Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışını Sezai Karakoçun “Onlar sanıyorlar ki” şeiri ilə bitirib. Ərdoğanın siyasi çıxışlarında şeir söyləməsinin çox şahidi olmuşuq. 2002-ci ildə AK Partiyanın qələbəsindən sonra onun haqqında “Bir şeirin qələbəsi” adlı məqalə yazmışdım. Onun sonrakı siyasi yüksəlişinə rəvac verən dörd aylıq həbsi də məhz çıxışındakı şeirə görə olmuşdu. Ərdoğanın siyasi lider və natiq kimi gücü həm də əzbər bildiyi klassik poeziyadan sitatlar gətirməsindədir. Gözəl natiqliyin yolu həm də əzbər şeir bilməkdən keçir. Gənclərə həmişə tövsiyə etmişəm ki, gözəl danışmaq istəyirsinizsə, şeir əzbərləyin! Bu da dünən BMT kürsüsündən səslənən, alqış və göz yaşları ilə qarşılanan həmin şeir: “Onlar sanıyorlar ki, Biz sussak, mesele kalmayacak. Halbuki biz sussak, tarih susmayacak. Tarih sussa, hakikat susmayacak. Onlar sanıyorlar ki, bizden kurtulsalar, mesele kalmayacak. Halbuki bizden kurtulsalar, vicdan azabından kurtulamayacaklar. Vicdan azabından kurtulsalar, tarihin azabından kurtulamayacaklar. Tarihin azabından kurtulsalar, Allah’ın gazabından kurtulamayacaklar.”
ŞƏHİD ATASININ ÜRƏYİNDƏ YAŞAYAN VƏTƏN (Sədulla Şirinovun “Şəhid atası” – yeddinci yazı) Salam olsun sözə, yaddaşa, Vətənə və bu Vətənin yolunda canından keçənlərin müqəddəs xatirəsinə dəyər verən insanlara! Bəzi kitablar oxunur, bəziləri isə yaşanır. Bəzi əsərlər insanı bir neçə saatlıq düşüncəyə aparır, bəziləri isə kitab bağlandıqdan sonra da uzun müddət yaddaşdan çıxmır. Sədulla Şirinovun “Şəhid atası” romanı məhz belə əsərlər sırasındadır. Bu romanın səhifələrində təkcə hadisələr, insanların gündəlik həyatı, ailə münasibətləri, müharibə və itki yoxdur. Burada bir xalqın yaddaşı, bir nəslin taleyi, ata ürəyinin ağrısı, ana nigarançılığı, övlad arzusu, Vətən sevgisi və zamanın insan taleyinə vurduğu izlər bir-birinə qovuşur. Əsərin əvvəlində də vurğulandığı kimi, “Şəhid atası” yalnız bir ailənin faciəsini deyil, daha geniş mənada bütöv xalqın taleyini, tarixi yaddaşını və milli kimliyini əks etdirən panoramlı roman kimi təqdim olunur. Proloqdan etibarən müəllif hadisələri sırf məişət və ailə müstəvisində saxlamır, insanın yaranışı, cəmiyyətin inkişafı, tarix boyu xeyirlə şərin qarşıdurması kimi fəlsəfi məsələlərə üz tutur. Bu baxımdan “Şəhid atası”nı yalnız müharibə romanı adlandırmaq əsərin əhatə dairəsini daraltmaq olardı. Çünki burada müharibə bir nəticədir. Onun kökləri isə daha əvvəllərə gedib çıxır. Bir atanın taleyindən xalqın taleyinə Romanın mərkəzində Rəhman obrazı dayanır. O, ilk baxışdan adi bir Azərbaycan ailəsinin atasıdır. Ailə qurub, övlad böyüdür, zəhmət çəkir, gündəlik həyatını yaşayır. Lakin zaman onun sakit həyatının üzərindən keçərək Rəhmanı böyük tarixi hadisələrin içərisinə atır. Rəhmanın taleyi vasitəsilə müəllif əslində bir neçə nəslin taleyini bir araya gətirir. Rəhman həm atadır, həm həyat yoldaşıdır, həm zəhmət adamıdır, həm də öz dövrünün siyasi-ictimai proseslərinin içində yaşayan Azərbaycan vətəndaşıdır. Onun keçdiyi mənəvi yol əsərin əsas dayaqlarından birinə çevrilir. Əsərin başlanğıcında Rəhmanın övladları ilə münasibəti xüsusilə diqqət çəkir. Azərin uşaqlıqdan “qəhrəman” olmaq istəməsi ilk baxışda sadəcə uşağın xəyalı təsiri bağışlayır. Ancaq sonrakı hadisələr göstərir ki, bu, adi uşaq arzusu deyilmiş. Zaman həmin arzunu ağır və faciəli bir gerçəyə çevirir. Rəhman isə bunu əvvəlcədən bilmir. Heç bir ata bilmir. Heç bir ana övladının gələcəkdə hansı sınaqlardan keçəcəyini bilmir. Məhz buna görə romanın ən təsirli tərəflərindən biri valideyn və övlad münasibətlərinin təbii, canlı və psixoloji cəhətdən inandırıcı qurulmasıdır. Rəhmanın oğlunun “Qəhrəman olacam!” deməsinə münasibəti də bu baxımdan səciyyəvidir. O, övladının böyük adam olmasını istəyir, lakin qəhrəmanlığın müharibə və ölüm bahasına başa gələ biləcəyini düşünərək bundan narahat olur. Bu səhnələrdə müəllif bir mühüm həqiqəti göstərir: qəhrəmanlığın arxasında hər zaman bir ailə dayanır. Döyüş meydanında qəhrəman kimi görünən oğulun arxasında isə gecələr yata bilməyən ata, pəncərəyə baxıb yol gözləyən ana, onun qayıdacağı günü gözləyən bacı-qardaşlar dayanır. “Şəhid atası”nın ağrısı da məhz buradan başlayır. “Qanlı yaddaş – 20 Yanvar” Romanın ilk böyük tarixi dayaqlarından biri 20 Yanvar faciəsidir. Əsərin “Qanlı yaddaş – 20 Yanvar” adlanan bölümü Rəhmanın ailəsinin timsalında həmin dövrün mənəvi sarsıntısını göstərir. Burada tarix kitablarındakı quru faktlardan fərqli bir yanaşma görürük. Televizorun işləməməsi, telefon danışığı, kənd sakinlərinin narahatlıq içində bir yerə toplaşması, Bakıda baş verən hadisələr haqqında xəbər gözləmələri – bütün bunlar böyük tarixi hadisənin adi insanların həyatına necə daxil olduğunu göstərir. Rəhmanın əvvəlcə xəbərə inanmaq istəməməsi xüsusilə xarakterikdir. O, xidmət etdiyi sovet ordusunun öz vətəndaşlarına qarşı belə bir hərəkət edə biləcəyini ağlına gətirmir. Lakin həqiqət qarşısında bu inam parçalanır. Beləliklə, 20 Yanvar yalnız Bakıda baş verən faciə kimi deyil, insanın illərlə inandığı siyasi və ideoloji təsəvvürlərin dağılması kimi də təqdim olunur. Rəhmanın daxilində baş verən dəyişiklik romanın ideya xəttini formalaşdırır. Bir vaxtlar inandığı sistemə münasibəti dəyişir. Bir vaxtlar qürurla daşıdığı partiya bileti onun üçün mənasını itirir. Bir vaxtlar “böyük dövlət” kimi gördüyü siyasi quruluşun mahiyyəti ilə üz-üzə qalır. Beləliklə, tarixi hadisə insanın daxili dünyasında mənəvi dönüş yaradır. Keçmişin ağrıları və yaddaşın nəsildən-nəslə ötürülməsi “Şəhid atası”nın diqqətçəkən cəhətlərindən biri də müəllifin tarixi yaddaşı yalnız bir hadisə ilə məhdudlaşdırmamasıdır. Romanda keçmişin müxtəlif ağrıları ailə xatirələri, söhbətlər, insan taleləri və kənd yaddaşı vasitəsilə bu günə daşınır. Məryəmin anası Xaccaxanımın danışdığı faciəvi həyat hekayəsi buna nümunədir. Onun qardaşının sovet repressiyaları zamanı öldürülməsi, ailənin yaşadığı sarsıntı, toy əvəzinə yasa çevrilən günlər, bir nəslin üzərinə çökən dərd – bunlar yalnız ayrıca bir ailənin faciəsi kimi qalmır. Xaccaxanımın “Mənim belimi iş yox, dərd büküb” sözləri romanın yaddaş qatını açan ən təsirli ifadələrdən biridir. Ardınca gələn “Elə dərd var ki, nəinki adamın belini bükər, dağları da əridər” fikri isə əsərin ümumi ruhuna uyğun gəlir. Çünki “Şəhid atası”nda dərd yalnız fərdin dərdi deyil. Dərd nəsillərin yaddaşında yaşayır. Bir ailənin itirdiyi insan başqa bir ailənin xatirəsinə çevrilir. Bir nəslin çəkdiyi əzab sonrakı nəslin dünyagörüşünə təsir edir. Beləliklə, müəllif göstərir ki, tarixi unutmaq mümkün deyil, çünki tarix insan talelərinin içində yaşayır. Rəhman – bir obrazdan daha artıq Rəhman obrazının bədii əhəmiyyəti onun yalnız roman qəhrəmanı olması ilə məhdudlaşmır. O, əsərin mənəvi mərkəzidir. Rəhmanın ailəsi vasitəsilə oxucu Azərbaycan ailəsinin müxtəlif mərhələlərini görür. Onun həyat yoldaşı Məryəmlə münasibətləri, övladlarına yanaşması, gündəlik qayğıları, dostları ilə söhbətləri və tarixi hadisələrə reaksiyası obrazı canlı və inandırıcı edir. Rəhman ideallaşdırılmış, bütün zəifliklərdən uzaq bir qəhrəman deyil. O, düşünür, yanılır, tərəddüd edir, inanır, sonra inamını dəyişir. Məhz bu xüsusiyyət onu oxucuya yaxınlaşdırır. Əsərin əvvəlində Rəhmanın övladlarından birinin gələcəkdə kim olacağı haqqında düşünməsi, uşaqlarının taleyini təsəvvür etməsi xüsusilə təsirlidir. O, hələ müharibənin ailəsinin qapısını döyəcəyini bilmir. Ancaq oxucu bilir ki, bu sakitliyin arxasında böyük bir fırtına dayanır. Bu mənada müəllif sakit ailə həyatını gələcək faciənin fonuna çevirir. Əsərin dramatizmi də məhz buradan doğur. Ata olmaq və şəhid atası olmaq Kitabın adında iki söz var: “Şəhid atası”. Bu iki söz əslində bütöv romanın yükünü daşıyır. “Şəhid” sözü Vətənin yolunda verilmiş ən ağır itkini, “ata” sözü isə həmin itkinin ailə daxilindəki mənəvi ölçüsünü ifadə edir. Bir oğulun şəhid olması yalnız bir insanın həyatının sona çatması deyil. Bir ata üçün bu, ömrünün bir hissəsinin qopmasıdır. Bir ana üçün ömürlük göz yaşına çevrilən ayrılıqdır. Bir bacı üçün qardaş xatirəsidir. Bir qardaş üçün ömür boyu daşıyacağı məsuliyyətdir. Ona görə də romanın adı təsadüfi seçilməyib. Müəllif şəhidlik anlayışını yalnız döyüş meydanındakı ölüm hadisəsi kimi deyil, şəhidin ailəsinin sonrakı həyatında davam edən mənəvi sınaq kimi təqdim edir. Əsərin ön sözündə də bu məqam xüsusi vurğulanır: “Şəhid atası” müharibə və itki haqqında olmaqla yanaşı, ata-övlad münasibətlərinin, insanın daxili dünyasının, inamının və sınaqlarının bədii təcəssümü kimi səciyyələndirilir. Bu yanaşma romanın emosional dairəsini genişləndirir. Azər – uşaqlıq arzusundan tarixi taleyə Azər obrazı romanın mühüm bədii sütunlarından biridir. Uşaqlıqdan “qəhrəman olacam” deyən bir uşağın sonrakı taleyi oxucunun qarşısına tədricən açılır. Bu obraz vasitəsilə müəllif uşaqlıq arzusu ilə tarixi reallıq arasındakı məsafəni göstərir. Uşaq üçün qəhrəmanlıq əvvəlcə bir xəyal, bir ideal, bir cizgi filmi obrazı ola bilər. Ancaq böyüdükcə insan anlayır ki, qəhrəmanlıq çox vaxt ağır məsuliyyət, təhlükə və fədakarlıq deməkdir. Azərin xəyal etdiyi qəhrəmanlıq da zaman keçdikcə gerçəkliklə üzləşir. Romanın sonrakı hissələrində onun müharibə haqqında düşüncələri, döyüş, intiqam, şəhidlik və Vətən məsələləri ilə bağlı psixoloji vəziyyəti bu uşaqlıq arzusunun necə dəyişdiyini göstərir. Əsərdə Azərin özünü gələcək döyüşdə təsəvvür etməsi və anasının onun halından narahat olması bu xəttin davamıdır. Burada yazıçının məqsədi yalnız qəhrəmanlıq səhnəsi yaratmaq deyil. Əsas məsələ budur: Bir xalqın tarixində qəhrəmanlıq niyə yaranır? Cavab isə əsərin bütün səhifələri boyunca axtarılır. Müharibənin görünməyən cəbhəsi “Şəhid atası”nı maraqlı edən cəhətlərdən biri müharibənin yalnız səngərdə göstərilməməsidir. Müharibənin bir cəbhəsi var ki, orada güllə səsi eşidilmir. Bu, evlərdəki cəbhədir. Ana ürəyində. Ata düşüncəsində. Uşağın yuxusunda. Telefon zəngində. Qapının döyülməsində. Televizordan gələn xəbərdə. Müharibə xəbəri ailənin süfrəsinə oturanda artıq həmin evdə əvvəlki sakitlik qalmır. Rəhmanın timsalında bunu aydın görürük. O, cəbhədə olmayan vaxt belə özünü müharibənin içində hiss edir. Çünki onun iki oğlu cəbhədədir, yeznəsi qazi taleyi yaşamışdır və hər telefon zəngi yeni bir xəbər gətirə bilər. Bu mənada romanın adı daha bir məna qazanır. Şəhid atası olmaq həm də müharibədən sonra yaşamaqdır. Dilin sadəliyi və xalq danışığının canlılığı Sədulla Şirinovun romanında dil diqqəti çəkən əsas xüsusiyyətlərdəndir. Ön sözdə də müəllifin dilinin aydın, axıcı, bəzən gündəlik nitqə yaxın olduğu və obrazların daxili aləmini açan təsvirlərlə zənginləşdiyi qeyd edilir. Bu xüsusiyyət “Şəhid atası” romanında daha aydın görünür. Müəllif personajları danışdırarkən onların sosial mühitini, dünyagörüşünü və yaşadığı bölgənin dil xüsusiyyətlərini nəzərə alır. Atalar sözləri, xalq ifadələri, məişət detalları və yumorlu dialoqlar ağır hadisələrin fonunda insan münasibətlərini təbii şəkildə göstərir. Məsələn, Rəhmanla Məryəmin ailə münasibətlərindəki yumor, bir-birinə qarşılıqlı hörmət və səmimiyyət sonradan gələcək faciənin emosional təsirini daha da artırır. Çünki oxucu əvvəlcə onların xoşbəxtliyini görür. Sonra həmin xoşbəxtliyin üzərinə tarix gəlir. Tarix və insan Romanın mühüm xüsusiyyətlərindən biri tarixi hadisələrin insan taleyi ilə paralel aparılmasıdır. 20 Yanvar. Sovet sisteminin dağılması. Milli azadlıq mübarizəsi. Qarabağ hadisələri. Müharibə. Şəhidlik. Zəfər. Bunların hər biri romanda yalnız tarix faktı deyil, obrazların həyatında baş verən dəyişikliklərlə əlaqələndirilir. Əsərin başlanğıcındakı fəlsəfi proloq da bu baxımdan təsadüfi deyil. Müəllif kainatdan insana, insandan cəmiyyətə, cəmiyyətdən tarixə doğru genişlənən düşüncə xətti qurur. Redaktor Vaqif Osmanlının təqdimatında da romanın sırf hadisə təsvirindən çıxaraq ictimai-fəlsəfi müstəviyə yüksəldiyi xüsusi vurğulanır. Beləliklə, əsərin miqyası genişlənir. Bir kəndin hekayəsi xalqın hekayəsinə çevrilir. Bir ailənin taleyi bir nəslin taleyinə bağlanır. Bir atanın dərdi milli yaddaşın ağrısına çevrilir. Zəfərə gedən yol Romanın sonrakı hissələrində Qarabağ müharibəsinin müxtəlif mərhələləri və Azərbaycan xalqının gözlədiyi Zəfər düşüncəsi ön plana keçir. Əsərin “Gecikmiş möhtəşəm zəfər” adlı bölməsində artıq əvvəlki ümidsizlikdən fərqli mənzərə yaranır. Rəhmanın düşüncələrində müharibənin taleyi, cəbhədəki oğullarının aqibəti və Azərbaycanın gələcəyi ilə bağlı yeni ümidlər meydana çıxır. Romanın bu hissələrində ata obrazının daxili vəziyyəti xüsusilə maraqlıdır. Rəhman həm oğullarının qəhrəmanlığını arzulayır, həm də ata kimi onların sağ-salamat geri dönməsini istəyir. Bu iki hiss bir-birinə zidd deyil. Əksinə, şəhidlik mövzusunun ən böyük faciəsi də buradadır. Ata Vətənin azadlığını istəyir. Ata torpaqların işğaldan qurtulmasını istəyir. Ata Zəfəri istəyir. Amma ata eyni zamanda oğlunun qapıdan içəri girib “Ata, mən gəldim” deməsini də istəyir. “Şəhid atası” məhz bu iki hissin arasında yaşayan insanın romanıdır. Şəhidlik və milli yaddaş Azərbaycan ədəbiyyatında şəhidlik mövzusu müxtəlif formalarda işlənib. Lakin hər dövr bu mövzuya öz baxışını gətirir. Sədulla Şirinovun romanında şəhidlik bir tərəfdən Vətən uğrunda fədakarlıq, digər tərəfdən isə ailənin daşıdığı əbədi yaddaşdır. Şəhidin adı tarixə yazılır. Amma onun ailəsinin ağrısı gündəlik həyata yazılır. Şəhidin şəkli divardan asılır. Ananın gözündə isə onun uşaqlığı qalır. Ata onun son danışığını xatırlayır. Qardaş onun səsini yadına salır. Bacı onun uşaqlıq zarafatlarını unutmur. Deməli, şəhidlik yalnız ölüm anı deyil. Şəhidlikdən sonra başlayan xatirə həyatı da var. Romanın ən təsirli mənəvi qatlarından biri məhz budur. İnsan və düşmən obrazı Əsərin siyasi-tarixi mövqeyi açıq şəkildə Azərbaycan milli yaddaşı və Vətən taleyi üzərində qurulub. Bununla yanaşı, romanda maraqlı bir başqa xətt də var: Rəhmanın erməni dostları ilə keçmiş münasibətləri. Mişa obrazı bu baxımdan diqqətəlayiqdir. Rəhman keçmişdə erməni dostları ilə çörək kəsib, əsgərlikdə onlarla yaxın münasibətdə olub. Hətta dostluğun ailə münasibətlərinə qədər uzandığı səhnələr təsvir edilir. Sonradan siyasi və hərbi qarşıdurma bu münasibətləri ağır sınaq qarşısında qoyur. Bu xətt romanın sadəcə “düşmən” anlayışını təsvir etməklə kifayətlənmədiyini göstərir. Burada müəllif insanla siyasi ideologiya arasındakı fərq barədə də düşündürür. Romanın sonlarına doğru Rəhmanın mövqeyi daha aydın ifadə olunur: onun düşüncəsinə görə bütün bir xalqı eyni şəkildə qiymətləndirmək doğru deyil; məsələ konkret insanla siyasi və ideoloji davranış arasındakı fərqin qorunmasıdır. Bu məqam əsərin humanist qatını da meydana çıxarır. Çünki Vətən sevgisi başqa millətə nifrət demək deyil. Vətənini sevmək öz xalqının haqqını, tarixini və təhlükəsizliyini müdafiə etməkdir. Romanın fəlsəfi yükü “Şəhid atası”nı yalnız süjet baxımından oxumaq mümkün deyil. Əsərdə müəllif tez-tez insanın dünyadakı mövcudluğu, yaxşılıq və pislik, tarix, taleyin rolu, insanın seçimi və cəmiyyətin inkişafı barədə düşünür. Bu düşüncələr əsərin proloqundan başlayır və roman boyunca müxtəlif formada davam edir. Müəllifin əsas suallarından biri belə səslənir: Nə üçün insanlıq tarix boyu şər və xeyir arasında mübarizə aparmalı olub? Bu sualın konkret cavabı verilmir. Çünki romanın məqsədi fəlsəfi dərslik yazmaq deyil. Müəllif sualı oxucunun qarşısına qoyur. Oxucu özü düşünür. Məhz publisistik düşüncə ilə bədii nəsrin qovuşduğu məqam da buradadır. “Şəhid atası” – yaddaş kitabı Zaur Ustacın əsərə yazdığı ön sözdə roman “yaddaş kitabı” kimi səciyyələndirilir. Orada əsərin həm fərdi, həm də milli yaddaşın daşıyıcısı olduğu vurğulanır. Bu yanaşma ilə razılaşmamaq çətindir. Çünki romanda yaddaş çoxqatlıdır. Rəhmanın şəxsi yaddaşı var. Məryəmin ailə yaddaşı var. Xaccaxanımın repressiya yaddaşı var. 20 Yanvarın milli yaddaşı var. Qarabağ müharibəsinin yaddaşı var. Şəhidlərin yaddaşı var. Və bütün bunların üzərində Azərbaycan xalqının tarixi yaddaşı dayanır. Beləliklə, romanın hər bir hadisəsi başqa bir xatirəyə qapı açır. Sədulla Şirinovun yaradıcılıq yolunda yeni mərhələ “Şəhid atası” həm də Sədulla Şirinovun nəsr yaradıcılığında müəyyən bir mərhələni göstərir. Kitabda verilən məlumatlara görə, yazıçı yeniyetməlik dövründən yaradıcılığa nəzm ilə başlasa da, sonrakı illərdə nəsrə üz tutub. Onun “Sönməyən qisas”, “Gecikmiş etiraf”, “Zamanın pəncərəsindən baxanda”, “Heç nə olmazdan çox şey olurmuş”, “Qudalar”, “Kimdir xoşbəxt?” kimi əsərləri də qeyd olunur.Bu baxımdan “Şəhid atası” təsadüfi bir əsər təsiri bağışlamır. Əksinə, müəllifin insan psixologiyasına, ailə münasibətlərinə, ictimai problemlərə və mənəvi məsələlərə marağının daha geniş tarixi müstəviyə çıxması kimi görünür. Ön sözdə onun yaradıcılığında əxlaqi və psixoloji dilemmaların, fərd və cəmiyyət münasibətlərinin, insan və taleyin qarşılıqlı təsirinin mühüm yer tutduğu vurğulanır. “Şəhid atası”nda bu xüsusiyyətlər daha böyük miqyasda özünü göstərir. Sözün məsuliyyəti Şəhid haqqında yazmaq asan deyil. Çünki burada müəllif yalnız ədəbi materialla işləmək imkanına malik deyil. Qarşısında real insanların ağrısı, xalqın yaddaşı, tarixin ağır səhifələri dayanır. Belə mövzuda yazıçıdan həm emosional səmimiyyət, həm də yaddaşa hörmət tələb olunur. Sədulla Şirinovun romanında bu məsuliyyətin əsas ifadə formalarından biri adi insanların taleyinin ön plana çəkilməsidir. Tarix böyük adlarla yazılır. Roman isə tarixin içində yaşayan insanların taleyini göstərir. Rəhman böyük dövlətlərin qərarlarını vermir. Məryəm siyasi prosesləri idarə etmir. Xaccaxanım tarixi dəyişmir. Azər müharibənin başlanmasına qərar vermir. Amma onların hər biri tarixin nəticəsini yaşayır. Ədəbiyyatın gücü də elə bundadır. Tarix kitabının bir cümlə ilə keçdiyi hadisə romanın yüzlərlə səhifəsində insan taleyinə çevrilir. “Şəhid atası”nın əsas mənəvi mesajı Romanı bütövlükdə nəzərdən keçirəndə bir neçə əsas mənəvi xətt xüsusilə seçilir: Vətən yaddaşdır. İnsan öz tarixini bilmədən gələcəyini tam dərk edə bilməz. Şəhidlik yaddaşdır. Şəhidlərin adı yalnız mərasimlərdə deyil, ədəbiyyatda, ailə yaddaşında və milli düşüncədə yaşamalıdır. Ata olmaq məsuliyyətdir. Övlad böyütmək yalnız onu həyata hazırlamaq deyil, həm də onun taleyini düşünməkdir. Müharibə yalnız döyüş meydanında baş vermir. Onun ağrısı evlərə, ailələrə, uşaqların yaddaşına daxil olur. Tarix yalnız keçmiş deyil. Keçmiş bu günün insanının düşüncəsini formalaşdırır. Və nəhayət: Qələbə yalnız torpağın azad olunması deyil, yaddaşın qorunmasıdır. Bir romanın içində bir xalqın taleyi Sədulla Şirinov “Şəhid atası”nda böyük tarixi hadisələri bir ailənin taleyi ilə birləşdirməklə Azərbaycan nəsrinin mühüm mövzularından birinə müraciət edir. Bu əsərdə 20 Yanvar ağrısı var. Qarabağ ağrısı var. Şəhid ağrısı var. Ata ağrısı var. Ana nigarançılığı var. Uşağın qəhrəmanlıq arzusu var. Tarixi yaddaş var. Milli kimlik var. Amma bütün bu ağrıların içində ümid də var. Çünki romanın əsas istiqaməti yalnız itkiyə doğru getmir. İtkidən yaddaşa, yaddaşdan dərsə, dərsdən gələcəyə doğru yol açılır. Rəhmanın ömrü bunun simvoludur. O, tarix boyu dəyişən Azərbaycan reallığının içindən keçir. Sovet dövrünün ideoloji inamlarından milli oyanışa, 20 Yanvarın sarsıntısından Qarabağ müharibəsinin ağrısına, şəhidlikdən Zəfər düşüncəsinə qədər uzanan mənəvi yol keçir. Bu yol asan deyil. Amma məhz bu çətinlik əsərin bədii enerjisini yaradır. Ədəbiyyatın yaddaş missiyası Ədəbiyyatın bir vəzifəsi də unudulmağa qoymamaqdır. Bəzən bir fotoşəkil bir anı qoruyur. Bir sənəd bir faktı saxlayır. Bir tarix kitabı hadisəni qeydə alır. Amma roman insanın həmin hadisəni necə yaşadığını qoruyur. “Şəhid atası”nın əhəmiyyəti də burada meydana çıxır. Bu roman 20 Yanvarı yalnız tarix kimi deyil, insanın içində baş verən hadisə kimi təqdim edir. Müharibəni yalnız cəbhə kimi deyil, ailənin taleyi kimi göstərir. Şəhidliyi yalnız ölüm kimi deyil, ata-ananın ömrünə yayılan sonsuz xatirə kimi təqdim edir. Məhz buna görə əsərin adı da simvolik məna qazanır. Şəhid atası – bir insanın adı deyil, bir mənəvi vəziyyətin adıdır. Son söz əvəzi Sədulla Şirinovun “Şəhid atası” romanı bir ailənin hekayəsindən başlayaraq xalqın taleyinə, bir atanın ağrısından milli yaddaşa, uşağın qəhrəmanlıq arzusundan Vətən uğrunda fədakarlıq anlayışına qədər geniş bir mənəvi yol keçir. Əsərin başlanğıcındakı fəlsəfi düşüncələrdən tutmuş 20 Yanvarın qanlı səhifələrinə, sovet sisteminin yaratdığı ziddiyyətlərdən Qarabağ müharibəsinin ağrısına, şəhidlikdən Zəfər düşüncəsinə qədər müəllif bir-birindən uzaq görünən hadisələri vahid süjet və ideya xəttində birləşdirir. Romanın ən böyük mövzusu isə, məncə, yaddaşdır. Çünki insan unudanda itirir. Xalq unudanda tarixini itirir. Şəhid unudulanda isə onun uğrunda verilmiş qurbanın mənəvi anlamı zəifləyir. Bu baxımdan “Şəhid atası” oxucunu yalnız ağlatmaq və kövrəltmək üçün yazılmış əsər təsiri bağışlamır. O, düşündürmək istəyir. Keçmişə baxmağa, tarixi insan taleləri üzərindən dərk etməyə, şəhid ailələrinin mənəvi dünyasını anlamağa və Vətən anlayışının qiymətini yenidən düşünməyə çağırır. Sədulla Şirinovun romanında bir ata var. Bir ana var. Övladlar var. Bir kənd var. Bir xalq var. Bir tarix var. Və bütün bunlar ümumilikdə Vətən adlanır! Bu Vətənin adı Azərbaycandır! Azərbaycan! Yaralı Azərbaycan! Paramparça olsa da, dik dayanmağı bacaran Azərbaycan! Allah dövlətimizin bayrağını daim uca etsin İnşəAllah! Hələlik!
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.