Gecənin hansı aləmi idi, bilmədi. Amma, bərk susadığının fərqindəydi. Durub işığı yandırdı . Yuxusu çəkildi. Otaq azca soyuq olduğuna görə, xalatı da geyinib mətbəxə tərəf addımladı. Mətbəxin də işığını yandırdı. Qrafindən billur stəkana su süzüb içdi. Lap sonuncu damlanı udanda qəflətən işıqlar söndü. Elə bil bir otaq yox, bütün yer üzü zülmətə qərq oldu.Stola, stula, qapıya çırpıla-çırpıla, əl havasına otağına dönməyə çalışırdı. Dodağının altında “bu vaxtı işığı keçirərlər?” deyib əsəbi şəkildə mızıldanaraq zala tərəf getdi. Bu anda qaranlığın içindən, dəhliz tərəfdən şirin, qayğıkeş bir səs “indi yandırıram işığı, gözlə”-dedi.Ürkütücü zülmətin içindən gələn o səs o qədər doğma gəldi ki…Gözlərini dəhliz tərəfə zillədi. Dəhlizə elə bil yeni bir qapı açıldı. Qapıdan gur işıq sürünə-sürünə evin içinə, otaqlara, mətbəxə, yataq otağına, zala doldu. Ev sanki işıq saçırdı. Bəmbəyaz, süd kimi işıq…Gözünü nura boyanmış evdən çəkib dəhliz tərəfə baxdı.Əynindəki qara gödəkcədən tanıdı…Odur!Dəhlizdə durub heyranlıqla, həsrətlə ona baxan oğlanın baxışlarından utandı, başını aşağı saldı. Bu zaman əynində çoxdan lap çoxdan dərzidə həvəslə tikdirib, geyindiyi, üstündə kiçik-çəhrayı çiçəkləri olan ağ paltarını görəndə təəccübləndi. “Nə vaxt geydim mən bunu…axı illər əvvəl…”Oğlanın səsi onu düşüncələrindən ayırdı:-Salam…-Salam..-Nətərsən? …Yaxşısan?…Niyə dillənmirsən?- …Nə deyim?- De ki,yaxşıyam, sən nətərsən ay yaraşıqlı oğlan, ay gözəl oğlan?-dedi və xəfifcə güldü.-Tanıdın məni?Qız başını aşağı-yuxarı yellədi.Yenə düşünməyə başladı.” Mən onun şəklini harda gördüm??? Ay Allah, gördüm eee, harda?”…- yenə yadına heç nə sala bilmədi…- Çox bəyəndinmi, məni?Qız pörtdü.” Bunu kim çatdırdı, tezcənə, yəqin komandir dedi”-düşündüyü an oğlan yenə gülümsədi:-Yorma özünü, mən özüm hiss elədim..-Hardan?-Mən polisəm axı. Hər şeyi hamıdan əvvəl bilirəm… Sənin neçə yaşın var?-21…Bəs sənin?-Mənim 24…Düşür, düşür- dedi və yenə ucadan güldü.-Düşmür! Sənin sevdiyin var!-.Hmmm… Komandir dedi eləmi?..Bəzən insanlar imkansızı sevir. Bilirsən, anlayırsan ki, o sənə aid deyil, sənə məxsus deyil, amma özünlə bacara bilmirsən… Bir qız vardı sinfimizdə, balaca vaxtı onu sevirdim…Çox gözəl idi. Sinfimizdə oğlanların hamısı o qızı sevirdi. Amma qız heç birimizi sevmirdi.Gözünə girməkdən yorulmuşduq. Əlinə kitab almayanlar qızın gözünün qabağında müəllimdən tərif alsın deyə yarışa girmişdilər, hər gün dərs danışırdılar. Hələ sinfimizdə bir oğlan vardı, qızlar bayramında onu təbrik etmək üçün Kirsin yaxasından ona qargülü yığıb gətirmişdi.-Qız o oğlanı sevdi?-Yox. Qız oğlandan gülü alan kimi aparıb müəlliməyə verdi. Onu təbrik elədi. Biz əsgərlikdən döndük ki,qız ailə qurub, amma xoşbəxt olmayıb. Evlərinə dönüb. Amma yenə də gözəl idi…-Yaxşı olub!-Elə demə…İndi burda sənə etiraf edirəm axı… mən onu çox sevdim. Lap çox…-Alaydın da…- qız narazı səslə dilləndi.-Nənəm məni asardı – dediyi anda qayğılı simasına yenə bir gülüş qondu.-Komandir sonra nə dedi?-Dedi ki, çox zarafatcılsan, hələ…- qız ucadan güldü. Elə gözəl, şirin güldü ki, oğlan da ona qoşuldu.-Nə dedi. de də…-Dedi ki, sonuncu döyüşdən əvvəl gülə-gülə deyirmişsən ki, komandir, Allah eləsin ölməyim, ölsəm biabır olacam. 2 aydı çimmirəm, bədənim “şaqqıldaq” bağlıyıb… Ermənilərin yanında xəcalətli qalacam….Yenə hər ikisi ucadan qəhqəhə çəkib güldü. Qız gülə-gülə oğlanı birdə süzdü. Qapqara, qıvıcıq saçları, qapqara gözləri-qaşları, ağğappaq mirvariyə bənzər dişləri, mirvarini “çəpər ” ə almış dolu dodaqları… Bığı da elə bil bu yaraşıqlı “ansambl”ın bir üzvü idi. Yenə düşünməyə başladı.”Mən onu harda görmüşdüm axııı…”-Belə oldumu, komandir? İndi məndə sənə komandirdən bir lətifə deyəcəm. Deməli, bizim komandir həmişə siqaret qutusunu döş cibinə qoyurdu. Elə ki, o lənətə gəlmişlər ermənilər onu əsəbləşdirdi, hirsəndirdi, komandir başlayırdı siqaretin axtarmağa. Əvvəlcə şalvarının arxa ciblərini eşələyərdi, sonra yan cibləri ”senzura”dan çıxarardı, ən sonra əlini döş cibinə atıb qutunu götürərdi. Gülməyimi zorla sıxıb saxlayırdım.- Niyə saxlayırsan ki… Güləydin də…- Dədəm (ata) bizə acıqlananda bizi vurmazdı, amma bir baxışları vardı,.. adamı ayaqüstə “öldürürdü”. Dərsimizi oxumayanda nənəm (Ana) “dərsimizi” oxlavla verirdi, heç vecimizədə olmurdu. Amma dədəmin baxışları!!!… Bax, komandirdə də elə bir baxış vardı … Əsəbləşəndə çəpəki, gözünün”quyruğu” ilə adama elə baxırdı, günahın olmasa da, adamı tər basırdı. Hamısı üçün elə darıxmışam…-Get görüş də, nə çətin işdi?Oğlan başını aşağı saldı, üzü yenə qayğılandı:-Axı, onlar mənim üçün heç darıxmırlar…Nə vaxtdandı adımı da çəkmirlər…Adımı ağızlarından eşitsəm yanlarına gedərdim. Bax, sən məni görmək istədin, gəldim…- Heç, kimdənsə qorxmusan?- Yox! Hə bir dəfə…Rusiyada hərbi xidmətə getmişdim. Elə bir hərbi-hissəyə düşdüm ki, özümdən başqa bir dənə azərbaycanlı yox idi. Onda rusların bir “dembl”i vardı. Məndən 2 metrdə uzun, enli sarı oğlanıydı. Yanında 4-5 nəfər də özü kimisi…Mənə əmr elədi ki, onun “batinka” sını silim. Hamısı diqqətlə mənə baxırdı. Sakitcə, batinkanı əlimə götürdüm və bütün var gücümlə onu rusun üzünə çırpdım. Rusun düz qaşının üstündən qan sanki fəvvarə vurdu. Rusun üzü, üstü-başı qan oldu. Yanındakı “cəngavərlər”də süst qalmışdılar. Özlərinə gələndə isə “demblin” qolundan yapışıb hamama tərəf apardılar. Bax, ilk dəfə onda insan qanı gördüm. Insan qanı axıtdım, deyə çox qorxmuşdum. Həmin gündən özümə söz verdim ki, idmanı öyrənim, mənə ilişənləri idmanla susdurum, qanını tökməyim.Heç nədən qorxmuram! Amma…Mən unudulanda, adım çəkilməyəndə çox həyəcanlanıram. Elə bilirəm öldüm… Həə, bir də ölməkdən qorxuram, unudularaq ölməkdən…- deyib yenə güldü-Bax sən, adımı çəkdin, çağırdın məni, məni görmək, söhbətləşmək istədin.. Mən də sevinə-sevinə gəldim. Amma deyəsən, getmək vaxtıdı.-Hara gedirsən?-Uzaqlara, burdan çox uzaqlara..- Hara eyyy, hara?Şuşaya?Oğlan duruxdu. Udqundu.Yenə üzü, gözlərləri kədərə büründü:-Yox, Şuşaya tərəf getmirəm, bir dəfə getmək istədim. Həm də Cıdırdan enib getmək istədim..Qız hövsələsizcəsinə:-Getmədin?-deyə soruşdu.-Yox… gedə bilmədim. Şuşadan elə bir qoxu, elə bir iy gəlirdi ki…O iy məni vurdu, ürəyim bulandı.-Bəs, şuşalılar deyir, Şuşadan qışda da gül-çiçək qoxusu gəlir. Təmiz hava. Cənnət şəhər…- Hə şuşalılar orda olanda elə idi… indi yox… Tez uzaqlaşdım ordan. İndi qalacaq yerim Kirsdədi.-Ordan Şuşa görünür?-Ordan bütün Qarabağ görünür…Bir dəfə elə kədərləndim. Çayın yaxınlığında 4 nəfərlə postda idik. Çaya yaxın bir dənə ağac vardı…. “ştıknoj”la ağacın gövdəsini oyub, ora adımızı yazmışdıq. Tez-tez ora da gedirdim, sonuncu dəfə gedəndə ağacı yerində tapa bilmədim… kəsib apamışdılar!Qız:Kədərlənmə…-dedi. Amma təsəlli üçün nə deyəcəyini kəsdirə bilmədi.Qızın kədərlənməsi oğlanı bir az özünə gətirdi. Ürəyi razı olmadı o kədərlənsin. Tezcə soruşdu:-Düzünü de, mən doğrudan göyçəyəm, yaraşıqlıyam? – Hər ikisi ucadan güldü.-Yaxşı, gözəl, mən getməliyəm!-Getmə!-Olmaz! Komandir bizə həmişə deyirdi ki, heç kəsin etibarından istifadə etmək olmaz! Etibar elədilər, buraxdılar, qayıtmasam, bir də səninlə görüşə gələ bilmərəm axı..-Nə yaxşı gəldin!-Nə yaxşı çağırdın!Otaq yavaş-yavaş toranlaşmağa sonra isə yenə zülmət qaranlığa qərq oldu.Qız yenə əl havasına yataq otağına keçdi. İndi hiss etdi ki, gözündən yuxu tökülür. Tir-tap özünü çarpayısına atdı. Heç əynindəki bozarmış köhnə xalatıda soyunmağa heyi olmadı.Səhər yuxudan duranda hiss elədi ki, başı “şişib” lap qazan boyda olub.Güzgünün qarşısına keçdi, özünü görəndə qeyri-ixtiyarı”bismillah ” dedi. Axı o axşam 22 yaşlı, ağ çiçəkli donu olan gənc-gözəl qız idi… “Bu nəydi Allah! Başım xarab oldumu?”-deyib, adəti üzrə dünəndən söndürdüyü kompyüteri açdı. İnterneti ələk-vələk elədi. Birdən qarşısına çıxan fotonu fotodan gülümsəyən qaragözlü oğlanı görəndə anidən ürəyi bərk-bərk çırpındı, Əlləri əsə-əsə şəkilə sığal çəkdi, kövrəldi. Şəkilin yanında yazılan sözləri oxuyanda isə hönkürtü ilə ağlamağa başladı.
“1991-cü ildə Şuşa uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Subay id. Bu gün onun doğum günüdür! Ehtiramla anırıq!”
İmdat Avşar: “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim
həyatım boyu daşıyacağım ən şərəfli medalımdır…”
Beş gündür ki, İstanbulun məşhur Sirkəci meydanında Uluslararası Dərgi günləri keçirilir. Türkiyədən və Türkiyənin hüdudlarından kənardan yüzlərlə dərginin qatıldığı bu fuar yazar Asım Gültəkinin əziz xatirəsinə həsr olunub. Asım Gültəkin Türk ədəbi mühitində sadəcə bir yazar olaraq deyil, özəlliklə gənclərin dərgi çıxarması üçün çalışan, gənc qələm adamlarını dərgilərdə yazmaq üçün yönləndirən və eyni zamanda fuarların keçirilməsinə öncülük edən bir isim kimi tanınmaqda və rəhmətlə anılmaqdadır. Dünya Dərgilər Birliyi (DERGİBİR) tərəfindən düzənlənən fuarda böyük Ahmet Kabaklının mənəvi mirası kimi əziz bildiyimiz, bu il 50-ci ildönümünü qeyd edəcək “Türk ədəbiyyatı” dərgisi də iştirak edir.
Cumhuriyyət dönəmində Türkiyənin əsas ədəbiyyatşünaslıq mərkəzlərindən biri olan və Türk dünyasının dörd bir yanından axışıb gələn ziyalıların müqəddəs ocaq bildiyi Türk Ədəbiyyatı Vəqfini yaratması və Vəqfin ayrılmaz bir parçası olan “Türk ədəbiyyatı” dərgisini təsis etməsi Ahmet Kabaklının ədəbiyyat və mədəniyyət tariximizdə gerçəkləşdirdiyi əvəzsiz xidmətlərindəndir.
Ahmet Kabaklı Türk ədəbiyyatı tarixində ədəbiyyat nəzəriyyəsi ağırlıqlı ədəbiyyat tarixçiliyi elmi məktəbinin yaradıcısıdır. Və baş redaktoru olduğu “Türk ədəbiyyatı” dərgisi ədəbi-elmi-publisistik yönləriylə milli düşüncənin gəlişməsində bir mərhələ, təmayül, məktəb olmuşdur. Fuad Köprülü, Cəmil Meriç, Mehmet Kaplan, Erol Güngör, Niyaz Yıldırım Gençosmanoğlu, İsgəndər Öksüz, Əminə İşınsu, Ömər Lütfü Mete kimi milli düşüncəli aydınları öz ətrafında toplayan dərgi 50 ildir ki, kəsintisiz yayınlanmaqla türk mədəniyyətinə və ədəbiyyatına hizmətdə bulunmaqdadır.
Yarım əsrlik tarixi və zəngin ədəbi ənənələri olan dərgiyə yarım ildir ki, Ədəbiyyatımızın fədakar dostu və təbliğatçısı İmdat Avşar redaktorluq edir. İmdat bəyin baş redaktorluğu ilə işıq üzü görən hər bir buraxılış uzun illərin sınağından çıxmış təcrübəyə əsaslandığı, kökə bağlı olduğu kimi, eyni zamanda yeni ruhu, yeni nəfəsi ilə həm Türkiyədə, həm də Azərbaycanda böyük rəğbət və maraqla qarşılanmaqdadır.
Görüşlərin birində azərbaycanlı müxbir sayın baş redaktora belə bir sualla müraciət edir: “İmdat bəy, sizin yaradıcılığınızı izlədikcə Türkiyə, Azərbaycan, Qazaxıstan və eləcə də digər türk dövlətlərindən çoxsaylı mükafatlarla ödülləndirildiyinizi müşahidə edirik. Zəhmətlərinizin bəhrəsi olan bu mükafatlar hamısı Sizin üçün eyni doğmalıqdadırmı, yoxsa özəl olaraq ayrıca dəyərləndirdiyiniz biri varmı?”
Bədii yaradıcılığı, tərcüməçilik və redaktorluq fəaliyyəti ilə çağdaş türk ədəbiyyatında ədəbi-bədii, fəlsəfi-estetik fikrin formalaşmasında misilsiz xidmətləri olan İmdat Avşar müxbirin sualına belə cavab verir: Bəli, mən bu günə qədər Türk dünyasından çoxlu sayda mükafatlar almışam. Fəqət “Türk ədəbiyyatı” dərgisinə baş redaktor seçilməyim mənim həyatımda aldığım və ömrüm boyu şərəflə daşıyacağım ən qiymətli medalımdır…”
Dəyərli baş redaktorun ruh yüksəkliyi ilə verdiyi bu cavab gördüyü işinə təkcə peşəkarlıqla deyil, həm də bu şəkildə qutsal bir görəv kimi yanaşması İmdat Avşarın hər addımıyla “Türk ədəbiyyatı”na böyük məsuliyyət və ədəbi vicdanla xidmət edəcəyindən xəbər verir.
Dərgidə yer alan araşdırmaların məntiqiliyi və elmi səviyyəsi, bir-birindən maraqlı informasiyaların dərin məna tutumu, bədii əsərlərin: hekayə və şeir güldəstəsinin poetik ifadə özəllikləri, elmi-publisistik mətnlərin, müsahibələrin xüsusi bir nizamla düzülüşü, dərginin məsuliyyətli baş redaktorla bərabər yüksək peşəkarlıqla çalışan yaradıcı heyətinin yorulmaz əməyini gözlərimiz önündə sərgiləyir.
Vəqfin başqanı dəyərli Sərhat Kabaklının və baş redaktor İmdat Avşarın gənc nəslə böyük etimad, qayğı və diqqətinin nəticəsidir ki, dərginin redaksiya heyəti əsasən, gənclərdən ibarətdir. Belə istedadlı gənclərdən olan Səadət xanım Örməcinin bu aydan etibarən Yazı İşləri Müdürü vəzifəsinə atanması da söylədiklərimizin bariz nümunəsidir. Gənclərin əlindən tutmaq, onların içində özgüvən yaratmaq, böyük işlər görəcəyinə inandırmaq və böyük işlər görməsi üçün meydan vermək yüksək insani məziyyətdir ki, bu mənada Sərhat bəyin, İmdat bəyin addımları olduqca təqdirəlayiqdir.
Hər bir sayından Azərbaycan elm və qələm adamlarının yaradıcılığına xüsusi yer ayıran “Türk ədəbiyyatı”nın Eylül (sentyabr) sayının Nizami Gəncəviyə həsr olunması elmi və ədəbi mühitimizdə böyük maraq və alqışla qarşılandı. Sentyabr sayının mətbuatımızda hələ də müzakirə mövzusu olduğu bir vaxtda oktyabr sayı oxucuların görüşünə gəldi. Payızın soyuğunu səhifələrinin istiliyi ilə unutduran və hər səhifəsində oxucunun gözləri önündə yeni pəncərə açan oktyabr sayı bizi Türk sənət dünyasının nadir bir İncisinin yaradıcılıq dünyasına səyahət etdirir.
1998-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən “dövlət sənətçisi” adına layiq görülən, “Dərdli bülbül” (1957), “Son nəfəs” (1958), “Qadın əsla unutmaz” (1968), “Ayrılıq” (1972) və s. kimi çoxsaylı filmlərin musiqisini hazırlamış, səs rəngini heç zaman itirməyən, türk klassik musiqisinin bənzərsiz ifaçılarından olan İnci Çayırlının Haqqa yürüməsinin ardından bu sayın onun sənət aləminə, yaradıcılıq dünyasına işıq tutması, sənətkarın əziz xatirəsinə həsr olunmuş yazıların bir-birilə vahid süjet əsasında bağlanması elə İnci xanımın Türk mədəniyyətinə bəxş etdikləri kimi kompozisiya təsiri bağışlayır. İnci Çayırlı dosyasını hazırlayan Osman Nuri Özpekelin və digər sənət dostlarının İnci xanıməfəndiyi doğma və unudulmaz xatirələrlə anması, yetirmələrinin sənətkarı “mənəvi Ana” kimi yad etməsi, qızı Canan Atalayın isə ona həm ata, həm ana, həm dost, həm sirdaş olan çiləkeş valideyninin ruhu qarşısında qələmə aldığı son dərəcə kövrək və səmimi yazısı bizim təsəvvürümüzdə İnci xanımın bir rəssam həssasiyyəti ilə çizilmiş fədakar Ana, böyük Müəllim, istedadlı sənətkar, anı yazarı və ən əsası ömrünü ləyaqətlə yaşamış mətin bir Cumhuriyyət qadını obrazını yaradır.
Milli düşüncəli ziyalı İsa Kocakaplanın Mehmet Kurtoğlu ilə “Mehmet Akif və İstiqlal marşı” mövzusunda son dərəcə maraqlı müsahibəsi Mehmet Akif şəxsiyyətini müxtəlif istiqamətlərdə dəyərləndirməklə yanaşı bu il Türkiyədə elan olunan “Mehmet Akif və İstiqlal marşı ili” çərçivəsində zamanla səsləşən mövzu olması baxımından da aktualdır. Yeri gəlmişkən, bir məqamı vurğulamaq vacibdir ki, dəyərli alim İsa Kocakaplanın sözügedən mövzuda “İstiqlal marşı və Mehmet Akif Ersoy” kitabı 1999-cu ildən bəri Türkiyədə müxtəlif yayın evlərində dəfələrlə nəşr olunmuş, böyük marağa və müzakirələrə səbəb olmuşdur.
“Özbək şairi Erkin Vahid” məqaləsinin müəllifi Selahattin Tolkun son yüz ildə özbək poeziyasının yetirdiyi istedadlı nümayəndələrdən olan, əsərləri geniş xalq kütləsi tərəfindən oxunan və şeirlərinin bir çoxuna mahnı bəstələnən Erkin Vahidin yaradıcılıq yoluna işıq salır.
İsmayıl Alper Kumsar Ahmet Hamdi Tanpınarın indiyədək çap olunmuş əsərlərinə daxil olmayan “Münəvvər kimdir?” və “Kıyasıya para harcayanlar” adlı iki yazısını gün üzünə çıxararaq təhlil edir,Tanpınarın sanki bu günü görərək özünə ünvanladığı suallara verdiyi cavablar oxucuda böyük maraq doğurur.
Mahir İzə həsr olunmuş “İllərin İzi” adlı bioqrafik yazısında isə Şaban Kumcu Mahir İzin fitrətindəki müəllimlik istedadının və pedaqoji fəaliyyətinin maraqlı tərəflərini incələyir, onun dərslərində İstiqlal marşına, Çanaqqala şəhidlərinə həsr olunmuş şeirləri tələbələrinə öyrətməsi ilə ideoloji düşüncə və mənəvi dəyər aşılamağa, idrak və şüur qazandırmağa çalışdığını vurğulayır.
Ali Bilgenoğlu “Mehmet Akif İnanda Qərbliləşmə tənqidi və ənənənin mühafizəsi” yazısında Türk batılılaşması və çağdaşlaşma kimi məsələlərin ideoloji mahiyyətini təhlil edir.
Tanınmış türkoloq Camal Şafak Türklərin yayılmış olduğu arealın təbiətini, coğrafiyasını, abidələrini öyrənən Təhsin Parlakın gördüyü işlərin Türk dünyası üçün əhəmiyyətindən və bizə aid olmadığını zənn etdiyimiz bəzi mənəvi dəyərlərin Təhsin Parlak sayəsində bizə aid olduğunu öyrəndiyimizi ortaya qoyan, orijinal faktlara söykənən “Türküstanda Kıran gözlü bir sirdaşım qaldı” adlı olduqca maraqlı bir araşdırma yazısı ilə çıxış edir.
Gizem Ece Gönül Murathan Munganın “Hamamnamə” əsərində adət-ənənələrin və mənəvi dəyərlərin axtarışıyla əsrarəngiz bir sonuca varan Nagəhan Uçan Ekenin “Suyun yaddaşı” əsərini təhlil edərək bir əsərin fonunda digər əsərin panoramasını oxucuya təqdim edir.
Mehmet Ali Talayhan “Goygoyculuk” adlandırdığı araşdırma məqaləsində Məhərrəm ayında qapı-qapı gəzərək İmam Hüseyn və İmam Həsən üçün mərsiyələr söyləyən, qəsidə və ilahilər oxuyan goygoyculardan söhbət açır.
Nəsr bölümündə Zübeyde Andıç “Hesablaşma”, İrfan Uğur “Odda bitən dostluq”, Rukiye Aydın “Beli bükük ilə məzar daşı” hekayələri ilə oxucuların göüşünə gəlir. Poeziya bölümündə çağdaş Azərbaycan şeirinin istedadlı yaradıcılarından olan Qulu Ağsəsin “Sən və Mən” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Həmçinin Timur Kocaoğlu, Abdulmukaddes Kutlu, Mustafa Ruhi Şirin, Ziya Karatekin, Uğur Demirel, Ahmettahsin Erdoğan, Saygın Akanyeti, Mehmet Baş, Hayrettin Durmuş, Ahmet Suvacı, Rıdvan Yıldız şeir çələngi ilə oxucuları salamlayır.
Akademik Ziya Avşarın nəşrə hazırladığı “Yunus Əmrə “Nəsihətlər” kitabı (“Risaletün-Nüshiyye”), Mustafa Özçelikin “Bana Seni gerek Seni”, Altın İşıkın “Ziya Gökalp” və İmdat Avşarın redaktorluğu və ön sözüylə işıq üzü görən Ülkü Olcayın “Düş ertesi” və sair kimi Türk ədəbiyyatı Vəqfində yenicə yayınlanan kitabların üz qabığının rəsmi və haqqında kiçik annotasiyaların dərginin müxtəlif səhifələrində yer alması oxucuda ədəbi ortamı izləməyə geniş imkan yaradır.
Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, anı yazısının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi “Türk ədəbiyyatı”nın Ekim (oktyabr) sayı da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanır, başda çox əziz Sərhat Kabaklı, İmdat Avşar olmaqla; bütün redaksiya heyətini – İsa Kocakaplan, Emek Üşenmez, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Aleyna Malkoç, Nuray Örnek, Atilla Ceylan və Halit Baykalın şəxsində bütün dostlarımızı gönüldən təbrik edir, Azərbaycandan qucaq dolusu salamlar və sayğılar göndərir, dərginin gələcək fəaliyyətində başarılar diləyirəm!
Məqalədə xüsusilə son iki onillikdə mətbuatda, eləcə də KİV-də əsassız olaraq özünə çox qəribə tərzdə yer tapmış, ancaq müəyyən məqamlarda heç də yerində işlədilməyən “hekayə” anlayışından bəhs olunur.
Diqqətə çatdırılır ki, hekayə – bədii ədəbiyyatın janrlarından biri, yazıçı fantaziyasının ərsəyə gətirdiyi ədəbi-bədii əsərdir. Başqa sözlə, bədii təxəyyülün məhsulu olub yazıçının həyati müşahidələri nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Fikrin təsdiqi üçün “APB-24” TV-də və İnstaqramda yayımlanmış video-lentlərdə səslənən (və yazılan) cümlələr diqqətə çatdırılır. Qeyd olunur ki, hər hansı məhsulun reklamında, eləcə də canlı insanın əmək fəaliyyətindən bəhs olunduğu halda, fikrin “bu bizim hekayəmizdir” tərzində ifadəsi yolverilməzdir.
Tövsiyə olunur ki, belə olan halda “hekayət” anlayışından bəhrələnmək məqsədəuyğundur. O üzdən ki, hekayət hər hansı bədii əsər, ədəbi janr deyil, “hər hansı əhvalatı danışmaq”, “sərgüzəşti söyləmək”, “hekayəçi”, “hekayəçilik (peşə)” anlamlarında işlədilən istilahdır. Hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
ARAŞDIRMA
2015-ci ilin yaz ayları idi. Sidq ürəklə özümə doğmalaşdırdığım uşaq ədəbiyyatı bilicisi Füzuli Əsgərli yeni kitabının siqnal nüsxəsini nəzərdən keçirirdi. Kitab belə adlanırdı: “Bir alim ömrünün hekayəsi”. Soruşdum: “Uşaqlar üçün hekayələr toplundu?”.
“Yox, öz yaradıcılığımla əlaqəli kitabdı”.
Nə sənə-nə mənə, qələm götürüb kitabın üz qabığında redəktə işi apardım (hərdən məndə belə qəfil gedişlər olur): “Bir alim ömrünün hekayəti”.
Fikrimi əsaslandırmağa çalışsam da, əvvəl-əvvəl razılaşmadı, hətta mübahisəyə də girişdi. Sonda barışdırıcı mövqeni mən tutdum: “Eybi yoxdu, kim irad tutsa, töhməti yönəldərsən mənim üstümə”.
Və kitab bu adla da nəşr olundu.
Bu gün mənim kitab rəfimdə Füzuli müəllimin “Bir alim ömrünün hekayəti” adlı bu yadigarı da qorunur. Həm də öz imzası ilə, “xoş arzularla” ürək sözü ilə. Kitabın titul səhifəsində yazılıb: “Bu kitabda tanınmış ədəbiyyatşünas-tənqidçi, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlinn elmi-nəzəri monoqrafiyaları, bədii tərcümə yaradıcılığı haqqında yazılan məqalələr və 70 illik yubileyi ilə bağlı səmimi ürək sözləri toplanmışdır”.
Sizcə bu məzmunda kitab “hekayə” adlandırıla bilərdimi?..
***
…Bəzən belə də olur ki. söz sahibi fikrini ifadə etmək üçün lazımi istilahı tapa bilmir və necə deyərlər, “çulunu sudan çıxartmaq üçün” “hekayə” istilahından bəhrələnir. Məsələn, ARB dedi: “Hər birimizin öz hekayəsi və [nəyi isə (deyilən ifadəni unutmuşam)] var” [ARB TV. 17.09.2021]
Fikrinizcə, burada “hekayəsi” istilahı hansı mənanı ifadə edir?
Sizi bilmirəm, şəxsən mən hər hansı mənanı yaraşdıra bilmədim.
…Hətta iş o yerə çatıb ki, poeziyadan təsəvvürü olmayan…
Senzuranın götürülməsi – “azad sözə meydan verilməsi” deməkdir, daha “ağzına, ağlına gələni yazıb tamaşaçıya, dinləyiciyə, oxucuya zorən həzm etdir” demək deyil.
Təəssüf ki adi söz düzümlüyünə layiqliyi yetməyən kəlmələri yanaşı düzüb, ona “şeir” adı qoyanlar var, Yazan yazmışdı, cəhənnəm, hətta bəstəçi də özünə hörmət qoymayıb bu kəlmələrə musiqi yazıb (etiraf edim ki, musiqi həqiqətən gözəldir). Bu da cəhənnəm. Bu cütlüyün bu eybindən onların özündən və bir-iki tanıdıqlarından savayı kimsə xəbardar olmayacaqdı. Nəğməni axı müstəviyə çıxaran, kobud desəm, bu kəlmələri aləmə faş edən var, hansı ki, adına “müğənni” deyirlər. Mənə ağır gələn o oldu ki, 10 yaşından tanıdığım, “Ahu kimi” xalq mahnısı ilə Dövlət Radiosunun “Nəğməli-sözlü gənclik” verilişində səhnə həyatına debüt edən, sonrakı addım-addım uğurlarından qürurlandığım Gülay Zeynallı (Qədirova) bu sözləri nəğmə mətni olaraq qəbul edib xalqa niyə təqdim edirdi?! Cəhd göstərsəm də, adını öyrənə bilmədiyim video-lenti 2021-ci ilin 18 sentyabrında instaqramdan dinləmişəm.
Həmin nəğmənin instaqramda səslənən hissəsinin mətni mühakimənizdə. Diqqəti “hekayə” istilahına yönəltmənizi xahiş edirəm:
Çıx gəl, qovuşacaq hamı,
Bu gündən barışacaq hamı,
Bizdən danışacaq hamı.
Dil-dişə düşə şayiələr.
Gör bir nə zəmanədir,
Aşiq dəli-divanədir,
Səndən mənə nişanədir,
Belə yaranır hekayələr.
Vurulub ürəyim bu gözəlliyə.
Hara baxıramsa, ordan səni görürəm.
Xəyalın gözümün önünə keçib dayanır (b)
Sənə toxunum deyə,
Yadına yaxınam deyə.
Sizcə, burada “hekayə” nə deməkdir?
… “2021-ci ilin avqustunda elə bir ünvanda oldum ki, orada ARB kanallarından savayı heç bir TV göstərmirdi. 10 günüm “ARB-24”-ü izləməkdə və DVD-nin köməyi ilə filmlərə baxmaqda keçdi.
“ARB-24” dedi: “Bu, bizim hekayəmizdi. Bizim böyük hekayəmiz kiçik kəşflərdən başladı. Təbii məhsullarımızla Azərbaycanımız üçün 23 ildir fəaliyyətdəyik…”. Və s. (24.08.2021-ci il, saat 07:54).
Qəribədir, “ARB-24” hansı isə məhsulun reklamını edir və özünün təqdimat tərzini “hekayə” adlandırır.
“Hekayə” ifadəsi, təəssüf ki, şifahi və ədəbi dilimiz üçün daim nümunə olan AzTV-də və digər TV aparıcılarının da dilində (“Rezonans” verilişində də, hörmətli Zaur Baxşəliyevin nitqində də bu ifadə ilə qarşılaşmışıq), həmçinin instaqramda da işlənməkdədir.
İnstaqramda qadının restoranda stol arxasında əyləşən saçları ağarmış kişinin görüşünə gəldiyi görüntülənir. Kövrək baxışlarla baxışırlar. Video-lentin üzərində bu kəlmələr yazılıb: “50 yıllık aşk hikayesi”.
…Başqa bir instaqram lentində jurnalistlə müsahibinin dialoqu görüntülənir:
Müsahib: – Her kesin bir hikayesi var.
Jurnalistin müdaxiləsi: – Kimse kimsenin şurasını bilmiyor.
Müsahib: – Üzümüz gülüyor. Amma içeridə nə oldu, bir yuxarıda ki, bir kendimiz biliyor. [İnstaqram. 28.08.2021-ci il, saat 22:35].
Yaxud, “500 manata evini satıb əlil arabası ilə küçələrdə gecələyən qadının hekayəsi – qadını gecəyarısı küçəyə atıblar” [İnstaqram.04.09.2021-ci il];
Və yaxud, “Express.xeberler” yazdı: “Bir xoşbəxt ailənin acı hekayəsi…”. Məqalədə Peyman Sadıqovun ailəsində baş verənlərdən bəhs olunur [İnstaqram. 04.09.2021-ci il];
“11 yaşında narkotikin qurbanına çevrilən qızın dəhşətli həyat hekayəsi” (“Express.xeberler” 22h. İnstaqram, 21.09.2021).
Sizcə, bu kimi məqamlar üçün əslində hansı istilahın işlədilməsi məqsədəuyğun olardı: “hekayə”, yoxsa “hekayət”?
Ədəbiyyatşünas Rafiq Yusifoğlu yazır ki, “hekayə – epik əsərin ən çevik, geniş yayılan janrlarındandır. Mir Cəlalın sözləri ilə desək: “Şifahi xalq ədəbiyyatında nağıl nədirsə, yazılı ədəbiyyatda da hekayə odur” [3. s.193]. “Rus ədəbiyyatında “рассказ”, italyanlarda “novella” deyilən bu janr əsasən realist bir əsərdir. Hekayə xırda şəkilli epik əsərlərin əsas janrıdır. Hekayədə səciyyəvi, ibrətli, ictimai mənası olan həyati bir əhvalat, bir, ya iki qəhrəman götürülür, məhdud bir zaman, məkan daxilində yığcam, bitkin, realist bədii təsvir verilir”, – yazırlar Mir Cəlal ilə Pənah Xəlilov [2. s.143].
“Hekayədə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur, obrazların sayı elə də çox olmur, yazıçı, əsasən, bir surətin həyat və taleyindən, konkret bir hadisədən danışır” [4] və [5].
“Hekayət” termininə isə, internet resurslarında hər hansı bədii əsər növü deyil, “əhvalat”, “sərgüzəşt”, “qəziyyə”, yaxud “danışmaq”, “nəql etmək”, “söyləmək” anlamlarında işlədilən istilah kimi izahat verilir [6], [7] və [8]. Ağamusa Axundova isə, “hekayət” – “əhvalat”, “sərgüzəşt”, “hekayəçi”, “hekayəçilik (peşə)” mənalarını daşıyır [1. s.124].
Məsələn,
Mən çəlik ürəkli bir yeni gəncəm,
Dildən-dilə düşmüş hekayətim var
(Mikayıl Müşfiq).
“Qüdrət Şirmayının hekayətini dinləyəndə gülməkdən özünü güclə saxlayırdı” (Mehdi Hüseyn).
Fikrimizcə (ədəbiyyat bilicilərinin mülahizələrindən də bu, belə görünür), hekayə – bədii təxəyyülün məhsulu olub yazıçı fantaziyasının həyati müşahidələr nəticəsində ümumiləşdirdiyi obraz və onun ətrafında baş verənlərin qələmə alındığı yaradıcılıq məhsuludur.
Hekayədən fərqli olaraq isə hekayət – yazıçının yaradıcı təxəyyülünün məhsulu olan bədii əsər, ədəbi janr deyil, hər hansı hadisənin, kimə isə məxsus ömür yolunun bədii təfəkkürün süzgəcindən keçirilərək təqdim olunmuş şəkli, insan həyatının real faktlara əsaslanan anlarının bədii yaradıcılıqda ifadəsi, olanların-olmuşların bədii formada (istər yazılı olsun, istər şifahi) nəqlidir.
TƏKLİF
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsinin 1975-ci il məzunlarındanam (1969-1975). Bizim zamanımızda jurnalistikanın janrları sırasında “hekayət” adında janr yox idi. İndi də belədirsə… Mənə elə gəlir ki, “hekayət”i jurnalistikanın janrları sırasında görmək yanlış mövqe olmazdı.
NƏTİCƏ`dən sonra
nəticə
“Ədəbiyyat qəzeti”ndən (25 sentyabr 2021-ci il) ruhuma hopdurduğum misralar və “Həftə içi” qəzetində (09-15 sentyabr 2021-ci il) qarşılaşdığım “Səma Muqanna – yeni günəş” məqaləsindəki bir məqam mənə fərəh dolu duyğular yaşatdı…
Bu an üçün “nəhayət” istilahını işlətməyə bilmirəm. Nəhayət ki, axına qarşı çıxıb mənim arzuladığım anlayışı öz yerində-məzmununda işlədən tapılmışşdı, Həm də kim? Yaradıcılığına və şəxsiyyətinə xüsusi rəğbət bəslədiyim söz sahibi yazıçı-publisist Zaur Ustac.
Nəzərdə tutulan şeir belə adlanır: “O gün…”. Şəhid İlqar Mirzəyevin xatirəsinə həsr olunub:
Belə şanlı hekayət
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki.
“Uğurlu yol” qismində qələmə alınan məqalədən həmin məqam oxucu üçün: “Səmanın qələmindən çıxmış bir az mistik, sevgi dolu hekayətlər oxucunu ovsunlayır”.
Açar sözlər: hekayə, bədii əsər, hekayət, nəql etmək.
***
“HİKAYE” VEYA “HİKAYET”?
ÖZET
Makale, özellikle son yirmi yılda basında olduğu kadar Kitle İletişim Araçlarında da asılsız yer edinen, ancak açıklığa kavuşturulması gereken “hikaye” ve “hikayet” kavramları tartışılır. “Hikaye”nin kurgu türlerinden biri olduğu, yazarın hayal gücü ve fantezisinin ürünü olan edebi ve sanatsal bir eser olduğu inandırıcı bir şekilde doğrulanmaktadır. Bu nedenle, bir ürünün reklamını yaparken ve ayrıca yaşayan bir kişinin hayatı veya çalışmasından bahsederken, “bu bizim hikayemiz” ifadesi doğru degildir, bu durumda “hikayet” kavramının kullanılması tavsiye edilir.
“Hikaye” kavramından yerel-yersiz kullanıldığı üzüntüyle belirtilmektedir. Örnek olarak yazarın “APB-24” TV ve Instagram ile ilgili açıklamaları bir örnek verilir. Ve bu tür durumların genel olarak radyo ve televizyona, basına, Instagram’a ve sosyal ağlara erişim bulmaması tavsiye edilir.
İsrar ediliyor ki, “Hikaye” kavramı, sanatsal hayal gücünün bir ürünüdür, yazarın hayal gücünün, yaşam gözlemleri sonucunda görüntüyü genelleştirdiği ve çevresinde olup bitenler hakkında yazdığı yaratıcı bir üründür.
Hikâyet terimi ise yazarın yaratıcı hayal gücünün ürünü olan bir sanat eseri değil, “olay”, “macera”, “kaza”, veya “konuşmak”, “anlatmak”, “söylemek” anlamında kullanılan bir terim, Sanatsal düşüncenin süzgecinden geçirilmiş bir yaşam biçimi, insan yaşamının gerçek gerçeklere dayanan anlarının sanatsal yaratımda bir ifadesidir.
Anahtar kelimeler: hikaye, sanat eseri, hakkında konuşmak.
***
“STORY” OR “STORY” (“talk about”)?
ABSTRACT
The article discusses the concepts of “story” and “story”, which have been unfounded in the mass media as well as in the press in the last two decades, but need to be clarified. It is convincingly affirmed that the “story” is one of the genres of fiction, a literary and artistic work that is the product of the author’s imagination and fantasy. Therefore, when advertising a product, as well as talking about the life or work of a living person, the phrase “this is our story” is not correct, in which case it is recommended to use the concept of “story”.
It is sadly stated that the concept of “story” is used locally and inappropriately. As an example, the author’s comments on “APB-24” TV and Instagram are given as an example. And it is advisable that such situations do not find access to radio and television, the press, Instagram and social networks in general.
It is insisted that the concept of “Story” is a product of artistic imagination, a creative product of the author’s imagination, in which he generalizes the image as a result of life observations and writes about what is happening around him.
The term story, on the other hand, is not a work of art that is the product of the author’s creative imagination, but a term used in the sense of “event”, “adventure”, “accident”, or “talking”, “telling”, “telling”, a way of life filtered by artistic thought. is an expression in artistic creation of real factual moments of human life.
Keywords: story, work of art, talk about.
***
İstifadə olunan ədəbiyyat
1. Axundov Ağamusa. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-“Elm”-2005, 452 səh. İSBN 5-8066-1728-9.
2. Mir Cəlal, Xəlilov P. “Ədəbiyyatşünaslığın əsasları”. Bakı-“Maarif”- 1972, 296 səh.
Bəzi kəndlərdə yaşlı qadınlar əyinlərinə tuman deyillən uzun, gen paltar geyinirlər. Özü də üst-üstə bir neçəsini, qat-qat. Bu, səbəbsiz deyildi. Əyilib- qalxanda istəmirdilər ayaqları görünsün. Bir növ abır-həyanı gözləyirdilər.
Şərəbanı bibi də kəndin adətini gözləyirdi. Başqa cür ola bilməzdi. Ona birtəhər baxardılar. Üst-üstə üç tuman geymişdi.
İş elə gətirdi ki, Şərəbanı bibi şəhərə yollanır. Bəzi şeyləri almalı imiş. Elə şeylər ki, kənd mağazasında ya olmurdu, olanda da baha satılırdı. Pulu çöldən tapmayıb ki. Min zəhmətlə, min əziyyətlə qazanır kişilər.
Mağazada Şərəbanı bibinin gözü bir jaketi tutdu. Görünüşü də, rəngi də xoşuna gəlirdi. Qoca fəndi idi.
İndi jaketin pulunu ödəməli idi. Pulu isə, oğurlanmasın, itib-batmasın deyə uzunboğaz corabında gizlətmişdi.
Şərəbanı bibi üzünü divara çevirib tutmanın birini, ikincini, üçüncünü qaldırmağa başlayır.
Bunu görən satıcı dəli olur:
-Ay xala, ay bibi, ay ana, neynirsən? Soyunursan?
Şərəbanı bibi üzünü çevirib tərs-tərs satıcıya baxır. Ona acıqlanaraq:
-A gədə, boş-boş danışma, – deyir, -pul çıxarıram,
AD GÜNÜ TƏBRİKİ Günlərin bir günü, heç gözləmədiyim anda, ümid çırağımı yandıran bir MƏLƏK endi göylərdən…. O, gündən ÇOX VAXT keçib… Bu gün o, Mələyin ad günüdür… Ad günün mübarək ey mənim məxsusi göndərilmiş mələyim… Yerin sonsuz səmanın ənginlikləri, nəsibin sevgi dolu həyat olsun… Tanrının nəzərindən düşməyəsən… Sən olmasaydın bu şeirlər də olmazdı… Bu kəlmələr sənin riqqətə gətirdiyin qəlb tellərinin səsi olduğundan yalnız və yalnız sənə aiddir, ey zəriflik, paklıq, bakirəlik mücəssiməsi- bütün ülvi hisslərin məcmusu- AĞ ÇİÇƏYİM…. Hörmətlə: Zaur USTAC
Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turunu elan etdi (aztc.gov.az) : Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə hər beş ildən bir keçirilən “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turuna start verdi. “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsi Müsabiqənin şərtləri * Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir: nəsr əsərləri – 20.000 işarəyə qədər; poeziya nümunələri – 100 misra; * hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur; * bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər; * müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur; * əsərlər oktyabrın 1-dən, dekabrın 20-sinə qədər qəbul edilir; * müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur. Müsabiqənin gedişatı * Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir; * əsərlərin dəyərləndirilməsi 5 – 10 bal sistemi üzrə həyata keçirilir; * Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır; * qaliblər diplom, döş nişanı və pul mükafatı ilə təltif olunur. Müsabiqənin mükafat fondu Nəsr üzrə I yer – 2000 (iki min) manat II yer – 1000 (min) manat III yer – 500 (beş yüz) manat Həvəsləndirici mükafat – 300 (üç yüz) manat. Poeziya üzrə I yer – 2000 (iki min) manat II yer – 1000 (min) manat III yer – 500 (beş yüz) manat Həvəsləndirici mükafat – 300 (üç yüz) manat. Əsərlərin göndərilmə qaydası * əsərlər, müəllifin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə, elektron poçtu vasitəsi ilə, yaxud kağız formatında 5 nüsxədə təqdim edilməlidir; * əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır; * müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır. Əlavə sənədlər * şəxsiyyət vəsiqəsinin surəti; * müsabiqə iştirakçısının əlaqə nömrəsi. Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74 Email: musabiqe@aztc.gov.az Telefon: (012) 595 10 69 Mob: (055) 988 89 30 (votsap)
Yasəmən yuxudan öz çığırtısına oyandı. Alnı, boyun-boğazı tamam tər içində idi. Bir anlıq gördüklərinin yuxu, yoxsa, gerçək olduğunu ayırd edə bilmədi.Ayılsa da, yuxunun təsirindən çıxa bilmirdi. Yerinin içindən əlini uzadıb, çarpayının sol tərəfindəki kiçik mizin üstündə olan qrafindən bir stəkan su süzüb içdi. Saata baxdı. Saat 14:00 idi. Körpəni yatızdıranda yuxuladığının fərqində olmamışdı. Çarpayının sağ tərəfindəki beşiyə boylandı. Təəccübləndi. Uşaq çoxdan oyanmışa oxşayırdı. Özü də adətinin əksinə sakit-sakit baxırdı. Nə ağlayır, nə də ağlamağa hazırlaşırdı. Yasəmən körpənin bələyini dəyişdirdi. Onu yedizdirdi. Yenidən beşiyinə qoydu. Körpə yatmaq əvəzinə verdiyi suala cavab gözləyən adamlar kimi gözünü geniş açaraq, anasına baxırdı. Yasəmən beşiyi xeyli silkələyəndən, layla deyəndən sonra körpə yenidən yuxuya getdi. O, körpənin çirkli əskilərini götürüb həyətə düşdü. Çöldə ocağın üstündə qaynayan iri, qara qulplu qazandan vannaya su töküb, paltarları yumağa başladı. Bayaqdan fikrindən qovub-çıxarmağa çalışdığı yuxu yenidən yadına düşdü. Bir anlıq canına üşütmə keçdi. Fikirləşməyə başladı: “Nənəm deyərdi ki, ağır yuxunu axar suya danış, bir də nəzir çıx, hər şey ötüb-keçəcək”. Paltarları yuyub, qurtardı. Bağçanı suvarmaq üçün həyətə yoğun su arxı gəlirdi. Bu arxın suyu ilə qonşu həyətlərin ağacları da suvarıldığı üçün heç vaxt suyu qurumazdı. Sabunlu paltarları yığdığı vannanı başına götürüb, arxa tərəf üz tutdu. Vannanı arxın kənarına qoyub, dizi üstə çökdü. Asta və arxayın səslə yuxusunu suya danışmağa başladı. “Gördüm ki, həmin bu arxın yerində böyük bir çay axır. Amma çayın suyu qapqara palçıq kimi idi. Çay həm burulğanlı, həm də iti-iti axırdı. Ona görə də çox vahiməli görünürdü. Əkbər əlində bel bu vahiməli suyun qarşısını kəsməkmi, yaxud da qurutmaqmı fikri ilə çaya yaxınlaşdı. Bellə suyun qabağına torpaq tökməyə başladı. Birdən ayağının altındakı altı ovulmuş böyük bir torpaq parçası ilə bərabər çaya yıxıldı. O, palçıqlı, köpüklü sularla çarpışmağa, əl-qol atmağa başladı. Mən də özümü çaya atmaq, ona kömək etmək üçün irəli atıldım. Amma kimsə arxadan qollarımdan, qıçlarımdan bərk-bərk yapışaraq, məni tərpənməyə qoymadı. Azğın sular bir azdan Əkbəri sanki uddu. Mən çay aşağı, çay yuxarı, həyəcanla, qışqıra-qışqıra “Əkbər” deyə haraylayırdım. Öz qışqırığıma yuxudan oyandım. Ey bu suyu-seli yaradan Allah, sən özün Əkbərimə kömək ol!” Dedi və ağlamağa başladı. Ağlaya-ağlaya paltarları yuyur, nə qədər çalışsa da yuxunun təsirindən çıxa bilmirdi. Paltarları zivəyə sərib, tələsik evə keçdi. Körpə hələ yatırdı. Rahat nəfəs aldı. Ev-eşiyə əl gəzdirmək, sil-süpür etmək istədi. İş görməyə heç həvəsi qalmamışdı. Narahatçılığı, fikrinin qarmaqarışıq olması onu tamam yormuşdu. Taqətsiz halda çarpayının küncündə oturdu. Dirsəyini dizlərinə dayayaraq, əllərini çənəsinin altında çarpazladı. “Birdən Əkbərə bir şey olsa… Allah eləməsin, dilim tökülsün, onda mən neyniyərəm, iraq olsun!” Ağlına gələn bu qəfil fikir Yasəməni necə qorxutdusa, əti ürpəşdi. Sanki kürəyinin arasından ilan keçdi. Heysiz-heysiz çarpayıya uzandı. Xəyala daldı. Yaşadığı həyat kino lenti kimi gözü qarşısında canlandı. Ailədə beş uşaq idilər. Özündən böyük iki qardaşı, özündən kiçik iki bacısı vardı. Böyüklərinin 16 vardı, kiçiklərinin isə heç 2 yaşı olmazdı. Ata-anası, bacı-qardaşı və nənəsi Bəyimlə ikimərtəbəli, eyvanlı, bağçalı evlərində hamı kimi adi həyat sürürdülər. Atası kolxozda traktorçu, anası pambıqçı idi. Hər ikisi bütün mövsümü tarlada olur, gecə-gündüz çalışır, uşaqların korluq çəkməməsi üçün hər zəhmətə qatlaşırdılar. Bəyim nənə qoca olduğu üçün uşaqların yeməyini vaxtlı-vaxtında ancaq hazırlayırdı. Odur ki, anası tarladan, ağır çöl işindən gələndən sonra dincəlməz, paltar yuyar, evləri təmizləyər, mürəbbə bişirər, banka bağlayardı. Gecənin bəlkə də bir-iki saatını yatar, sübh tezdən yenidən tarlaya üz tutardı. Beləcə, günlər bir-birini əvəz edər, uşaqlar yavaş-yavaş böyüyərdilər. Artıq Yasəmən də 6-cı sinifdə oxuyurdu.Oktyabrın əvvəlləri idi. Yasəmən səhər dərsə gedəndə ilk dəfə anasının tarlada yox, evdə olmasına təəccübləndi:- Ana, işə getməmisən?Anası başı ilə işarə edərək, “yox” cavabını verdi.- Niyə?Anası əli ilə onu yanına çağırdı. Pıçıltı ilə – “yaxın gəl” – dedi. Yasəmən yaxınlaşıb, anasının sinəsinə sarı əyildi. Anası əvvəl heysiz qolları ilə onu sinəsinə sıxıb ürəkdolusu qoxladı, sonra alnından, üzündən, gözlərindən öpməyə başladı.Yasəmən ağlı kəsəndən anasından ilk dəfə idi ki, belə səmimi nəvaziş görür və bununun təsirindən key kimi baxırdı:- Bacılarına yaxşı bax!- Baxıram də! Sən niyə işə getmədin?- Xəstələnmişəm, atan həkim dalınca gedib. Həkim gəlib, iynə vursa, sağalıb, gedəcəm işə…Yasəmən “sağ ol!” deyib, qapıya sarı getdi.- Yasəmən!- Hey!- Balam, bəs sən ananı öpmürsən?- Gələndə öpərəm! – dedi və qaçaraq həyətdən çıxdı. Dərsləri saat 2-də qurtardı. Yaman acmışdı. “Anam yaxşı ki, bu gün evdədi, dadlı bir şey bişirər, yeyərəm. Yoxsa, nənəm ya duzun yaddan çıxarır, ya da yeməyə o qədər duz vurur ki, yeyəndən sonra, axşama qədər elə su içirik”. Məktəbdən gələn uşaqların səs-küyü onu fikrindən ayırdı. Yanından həm də dəstə-dəstə qara geyimli, qara yaylıqlı qadınlar da ötüb-keçirdi. Hikkə ilə başını yana çevirdi. Yasəmənin onlardan çoxdan zəhləsi gedirdi. Çünki, bir neçə il bundan əvvəl böyük otaqda həmin bu qara geyimli, qara yaylıqlı qadınlar onun çox istədiyi babasını ortaya uzadıb, elə ağlayır, elə “şaxsey-vaxsey” deyə çığırırdılar ki, Yasəmən qorxusundan bir neçə gün xəstə də yatmısdı. Onların ayağı həyətlərindən çəkilməyincə həm qonşuları, həm də bibisi Minagildən evə gəlməmişdi. Gəlib görəndə babası evdə yoxdu, yəqin etmişdi ki, babasını mütləq o qara geyimli, qara yaylıqlı qadınlar aparıb. Elə o vaxtdan da onları görən gözü yox idi. Onlar tərəfə baxmasa da o, dəstənin ona diqqətlə göz gəzdirdiyini hiss edirdi. İçlərindən biri “tifil, bu gündən yazıq oldun!” dediyini eşitdi.Yasəmən ətrafına baxdı. Yolda bir dəstə qadından, arxadan gələn bir dəstə şagirddən, bir də özündən başqa heç kəsi görmədi. “Görəsən, yazıq kimə deyillər? Mənə? Yazıq özləridi!”Diqqətlə baxdı, qadınlardan birini tanıdı. “Firuzə xaladı, neynək nənəmə deyərəm, sizin cavabınızı verər”. Dodağının altında danışa-danışa evlərinə tərəf addımlarını yeyinlətdi. Evlərinə yaxınlaşdıqca hər aralıqdan, hər döngədən eynən, bayaqkı qara geyimli, qara yaylıqlı qadınlar daha çox görünməyə başlayırdı. Evlərinə bir tin qalmış ayaq saxladı. Yenə də həmin “şaxsey-vaxsey” deyənlərin tükürpədən səsi kəndi başına götürmüşdü. Səsdənmi, yoxsa səsin məhz onların həyətindən gəlməsindənmi, ayaqları titrəməyə başladı. Zəif addımlarla həyətə yaxınlaşdı. Həyət qara geyimli, qara yaylıqlı qadınlarla, başlarını yerə dikib, siqaret çəkən kişilərlə dolu idi. Ağappaq saçları üz-gözünə dağılmıs Bəyim nənə sanki rəqs edirdi. O da Yasəməni görən kimi – “can ay bala, yazıq, tifil bala!” – deyərək, hönkürdü və onu qucaqladı. Həyətin bir küncündə qardaşları diz üstə çökərək, özlərinə yaraşmayan səslə ucadan ağlayır, atası onları sakitləşdirməyə çalışır, gah da özü də onlara qoşulub ağlayırdı. Bacıları isə hərəsi bir qohumun yanında durub, gördükləri mənzərəyə sakit-sakit tamaşa edirdilər. “Bəs, anam hanı?” kəlməsini özündən asılı olmadan, elə ucadan dedi ki, camaatın üzərinə elə bil su ələndi. Hamı susdu. Yasəmən qaçaraq böyük otağa girdi. Evin ortasında kimisə uzandırmışdılar. Özərinə qara yaylıq, yaylığın da üstünə bir güzgü qoymuşdular. Yasəmən bunlara ötəri bir nəzər salıb, tez anasının səhər uzandığı çarpayı olan otağa keçdi. Çarpayı bomboş idi.Heç üstündə yorğan-döşək də yox idi. Çarpayının yanında durub, xəcalətli-xəcalətli baxan qohum-əqrəbaya bir nəzər saldı: “Demiyəssiniz, anam hanı?”Ağlaşma səsi yenə otağı başına götürdü. Hamı ona izah etməkdən, ağlamağı üstün tuturdu. Bəyim nənə irəli çıxdı. Yasəmənin əlindən tutub, ortada uzadılmış, üstü qara örtüklüyə yaxınlaşdı. Örtüyü çəkdi. Örtüyün altından anasının gündən yanıb-qaralmış çöhrəsi göründü. Elə bil, anası pambıq yığmaqdan yorulub, yatmışdı. Yasəmən dizlərini yerə qoyub, anasının yanağından öpdü. Dayanıb xeyli gözlədi. Anasından bir səs çıxmadığını görəndə, balaca əlini uzadıb, anasının üzünü sığalmağa başladı. “Ay ana, mənəm ey, Yasəmən, dur, dur, qadan alım, ana!” Yasəmənin zəif-zəif pıçıltısına, sakit axan göz yaşlarına diqqət kəsilən qadınları elə bil qəflətən ilan sancdı. Yenə ağı səsi, layla səsi evi, həyəti bürüdü.İndi neçə illər keçsə də, Yasəmənin qara geyimli, qara yaylıqlı qadınlara olan nifrəti səngimirdi. Onların evlərinə ayaq açması elə bil Yasəmənin yetimliyinə, yetimliyin verdiyi əzablara səbəb olmuşdu.Yasəmən artıq 15-16 yaşından evin ağırlığını arıq çiyinlərində daşıyırdı. Ögey ananın danlağı da bir yandan…Sonradan atası təzə arvadını da götürüb getdi. Kəndin başqa səmtində ev tikdirib, yaşamağa başladı və o gündən Yasəmən yetimçiliyinin birə beş artdığını hiss etdi. Kiçik qardaşı evin ağsaqqalı, kişisi olmuşdu (Böyük qardaşı atası ilə mübahisə etdikdən sonra uzaq qohumlarıgildə qalırdı). Heyvana, mala baxırdı. Yasəmən isə bacılarına qayğı göstərir, evləri təmizləyir, heyvanları sağır, pambığa gedir, toyuq-cücə saxlayır, bir sözlə, esl ev qadını kimi hər işin öhdəsindən gəlməyə çalışardı. Başqa əlacı yox idi. Uşaqlığı nə vaxt ötdü, yeniyetmə dövrünü necə yaşadı, bilmədi. Bir zaman anladı ki, gənc qız olub. Tay-tuşları bəzəkli-düzəkli, şən çağlarını yaşayanda, sevib-seviləndə Yasəmən evin qarğaşasını çəkmək məcburiyyətində idi. 22 yaşın şirinliyindən xəbərsiz…Qəribə idi, bu qızla heç kəs maraqlanmazdı. Elə bil kəndin cavanları qızın varlığını unutmuşdular. Yasəmən heç incimirdi də. Çünki, hərdən təsadüfən güzgüyə gözü sataşanda gündən, şaxtadan qaralmış, kobudlaşmış sifətini, çəlimsiz vücudunu, bəzən həftələrlə daraq dəyməyən saçlarını, yaşamaq şövqü sönmüş, əzabdan başqa heç nə ifadə etməyən gözlərini görər, ürəyi sıxılardı və güzgüdən aralı gəzməyə çalışardı. Beləcə, günlər öz axarı ilə keçirdi.Bir gün pambıq yığımından gəlirdi. Balaca bacısı Şəfəq qarşısına yüyürərək – “Əkbər qaqa əsgərlikdən gəlib, bizdədi” – xəbərini verdi və gəldiyi kimi də pilləkəniəri qalxıb, özünü evə saldı. Yasəmən də içəri keçdi. Nənəsinin yanında stulda üç il bundan əvvəlki Əkbərdən xeyli fərqli bir oğlan əyləşmişdi. Yasəməni görən kimi ayağa qalxdı. Əl-ələ tutuşdular.- Həmişə evinizdə-eşiyinizdə!- Sağ ol! Yaxşı, nənə, sən də sağ ol, tez-tez yanına gələjəm.Yasəmən Əkbərin arxasınca xeyli baxdı. Dərindən köks ötürdü. İlk dəfə idi ki, nəsə bir xəyal qurmağa, qəlbinə bir işıq salmağa çalışdı. “Yox, yox, özünü ümidləndirmə, Yasəmən, kənddə Gülər kimi, Aytəkin kimi, Vəfa kimi qız ola-ola, heç kim, heç Əkbər də sənə baxmaz. Sən kiməsə lazım olsaydın, heç olmasa bir dəfə adın çəkilərdi. Olmaz-olmaz!” Deyəsən, “olmaz” sözünü qeyri-ixtiyari ucadan demişdi. Nənəsi başını balışdan qaldırıb “nə olmaz, başına dönüm” dedi. “Heç, heç, nənə, heç” – tez cavab verdi, nənəsinin onun fikirlərini duyacağından ehtiyatlandı.Bir müddət Yasəmən Əkbəri görmədi. Sonra tamam unutdu. Qayğıları başını qatdı. Aradan 4-5 ay keçmişdi. Yaz çoxdan gəlmişdi. Yavaş-yavaş obada xeyir işlərə başlanılırdı. Elə həmin günlərdə Şəfəq xəbər gətirdi ki, Əkbər qaqamı evləndirmək istəyirlər, qız tapıblar. Yasəmən həyəti süpürə-süpürə guya ki, elə-belə soruşur kimi:- Bilmədin kimdi qız?- Yox, soruşdum ey, Mina bibim dedi ki, tezliklə bilərsən, toy olanda!Yasəmən özünü o yerə qoymasa da, ürəyini dərin bir kədər aldığını hiss etdi. “Niyə bu Əkbər gəlirdi, qala bilməzdi o Rusiyada?! İşləyərdi, pul qazanardı, çox vacib idi gəlməyi?” – fikirləşsə də, qəlbinin dərinliyində Əkbəri alacağı qıza qısqandığını anladı. Anlayan kimi də pərt oldu. Özünü danlamağa, söyməyə başladı və “Əgər bir də onu fikirləşsəm, Allah mənə qənim olsun” – deyə söz verdi. Həyəti süpürüb qurtardıqdan sonra zibili balaca əl arabasına yığıb, həyətdən çöldə atasının vaxtilə qazdığı dərin çalaya tökdü, geriyə dönərkən Əkbəri qarşısında gördü.- Salam, nətəhərsən?- Sağ ol. Sən nətəhərsən?- Yaxşı.Yasəmən cavab gözləmədən həyətə girdi. Yenidən zibil dolu araba ilə çalaya yaxınlaşdı. Əkbər hələ burda idi. Bu dəfə Yasəmən özünü görməməzliyə vurdu. Əkbər asta addımla ona tərəf gəldi.- Yasəmən, ayaq saxla, səninlə işim var.- Mənnən?.. Nə işin?.. – təmkinli görünsə də içəridən ürəyi sanki sapdan qırılıb düşdü.- Məni evləndirmək istəyirlər. Mənim də istədiyim yoxdur deyə, evdən səni məsləhət görürlər! Sən nə deyirsən?Yasəmən başını qaldırmasa da, ürəyinin içində sevindi. Bilmədi nə desin. Desin ki, “özün necə məsləhətdi o cür də et. Hə… yaxşı cavabdı. Qoy elə belə də deyim”.Əkbər gözləyirdi.Yasəmən gözlərini ayaqqabısının ucundan çəkib, Əkbərin üzünə baxdı. O an elə bil Yasəməni cərəyan vurdu. Əkbər Yasəmənin pırtlaşıq saçlarından tutmuş, ayağındakı köhnə kişi çəkmələrinə qədər elə mərhəmətlə süzürdü ki, elə bil səxavətli bir dövlətli sədəqə yolu gözləyən bir dilənçiyə baxırdı. İndicə qurduğu xəyalları bir andaca heçə döndü. “Aman Allah, yəni yazıqlığım bu qədər qabarıqdır?” – düşündü. Gözlərinə yığılmış yaşları içərisinə axıdaraq, özündən asılı olmadan qəhər, qəzəb qarışıq bir səslə:- Əkbər, sağ ol, mənə sədəqə həyat lazım deyil! Mən yazıq deyiləm! Səni məcbur edənlərə də bildir ki, mən dilənçi deyiləm! Nahaq yerə də səni yormasınlar!Dedi və arxasına baxmadan həyət qapısını taqqıltı ilə örtüb, içəri girdi.Əkbər elə bil yerinə mıxlandı, yəqin ki, belə cavab gözləmirdi, fikirləşirdi ki, Yasəmən sevinəcək, hələ lap bəlkə sevindiyindən ağlayacaq, ordaca “hə” deyəcək. Bir həftəyə nişan da olacaq, toy da. Heç gözəmirdi, “sənə də yox deyən tapılarmış, ay Əkbər”…Axşam evə pəjmürdə döndü. Əhvalatı danışdı. Hamının təəccüblü baxışlarından oxunurdu ki, onlar belə cavab gözləmirdilər. Hərə bir təklif verdi, biri dedi, başqasını seç, biri dedi, götür qaç… Təkcə Əkbər dillənmirdi. Qızın hərəkəti onu sillə kimi tutmuşdu. Elə bil bu sillə onu silkələdi. “Yox, o, mənə rədd cavabı vermədi, “məni sev, – dedi, – hər bir qız kimi mənim də sevgiyə ehtiyacım var. Mərhəmətə yox, məhz sevgiyə!”Onun təəssüf dolu gözləri bunu söylədi. O gözlər ki, kədərlə dolu olsa da, dərinliyində şam kimi şölələnən xırda bir ümid işarırdı.O şölə, o ümid Əkbəri rahat buraxmır, onu cəzb edirdi. Sanki “məni düşün, məni anla”, – deyə haray qoparırdı. Əkbər demək olar ki, hər gün, hər an Yasəmənin bir az dəyişərək, başqalaşdığını hiss edirdi. Yasəmən elə bil günü-gündən gözəlləşir, vüqarlanır, əlçatmaz olurdu. Bəlkə də bu, Əkbərə elə gəlirdi.Amma içindən hər gün bir istək cücərir, boy atırdı. Kənardan da olsa, onu görmək, ona daha diqqətlə baxmaq, heç olmasa bir neçə kəlmə demək istəyirdi. Amma bacarmırdı. Yasəmənin onu görəndə turşutduğu sir-sifəti, bəzən o olan tərəfə belə baxmaması Əkbərin əl-qolunu bağlayırdı.Beləcə bir-iki ay da ötdü. Artıq Əkbər özü də bilmədən Yasəməni fikrindən çıxara bilmirdi. Beləcə, onu ürəyinə həkk edirdi.Payızın gəlməsinə az qalmışdı. Toy-düyünün başlamaq vaxtı idi. Əkbərin evlənmək məsələsi ailədə yenə müzakirə olunurdu. Təbii ki, bu dəfə Yasəmənin deyil, kənddə ən gözəgəlimli qızların adı çəkilirdi. Əkbərsə susur, öz fikrini bildirməyə tələsmirdi. “Yasəmənlə danışmasam, bunlara heç nə deyə bilmərəm”, – deyə fikirləşirdi.Evdən çıxıb dayısıgilə yol aldı. Şəfəq həyətdə tut ağacının altında evcik qurub, öz-özüylə oynayırdı.- Şəfəq, nətəhərsən?- Əkbər qaqa, sağ ol, sən nətəhərsən?- Əla, de görüm evdə kim var?- Nənəm yatıb, Mahir (qardaşı) gedib qoyun otarmağa, Sona (bacısı) əmigilə gedib…- Yaxşı, bəs Yasəmən hanı, Yasəmən?- Kəhrizə getdi, paltar yumağa.- Hə… sağ ol, ay Şəfəq!Cəld darvazadan çıxaraq, kəhrizə tərəf yollandı. Günortanın istisi olduğu üçün kəhrizdə Yasəməndən başqa heç kim yox idi. Başı paltar yumağa elə qarışmışdı ki, arxadan kiminsə yaxınlaşdığından xəbəri olmamışdı.- Yasəmən!- Bismillah, hey!- Qorxutdum səni?- …Əkbər bir az da irəlilədi. Gözlədi. Yox, deyəsən Yasəmənin cavab vermək nədi, heç o tərəfə baxmaq fikri də yox idi. Bu dəfə qızın biləyindən yapışdı:- Eşitmirsən? İki kəlmə sözüm var, dinlə. Sonra yenə işini görərsən.- Burax qolumu… hə indi sözünü de!Əkbər baxdı, baxdı, bilmədi hardan başlasın, nə desin…”Axı bu, mərhəmət hissi deyil, məhəbbətdi, görmürsən?”Deyəsən, axırıncı hissəni ucadan demişdi, yox daha fikirləşməyin yeri deyildi. Neçə vaxtdır beynində, ürəyində dəfələrlə götür-qoy etdiyi sözləri həyəcanla, eyni zamanda, aramla söyləməyə başladı:- Yasəmən, bu mərhəmət deyil. Vallah! Sən, məni rədd edənə qədər elə idi. Rədd cavabınla gözümdə dəyişdin, qeyri-adi oldun, anladım ki, adi qızlara yanaşdığım kimi sənə yanaşa bilmərəm. Səndə, sənin içində bir başqa dünya var. Bax, o dünyadakı amiranə, qürurlu, sevgiyə möhtac, saf qızı gördüm. Görən kimi də vuruldum. Bəlkə də səni heç kim mənim qədər görməz, tanımaz! Sənin indiyə qədər çəkdiyin əzabları ən güclü insanlar çəkə bilməz. Demək, mən ailə quracağım adamı tapmışam. Həyat yolumda səninlə çətin olmayacaq.- Mən nənəmə, bacılarıma baxmalıyam!- Kimə istəyirsən bax, kimə istəyirsən qulluq elə, mən sənin yanında olmaq, həyat yolumu səninlə addımlamaq istəyirəm. Sənə söz verirəm, səni xoşbəxt edəjəm, səninlə xoşbəxt olajam… Axşam cavabını almağa gələjəm, – dedi və gəldiyi kimi də iti addımlarla uzaqlaşdı.Yasəmən gülmək, sevinmək istəsə də, buna ürəyi gəlmirdi. Elə bilirdi ürəkdən sevinsə, sevinci bitib-tükənəcək, yenə də hər şey əvvəlki kimi yeksənəkliyinə dönəcək.Paltarları necə yuyub vannaya yığdığını, “Kəhrizin təpəsi” deyilən təpəni də necə aşdığını bilmədi. Paltarları necə gəldi, hər ucu bir tut ağacının gövdəsinə bağlanmış zivəyə sərdi. Pilləkənləri qaçaraq çıxıb, təngənəfəs özünü otağa saldı. Bir söz söyləmədən nənəsini sinəsinə sıxıb, bərk-bərk qucaqladı, çalmasının kənarından çıxan ağ saçlarından, nurdan düşmüş gözlərindən öpməyə başladı. Bəyim nənə həmişə qayğılı, kədərli gördüyü nəvəsinin belə sevinməsinə təəccüblənsə də, tez də hər şeydən agah adamlar sayağı dodaqaltı gülümsədi.- Noolub, ay bala, xeyir olsun?- Nənə, axşam Əkbər bizə gələjək!- Noolsun, Əkbər elə hər gün gəlir də!..- Yox ey, ay nənə, bu dəfə ayrı cür gəlir!- Nətəhər?- Utana-utana! – deyib, əlini-əlinə vurub, ucadan güldü…***Bu gün Yasəmən gəlin köçürdü. Deyirlər, əynində gəlinlik paltarı olan qıza Allah həmin gün xüsusi gözəllik bəxş edir. Böyük bədənnüma güzgünün qarşısında özünə baxmaqdan doymayan Yasəmən sanki tay-tuşlarına da bunu göstərmək istəyirdi. Dünya Yasəmənin gözündə çiçək açmışdı, həyat gözəlləşmişdi. İndi onu xoşbəxt edəcək Əkbəri vardı.Yasəmən xoşbəxt idi. Başına yığışan sinif yoldaşları, kənd camaatı, toya gələn hər kəs ondakı bu dəyişikliyi aydınca görürdü.Xoşbəxt günləri bir-birinə calandı. Oğlu dünyaya gəldi. Hər şeyə sevinməyə adət etmişdilər. Lap elə qarın yağmasına, günün çıxmasına, quşların səsinə – hər şeyə, hər şeyə sevinirdilər. Bu sevinclər xoşbəxtliyin ətrafa sıçratdığı zərrələr idi. Heç kimdən gizlətmədən, çəkinmədən arzusunda olduğu, amma heç vaxt ağlına da gətirmədiyi xoşbəxtlik ona nəsib olmuşdu. “Mən xoşbəxtəm” kəlmələri dilindən düşmürdü.***Bu gün oğlunun doğulmasının 6 ayı, Əkbərin cəbhəyə getməsinin 10 ayı tamam olurdu. Əkbər 6 ayda oğlunun üzünü 6 dəfə doğru-dürüst görməmişdi. Evə gələndə də əyin-başını dəyişər, yuyunar, sonra qohum-əqrəba ilə görüşər, hamıdan əhval tutardı. Ona görə də oğluna az vaxt ayırardı. Axırıncı dəfə gələndə isə vaxtının çoxunu oğlu ilə keçirdi. Yasəmənin məxsusi bişirdiyi xörəkləri tərifləyə-tərifləyə yeməyə başladı. Çay süfrəsi arxasında keçmişdən-gələcəkdən danışdılar. Söhbət cəbhədən düşəndə, Əkbər susdu. Ordakı ağır döyüşlərdən, itkilərdən danışıb, Yasəmənin ürəyini sıxmaq istəmədi. Onsuz da kəndə tez-tez gələn şəhid tabutlarından vəziyyət bəlli idi. Səhər tezdən Əkbər Yasəməni evdə hərlənən gördü.Ortada qoyulmuş dəyirmi stolun üstündə çay dəstgahı artıq hazır idi. Tələsməli idi. İcazə vaxtı saat 9-da bitirdi. Əynini geyindi. Oğlunun çarpayısına yaxınlaşdı. Körpə elə şirin-şirin, sakit yatırdı ki, onu öpüb oyatmağa ürəyi gəlmədi. Başını beşiyə əyib, ciyər dolusu uşağı qoxladı. Əlində sini otağa girən Yasəmən gördüyü mənzərədən təsirlənsə də, üzə vurmadı.- Gedirsən? Çay içməmiş?- Orda içərəm!- Heç olmasa ağzına bir loxma qoy! – dedi və əlini uzadıb, stolun üstünə qoyulmuş təndir çörəyindən bir parça qopardı. Həmin parçanı nəlbəkidəki çiyəyə batıraraq Əkbərin ağzına yaxınlaşdırdı. Əkbər gülümsündü. Yasəmənin qayğısı, onunçün narahat olması həmişəki kimi Əkbəri məmnun etdi. Ağzındakı çörəyi çeynəyə-çeynəyə həyətə düşdü. İri əsgər çəkmələrini ayağına geyindi. Əkbər həyətə bir yoxlayıcı nəzər saldı. Saat 5 olduğuna görə evdə onlardan başqa heç kəs oyaq deyildi. Arxayınlaşdı. Yasəmənə yaxınlaşdı. Yasəmən qeyri-ixtiyari dilləndi:- Gedirsən?- Hə, amma qayıdajam. Sənə söz vermişəm axı… Səni xoşbəxt edəjəm. Məni gözlə! Səbrlə! Gələjəm! – dedi. Və Yasəməni bağrına basıb, gözündən öpdü. Onun nə deyəcəyini, nə söyləyəcəyini gözləmədən tələsik ordan ayrıldı.Əkbər bilirdi ki, Yasəmən hönkürməkdən özünü güclə saxlayır. Ancaq ərini narahat yola salmamaq üçün canını dişinə sıxıb, susur. Yasəmən Əkbərin ayaq tappıltılarının uzaqlaşdığını hiss edəndən sonra kövrəlməyə başladı. “Əkbər, sən bilsən ki, dünyam sənsiz necə cansıxıcıdı… Gələndə də kədərlənirəm, bilirəm ki, qayıtmaq üçün gəlmisən, gedəndə də bilirəm ki, ayrılıq xeyli çəkəcək. İki illik həyatımızda mənə o qədər məhəbbət və qayğı göstərmisən ki, heç bilmirəm bundan əvvəlki illəri sənsiz necə yaşamışam. Bircə bildiyim budur ki, sənsiz yaşamaq, danışmaq, gülmək, nəfəs almaq mənə mənasız gəlir! Kaş döyüşə getməyəydin, onsuz da qardaşların gedir də … və birdən fikrindən keçirdiyi sözə utandı.- Eh… get, təki Ailah üstündə yar olsun… ***Yasəmən bu düşüncələrlə yuxuya daldı. Onu körpənin ağlamaq səsi ayırdı. Uzandığı çarpayıdan cəld qalxaraq, körpəni qucağına götürdü və yedirtməyə başladı. Bu zaman darvaza möhkəm döyüldü. Yasəmən uşağı çarpayıya qoyub, eyvana çıxdı. Darvaza hündür olduğu üçün heç kim görünmürdü. Yasəmən darvazaya tərəf səsləndi:- Kimdi?Suala sualla cavab gəldi:- Evdə kim var? Mina xalaya denən sizi Sovetliyə çağırırlar.Qonşu uşağı Yasəmənin növbəti sualını gözləmədən, qəfil gəldiyi kimi də, qəfil yoxa çıxdı. “Xeyir olsun, Mina bibimi Sovetliyə niyə çağırsınlar!”.Bir azdan böyük qaynı Ədil təngnəfəs özünü yetirdi. Salamsız, kəlamsız:- Anam hanı?- Raya xalagilə gedib!Ədil həyətdən yel kimi çıxdı. Yasəmən vedrələri götürüb, həyətin ayağından axan arxa sarı getdi. Arxa yaxınlaşanda günortakı yuxusu yadına düşdü. O dəqiqə də halı dəyişdi, bikefləndi. Ordan tez uzaqlaşmaq üçün vedrələri tələsik arxa salıb doldurdu. Asta-asta evə tərəf gəlməyə başladı. Həyətə çatdı. Nəfəsini dərmək üçün vedrələri yerə qoydu. Bu zaman darvazanın qarşısında iki maşın saxladı. Maşın dayanan kimi də Mina bibisinin fəryadlı qışqırtısı nəinki həyəti, bütün məhləni başına götürdü:- Balam laylay, balam laylay, anan öləydi, ay Əkbər! Bala lay-lay… Yaralı canına, axan qanına anan qurban!Kişilər də hönkürürdü. Elə Ədil də anası kimi ucadan ağı deyirdi.Yasəmən səsdən çaşdığı üçün əvvəlcə heç nə anlamadı. Elə bildi ki, yuxu görür, pis bir yuxu… Gözlərini ovuclarının içi ilə sıxcaladı. Yox, yuxu deyil, hamı ağlayırdı. Əkbərin adını çağıra-çağıra….Amma anlaya bilmirdi ki, niyə məhz “Əkbər” deyə ağlayırlar. Soruşmaq istədi. Səsi çıxmadı. Nə qədər cəhd etdisə, nitqi açılmadı. Yavaş-yavaş çoxalan adamlara baxdı. Gözləri ilə kimisə axtardı. Tapa bilməyəndə istədi kimsə ona nə baş verdiyini anlatsın. Mina bibi elə bil Yasəmənin fikrini tutdu:- Yazıq bala, ay bala, Əkbərin öldü. Yazıq, ay yazıq yetim! -deyə sanki Yasəməni ayıltmağa, olduğu röyadan oyatmağa çalışdı.Yasəmənin qaranlıq çökmüş beynində birdən elə bil şimşək çaxdı. Yalnız o bir anlıq şimşəyin işığında hər şeyi aydınca gördü. Əkbər ölüb…Dodaqlarının arasından zəif səs eşidildi: “Əkbər?” Söz ağzından çıxan kimi bir parça ət olub, yerə sərildi.Gözünü açanda başının üstündə qara geyimli, qara yaylıqlı qadınları gördü. Üzlərini seçə bilmirdi. Danışmağa halı da yox idi ki, kimliklərini, nə istədiklərini, indi kimi aparmağa gəldiklərini soruşsun.Kimsə yavaşca “Allaha şükür gözünü açdı” – dedi. Bir başqası isə “Allahın rəhmi o körpəyə gəldi. Körpə lap yetim qalardı” cavabını verdi.”Körpə, yetim, yetim körpə”. Yenə heç nə anlaya bilmədi. Nəsə soruşmaq istəsə də, iniltidən başqa ondan heç bir səs çıxmadı. Gözləri qapandı. Arada qulağına uğultu qarışıq insan səsləri gəlsə də, bu səslər tez də kəsildi.Axşamtərəfi idi. Həyətdə adam əlindən tərpənmək olmurdu. Kişilər bir kənara çəkilib, siqaret tüstülədir, astadan söhbət edirdilər. Kəndin yeniyetmələri neçə gün əvvəl tikilmiş böyük mağarı sökür, qadınlar həyət-bacanı qaydaya salır, uşaqlar isə qonşulardan gəlmiş stol-stulları, müşəmbələri, mağarın içərisinə vurulmuş gəbə və kilimləri paylaşdırırdılar. Hamı sanki bir-biri ilə küsülü idi. Böyük günah etmiş adamlar kimi bir-birinin gözünün içinə baxmır, susurdular. Birdən Şəfəq içəri evdən h[vlanak çıxıb, pilləkənlərin başına gəldi:- Mina bibi, Yasəmən ayıldı, gözlərini açdı!Həyətdə canlanma yarandı. Hamının üzünə ani bir sevinc gəldi. Çünki Yasəmən Əkbərin ölüm xəbərini eşidən gündən dərin sarsıntıdan infarkt keçirmişdi. Kəndin həkimi – Qədir həkim bir müddət xəstənin yanından ayrılmamış, onu yerindən tərpətməyə, narahat etməyə qoymamışdı. Odur ki, qohum-əqrəbadan çox özü sevinirdi. Çölə çıxıb Mina bibiyə yaxınlaşdı:- Ay Mina bajı, çalışın gəlinin yanında ağlayıb, sızlamayın. Ağır sarsıntıdan infarkt keçirib, amma qorxmayın, yüngüldü. Kaş ağlayaydı! Ağlaya bilmədiyi üçün zərbə ürəyə dəyib. Yataqdan qalxmasın, uşağı yanından götürməyin! Tez-tez gələjəm.- Sağ ol, başına dönüm, ay həkim! Ay həkim, səni yaman narahat elədik!- Bu nə sözdü ay Mina bajı? Borcumuzdu! Bir narahatçılıq olsa, xəbər verin!Həkim sağollaşıb getdi. İndi heç kəs pilləkənlə qalxmağa, içəri keçməyə ürək eləmirdi. Hamı bir-birinin üzünə baxırdı. Bilirdilər ki, içəridə Yasəmənin sual dolu baxışları onların yolunu gözləyir.Əkbərin böyük bacısı Fitat önlüyü yaxasından açıb, əllərini sildi. Elə önlük əllərində tərəddüdlə pilləkənləri qaxdı. Evin qapısını açıb, içəri keçdi. Çarpayının baş tərəfinə iki balış üst-üstə qoyulmuş, tibb bacısının köməyi ilə Yasəmən o balışa söykənmişdi. İfadəsiz gözləri elə hey bir məchulnöqtəyə baxırdı. Bu neçə gündə ac-susuz olması onu xeyli sınıxdırmışdı. Rəngi yenə əvvəlki kimi qaralmış, gözləri çuxura düşmüşdü. Fitat qoşa çarpayıda Əkbərin yatdığı tərəfin boş olmasını elə bil indi gördü. Fikrindən nə keçdisə, qəhərini zorla boğa-boğa:- Can, can, Allah məni öldürsün! – dedi.Fitatın yaşı hələ qırxı təzə adlasa da, dünyanın bərkinə-boşuna dəfələrlə düşmüşdü. Amma indi nə demək, necə təsəlli vermək lazım olduğunu bilmirdi. Əkbərin ona doğma qardaş olduğunu sanki unutmuşdu. Elə bil Əkbər yalnız Yasəmənə məxsus idi. Qardaş kimi də, ər kimi də, dost kimi də, lap elə sevgili kimi də. Ona elə gəlirdi ki, doğma bacı olsa da, Əkbərin itkisinə Yasəmən qədər yanmır. Özünü toxtaq göstərməyə çalışdı:- Qadan alım, neçə gündü, ajsan, nə yeyirsən, gətirim?.. Çay içirsən?.. Ürəyin nə istəyir?.. Balanı görmək istəyirsən?.. Sən Allah, ürəyin nə istəyir?Yasəmənin ifadəsiz gözlərində yumrulanmış iki damla yaş sifəti aşağı yuvarlanaraq sinəsinə düşdü. O, zəif səslə, astadan:- Əkbəri… – dedi və bu dəfə aramsız süzülən yaşlar həyətin ayağından axan arxı xatırlatdı. Ölüm xəbəri çıxandan bəri ilk dəfə idi ki, Əkbər üçün göz yaşı axıdırdı Yasəmən!Gələcəkdə onu nələrin gözlədiyini bilməsə də, kəlməbaşı eşitdiyi “yazıq” sözü çox şeydən xəbər verirdi. Həkimin tapşırıqları Fitatın yadından çıxmışdı, o da Yasəmənə qoşuldu və anladı ki, yeddi gündür o, ancaq şəhid olmuş qardaşını ağlayıb, indi isə arzu-muradı gözündə qalmış, ümidləri sönmüş, ruhən ölmüş Yasəməni ağlayır. Ağladıqca fikri aydınlaşan Fitat dilinə qəfil gələn sözləri üyüdüb-tökməyə başladı:- Qadan alım, belə yanıqlı-yanıqlı ağlama. Neynəmək olar, ölüm haqdı, alnımıza nə yazılıb, onu da görəjiyik. Ağlama, başına dönüm, ağlama, şükür, bir balan var. Əkbərin yadigarıdır. Ona yaxşı bax, böyüt! Əkbərin ruhu da şad olsun! Təkcə sənin başına gəlməyif ha! Sakit ol… ağlama… qadan alım!Yasəmən artıq sakitləşmişdi. Yenə də gözünü bir nöqtəyə zilləyib durmuşdu. Fitat Yasəmənin kiridiyini görüb, söhbətin səmtini dəyişməyə çalışdi:- Yasəmən, bir əsgər gəlmişdi. Əkbərin silahdaşı. Nə vaxtdandı bir yerdəymişlər, – ağlamsındı, – Əkbər elə onun qolları arasında can verib. Deyəsən, xeyli də söhbət ediblər, nə bilim, vallah, nəysə sözdü adama oxşuyurdu. Səni görmək istəyirdi, deyəsən?!.Yasəmən bu neçə vaxtda ilk dəfə ağzını açıb, bir neçə kəlmə söz söylədi:- Bəs indi, hanı?- Gedib, günortadan gedib, bəlkə cümə axşamı gəldi.Yasəmən gözlərini qapadı, artıq ağlamağa da heyi-taqəti qalmamışdı. Fitat elə bildi ki, o, yatmaq istəyir. Tez oturduğu yerdən qalxıb, barmaqlarının ucunda qapıya tərəf getdi.Əkbərin yeddisindən beş gün keçmişdi. Sabah isə cümə axşamı olacaqdı. Yenə də həyət qələbəlik idi. Hamı sabahkı məclisə hazırlaşırdı. Yasəmən heç bir iş görməsə də əlləri qoynunda, eyvanda dirəyə söykənərək fikrə getmişdi. Elə bil ətrafda baş verən səs-küyü, qaynaşmanı görmür, eşitmirdi. Əslində heç nə fikirləşmirdi, heç fikirləşə də bilmirdi. Hər şey gözündə adiləşmişdi. Bu adilik onu o qədər sıxırdı ki, bu həyətdən, bu kənddən, lap elə bu dünyadan qaçmaq, uzaqlaşmaq istəyirdi. Təsəlli tapacağı, sakitləşəcəyi bir guşə axtarırdı Yasəmən… Elə bir yer ki, orda əvvəlki kimi xoşbəxt olsun, qayğısız olsun! Fikrində axtardı, aradı… və tapdı. O, yalnız Əkbərin yanında, onun qolları arasında xoşbəxt olar… Qayğısız olar… Ürəyində sevindi, yer tapdığına görə… İçi çiçək açdı, bir addım atsa, Əkbərlə görüşəcək, Əkbərlə birlikdə olacaq. Heç kəs onu Əkbərdən ayırmayacaq… heç kəs…Gözü eyvanda, dirəyə bərkidilmiş elektrik xəttinə sataşdı. Yasəmən əlini atıb elektrik xəttini var gücü ilə dartdı. Xətt Yasəmənin əlində gəldi. Kimsənin görüb-görmədiyini yəqinləşdirmək üçün ətrafa göz gəzdirdi. Birdən lap qarşısında, uşaq arabasında yatmış körpə onu yuxudan ayıltdı. Nə etmək istədiyini indi anladı. “Yaxşı, Əkbər yox, mən də yox… Bu uşağa kim məhəbbət göstərəcək, kim onu sevib əzizləyəcək? Heç kim! Mən boyda adam nəvazişin, məhəbbətin yoxluğundan usanmışam, bəs bu körpə necə dözəcək?.. Heç kim onu mənim qədər sevməyəcək axı, uzaq başı mərhəmətlə başına sığal çəkəcəklər, vəssalam… bəs sonra?”Öz yetimliyini yadına salan Yasəmən əlindəki elektrik xəttini kənara itələyib, dünyadan xəbərsiz, arabasında yatmış körpəsini sinəsinə sıxdı və bu neçə gündə ilk dəfə yanıqlı səslə, ucadan ağı deyib hönkürməyə başladı. Əzizim ağlamazdım,Gülərdim, ağlamazdım.Bilsəydim vəfan budu,Sənə bel bağlamazdım. Həyətdəkilər əllərini bir anlıq işdən ayırdılar. Qadınlardan bir neçəsi yuxarı çıxaraq, Yasəmənlə bərabər göz yaşı tökməyə tələssələr də, Mina bibi əli ilə onlara “olmaz” işarəsi verib sakitcə dedi:- Dəyməyin, qoyun ürəyini boşaltsın.Səhər hamı tezdən oyanmışdı. Hər kəs öz öhdəsinə düşən işi görürdü.Yasa gələnlər iki-bir, üç-bir həyətə daxil olur, Ədil onları qarşılayıb mağara dəvət edirdi. Qadınları isə bacısı Fitat otağa aparırdı. Bu zaman həyətə bir əsgər girdi. Qadınlardan başqa həyətdə hər kim vardısa, hamı onun qarşısına yeridi. Xüsusi hörmətlə əsgərə yaxınlaşıb, mehribancasına görüşdülər. Ədil əsgəri də mağara dəvət etdi.-Məni bağışlayın, burda çox qala bilmərəm. Sabah döyüş olacaq, gərək gedib hazırlaşım. Amma Yasəmən bacıya çatacaq əmanət, gərək verim. – Ədil məsələdən hali adamlar kimi başını yellədi. Razılığını verdi. Üzünü Fitata çevirib dedi: – Yasəməni çağır gəlsin!Fitat Yasəmənin nə üçün çağrıldığını anlamasa da, yaşına uyğun olmayan bir cəldliklə ağlaşma olan otağa tərəf getdi. Gözləri ağlamaqdan qıpqırmızı qızarmış Yasəmənlə qayıtdı. Ədil, Fitat, Yasəmən və əsgər boş otaqlardan birinə keçdilər. Söhbətə nədən başlayaçağını bilməyən əsgər bir müddət susdu. Sonra siqaretini yandırdı. Və asta-asta danışmağa başladı:- Əkbər səmimiyyətinə görə orduya gələn gündən hamının hörmətini qazanmışdı. Çox ciddi oğlan idi. Döyüşə hamıdan əvvəl atılar, döyüş meydanını hamıdan axırda tərk edərdi. Döyüşlərə ruh yüksəkliyi ilə hazırlaşmasında hamıya örnək idi. Bəzən boş vaxtlarımızda hərə bir işlə məşğul olardıq. O isə qara rəngli kiçik bir bloknotu açar, qələmi əlinə götürüb, ora nəsə yazar, yazını bitirdikdən sonra, gözünü açıq bloknotun yazılı səhifələrinə zilləyərək bəlkə də, saatlarla xəyala dalardı. Öz aləminə elə qapılardı ki, mənim ona baxdığımı, bəzən də hərəkətlərinə güldüyümü də hiss etməzdi. Sonra bloknotu cibinə qoymazdan əvvəl iki dəfə öpərdi. Sonradan bildim ki, şəkildir. Bir gün yenə yazırdı.Mən ona yaxınlaşıb:- Deyəsən, “şanlı”dı hə? – dedim.Başını qaldırıb gülümsədi:- Yox, “şansızdı”! Oğluma, yoldaşıma yazıram! – dedi.- Dost, deyəsən, sən hər döyüşdən əvvəl bir roman yazıb gedirsən!- Ölüm göznən qaş arasındadır, İsmayıl! Hər an, hər şey ola bilər. Mən bilirəm ki, həyat yoldaşım mənim itkimə dözməz, ona görə də çalışıram onu özüm ovundurum. Axı, oğlum onsuz lap yetim qalar. Ürəyimə damıb ki…- Ə, yaxşı sən Allah! Yekə kişisən, durub boş-boş şeylərdən danışırsan. Denən, ay İsmayıl, qoy müharibə qurtarsın, səni aparım…ə, tut ağacınız varmı?- Hə…- O tut ağacının altında bir yaxşı qonaqlıq verim, səni ailəmlə tanış edim… Sən də başlamısan bəd-bəd danışmağa… xeyirsöyləməz!Əkbər mənim ürəklə dediyim şirin arzularla gülümsündü:- Yaxşı, mən təslim, müharibədən sonra gedirik bizə! Amma səndən bir xahişim var… Əgər mənə bir şey olsa, bu bloknotu həyat yoldaşıma çatdır. Oldu?- Oldu, oldu… Allah eləməsin!Söhbətləşdiyimiz günün sabahısı döyüş əmri verildi. Bizim batalyon xüsusi coşğunluqla döyüşə atıldı. Əkbəri isə döyüş ərəfəsində tanımaq mümkün deyildi. Ermənilərə qarşı o qədər nifrətlə döyüşürdü ki, onları məhv etmək, yer üzündən qaşımaq eşqi ilə alışıb-yanırdı. Əvvəl səngərdən çıxmadan atəş açırdısa, indi irəliyə sürünərək, düşmənləri daha yaxından biçib-tökürdü. Artıq düşmən onu hədəfə götürmüşdü. Buna baxmayaraq, Əkbər yerini dəyişmək, geri, səngərə qayıtmaq fikrinə düşmürdü. Birdən qarşı tərəfdən “Qrad” mərmisi Əkbərin lap yaxınlığına düşdü. Əkbər tərpənmədi.Əkbərin paltarı deşik-deşik olmuş, hər tərəfindən qan axırdı. Hiss olunurdu ki, onu heç cür xilas etmək mümkün deyil. Son dəqiqələri idi. Nəsə demək istədi. Dillənə bilmədi. Amma gözlərini üzümə zilləyərək, sanki “tapşırığımı unutma”, dedi və gözlərini əbədi yumdu. Bu müharibə dövründə, mən təbii ki, silahdaşlarımın çoxunun ölümünün şahidi olmuşam, kədərlənmişəm. Amma Əkbərin itkisi məni dərindən ağrıdıb. Bəlkə də onun bloknotu mənim əlimə keçməsəydi, mən bu qədər sarsılmazdım.İsmayıl əlini cibinə atdı. Ordan qara cildli bir bloknot çıxardi:- Buyurun, Yasəmən xanım, bu, sizə çatacaq! – dedi və üstündən dağ götürülmüş adam kimi dərindən nəfəs aldı. Sonra acı və təəssüf dolu təbəssümlə dilləndi: – Əkbər xoşbəxt insandı, sizin kimi həyat yoldaşı, oğlu, bacısı, qardaşı, qohum-əqrəbası, heç olmasa basdırıldığı qəbiristanlığı var. Mən isə hər şeydən məhrumam!- Niyə, qardaş!İsmayıl indiyə qədər təmkinlə danışmasına, hərəkət etməsinə baxmayaraq, qeyri-ixtiyari gözləri doldu. Kəsik-kəsik qəhərli səslə:- Mən Xocalıdanam! – dedi və iti addımlarla ordan uzaqlaşdı. Yəqin ki, göz yaşlarını qadınların yanında göstərmək istəmədi.Yasəmən əlində dəftərçə yenidən həmin otağa qayıtdı. Fitat israrla içəridə qalmaq istəsə də Yasəmən razılaşmadı. Qapını bağlayıb, dəftərçəni vərəqləməyə başladı.Dəftərçənin içəridən cildinə keçirilmiş, iki-üç ay bundan əvvəl oğlu ilə birgə çəkdirdiyi şəkil, sonra isə aydın xətlə yazılmış bir neçə vərəq göründü. Yasəmən dəftərçəni burnuna yaxınlaşdırıb qoxladı. Gözlərinin yaşını silib, dəftərçəni oxumağa başladı. 1-ci vərəq “Yasəmən, indi başa düşürəm ki, səni nə qədər sevirmisəm. Ayrılıq adama cox şeylər deyir. Yaxşı ki, heç vaxt xətrinə dəyməmişəm, yoxsa indi altını çəkərdim. Səmədin üzündən, gözlərindən öp. Mən ikinizi də öpürəm. Sağ olun!” 2-ci vərəq “Salam, sabah döyüşə gedirik, oğlum amanatı! Məni qoruduğun kimi, sevdiyin kimi, onu da qoru, sev. Çünki o, mənim parçamdı. Görüşmək ümidi ilə! Öpürəm. Sağ ol!” 3-cü vərəq “Mənim həyatım, salam! Bəlkə də, sən bunları oxuyanda mən həyatda olmayacağam, bəlkə də…Çox arzu edirəm ki, bunu müharibə qurtarandan sonra həyətdəki tut ağacının altında birgə oturub oxuyaq və gülək. Həm də biləsən ki, səni nə qədər sevirəm”. 4-cü vərəq “Yasəmən, şər deməsən, xeyir gəlməz. Müharibənin öz qanunları var, ölüm hər an başımızın üstündədir. Bir canım var, onu da anama, Vətənimə qurban demişəm. Onların borcundan çıxmaq üçün elə bilirəm canım bəs edər. Başqa heç kimə borcum yoxdu”. 5-ci vərəq “Heç kimin yanında gözükölgəli deyiləm. Kimə nə söz vermişəm, yerinə yetirmişəm. Kimə borclu olmuşam borcun qaytarmışam. Bir səndən başqa…” 6-cı vərəq “Sənə söz vermişdim, səni xoşbəxt edəcəm deyə… Sənə söz vermişdim, həyatımın sonuna qədər səndən ayrılmayacağam deyə… Səni kədərlənməyə, ağlamağa qoymayacağam. Sənə söz vermişdim… Bu müharibədi, Yasəmən! O, bizim arzularımıza, sözümüzə məhəl qoymur, öz bildiyini edir”. 7-ci vərəq “Əgər ölüm haqlasa… məni sözümü tutmamaqda günahlandırma, Yasəmən! Məni bağışla! Çünki təkcə sənə verdiyim sözə, vədə əməl edə bilmədim… təkcə sənin yanında günahkaram…Təkcə sən bağışla!
Adil İrşadoğlu ilə tanışlığımız və dostluğumuz hardasa 30 ildən çox bir dövrü əhatə edir. O vaxtlar Adil deyib-gülən, yeyib-içən, çevik insan idi. O, İş yerimizdə, bekar vaxtlarımızda, otaqda kənar adamlar olmayanda zarafatlaşar, musiqidən söz salar, haqqında danışdığı musiqini zümzümə edər və həmin musiqinin ritminə uyğun stolun kənarında çırtıq çalardı. Bu da mənim olduqca xoşuma gələrdi, çünki musiqini dərindən bilən adam belə ritmlə zümzümə edər və çırtıq çala bilərdi. Ancaq o vaxt mən hələ bilmirdim ki, Adil Ağdam Musiqi Texnikumunun Tar şöbəsini fərqlənmə diplomu ilə bitirib. Mayestro Niyazinin rəhbərlik etdiyi komissiyaya dövlət imtahanı verib. Dövlət imtahanını uğurla başa vurduğuna görə müəllimi rəhmətlik Məşədi Nəriman öz qiymətli tarını ona hədiyyə edib.
… 80-ci illərin axırı idi. Həyat kəskin surətdə dəyişmişdi. Birbaşa Moskvanın havadarlıq etdiyi nankor ermənilər yenə baş qaldırmışdılar. Onlar Qərbi Azərbaycandakı soydaşlarımıza hücum edərək günahsız insanlara işgəncələr verməyə və qədim məskənlərindən didərgin salmağa başlamışdılar. Qarabağda da eyniylə həmin hadisələr ardıcıllıqla davam etdirilirdi. Şəhərlərimiz, kəndlərimiz ağır silahlardan mütəmadi atəşə tutulur, günahsız insanlarımız həlak olur, evlər, idarə və müəssisələr yerlə yeksan edilirdi. Əsrlərlə yaşadıqları dədə-baba yurdlarından qovulan, var-dövləti əlindən alınan, dilənçi vəziyyətinə salınan və öldürülən soydaşlarımızın ah-naləsinə məhəl qoyan yox idi. Dünyanın qabaqcıl demokratik ölkələri bu cinayətlərə göz yumurdu. Sanki onların görən gözü kor olmuşdu. Üstəlik sapı özümüzdən olan baltalar da əl-ayağa dolaşır, başımıza gətirilən bu müsibətləri açıq danışmağa maneçilik törədirdilər.
Yadımdadır, Xankəndində yaşadığı evindən bir çöp belə götürmədən çıxarılan jurnalist Cahid Quliyev yana-yana ermənilərin özbaşınalığından danışırdı. Qoltuğunda faktlarla dolu iri bir papka var idi. Deyirdi ki, “neçə dəfə yazmışam, göstərmişəm ki, ermənilər bizim əleyhimizə necə qorxulu işlər görürlər. Ancaq sözümü heç kəs eşitmir. Üstəlik mənim özümü günühlandırırlar ki, “provakasiya” ilə məşğul olma, get işinin-gücünün dalınca. Sənin o fakt dolu yazılarından zibil yeşiyində yüzlərlədir”.
… Moskva Azərbaycana açıq-aşkar qoşun yeritmişdi. Azərbaycanlılar Ermənistandan it günündə qovulduqları halda rus əsgərləri hər bir erməni kəndinin girəcəyində post qurmuşdu, zirehli maşınları da ki, öz yerində. Bir nəfər də olsun erməni kəndlərinə yaxınlaşa bilməzdi.
Bu, elə bir dövr idi ki, ölkəmiz qaynar qazan kimi çalxalanırdı. Sapı özümüzdən olan baltaların isə səsi çıxmırdı. Əksinə, öz kommunist əqidələrinə sadiq qalaraq Moskvaya nökərçilik edirdilər. Xalqımızın qanına yerikləyən Zori Balayan kimi cəllada bir kəlmə belə deyilmədiyi halda Xəlil Rza kimi vətənpərvər şairi həbs etmişdilər.
… 89-cu ilin sonları idi. AzTv-nin rəhbərliyi məni də çəkiliş qrupum ilə Şuşaya ezam etmişdi. Şuşa istirahət evinin otaqları isə yüksək rütbəli rus zabitləri ilə dolu idi. Həmin günlərdə gözləmədiyimiz halda Azərbaycan Respublikasının xalq şairi (1992) Xəlil Rza Ulitürk və Xalq artisti Mikayıl Mirzə də gəlib Şuşaya çıxdılar. Açığını deyim ki, elə bil mənə dünyanı bağışladılar. Axşam bizə ayrılan efir vaxtında verilişə başladım. Qonaqlarımı tamaşaçılara təqdim etdim. Xəlil Rza elə bir odlu-alovlu çıxış etdi ki, tayı, bərabəri yox idi. Bakıdan bizə ayrılan vaxt sona çatmaq üzrə idi. Həmin anlarda Azərbaycan Dövlət Televiziyasının rəhbərliyindən telefon zəngi gəldi ki, verilişi yarımçıq kəsməyin, qoyun Xəlil Rza Ulitürk odlu-alovlu çıxışını sonadək davam etsin. Xəlil Rzanın bu çıxışı respublikamızda böyük əks-səda doğurdu. Aradan bir az keçmişdi ki. Xəlil Rzanı sapı özümüzdən olan baltalar həbs etdilər. O vaxt məni və Mİkayıl Mİrzəni sorğu-sual üçün keçmiş “Cənub mehmanxanası”na çağırmışdılar. Ancaq yadımda qalmayıb, sorğu-sual edən rus idi, yoxsa azərbaycanlı. Məndən soruşdular ki, Xəlil Rzanı sən dəvət etmişdin, yoxsa o özü gəlmişdi? Dedim ki, mən heç kəsi dəvət etməmişəm, o təsadüfi bir iş idi. Bununla da sorğu-suala son qoyuldu.
Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi. Adil İrşadoğlu öz komandası ilə 1989-cu ilin oktyabr ayının əvvəlindən Şuşada fəaliyyət göstərirdi. Komanda çox çətin şəraitdə işləyirdi. Mən Şuşaya yaradıcılıq ezamiyyətinə gedəndə 1989-cu ilin dekabr ayının axırları idi. Təxminən 15 gün Şuşada canlı efirə çıxdım. Montaj etməyə texniki qurğu olmadığından mən canlı yayıma üstünlük verirdim. Ancaq Adil özünə zülm edirdi. Gecə yatmayıb verilişinin ssenarisini əvvəlcədən yazırdı və səhərisi gün həmin ssenariylə çəkiliş edirdi. Yəni, daha montaja ehtiyac qalmırdı. Bu adam yorulmaq nədir, bilmirdi. Mən ona heyran qalmışdım. O, həm çəkilişə gedirdi, həm ssenari yazırdı, həm redaktor idi, başqalarının yazısını oxuyub redaktə edirdi, həm də öz verilişlərinin aparıcısı idi.
Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri (1988) rəhmətlik Mikayıl Gözəlov Adilin xətrini çox istəyirdi. Onun fəaliyyətindən olduqca məmnun idi. Mikayıl müəllim daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməyən jurnalist Adil İrşadoğlunun normal fəaliyyəti üçün ona hər cür şərait yaratmışdı. Ancaq gecələr işıq sönəndə Adilin əhvalı xarab olurdu, ssenarisini oturub yaza bilmirdi. Mikayıl müəllimdən xahiş edirdi ki, “Ağdama gedən olanda tapşırın ki, mənə bir qutu şam alıb gətirsin”. Yeri gəlmişkən, bildirim ki, Mikayıl Gözəlov Şuşa şəhərinin və Dağlıq Qarabağ ərazisindəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. 1989-cu ilin dekabr ayının 30-da Adil İrşadoğlunu evə, ailəsilə görüşməyə buraxdılar. Mən də 1990-cı il yanvarın 10-da Bakıya qayıtdım. Sonra isə Sovet rəhbərliyinin himayədarlığı ilə sovet dövlətinin hərb maşını tariximizin qanlı 20 yanvar faciəsini törətdi. 20 yanvar həm də xalqımızın şanlı səhifəsidir…
Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın “Sənaye şöbəsi”nin müdiri işlədi. Ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı – “Hünər” verilişləri proqramı var idi. Adil Şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar – Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir.
AzTv-də əhval-ruhiyyə dəyişdikcə, insanların da üzü dəyişirdi. Adil İrşadoğluna və digər milli vətənpərvər işçilərə qarşı haqsızlıq baş alıb gedirdi. Daxili gizli qüvvələr belə insanların normal fəaliyyətinə mane olurdular. Gah ön cəbhəyə getmək üçün icazə sənədini ləngidirdilər, gah videokamera çatışmırdı, gah ezamiyyət pulu vermirdilər, gah verilişi hazırlamaq üçün montaj stolu ayırmırdılar, gah da verilişin efirə getməyinə az qalmış onu efirdən çıxardırdılar… Mən özüm də teleşirkətdə çox təzyiqlərlə, haqsızlıqlarla üzləşmişəm. Adilə isə işləməyə heç imkan vermirdilər. O da məcbur olub 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğu, qəlbən seçdiyi və sevdiyi televiziyadan, Azərbaycanın yeganə televiziyasından ayrıldı, müstəqil jurnalist olaraq fəaliyyətini davam etdirdi.
Adil İrşadoğlu “Yeni dünya” qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış “De Fakto” qəzetinin qurucusu və ilk baş redaktoru, “Çempion” adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, “Sara – ekspress” qəzetinin məsul katibi, “Olaylar” qəzetinin baş direktoru, “Şans” qəzetinin baş direktoru, “Novıy mir” qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan “Azad Qarabağ” qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse – prezidenti işlədi. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi oldu. O, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü seçildi.
Adil İrşadoğlu hazırda Azərbaycan Respublikasında Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın – “İRŞAD – Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru, Jurnalist – Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. İctimai əsaslarla işlədiyinə görə əmək pensiyasından başqa heç bir yerdən gəliri yoxdur. 50 ilə yaxındır ki, jurnalistlik fəaliyyətilə məşğuldur.
Bu gün onun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, sosial şəbəkələrdə rəngarəng və çox maraqlı səhifələri, 7 bloku, “YouTube”də 5 kanalı, “Facebook”da 10 səhifəsi və 7 qrupu, “Web.tv”də 1 kanalı fəaliyyətdədir. O, deyir ki, “Əlimdən alınan meydanı burada tapmışam”.
Ahıl jurnalist Adil İrşadoğlu İnternetin imkanlarından çox məharətlə istifadə edir. Yeni media platformasında, sahibi olduğu sayt, kanal və bloqlarında davamlı şəkildə Azərbaycan həqiqətlərini yayır. Bütün bunların sayəsində virtual aləmdə yüz mindən çox oxucu toplaya bilib. Buna görə də “Google” şirkəti onu “1 nömrəli bloqçu” adlandırıb.
Adil İrşadoğlu deyir ki, “Mən peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm. Hesab edirəm ki, Google da, Facebook da, Twitter də ciddi bir platformadır. Bu işə ciddi yanaşmaq lazımdır. İndi xəbərləşmək, xəbər paylaşmaq, məlumat almaq, ötürmək internetsiz çox çətindir. Bu, artıq cəmiyyəti məlumatlandırmanın yeni bir mərhələsidir”.
Adil İrşadoğlu bəzi yalançı, “işbaz” kabinet jurnalistləri kimi deyil. O, heç bir təmənna ummadan, Allahdan başqa heç kimdən qorxub-çəkinmədən vətənpərvərliyini öz işi ilə sübuta yetirən professional jurnalistdir. Açıq-aşkar deyə bilərəm ki, Vətən uğrunda könüllü heç bir fəaliyyəti olmayan, bir dəfə də olsun cəbhə bölgəsinə addım atmayan, yeri gəldikdə yüz cür cildə girərək dövlətdən nə gəldi qopartmağı bacaran, fəxri ad və ev alan əldəqayırma “jurnalist”lərdən fərqli olaraq Adilin səsinə səs verməyiblər. Əksinə, ona dövlətdən iş, fəxri ad və ev verilməsinə əngəl törədiblər. Onun ailəsinin çətin vəziyyətdə yaşamasına etinasız yanaşıblar. Halbuki elə adamlar qaranlıq karyera yüksəlişinə çatıblar ki, təəcüblənməyə bilmirsən.
Adil İrşadoğlu deyir ki, “Dəfələrlə müraciətimə baxmayaraq dövlətimiz tərəfindən diqqət və qayğı görməmişəm. Yanımda həyat və iş təcribəsi keçib öyrənən, atalıq qayğısı göstərdiyim işçilərimdən fərqli olaraq fəxri ad almamışam, geniş mənzillə təmin olunmamışam. Nə bağım var, nə bostanım, bu darısqal evimdən başqa nə əlavə evim var, nə də avtomobilim, nə fəxri adım var, nə də medalım-ordenim. Prezident təqaüdü də almıram. Jurnalistlər üçün tikilib təhvil verilən 1-ci, 2-ci binadan mənə mənzil vermədilər. Çalışıram ki, tikilib hazır olan 3-cü binadan mənə də bir mənzil düşsün. Buna ehtiyacım böyükdür”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli və sevimli Mehriban xanım, jurnalistikaya, ədəbiyyata, yaradıcı insanlara xüsusi diqqətinizi, onların problemlərinə hər zaman dəstək olduğunuzu nəzərə alaraq, Sizə ərkiyanə müraciət edirəm. Veteran televiziya və qəzet jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), ahıl jurnalist Adil İrşadoğlu çətin şəraitdə, ağır sosial durumda yaşayır, səhhətində problemlər var. Onun bu durumu həmkarı və dostu kimi məni də ciddi narahat edir. Tanınmış jurnalist Adil İrşadoğlunun xidmətlərini nəzərə alaraq onun problemlərinə diqqət göstərməyinizi və həmin problemlərin aradan qaldırılmasını nəzarətə götürməyinizi xahiş edirəm. Sizə öncədən minnətdarlığımı bildirirəm.