Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac 20 – dən artıq şeirlər kitabının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir. Zaur Ustac və onun əsərləri haqqında aşağıdakı kitablar yazılıb: 1. Hacıxanım AİDA “ÖMRÜN ANLARI ” Bakı – 2018. 2.Hacıxanım AİDA “OTUZ ŞEİR, OTUZ FİKİR ” Bakı – 2018. 3.Kamal Camalov “Əliş və Anna haqqında ” Bakı – 2019. 4.Gülü “ZAUR USTAC” Bakı – 2020. 5.Qələndər Xaçınçaylı “TACLI ŞAİR” Bakı – 2020. 6. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021. Zaur Ustac müntəzəm olaraq dövri mətbuatda şeir və publisistik yazılarla çixış edir, eyni zamanda yeri gəldikcə qələm dostlarının yazılarına tənqidi münasibət biıdirir
Könül sarayımın sultanı sənsən, Qəlbimdə qurduğun taxtın mübarək! Ruhum təbəəliyi özü üstənib, Biətin mübarək, andın mübarək!
* * * Zaman neçə kərə dayandı, durdu, Adi təbəssümün bir dünya qurdu, Baxışın isitdi viranə yurdu, Ocağın mübarək, odun mübarək! * * * Sözdən ilmə – ilmə toxunub tacın, Nəyim var, nəyim yox qoy olsun bacın, Bu yolda qurbanlıq özü Ustacın Məqamın mübarək, adın mübarək!
HƏR GÜN NƏFDİ…
Altmış üçdən nəf hesablar kişilər, On səkkizdən başlamışam saymağa… Kaldan, şitdən daim uzaq durmuşam, Meylim olub özün tutmuş qaymağa…
* * * Zənbur kimi çiçək-çiçək gəzmişəm, Gül üzəndə, tər qönçəsin üzmüşəm, Qürbət elin cəfasına dözmüşəm, Bir arzum var, kaş dönəydim oymağa…
* * * Ustac xoşlar, kəsə etsin söhbəti, Çalış boşa yeməyəsən möhnəti, Dadımlıqdı bu dünyanın neməti, Macal verməz heç kimsəyə doymağa…
1993-cü ilin yazı idi. İlıq nəfəsli, bənövşə qoxulu bahar ürkək-ürkək özünü göstərirdi. Əl-ayaq dəyməyən yerlərdə, kolların dibində, cığırların kənarında körpə, yaşıl otlar cücərirdi. Arabir günəş tənbəl-tənbəl buludların arasından görünür, tez də yoxa çıxırdı. Elə bil müharibənin soyuq nəfəsi yazı qorxudur, gəlişinə mane olurdu.Kəndimiz döyüş zolağının 10-15 km-də yerləşirdi. Odur ki, kəndin mərkəzində yerləşən ikimərtəbəli məktəb binası hərbi hissənin ixtiyarına verilmişdi. Kənd camaatı hardansa maşın-maşın gələn əsgərlərə xilaskar kimi baxır, onları əziz adamları kimi qarşılayırdı. Tez bir zamanda əhali ilə hərbçilər bir ailənin övladları kimi qaynayıb-qarışırdı. Əsgərlər döyüşə gedəndə bizim kəndin oğulları, qardaşları, ərləri döyüşlərdə, səngərlərdə olan qadınlar, qızlar onların da sağ-salamat qayıtması üçün Allaha dualar edir, həyəcanla onların geri dönməsini gözləyirdilər.
Döyüşdən geri dönən əsgərlər hələ kəndə çatmamış camaat bilirdi ki, itki var, ya yox! Çünki itki olmayanda əsgərlərin şən hay-küyü, səsi oldu-olmadı oxuması, xülasə, xüsusi coşğunluqları uzaqdan bəlli olurdu. Onda camaat dərindən nəfəs alır, azacıq da olsa rahatlanırdılar. Hələ döyüşün uğurlu olduğunu bilən kəndin yeniyetmələri də gedib onlara qoşulur, sevinclərinə şərik olurdular.
Vay o gündən ki, döyüşdən qayıdıb gələn əsgərləri səs-küy əvəzinə lal sükut içində görəydilər. Maşınlar kəndə çatmamış, kənd ağsaqqalları, ağbirçəkləri özlərini məktəbə yetirər, onların dərdlərinə elliklə şərik olduqlarını bildirərdilər. Kənddə hər evdə o şəhid əsgərin yası tutulardı. Artıq bu, bir növ adət halını almışdı. Evlərdə həm də hər kəsin əsgərlərə hörməti, sevgisi yavaş-yavaş qızlarımıza da sirayət etmişdi. İndi kəhrizə “su gətirməyə” lap tez-tez gedirdilər. Elə o, müharibənin qızğın şağlarında kəndimizə “kürəkən” olan əsgərlər də tapılmışdı. Bir neçə qıza nişan gəldi, bir neçəsi əsgərlərə qoşulub qaçdı. Neçə-neçə əsgər ailəsi yarandı. Xülasə, bəzən kədərlə, bəzən sevinclə müharibə günlərini yaşayan kəndimlz öz qayğıları ilə, əkin-səpinlə də məşğul olurdu. Təbii ki, qəlbində qələbə inamını bərkidərək!
Qəflətən iş yoldaşım Rəsmiyyənin: “Az gejikdik, ey, tez gəl!” cingiltisi məni xəyaldan ayırdı. Ay aman, işə getməyi lap unutmuşam!”
İşlədiyim Mədəniyyət evi məktəbdən yalan olmasın 1-2 km o tərəfdə yerləşirdi. Yavaş-yavaş işə yol aldıq. Rəsmiyyə nəsə danışırdı. Fikrim dağınıq olduğundan, onun nə danışdığının fərqinə varmasam da “hə”, “hı” deyib, başımdan edirdim. Yolu yarı eləmişdik ki, qarşı döngədən üç əsgər çıxdı. Səkinin üstündə üz-üzə gəldik. İki əsgər bizə yol vermək üçün kənara çəkildi. (Səki ensiz olduğu üçün). Ortada dayanmış, həm onlardan ucaboy, həm də yaraşıqlı oğlan barmaqlarının arasında tutduğu papirosu yandırmaq üçün o biri əli ilə ciblərini ələk-vələk edərək kibrit axtarırdı. Başı axtarışa qarışdığından yoldan çəkilməyi ağlına da gətirmirdi. Deyəsən kibrit tapdı! Papirosu damağına qoymaq üçün başını qaldırdı. Qəflətən bizi gördü. Bilmirəm onun “mədəniyyətsizliyinə” qarşı hikkəmizimi, ya gözlənilmədən qarşısında iki gözəl qızmı gördü, hər nəsə bərk çaşdı. Çaşdığından papiros qoymaq üçün ayırdığı ağzı da elə aralı qaldı. Yolun ortasında key-key ağzını ayıraraq, yol göstərmədən baxması Rəsmiyyəni cin atına mindirdi. Mən və o biri iki əsgər isə gülməkdən özümüzü saxlaya bilmədik. Bütün bunlar bir neçə saniyənin içərisində baş verdi. Onun yanından ötüb keçsək də, nə mənim pıqqıltım, nə də Rəsmiyyənin hirsi soyumuşdu.
– Ələm ağacı kimi kəsdirib yolu, huşu da kəsmir ki, adam gəlir, qız keçir, elə bil heykəldi! – Birdən sözünə ara verib, təəccüb qarışıq hirslə: “Az, bəs sən niyə gülürsən? Xoşuna gəlir, kəndin içində biri də görə adımız bata? Dədəm də işi maa haram eliyə!?”
Tez gülməyimi kəsib, ciddiləşdim. Döngəni burulub Mədəniyyət evinə sarı dönəndə qeyri-ixtiyari arxaya dönüb baxdım. Deyəsən “heykəl” durduğu yerdən tərpənməmişdi. Rəsmiyyənin yenə də deyinəcəyindən ehtiyatlanaraq, gülüşümü birtəhər gizlətdim.
Mədəniyyət evində Novruz bayramına həsr olunacaq tədbirə hazırlaşırdıq. Məktəblərdən bacarıqlı uşaqları gətirib, onlara oxumağı, rəqs etməyi, səhnəcik göstərməyi öyrədirdik. Saat 5-də işdən çıxanda o qədər yorulmuşdum ki, heç səhərki hadisə yadıma da düşmürdü. Döngəni dönüb asfalt yola çatanda səhərki yaraşıqlı oğlan, yanında isə bir hərbçi tində durub, kimi isə gözləyirdilər. Rəsmiyyə yəqin ki, səhər diqqətlə fikir verməmişdi – deyə tanımadı, heç o tərəfə baxmadı da. (Doğrusu, kənddə o qədər hərbçi vardı ki…). Mən isə oğrunca, ötəri bir nəzər saldım. (Rəsmiyyənin gözündən uzaq). Ürəyimdə isə fikirləşdim: “Nə göyçək oğlandı, Allah bilir hansı ölmüşü gözləyir!”
Rəsmiyyənin səhərki ciddi tənqidini yadıma salıb arxama dönmədən, elə ciddi-ciddi yoluma davam etdim. Həmin səhərdən bir həftə keçmişdi. “Yaraşıqlı” əsgər hər səhər bizdən çox aralı gəlsə də, bizim üçün gəldiyini hiss edirdim. Hər səhər bizi işə, işdən çıxanda isə evə ötürürdü. Kəndin adət-ənənəsini deyəsən yaxşı götürmüşdü. Yol gələndə bizdən aralı gələr, bizə salam verməz, bir kəlmə də söz deməzdi. Ona görə də onun kimi izləməsi hələ heç birimizə agah deyildi. Əvvəl günlər onun bizi izləməsinə Rəsmiyyə əsəbiləşsə də, oğlanın ölçülü-biçili hərəkətlərini görəndən sonra sakitləşdi. Hələ bir arada onun “əməliyyata” gecikdiyini görəndə: “Əsmər, telexronitelsiz mən bu boyda yolu nətəhər gedim, öyrənmişəm ey, telexronitelə” – deyirdi.
Elə bil sözə bənd idi. Qəflətən görünürdü. Mən də: Gözün aydın, ödey, gəlir “telexronitel”in – cavab verirdim. Beləcə, günlər bir-birini əvəz edirdi. Biz də hər gün bir az da olsa bu “yaraşıqlı” əsgərə isinişirdik. Onu özümüzə doğma hesab edirdik. Arada 2-3 gün olmayanda (hissənin döyüşdə olduğunu bilirdik) əməlli-başlı darıxırdıq. Bəzən fikirləşirdim ki, “yaraşıqlı”nı adi vətəndaş paltarında görsəydim, bəlkə də ona qarşı məndə bu qədər rəğbət, fəxr duyğusu olmazdı. O geyim, o paltar onu mənim gözümdə, əsgərə yox, mələyə çevirirdi. Hərdən fikrimdən keçənlər üçün utanırdım. Birdən Rəsmiyyəlik olar? Ona görə də çalışırdım “yaraşıqlı” haqqında az danışam, az fikirləşəm!
Günlərin bir günü Rəsmiyyə xəstələndi. İşə mən tək gedəsi oldum. Səhər yenə həmişəki kimi mədəniyyət evinin döngəsinə qədər gəldi. Döngəyə az qalmış, onun addımlarını yeyinlətdiyini hiss etdim. Yəqin Rəsmiyyəni soruşacaq!” fikrimdən keçirdim. Həm tək olmağımın həyəcanı, həm də kəndin içində, qohum- əqrəbanın gözü qarşısında kiminləsə görünməyi istəmədiyimə görə mən də addımlarımı tələsitməyə çalışdım. Gecikdim. O, mənə çatdı:
– Sabahınız xeyir!
– …
– Mənim adım Samirdi. Özüm Bakıdanam! Bəs sizin adınız nədir?
– …
– Bilmək olar?
Tələsik, bir az da ucadan:
– Yox! – dedim. O da eyni templə:
– Niyə?? – soruşdu.
Bilmədim onun sualına cavab verim, verməyim, gülüm, yoxsa ciddi durum? “Hamısından yaxşı elə cavab verməməkdi. Çıxıb gedər”.
– Həə… demək adını demirsən, demirsən ki?.. Onda belə çıxır ki, istəyirsən, mən hər gün sənə yaxınlaşım, salam-əleykim edim, adıvu soruşum sənin? Bunu istəyirsən? Demək adını buna görə demirsən? – dedi və ciddi nəzərlə üzümə baxdı. Həyəcandan heç nə fikirləşə bilmirdim, gözüm dörd olmuşdu. Tələsə-tələsə:
– Yox, yox! Adım Əsmərdi! Di get! – deyib məlul-məlul, imdadlı baxışlarla onun üzünə baxdım ki, bəlkə insafa gələ, çıxıb gedə. Bu anda onun üzündə elə bir təbəssüm gördüm ki… neçə illər keçsə də, Samiri o təbəssümlə xatırlayıram. Həmin ecazkar təbəssümlə düz gözlərimin içinə baxaraq, astaca: “Sən bilirsən səni nə qədər çox sevirəm?” – dedi.
Daha mənim qulaq asacaq halım qalmamışdı. İşə çatanda, ürəyim az qalırd yerindən qopub düşsün. Bilmirdim həyəcandan idi, yoxsa az qala yüyürə-yüyürə gəlməkdən idi, yoxsa indiyə qədər eşitmədiyim sözün təsirindən idi. Özümə güclə gəldim. “Canın yansın Rəsmiyyə, xəstələnməyə ayrı vaxt tapa bilmirdin?” İş yoldaşlarım halımın qarışıq olduğunu görən kimi səbəbini bilməyə çalışdılar. Ürəyim dolu olsa da, heç birinə bir kəlmə də demədim. İşdən çıxanda da gözüm dörd olmuşdu. Amma yolda, irizdə heç kəs yox idi. Heç kim deyəndə ki, yol dolu idi. Samir görünmürdü. Arxayınlaşıb adi günlərdəki kimi yoluma davam etdim. Asfaltı keçib döngəmizə dönmək istəyirdim ki, elə bil yer ayrıldı, Samir yerdən çıxıb qarşımda peyda oldu. Məni od götürdü; “Bu oğlanın deyəsən ağlı şəhərə gedib, eybi yox abrını bükərəm ətəyinə, ağlı başına gələr” fikirləşsəm də, titrətmə məni tutmuşdu. Özümü birtəhər ələ alıb, başladım nə başladım:
– Bura bax, nə düşmüsən arxamca! Zırrama! Bizimkilərdən biri görsə, mən cəhənnəm, səni şikəst edəcəklər. Başı xarab! Bir də dalımca gəlmə! Səhərki sözünə cavab verim! Səndən mənim heç xoşum gəlmir. Bildin! Buna bax, nəyə oxşuyur. Bunları deyə-deyə fikirləşirdim ki, doğrudan da çox göyçəkdi. Qara çatma qaşları, iri, ala gözləri, ağappaq sifətinə elə bil qələmlə çəkilmişdi. Kaş sözlərim xətrinə dəyməyəydi. Arxamca hər gün, hər gün gələydi. Amma axırıncı sözlərim onu deyəsən bərk tutdu.
– Əsmər, doğrudan məndən xoşun gəlmir?
Mən istəməzdim ki, onu mənə görə təhqir etsinlər, döysünlər qardaşım və ya onun dostları bizi heç nə yox, elə söhbət etdiyimizi görsəydilər, dəqiq bilirdim ki, nə onun üçün, nə də mənim üçün yaxşı olmayacaqdı. Odur ki:
– Yox heç bir qırıq da!! – dedim.
Susdu. Üzümə xeyli mat-mat baxdı, sanki pıçıldayırmış kimi:
– Mən elə bilirdim ki, sən də məni istəyirsən? – dedi. Özümdən asılı olmayaraq məndən təəccüb qarışıq qəribə bir səs də çıxdı:
Evə çatana qədər heç nə fikirləşə bilmədim. Pilləkənləri qalxdım, qapıya söykəndim. Bayaqkı epizod dəfələrlə gözümün qarşısında canlandı. Elə peşman olmuşdum ki, epizod yadıma düşəndə qulağımın dibinə qədər qıpqırmızı qızarırdım və anlayırdım ki, Samir hər şeyə nöqtə qoyub getdi. Məhz bu gün, bu dəqiqə, bu an hiss etdim ki, dansam da, gizlətsəm də mən Samirə qarşı etinasız deyiləm. Özümdə təzə kəşf etdiyim bu hissləri anlamadan məhv etdiyimə peşman olmuşdum. Ağlaya-ağlaya özümə söyürdüm – ağılsız, elə zırrama – sənin özünsən, “nəyə oxşuyur”, özün nəyə oxşuyursan! “Bir qırıq da istəmirəm”. Bəs onda niyə hər gün işə gedəndə-gələndə 1-2 saat güzgünün qabağında qalırsan! Yola çıxanda gözün dörd olur, yaxşı olur saa! Di öl ağla, görüm Samir qayıdacaq. Ay qayıtdı hay! Elə iz qoydun ki, qayıda!” Deyirdim, deyə-deyə kövrəlib ağlayırdım.
Sabahı başıma gələnləri Rəsmiyyəyə danışdım. Məni düz hərəkət etdiyimə inandırdı. Hələ bir təsəlli də verdi, “qayıdacaq!”
Təəssüf ki, aradan 10 gün keçsə də, Samir görünmürdü. Hələ də yollarda gözüm onu axtarırdı. Tapmayanda isə pəjmürdə, dilxor vəziyyətdə peşmançılığımı yaşayırdım. Bir gün işə getməmişdim. Rəsmiyyə işdən gələndə yolüstü bizə döndü.
Sevinə-sevinə:
– Muştuluğumu ver, sənə bir söz deyim!
Elə bil ürəyimə nəsə damdı. Taqətsiz-taqətsiz, güclə:
– De, sən Allah, tez de! – dedim.
– Bu gün Samir mənə yaxınlaşdı. Əlində bir zərf. Əvvəl səni soruşdu, sonra da xahiş etdi ki, məktubu sənə çatdırım. İndi nə verirsən, məktubu verim?
Rəsmiyyənin daha nə deyəcəyini gözləmədim. Özümü çantanın üstünə atdım. Əllərim əsə-əsə zərfi açdım. Zərfin içində bir vərəq və bir ovuc bənövşə vardı: “Salam, Əsmər! Hiss edirdim ki, mənə biganə deyilsən. Ona görə sənin fikrini dilindən eşitmək istədim. Sözlərin qol-qanadımı sındırdısa da fikrimdən dönə bilmədim. Bir neçə gün səni gizlicə izlədim. Əgər səni əvvəlki kimi şən, qayğısız görsəydim, səni unudacağımı özümə söz vermişdim. Əksinə, sənin kədərli olmağın, işə gedəndə də, gələndə də gözlərinin kimisə axtarması, tapmayanda üzündəki o məyusluq, hisslərimin məni aldatmadığını yəqin etdim. Əsmər mən səni sevirəm. Kişi kimi sözümü sənə dedim. Sən də etiraf et. İmza: Sənin “Zırraman”. İndi sevindiyimdən ağlayırdım, gülə-gülə. Rəsmiyyə də mütəəssir oldu. “Az di yaxşı, məni də kövrəltdin, get onnansa cavab yaz”. Rəsmiyyəni qapıya qədər ötürüb, dəftər-qələmi əlimə aldım. “Salam, Samir! Əgər mən elə etməsəydim, mənə də, sənə də zərər gələrdi. Qıymaram ki, mənə görə kimsə sənə əl qaldırsın. Mən sənə inanıram. Sən də öz hisslərinə inan. Sağ ol! Allah səni qorusun!”
Kağızı qatlayıb elə Samirin göndərdiyi zərfə qoydum. Çantamda gizlətdim: “Əgər sabah yolda qarşılaşsaq, özünə verəcəyəm!”
Səhər biz asfalta çatanda məktəbin qarşısı qələbəlik idi. Əsgərlər yük maşınlarında əli silahlı oturub, yola düşmək əmrini gözləyirdilər. Zabitlər ora-bura qaçır, nəsə ucadan danışır, əmrlər verirdilər. Qəflətən ürəyim məngənəyə salınmış quş kimi çırpındı. Dərk etmədiyim bir hissin təsiri ilə utanmağı, qorxunu bir kənara atıb, bir-bir maşınların kuzovlarına diqqətlə baxmağa başladım.
Ürəyimə dammışdı ki, Samir burdadır. Birdən pıçıltımı, yalvarışmı, sevincmi (izah edə bilmirəm), bir titrək səs eşitdim:
– Əsmər!!
Elə bil zabitlər Samirin bu kəlməsinə bənd imişlər. Tərpənmək əmri verildi. Mən tələsik səs gələn tərəfə döndüm. Bir an içində əlimi çantaya saldım. Məktubu çıxartdım. Üzümü o səmtə tutanda, yerimdən tərpənməyə halım olmadı. Gördüyüm o bir neçə anlıq o gülümsər sifət, gülümsər gözlər, o gülümsər gözlərdən selə dönüb çağlayan yaşlar məni durduğum yerə sanki mıxladı. Maşınlar bizdən uzaqlaşdı, gözdən itdi. Məktub əlimdə qaldı.
Həmin gün 26 mart kəndimiz erməni artilleriyası tərəfindən güclü atəşə tutuldu. Qadınları, qocaları, uşaqları kənddən çıxarıb müvəqqəti qonşu rayonlarda yerləşdirdilər. Anamla mən də qohumlarımızın evində qonaq qalası olduq. Təbii ki, atam, qardaşım kəndin başqa başıpapaqlıları kimi kənddə qalmışdılar. Kəndi ermənilərdən müdafiə etmək üçün!
Bir neçə aydan sonra isə bizim kənd də işğal olundu. El-obamız xarabaza çevrildi. Camaatımız pərən-pərən düşdü. Samirlə əlaqəm tamam kəsildi.
Əvvəllər küsürdüm, inciyirdim, məni axtarmadığına görə onu qınayırdım. Sonralar narahat olmağa başladım. Bir müddət onu unuda bilmədim. Sonra özümü inandırdım ki, istəsəydi tapardı məni. Nisbi sakitlikdi, evlərinə qayıdıb, ailə qurub, məni heç fikirləşmir də. Odur ki, Samirsizliyə yavaş-yavaş öyrənməyə başlayırdım! O hadisələrdən iki il ötmüşdü. Yenə də yaz ayları idi. Günlərin bir günü Bakıya yaxın qohumlarımgilə qonaq getdim. Qohumumdan məni şəhərin görməli yerləri ilə tanış etməyi xahiş etdim. Xahişimi yerinə yetirdi. Məni bulvara, Qız qalasına, Fəvvarələr meydanına – hər yerə gəzməyə apardı. Dağüstü parka qalxdıq. Şəhidlər Xiyabanını görmək istədiyimi bildirdim. 20 Yanvar şəhidlərinin qəbirlərini ziyarət edə-edə gəlib Qarabağ müharibəsində şəhid olanların məzarına yaxınlaşdıq. Cavan, yaraşıqlı oğlanların məğrur çöhrələrinin bir başdaşından görünməsi məni için-için ağladırdı. Adları oxuya-oxuya sıraların arasında gəzinirdim. Birdən —–ov Samir —– oğlu 1970-1993.03.26. oxuduğum ad-familiyanın doğmalığı məni qəfil sillə kimi tutdu. Aman Allah! Həmin sifət, həmin gözlər, həmin təbəssüm! Mən indi anladım, Samirin o vaxtkı göz yaşlarını!! Deməyə fürsət tapmadığı, bəlkə də bir kitablıq sözləri baxışları ilə mənə başa salmışdı. Mən anlamamışdım ki, bu, onun son gedişi imiş!
Dönüb qohumumdan bu gün ayın neçəsi olduğunu soruşdum.
– Martın 26-dır……… Sənə nə oldu?…..
İki illik bəndini, bərəsini zorla basıb-bağladığım çeşmənin qarşısı açıldı. Hayqırtı qarışıq ağı mənim Samir üçün son hədiyyəm oldu. Ayrılanda qəbrin üstünə bir parça kağız da qoydum. Bu neçə vaxtdır ki, çantamda gəzdirdiyim, atmağa, cırmağa əlim gəlməyən həmin məktub idi. Ünvanına yetişməyən məktub!
Hörmətli oxucular, qondarma “Erməni qətliamı” haqqında bir maraqlı sirli məlumatı sizinlə bölüşəcəm.Qeyd etdiklərim bəlkə də bu hadisənin kiçik bir tərəfidir. Gəlin birlikdə qondarma “soyqırım” barədə öyrənək. Sözdə “erməni qətliamı” iddiasının ilk başlanğıcı İngiltərənin təbliğat maşını olan Wellington House’un “The Treatment of Armenians in the Ottoman Empire” adı ilə yayınlanmış olduğu kitab əslində ermənilərin vəsiləsilə mövzu olmuşdur. Kitab ermənilərin şərqdə üsyan etmədiklərini, lakin Osmanlı hökumətinin ermənilərə üsyan etmək bəhanəsilə bir soyqırım və qətliam fəaliyyətlərinə başladıqlarını qeyd edir və erməniləri təhrik edəcək üslub yaradaraq qara propaqandadan istifadə etməkdə idi. Nəticə etibarilə bu kitab həm Osmanlı, həm də erməni xalqını qarşı-qarşıya gətirməyə yönəlmiş bir üslubla qələmə alınmışdır. Beləcə, həm dünya arenasında Osmanlı dövlətini gözdən salmaq, həm də Osmanlı təbəəsi içərisində separatçı fikirlərin yayılmasını təmin etmək məqsədilə “Wellington House”un yürütmüş olduğu təbliğat az da olsa bir işə yaramışdır (Milçək bir şey olmasa da ürək bulandırır).
Gülən gözün gözəlliyi gözəldir, Gülən gözü görünməyən göz görər…. Gözün gülür, gözün gözü gülməyir, Gözdə gözü görünməyən göz görər…. * * * Gözü gözdən gözün gözü gizlədir, Gözdə gözü gözün gözü gizlədir, Gözün gözü gözümüzdə gizlidir, Gizli gözü görünməyən göz görər….
* * * Göygöz giryan, gözü gülməz, gülümsər, Gülən gözün gözü gözdən gülümsər, Gülməyən göz, gözə gözdən gülümsər, Giryan gözü görünməyən göz görər…… 21.09.2015. Bakı
Bu gün şəhər soyuq idi. Dəli Fırtına sevdalısını qollarında itirmişdi o gün,o şəhərdə… Bu şəhər Fırtınanın yalnızlığından susmuşdu.Dəli Fırtınanın sevdası məzlum dənizin dalğalarından da böyük idi…
Fırtına kim idi? Fırtına sizin də təəccüblənəcəyiniz,hətta dəli olacağınız gənc idi.Bu gənci kimiləri xoşbəxt,kimilərisə bədbəxt adlandırardı,ancaq bu gənc sevdalısının gözləri önündə sadəcə bir məzlum çevrilmişdi.O gündən sonra…
Soyuq qış Fırtınanın qəlbində acı bir yaraya çevrilmişdi o gün.Fırtına saatın tik-tak səslərində,günəşin üfüqdə görünən vaxtlarında belə gözünü qırpmadan sevdalısını gözləyirdi.Onları bir-birindən ayıran bu şəhərin acımasız sakinləri idi.Onlar bir-birindən ayrılarkən qan izləri ilə deyil,parçalanan ürəklərinin bir-birindən ayrı düşməsi idi.İllər boyunca ayrı idilər,lakin onları isidən,qoruyan Tanrının onlara bəxş etdiyi “sevda” idi!
Fırtınanın üzünə qarışmış saqqalı,çatlamış əlləri,yatağa bağlanmış ayaqları artıq onun ölüm fərmanı idi.Fırtına sevdalısından sonra yaşaya bilmirdi,ancaq o gün hər şey dəyişdi…
Bu məktub qəlbimdə günəş kimi yanan Fırtınama…
Əmanətimizi qoru, Fırtınam!
Fırtınam! Bəlkə də ilk dəfədir sənə bu cür müraciət edirəm.Fikirlərimi necə ifadə edəcəm,bilmirəm.Bu kağız göz yaşlarıma şahid oldu,sən şahid olma! Zatən ola bilməyəcəksən,çünki mən burada olmayacam.Unutma ki,sənin qəlbində mən necə varsam,sən də mənim qəlbimdə başımın tacı olaraq qalacaqsan daima!
Sənin sevgin məndən böyük,söz ola bilməz,amma mənə də bu hissi yaşadan sənin sevdan olduğunu bil!Qəlbimin boşluğa düşdüyü andan səni xatırlayıram hər gecə.Hər gün danışmasaq da,qəlbimin dərinliyində bir qəlbin də nəfəs aldığını eşidirəm.O hər dəfə nəfəs aldıqca,mənim talemə yazılan qara alın yazım,sənin sevdanla gözəlləşir.Yadındamı,bilmirəm,sən söylərkən “qıymaram” sözünü sanki qəlbimdə heç böyütmədiyim o qəlb yenidən doğulur,huzur doğurur dünyama.Sən mənim dəli-dolu Fırtınamsan! Xoşbəxtlik açarı bizi bir-birimizdən ayrı saldı,ancaq mən bilirəm ki,biz bir gün qovuşacağıq! Sən olmasan,mən də olmam! Məni yaşadan qəlbimdə nəfəs alan sevdandır!
Səndən tək xahişim heç kəsə inanma! Mənim haqqımda söylənən heç bir sözə inanma! Mən yaşayıram! Mən yaşayıram….
Mən yaşayıram-deyə təkrarladı Fırtına.Gülün məktubunu oxuduqdan bəri dəliyə dönmüşdü.Göz yaşlarına bürünmüş saqqalı parçalanmış əllərini də isladırdı.Dişləriylə sıxıb qan axıtdığı dodaqları sevdalısının adını sayaqlayırdı:-Gül,hardasan? Hardasan axı-deyə bu məhkum olmuş dörd divara üsyan edirdi…
Artıq illər keçmişdi.Güldən heç bir xəbər yox idi.Fırtına xəstə yatağında kimsəsiz kimi uzanıb adını söyləyirdi.Fırtınanın ölüm vaxtı yaxınlaşmışdı.Əcəli onu gəlib aparacaqdı.Soyuq yatağında uzanan Fırtına əllərini zülmətin üsyanında göyə tutub Gülün onu tapmağı üçün yalvarırdı…Yuxularına qonaq gələn Gül acı fəryadı ilə Fırtınanı səsləyirdi.Hər dəfə yuxudan oyanarkən yatağına bulaşmış qan izləri və göz yaşları Fırtınanın fəryadını gücləndirirdi.Dəli sevdasıyla baş-başa qalan Fırtınanın yeganə çarəsi ölüm idi.
O gün yatağından zorla da olsa qalxıb qaçdı.Qaçarkən dəfələrlə yara olmuş dizlərinin ağrısını unudub,qaçırdı.Qaçdıqca Gülə olan son etirafını,son sözlərini xatırlayırdı.O əcəlinin qollarına atılacaqdı,artıq gəlmişdi də.
Qoxusunu hiss etdi.Toxunan kiçik əlləri qəlbində atırmış kimi yanmağa başladı sanki.Bu bir yalan,xəyal idi.Onlar qovuşmadısa,bu yolun sonunda necə qovuşa bilərdilər axı?!
-Sən bir yuxusan,Gül! Tərk et məni..
-Sənin keçmişin,gələcəyin də mən deyiləmmi?
-Mən keçmişimi o küçənin torpağına basdırıb gəldim.Qaranlığın içində böyüməyən qəlbim yaralı göyərçin kimi çırpınaraq gəldi bu intiharın soyuq dərəcəli tempereturuna.Bax,hava da soyuq həmişəki kimi,mənim kimi!
Göz yaşlarıyla bir-birinə sarıldılar.Gül ona sarıldıqda donub qalan Fırtına alovun içində yanırmış kimi bərk-bərk yapışdı Güldən.Bu iki sevdalı o soyuq insanların məzlumuna çevrilsələr belə,tükənməyəcək sevdalarıyla bir-birilərinə qovuşdular!
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı. Müəllif: Zaur Ustac
Земля -место казни, знай! Человек, не забывай! Яблоко раздора вспоминай, Адама вспоминай И Еву вспоминай! * * * Человек, не забывай! Тело свое вспоминай, Катастрофы вспоминай, И казнь вспоминай! * * * Человек, не забывай! Земля -место казни, знай! Земля -место казни,знай! Земля-место казни, знай! Перевод: Теране Меммед –Təranə MƏMMƏD
The Earth leads punishment! Man, don’t forgot; Remember the apple, Remember the Adam, Remember the Eve! * * * Man, don’t forgot; Remember the body, Remember the catastrophe, Remember the punishment! * * * Man, don’t forgot; The Earth leads punishment! The Earth leads punishment! The Earth leads punishment! Author: Zaur Ustaj –Zaur USTAC,
“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir. Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir çox xarici dillərə tərcümə olunub. Çingiz müəllim ictimai xadim kimi də fəaliyyət göstərir. Düşünürəm ki, dünyaşöhrətli yazıçımızın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki onu hamı tanıyır, hamı sevir və əsərlərini sevə- sevə oxuyur. Çingiz Abdullayev mütəmadi olaraq görüşlərdə olur, insanlarla ünsiyyətdən çəkinmir və hər bir görüş onu sevənlər üçün bir hadisəyə çevrilir. Vaxtının məhdudluğunu nəzərə alıb Çingiz müəllimə sadəcə bir neçə sual verdim və qısa, lakonik cavablar aldım. Qeyd edim ki, Çingiz müəllim çox pozitiv müsahibdir. Onunla ünsiyyətdən sonra insan bir çox problemini unudur . Buyurun, siz də söhbətimizin şahidi olun. Sual: Sizin yazıçı, ictimai xadim , dövlət qulluqçusu kimi xüsusi təqdimata ehtiyacınız yoxdur. Bəs bir insan kimi özünüzü necə xarakterizə edərdiniz? Cavab : Qoy başqaları mənə qiymət versin. Sual: Sosial şəbəkəyə münasibətiniz. Cavab: Bu gün sosial şəbəkələr insanlara çox lazımdır. Sual: Sizi sevənlərin sayı sevməyənlərdən daha çoxdur. Hər iki cəbhəyə nə deyərdiniz? Cavab : Sevənlərə çox sağ ol deyirəm, sevməyənlərə də təşəkkürümü bildirirəm. Onlar mənə yazıb yaratmağa mənəvi cəhətdən dəstək olurlar. Sual: Taleə, qismətə inanırsınız? İnsan öz taleini dəyişə bilərmi? Cavab : İnanıram ki, insandan çox şey asılıdır. Sual: Deyirsiniz ki, bəlkə yaxşı müstəntiq ola bilmədim deyə detektiv əsərlər müəllifi oldum. Bu zarafatdır yəqin ki. Cavab : Hər zarafatda bir az zarafat var. Sual: Axirət dünyasına inanmadığınızı bilirəm. Bu həyatda nələri etməlisiniz bundan sonra? Cavab : Nəvə toyu görməliyəm. Sual: Sizinçün insan amili maraqlıdır. Əsl insan necə olmalıdır? Cavab : İnsan müstəqil və azad olmalıdır. Sual: “Özümü heç kəsə sübut etməyə ehtiyacım yoxdur” dedikdə nəyi nəzərdə tutursunuz? Cavab : Yazıçının kitabları onun yerinə onu təmsil etməlidir. Sual: “Həyatında bir dəfə ürəkdən sevən insan daha məhəbbətsiz yaşaya bilməz” . Bu sizin sözlərinizdir. Bəs sevgisiz yaşayanlar varmı sizcə? Cavab : Təəssüflər olsun ki, 99% insan sevgisiz yaşayır . Sual: Siz dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Rusiya telekanalındaki çıxışınız heç yadımdan çıxmır. Həqiqəti sübut etmək niyə bu qədər çətin olur hərdən? Cavab : Hər zaman, hər yerdə həqiqəti sübut etmək çox çətindir. Sual: Möhtəşəm qələbə günümüzün ildönümünə az qalıb. Bu bir il ərzində şəxsən sizin həyatınızda nə dəyişikliklər oldu? Cavab : Bu il üçüncü dəfə baba oldum. Sual: Qəhrəmanlarınızın hansı sizsiniz? Cavab : “ Dronqo”. Sual: Siz bir neçə dildə sərbəst danışırsınız. Ədəbi tərcümələr də edirsiz. Yazmaq asandır yoxsa tərcümə etmək? Cavab :Təbii ki, yazmaq. Sual: Kitablarınızı özünüz redaktə edirsiniz? Cavab : Əsərlərimi heç vaxt redaktə etmirəm. Ancaq kitablarımın tərcüməsində və redaktəsində hər zaman səhvlərlə qarşılaşıram. Sual: Bütün müharibələr sülhlə bitir. Sizcə Ermənistanla Azərbaycan arasında sülh mümkündür? Cavab : Bəli, belə də olmalıdır, inanıram. Sual: Dünya miqyaslı yazıçımızsınız. Sizin əsərlər dünyanın bir çox ölkələrində çap edilir. Amma siz ruhən azərbayçanlısınız. Əsərlərinizin hamısında bir çümləylə də olsa azərbayçanlılığınızı bildirirsiniz. Sizn üçün Azərbaycan nə deməkdir? Cavab : Azərbaycan mənim Vətənimdir, doğulduğum ölkədir, anamın, atamın, nənələrimin və babalarımın qəbri olan məskən, övladlarım və nəvələrimin Vətənidir. Sual: Olum və ölüm. Nədir bunlar? Cavab : Ölümün nə olduğunu indiyədək bilmirəm . Sual: Heç özünüz özünüzə sual vermisiniz? Nə sual verərdiniz özünüzə? Cavab : Mən həyatda hələ nəyi eləməmişəm? Çingiz müəllim, bilirəm ki, vaxtınız çox məhduddur . Buna baxmayaraq mənim dəvətimi qəbul edib suallarıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və şəxsi həyatınızda müvəffəqiyyətlər arzu edirəm.
Bu gün gözəl insan, əsl ziyalı, sevimli şair İldırım Əbəroğlunun(Füzuli) anadan olduğu gündür. Ad günündə şairi rəhmətlə anırıq. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.