Fotoşəkildəki oturan qadın Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadədir. Ayaq üstə dayanan isə Xalq yazıçısı Mehdi Hüseynin həyat yoldaşı Fatma xanım Hüseynovadır. Şəkil 1932 – ci ildə çəkilib, yəni Mikayıl Müşfiqin amansız qətlindən 5 il öncə.
Nizami Gəncəvinin məzarını açan şəxs arxeoloq İshaq Cəfərzadə olub. O, şairin nəşinin Gəncədəki məqrəbədə dəfn edilməsinə başçılıq edib. Tanınmış Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi İshaq Cəfərzadə ilk elmi axtarışlarına Gəncədə başlayıb. O, böyük mütəfəkkir, şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə başçılıq edib. Bu elmi fəaliyyətin nəticəsində qədim Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, yaşayış yerləri, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdır… Elmi fəaliyyəti zəngin və çoxşaxəli olan İshaq Cəfərzadənin adı çəkiləndə daha çox “Qobustan qayaüstü rəsimlər” xatırlanır. Bu, təsadüfi deyil. Çünki 1939-1950-ci illərdə Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi ilk dəfə İshaq Cəfərzadə tərəfindən aparılmış, 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. Qobustan abidələri 1939-cu ildə aşkara çıxarılsa da, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar (1939-cu ilin sentyabr ayı -M.R) burada geniş tədqiqatların aparılması mümkün olmamışdır. 1947-ci ildən başlayaraq İshaq Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl, sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə almışdır. Bu rəsmlərin hamısı alimin həyat yoldaşı, tədqiqatlarda onun ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından biri olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü… İshaq Cəfərzadənin ən məşhur əsəri isə “Qobustan”dır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, alimin uzun illər apardığı tədqiqatların, araşdırmaların nəticəsi olan “Qobustanın petroqlifləri” əsəri dövrünün məkrli insanları tərəfindən məhv edilib. Səfiyyə xanımla birgə qələmə aldığı “Abşeronun qəbir daşları” əsəri isə “Elm” nəşriyyatında yerli-dibli yoxa çıxıb.
Xalq yazıçısı Süleyman Rəhimov və şair, dramaturq Mirmehdi Seyidzadə. Ötən əsrin 70-ci illəri. Bu gün Süleyman Rəhimovun doğum günüdür. Kiminə görə onun çoxcildli “Şamo” romanı qəşəngdir, kiminə görə “Kəsilməyən kişnərti” əsəri, “Mehman”ı və digərləri. Mənə görə Süleyman Rəhimov yaradıcılığının gücü onun “Saçlı” romanında təzahür edir. “Saçlı” əsəri, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ən gözəl 10 romanı içərisində ilk sıralarda dayanır.
Nadir fotolar silsiləsindən Bu foto Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın dəfn günü çəkilib. Soldan: Oleq Sarayev (Sara xanımın oğlu, Tağıyevin nəvəsi), Fuad Abdullayev (Sara xanımın nəvəsi, Tağıyevin nəticəsi), Rəsmi Abdullayev (Sürəyya xanımın oğlu, Tağıyevin nəvəsi), Püstəxanım Əzizbəyova (Dövlət Tarix Muzeyinin direktoru, akademik), Lev Sarayev (Sara xanımın oğlu, Tağıyevin nəvəsi), Dmitriy Sarayev (Lev Sarayevin oğlu, Sara xanımın nəvəsi və Hacı Zeynalabdin Tağıyevin nəticəsi). Foto 1991-ci ilin 15 dekabrında, Dövlət Tarix Muzeyində çəkilib.
Abbas Mirzə Şərifzadə həyat yoldaşı Hənifə xanım və böyük oğlu Ərtoğrolla. 1923-cü il. Görkəmli aktyor, Azərbaycan SSR Xalq artisti Abbas Mirzə Şərifzadə dekabrın 4-də evində həbs olunur. O, Hüseyn Cavidin və Mikayil Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılır. Etiraz olaraq “ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm” deməsinə rəğmən noyabrın 16-sı, 1938-ci ildə güllələnir. Abbas Mirzə Şərifzadə iki dəfə ailə həyatı qurub. Fotodakılar, yuxarıda qeyd etdiyim kimi, onun həyat yoldaşı Hənifə xanım və oğlu Ərtoğroldur. Çox insan onun Hənifə adında həyat yoldaşının və Ərtoğrul adında oğlunun olduğundan xəbərsizdir. Ona görə bu fotonu seçdim ki, izləyicilər bu məlumatdan hali olsunlar. Abbas Mirzə Şərifzadə 1921-ci ildə Hənifə Akçurina ilə ailə qurur. Bu evlilikdən onların iki oğlu olub. Abbas Mirzənin ikinci həyat yoldaşı isə aktrisa Mərziyyə Davudova olub. 1936-cı ildə onların hər ikisi Xalq artisti adına layiq görülüb. Cütlüyün Firəngiz adlı qızları doğulub. Firəngiz Şərifzadə də sonralar valideynlərinin yolunu davam etdirərək aktyorluq sənətini seçir. Bu gün Abbas Mirzə Şərifzadənin doğum günüdür. O, səhnəmizin ilk “Hamlet”i idi…
Fotoda ortada əyləşənlər Ulu öndərin atası Əlirza Əliyev və anası İzzət xanımdır. Soldan ikinci, ayaq üstə dayanan ağ köynəkli uşaq Heydər Əliyevdir. O, burada 7 yaşındadır. Ümummilli liderin yanında, atasının qucağındakı qardaşı Aqil Əliyevdir, anasının qucağında olan uşaq isə Cəlal Əliyevdir. Heydər Əliyevin solundakı (fotoda solda) bacısı Surə xanımdır. İzzət xanımın yanındakı Hüseyn Əliyev, arxa sırada dayanan ucaboylu xanım qonşuları Xurşud, onun yanındakı izə İzzət xanımın qardaşı qızıdır.
Fotoda Ümummilli lider Heydər Əliyev və bacısı Şəfiqə xanım Əliyeva. Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib. Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, “Canlı aləm haqqında əhvalatlar”, “Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları” adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş “Mənim anam”, qardaşı, mərhum akademik Aqil Əliyev haqqında “Xatirəyə dönən illərin işığında” kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Ziyalı” qəzetinin və “Elm və mədəniyyət” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bununla belə Şəfiqə xanım “Qızıl qələm” mükafatına layiq görülüb. Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. * * * * * Şəfiqə xanım anası İzzət xanıma həsr etdiyi “Mənim anam” kitabında yazır: “…anam İzzət xanım oğlanlarından abır edər, bir dəfə də olsun, başı açıq onlarla üzbəüz oturmazdı. Qardaşlarım ağlı kəsəndən onu bir dəfə də olsun, başı açıq görmədilər. Hətta xatirimdədir, bir dəfə mən evdə onun başını darayardım. Qəflətən qapı döyüldü. Anam Heydər qardaşımın gəldiyini duyub tez kəlağayısını başına örtdü. Ana-övlad pərdəsini anam əvvəldən bu cür hörmət saxlamaqla qoruyurdu”. “Dua edərkən səssizcə ağlayardı” “Anam bütün varlığı ilə Allaha bağlı olan bir qadın idi. Hər kəlməsində, hər cümləsində Allahı vəsf edərdi. Oruc tutar, namaz qılar, matəm saxlardı. Qonşumuzda bir seyid qadın yaşayırdı. Adı Ələviyyə xanım idi. Şeyx qızı olduğu üçün dini təhsil almışdı. Cümə axşamları axşam üstü anam tədarük görər, samovar qaynadıb, süfrə açardı. Ələviyyə xanım gecədən sübhədək Quran oxuyar, anamla birgə namaz qılardı. İlahi, insanda nə qədər səbir, təmkin, Tanrı sevgisi olarmış?! Bu Tanrı sevgisi bitib tükənməzdi. Hər gün qıldığı namazdan sonra etdiyi duaları sakitcə dinlərdim. Tam səssizlik hökm sürən evimizdə anamın pıçıltılarla, asta-asta etdiyi dualar qəlbimi riqqətə gətirir, ürəyimi Allah nuru ilə doldurardı. Anam çəkdiyi məşəqqət və acıların müqabilində Allahdan xalqımıza, əmin-amanlıq diləyər, balalarına can sağlığı arzulayardı. Onun Allah dərgahına qalxan əlləri titrəyəndə bilərdim ki, anam səssiz-səmirsiz ağlayır: özümü görməzliyə vurardım”. “Çadrası həmişə ütülü, tərtəmiz olardı” “Anam gözəllik mücəssəməsi idi. Hündür boyuna, düz mütənasib bədən biçiminə görə bütün qadınlardan seçilərdi. Zil qara saçları girdə ağ üzünə xüsusi gözəllik verirdi. Yaşıl mehriban gözlərindən süzülən nurani baxışları ilə üzü şəfəqlənərdi. Mən onu anam olduğu üçün tərifləmirəm. Anamın zərif üz cizgilərini fotoşəkildən də müşahidə etmək olar. Naxçıvanda qadınlar çadra örtərdilər. Qonşu qadınlar adətən, toya-yasa gedəndə məclis paltarlarında olardılar. Mən bu qadınlarla anamı müqayisə etməyi sevərdim. Qonşu qadınların çadralarının səliqəli olub-olmamasına diqqət edərdim. Çünki anam özü səliqəli, təmiz geyindiyi kimi məni də tərtəmiz, səliqəli geyindirməyə çalışardı.”
Hacı Zeynalabdin Tağıyev oğlu Məhəmmədi evləndirmir. İstəsəydi, o zaman dünyanın ən dəbdəbəli toyunu edə bilərdi. Amma bunu etmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin, necə deyərlər, atasının var dövlətinə arxalanmadan bərkə – boşa düşsün. Oğlu da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır… Diviziyada xidmət göstərən cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar: görəsən, güllə kimin başında açılacaq? Hacı Zeynalabdin Tağıyevin həmin diviziyada – Lənkərandakı “Vəhşi diviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd də bu yolla bəxtini yoxlayarkən tapança açılmış və onu öldürmüşdü. Bu hadisə o illərdə böyük səs-küyə səbəb olmuşdu; bütün Bakı hacının “canına qəsd edən” oğlundan danışırdı. Bəziləri isə Məhəmmədin hər hansısa bir qruplaşma tərəfindən öldüyünü dilə gətirirdi… Alay yoldaşlarından bir dəstə zabit cənazəni Bakıya gətirirlər, dəfn-kəfndən sonra zabitlər geriyə qayıdarkən İmamverdi körpüsündə bir dəstə Qızıl qvardiyaçı matros onları tərksilah edir. Bu hadisədən “Dikaya diviziya”nın şəhərdəki başçıları bərk narazı qalırlar. Hacının qızı Sara xanım xatırlayırdı: “Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. İlk oğlu idi. Hamıdan çox onu sevirdi. On səkkiz yaşı vardı… Bir qıza vurulmuşdu. Anam çox cəhd etdi, Hacı dedi ki, çox cavandır, qoy bərkdən-boşdan çıxsın. Yeznəmiz, Şəmsinin oğlu Əli Əsədullayev dilə tutub Məhəmmədi apardı Lənkərana – “Dikaya diviziya”ya. Müsəlmanlara kommuna icazə vermirdi Bakıda silahlı qoşun saxlasın. Ona görə Lənkəranda hərbi hissə düzəldirdilər. Anam qoymurdu getsin. Üç dəfə adam göndərdik ki, qaytarsınlar. Baş tutmadı. Məhəmməd qulaq asmadı. Görünür taleyi belə imiş. Nə isə… Ölməmişdən iki ay əvvəl Məhəmməddən məktub almışdıq. Yazırdı ki, töylədə yatırıq, başımızın altında yəhər… Məni Hacının kabinetinə çağırdılar. Bacım Leyla da orada idi. Atam ağlayırdı, saqqalından yaş damcılayırdı. Mənə bir teleqram uzatdı. Oxudum: “Мамед застрелился”. Əvvəl anama demədik. Əli cənazəni Bakıya gətirib, birbaşa “Təzə pir” məscidinə apardı, kəfənlədib qoydurdu tabuta. Atam zala xalı-xalça döşətdirdi. Mollalar gəldi. Matəm mərasimi başladı. Bibiheybət məscidi yanında yerimiz vardı. Qəbiristanda hasara alınmışdı. Əvvəlcədən bir neçə qəbir hazırlayıb üstünü örtmüşdülər. Məhəmmədi orda basdırdılar. Babam və nənəmin də qəbri orada idi. Anam əhvalatı biləndə ürəyi getdi. Bayıldı. Ondan sonra huşunu itirdi. Tez-tez qəbir üstə gedirdi” Mənbə: Manaf Süleymanov. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” Bakı-1987. Manaf Süleymanov: “Azərbaycan milyonçular: Hacı Zeynalabdin Tağıyev” Bakı-1996.
Unudulmaz azərbaycanlı yazıçı, şair, pedaqoq və tərcüməçi, nasir Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində, yoxsul bir ailədə dünyaya göz açıb. Behrənginin atası İzzət kişi fəhlə olub, ailəsini böyük çətinliklərə dolandırıb. Onun gənc yaşda vəfat etməsi ilə altı uşaqlı ailə başsız qalıb. Səməd Behrənginin anası Sara xanımın xatirələrində deyirdi: ” Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir… “ Səməd Behrəngi ilk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və digər bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. Bu illər ərzində həm də Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb. Oranı 1961-ci ildə bitirib. Gənc yaşlarından kiçik həcmli hekayələr, şeirlər yazan Behrəngi Azərbaycan ədəbiyyatında daha çox “Balaca qara balıq” hekayəsi ilə tanınıb və məşhurlaşıb. Bu hekayə yazıçıya böyük uğur gətirdiyi kimi, həm də dövrün siyasi rejimi ilə qarşıdurmaya səbəb olub. Behrəngi uşaqlar üçün yazdığı əsərlərində daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən dəfələrlə hədə-qorxulara, təzyiqlərə məruz qalmışdı. Buna baxmayaraq o, qələmi ilə xalqa güzgü olmuş, aqibətinin necə olacağını hiss etdiyi halda qorxmadan mübarizə aparmış və şah rejiminin təqiblərinə baxmayaraq, geri addım atmamışdı. Səməd Behrəngi 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Bununla yanaşı, o, dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş, burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir.
Qarşıda iki sahil – iki yad bayraq durur, Vətən Xudafərindən dağılmış bir tağ durur, Bu qanlı hekayətin tarixi uzun, Səməd, Şahid – Arazdan çıxan qara kağızın, Səməd.
Keçdi alın yazımız o yazının üstündən, Xainlər körpü tikdi Arazının üstündən. Budur tarixə keçmiş bir imzanın hədəsi, Öndə düşmən əsgəri, keşikçi məntəqəsi.
Yaşanan ümidlərin keçmişi xarabalıq, Yem oldu nəhənglərə “balaca qara balıq”. Üzündə qan rəngi var zaman ötmüş suların, Hələ də bir savaşda azadlıq arzuların.
Hələ də sevdalılar bu yolda candan keçir, Araz Xəzərə doğru Suqovuşandan keçir. Hələ də fironlara hər dövrün Musası var, Bu işlər belə getməz, bunun bir qisası var.
Səməd Behrəngi 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar, lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb. Ancaq Səməd Behrənginin yaradıcılığına və mübariz ruhuna olan təzyiqləri, qatı münasibətləri, onunla eyni taleyi yaşayan digər azərbaycanlı yazıçı və şairlərin aqibətini göz önünə gətirsək, yazıçının ölümünün heç də sıradan bir hadisə olmadığı bizlərə aydın olur…30 yaşın astanasında dünyaya gözlərini yuman Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.