ZAUR USTAC – 26-CI YAZI

PDF KİTABI:  >>>>> qelemder-2

“QIZLARI  QOYMAYIN  ŞEİR  YAZMAĞA”

İYİRMİ ALTINCI YAZI

(Fərqanə Ananaın əziz xatirəsinə)

Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan  hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun  bu rəzalət və zəlalət dolu dünyada  daha çox əziyyət çəkməsini  rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…

Əlbəttə, bu  tam subyektiv  bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və  bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm  axtarıb, bu yazını yazım  məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın  deyə  içini boşaltmaq istəyənlər …  Birinci qrup qələm adamlarını  yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə  həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq…

Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) …  O,  bax elə adına, ruhuna istinad edib,  yazmaq istədiyim  bu yazının da yoluna çıraq tutan “QOYMAYIN  QIZLARI  ŞEİR  YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə  öz ağzından eşitdiyim yadımda deyil.

Ancaq, sonuncu  dəfə  özünün  içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində  Bakı şəhəri,  Xətai rayonunda  yerləşən 64 saylı məktəbdə  keçirilən  Gülşən Mustafanın kitab təqdimatı  zamanı  ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin…  Nəsə  o  səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar  müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək  çox asanlıqla tapıb oxuya bilərlər.  Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda  istinad etmişəm):

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Şeirin ilk sözündən son kəlməsinə  qədər  içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur.  Və “…mən bilirəm, bu nə deməkdir…”  onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin,  hələ “beş dərdindən biri”  olsa da,  el-aləmə faş olmasın…  Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən  keçirmiş, yaşamış  insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına  rəva görməyən  yazarın, seçilmiş  müdrik bəndənin,  ilahi məqamdan  söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan  (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə  Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə  həmişə  bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri  də eyni qəbildən olan sənət əsərləridir.  Bəlkə də  mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları  narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə  düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib…  Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu  şad osun:

ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!
Atalar, qızlara siz ad verəndə,
Elə ad vein ki, bəxti yar olsun!
Ya Humay çağırın, ya Sona deyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Sükeydə, Fəğanə, adı verməyin,
Bəxtinin yoluna “cadu” hörməyin,
Uğurlu bir adı əsirgəməyin,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Adı elə seçin, Aydan bac alsın,
Ayağı zəmində, göyə ucalsın,
Adıyla qarıyıb, xoşbəxt qocalsın,
Elə ad verin ki, bəxti yar olsun!
* * *
Əridib gözünün, nurun qarəsin,
Zaur “Ustac” ilə tapıb çarəsin,
Hamı xoşbəxt istər ciyərparəsin,
Elə ad verin ki, bəxti yar olsun!
04.05.2020 – Bakı ş.

Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.

PDF KİTABI:  >>>>> qelemder-2

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir