Etiket arxivi: Fəxrəddin Atakişi (Şamlı)

Fəxrəddin Atakişi (Şamlı)

PAYIZ

Payız etdi kefimi xeyli pərişan bu səfər,
Deyil bu, sanki, yağış, dərddi, azardı, ya zəhər.

Yağdığı həftəni ötmüş, uzanıb ay olmaya,
Bilmirəm zəhri-zökəmdən qurtulam mən nə təhər.

Yoluxduq dalbadala, hamıya gəzdirdi əlin,
Bürünür maskalara kənd-qəsəbə, həm də şəhər.

Yanır tənim od alıb, heç cürə sönmür, nə edim?.,
Nitqimi kəsdi bu zalım, canımı sıxdı qəhər.

Gəlməyir ağlıma xoş qafiyə, söz, sətrə salam,
Nə zülümlır çəkirəm; olmaya, kaş, sözdə xətər.

Mən sözə ehya edib, cani-dilimlə sevdim,
Demədim, yaxşı olar, hər yaxılan sözdü, gedər.

Partlayır baş, tutulur göz, sorasın yazmayıram,
Mən azar görməmişəm, vallahi, bundan da betər.

Öskürür, asqırırıq, zərbdi çalınan elə bil,
Nə gecə susmadı səs, nə də ki, axşamla səhər.

Onsuz da idi fəna dərdlərim üst-üstə gəlib,
Yükləsəm, çəkməz onu ya qoşa ayğır, ya kəhər.

Bu da gəlmiş üstünə, çarəsi bənd parələrə, Yaxşı ki, parəsizin canına ilk çarədi tər.

Sizi Allah qorusun, hər bir azardan, dostlar!.,
Diləyin hər azara çalmağı Şamlıya zəfər.

21.10.2024.

Müəllif: Fəxrəddin Atakişi (Şamlı)

Fəxrəddin Atakişi (Şamlı)nın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fəxrəddin Atakişi (Şamlı)

“SÖZÜ AT, YİYƏSİ GÖTÜRƏR.”
…BƏLKƏ MƏNƏ SƏN DEYƏSƏN
Baxıram, çoxdu yazan “şeir”inə: -“Əladı, super!”,
Niyə mən anlamayam, bəlkə mənə sən deyəsən?..
Zehnimə, duyğuma bilməm belə kim çəkdi çəpər,
Etməyib şeirini tərif, bəlkə, təhlilləyəsən?.,
Niyə mən anlamayam, bəlkə mənə sən deyəsən?..


Yoxdu mənası sözün, cümlə yava, noxtası yox,
Nə fikir hasil olur, sözdü qısır, axtası çox.
İndi şair deyilən saf kişi az, saxtası çox,
De bilim yazdığını, ləhlilöyün etməyəsən,
Niyə mən anlamayam, bəlkə mənə sən deyəsən?…


Bilmirəm hardan alıb, söz qoşursan leksikona,
Arasam da, tapmadım, lüğəti çatdım da sona.
Mən buna şeir deyib, büründürüm hansı dona,
Nə şeir inciməyə, nə şeirin üstündə əsən?
Niyə mən anlamayam, bəlkə mənə sən deyəsən?..


Elə dostun da yazır, guya ki, sərbəstdə yazır,
Bilmirəm, xəstə yazır, yoxsa ki, sərməstdə yazır.
Elə bil ki, hamınan durub bəhsəbəhsdə yazır…
Oxuyub, ah, neçə yol, anlamayıb, əsnəyəsən?
Niyə mən anlamayım, bəlkə mənə sən deyəsən?..


Qanmayanlar oxuyub, sandı, dərin yazdığını,
Deyənin olmadı heç bəhs səni allatdığını.
Azmı gördün adamı həvəsin oynatdığını,
Yazdığın vasvasıya, bəs, acıyıb gülməyəsən?!
Niyə mən anlamayam, bəlkə mənə sən deyəsən?..


Hələ bir quş atırsan “şeir”ini bəyənməyənə,
Bilmədin ağrısı var duyub, amma dinməyənə.
Təşəxxüsün qoymayır mərtəbədən enməyinə,
Qınayırsan hamını, az qalır tənbehləyəsən…
Niyə mən anlamayam, bəlkə mənə sən deyəsən?..


Görüb bəyənmə sayın, öz-özümə xoflanıram,
Gah özümü duyğusuz, gah da ki, paxıl sanıram.
Amma ki, ay Allahım, mən axı bir şey qanıram,
Mən qanana neyləyim, qanmayana neyləyəsən?
Niyə mən anlamayam, bəlkə mənə sən deyəsən?!..


Oxuya bilməyirsən heç sən özün yazdığını,
Duyan dodaq qaçırır görüb sözdə azdığını.
O qədər ayırmıram Elzadan sözbazlığını,
Şamlının qulağını salmısan niyə küyə sən,
Mən niyə anlamayam, bəlkə mənə sən deyəsən?!..

08.09.2024.

Müəllif: Fəxrəddin Atakişi (Şamlı)

Fəxrəddin Atakişi (Şamlı)nın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru