“İşığam, çəkirəm qaranlığa dağ” – Fikrət Qoca

Ailəmizdən bu dünyada durub qalanlarımızın bir qismiylə, bacımla mən də görüşünə getmişdik bu gün.
Hava buludluydu. Sakitdi… Ətrafında hər şey sənə bənzəyirdi; təvazökarlıqla açılmağa başlayan qızılgüllər də, səliqəli, zərif, amma kölgəsini əsirgəməyən ağac da, yamyaşıl etibarına, torpaq qüvvəsinə ərk edə biləcəyin otlar da… Huzurun, səssizliyin içində elə bildim, həmişəki zümzümən gəldi qulağıma. Deyirdin axı:
Mən bir nəğməyəm-gözünüzə görünmüşəm.
Şehlərə dönmüşəm,
yarpaqlara dönmüşəm.
Mən güləm,
Gülün ətri də mənəm.
Qəzəb söndürənəm,
Kin əridənəm.
İşığam, çəkirəm qaranlığa dağ
küçələrə keşik.
Evlərin bir beşik
sevinciyəm.
Yorğun ayaqlara dincliyəm.
Mehribanlığam-
yaraşıram baxışlara.
Təbəssüməm-yaraşıram üzlərə.
Günəşəm-yaraşıram gündüzlərə.
Mən bir nəğməyəm, oxuyun məni.
Səpələnmişəm-
Gözəllərin yanağında xallaram.
Çiçəklərəm çöllərdə,
Dağlarda dumanam.
Bir nəğməyəm,
Sözlərim bütün gözəlliklərdir-
onların adını düzün yan-yana.
Mən bir nəğməyəm,
Bütün gözəlliklərə parçalanıb
Səpilmişəm
Cahana!…
Çox inanıram lap gənc yaşında yazdığın bu şeirin həqiqətinə, sən gedəndən hər oyandığım gün inanıram… Yeni dünyanda yeni yaşın mübarək, Fikrət Qoca.

05.05.2024 – Bakı.

Güldəniz Qocayeva

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir