamın anasıydı.
Babamın parasıydı
Mənim Rəqiyə nənəm.
Sevindirici haldır ki, Araz bəy şeirlərində ona dogma, yaxın, yaxşı tanış olan mövzuların poetik təsvirini verməyə çalışır.
Araz Yaquboğlunun böyük məna kəsb edən elmi axtarışları xüsusi qeyd olunmalıdır. Onun “Filologiya məsələləri”, “Yeni nəsil Azərbaycan aşıqları–II” toplularında, “Elmi axtarışlar”, “Ozan dünyası”, “Xəzan” jurnallarında “Aşıq Abbasəli Nəzərov”, “Aşıq Əli Şairov”, “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Aşıq Orucun sazlı-sözlü dünyası”, “Dərdli Cavada cavab”, “El şairi Muxayıl Göyçəli”, “Hər sözü dillərdə bal olan şair”, “El şairi Qəmgin Fəzi” və s. adlı məqalələrdə haqlarında heç bir araşdırma, tədqiqat aparılmamış aşıqların, şairlərin həyat və yaradıcılığı tədqiq edilmiş, onlar haqqında olan səthi və yanlış məlumatlara əsaslı şəkildə, ciddi mənbələrlə aydınlıq gətirilmişdir. Zənnimcə, bu elmi məqalələr aşıq poeziyasının, el şairlərinin yaradıcılığının tədqiqi baxımından ədəbiyyatşünaslıqda özünəməxsus yer tutur.
Araz bəyin İkinci Dünya müharibəsində iştirak etmiş Göyçə aşıqlarının həyat və yaradıcılığına həsr olunmuş məqalələri də təqdirəlayiqdir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Araz Yaquboğlu Göyçənin 5 kəndinin – Daşkənd, Qoşabulaq, Nərimanlı, Kəsəmən, Bala Məzrə kəndlərinin Böyük Vətən müharibəsində həlak olan və itkin düşən sakinlərinin taleyini diqqət və həssaslıqla araşdırmış, onların nəticələrini “Azərbaycan Respublikası Xatirə Kitabı”nın müxtəlif cildlərində nəşr etdirmişdir. Onun uzun illər boyu nəsil şəcərələri ilə bağlı apardığı araşdırma işləri nəticəsində “Daşkənddən Yeni Daşkəndə” kitabında 52 nəsil şəcərəsi işıq üzü görmüşdür.
Araz Yaquboğlunun Azərbaycan dilində olan Vikipediyanın, Vikikitabın, Vikisitatın və Vikimənbənin idarəçisi qismində ölkəmizin tarixinin, milli-mədəni dəyərlərinin, coğrafiyasının, təbii gözəlliklərinin, görkəmli şəxsiyyətlərinin, yaddan çıxmış, naməlum həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gördüyü bənzərsiz işləri minnətdarlığa layiq olmaqla xüsusi qeyd edilməlidir. 2023-cü ilə olan məlumata görə, Araz müəllim Azərbaycanca Vikipediyada 7000-dən çox səhifənin yaradıcısı, ümumi Vikimedia layihələrində isə 440 000-dən çox redaktəyə sahibdir. Hal-hazırda, o Azərbaycanca Vikipediyada 270 000 redaktə ilə birinci sıradadır.
Araz müəllim 2021-ci ildən Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar 2020-ci ildə yaradılmış 150 nəfərdən çox poeziya, saz-söz sənəti sevdalılarını birləşdirən “Dədə Ələsgər 200”, yubiley ilindən sonra isə “Dədə Ələsgər Ədəbi Məclisi”nə çevrilmiş vatsap qruplarının moderatoru, admini kimi hər gün yorulmadan uğurla fəaliyyət göstərir. Bu qruplarda Aşıq Ələsgər yaradıcılığının və bütövlükdə Dədə Qorquddan başlayaraq bu günə qədər folklorumuzun, aşıq poeziyasının məşhur və az tanınan simalarının həyat və yaradıcılığının öyrənilməsi, təhlil və tədqiqi, müzakirəsi işinin təşkilatçısı kimi onun aparıcı rolunu xüsusi qeyd etmək istərdim.
Yaşadığımız əsrin iti sürəti, informasiya və texnologiya axınının gücü Araz Yaquboğlunun yaradıcılıq və fəaliyyətində öz əksini göstərir. Bir Vikipediya idarəçisi kimi onun verdiyi töhfələr bir örnəkdir. Gördüyü təmənnasız işlər, onun necə bir şərəfli insan, qeyrətli vətəndaş olmağından xəbər verir. Həyatda hər kəs doğulub boya-başa çatdığı yurd-yuvasını, şəhərini-kəndini, onun təbiətini, havasını-suyunu, insanlarını çox sevir, onun bir qarışını belə qürbətin zənginliyinə dəyişməyə təhəmmül etmir. Əslən Göyçə mahalının, zəngin ədəbi mühiti, ədəbi şəxsiyyətləri ilə seçilən Daşkənd kəndindən olan Araz müəllim Bərdə rayonunun Yeni Daşkəndində tanınmış mühəndis Yaqub Hacıyevin ailəsində dünyaya göz açmışdır. Hələ uşaqkən Göyçəyə iki-üç dəfə qonaq kimi gedib gəlmişdir. Lakin bu qısa səfərlərdə o, bu doğma diyarın hər cığırını-yolunu, çayını-bulaqlarını, dağını-qayasını, saz-söz adamlarını xüsusi istedadla yaddaşına həkk etmişdir. Gələcək araşdırma – tədqiqatçılığın təməli də məhz bu dövrlərdən başlamışdır. Sonralar, o, qürbətdə qalan Göyçəmizin görünən tərəfi kimi, çox təəssübkeşliklə, təbii olaraq, bu mahalın tarixi şəxsiyyətləri, saz-söz adamları haqqında məqalələr yazmış, çıxışlar etmiş, kitablar çap etdirmişdir.
Araz Yaquboğlu bir çox istedada malik olan ziyalılarımızdandır. 10-cu sinifdə oxuyarkən Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuş, respublika olimpiadasında iştirak etmək hüququ qazanmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, onun “Sənaye və mülki tikinti” ixtisasını əla qiymətlərlə bitirmişdir.
O, hələ tələbə ikən universitet üzrə keçirilən “Materiallar müqaviməti” fənni üzrə olimpiadada I yeri tutmuş, haqqında “İnşaatçı kadrlar uğrunda” qəzetində “Nümunəvi tələbə” başlıqlı məqalə dərc olunmuşdur. Qeyd etmək yerinə düşərdi ki, Texniki Universitetlərdə “Materiallar müqaviməti” fənni ən çətin fənlərdən biri hesab olunur. Buna görə Araz bəyin bu fənn üzrə l yer qazanması nailiyyəti yüksək dəyərə malikdir!
Araz Yaquboğlu çox məhsuldar yazardır. “Elin yaddaşında yaşayan ömür” (2006), “Bir kökün budaqları” (2006), “Daşkənd aşıqları və şairləri” (2008), “Tələbə dünyası” (2011), “Ömrün şəhidlik zirvəsi” (2012), “Bitməyən ömür” (2013), “Elin Şiruyəsi, sözün sərrafı” (2016), “Daşkənddən Yeni Daşkəndə” (2023) və “Sazın-sözün sorağında” (2023) adlı kitabların müəllifi, onlarla kitabın redaktorudur.
Qəzet və jurnal səhifələrində, internet resurslarında mütəmadi olaraq maraqlı elmi, publisistik, araşdırma, xatirə yazılarına, o cümlədən tədqiqatı aparılmamış çoxsaylı aşıq və el şairlərinin həyat və yaradıcılığı haqqında xüsusi əhəmiyyət kəsb edən məqalələrinə görə Araz Yaquboğlu Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü seçilmişdir. O, “Laçın yurdu” jurnalında baş redaktorun müavini, “Dədə Ələsgər ocağı” İctimai Birliyi idarə heyətinin üzvü, “Dədə Ələsgər Ədəbi Məclisi”nin adminidir. Aşıq Ələsgər veb-saytının fəal yaradıcılarındandır.
Zəngin və maraqlı yaradıcılığına, faydalı ictimai fəaliyyətinə görə Araz Yaquboğlu “Qızıl qələm” media mükafatı, “Laçın” döş nişanı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Fəxri fərmanı və “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Araz müəllim eyni zamanda nümunəvi, qayğıkeş ailə başçısıdır. Bir oğlu, bir qızı var. Oğlu Təhmasib Azərbaycan Dövlət İqtisad Universitetini və onun magistraturasını, qızı Firuzə isə Bakı Dövlət Universitetini və onun magistraturasını fərqlənmə diplomları ilə bitirmişlər. Maraqlı bir haşiyə. Bir neçə il qabaq Vikipediyada cəlbedici bir hal baş vermişdi.
Belə ki, Vikipediyada keçirilən “Mövzulu ay”da (“Olimpiya oyunları ayı”) ilk üçlüyü bir ailənin üzvləri tutmuşdular. Diqqət çəkən hal isə bu olmuşdur ki, Azərbaycanca Vikipediyanın 13 idarəçisindən biri olan Araz Yaquboğlunu Vikipediya istifadəçiləri olan oğlu və qızı qabaqlayaraq 1-ci və 2-ci yerləri bölüşmüşdülər (Vikipediyada idarəçi statusu, istifadəçi statusundan yuxarı pillədir). Ataya isə 3-cü yer nəsib olmuşdu. Əminliklə deyərdim, Araz Yaquboğlunun ailəsi “Vikipediyaçılar ailəsi” hesab edilə bilər. Araz bəyin övladlarından əlavə kiçik qardaşı Elməddin Hacıyev də fəal Vikipediya istifadəçilərindən biridir.
Araz Yaquboğlu yaradıcı şəxsdir, onu bu gördüyü yaradıcı işlərə nə məcbur edən var, nə də sifarişlə yazandır. O sərbəst düşüncəli jurnalist, əvəzsiz tədqiqatları və araşdırmaları ilə mənəvi dəyərlərimizə çoxsaylı töhfələr verən, milli Vikipediyamızın zənginləşməsində xüsusi xidmətləri olan, geniş dünyagörüşlü, prinsipial, ətrafda baş verən proseslərə özünəməxsus fikri olan ziyalılarımızdandır. Araz müəllim qayğıkeş ailə başçısı, yüksək daxili mədəniyyətə, dəyərli insani keyfiyyətlərə, kövrək, olduqca xeyirxah ürəyə malik, mənəvi dünyası ruhuma çox yaxın olan gözəl, bənzərsiz insandır! Onun içindəki “MƏN”, vicdanının səsinin, düşüncələrinin, ruhunun təsiri, diktəsiylə qələmə sarılaraq gerçəkləşir. Bu şərəfli, yaradıcı yolda bizlər – dostları və həmkarları, çox yaradıb, az danışan, səmimi, təvazökar və alicənab, sözündə, amalında və əməlində məsuliyyətli, dürüst, daim axtarışda olan, nəcib, yaradıcı insan Araz Yaquboğlunu 50 illik yubileyi münasibətilə təbrik edir, doğma və yaxınlarının, onu sevən dostlarının əhatəsində ona möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirik!
Bu gün gözəl insan, əsl ziyalı, el-obasına bağlı, Yurdunu sevən, təəssübkeş araşdırmaçı – yazar Araz Yaquboğlunun doğum günüdür! Şad günü münasibətilə onu təbrik, edir yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!
Şərqdə ilk diplomat qadın, görkəmli dövlət xadimi.
Tarixşünaslığımıza Saray Xatun kimi daxil olan bu diplomat qadının adı əsərini Uzun Həsənə ithaf etmiş olan Ağqoyunlu tarixçisi Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsərində Saray Xatun kimi göstərildiyini nəzərə alaraq, biz də bu adı dövrün qaynağında verildiyi kimi saxlamağı məqsədəuyğun hesab etdik. Türk tarixçisi Faruk Sümerin yazdığı kimi Saray adı türklər arasında qadınlara verilirdi. Beləki, Əmir Teymurun mötəbər xanımlarından birinin adı Saray Mülk xanım, Qaraqoyunlu İsgəndərin qızlarından birinin də adı Şah Saray olmuşdu. Azərbaycanın XV yüzillikdə yaşamış görkəmli dövlət xadimi Saray Xatun diplomatiya tariximizdə mühüm yer tutan nadir şəxsiyyətlərdəndir. Azərbaycanın və bütün Şərqin zəngin dövlətçilik ənənələri və yaşadığı dövrün beynəlxalq münasibətləri ilə, o cümlədən xristian dünyasında baş verən hadisələrlə dərindən tanış olan Saray Xatun son dərəcə tədbirli siyasi xadim kimi tanınmışdır. Ağqoyunlu sarayında seçilən, sayılan, sözü tutulan dövlət adamı, dövrün ziyalı şəxsiyyətlərindən biri idi.
Dövrün qaynaqlarında Saray Xatunun doğum və ölüm tarixi ilə bağlı mühüm məlumata rast gəlinməsə də, onun XV yüzilliyin 70-ci illərinin ortalarında həyatda olduğu və Azərbaycan Ağqoyunlu dövlətinin xarici siyasətində yaxından iştirak edərək özünün ağbirçək məsləhətləri ilə həlledici rol oynadığını dövrün qaynaqları təsdiq edir. Saray Xatun Uzun Həsənin babası Qara Osmanın qardaşı Pirəli bəyin qızı olmuşdu. Faruk Sümer yazır ki, əri Əli bəy nə qədər zavallı bir şəxsiyyət idisə, Saray Xatun da, o dərəcədə ağıllı, bacarıqlı və çox gözəl, səlis danışıq qabiliyyəti olan bir Xatun olmuşdu. Hətta o, Əli bəyin sağlığında belə, bir müddət Xarput şəhərini idarə etmişdi. Cahangir Mirzə ilə Uzun Həsənin bu dəyərli anasının Xarputda tikdirdiyi məscid zəmanəmizə qədər gəlib çatmışdır.İlk mənbələrdə Saray Xatunun sonralar da bir çox xarici ölkə diplomatları və hökmdarları ilə danışıqlar aparması barədə maraqlı məlumatlar vardır. Uzun Həsən 1465-ci ildə Gərgər qalasını kürdlərdən alaraq açarlarını Misir Məmlük sultanı Xoşqədəmə göndərmiş və əvəzində ondan Xarput şəhərilə yanaşı, 10 min dinar təzminat istəmişdi. Sultan Xoşqədəm osmanlılara qarşı önəmli bir müttəfiqi olan Ağqoyunlu dövlətini itirməmək üçün bu təklifi istəmədiyi halda olsa da belə, qəbul etməli olmuşdu. Uzun Həsənin Xarput şəhərini ələ keçirərək Malatya və Əlbistanı mühasirəyə alması Misir Məmlük sultanını narahat etsə də, osmanlıların Zülqədər torpaqlarına hücumlarının başlanması nəticəsində o, Uzun Həsənlə əlaqələrini gücləndirmək məcburiyyətində qaldı. Belə bir vəziyyətdə, Əbubəkr Tehraninin yazdığına görə, Saray Xatun 1466-cı ilin əvvəlində Qahirəyə gedərək ağqoyunlularla məmlüklər arasındakı münasibətləri möhkəmləndirmək və tərəflər arasında yaranmış olan anlaşılmazlığı aradan qaldırmaq üçün özünün bütün diplomatik bacarığından istifadə edərək Sultan Xoşqədəmlə danışıqlar aparmışdı.Bu məlumatlar bir daha təsdiq edir ki, Şərqin ilk diplomat qadını olan Saray Xatunun fəaliyyəti Azərbaycanın diplomatiya tarixində özünəməxsus yer tutur. Hər hansı bir xalqın diplomatiya tarixi, hər şeydən əvvəl həmin xalqın dövlət ənənələri tarixidir, onun siyasi varlıq tarixidir, müstəqillik tarixidir. Bu baxımdan, Saray Xatunun bir dövlət xadimi və diplomat kimi həyat yolu xalqımızın diplomatiya tarixinə şanlı səhifələr yazmış tarixi şəxsiyyətlərimizdən biri kimi tarixdə öz yerini əbədi olaraq yaşadacaqdır.
Mənbə və ədəbiyyat
Sümer F. Az tanınmış böyük türk hükümdarı Uzun Hasan bey.// Türk Dünyası Tarih Dergisi, Ankara, 1988, sayı 19, s. 14-20
Mahmudlu Y.M. Sara Xatun. // Azərbaycan diplomatiyası, Bakı, 1993, s. 48-50
Sümer F. Ak-Koyunlular. // Türk Dünyası Araştırmaları, sayı 40, İstanbul, 1986, s.1-38.
Tehrani Ə. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə, ön söz, şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova. Bakı, 1998
Mahmudov Y.M. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Bakı, 1986
John E Woods. Akkoyunlular: Aşiret, Konfederasyon, İmparatorluk. 300 Yıllık Türk İmparatorluğu. Türkçeye çeviren Sibel Özbudun, İstanbul, 1993
Yınanç M.H. Cihan-Şah. // İslam Ansiklopedisi, c. III, İstanbul, 1943, s.173-189
YAZARLAR.AZ avtomatoik “Google” axtaş sisteminin nəticələrinə əsasən Azərbaycanın internet üzərindən ən çox oxunan yazarlarının siyahısını təqdim edir. İlk onluqda, Anar, Çingiz Abdullayev, Hüseyn Cavid (ruhu şad olsun), Gülhüseyn Hüseynoğlu(ruhu şad olsun), Hüseyn Abbaszadə(ruhu şad olsun), Kamal Abdulla, Afaq Məsud, Akif Abbasov, Zaur Ustac və Zaur Qəriboğlu kimi yazarlarımız Yurdumuzu bu sərhədsiz məkanda uğurla təmsil edirlər.
Qeyd:
İstənilən şəxs “Google” axtaş sistemində AZƏRBAYCAN YAZARLARI yazıb axtarş etməklə nəticələri yoxlaya bilər.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Aşura mərasimini daim vəhdət şəklində qeyd edən Azərbaycan
– “Bəhlul əfəndi Zəngəzurun sünni kəndlərini gəzib insanları İmam Hüseynə matəm saxlamağa çağırırdı.”
Hər il hüzünlü məhərrəm ayı daxil olan kimi müəyyən şəxs və qruplar Azərbaycan xalqının ünvanına standart ittihamlar səsləndirməyə başlayırlar. O cümlədən belə bir iddia da irəli sürürlər ki, guya Aşura mərasimi yalnız konkret bir məzhəbə aiddir.
Bu fikrin kökündən yanlış olduğu hər bir bilikli və gözüaçıq azərbaycanlıya gün kimi aydındır. Bugün də Azərbaycanda keçirilən Aşura ayinlərində hər iki məzhəbdən olan vətəndaşlar iştirak edirlər. Onu da vurğulamalıyıq ki, bu, tarixən belə olub.
Azərbaycan xalqının dini və milli dəyərlərə bağlılığını, tolerantlığını, böyük dövlətçilik tarixinə malik bir millət kimi cılız hisslərdən və davranış tərzindən uzaq olduğunu göstərən çoxlu misal çəkə bilərik. Bu gün onlardan biri üzərində dayanacağıq.
1920-ci il aprelin 28-də Rusiya Azərbaycanı yenidən işğal etdi. Amansız repressiya dalğaları, qırmızı terror, talanlar ölkəni bürüdü. Minlərlə ziyalı, din xadimi, hərbçi, sadə şəhərli və kəndli sorğu-sualsız güllələndi, qaranlıq və soyuq zindanlara atıldı.
Belə bir ağır və ümidsiz vəziyyətdə Azərbaycanın vətənpərvər və cəsur övladları yadellilərə qarşı silahlı mübarizəyə qalxdılar. Onlardan biri də 1869-cu ildə indiki Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş Bəhlul əfəndi Mustafa əfəndi oğlu Əfəndiyev idi.
Bəhlul Behçət əfəndi nüfuzlu ruhani, gözəl folklorşünas, istedadlı tarixçi və yazıçı olmuşdur. Cümhuriyyət dövründə o, Zəngəzur qəzasının qazisi vəzifəsində çalışmışdı. Bəhlul əfəndi dini təhsilini Osmanlı imperiyasında almışdı. O, İslamın əhli-sünnə yoluna etiqad edirdi.
Bəhlul əfəndi haqqında ən maraqlı məlumatı onunla mübarizə aparmış bolşevik Nəzər Heydərov (1896-1968) özünün «В горах Зангезура» adlı əsərinin 165–188-ci səhifələrində vermişdir:
“1921-ci ilin sonlarından etibarən özü də sünni olan Bəhlul əfəndi Zəngəzurun sünni kəndlərini gəzib insanları İmam Hüseynə matəm saxlamağa çağırırdı. O, deyirdi: Kim məhərrəm ayında Kərbəla şəhidləri üçün göz yaşı axıdacaqsa, həmin şəxsin son məkanı yəqin ki, Cənnət olacaq. Çünki Məşhər günü onun üçün şəfaəti İmam özü istəyəcək.
Bəhlul əfəndinin dəvəti Qubadlının sünni kəndlərində qəbul edildi. 1922-ci ilin payızında bu kəndlərin hamısında hər gün əzadarlıq mərasimləri keçirilir, kəndlilər sinə vurub mərsiyələr deyirdilər.
Aşura günü sünni azərbaycanlılar iki cərgədə düzülmüşdülər. Birinci cərgə addımlayaraq Şah Hüseyn, ikinci cərgə isə Vay Hüseyn deyirdi. Sonra birinci cərgə uca səslə Heydər, ikinci cərgə isə Səftər adlarını çəkdi. Ardınca birinci cərgədəki sünnilər başlarına xəncər və qılınclarla zərbələr endirdilər. Sonra şəbih mərasimi başlandı.
Zəngəzur qəzasının Dağ-Tumas, Sirik, Qazanzəmi, Maşanlı, Xanlıq, Çay-Tumas, Əfəndilər kəndlərinin əhalisi Bəhlul əfəndinin ətrafında birləşmişdi. 1922-ci il oktayabrın 18-də Bəhlul əfəndi bu kəndlərdən olan mücahidlərin qarşısında çıxış etdi.
O, müraciətini kəlmeyi-şəhadət formulunu ifadə etməklə bitirdi: Əşhədu ən lə iləhə illəllah, əşhədu ənnə Muhəmmədən Rəsul Allah, əşhədu ənna Əliyyən vəliyullah. Döyüşçülər bu sözləri Bəhlul Əfəndinin ardınca təkrar etdilər”.
Zəhgəzurun sünni kəndlərinin sovet hökumətinə qarşı silahlı üsyanı belə başlandı. Üsyançılar qəzanın mərkəzini ələ keçirib xainləri cəzalandırdılar. Lakin qüvvələr qeyri-bərabər idi. Bolşeviklər özlərinin erməni dostlarını köməyə çağırdılar. Bir neçə gündən sonra üsyançıların üstünə rus ordusunun hissələri də göndərildi.
Rusların, ermənilərin və yerli manqurtların silah-sursat və canlı qüvvə baxımından böyük üstünlüyə malik birləşmələrinə inadlı müqavimət göstərən üsyançılar geri çəkilməyə məcbur oldular. Döyüşlərdən birində mücahidlərin hərbi komandiri igid Təhməz ağır yaralandı.
Satqınlardan biri Təhməzin artıq şəhid olduğunu güman edərək ona yaxınlaşdı və qəhrəman döyüşçünü təpikləyib təhqir etmək istədi. Təhməz son nəfəsində özünü toparlayıb bu yaramazı Cəhənnəmə vasil etdi.
Bolşeviklərlə mücahidlər arasında son şiddətli döyüş Maşanlı və Qazanzəmi kəndləri ətrafında oldu və bir neçə saat davam etdi. Yüksəkliklər düşmənin əlinə keçdikdən sonra üsyançılar İran sərhədinə doğru geri çəkilməyə başladılar.
Qırmızıların mühasirəsini yaran azərbaycanlılar başda Bəhlul əfəndi olmaqla İran ərazisinə daxil oldular. Lakin vətən həsrəti çəkən Bəhlul əfəndi 1923-cü ilin payızında Qubadlıya qayıtdı. Bolşeviklər bundan xəbər tutan kimi onu həbs etdilər.
10 il dustaq həyatı yaşadıqdan sonra azadlığa çıxan Bəhlul əfəndi 3 il “Azərnəşr”də, ardınca isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda çalışdı. 1937-ci ilin avqustunda o, yenidən həbs olundu. 1938-ci il martın 15-də saxta ittihamlar əsasında güllələndi.
20 il sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə Bəhlul əfəndi Behçətə bəraət verildi.
Allah Bəhlul əfəndiyə və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir insana rəhmət eləsin.
EŞQ KANIYAM MƏN Məcnunam, səhrada eşqə bəzəyəm, Təşnələr yatıran dolu kuzəyəm, Ondan ətirliyəm, ondan təzəyəm, Sevdiyim çiçəyin məkanıyam mən. * * * Könüldən kövrəyəm, qəlbdən naziyəm, Yada dəlisovam, həm də asiyəm, Andıma sadiqəm, eşqdə qaziyəm, Sevdiyim çiçəyin tikanıyam mən. * * * Butası çırtlayan bağam, alanam, Xudmani baxçayam, kiçik dalanam, Özüm həm satanam, həm də alanam, Sevdiyim çiçəyin dükanıyam mən. * * * Sevdanı səhraya Məcnun gətirib, Qəribə, Kərəmə vəhylə ötürüb. Cavanlar sevməyi məndən götürüb, Məhəbbət kanıyam, eşq kanıyam mən. 24. 07. 2023.
QƏZƏB TALAYIR Elə bir ruhdayam, elə təbdəyəm, Qəlbimin başını qisas yalayır. Vuruşu, savaşı, qanı hiss edən, İçimdə hayqıran qurdlar ulayır! * * * Girmiş torpağıma məramı bədlər, Qazdırır səngərlər, tikdirir sədlər, Zatıqırıqlara verincə vədlər, Təxribat törədir, nifaq sulayır. * * * Gətirib yurduma murdar, haramı, Bilmirəm qoruyur mənim haramı? İki əsrdir ki, basır yaramı, Axıdır, torpağım qana bulayır! * * * Guya ki, oxşardı, dini, soyları, Guya ki, yazıqdı bacı tayları, Qucaqda gətirib yaban “hay”ları, Qarabağda qara bağa calayır. * * * Otuz il gözləyən qocaman səbrin, Tutulsun kəfəni, qazılsın qəbri, Əsəblər tarımda, çəkəmmir cəbri, İntiqam mizrabı qisas qalayır! * * * Sevib bayrağımı, bir Allahımı, Piyada önünə atmam Şahımı, Canımı, cismimi, azad ruhumu, Kin, nifrət yandırır, qəzəb talayır! 19. 07. 2023.
ƏTA EDƏ Qapanıbdı dörd divara, Könül düşkün, ruh avara, Bircə çimdik sevinc üçün, Kim sulaya, kim suvara? * * * Məhkumluğun çatı ola, Azadlığın atı ola, Mahmızlayıb yetişəsən, Göyün yeddi qatı ola. * * * Ola ayın günü otuz, Bir yan baxça, bir yan hovuz, Unudasan dərdi, qəmi, Sevinəsən ulduz- ulduz! * * * Buludunu fata edə, Məhəbbəti buta edə, Tanrım ulu sevgisiylə, Əbədiyyət əta edə! 14. 07. 2023.
ÜRƏKDƏSƏN SƏN Sevdiyim ürəyin, sevdiyim qəlbin, Bəyənmək nə demək, ölürəm gülüm. Sevdiyim ilhamın, sevdiyim təbin, Bu eşqdən yaranmış, bilirəm gülüm. * * * Məhəbbət, sədaqət mayəsi Qeybin, Mən onu səninlə bölürəm, gülüm. İzdivac göylərdə kəsilən kəbin, Nə vaxtdır səninlə gəlirəm, gülüm. * * * Bəyənmək azdırsa, sevmək çox deyil, Sevgidən, sevdadan yüksəkdəsən sən. Goruslu qırağa salmazki mey( i)l, Əzəldən ruhunda, ürəkdəsən sən. 13. 07. 2022.
RUHUMUZ SƏNƏ ƏMANƏT İndi cismimizi zaman, Zamanı cismimiz qucaqlayıb. Necə də gözəldi bu ağuş, Sevinciylə, kədəriylə, Ruhumuz göylərdə… Qol- boyunuq, Yol gedirik, Yazısıyla, qədəriylə. Bəzən xoşbəxt, Bəzən bədbəxt, Yuxusuz gecəsi, Nurlu səhəriylə. Bir gün torpaq qucaqlayacaq, Ruhumuz göylərdən enməsin, Tanrım! Cismimiz torpaq, Ruhumuz zaman olsun! Xatırlansın zaman- zaman. Biz səndən bir şey ummadıq, Sənə şərik sanmadıq, Yaradılanıq, danmadıq, Çoxumuz röyadan oyanmadıq… Ruhumuz sənə əmanət, Tanrım! 12. 07. 2023.
HƏZİNLİK GƏLSİN Gecələr götürüb ayın nurunu, Silibdi günəşin üzdən ləkəsin. Gecənin günəşlə yoxdur sorunu, Günəş də gündüzə tökür hikkəsin! * * * Töyşüyür budaqda saralan yarpaq, Saplağı boynunda kəndir kimidi. Çırpınır küləklə burulan yarpaq, Atəşdən torpaq da təndir kimidi. * * * Hanı bu səmanın buludu hanı? Yetişsin geyinib qara çuxasın. Qovruldu çəmənin, çiçəyin canı, Açsın köynəyinin dolu yaxasın! * * * Yayılsın ətrafa torpağın ətri, Açıq pəncərədən sərinlik gəlsin. Dirilsin şeirimin yazılan sətri, Ruhuna Goruslu həzinlik gəlsin! 10. 07. 2023.
26.07.2023 – cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, görkəmli şair Güləmail Murad Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi böyük xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olunmuşdur. Bu münasibətlə bədii – fəlsəfi düşüncəmizin aparıcı simalarından olan Güləmail Muradı təbrik edir və bir neçə cümlə ilə şairin yaradıcılığına işıq salmaq istəyirəm.
Bu gün ədəbiyyatımızda bir tıxac var və bu tıxac həqiqi yazarların qarşısına sədd çəkir. Həqiqi yazar deyəndə mənim təsəvvürümdə yaradıcılığı ümumbəşəri dəyərlər fonunda inkişaf edən, vətəninə bağlı, mətnində poetik sanbal və milli kolorit aydın seçilən yazarın portreti canlanır. Bu gün bu portreti ədəbiyyatımızda 44 günlük zəfər savaşından sonra bir çox şairlərin yaradıcılığında görmək mümkündür. Tarix ən doğru hakim, yazılarımız isə o hakimin qarşısında müttəhimdir. Bu fikri niyə söylədim? 1992- ci il – 2020 – ci il aralığında yaranan ədəbi nümunələrdə hakim olan pasifizm cəbhədəki uğursuzluğumuzun üstünə sanki bir pərdə çəkmək istəyirdi. Həmin zaman kəsiyində yaranan bədii mətnlərə diqqət edəndə “bizə müharibə lazım deyil”, “biz müharibə istəmirik” fikri ilə çıxış edərək mübarizlik ritorikasını bir kənara qoymuş yazarların ciddi say fərqini görürsən. Bu mənzərə 2020 – ci il sentyabrın 27-dən başlayaraq, noyabrın 10 – a qədər davam edən zəfər savaşı tariximizə qədər çox da uzaq olmayan ədəbiyyat arxivlərinə baxsaq, məlul-məlul üzümüzə baxar. Ali Baş Komandanımızın rəhbərliyi, şücaətli ordumuzun cəsarəti ilə adımızı dünya xalqları içərisində qalib xalqlar cərgəsində yazdırandan sonra ədəbi mənzərə də dəyişdi. Xalqın qəlbindəki qürur, qələbə sevinci mətnlərdə dil açdı. Ədəbiyyatda zəfərimizin tərənnümünə, təsvirinə geniş şəkildə diqqət ayrıldı. Düzdür, ədəbiyyat hələ ki müharibəyə uduzur. Müharibədəki qələbəmizi ədəbiyyatımızda tam şəkildə canlandıra bilməmişik,amma az da olsa, bütün yazarlar bu müqəddəs amal uğrunda zehninlərini məşğul edirlər.
Qəhrəmanlıq tariximizi öz obrazlı düşüncələri ilə ləyaqət və cəsarətlə tərənnüm edən yazarlardan biri də Güləmail Muraddır. Onu bir çox müasirlərindən bir cəhət fərqləndirir : şair istər atəşkəs, istərsə də müharibə dövründə şəhidlərimiz, Azərbaycaının Milli Qəhrəmanları , Sovet İttifaqı Qəhrəmanları, elmimizə və ədəbiyyatımıza qiymətli töhfələr vermiş aydınlarımız haqda bədii dəyərini hər zaman qoruya biləcək gücdə olan mətnlər ortaya qoydu. Heç zaman qələbəyə olan inamından dönmədi. Yeri gəldikcə cəbhə xəttində sözü ilə döyüşdü, arxada milləti milli ruha kökləməkdə maarifləndirici mövzuları fəlsəfi düşüncə çalarları ilə zərifliklə işlədi. Elə zəfər savaşımızın ilk günlərində cəbhədə Azərbaycan xalqının ən yaxın dostlarından olan telejurnalist Fulya Öztürklə bir verilişdə müharibə mövzusunda söhbətləri,əsgərlərimizi döyüşə ruhlayan şeirlər səsləndirməsi , bəlkə də, ayrı mövzudur, amma bunu ona görə qeyd edirəm ki, Güləmail Muradı təkcə AYB-nin binasında iş masasının arxasında görənlər bilsinlər. Bilsinlər ki, Güləmail Murad Tovuz döyüşlərindən sonra “Tovuz döyüşləri” kitabını qələmə almaq üçün məhz həmin hadisə yerinə getmiş, bir neçə gün orada qalmışdır. Bu, şairdən həm də cəsarət tələb edir. Cəsarətli qələm adamı olan müəllif həyatında çox ilklərə imza atıb. Bu ilklərdən biri də Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, “Güləmail Murad Yapon ədəbiyyatı nümunələrindən: Vaka və haykulardan istifadə edən ilk azərbaycanlı qadın yazarımızdır”.
Çağdaş ədəbiyyatımızın istedadlı və cəsarətli qələm adamı, yorulmaq bilmədən bədii fikrin milli ruhda inkişafını təmin etmək üçün gecəsini- gündüzünü xərcləyən müəllif azərbaycançılıqla yanaşı, türkçülük məfkurəsinin də inkişafına xidmətlər göstərmişdir. Onun Türkiyədəki şeir şölənlərində alovlu iştirakı, “Kadirlidə 4 gün”, Nuru paşa dastanı” kitabı bu böyük Türk xanımının türkçülüyə olan sevgisinin bariz nümunəsi, daxili aləminin bədii – psixoloji mənzərəsidir. Əsərləri dəfələrlə Atatürk Mərkəzi tərəfindən nəşr olunan Güləmail Murad əsl və əsil vətən təəssübkeşi, türk aydınıdır. Onun azərbaycançılıq, ümumən, türkçülük məfkurəsinə xidmət edən əsərləri zaman-zaman müxtəlif dairələrin diqqətində olmuş və halal mükafatını almışdır. Bu yaxınlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyində gənc alimlərlə görüşü keçirilən şairin işıqlı düşüncələrinə oxucu sevgisinin kütləviliyi açıq – aydın hiss olunurdu. Millətini sevən, əsərlərində milli ruh aşılayan, yurd təəssübkeşi,sağlam məfkurə yolçusu olan Güləmail Murad elə bunun nəticəsidir ki, Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası poeziyasına göstərdiyi üstün xidmətlərə görə akademiyanın “Qızıl ulduz” medalı ilə təltif olundu. Görkəmli şairimizə diqqət ayıranlara təşəkkür, Güləmail Muradı halalca aldığı bu təltifə görə təbrik edir,uğurlarının sonsuz olmasını diləyir və bu təbrikimi halalca qəbul etməsini xahiş edirəm.
Hörmətlə, Şair-publisist, Prezident təqaüdçüsü,Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, Elnur UĞUR
KABAB QONAQLIĞASI (hekayə) Bu kasıbın işi uzundur. Qış gəlir. Qanı qaralır. Bir çətən külfətdir. Evi qızdırmaq lazımdır. Özünə (özü cəhənnəmə), arvadına, uşaqlarına isti pal-paltar, uzunboğaz çəkmə almalıdır. Hansını deyəsən? Yay gəlir, kasıb sevinir. Bir şalvar, bir köynək geyəcək, evi qızdırmlı olmayacaq, əksinə, mənzilin istisindən qaçacaq, həyətdə-bacada gün keçirəcək. Yaz, payız da yolaveriləndir. Amma bu kasıb yayda da dilxor olur. Məzuniyyətə çıxır. O soruşur, bu soruşur: “Dincəlməyə hara gedəcəksən?” Ay pir olmuşlar dincəlməyə getmək üçün bir ətək pul lazımdır. Gedib Antalyada, nə bilim harada istirahət ettmək, bizim bu rayonlarımızdakı istirahət yerlərində dincəlməkdən ucuz başa gəlir. Qəbələnin Vəndam kəndindəki “Duyma”ya, “Yeddi gözəl”ə, Xaçmazın Seyidlərkəndyeri kəndindəki “Atlant” istirahət və əyləncə mərkəzinə, Nabranın “Dostluq” turist bazasına və “Palma” istirahət mərkəzinə, Qaxın İlisu kəndinə putyovka ilə getmək sərfəlidir. Az miqdarda pul verirsən, qalanı isə həmkarlar ittifaqı ödəyir. Amma kimdir sənə putyovka verən? Həmkarlar ittifaqının işdəki nümayəndəsi hər dəfə “Bizə vur-tut üç-dörd putyovka düşür, onu da ya direktora, ya da müharibə və əmək veteranlarından birinə onlara verirəm”, – deyib səni başdan eləyir. Varlılara, imkanlılara nə var ki? İstəyir qış olsun, istər yay, yaz, yaxud payız. Həmişə kefləri saz olur. Heç putyovka dərdi də çəkmirlər. Nə zaman lazımdır, istirahətlərindən qalmırlar. Varlığa nə darlıq? Nə isə. Danışmaqla adamın dərdi yüngülləşmir. İşçilərin umu-küsüsünü eşidən trest rəisi aktivi başına yığıb iclas keçirdi. Qərara alındı ki, Altıağacda məxsusi olaraq trest üçün “İstirahət və əyləncə mərkəzi” tikilsin. “Putyovka üçün ona, buna ağız açınca, yalvarınca işçilərimiz gedib dincələrlər”. Rəis bu sözlərlə iclası qapadı. Tezliklə tikintiyə icazə alındı və inşaat işlərinə başlandı. Hamı sevinirdi. Nəhayət, növbəti yay “İstirahət və əyləncə mərkəzi” hazır oldu. Əvvəllər dincəlməyə gedənlər putyovkanı pulsuz alırdılar. Hətta bəziləri dincəlməyə ailəvi də gedirdilər. Sonralar cüzi pul ödəməli oldular. Yayda buralarda havalar sərin olurdu. Hətta axşamlar yorğanla yatmaq lazım gəlirdi. Az keçmiş bu “İstirahət və əyləncə mərkəzi”nin də zibili çıxdı. Xidmət aşağı səviyyəyə düşdü. Bircə səhər yeməyi fərli idi: yağ, pendir, süd, yumurta, çay… Nahar və şamı yeməsəydin, ondan yaxşı idi. Bəziləri hətta boğaza yığılıb yarımçıq çıxıb gedirdi Gələnlərin narazılığını görən mərkəz müdiri onları dilə tutmağa çalışırdı ki, trest rəhbərliyinə şikayətə getməsinlər. Sonuncu günlər idi. İstirahətə gələnlər bir gün yuxudan qalxanda həyətdə bir quzu gördülər. Boğazındakı kəndir keçirib sütuna bağlamışdılar. “İstirahət və əyləncə mərkəzi”nin müdiri quzuya maraqla baxanlara müraciətlə dedi: -Qərara aldım ki, sizi təntənə ilə yola salım. Axşamüstü quzu kababına qonaq olacaqsınız. İstirahətdə olanlar sevindilər: “Axır ki… Heç olmasa axırıncı gün bir fərli şam edək”. Səhər yeməyini, sonra da naharı birtəhər yola verib, axşamı gözləməyə başladılar. İştahlarını sazlamışdılar: quzu kababı yeyəcəkdilər. Bəziləri hətta araq tədarükü də görmüşdülər. Farağat komandası verildi. İstirahətdə olanlar günorta yuxusu almaq üçün otaqlara çəkildilər. Oyananda gördülər nə? Həyətdə bir neçə maşın dolaşırdı. Bir maşında trest rəisi öz ailəsi ilə, başqa iki maşında da onun dost-tanışları. Onlar maşından düşüb Altıağacı gəzməyə başladılar. Ağacın altına stollar, stullar düzüldü, süfrə açıldı. Quzunu kəsib soydular. Kabab çəkib gələn qonaqların süfrəsinə apardılar. İstirahətdə olanlar baxa-baxa qalmışdılar: “Bu nə oyundur düşüblər?” Arzuları gözlərində donmuşdu. Axşamüstü idi. Şam yeməyinin vaxtı idi. “İstirahət və əyləncə mərkəzi” yeməkxanasının qapıları açılmışdı. İstirahətdə olanlar şam yeməyinə çağırılırdılar. Lakin iştahlarını kababa sazlayan adamların heç biri şam yeməyinə getmədi. Otaqlarına çəkildilər. Ağacların altında rəisin ailəsi və dost-tanışı üçün süfrə açılmışdı. Onlar quzu kababı yeyir, sərin sudan, araqdan, şampandan və çaxırdan içir, rəisin özünün, ailəsinin və “İstirahət və əyləncə mərkəzi”nin şərəfinə sağlıq deyirdilər. Bakı şəhəri, 29 iyul 2023-cü il.