Etiket arxivi: POEZİYA

BÖYÜK ÜRƏKLİ ANA – XƏYALƏ ZƏRRABQIZI

Mahirə NAĞIQIZI – Böyük ürəkli ANA.

Böyük ürəkli ANA…

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ…

– deyə fəryad edirdi Ağabəyim ağa…

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ… 

Qarabağ ağrı idi…

Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu…  körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…

Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.

Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

 Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Tarix yazan Sərkərdənin – Ali Baş Komandanımızın bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Tarix yazan müzəffər Sərkərdənin rəşadətini və Azərbaycan Ordusunun misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan oğulların hər birinin döyüş yolunu qələmə almaq, canını fəda edib yaddaşlarda canlı əfsanəyə çevrilən igidlərin vətənə can vermək, vətəni cana gətirmək üçün etdikləri fədakarlığı  cansız kağızın yaddaşında ölümsüzləşdirmək istəyirəm. Bu niyyətlə hər birinin ailə üzvləri ilə, döyüş yoldaşları ilə, komandirləri ilə həmsöhbət oluram. İgidlərin döyüş yoluna şahidlik edə-edə, bu söhbətləri dinləyə-dinləyə, o Anaların çoxundan bu sözləri eşidirəm: “Xəyalə, qızım, bizim oğullarımıza yanan təkcə biz – onları öz bətnində böyüdüb dünyaya gətirən analar yox, Vətənimizin qeyrətli, böyük ürəkli, fədakar bir qızı da Ana oldu – Mahirə xanım. Həm dərdimizə şərik, göz yaşımıza həmdəm, hər an yanımızda hiss elədik Mahirə xanımı. Balalarımıza ürəyinin yanğısıyla, qələminin yazısıyla ana oldu Mahirə xanım…

Mahirə xanım Nağıqızı… Təqdimata və izaha ehtiyacı olmayan Adam… Mənə elə gəlir ki, Mahirə xanımın işıqlı insan, alim, müəllim, pedaqoq adlarından, alın təriylə qazandığı bütün titullarından daha ucada dayanır bu ad: bütün şəhid balaların Anası… Şəhid analarının isə ömrünə həmdəm, yaralarına məlhəm ola bilməsi Mahirə xanımın böyük ürəyindən və elə ürəyi böyüklükdə fədakarlığından xəbər verir… Mahirə xanım hər kəlməsindən vətən sevdalı qələm adamı, vətəndaş ziyalıdır. Balası Vətən yolunda şəhid olan analardan Onun ünvanına deyilən alqış nidalarını sözə çevirib yazmağa isə sözlərimin gücü yetmir. Sadəcə ürəkdən “Var olun! O ülvi hisslərlə döyünən ümman boyda ürəyiniz var olsun, Mahirə xanım! -deyə bilirəm. Sizin Ana Vətən üçün ömrünü fəda edən igidlərimizə fədakar bir Ana ola bilməyiniz bütün şəhid analarımıza sözlə izaholunmaz bir təskinlikdir.

Ana olmağı bacarmaq – ən böyük şəxsiyyət, ən böyük şair, ən böyük müəllim ola bilməkdi…

Ana olmağı bacarmaq – bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Ana olmağı bacarmaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə ala bilməkdi… Mən Sizin bu ucalığınız, Ana adınız – Ana müqəddəsliyiniz qarşısında baş əyirəm, dəyərlim Mahirə xanım!

Bu vətən deyilən torpaq deyil ki,

İnsanın ürəyi, canı Vətəndir.

Başını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, Vətəndir.

-yazan adamın sinəsi bu gün saysız şəhid analarının ovunduğu Vətən qədər müqəddəs bir yerdir… Nə yaxşı ki, bu dünyada dərdə dərman, ömrə həmdəm, acılara məlhəm olmağı bacaran, köksü Vətən böyüklükdə sizin kimi İnsan var…

Millətin taleyüklü məsələlərində Mahirə xanımın susmaması, sözünün yetdiyi, gücünün çatdığı bütün məqamlarda  milli təəssübkeşlik hissi təkcə yazılarında deyil, hətta müsahibələrində də özünü açıq-aydın göstərmiş olur:

 Müsahibələrinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına şairə belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə − türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”.

Bəli, bu ləyaqətli bir Azərbaycan qadının “Xocalıya ədalət” hayqıran narahat ruhunun, vicdanının səsidir.

 Elə bir həssas qəlb, elə bir kövrək ürək, elə bir yanımcıl Ana ki, bu torpağın üstündə yavaş-yavaş addımlayın deyir hər kəlməsinin başında. Sanki hər sözünün əvvəlində-axırında bu torpağa qanı qarışanlara layiq yaşamalı olduğumuzu xatırladır bizə…

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər,

Bir güllə gücünə sükut olanlar,

Bir addım səsinə diksinə bilər.

Mahirə xanım alnımızın ləkəsini silən, ilahi ədaləti bərqərar edən, milli qürur hissimizi özümüzə qaytaran, dünyaya gücümüzü, bütövlüyü, birliyimizi sübut edən, Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün öz talelərini yarıyolda qoyan gənclərə həssas ana qəlbiylə yanmaqla bərabər həm də onların cəsarəti ilə qürur duyur:

Yerə qan tökdülər, ruh göyərtdilər

Tarixi yazdılar vətən daşında.

Minillik xalqlara dərs öyrətdılər

Bu ərən oğullar cavan yaşında.

“Şəhid nəğməsi” adlı şeirdən nümunə gətirdiyimiz bu misralarda isə müəllif şəhidlərimizin Ana torpağa əmanət olunduğu yeri sadəcə bir ziyarətgah hesab etmir, həm də millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:

Şəhidlər! Şəhidlər! Öz canınızla,

Bizə yol açdınız, dövran verdiniz.

Millətə diz çöküb baş əymək üçün,

Şərəfli, müqəddəs ünvan verdiniz.

Adını zəfər tariximizə, səsini isə bütün xalqımızın ürəyinə, ruhuna yazan şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr etdiyi şeir isə Mahirə xanımın yaradıcılığında xüsusi yer tutur.

Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova ilə həmsöhbət olduğum zaman bütün qəlbimlə duyuram ki, ailəsi üçün, əzizləri üçün Xudayarın ölümündən sonra cənab prezidentimiz tərəfindən təltif olunduğu “Azərbaycan bayrağı” ordeni qədər qürur yeridir Mahirə xanımın Xudayara həsr etdiyi şeir… Radə ana söyləyir ki, Mahirə xanımın şeirinə qulaq asdıqca, elə bilirəm ki, Xudayarın qoxusunu duyuram… Sənətin böyüklüyünü bundan daha təsirli ifadə edə biləcək cümlə düşünə bilmirəm.

Vətən sevdalı böyümüşdü Xudayar.. Vətən sevgisi ürəyinə ana şəfqəti ilə bərabər hopmuşdu sanki… Elə ona görə də dar gündə hamıdan qabaq Vətənin harayına yetişmişdi… Mahirə xanımın yazdığı kimi:

Göydən Allah baxır, haqq divanı var
Soraq məqamı var, sorğu anı var
Hərənin qəlbində qəhrəmanı var
Minlərin gözündə mizana döndün.

Özün manşırladın qismət oyununu
Yuva tək seçib də Vətən qoynunu
Anan el içində bükməz boynunu
Dərdindən əriyib dərmana döndün.

Bilirdin bu Vətən nədən yaxşıdır?
Qoynunda göyərən bitən yaxşıdır
Övladda havara yetən yaxşıdır       
Havara yetişib aslana döndün.

Nahaq yerə demirlər ki, “Oğul düşmən çəpəridir.” O müqəddəs savaşda bütün varlığıyla bunu sübuta yetirdi Xudayar… Vətənin hər qarışını qorumaq üçün kürəyini çəpər, sinəsini sipər elədi düşmən həmlələrinin qarşısında… Son nəfəsinə, sonuncu gülləsinə qədər çəpər kimi dayandı düşmənin qabağında… Bu cavan ömrünü ər kimi yaşadı… Anasının arzularını gözündə, gözünü yollarda qoydusa da, milyonların ürəyindəki Vətən yarasına yaralı canıyla, qanıyla məlhəm oldu…

İndi Xudayar milyonların ürəyində müqəddəs bir ünvana – könüllərdə dastana dönüb… İndi ona Radə Anamızla bərabər Mahirə Anamız və Vətən böyüklükdə Anamız – Ana Vətənimiz “Oğul!” deyir…

Nə qədər istəyə yerbəyer yaza
Ürəyi üçuna nə deyir yaza
Mahirə şəninə yüz şeir yazar
Bəs etməz, yazdığın dastana döndü.

Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmişlər olduğuna ürəkdən inanıram. “İstiqamət Şuşa… Xankəndi” deyib baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində,  qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar olan Toğrullar, Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar – qan qardaşlarımız məhz o seçkin insanlardan, seçilmişlərdən idi…

Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu, bütövlük ideologiyası məhz ordan –  Sultanlar, Toğrulların, Aşurların, Yüksəllərin, Azərlərin, Babəklərin  şəhadətindən başladı…Xudayarlar o müqəddəs yolun başında Haqq savaşçısı kimi dayanıb bütöv bir məmləkəti bir bayraq altında cəm elədi, “Dünya birliyi”nə bütövlüyün, milli birliyin nə olduğunu göstərdilər…

Vətən boyda ürəklərindəki müqəddəs amal Cəbrayıldan, Füzulidən başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə yüksəldilər, döyüş yoldaşlarından qabaq Şuşaya çatdılar. Zəfər günü Şuşaya girən təkcə o bizim gördüyümüz müzəffər ordunun əsgərləri deyildi, onların başı üstündə Şuşanın dağlarının başındakı dumanı dağıdan, Şuşanın azad, aydın səmasında pərvazlanan məğrur, qalib ruhlar var idi – yuxarıdan  qoruyurdular döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə sevinirdilər…

İlahi ədalət bərqərar olmuşdu… 

Haqq savaşında Xeyir – İşıq zəfər çalmışdı…

Ocağı sönmüş yurd yerlərimizdə işıq yanırdı…

Xarıbülbül əsirlikdən azad olmuşdu, üzü Günəşə doğru gülümsəyirdi…

Azad Qarabağın aydın səmasında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı…

Bütün dünya Tarix yazan Sərkərdənin dəmir yumruğundan danışırdı…

Mahirə Ana bütün şəhid balalarına layla deyirdi, başının dumanı dağılmış Şuşa dağlarında Mahira xanımın ana laylası ucalırdı…

Təbəssümü üzündə Xudayar…

Xudayar Tanrı qatında “Vətən yaxşıdır” zümzümə edirdi…

Vətən Cənnətə dönmüşdü…

*****

… Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Yaxşı ki varsınız, Mahirə xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Hamının sevimlisi, sidq ürəklə sevdiyi, ürəklərdə sevgi, rəğbət, doğmalıq qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Sizin kimi  öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə xanım Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

Həqiqətləri deyən diliniz, yazan qələminiz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, Mahirə xanım! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bizlərə – bütün Sizi sevənlərə doyunca versin!

Böyük Adam… Böyük  hərflərlə Adam… Böyük ürəkli Anam…


Xəyalə ZƏRRABQIZI
filologiya üzrə fəlsəfə doktoru.

Sonsuz sayğı və sevgilərimlə:  Xəyalə ZƏRRABQIZI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QƏLƏMDAR OLMAQ MİSSİYASI

Zaur Ustac, şair-publisist.


Zaur Ustac – qələmdar olmaq missiyası

(Tənqidçinin xəfif eksklüziv münasibəti…)

Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün.

Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!

Qurban Bayramov – tənqidçi-ədəbiyyatşünas, doktor-professor.

QurbanBayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü

28.04.2020. – Bakı ş.

 MƏQALƏ  KİTABLARDA  ÖN  SÖZ  KİMİ:

Zaur Ustac “Qədimliyə bürünmüş yenilik” (şeirlər).

Qələndər Xaçınçaylı “Taclı şair” (Zaur Ustac haqqında).

MƏQALƏNİN  YAYIMLANDIĞI  MƏTBU  ORQANLAR:

ƏNƏNƏVİ  QAYDADA:

“TƏZADLAR” qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.

“HƏFTƏ  İÇİ” qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.

“ƏDALƏT” qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.

“KREDO” qəzeti N : 35  (1015)  01 oktyabr  2020-ci il. səh. 10.

“ƏDƏBİYYAT  QƏZETİ”  N : 46 (5274) 17 oktyabr  2020-ci il. səh. 29.

ELEKTRON  QAYDADA:

moderator.az

ilkxeber.org

mustaqil.az

525.az

goyce.az

yazyarat.com

yenises.az

tezadlar.az

pravdainfo.org

kultur.az

hafta.az

ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018.
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018.3. Gülü “ZAUR  USTAC”        Bakı – 2020.
4.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020.

5. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR GÜNÜNƏ ÖZƏL

Zaur Ustac – şair-publisist.

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

“Əliş və Anna” poemasından bir parça.

QƏLƏM
Şükür Yaradana, bəxş etdi səni,
Xəstə könüllərə şəfasan, Qələm…
And gəldi adına ucadan uca,
Neçə acı dərdə davasan, Qələm…
* * *
Həsrətlilər intizardan qurtarar,
Kimi özün bu dünyadan qoparar,
Əlacsızlar sənə pənah aparar,
Qəmədən, qılıncdan yavasan, Qələm…
* * *
Ustac körpəlikdən tapınıb sənə,
Qəmli də, xoşbəxt də sığınıb sənə,
İllahi bir qüvvət verilib sənə,
Göydən Yer üzünə töhfəsən, Qələm.
02. 10.2016.  Bakı.

SÖZ MÜQƏDDƏSDİR
Dostum, kəmənd ilə tutmazlar sözü,
Cələ qur, dilinə qoy özü düşsün…
Oynama, qələmlə huydurma – ağac,
Elə tut, əlinə qoy izi düşsün…
* * *
Qələm müqəddəsdir, müqəddəsdi söz,
Onların nazın çək, möhnətlərə döz,
Gör, sənin ağzına baxır neçə göz,
Qələmlə uslu ol, qoy üzə düşsün…
* * *
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün…
01.05.2017. Şamaxı.

OLACAQ… 

(…sözünüz ağzınızda qalmasın…)
Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq…
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq…
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq…
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq…
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq…”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq…
05.04.2018. Bakı.

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən  görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun…

20.05.2019. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti.

Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18 fevral 2021, 15:30

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 fevral 2021-ci il.

İlkin mənbə:president.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ATA HAQQINDA ŞEİR

Rasimə Könül – şair, pedaqoq.

ATA
Bu gün ad günündür, yenə yığışıb
Bir süfrə başına üç balan, ata!
Sənin də adına qablar düzülüb,
Darıxıb ev adlı bu qalan, ata!
* * *
Hələ otağından öz ətrin gəlir.
Dəftər-kitabından söz ətrin gəlir.
Əlinin saçımda naz ətrin gəlir.
Günbə-gün gözümdə ucalan ata.
* * *
Qəribsəyib sənin gəzdiyin yollar.
Qapımı döydüyün o gözəl anlar.
Hər kəlmə başında adını anar.
Xətrini istəyən el-oban, ata.
* * *
Hər zaman deyirdin yaxşı ki, varsan
Qəlbin üşüsə də üzdə baharsan.
Küsəyən qəlbimi tez ovudarsan.
Yamanca darıxıb bu balan, ata.
* * *
Yəqin atasızdı dünyanın özü.
Onunçün insafsız ayırdı bizi.
Sənsiz qarşılarıq bu ğələn yazı.
Məkanı ruhundan nur alan atam.
25.01.2021.
Müəllif: Rasimə Könül
Allah dünyasını dəyişən bütün atalara rəhmət eləsin.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏVƏKKÜL GORUSLU – ÜÇ ŞEİR

Təvəkkül Goruslu -şair.

QORXMURAM MƏN
Bir gün gələn bir gün gedər, doğrudur,
Salam, əcəl, səndən heç qorxmuram mən!
Bu ömürdən ötən illər oğrudur,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Sənin adın məzarlığa işarə,
Yetişdinsə insan olan nə karə,
Səndən ricam, gəl möhlət ver şairə,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Əl uzadıb bağladıqca gözləri,
Alıb bir-bir götürürsən bizləri.
Səndən ricam, yetim qoyma sözləri,
Salam, əcəl, səndən heç qorxmuram mən!
* * *
Düşündünmü burda qalan doğmanı,
Udanmırlar sənin zəqqu yaxmanı,
Gəl çaşdırma bu gün, sabah loğmanı,
Salam, əcəl, səndən heç qorxmuram mən!
23.02.2021.

ADAM
Qalıb əllərində dərdin, zillətin,
Soyuq palatada üşənən adam!
Unudub yarasın, ağrı, illətin,
Yenə də şairin düşünən adam!
* * *
Unudub taleyin ağır sitəmin,
Dəfn edib içində, aşıb matəmin,
Atınca həyata təkrar qədəmin,
Yenə də şairin düşünən adam!
* * *
Yenə də ruhunda qayğı çələngi,
Sevgi bulağında, əldə səhəngi,
Sevdanın çiçəyi, eşqin nəhəngi…
Yenə də şairin düşünən adam!
01.03.2021.

ÇIXAQ GEDƏK
Heç sordunmu qışı qışdan,
Arıtdınmı yaşı yaşdan,
Qorudunmu, saxladınmı,
Başı başdan, başı daşdan?
* * *
Yeridinmi altmışına,
Sur oldunmu yatmışına,
Əbədiyyət dadsız meyvə,
Rast oldunmu dadmışına?
* * *
Yollar uzun , ömür gödək,
Azı şirin, çoxu öddək,
Sevinc bizi bəyənmirsə,
Tut əlimi çıxaq gedək!!!
02.03.2021.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN DİGƏR YAZILARI

TƏVƏKKÜL GORUSLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RASİMƏ KÖNÜL – SÖZ

Rasimə KÖNÜL – şair.

TƏKİ VƏTƏN VAR OLSUN!

Qalx ayağa,vətən oğlu,zamandı!
Bəsdir daha yurdun-yuvan talandı!
Ulu xalqım bu durumdan usandı!
Qov yağını vətənimdən, xar olsun!
Şəhid olsaq, təki vətən var olsun!

Yurdlarımı min hiyləylə aldılar.
Ellərimi yurddan qaçqın saldılar.
Xainliklə yuvamıza doldular.
Qov yağını vətənimdən ,xar olsun!
Təki anam Azərbaycan var olsum!.

Qorxu nədir bilməyib mərd babalar.
Qanlarını daşıyır qurd balalar.
Qalxıb vətən qisasını alarlar.
Qov yağını vətənimdən,xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Qafqazların vüqarını qaytaraq.
Elin gözəl növrağını qaytaraq.
Girov vətən torpağını qaytaraq!
Qov yağını vətənimdən,xar olsun!
Qazi olaq, təki vətən sağ olsun!

Qulaq asaq ruhumuzda fəryada.
Ana vətən qalmaz yağıya-yada.
Başı uca yaşamaqçün dünyada,
Qov yağını vətənimdən ,xar olsun!
Elim-obam-yurdum-yuvam var olsun!

Qorxu bilməz Mübarizə bənzəyək!
Fuad kimi doğru sözə bənzəyək!
Elə Nadir babamıza bənzəyək!
Qov yağını vətənimdən, xar olsun!
Təki Bütöv Azərbaycan var olsun!

Azad olsun Qarabağ şikəstəsi.
Eşidilsin Xarı Bülbül naləsi!
Oyatsın Şuşamı azanın səsi!
Qov yağını vətənimdən,xar olsun!
Təki anam Azərbaycan var olsun!

Yer, dünyaya göz açınca yurd olar.
Azərbaycan igidləri mərd olar.
Qorumasaq vətənsizlik dərd olar!!!
Qov yağını vətənimdən,xar olsun!
Təki azad Azərbaycan var olsun!

BİZİM SEVGİMİZ.

Sandım,unudaram sənli günləri …
Sandım,o günlərə dönmərəm daha .
Qəlbimi yaxsa da xatirələri …
Ürəyim yansa da dinmərəm daha …

Bilməzdim ,bu sevda hopub qəlbimə,
özümdən xəbərsiz yaşayacaqmış …
Bilməzdim,gözümdə çevrilib nəmə ,
Qəlbimə naxışlar toxuyacaqmış …

Bu sevda gül üstə səhər şəbnəmi ….
Bu sevda düzülüb kipriklərimə …
Bu sevda yaşadır ,həyatda məni ,
dönərək könlümdə nəğmələrimə …

Xoş arzular imiş,bizim sevgimiz ..
Kül altda qor imiş, bizim sevgimiz ..
Əbədi var imiş bizim sevgimiz …
Bir dünya dar imiş ,səninlə-mənə…

Ulduzumuz yenə barışacaqmı ?
Ruhumuz göylərdə qovuşacaqmı ?
Mələklər bu eşqdən danışacaqmı ?
Baxıb məhəbbətin əfsanəsinə …

ANA DEDİM

Ana dedim, uçan quşlar dayandı.
Laylasıyla gecəm nura boyandı.
Ay da gəlib pəncərəmə boylandı.
Sehirli bir sədası var ANANIN!

Ana dedim,tumarlandı tellərim.
Hənirləndi buza dönmüş əllərim.
Ana sözü bəzəyidir dillərin.
Qulağımda duası var ananın.

Ana dedim, dilə gəldi təbiət.
Küləklər də etdi mənimlə söhbət.
Bu üç hərfdə dünya boyda məhəbbət.
Tükənməyən sevdası var ananın!

Qəlbimizdə-ruhumuzda yaşayır.
Həyat elə analardan başlayır.
Xoşbəxt olan ana adı daşıyır.
Bir sehirli dünyası var ananın!

Söz çatammaz bəzəməyə adına.
Od çatammaz istisinə-oduna.
Hamımıza həyat verən qadına,
Dünya boyda sevdası var hamının!

SÖZ

Bircə hecası var,min-bir mənası.
Ağıl-düşüncədir sözün xanası.
Yersiz deyilərsə bircə dənəsi,
Ocaqsız-tüstüsüz yandırandı söz.

Söz var qaranlığa çıraq kimidir.
Söz var hikmətli bir kitab kimidir.
Söz var çağlayan bir bulaq kimidir.
Hicranı-həsrəti söndürəndi söz.

Ağıllı baxışlar gözüdür sözün.
Gözəli,doğrusu-düzüdür sözün.
Sevgi ləzzətidir-duzudur sözün.
Kədəri-sevincə döndərəndi söz.

Könül dediyini söz deyə bilsə,
Bütün dil-dodaqlar düz deyə bilsə,
Ağıl həqiqəti yaz, deyə bilsə,
Bütün mətləbləri qandırandı söz.

Nəfsi ədalətə kölgə salanlar.
Qalmasa danışan inan, yalanlar.
Olardı doşt-qardaş-doğma, insanlar.
Dünyanı cənnətə döndərərdi söz

NƏ SUALA ÇƏKİRSƏN?

Yenə məni nə suala çəkirsən,
Ruhumu cismimdə ağladan könül?
Çəkdiyimi gözlərimə köçürsən,
Nələri görərsən aynadan, könül!

Bu fani dünyanın uyma halına,
Uyma gərdişinə,cah-cəlalına,
Qalan deyil vəfalıya-zalıma,
Hamsı köç eyləyir dünyadan,könül!

O gördüyüm sıra-sıra dağları,
Gəzdiyim çiçəkli göy yaylaqları,
Suyundan içdiyim buz bulaqları,
İndi seyr edirəm röyadan,könül!

Yetim qalan bir obam var uzaqda.
İsti yuvam olub qışda-sazaqda,
Yadlar cövlan edən doğma oylaqda.
Xəyalım üşüyür şaxtadan,könül!

Bahar ayaq açır yenə dağlara,
Dağlar çiçəklənər,dönər gülzara.
Sinəmdə həsrətdən açılan yara,
Sağalar bir keçsəm oradan, könül!

Ruhumuz doğmaykən tək yaradana.
Nədən qənim olub insan-insana?
Qayıda xoş günlər,dönə zəmanə,
Ayrılıq köç edə aradan ,könül!

BİRLƏŞİN!

Ürəyi yara vətənim.
Çəkilir dara,vətənim!
Bu para-para vətənin,
Tökülür qanı,birləşin!

Pərən-pərən düşüb elim.
Gülüstanda solur gülüm!
El iğidim,el gözəlim,
Pirim-cavanım, birləşin!

Miaçum! Deyən yağılar,
Xanın kəndinə yığılar!
Qarabağ cihad çağırar!
Dərya-ümmanım,birləşin!

Xan Arazım aşar-daşar,
İki sahil qucaqlaşar!
Bütöv Azərbaycan yaşar!
Deyən insanım,birləşin!

Arazın o yan- bu yanı.
Tanı sərhəddini, tanı!
Yazmağa zəfər dastanı,
Dağım-aranım,birləşin!

Qarabağsız yoxdu vətən!
Şəhidlərə bayraq kəfən!
Vətən üçün candan keçən,
Südü halalım,birləşin!

BİRİ VARDI, BİRİ YOX.

Bir şirin nağıldı həyat.
Noğultək dağıldı həyat.
Körpədi,ahıldı həyat.
Biri vardı, biri yox…

Bu ömrü sevgi yaşadır
Sevgisiz ömür boşadır.
Sevinc-kədərlə qoşadır.
Biri vardı, biri yox.

Deməyək boşa yazılıb.
Taleydir,başa yazılıb.
Sirlər- sirdaşa yazılıb.
Biri vardı, biri yox.

Xəyallarımız yol gedər.
Beşikdən məzara qədər.
Arzu bitməz,ömür bitər…
Biri vardı, biri yox.

Müəllif: Rasimə KÖNÜL


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“GÜLÜZƏNİN ŞEİRLƏRİ” KİTABI HAQQINDA

ZAUR USTACIN UŞAQLAR – BİRİNCİLƏR ÜÇÜN DƏRS KİTABI

Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül  hecalı  şeirlər  və rəqəmlər haqqında olan  tapmacalar toplanmışdır. Bütün bunlardan əlavə aylar, fəsillər və başqa uşaqlar üçün vacib anlayışlar barədə şeirlər də var.

2011- ci ildən  məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrədən ibtidai sinif müəllimləri tərəfindən əlavə tədris vəsaiti kimi istifadə olunan kitab 2019 cu ildən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin  I və II hissələrinə daxil edilmişdir.  Orta məktəb və liseylərin məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimləri üçün əvəzsiz vəsait olmaqla hələlik təkdir və bu vəsaitin alternativ variantı yoxdur.

ZAUR USTAC – ŞAİR-PUBLİSİST.

Onu da əlavə edim ki, bu kitab yalnız məktəbəhazırlıq qruplarında deyil, eyni zamanda əvəllki illərdə olduğu kimi yenə də məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olaraq qalır.  İbtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə və ya rəqəmə aid şeir əzbərləyin” – kimi tapşırıqlarını da qarşılamaq iqtidarındadır.

Vəsaitdəki hərf və rəqəmlərə aid şeir – tapmacaların düzülüşü məktəbəhazırlıq qruplarında və orta məktəb-liseylərin birinci siniflərində  hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.

Bu kitabdan (vəsaitdən) istifadə etməyin  müəllimlərə, valideynlərə və şagirdlərə nə kimi faydası var?

  • Müəllimlər üçün əvəzedilməz vəsaitdir ona görə ki, onların metodiki vəsaitdə hissə-hissə və  pərakəndə halda rastlaşdığı şeirlər, tapmacalar bu kitabda yığcam və ardıcıllıqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama uyğun şəkildə verilmişdir.
  • Valideyinlər  hal-hazırkı vaxtda olduqca münasib qiymətə yalnız bir kitab almaqla məktəbə hazırlaşan balacanın  və ya artıq birinci sinifdə oxuyan birinci sinif şagirdinin hərf və rəqəmlərə aid şeir, tapmaca təlabatını ödəmiş olur.
  • Şübhəsizki, müəllim və valideyinin səyləri nəticəsində uşaqlar bu vəsaitdən öyrəndikləri şeir və tapmacaların köməyi ilə həm şeir əzbərləmə, söyləmə, həm də məntiqi təfəkkürünü, sadə hesablama bacarıqlarını inkişaf etdirərək daha çox onlar qazanmış olurlar. Uşaqların hərtərəfli inkişaf etdirilməsi, gələcək üçün kamil şəxsiyyətlər yetişdirilməsi, insan kapitalına sərmayə qoyuluşu və başqa bu kimi ümdə məsələlər  isə hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətində olan, eyni zamanda uşaqların hamisi Birinci vitse-pezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnmiş prioritet məsələlərdən biridir.

Bütün bu yuxarıda  sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, bu vəsait hal-hazırda məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimlərinin stolüstü kitabı olmaqla bərabər, gələcəkdə məktəbə gedəcək balaca uşaqları olan hər bir ailə üçün də vacib kitabdır.

ÜLVİYYƏ HÜSEYNOVA – NƏRİMANQIZI – FİLOLOQ.

Ülviyyə Hüseynova

filologiya üzrə fəlsəfə doktoru, BAU və  ADU –nin  baş müəllimi



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA ŞAİQ-140 (DİPLOM)

Abdulla ŞAİQ – Azərbaycanlı yazar.

Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə  uşaq ədəbiyyatının banisi, görkəmli ədibimiz  Abdulla Şaiqin  yubileyi ilə əlaqədar “Abdulla Şaiq – 140” adlı zoom görüş təşkil edilmişdir.

Görüşdə  “Güllünün şeirləri”  ilə uşaqların qəlbinə yol tapan, istedadlı və sevmli yazıçımız Zaur Ustac  və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın informasiya resurs şöbəsin müdiri Əsli İbrahimova iştirak etmişdir. 

“Abdulla Şaiq -140”

Görüşdə ilk olaraq uşaqlara  Ə.İbrahimova tərəfindən hazırlanmış “Abdulla Şaiq -140” video-çarxı təqdim edilmiş, görkəmli şairimizin həyat və  yaradıcılığı haqqında məlumat verilmişdir. İstedadlı şairimiz  Z. Ustac  A.Şaiqin ilk uşaq yazıçısı olduğunu, bir-birində fərqli axıcı və uşaqlar üçün maraqlı mövzularda povest , hekayə və şeirlər yazdığını bildirmişdir.  A.Şaiqin  uşaq ədəbiyyatına gəlməsindən danışan Z.Ustac  bildirmişdi ki, ədibimiz uşaqlar üçün ədəbi materialların az olduğunu gördükdə belə maraqlı, sevilən və tərbiyəvi əhəmiyyəti olan əsərlər yazıb yaratmağa başlamışdır.  A.Şaiq yaradıcılığından müxtəlif əsərlər səsləndirən Z.Ustac  Ana dilini öyrənmək üçün, şairin  yaradıcılığının çox gözəl və düzgün seçilmiş bir metod olduğunu qeyd etmişdir.

 Əsli İbrahimovada bir kitabxanaçı kimi A.Şaiq  yaradıcılığının müasir gənclərimizə çatdırmağın vacib olduğunu  bildirmiş və çalışdığı kitabxanada bu istiqamətdə işlərin görüldüyünü qeyd etmişdir. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dövrdə  Ə.İbrahimova  görkəmli yazıçı, şairlərimiz haqqında müxtəlif video-çarx hazırlayaraq sosial şəbəkədə gənclərimiz və uşaqlarımız ilə  bölüşür və onların ədəbi cəhətdən zənginləşməsinə kömək edir.

Ə.İbrahimova tədbirin davamında A.Şaiqin ədəbi zənginliyi ilə fərqlənən müxtəlif əsərləri  ilə uşaqlarımızı tanış etmiş,Ana dilimizi öyrənməyin vacibliyini vurğulamışdır.

Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın  şagirdi  Aylan Süleymanlı görüşümüzə qoşulmuşdur. Aylanın söylədiyi “Xoruz” şeir uşaqlarımız tərəfindən maraqla qarşılanmış və aralarında fikir mübadiləsi olmuşdur:

Zaur Ustac – Abdulla Şaiqin yaradıcılığından söhbət edir.
Zaur Ustac məktəbimizin şagirdləri ilə sual-cavab edir.

Uşaqlarımız həmişə olduğu kimi görüşümüzdə fəallıq göstərmiş, mahnı,şeir söyləmiş və qonaqlarımıza maraqlı suallar vermişdilər.

Tədbirdə iştirak edən Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri:

Aida xanım Ramberg(N:01)

Ənvər Ramberg(N:02)

Həmid Əli(N:03)

Elsay Şekari(N:04)

Fərid Muradov(N:05)

Altay Bagheri(N:06)

Sabina Ramberg(N:07)

Şanay Şekari(N:08)

Sabina Luisa Hidayati(N:09)

Selina Alvand Vahed(N:010) , Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin şagirdi Aylan Süleymanlı(N:011) və Bakı şəhəri Arif Hüseynzadə adına tam orta məktəb-liseyin şagirdi Tuncay Şəhrili (N:012) “Abdulla Şaiq – 140” yubiley DİPLOMları ilə təltif olunmuşlar.

“Abdulla Şaiq – 140” yubiley DİPLOMu.

Arzu Rzayevanın rəhbərliyi ilə Ana dili dərsimizdə çox maraqlı keçmiş, uşaqlarımız yeni,hərf,söz, rənglər , güllər və rəqəmlər öyrənmişdilər.Onlar fikirlərini Ana dilində müxtəlif cümlələrlə ifadə etmişdilər.

Müəllif: Günay ƏLİYEVA

Qeyd:

Əvvəlki görüş barədə məlumat: 03.01.2021. Oslo görüşü


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ABDULLA ŞAİQİN UŞAQ ŞEİRLƏRİ

Abdulla ŞAİQ

ABDULLA ŞAİQ HAQQINDA

KEÇİ

Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma

Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?

Çoban açınca gözün
Qalar iki buynuzun.

XORUZ

Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!

UŞAQ VƏ DOVŞAN

U ş a q

-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.

D o v ş a n

-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.

QUZU

Bir obada körpə quzu,
Mələr-mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

Quzum çıxdı göy otlağa
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.

YETİM CÜCƏ

Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!

Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.

Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.

Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm.

Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!

BİR QUŞ

Bir quş səhər ertə bağçabağda,
Çör-çöp daşıyıb yuva tikirdi.

Gah şad oxuyurdu bir budaqda,
Gah da uçub ot, saman çəkirdi.

İstər quşum olsun aşiyanı,
Çör-çöp daşıyır havada hər dəm.

İşdən yorulub duran zamanı
“Cik-cik” oxuyurdu şad, xürrəm.

ASLAN, QURD VƏ TÜLKÜ

Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman:
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.

Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq:
Bir qoyun, bir keçi, quzu, oğlaq.

Dedi aslan: – Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişək.
Quzu olsun gərək mənim payım,
Çünki sizlərdə yox mənim tayım,

Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə.
Oğlağa kim uzatsa əl, bunu bil,
Eylərəm mən onun əlini şil.

BƏNÖVŞƏ

Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.

Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.

QƏRƏNFİL

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.

Mən, bağban qızı
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

QIZIL GÜL

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.

Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?

Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül!

KƏNDLİ VƏ İLAN

Gəldi bir kəndlinin yanına ilan.

Dedi: “Bundan sonra mənə gəl inan

Dost olaraq etibarımız olsun,

Əhd-peyman, qərarımız olsun.

Daha məndən qoruma sən özünü,

Mənə gəl yaxşı bax, sil gözünü.

Çıxmışam təzəcə qabıqdan mən,

Olmuşam indi başqa heyvan mən”.

Nə ilan kəndlini inandırdı,

Nə də öz mətləbini qandırdı.

Götürüb kəndli bir yekə payanı

Dedi: “Get, axmağı, səfehi tanı!

Qabığın tazə-bəs nə adətdir.

Ürəyin dop-dolu xəyanətdir?

İlana etibarımız olmaz.

Başı heç yer üzündə sağ qalmaz”.

Bu sözü söyləyib vurub ilanın

Başını əzdi, aldı orda canın.

GÖYƏRÇİN

Göyərçinəm, göyərçin,

Kəkilim vardır çin-çin.

Ellər məni bəsləyir,

“Uğurlu quşdur”, – deyir .

Sülhün bir rəmziyəm mən.

Canlı göyərçinlərdən

Ancaq mən çox fərqliyəm,

Əlimdə kağız, qələm,

Başımda fikir, ağıl,

Yazıram şeir, nağıl;

Arabir də hekayət,

Oxuyan alır ibrət.

Gözəl şəkillərim var,

Böyük əməllərim var.

Uşaqlar sevir məni

Səsim tutub ölkəni.

İndi bilin, balalar,

Nə istəsəz, məndə var.

KƏPƏNƏK

Mənəm qanadlı çiçək,

Adım isə kəpənək.

Al-əlvan xallarım var.

Qızıl kimi parıldar.

Qanadımı açaram,

Budaq – budaq uçaram.

Yuvam, otağım ancaq

Olur yaşıl bir yarpaq,

Mənim dostumdur hər gül,

İncə telli göy sünbül.

Oynağımdır çöl, çəmən,

Məni tutmaq istəyən,

Ey mehriban uşaqlar,

Siz yaşayın bəxtiyar!

Mənim də bu dünyada

Bir başqa aləmim var…

BÜLBÜL

Oxu, bülbülüm, oxu,
Yazdır, səhər çağıdır.
Oxu, sənin xoş səsin
Şənliklər qaynağıdır.

Oxu, oxu, xoş nəğmən
Nəşə versin ellərə.
Şən səsin, xoş nəfəsin
Yayılsın bu çöllərə.

Oxu, çöldə, çəməndə,
El əkəndə, biçəndə,
Başla yeni bir dastan
Biz bənövşə dərəndə.

Bülbülüm, tik yuvanı,
Bəslə, böyük balanı.
Qoy nəsliniz çoxalsın,
Biz böyüyən zamanı.

TÜLKÜ VƏ DƏVƏ

Dəvə otlaya-otlaya,
Kənddən bir az uzaqlaşdı.
Yetişdi bir daşqın çaya,
Sudan içib, çayı aşdı.

Dizin büküb çökdü yerə,
Ürəyində yoxdu qorxu.
Xumarlandı birdən-birə
Gözlərinə girdi yuxu.

Tülkü çıxdı yuvasından,
Görüncə yatmış dəvəni.
Ürəyində dedi: “Ay can!
Bəxtim ac qoymayır məni.

Zorba dəvə ayağıyla
Gəlmiş yuvanın ağzına.
Onu keçirməkçün ələ,
Quyruğumu quyruğuna

Kəndir kimi bağlayaram,
Çəkib yuvama dəvəni,
Ürəyini dağlayaram;
Bir ay doyurar o məni”.

Bunu deyib, tez yan aldı,
Dediyinə əməl etdi.
Qüvvətini işə saldı,
Quyruğunu ha tərpətdi,

Dəvə etmədi hərəkət,
Tərpənmədi heç yerindən.
Tülkü işlədirkən qüvvət
Zorba dəvə gördü birdən

Tərpədirlər quyruğunu;
Hövl ilə qalxdı ayağa;
Bu iş qorxutmuşdu onu,
Üz qoydu kəndə qaçmağa…

Tülkü havada sallanmış…
Qurtarmaqçün öz canını:
Gah buduna batırır diş,
Gah keçirir dırnağını.

Dəvə aldıqca hər yara,
Qaçır daha sürət ilə.
Tülkü ağa düşüb dara,
Hey vurnuxur qüvvət ilə.

Kəndə çatınca tülkünü
İtlər görüb, hov-hov saldı.
Dağıtdılar boz kürkünü,
Hərəsi bir dişlək çaldı.

ÇOCUQ VƏ QAYA

Bir qayaya çıxmış idi bir çocuq,

Gördü qayanın içi oyuq-oyuq.

Baxdı yenə qarşıdakı dağlara,

Dərələrə, təpələrə, bağlara.

Şövqdən oldu o çocuq biqərar,

Başladı qışqırmağa biixtiyar.

Gəldi qayadan ona əksi-səda,

Eylə bildi başqa çocuqdur o da.

Sevinərək səslədi: “Ey, gəl bura!”

Aldı qayadan cavabın: “Gəl bura!”

Hər nə ki bu uşaq ona söylədi,

Daş qayalar rədd cavab eylədi.

Qaldı məhəttəl bu işə o uşaq,

Birdən onu söydü: “Ey eşşək, axmaq”

Gördükü o uşaq da söyür bunu.

Acıqlanıb istədi tapsın onu.

Durdu qayanı gəzib axtarmağa

Bunu söyən uşağı tez tapmağa.

Gəzdi, dolaşdı qayanı hər qədər,

Tapmadı ancaq o uşaqdan əsər.

Oldu bu işdən uşağın qəlbi qan,

Evlərinə qayıtdı çox pərişan.

ARI

Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,
Gözəl qoxu saçınca

Uçaram göy yamaca,
Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,
Pətəyimə tökərəm,

Çalışıram doqquz ay,
Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,
Mənə: “Sağ ol!” desinlər.

Müəllif: Abdulla ŞAİQ

İLKİN MƏNBƏ:

ABDULLA ŞAİQ UŞAQ ŞEİRLƏRİ


Tərtibçi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru