Etiket arxivi: POEZİYA

ZAUR USTAC – DOQQUZU ON BEŞ KEÇİR…

Zaur USTAC, şair-publisist.

DOQQUZU ON BEŞ KEÇİR…
(Mayakovskidən danışan Xanıma)
Danışdıq, gələcəksən…
Sən dedin: – “Çalışaram…”
Mən dedim: – “Gözləyəcəm…”
Səkkizi on beş keçir…
Kipriklərim asılıb, saniyə əqrəbindən
Baxışlar mədət umur, saatın məhvərindən…
Zamanın kəfkirində yellənir neçə xəyal…
Doqquzun yarısı oldu…
İstəyirəm, diksinim qəfil qapı zəngindən
Ta ki, yaxam qurtarsın bu zamanın əngindən…
Çık-çık saat səsində ələnir neçə istək…
Daha doqquz olubdur…
Eşikdə şər qarışıb…
Fikirlər də dolaşıb…
Çöl işığı yandırım, yolun işıqlı olsun…
Doqquzu on beş keçir…
Danışdıq gələcəksən…
Sən dedin: – “Çalışaram…”
Mən dedim: – “Gözləyəcəm…”
Yəqin ki, çalışırsan…
Mən də ki, gözləyirəm…
Kipriklərim dolaşıb, əqrəbi izləməkdən,
Baxışlarım əzilib, zamanı “bizləməkdən…”
Onun da yarısı oldu…
Zaman sürəsi doldu…
Bundan sonra hər bir an, artıq, zamana yükdü…
Durum, eşiyə baxım…
İşıq sönməyib, barı…
Birdən qəfil gələrsən, gözün görməz kandarı…
On oldu, torba doldu…
On birdir, – gözləyirəm…
Çalışırsanmı, sən də…
On iki, bir, iki, üç…
Əlim gəlmir, söndürüm, bayırdakı işığı…
Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…”
Dörd yoldaş sirdaş olub,
Belə qovuşduq sübhə…
Daha gələ bilməzsən,
Buna qalmadı şübhə…
İndi saat doqquzdur, hətta onu beş keçir…
Qulaq qapı zəngində, göz ilişib əqrəbə…
Dünya şən, zaman məzə…
Təkcə bizik qəribə…
Doqquzu on beş keçir…
Yəqin, indi yoldasan, işə tələsən vaxtdır…
Çalışırsan çatasan gecikmədən işinə…
Mən də durum, söndürüm, qoy bayırın işığın…
Çalar saatla oyaq, alım gözün acısın…
Zaman kimə istəyir qoy dişini qıcasın…
Artıq onun yarısıdır…
Əlim qopmur qələmdən…
İstəyirəm biləsən, bunlar hamısı deyil…
Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm…
Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm…
31.07.2017. Bakı.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİL CƏFAKEŞ – A SEVGİLİM…

Adil CƏFAKEŞ – şair, aşıq, saz müəllimi, sazbənd.

TAC YERİNƏ HÖRDÜYÜM
Ay başımda çələng kimi bəzəyib
Sevdasını tac yerinə hördüyüm.
Kərpic – kərpic təcrübəli bənnatək,
Savabını suç yerinə hördüyüm.
* * *
Noolar, yazma son cümləni vidatək,
Sonda məni işarələ nidatək.
Ay sevgisin ən ləzzətli qidatək,
Ürəyimin ac yerinə hördüyüm.
* * *
Cəfakeşəm, bildirmirəm ismini,
Tərifləyib, məxfi yazdım vəsfini.
Ay mənalı baxışının rəsmini,
Gözlərimin künc yerinə hördüyüm.
Müəllif: Adil CƏFAKEŞ



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

”GÜLÜNÜN ŞEİRLƏRİ” – SEHİRLİ KİTAB

Zaur Ustac – “Gülünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı

Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.


Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.

Zaur Ustac – “Güllünün şeirləri” və ya “Gülüzənin şeirləri” kitabı

Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.

Taleh Xəlilov – pedaqogika üzrə fəlsəfə doktoru.

Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI HAQQINDA ŞEİRLƏR

XOCALI SOYQIRIMI – 26 FEVRAL -1992 – Cİ İL.

LAYLAY, XOCALIM, LAYLAY
Qara bulud dolaşdı,
Laylay, Xocalım, laylay.
Düşmən həddini aşdı,
Laylay, Xocalım, laylay.
* * *
Bəla yağdı min yerdən,
Kim baş açdı bu sirdən?
Dizlər düşdü təpərdən,
Laylay, Xocalım, laylay.
* * *
Hamı yatıb oyaq yox
Başlar kəsik, ayaq yox.
Hələ belə sayaq yox,
Laylay, Xocalım, laylay.
* * *
Qəfil tələ qurdular,
Dinc şəhəri vurdular,
Nəsil-nəsil qırdılar,
Laylay, Xocalım, laylay.
* * *
Ağ qar üstdə selləndi,
Qızıl qanlar gölləndi.
Daş ürəklər dilləndi,
Laylay, Xocalım, laylay.
* * *
Ellər, haray, ay haray!
Yox, bu dərdə olmaz tay!
Qan ağladı göydə ay:
Laylay, Xocalım, laylay.
* * *
Heç belə də dərd olar?
Heç belə namərd olar?
Burdan daha yurd olar?
Laylay, Xocalım, laylay.
* * *
Ha yazam gəlməz sözə,
Zaman gülmədi üzə.
Nə tez gəldin bəd gözə? –
Laylay, Xocalım, laylay.
* * *
Rus-erməni bir idi,
Üstümüzə yeridi.
Dünya susdu, kiridi
Laylay, Xocalım, laylay.
* * *
Hər tərəf şaxta, sazaq
Can dolu yara, sızaq!
Bu dərdi hara yazaq?
Laylay, Xocalım, laylay.

26 FEVRALDA
(Xocalı syqırımının 20 illiyinə)
Göydən yerə qan yağdı,
26 Fevralda.
“Qrad”, “Alazan yağdı,
26 Fevralda.
* * *
Qoca, uşaq qalmadı
Səbir kasam dolmadı.
Dünya vecə almadı,
26 Fevralda.
* * *
Bu dərdin yox dərmanı,
Kim verdi bu fərmanı?
Uçurtdu xanımanı,
26 Fevralda.
* * *
Bu yuxudu, nağıldı?
Necə sərsəm ağıldı?
Bütün şəhər dağıldı
26 Fevralda.
* * *
Çəmən, çöl ağlar qaldı
Bağda gül ağlar qaldı.
Şirin dil ağlar qaldı,
26 Fevralda.
* * *
Əlif tənha, Əlif tək
Hanı oğul, Əlif tək?
Heyif gəlmədi kömək,
26 Fevralda.
* * *
Düşmən zalım, amansız
Rus, erməni imansız!
Qaldıq yolsuz, gümansız
26 Fevralda.
* * *
Xocalını vurdular
Əhalisin qırdılar
Yerində şum sürdülər
26 Fevralda.
* * *
Qırğının da həddi var
Onun da sərhəddi var.
Zülmün şəhadəti var,
26 Fevralda.

XOCALIYA AĞILAR
Mərdim haray, ay haray
Dərdim haray, ay haray.
Hanı Xocalı, ellər,
Yurdum haray, ay haray.
* * *
Heç belə kədərmi var,
Qəzavü-qədərmi var?
Mənim tək, ay ellər,
Bir ömrü hədərmi var?
* * *
Qulağıma səs gəldi: –
Dövran yaman nəs gəldi.
Ellər, bu nə iş idi,
Ömrə kəshakəs gəldi.
* * *
Car oldu, elan oldu: –
“Xocal talan oldu!”
Ağlaram ta sonacan, –
Yer ilə yeksan oldu.
* * *
Gözüm yaşlı qalınca
Üz söykərəm qılınca.
Könül dinclik taparmı,
Qisasını alınca!
Müəllif: Yusif DİRİLİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XOCALI HAQQINDA ŞEİRLƏR

XOCALI SOYQIRIMI – 26 FEVRAL 1992 – CI İL.

UNUTMARAM XOCALIM
Neçə ildir axıb gedən göz yaşım
Sel olmasa, bəs mən necə bənd aşım?
Qan ağlayan çəmənləri, dağ-daşı,
Gülzar edib, yağılardan bac alım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Gündüzlərim gecə kimi qaranlıq,
Unutmadım bu dərdləri bir anlıq.
Bax, qisassız ötüb keçdi cavanlıq,
Rəva bilmə bu dərdlərlə qocalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köpəyini dünya tutdu tay mənə,
Arxalıydı, zülm elədi hay mənə.
İmdad etməz Günəş mənə, Ay mənə,
Qoy türk olum, oğuz kimi ucalım,
Unutmadım, unutmaram, Xocalım.
* * *
Düz əqidəm, düz amalım, düz sözüm,
Son sözümü deyəcəyəm mən özüm.
Zülmətlərdə parlayacaq gündüzüm,
Qoy, Vətəndən, Bayrağımdan güc alım.
Unutmadım, unutmaram, Xocalım.
* * *
Köməyim ol, göz yaşımı sil yenə,
Söyləyirəm son arzumu mən Sənə,
Uca Tanrım, gücündən güc ver mənə,
Qaniçəndən, yaramazdan öc alım.
Unutmadım, unutmaram, Xocalım!
Müəllif: Abdulla Cəfər

XOCALI
Xocalım,ay Xocalım!
Xalqımın Xoca yurdu.
Üç əsrə yaxındır ki,
Bölüllər qoca yurdu!
* * *
Böldülər Kürəkçayla,
Böldülər Gülüstanla.
Türkmənçayla qıydilar
Anam Azərbaycana.
* * *
Bununla soyumadı
Yağının daş ürəyi.
Sildi bu yer üzündən
Sən tək gözəl mələyi.
* * *
Xatun, Xerasimaya
Oxşatdı səni düşmən.
Sındırdı vüqarnı,
Əzəldən yağı düşmən.
* * *
Qışın- yazın-baharın,
Dağda qarın ağladı.
Neçə bağlanmış əhdə
Etibarın ağladı.
* * *
Bu üç əsrə yaxındır
Qan axıdır yaramız.
Ədalətsiz dünyada,
Tapılmayır çaramız?
* * *
Sən İyirminci əsrin,
İnsanlıq faciəsi.
50 milyon xaldımın
Yaşam mücadiləsi.
* * *
Kaş oyatsın dünyanı
Haqq-ədalət harayın.
Sındırsın tilsimini.
Ayrılmış iki tayın.
Müəllif: Rasimə Könül

X O C A L I M
Gözümlə görmüşəm sinə dağını,
Qan gölü etdilər güllü bağını,
Sülhə çağırırıq bizsə, yağını,
Nəfəsi kəsilmiş, dilsiz Xocalım.
* * *
Təkləndin, fəryadın, səsin boğuldu,
Hamilə gecədən qatil doğuldu,
Millətin dik başı yerə soxuldu,
Ayağı qandallı, əlsiz Xocalım.
* * *
Qalmısan Vətənin qürbət tayında,
İlləri sayırsan, övlad hayında,
Qan izin qurumur Qarqar çayında,
Çaylağı qurumuş, selsiz Xocalım.
* * *
Gözləri yollarda qalan olmusan,
Yerin də düzlənib, talan olmusan,
Elə bil xəyalsan, yalan olmusan,
Obası didərgin, elsiz Xocalım.
* * *
Nəyimə gərəkdi boş-boş hədələr,
Lovğa-lovğa gəzir düşmən gədələr,
“Qana – qan” deyiblər ərən dədələr,
Qaməti qırılan, belsiz Xocalım.
26 fevral 2017-ci il
Müəllif: Mayıl Dostu

Ağdam, Yusifcanlı – Sevinc Şükürlü – Xocalı…

Sevinc Şükürlü – Ağdam məktəblisi.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İNCİ, QƏRƏNFİL…

“ŞƏHİDLƏR BAŞ TACIMIZ, HEÇ BİTMİR DƏRD, ACIMIZ… “- ZAUR USTAC

İNCİ,  QƏRƏNFİL…

(Qərənfilə yazığım gəlir…)

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

20.01.2018.  Bakı.

Müəllif: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏTİN ŞEİRLƏRİ

Ceyhun Fikrət – şair.

DANIŞDIM

Danışdım hər şeyi, danışdım sənə,
əsl həqiqəti, bilmədən güldün,
dünya da fanidir, söylədim sənə,
bir anlıq dayanıb, dəlisən dedin.

Baxdın bu həyatın, gedişatına,
bilmədin bu həyat, müvəqqətidir,
düşündün həmişə, yaşayacaqsan,
amma bilmədin ki, həm də ölüm var.

Dünyaya aldandın, yaşadın necə,
dünyaya aldanan, elə uduzar,
düşünər dünya da, həmişə vardır
amma vaxt vədəsi, yetişər bir gün.

Dünyada nə etdin, hesabı vardı
soruşacaqlar ki, nələr etmisən,
mən olmayacağam, gülüb gedəsən,
danışdıqlarımı, biləsən nağıl.

YENƏ QAR YAĞIR

Yenə qar yağır,
düşüncələrə.
Uşaqlar da sevinib,
qəmin divarlarından uzağa baxırlar.
Parçalanmış hisslərlə,
bir-birlərinə qar atırlar.
Yenə qar yağır,
pəncərədən bir kişi baxaraq,
qarın maşına vuracağı zıyanı düşünür ,
kədərlənir.
Bir kişi zibil yeşiklərində,
çörək axtarır,
göy üzünə baxaraq,
nəsə pıçıldayır.
Onu çağırır,
bizə rəhim elə deyir.

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİN ŞÜKÜR – ZAUR USTAC

Zaur Ustac, şair-publisist.

MİN ŞÜKÜR
(Dildən dilə süzdürənə min şükür)
Bir yaqut gizlidi sədəf dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib əlif dalında,
Dildən dilə gəzdirənə min şükür…
* * *
Dədəm, babam nəğmə deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis qurub, min oxuyb, yüz qoşub,
Teldən telə gəzdirənə min şükür…
* * *
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm süzülər bilinməz,
Eldən elə gəzdirənə min şükür…
20.10.2016.  Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MƏŞƏQQƏT

ZAUR USTAC – AZƏRBAYCAN, BAKI, BİBİHEYBƏT KƏNDİ 2015 -Cİ İL.

MƏŞƏQQƏT
(…hər səhər…)
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt qonşunun ah-vayı,
Üstdəkinin cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *
Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

… qoru bu gecəlik günahdan məni …

Bu gün onun doğum günüdür! – Təbrik edirik!

Tanrının insana bəxş etdiyi istedad, təxəyyül, aldığı təhsil, zəka dərinliyi və itiliyi   cəmiyyətdə tutduğu müəyyən mövqe ilə birləşdikdə ona geniş imkanlar yaradır. Bu sintezi özündə cəmləşdirən insanlar çox vaxt yaradıcı olurlar. Bitirdiyi ali məktəbdən, ixtisasından asılı olmayaraq, Tanrının belə seçilmişləri adətən incəsənətin sahələrindən birinə üz tutur və o sahədə  də peşəkar olurlar. Çünki onların daxili aləmi, ruhu, zəngin təxəyyülü, xəyal və arzuları adi peşəyə sığmır və bir gün  daxili çərçivənin divarlarını uçurub üzə çıxır, artıq həmin şəxsin özünə yox, minlərlə insanın qəlbinə nəinki yol tapır, həm də hakim olur. 

      Belə insanlardan biri bugünkü ədəbiyyatımızda, mətbuatda müstəsna yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı qazi şair, yazıçı, publisist, tərcüməçi Rəfail Tağızadədir. Onun ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir.  

Rəfail müəlllimin yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə poeziyasının pərəstişkarı olduğum, şeirlərini özündən əvvəl tanıdığım üçün bu gün məhz onun lirik düşüncələrinə, zəngin və sərhədsiz poeziya aləminə qısa səyahət etmək istədim.  

Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Yaratdıqca da kamilləşir, müdrikləşir və bu dünyanı dərk etdikcə daxilində bir nigaranlıq hiss edir:

Tabladıq dərdlərə dözənə qədər, 

xərcləndik günləri üzənə qədər,

yaşadıq, bu ömrü çözənə qədər,

gün keçir, ay ötür, könül nigaran – 

yazan şair narahatdır, çünki ürəyi tək özü üçün deyil, cəmiyyət üçün, insanlar üçün vurur, hətta  bəşəri problemləri də düşünür, təhlil edir və müəyyən nəticələr çıxarır.

Rəfail Tağızadəni başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi  və eyni zamanda çox təbii təsvir edə bilir.   Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:

Аğаcın yаylığı аyаqlаr аltdа

yеriyə bilmirəm çığırtısındаn.

Çılpаq аğаclаrın əlləri göydə

yаrpаğın sоn duа pıçıltısındаn.

Yеnə gəlib çаtdı pаyız ахşаmı,

yеnə bu könlümdə küləklər əsir,

ахşаm süfrəsində bоş qаlıb bir yеr 

kölgələr dоlаşır, kölgələrdə sirr.

Pəncərə önündə ağac kimiyəm,

xatirə yarpaqlar uçur havada,

ömrün payızında bir xəzan kimi

ayrılıq səs salır yalqız odada.

Tutub boz səmanı qara buludlar,

pərdələr üşüyür bomboz оtаqdа.        

Səmtini itirib, yоlunu аzıb,

cığırlаr о kövrək yаrpаq yаtаqdа.

Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm də ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir.  Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.

Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və  sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq və bənzərsiz çatdıra bilməsi, məncə Allah vergisidir. Sanki bu sözlər, ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır və oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri və yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə də bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi və nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında və gələcək yaradıcılığında böyük rol oynayıb. “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan”, – deyib məşhur rus şairi N.A.Nekrasov. Rəfail Tağızadə məhz vətəndaş olmaq borcunu layiqincə yerinə yetirdiyinə görə şairliyini bu zirvəyə qaldıra bilib. Zahirən həmişə sakit, təmkinli, mülaym görünən bu insanın daxilində ciddilik, bəzən yerində biruzə verilən sərtlik də var. O, heç vaxt, heç nəyə görə heç kimə və heç nəyə əyilmir. Başını yalnız Tanrı qarşısında əyən insanlar başqalarının gözündə ucalır. Hansı tədbirdə olursa olsun, hansı məclisdə iştirak edirsə etsin, Rəfal Tağızadə həmişə dərin ehtiramla qarşılanır. Çünki həmişə nə dediynin, nə danışdığının və nə etdyinin fərqindədir.

“Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim”, – deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun nə qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli və vətənpərvər olmasının danılmaz sübutudur. 

Eldən, obadan uzaq düşən insan kövrək olsa da, dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə də, qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:

Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,

qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.

Bu qаzi tоyundа, bu ər tоyundа,

rəqs meydаnınа nidаlаr qоyаn 

tək qıçı üstündə оynаyаn оğlаn,

bu gecə tək qаlаn qıçın оynаyır.

Оturub оrtаdа qаrа ciyər bəy,

sаğdişi аyаqdı, sоldişi qоldu,

dаğlаrа dırmаnаn uzаnаn yоldu,

sürünə-sürünə bаrmаqlаr gəlir,

аtlаnа-аtlаnа pəncələr gəlir,

qоllаr rəqs eləyir, qıç təpik çаlır,

оynаyıb yоrulаn əl çəpik çаlır.

Hərdən hаlаy vurub yаllı gedirlər,

bir pəncə оrtаdаn çıхmаq istəmir

qаlаn bаrmаğındаn süzülür təri,

sevinc tər içində bоğur kədəri…

Şəhid Qаrаbаğdа tоydu bu gecə.

Bu qаzi tоyundа, bu ər tоyundа,

yerində оynаyаn süzənindən çох,

yerdən təbrik edən gəzənindən çох,

sаqqаllı gələni bəzənəndən çох.

Bu qаzi tоyundа, bu ər tоyundа,

tək əl оvcun döyür çəpik yerinə, 

çəliklər səs sаlır təpik yerinə.

Qаzilər оynаyır, qаzilər indi –

bаşlаrı üstündə qоltuq аğаcı,

yellənir bоş, qıçsız şаlvаr bаlаğı.

Bu qаzi tоyundа, bu ər tоyundа.

Bu gün bəy оturub bаyrаğın аltdа,

bu qаzi tоyundа, bu ər tоyundа.

Bu qаzi tоyundа, bu ər tоyundа

qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,

ötən  günlərini sаlа bir yаdа.

Dоlаşаn ruhlаr dа оynаyır bu gün,

itən аrzulаr dа оynаyır bu gün,

bu qаzi tоyundа, bu ər tоyundа.

Bu qаzi tоyundа, bu ər tоyundа,

çəngəllər, bıçаqlаr əllərdən аrtıq,

susаnı  dаnışаn dillərdən аrtıq…

Göylərə ucаlаn tək qоl оynаyır

yаnındа оynаyаn bir хəyаl qоllа,

yоl gedir, yоl gedir bir kölgə yоllа.

Аnаnın yоl çəkən gözləridi bu,

оğlunа söz qоşаn sözləridi bu.   

Səngərdən dаğlаrа uzаnаn аğ yоl,

sоnundа qаliblər dаyаnаn аğ yоl,

bu gecə yоl gedən tək аyаqlılаr

döyüşə səsləyir ayaqlıları,

bu qаzi tоyundаn, bu ər tоyundаn.

Belə tükürpədici misralardan istfadə edərək bir qədər irreal təsvirlə poeziyasevərləri vahimələndirməyi bacarmaq hər söz adamına nəsib olmur. Belə şeirlərdə abstrakt rəsmlərdə olduğu kimi min bir rəngin çaları var, ancaq oxucu şairin önə çəkdiyi fikrin rəngini görə bilir, çünki şair təfəkkürü oxucunu məhz o fikrə cəlb etməyi bacarır. Bir sözlə, yaradıcı insan istedadlı olduqda meydana əsl sənət əsərləri çıxarır. Rəfail Tağızadənin hər kiçik şeiri belə bir  əsərdir. Təsirli, yadda qalan əsər…

Türk mütəfəkkiri Əlişir Nəvai yazırdı:

Sözlərdə bir yalan gizlənsə əgər, 

Bizə yanlış gəlir, hec bəyənmirik.

Bir müdrik bir şeir yazarsa əgər, 

Yalanı da görsək qüssələnmirik. 

Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.  

Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan  sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır. 

Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə “Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:

Bu gecə yuxumu ərşə çəkdirən                

dərdlər göy əskiyə bükəcək məni. 

Tutub öz əlimlə, dırnaqlarımla,

hələ codlaşmamış barmaqlarımla

məni öz qanıma boyuyacaqdı.

Sonra maddım-maddım baxıb üzümə

bu dərdi taleyə bağlayacaqdı.

Qanımı dondurub, səsimi kəsib,

küyümü içimdə saxlayacaqdı.

Arzular qurtarmır, güman yetişmir, 

uzanan əlimə ümman yetişmir.

Sən məni dənizin üstünə çıxar,

istərsən yeriyib gedim bu yerdən.

Məni utandırma özüm-özümdən.

Açın bu gecənin qapılarını.

Udacam gecəni hava qarışıq,

bu dəniz qarışıq, səma qarışıq,

ulduzlar qarışıq, o Ay qarışıq.

İlahi, sən məni günahdan qoru,

məni utandırma gecə yanında,

bu dəniz yanında, o Ay yanında,

məni utandırma Onun yanında.

… qoru bu gecəlik günahdan məni,

qoru bu gecəlik qınaqdan məni… 

Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə  “bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, – deyə bilər.

Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır. 

Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki   sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir. 

Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:

Götürüb gedirəm səni özümlə

gecənin ən sakit, gizlin yerinə.

Qıymaram mən sənə könlümdən başqa          

bir baxış toxuna, yerin bilinə.

Mən səni köksümə sıxıb apardım,

bürüdüm hissimin burulğanına.

Bir də görərsən ki, qaçıb üzümdən

dodağım qonubdu dodaqlarına.

İlahi, sən bunda cazibəyə bax!

Bu sevgi özümdən qoparır məni.

Bu xumar gecədə bədirlənən Ay, 

salıb işığına aparır məni.

Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.

Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar – sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir  Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.

30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni “Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox – həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.

Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən – cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza –  eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar  arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.                           

Əllərində bir dəniz, 

gözlərində bir röya,                               

yanağın bir ay kimi

işıq salır gözümə,

barmaqlarım dalğatək

telində dalğalanır,                 

saçının həzin mehi 

üzümdə sığallanır,

mənə dikilən baxış

tökülür üz-gözümə

mehriban xəyal kimi,

durub baxıram sənə

dili donmuş lal kimi,

bir ömürlük arzular

damla-damla süzülür 

o qönçə dodaqlardan

ürəyimə bal kimi

necə də gözəl həyat, 

sığın bu sinəmə, yat.

Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq…  

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

>>>>>>>TUNCAY ŞƏHRİLİ<<<<<<<<<<

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru