ÖZBƏKİSTAN VƏ AZƏRBAYCAN: MÜŞTƏRƏK TARİXDƏN GƏLƏCƏYƏ DOĞRU

ÖZBƏKİSTAN VƏ AZƏRBAYCAN: MÜŞTƏRƏK TARİXDƏN GƏLƏCƏYƏ DOĞRU
 
Qardaşlıq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığa əsaslanan Özbəkistan–Azərbaycan münasibətləri bu gün yeni tarixi mərhələyə yüksəlib. İki xalqı əsrlər boyu bir-birinə bağlayan müştərək tarix, mənəvi dəyərlər və yaxın mədəniyyət bu gün dövlətlərarası əlaqələrin möhkəm təməlinə çevrilir.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm və səmimi dialoqları nəticəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. 2026-cı il 23–24 avqust tarixlərində Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri isə bu münasibətlərin tarixi əhəmiyyətini daha da gücləndirdi.
Sırdərya vilayəti Özbəkistan və Azərbaycan regionları arasında dostluq və əməkdaşlığın praktiki nümunələrindən birinə çevrilib.
Xüsusilə, Gülüstan və Füzuli şəhərləri arasında ticarət-iqtisadi, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın qurulması xüsusi diqqətə layiqdir. 2024-cü ildə Özbəkistan–Azərbaycan Regionlararası Forumunda iki şəhər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu razılaşma sadəcə bir sənəd deyil, iki regionun sakinləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, sahibkarlıq və ticarət münasibətlərinin inkişaf etdirilməsi, mədəni-humanitar mübadilələrin genişləndirilməsi üçün yaradılmış mühüm imkandır. Gülüstan və Füzuli coğrafi baxımdan bir-birindən uzaq olsalar da, məqsəd və amalları eyni olan iki şəhərdir.
Bu gün onlar arasındakı əməkdaşlıq Özbəkistan və Azərbaycan arasında genişmiqyaslı dostluğun regionlardakı parlaq ifadəsi kimi xidmət edir. Sırdəryada Azərbaycanla əməkdaşlığın digər istiqamətləri də formalaşmaqdadır. Xüsusilə, azərbaycanlı mütəxəssislərin Sırdərya vilayətindəki tibb müəssisələrinə səfər edərək dövlət tibbi sığortası və səhiyyənin rəqəmsallaşdırılması sahəsində təcrübə ilə tanış olmaları iki ölkə arasında təcrübə mübadiləsinin praktiki məzmun qazandığını göstərir.
Bu proseslərin hamısı göstərir ki, Özbəkistan və Azərbaycan dostluğu yalnız paytaxtlar səviyyəsində olan münasibətlər deyil. Bu dostluq regionlara, şəhərlərə, müəssisələrə, təhsil və mədəniyyət ocaqlarına, ən əsası isə insanların qəlbinə daxil olur. İki ölkə liderlərinin təşəbbüsləri də məhz bu məqsədə — xalqlarımızı daha da yaxınlaşdırmağa xidmət edir.
Daşkənddəki “Azərbaycan” parkının və Bakıda “Özbəkistan” parkının salınması da iki xalq arasındakı dostluğun rəmzi ifadəsinə çevrilir. Bu məkanlar gələcək nəsillərə Özbəkistan və Azərbaycan xalqları arasındakı qardaşlıq bağlarının nə qədər dərin olduğunu xatırladacaq.
Xüsusilə, Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıq irsinin iki xalqı birləşdirən mənəvi körpü kimi əhəmiyyəti əvəzsizdir. Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin yeni kampusunda böyük Azərbaycan şairinin heykəlinin ucaldılması, onun irsinə həsr olunmuş muzey ekspozisiyasının yaradılması da bu mənəvi yaxınlığın parlaq nümunəsidir.
2027-ci ildə Özbəkistan və Azərbaycanın futbol üzrə gənclər arasında dünya çempionatına birgə ev sahibliyi etməsi də iki xalqı daha da yaxınlaşdıracaq mühüm hadisə olacaq. “İki ölkə — bir çempionat” proqramı çərçivəsində keçiriləcək idman, mədəniyyət və gənclər tədbirləri xalqlarımız arasında dostluğun yeni nəsil nümayəndələri arasında daha da möhkəmlənməsinə xidmət edəcək.
Özbəkistan və Azərbaycan xalqlarını birləşdirən qardaşlıq bağlarının bundan sonra da yeni məzmunla zənginləşəcəyi şübhəsizdir. Çünki əsl dostluq zamanın sınağından keçir. Özbəkistan və Azərbaycan dostluğu isə tarix sınağından keçmiş, bu gün yeni mərhələyə yüksələn və gələcəyə doğru inamla addımlayan dostluqdur.
Sırdəryanın Gülüstanından Azərbaycanın Füzulisədək, Daşkənddən Bakıyadək uzanan bu dostluq yolu – ümumi tarix, bugünkü əməkdaşlıq və müştərək gələcəyə aparan yoldur.

Müəllif: Mərcanə Mirzabekova
“Yeni Sırdərya”, “Novaya Sırdərya” qəzetlərinin şöbə redaktoru
 

Çevirdi və təqdim etdi: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru (PhD)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir