Üçüncü minilliyin başlanğıcında – 2000-2005-ci illərdə ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların yaradıcılığını və bir sıra başqa əsərləri yığcam şəkildə gözdən keçirməklə, yeni ədəbi zamanın üfüqlərini açan (aça bildimi?!) müasir dünya ədəbiyyatının başlıca özəllikləri və tendensiyaları (eyni zamanda çağdaş yazıçı fenomeni!) haqqında müəyyən təsəvvür əldə edə bilərik. Əlbəttə, həm də bu prosesə öz ədəbiyyatımızın gözündən baxmaqla.
Nobel mükafatının 2000-ci il sahibi çinli nasir, dramaturq, tərcüməçi və tənqidçi Qao Sintzyan 1940-cı ildə – vətəni yaponların işğalı altında olanda doğulub. 1962-ci ildə Pekində Xarici Dillər İnstitutunun fransız dili şöbəsini bitirib. Yaradıcılığa erkən başlasa da, Mədəni inqilab dövründə əmək düşərgəsinə islah olunmağa göndərilərkən bütün ilk əlyazmalarını yandırmağa məcbur olub. Çində islahatlar kursu başlanana qədər kitablarını çap etdirmək və “xüsusi icazə” olmadan ölkəni tərk etmək Qaoya yasaq edilib. Yalnız Den Syaopinin hakimiyyətə gəlişindən sonra bəzi islahatçı əhval-ruhiyyəli teatrlar Qaonun pyeslərini tamaşaya qoymaq qərarına gəliblər. Elə bu vaxtdan Qao “Çin Soljenitsını” kimi xaricdə də tanınmağa başlayıb. Onun rusiyalı yazıçıdan fərqi isə yalnız bundadır ki, başına çox əziyyətlər gəlsə də, Çin QULAQının dəhşətlərini əsərlərində əks etdirməyə cəsarət etməyib (qeyd edək ki, Çin diktatoru Mao Tszedun 1949-1965-ci illərdə 26 milyon 300 min insanın həyatına son qoyub – yəni İkinci Dünya müharibəsində qırılan insanların, təqribən, yarısına bərabər!). Qao, əsasən, bu və ya digər Çin əyalətində yaşayan “balaca adamın” taleyini, üzləşdiyi çətinlikləri, əzabları qələmə alıb. Ancaq Qao Sintzyana münasibətdə mülayimləşmə uzun çəkməyib: 80-ci ilin ortalarında onun bütün kitabları qadağan edilib, özü isə yenidən siyasi təqibə məruz qalıb.
1981-82-ci illərdə Qaonun kitabları çap edilsə də, 1983-cü ildə yazdığı “Avtobus dayanacağı” pyesi ideoloji cəhətdən zərərli hesab edilib. Çünki bu əsərində dramaturq Bekket və Arto estetikasından bəhrələnmişdi. Onun üçüncü pyesi – “Başqa sahil” isə yasaqlanır. Qao Sintzyan repressiyadan qurtulmaq üçün səkkiz ay Sıçuan əyalətinin meşə və dağlarında gizlənir. 1987-ci ildə Pekin yazıçını “fəxri mühacirətə” göndərir, iki il sonra isə Tyananmen meydanındakı faciəvi hadisələrdən sonra onu Çin vətəndaşlığından məhrum edir. Bütün əsərləri ölkədə “əksinqilabi təbliğat” sayılır. Qao 1989-cu ilədək Kommunist Partiyasının sıralarından çıxmasa da, Çini tərk edərək Parisə gəlir və Fransa vətəndaşlığını alır.
Təkcə yazıçı və dramaturq kimi deyil, həm də gözəl kalliqraf və milli “qo-hua” üslubunda çəkən rəssam kimi Qao Sintzyan Fransa və Belçikada üç ədəbi mükafat alır. Tərcüməçilik və rejissorluq fəaliyyəti ilə məşğul olur.
Yeni Çin ədəbiyyatının klassiki Qao Sintzyanın yaradıcılığının zirvəsi onun irihəcmli (800 səhifə) “Möcüzəli dağlar” romanıdır. Qao Sintzyan – ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk Çin yazıçısıdır. Sənətkar öz yaradıcılığında çağdaş dünyamızın insanını onu əhatə edən çevrənin basqısında təsvir edir, həyatın ağrılı məqamlarına diqqəti yönəldir. Çin nəsri və dramaturgiyasında yeni yol açan Qao Sintzyanın humanist yaradıcılığı bir daha təsdiq edir ki, ən sərt rejimlərdə belə ədəbiyyat insan və onun qəlbinin istinadgahı olaraq qalır.
“The Guardian” qəzetinin yazdığı kimi, gəncliyində intihar etmək istəyən, məşhurlaşandan sonra isə “sağ ingilisdilli yazıçıların ən böyüyü” sayılan hindsoylu Trinidad nasiri
Vidyadhar Naypol yəqin ki, daha çox siyasi-ideoloji mülahizələrə görə Nobel mükafatına layiq görülüb (2001). Çünki Naypol – “islam fundamentalizmi”nin ən amansız tənqidçi və rəqiblərindəndir. Hələ 1981-ci ildə yazdığı “Möminlər arasında” kitabında o, “islam fundamentalizmi”ni “cüzam xəstəliyi” adlandırmışdı. – Elə bir “bəla” ki, islam dünyasını İran və Pakistandan İndoneziya və Malayziyayadək bürüyüb. Və belə bir “əminlik” yaratmağa çalışmışdı ki, guya “dəbərişməz və geriçil islam cəmiyyəti müasir epoxada bəşəriyyətin qarşısına çıxan suallara cavab vermək iqtidarında deyil”(?).
Vidyadhar Naypol, onun araşdırıcılarının da qeyd etdiyi kimi, olduqca subyektiv yazıçıdır. O özü də zahidanə, qapalı həyat tərzi keçirir, nə ictimai, nə də siyasi fəaliyyətlə məşğul olur. Deyir: “Mən o xüsusi missiyalı şəxsəm ki, bəşər komediyasının şahidi və salnaməçisi olmaq boynuma düşüb”. 14 roman və hekayələr toplusunun, 10 esse və yol qeydləri kitabının müəllifi yeddi ilin susqunluğundan sonra – 2001-ci ilin sentyabrında yenidən yazmağa başlayıb, – onun bu son kitabı da – “Yarımhəyat”dır.
Macar yazıçısı İmre Kertes ədəbiyyat sahəsində Nobel mükafatını 2002-ci ildə alıb. Nəsibinə 1945-ci ildə Buhenvaldda əsir olmaq düşən Kertesin ədəbi taleyi də məhz bu acı təcrübədən dadıb. – O dəhşətli zamanların xatirəsi Kertesin yaradıcılığının “bədii yaddaşına” yazılıb. Ölüm doğan konslager onun “universiteti” olub. Kertesin böyük sənətkarlığı bundadır ki, konslagerin cəhənnəm məşəqqətləri içərisində insanlığını, mehrini, şəfqətini itirməyən insanların görk olası xarakterini yarada bilib. Hər tərəf meyit, ulartı, inilti, haray, qəddarlıq, amansızlıq, kül… və bu dəhşətlərin içərisində İnsan Qəlbi, Təbəssüm, Zarafat! Böyür-başlarında ölüm qıvrılır, bir-bir sobalara basılırlar, saatbasaat xərəyə bağlanıb sobada külə dönmələrini gözləyirlər, ancaq yenə də bir-birinin halına yanır, kömək edir, fədakarlıq göstərirlər, kiçicik bir təbəssümlə də olsa, bir-birinə dayaq olurlar! Bu da müstəsna ideya: Zilinə çatmış Vəhşiyyət ən yüksək həddində belə, hətta ayaqlar altında qalmış İnsaniyyəti əzə bilmir! Bəlkə də bu – Yer üzündə insan həyatının sınağa çəkilən ən böyük mənasıdır. Bu ağır və doğma mövzu Kertesin yaradıcılığına dolanıb da qayıdır.
2003-cü ildə Nobel mükafatını almış hollandsoylu Cənubi Afrika Respublikasının yazıçısı Con Maksvel Kutzee (1940) Keyptaun Universitetini bitirib. ABŞ-da ədəbiyyat professoru olub. Sonra yenə vətənə qayıdaraq Keyptaun Universitetində professor vəzifəsində çalışıb. O, məşhur yazıçı – həmvətəni Nadin Qordimer kimi aparteidə qarşı aktiv mübariz olmayıb. Kutzee yaradıcılığında onun ölkəsi – mifik dünyaların kosmosunda itmiş gerçək bir məmləkətdir. Onun daha çox avtobioqrafik səciyyəli kitablarında “alçaldılmış və təhqir olunmuş” insanların taleyindən bəhs edilir. Yazıçı deyir ki, onun ölkəsi – Afrikada iki irqin toqquşması üzündən “ön plana” çıxıb: burada bitməz konfliktlərin, inciklik və əziyyətlərin “yuvası” qurulub. İmperiyanın özünüsaxlama metodları amansız olub, ona qarşı müqavimət, cavab tədbirləri isə elə həmin amansızlığa tən gəlib.
Özünün bütün yazıçı karyerasında C.M.Kutzee müəyyən çərçivəli mövzulara müraciət edir: əzənlərlə əzilənlərin münasibəti, fiziki və mənəvi zorakılıq qarşısında insan şəxsiyyətinin dağılması və yaxud üsyana qalxması, valideynlərin öz övladlarını zor və işgəncələrdən qoruya bilməməsinin faciəsi, insan varlığının tezsınarlığı…
Kutzee 1994-cü ildə “Sankt-Peterburqlu sənətkar” romanını yazır. Əsərin qəhrəmanı Dostoyevskidir ki, elə öz əsəri “Əcinnələr”in süjeti fonunda təsvir olunur: Yazıçının oğlu həlak olur və o bilir ki, oğlunu Neçayevin dəstəsi öldürüb. Əsərin mürəkkəb fabulası müəllifə yaradıcılıq problemlərinə bir daha müraciət etməyə imkan yaradır. Bu kədərli hadisə Dostoyevski üçün sənət materialı olur. Kutzee göstərir ki, yazıçı həyat faktını sənətə çevirmək üçün qəlbini şeytana verir. Yazıçıda normal insani hisslər qalmır, bu hisslər roman üçün material rolunu oynayır. Kutzee Dostoyevskisinin yeganə təsəllisi – qaranlıqla vuruşa-vuruşa onu işığa çevirməkdir.
Cənubi Afrikanın irqi ayrı-seçkilik sistemindən qurtulmasından sonra Kutzee “Şərəfsizlik” romanını çap etdirir: Ölkədə hakim siniflərin həmişə kataklizmlərlə müşayiət olunan əvəzlənməsi baş verib. Ancaq yazıçı bu mövzu içərisində başqa – daha mühüm və polemik bir alt-mövzunu açır. Ənənəvi olaraq universitetlər bilik, müdriklik, azadlıqsevərlik məbədi sayılıb. Yazıçı bu mövqe ilə mübahisə edir. Göstərir ki, təşkilatlar, müəssisələr insanlardan daha azad ola bilməz. O, universitet müəllimlərinin xırdaçılığını, rəhmsizliyini, gözügötürməzliyini, xəbisliyini ifşa edir. Belələri sağlam, yeni fikirli mütəxəssislərə dözümsüzlük göstərir, onları öz aralarından sıxışdırıb çıxarırlar. Əxlaqı və elmi öyrədən müəllimlərin özləri qeyri-əxlaqi hərəkətlərdən çəkinmir, ikiüzlülük edir, elmin tikanına çevrilirlər.
Yazıçı 2003-cü ildə nəşr etdirdiyi son “Elizabet Kastello” romanında da universitetlərdəki mühafizəkarlığa və ənənəvi Qərbyönlü təhsilə qarşı “hücumunu” davam etdirir. Kutzee öz polemik ideyalarını məşhur müəllimə Elizabet Kastellonun dili ilə təqdim edir. Roman Elizabetin müxtəlif ölkələrin universitetlərində oxuduğu səkkiz mühazirədən ibarətdir. Müəllif onun cəmiyyətə, bacısına, oğluna, həmkarlarına və nəhayət, Allaha münasibətlərindəki fərqli və dəyişməz məqamları açır.
Bəzi həmvətənləri yazıçını siyasi cəhətdən düzgün mövqe tutmamaqda, Cənubi Afrika haqqında onsuz da neqativ olan təəssüratı dərinləşdirməkdə, bu cəmiyyətin kədərdoğurucu mənzərəsini qatılaşdıraraq sərgiləməkdə suçlayırlar. Xüsusilə Kutzeenin “Şərəfsizlik” romanı etirazlara səbəb olub – burada o, ölkəsindəki ağdərili fermerlərin öldürülməsindən doğan çaxnaşmaları təsvir edir. Məhz belə acı gerçəkləri sənətkarcasına qələmə aldığı üçün C.M.Kutzeenin əsərləri realist ədəbiyyatın nümunələri kimi bütün dünyada maraq doğurur.
Ədəbiyyat sahəsində Nobel mükafatının 2004-cü il laureatı Avstriya yazıçısı və dramaturqu
Elfrida Elinekin başqa dillərə tərcümə olunub yayılan əsas əsərləri “Pianoçu”, “Şəhvət”, “Bu o deyil”, “Alp dağlarında” dramlar toplusu, “Ölüm və qız”dır. Elfrida Elinek yaradıcılığında ən qabarıq görünən cəhət – müasir sənətin başlıca xüsusiyyətlərindən sayılan sinkretik üsluba önəm verməsidir: yazıçı poetik mətn üzərində sərbəst gəzişir, mövzunu müxtəlif sənət texnologiyalarının vasitəsilə təqdim edir. Onun üslubunda poeziyadan nəsrə, nəsrdən dramaturgiyaya, dramaturgiyadan kinematoqrafiyaya, kinematoqrafiyadan esseistikaya keçilişlər etmək tamamilə olarıdır.
Dünyada gedən siyasi proseslərə fəal münasibət – ədəbiyyatın öz tarixi zamanı ilə nə dərəcədə bağlı olduğunu və ona hansı səviyyədə təsir edə bildiyini göstərən aktdır. 2005-ci il Nobel mükafatının Ədəbiyyat laureatı Harold Pinterin qlobal siyasi məkanda baş verən önəmli, dəyişdirici hadisələrə diri reaksiyası məhz belə ədəbi əxlaqın nümunəsidir. Əsərlərində publisistik qat onsuz da qabarıq olan Harold Pinter çağımızın supergüclərinin hegemonluq siyasətini, bəşəriyyətə, dövlətlərə və xalqlara meydan oxumasını, xüsusilə konkret olaraq İraq müharibəsini və Böyük Britaniyanın Baş naziri Tom Bleyerin ABŞ prezidenti Corc Buşa dəstək verərək onunla açıq müttəfiqliyini kəskin tənqid etmişdir.
Bu gün dərinliklərdə qaynayan planetar gərginliyin yenidən açıq hərb müstəvisinə çıxması – Rusiya-Ukrayna müharibəsi, hətta 65 000 nüvə başlığına malik bir dövlətin başçısının sivil dünyanı atom silahı ilə hədələməsi XXI əsrdə ümumbəşəri sivilizasiya dəyərlərinə sahib və məsul olan ədəbiyyatın və onun yaradıcılarının yalnız qızılgül ləçəklərini sığallamağa, yalnız “sözün tozunu almağa”, yalnız poetikada pampers dəyişməklə məşğul olmağa haqqı yoxdur.
Müharibə bitdi, xalqımız otuz ilə qədər qəddarcasına qovulduğu doğma yurd yerlərinə-doğma Qarabağına qovuşdu. Azərbaycan əsgəri öz üçrəngli qalib bayrağını yaralı torpaqlarda qürurla dalğalandırdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Analar göz yaşları içində gülümsəməyi bacardılar. Axı onların dağ cüssəli balaları vətənə sipər olmuş, vətənin azadlığı yolunda da canını qurban vermişdi…
İndi yazılanlar da, deyilənlər də qalib ordunun qalib əsgərinin şərəfinə hesablanmışdır. Dövlətimiz qısa zaman ərzində daşı daş üstə qalmayan, viran qoyulan, malı-mülkü talan edilən Qarabağda böyük quruculuq işlərinə başladı… Torpaq da sevindi, hava da, meşələr, çöllər də. Bəli, vətənin tikanı da əzizdir…
44 günlük İkinci Vətən savaşında qazanılan qələbə Azərbaycan dövləti, Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinin təntənəsi idi. Övladını cəbhəyə yola salan ana və atalar :-“get, aslan kimi döyüş və qələbə ilə geri dön!” –deyib Allaha əmanət elədilər. “Arxa da, ön də vətəndir, unutma, bir addım irəli getmək imkanın varsa, geriyə bir addım qoyma!..” Vətəni ruhu, torpağı cismi-canı hesab edən mərd oğlanlar getdi müharibəyə, getdi ki, torpağın yaralarına bədəni ilə məlhəm qoysun, elə qoydu da.. .
Vətəni səngər, qala bildilər, ana bildilər, bala bildilər, zəfər eşqinə getdilər. Torpağı elə sevdilər ki, torpaq da onları sevdi. Axı, eşq də yolxucu xəstəlik kimidi… İllərdir əsir yurd yerlərimizin səsi gəlirdi qulağına, “gəl məni azad et..”-deyə torpaq çağırırdı onları.
Azərbaycanın hər bölgəsindən qəhrəman oğullar könüllü yollanırdı müharibəyə. Onların biri də Məmmədov Pərvin Rza oğlu idi. O, 1994-cü ildə, mart ayının 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Ailənin dörd övladından biri olan Pərvin, elə uşaq yaşlarından fərqliliyi ilə seçilirdi. O, sakit, söz eşidən bir uşaq olmaqla yanaşı, həm də bacarıqlı idi. Uşaq yaşlarından maşın və texnikaya həvəsli idi. Kim ona maşın bağışlasa sevincinin həddi-hüdudu olmurdu. Bir az oynayandan sonra isə həmin maşını söküb hissələrə ayırır və yenidən bir yerə yığıb düzəltməyə çalışırdı…
Pərvin 2000-ci ilin sentyabrında elə yaşadığı Yeniarx kənd orta məktəbin birinci sinfinə getmiş, və 2011-ci ildə tam orta məktəbi bitirmişdir. Sinif yoldaşları ali məktəbə sənəd verəndə, o, uşaqlıqdan öyrənmək istədiyi peşənin ardınca getmək qərarına gəlir. Elə bu istəklə də əmək fəaliyyətinə başlayan Pərvin, tezliklə bacarıqlı mexanik kimi tanınmağa başlayır. 2012-ci ilin yazında hərbi xidmətə çağırılır. Pirəküşkül “N” saylı hərbi hissədə xidmət dövrünü 2013-cü ilin payızında layiqincə başa vurub kəndə dönür. Gənc oğlan yenidən mexanik kimi işini davam etdirib ailəsinə maddi dəstək olur. Tərbiyəli, sakit təbiətli, mehriban, xoş xasiyyətli bu oğlanı sevgi də tez tapır. Bir könüldən min könülə aşiq olduğu həyat yoldaşı Rüfanə xanımdan razılıq alaraq ona elçi göndərir… Və, 2014-cü ilin dekabr ayının soyuq havasını bu iki gəncin toy şənliyi isidir…
2016-cı ilin məlum aprel döyüşləri başlayarkən Pərvin də könüllülər sırasına yazılır, amma döyüşlər tez başa çatdığından iştirak edə bilmir. Vətən sevdalısı bundan pərişan olur, amma fikrindən dönmür. Bu dəfə vətənə xidmət etməyin başqa yolunu taparaq gizirlik kursuna yazılır. Elə həmin günlərdə iki sevinci birgə qarşılayır, həm ata olur, həm də Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədən ərizəsinə müsbət cavab alır… Xüsusi təyinatlı “HƏMLƏ” taborunda əməliyyatçı, döyüş maşınlarının komandiri kimi xidmət edən gizir, burada da öz zəhmətkeşliyi, dəqiqliyi, bacarığı ilə hamının hörmətini qazanır… 2018-ci ildə göstərdiyi qüsursuz xidmətə görə “Cümhuruyyətin 100 illiyi” medalı ilə təltif edilir.
2019-cu ildə ikinci dəfə atalıq bəxtvərliyini yaşayan gənc gizir digər yoldaşları kimi sərhədyanı ərazilərdə baş verən hadisələrdən qəzəblənirdi. Tökülən nahaq qan, onun da qaynar qanını coşdurur, ermənilərin layiqli cavabını vermək üçün alışıb yanırdı. Azərbaycanın hər qarış torpağı yolunda can verməyə hazır olan döyüşçü, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri verməsini həm məsuliyyət, həm də sevinc hissi ilə qarşılayır…
…Qisas deyib durub gör neçə ildi,
Məzarı dağılan ruhlar çağırır.
Murovdan o üzə süzür xəyalım,
Bütün varlığıyla torpaq çağırır…
27 sentyabr 2020-ci ildə Göranboy rayonunun Ağcakənd istiqamətindən başlayan döyüş yolu Gülüstan,Tərtərin Talış kəndi və Ağdərə istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olur. Əsgər yoldaşları ilə birgə düşmənin qurduğu istehkamların dağıdılmasında qəhrəmanlıq nümunəsi göstərir. Yeri gələndə yalın əl ilə, dişi-dırnağı, yumruğu ilə döyüşür, düşmənlə əlbəyaxa döyüşlərə atılaraq nifrəti, qəzəbi ilə onları məhv edir…
Lakin Suqovuşan uğrunda gedən çətin və qanlı döyüşlər onun son döyüşü olur. Düşmən snayperinin atdığı güllə onun həyatını da, gələcək arzularını da yarımçıq qoyur. Şəhidlik adı qazanan Pərvinin ruhu vətənin azad səmasına pərvazlanır, bədəni isə 02.10.2020-ci ildə doğulub böyüdüyü, ruhən bağlı olduğu doğma Yeniarx kəndində elə sevdiyi, könül verdiyi torpağa tapşırılır… Məmmdəov Pərvin Rza oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid torpağındı, torpaq şəhidin,
Varsa bu ülfəti bir pozan, gəlsin.
Alın yazısını torpaq üstünə,
Gəlsin, qanı ilə qoy yazan gəlsin…
İndi bu evdə onun iki övladı böyüyür, onlar Qarabağın qara günləri barədə anasının danışdığı söhbətlərdən xəbər tutacaq, kitablardan oxuyacaqlar. Atalarını da fəxrlə, qürur hissiylə xatırlayacaqlar. Biləcəklər ki, o, Qarabağın azadlığı uğrunda şəhid olan 3000-ə qədər igid və qəhrəman Azərbaycan oğullarından biridir!
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Genelde sanatta özelde edebiyatta Modernizm ve Postmodernizm dönemleri bitti bence. 21. Yüzyıl’dayız ve bütün değerler ve kavramlar evriliyor. İletişim ötesi dönem. Dünya artık küçücük bir köy. Toplumlar birbirine benzeşiyor. Zevkler aynılaşıyor. Her şey tüketim odaklı. Kolay üret kolay tüket! Yarına kalan her şey eskimiş oluyor. Şiir mesela, okuyorsun tükeniyor. Uzun pasajlar artık sıkıcı. Şairler şiirlerini ne toplum için ne de sanat için yazıyor; herkes kendi yalnızlığını haykırıyor! Acılar, sevinçler, aşklar sıcağı sıcağına yaşanıyor ve bitiyor. Yeni Leyla Mecnun Hikayeleri yazılmıyor şimdi. Kadınlar Leyla olmaktan istifa edeli çok oldu. Mecnun çölde kaybolup gitti. Herşey nesnel herşey cinsel. İnsan ruhu göğe çekildi. Para herşeyi satın alıyor, en başta insanı. Üçüncü dördüncü beşinci cinsler aramızda dolaşıyor. Felseye bile anlamlandıramıyor ahvali. Sosyoloji betimlemekte aciz. Bir kaos belki.
Bu ilanihaye böyle mi sürecek?
Sanmıyorum, bir senteze erişecek insanlık. Elektro toplum yahut sanal insan. Bilemiyorum. Ama çağın akışı arkını bulacak. İyi mi olacak kötü mü olacak? Hüküm vermek bize değil gelecek nesillere düşer.
Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən başlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır. Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində öz-özlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermişhadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Söz xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızıdır. QISA ARAYIŞ Sona Abbasəliqızı Göyçə mahalında anadan olub.BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.Səkkiz kitab müəllifidir.Azərbaycan yazıçılar və Jurnalistlər,İraq-Türkmən Yazıçılar,Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür.Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb.Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb.Bu müəllifin doqquzuncu kitabıdır. Nəşr olunan bütün kitablar çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. “Ziyadar” Mükafatına layiq görülmüşdür.İki övladı var.Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağrı İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.
“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış ƏfzələddinXaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.” – Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir. Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani – Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. –haqqında, onun yaşadığı dövr haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan – sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “… Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi… Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir.
Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” . … Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının “Zöhrə ulduzu” sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm… Tanrı istəyən… ” … “belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır. “Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm: – Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir, – Romanın həcmi müasir tələblərə tam cavab verir, – Dili səlisdir və aid olduğu dövrlə səsləşir, – Tarixilik baxımından zəruri məlumatlarla zəngindir, – Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə ilsə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar. Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, ab-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər. Sonda yənə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var… Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram. 30.06.2020 – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
Sözün Xaqanı haqqında söz”, “Ədalət”, 09.07.2020, say: 91 (5751) s.6.
“Sözün Xaqanı haqqında söz”, “Kredo”, 09.07.2020, s.6.
“Sözün xaqanı haqqında söz”, “Təzadlar”, 14.07.20, say: 21 (2262) s.15.
(Azadə Novruzovanın “Sən mənim ağ kitabım” şeirlər,esselər kitabı ətrafında düşüncələr)
Azadə Novruzovanın şeirləri uzun ,intəhasız yola bənzəyir.Bu yolun başlanğıcı və sonu yoxdur.Yalnız əvvəli və sonu olmayan yolları poeziya yoluna bənzətmək olar.Məhz başlanğıcı və sonu bilinməyən yollar poeziya üçündür.Ünvanı məlum olan,mənzil başına çatan yollarda poeziya qurtarır.Bu ünvansız yollar öz mənbəyini xəyallardan ,xatirələrdən başlayır,yağışda islanır,yuxularda azır,kədər dumanını yarıb keçir,həsrətə əlvida deyir,sevincin üzünə gülür və son nöqtəyə doğru” şütüyür”.Son nöqtədən isə qürbətdə qalan vətən qoxusu gəlir:
Ümid doğur o uzaq nöqtə,
Dözülməz sancı çəkir o uzaq nöqtə…
Məndən məni doğur…
O uzaq nöqtə…
Bu misralar son nöqtəyə çatarsa ,oradan yeni yollar başlayar.Sevinci,şadlığı dünyaya ,aya günəşə ,ulduzlara daşıyan poeziya yolu…Azadə Novruzovanın poetik “marşrutu” dəqiq belədir.Yol onun şeirlərinin boyuna biçilib.Hər şeiri yeni bir yoldur ,-yolçu yolda gərək –deyib atalar:
Uzaq yollara çıxdım
Bəlkə azdıram dərdi…
***
Yolda bir yürüyənlər
Nədən olsunlar yoldaş?
Yoldan ayrılar yollar…
Bunu düşünmədin heç?
Poeziya gah daş kimi möhkəmdir ,gah da qu tükü kimi yumşaqdır. Sözün daş üzü daha sərt olur. Amma şairənin şeirlərində ipək yumşaqlığı, meh həzinliyi var.Xüsusən lirik hisslər ,duyğular şairənin ürəyindən sözə, sözdən isə şeirə çox rahat süzülür. Kədərli ,hirsli ,qəmgin notlar şeirə çevriləndə belə ,misralar sevinclə qolboyun olur,ümidə, insafa qucaq açır.Şairiən mövzuları ənənəvidir amma ifadə tərzi özünə görə fərqlidir.Şeirləri poetk ruhludur.Hansı ki ,o poetik ruh,poetik qatqı ilk oxunuşdan özünü biruzə verir.Azadə Novruzova yaradıcılığında iddiasızdır.Gücü çatan qədər yazır.Necə deyərlər sözə su qatmır,ona görə də ifadə elədiyi bədii nümunələr təbii alınır;
Köçəri quş kimi gəldin ömrümə
Dimdiyində gətirdin xoşbəxtliyi.
Bu günümə dadızdırıb,
Tamarzı qoydun sabahımı.
Quşlar bəlli zamanlarda köç edər,
Sənsə qəfil etdin bunu
Solmamışkən çiçəklər…
***
Şairənin şeirlərində nifrətin imkanları sevgidən qat-qat aşağıdır.Ayrılığın əli sevginin ətəyindədir. Nə qədər uzaqlaşmaq istəsə da sevginin cazibə qüvvəsindən kənara çıxa bilmir. Belə ayrılıqlar elə də güclü nifrət püskürmür.Sevgililər arasında çəkişib bərkişməyə xidmət edir. Kədər isti əllərə qonan qar kimi tez əriyib yoxa çıxır… Azadə xanımın həyata baxışında qəribəlik, həm də anlaşıqlı bir mücərrədlik var.Bəzən obrazın elə yerindən vurur, deyirsən – əşşi burda nə var ki…Bir az keçməmiş obraz özü heç bir izaha ehtiyac olmadan düşüncənə yerləşir.Belə olan halda şairin poetik fəndi ilə razılaşmalı olursan.
Deyirəm ay olum, il olum ,saralım, solum.
Bir şirin yuxuda qonağın olum
Yar, sənin dilində gileyin olum.
***
uyusun qırmızı məzarında,
qırmızı yuxularımın qırmızı sonu…
***
Saçların ayrılıq rəngində, gözlərin dəniz.
Ayrılıq olmasın adın…
Yandım ayrılıqlar alovunda,
Kül oldum, gülüm…
***
Azadənin şeirlərində vətən dərdi fərdi dərddən seçilmir.Əslində vətən dərdi insan dərdlərinin toplumudur.Vətənin ağrılarını şair özündə hiss eləməsə təsirli şeir yarana bilməz .Zatən də şairənin qəlbində hələ kiçik yaşlarından yurd ağrısı ,Zəngəzur nisgili özünə yuva qurub.Sonralar bu ağrı acıların üstünə Qarabağ ağrısı ,Xocalı faciəsi əlavə olunub.Şairə ürəyində meydan sulayan ,taleyinin qəsdinə duran bu ağrılara sözlə məlhəm eləyib.Misralara yüklənən ağrı -acılar Vətənin harayına qoşularaq haqqın dərgahına üz tutublar .Bəndələr eşitməyən səsi gec də olsa Tanrı eşidib.Qarabağ işğaldan azad olunub,şairənin nisgili azalıb.Amma əcdadlarının uyuduğu torpaqda ruhların harayı göyün yeddinci qatını çoxdan ötüb keçib.Ola bilməz ki ,Tanrı uzun sürən bu möhtəşəm harayı da eşitməsin.İnşallah:
Azərin son gülü Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim. Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub. O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər. O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər. Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar. Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü. 2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır. Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız. Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb. – Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara. İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır. “Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır. Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib. Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz. Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi. – Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər. O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər. Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub . Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi… Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır. Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm. İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.
Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun bu rəzalət və zəlalət dolu dünyada daha çox əziyyət çəkməsini rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…
Əlbəttə, bu tam subyektiv bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm axtarıb, bu yazını yazım məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın deyə içini boşaltmaq istəyənlər … Birinci qrup qələm adamlarını yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq…
Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) … O, bax elə adına, ruhuna istinad edib, yazmaq istədiyim bu yazının da yoluna çıraq tutan “QOYMAYIN QIZLARI ŞEİR YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə öz ağzından eşitdiyim yadımda deyil.
Ancaq, sonuncu dəfə özünün içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində Bakı şəhəri, Xətai rayonunda yerləşən 64 saylı məktəbdə keçirilən Gülşən Mustafanın kitab təqdimatı zamanı ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin… Nəsə o səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək çox asanlıqla tapıb oxuya bilərlər. Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda istinad etmişəm):
Taleyin qışından qoyun büstünü, Başının daşından qoyun büstünü, Üşüsə şeirlə örtün üstünü, Qızları qoymayın şeir yazmağa.
Xəyalı göylərdə yerini yazır, Qovrula-qovrula sirrini yazır, Hələ beş dərdindən birini yazır, Qızları qoymayın şeir yazmağa.
Şeirin ilk sözündən son kəlməsinə qədər içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur. Və “…mən bilirəm, bu nə deməkdir…” onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin, hələ “beş dərdindən biri” olsa da, el-aləmə faş olmasın… Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən keçirmiş, yaşamış insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına rəva görməyən yazarın, seçilmiş müdrik bəndənin, ilahi məqamdan söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə həmişə bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri də eyni qəbildən olan sənət əsərləridir. Bəlkə də mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib… Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu şad osun:
ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!! Atalar, qızlara siz ad verəndə, Elə ad vein ki, bəxti yar olsun! Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Sükeydə, Fəğanə, adı verməyin, Bəxtinin yoluna “cadu” hörməyin, Uğurlu bir adı əsirgəməyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Adı elə seçin, Aydan bac alsın, Ayağı zəmində, göyə ucalsın, Adıyla qarıyıb, xoşbəxt qocalsın, Elə ad verin ki, bəxti yar olsun! * * * Əridib gözünün, nurun qarəsin, Zaur “Ustac” ilə tapıb çarəsin, Hamı xoşbəxt istər ciyərparəsin, Elə ad verin ki, bəxti yar olsun! 04.05.2020 – Bakı ş.
Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.
ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!! Atalar, qızlara siz ad verəndə, Elə ad vein ki, bəxti yar olsun! Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Sükeydə, Fəğanə, adı verməyin, Bəxtinin yoluna “cadu” hörməyin, Uğurlu bir adı əsirgəməyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Adı elə seçin, Aydan bac alsın, Ayağı zəmində, göyə ucalsın, Adıyla qarıyıb, xoşbəxt qocalsın, Elə ad verin ki, bəxti yar olsun! * * * Əridib gözünün, nurun qarəsin, Zaur “Ustac” ilə tapıb çarəsin, Hamı xoşbəxt istər ciyərparəsin, Elə ad verin ki, bəxti yar olsun! 04.05.2020 – Bakı.
VAQİF DÜNYASI (Bu gün onun doğum günüdür! Ruhu şad olsun!) Vaqifin barmağından doğulan bir dünya var, Səmədin qələmindən doğulan dünya kimi. Yeddi qat, yeddi arğac mayası sirr dünya var, Səttarın fırçasından doğulan dünya kimi. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ana laylası kimi, nənə bayatısıtək. Onun barmaqlarında dilə gəlir arzular, Ata duası kimi, baba hayqırtısıtək. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ta qədimdən bu günə, ilmə-ilmə toxunur. Anamın hanasında olan sirli naxışlar, Vaqifin barmağında kəlmə-kəlmə oxunur. * * * Vaqifin barmağından doğulan bir dünya var; Azərbaycandır adı, – mənim yurdum bu diyar! 16.03.2022. Bakı-İçərişəhər.
AĞ ADAM (Rəşad Məcidə) Tanrı mayasını tutubdu “ağ”la, Torpağı ağ, sümüyü ağ, sözü ağ. Sən bu hekayətə ya gül, ya ağla, Bu adamın əyrisi ağ, düzü ağ. * * * Ağoğlanda göz açıbdı dünyaya, Ağ doğulub, nur saçıbdı dünyaya, Ağ qalacaq, and icibdi dünyaya, Sözün tutub; alnı açıq, üzü ağ. * * * Ağdam adlı məmləkətin uşağı, Burda çözüb min-bir türlü tuşağı, Çox dinləyib “dastan” deyən “aşığı”; Hekayətin mini qara, yüzü ağ. * * * Ağcabədi, mədəniyyət beşiyi, Yurd yeridi, çəkilibdi keşiyi, Sadə olub daim evi, eşiyi, Məqamında kürsüsü ağ, mizi ağ. * * * Ustac deyir; tam arınıb bu adam, Ağayana, mərd tanınıb bu adam, Yaranandan ağ yaranıb bu adam, Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”. 10.03.2022. – Bakı.
MUSTAFA Talelər müxtəlifdir; Kimi “Dayandur” olur, Kim isə “Sevinc”, “Vüsal”… Bəxti Yaradan verir, Adı ata, analar… Nə qədər “Bəsdi”, “Arzu”, “Sevindik”, “Kifayət” var… “Yetər”lər sevindiyi Dünyadır bizim dünya; Bilirlər ki, nə qədər Hələ “Qızyetər” də var! Övlad Allah payıdır, “Ruzisin Allah verir, Yükünü Yer götürür…” Kimi oğlan olanda, Kim isə qıza görə, Bəzən köksün ötürür… Dünya saysız, hesabsız Misallara səhnədir. Qız, oğul fərq eləməz, Biganə, biganədir… İstiqanlı, sevəcək… Adın soyuq etməyin, Övlada ad verənlər! “Fidan”, “Humay” ya “Ucal” Nə çoxdur ismi-sərif… Bu gün elə ad verin, Sabah gətirsin tərif! 02.03.2022 – Bakı.