Etiket arxivi: Ramil Mərzili

Məmməd Gürşadoğlu yazır

Duyğuların harayı

Hər dövrün özünə uyğun istedadlı nəsli böyüyür. Hər sahədə olduğu kimi, ədəbiyyat aləmində də öz sözlərini deyən, güclü poetik duyumlu şairlərimiz var. Onlar bizi Türk ədəbi mühitində təmsil edirlər. Çağdaş ədəbiyyatımızın belə istedadlı şairlərindən biri də Ramil Mərzilidi.
Çətinliklər içində, uşaqlıq dövrünü müharibədə keçirən Ramilin bütün şeirlərində bir gözə görünməyən ağrılar sezilir. Onun belə bir deyimi var: “Xoşbəxt uşaqlar topla oynayanda, mən topun lüləsi ilə oynayırdım.” O, bütün janrlarda uğurlu poeziya nümunələri yaradır.

Ürəyindən qor götürüb,
Əriyəsən yavaş-yavaş.
Ayağını bu dünyadan ,
Sürüyəsən yavaş-yavaş.

Dincə qoyasan “əkini”,
İtirəsən öz çəkini,
İçindəki qəm yükünü,
Kürüyəsən yavaş-uavaş.

Hara baxsan quru ehkam,
Yorulsan dərdinə söykən.
Ağlayasan möhkəm-möhkəm,
Kiriyəsən yavaş-yavaş.

Gələsən öz nəzərinə,
“Şeş” də verməyə zərinə.
Ölümünün üzərinə, Yeriyəsən yavaş-yavaş.

Günah gizlənir batində,
Haqq itir insan qatında.
Köçəsən, torpaq altında,
Çürüyəsən yavaş-yavaş.

Hər misrasında bir ağrı var. Şairin qəlbindəki ağrılar misralara süzülür. İnsan həyatına biganə qala bilmir. Öz kədərini sözlərin üstünə tökür.
“Ağrının şəkli”ni belə çəkir:

Bir dözüm də görmədim,
Ruhumda dözüm kimi.
Ümidlərim qaraldı,
Yanmadı, közüm kimi…

Ramil poetik duyumlarını oxucusuna sadə dildə çatdırır. Qəliz sözlərlə özünü yormur. Yazdıqları qısa və lokanikdi. Söz yığınına yol vermir. Öz hissilərini çox həssaslıqla ifadə edir.

“Səni də unudaram” da yazır:

Bu həsrətin, möhnətin vəbalı səndən ağır,
Bir sevinc yaşamadıq çəkisi qəmdən ağır.
Hansı səmtə qaçdımsa, bütün yollar qapalı,
Hissilər əli sopalı,
Özümü ovuduram…

Səndən gələn hər nə var- ürəyimin ahıdı,
Dünəni bu günüdü, bəlkə də sabahıdı.
Ömür şələmi artıq yükləmişəm belimə,
Yol alıram ölümə.
Ruhumu uyuduram…

O, lirikasında da ağrılarını yaddan çıxara bilmir. Vətən sevgisi, yurd sevgisi onun qanındadı. Onun qoşması da, gəraylısı da… bütün yazıları demək olar ki, kədərlə yoğrulub.
Ramil Mərzilinin imzası Türk dünyasının oxucularına da bəllidi. Türkiyədə nəşr olunan dərgilərdə onun şeirləri oxucuların rəğbətini qazanıb. AYB-nin üzvü kimi, Gənc Türk yazarları birliyinin də üzvüdü. Yorulmaq bilmədən öz üzərində çalışır. Özü kimi qələmə aldığı poeziyası da səmimidi. Deyir:

Arzuların öldümü,
Ağzımda sözüm kimi?!
Sevmədi kimsə məni,
Anam, ya qızım kimi…

Bax, budur səmimilik. Ramil Mərzilinin poeziyasını oxuyanlar oxuyub, oxumayanlara tövsiyə edərdim ki, onun qəlbinin duyğuları ilə tanış olsunlar.
Ramil Mərzili, uğurlar olsun!

Məmməd Gürşadoğlu,

Şair, publisist AJB-nin üzvü

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I