Etiket arxivi: ŞAİR

ƏSGƏR ORDUBADLI – AYDAN

Əsgər ORDUBADLI – şair, yazar.

AYDAN POEMASINDAN BİR PARÇA

AYDAN
(proloq)
O ağladı, o sızladı
Gözlərindən leysan yağdı.
O qız uzun illər boyu
Gözü yaşlı qalacaqdı.
* * *
Ürəyində olan qəmi
Qonum-qonşu, dayı, əmi
bilməyəcək…
Onun məsum gözlərini
Qızım deyib, silməyəcək.
Heç kim ona arxa, həmdəm olmayacaq….
O günahsız, məsum gözlər
uzun illər ağlayacaq…
O tək-tənha qalacaqdı.
Həyatı qəm olacaqdı.

I hissə

Bahar təzəcə girmişdi
Atasını itirdi o.
O gün atıb sevincini
Qəm yükünü götürdü o.
* * *
Ətrafına toplaşmışdı
Yaxınları, əzizləri.
Qəm almışdı öz cənginə
Dünən gülən o gözləri.
* * *
Nə biləydi dünya zalım,
Fani həyat zülümkardı.
Nə biləydi, axı onun
Cəmisi on yaşı vardı.
* * *
Hələ ata nəfəsini
Dərk edərək duymamışdı.
Hələ qızım kəlməsini
Eşitməkdən doymamışdı.
* * *
Qırmamışdı kimsə onun
Körpə qəlbin, üzməmişdi.
İnciyərək atasından
Əsla dodaq büzməmişdi.
* * *
İndiyədək başın salıb
O atasız gəzməmişdi.
Saçlarını balam deyib,
Özgə əllər düzməmişdi.
* * *
Onun da atası vardı.
Onda necə bəxtiyardı….

* * *
*
Dünya necə zülümkardı
Neçəsinə qəm gətirib.
Sevincini tək-tək verib,
Kədərini cəm gətirib.
* * *
Xoş günü verməyib bizə.
Kül sovurub üzümüzə.
Dünən gülən gözümüzə
Bu gün həsrət, nəm gətirib.
* * *
Sönüb nə qədər od, ocaq
Ana, ata gəzən uşaq.
Arzuları qucaq – qucaq
Taleləri kəm gətirib.
* * *
*
Atasından ayrılalı qəlbi tamam qəm olmuşdu.
Gül çöhrəsi bir az solmuş, gülən gözlər nəm olmuşdu.
Dəyişmişdi bu dünyaya, bu həyata baxışları.
Gözlərindən leysan kimi yağırdı qəm yağışları.
Onun dərdi dünya boyda, lakin özü uşaq idi.
Bir aydır ki kimsə gəlmir, əmi – dayı uzaq idi.
Ana-bala tək qalmışdı, tək, kimsəsiz.
Sönmüş ocaq, atasız ev, aləm səssiz.
Yazıq Aydan atasının yoxluğuyla barışmırdı.
Küçədə də uşaqlarla oynamırdı, qarışmırdı.
Atasını düşürdü körpə qəlbi bütün günü.
Kimsə silmək istəmirdi ürəyindən dərdi, ünü.
Məktəbdə də tək gəzirdi, uşaqlardan aralıydı.
Onun dərdi böyük idi, onun qəlbi yaralıydı…

Müəllif:Əsgər ORDUBADLI

ƏSGƏR ORDUBADLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSTAFA MÜSEYİBOĞLU

MUSTAFA MÜSEYİBOĞLU

Bu gün Mustafa Müseyiboğlunun doğum günüdür…

Mustafa Müseyiboğlu – Mustafayev Mustafa Müseyib oğlu 1 dekabr 1952 – ci ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Keçmiş ittifaqın müxtəlif təhsil müəssisələrində təhsil alıb. Uzun illər sənaye və kənd təsərrüfatı sahələrində müxtəlif vəzifələrdə çalışıb. Dəfələrlə xalq deputatları Sovetinin deputatı seçilib. Keçmiş ittifaqın ilk icarədarlarından biri kimi 40 hektar torpaq icarəyə götürərək müstəqil idarə etdiyi özünün təsərrüfatını yaratmışdır. Demək olar ki, mətbuat yayımı kataloqundakı bütün nəşrlərə abunə olar, yeni nəşr olunan kitabları birinci çapından mütləq əldə edərdi. Daim axtarışda olan, eksperimentdən qorxmayan yenilikçi idarəçi kimi tanınıb. Ədəbi yaradıcılıqla məşğul olub. Gizir ədəbi təxəllüsündən istifadə edib. Məlum hadisələr nəticəsində ədəbi irsi Ağdam rayonu, Yusifcanlı kəndində qalaraq məhv olmuşdur. Yazdıqlarından Zaur Ustacın şəxsi arxivində məktubları və sadəcə iki şeiri qorunub saxlanılır. Ağdamın, Qarabağın işğalı ilə heç cürə barışa bilmirdi. 29 dekabr 2018-ci ildə Bakı şəhərində vəfat edib. Ağdam rayonu, Yusifcanlı II kənd qəbiristanlığında (Əfətli) dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

MUSTAFA MÜSEYİBOĞLUNUN YAZILARI


“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏYALƏTDƏN BAŞLAYAN SƏNƏT YOLU – İSMAYIL MƏRCANLI İMANZADƏ

NƏCİBƏ İLKİN – YAZAR.

               ƏYALƏTDƏN BAŞLAYAN SƏNƏT YOLU

    Elə əvvəlcədən qeyd edim ki, qısa zaman kəsimində nəinki öz imzasıyla, həm də ədəbi proseslərə fəal qoşulmağı ilə çoxlarını, (o cümlədən mənim özümü də) sözün yaxşı mənasında təəccübləndirməyi bacaran Nəcibə İlkinin əldə etdiyi uğurlara ürəkdən sevinirəm.  

                       Nəcibə xanım ədəbi aləmə gəlişi Mingəçevirdən, daha dəqiq desəm Azərbaycan Yazıçılar Birliyinin yerli bölməsindən başlayıb.Yaxşı xatırlayıram, AYB-nin Mingəçevir bölməsi fəaliyyətə başlayandan bir il sonra şöbə redaktoru işlədiyim şəhər qəzetinin baş redaktoru mənimlə görüşüb söhbət edəndə: “Dünən axşamüstü uzaqdan-uzağa tanıdığım bir qadın redaksiyamıza gəlib, şeir yazdğını və kiminsə məsləhətinə ehtiyacı olduğunu bildirəndə, ona səninlə görüşüb, söhbət etməyini məsləhət gördüm. Düzünə qalsa, şeirdən elə də anlayışım olmasa belə, şəxsi fikrimcə o, istedadlı qadındır. Görüşəndə özün də buna əmin olacaqsan!..”

         Ertəsi gün nahar fasiləsinə yaxın, həmin qadın bölmənin fəaliyyəti  üçün ayrılmış otağın qapısını döyüb içəri girdi. İlk tanışlıqdan sonra çantasını açıb, əllə yazılmış iki şeirini qarşıma qoydu. Şeirlərdə müəyyən qüsurlar olduğunu görsəm də, onu ruhdan salmadım və elə o andaca hiss etdim ki, bu qadın istedadlı olduğu qədər də,  fərqli fikirlərə, daha doğrusunu desəm, tənqidə normal şəkildə dözüm göstərməyi bacarır. Hər iki şeiri ilə bağlı fikrimi bildirəndən sonra: “Qoyun şeirləriniz məndə qalsın, bəlkə bəzi yerlərinə əl gəzdirməli oldum!-deyəndə təəccüblə üzümə baxdı. Əlüstü dilləndim: Narahat olmayın, bu ədəbi aləmdə normal hal hesab olunur. Tələbəlik illərimdə mənim də ilk şeirimə Minayə Piriyeva adlı bir qız düzəliş edib ortaya çıxarmışdı! Ancaq yadınızda saxlayın ki, zəhmət çəkmədən, yalnız istedada güvənməklə çox da uzağa getmək mümkün deyil!..”

                     Növbəti dəfə yanıma gələndə bir neçə misrasında düzəlişlər etdiyim hər iki şeirini özünə qaytarıb, bəzi məsləhətlər də verdim. Və əlavə etdim ki, inanıram ki, çeşidli mövzularda daha gözəl və mənalı şeirlər yazmağa qadirsiniz, ancaq zəhmətə qatlaşmaqla bərabər, ədəbi prosesləri müntəzəm olaraq izləməyi də unutmayın!..”

                       Günlər, aylar ötüb keçdikcə Nəcibə xanımla ilgili zənnimdə yanılmadığımı görüb, onun ilk şeirlərinin dərc edilməsinə də yardmıçı olmağı qərara aldım. O vaxtlar Mingəçevirdə fəaliyyət göstərən özəl bir ali məktəbin “Ümman” adlı mətbuat orqanında redaktor olduğumdan, ayda bir dəfə nəşr olunan qəzetin bir səhifəsində müxtəlif imzalar altında şeir və hekayələr də dərc olunurdu. Nəcibə xanımın ilk şeirinin  qəzetdə dərc olunmasını vacib hesab etdiyimdən, növbəti görüşümüzdə imzani də dəqiqləşdirməli olduq. Və dedim ki, adınızın sonluğu üçün ya qızınız Günelin, ya da oğlunuz İlkinin adlarından birini seçməyiniz daha münasib olardı. Oğlunun adının üstündə dayandı və ilk şeirləri Nəcibə İlkin imzasıyla oxuculara təqdim edildi…

         Şeirdən-şeirə püxtələşdiyini hiss etdikcə, oxuyub-öyrənməyin, halal zəhmətə qatlaşmağın bəhrəsini görən həmkarıma davamlı olaraq dəstək verməyin savabının sevincini dönə-dönə yaşadım. Yeri gəlmişkən, təvazökarlıqdan bir az uzaq olsa da deyim ki, kimliyindən asılı olmayaraq istedadlı adamlara, illah da gənclərə qarşı çox həssasam və onların sonrakı uğurları ilə bağlı həmişə qürur hissi keçirən bir qələm əhliyəm…

     Yuxarıda qeyd etdiyim kimi, Nəcibə xanım yaradıcılığının elə ilk mərhələsindəcə etimadımı yetərincə doğrulda bildi. Və  İllər öncəsi Bakıya köçüb gedəndən sonra Mingəçevirdə sahib olduğu ədəbi təcrübəyə arxalanıb, cəmisi iki-üç ilin ərzində paytaxt Bakıda ədəbi proseslərə qatılmaqla, boy göstərməyə, qazandığı uğurları sıralamağa nail oldu…   

                         O, paytaxtda yaşadığı ilk illərdə o vaxtlar nəşr olunan qəzetlərin birində işləyib, publisistlik bacarığını da ortaya qoydu və sıradan bir yazar olmadığını çoxlarına qəbul etdirdi. Sonrakı illərdə təsisçisi və baş redaktoru olduğu “Azad qələm” qəzetini istedadlı qələm sahiblərinin söz tribunası kimi tanıtmağa nail oldu. Nəcibə xanım bir neçə ildir ki, eyni adlı (“Azad qələm”) dərgisi ilə ədəbi aləmdə özünəməxsus olan  yolu davam etdirməkdədir. Sevindirici haldır ki, o artıq qardaş Türkiyədə də xeyli dərəcədə tanınmağa və həmin məkanda düzənlənən çeşidli ədəbi tədbirlərdə bir sıra tanınmış yazarlarımızla birlikdə ölkəmizi təmsil etməkdədir…

                       Yazımın bundan sonrakı məqamlarında Nəcibə İlkinin şeirlərinin mövzusundan və təsir gücündən bəhs etmək istəyindəyəm. Yuxarıda dediyim kimi Nəcibə xanım əyalətdən paytaxt Bakıya üz tutandan sonra öz zərməti və istedadı sayəsində çox keçmədən ədəbi proseslərə uğurla qatıla bildi. Bəs, bu xanım yazarın yaradıcılığına oxucu diqqəti nədən və nələrdən qaynaqlanır. Əminlik hissiylə deyərdim ki, ilk növbədə qələmə aldığı şeirlərinin təsir gücündən, özünün həssas qəlbə sahib olmağından və bir də xeyirxahlığından!

      Nəcibə İlkinin hər şeydən öncə gələn Vətən-yurd sevgisi onun “Bütöv Azərbaycan” adlı yeddi bəndlik bir şeirində də özünü biruzə verməkdədir. Şeirdən seçim etdiyim aşağıdakı nümunələrdə bu istək açıq-aşkar hiss olunmaqdadır:

Dünya boyda harayam, dünya boyda qoram mən,
Xırda-xırda doğranıb, sanmışam ki, varam mən.
İçimdəki ağrıdan parçalanmış hər daşım,                  +
Gəl məni yaxşı dinlə, mənim əziz qardaşım.
Başı min cür bəlalı, gözü qan yaşlı canam,
Parça-parça olunmuş bütöv Azərbaycanam!

        Min dəfə qəsd etdilər, min cürə bəsh etdilər,
Gözlərimi gözümdən çıxarıb həbs etdilər.
Ayaqlarım bir yanda, qollarım da bir yanda,
Məndən didərgin oldu, oğlum, qızım hayanda.
Mən Göyçəyəm, Dərbəndəm, o qanlı İrəvanam,
Zəngəzuram, Təbrizəm, bütöv Azərbaycanam!

        …Oğuz boylu Qorqudam, fəqət Turan elliyəm,
Əslim, nəslim türk olub, şahənşah türk dilliyəm.
Bayrağımın enməyən qürur, igid rəmziyəm,
Haqq-ədalət yolçusu, haqqın görən gözüyəm.
Millətimçün, xalqımçün, dilə düşən ad-sanam,
Hər yanda səsim, ünüm, bütöv Azərbaycanam!..

      Şair bir ölkə vətəndaşı kimi onilliklər boyu yadellilərin başımıza açdıqları müsibətlər nəticəsində torpaqlarımızın işğala məruz qaldığını dilə gətirdiyi kimi, tarixi düşmənlərimizlə ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların analarının dərdinə-ələminə söz məlhəmi yaxmağı və onların müsibətinə ortaq olmağı da özünə borc bilir. Aşağıdakı “Ey şəhid anası” adlı şeirinin kövrək misralarında olduğu kimi:

                   Ey şəhid anası!

Geymə qara libası…

Bu libas həqiqətin qaranlıq səmasıdır,

Bu libas ürəyimin odlanan parçasıdır,

Bu libas həsrətimin son damla göz yaşıdı.   +

Kipriyimdən asılan  dərdlərimin daşıdı.

Çıxart qaranı geymə,

Başını uca tut, əymə.

Adından boy atıbdı igidliyin qeyrəti,

Adınla yaşanıbdı tarixin həqiqəti!

          Şairin özü də hər şeydən qabaq həssas qəlbli ana olduğundan şəhid anasına xitabən yazdığı şeiri aşağıdakı misralarla yekulaşdırır və qeyrətli oğul anasının yenilməzliyini önə çəkir:

Mərmi-mərmi ucaldı o haqqın dərgahına

O şəhid ki, tarixin yaddaş səhifəsidi

O şəhid  parçalanan ömrümüzün səsidi.

Vətən oğul deməksə, oğul da vətəndi bil,

Vətənin dar günündə oğul ona təndi bil,

Qarabağ tarixini yazan şəhid oğulun,

Anası qara geyməz, o analar anası,

Azadlığın sədası!!!

     Mənim qənaətimcə, bu şeirin təsir gücü və qayəsi də elə müəllifin dərdli bir insanının müsibətinə şərik olmaq istəyindədir!

    Nəcibə İlkinin poetik “palitrası” al-əlvan olduğu kimi, lirik “məni” də çeşidli xarakter çalarlarına sahibdir. Aşağıda nümunə olaraq çatdırrdığım bir neçə şeirində seçim etdiyim misralarda bu əlamətlər ilk olaraq gözə çarpmaqdadır:

Şeirimin  bahar gözü,

Yaşla dolub, kövrəlibdi.

Yaz nəfəsli ürəyimdə

Qış yenidən dirçəlibdi.

Hər sözümün bənövşəsi,

Qara xallı laləsi var.

Vətən deyən dillərimin

Göyə qalxan naləsi var.

 Şairin iç dünyasının təlatümlərindən soraq verən “Şeirimin bahar gözü” adlı

bu şeiri də maraqlı bir deyimlə sonuclanır:

                 Misra-misra qocalıram,

Kəlmə-kəlmə can verirəm.

Şeir-şeir ucalıram,

Vətən boyda qan verirəm.

Sözlərimin soyqrımı,

Dillərimdən asılıbdı.

Qələm tutan əllərimi,

Gör kimlər daşa basıbdı.

     Müıllifin “Ciliklənən xatirələr” adlı şeri isə günümüzün reallıqlarını əks etdirməsi ilə  diqqəti çəkir. Aşağıdakı misralarda da bu özünü biruzə verir:

Soyunub qəm köynəyini

Üzü dağlara gedəsən.                

Gəzib dağları doyunca

Sonra da gözdən itəsən.

Acını çəkə ev-eşik,

Yol gözləyə dost-tanışın. 

Çiliklənən xatirələr

Ola sənin məzar daşın…

     “Qaçmaq istəyirəm” adlı şeirindən nümunə olaraq sərgilədiyim misralar isə şairənin acılı-şirinli günlərin görünməyən üzünə işıq salmaq istəyindən qaynaqlanır:

                  Yad fikirli, özgə baxışlı doğmalardan,

İçini qurd kimi gəmirən iblis niyyətli kabuslardan.

Səni dərk etməkdən, anlamaq dərəcəsindən uzaq,

könül evimə kül üfürənlərdən.

Qaçmaq istəyirəm, qaçmaq…

Arxamca gəlməyin ey ürəyi üzülmüş ümidlərim   +

Arxamca gəlməyin ey yolda, irizdə

düşüb itən dərdi-sərim.

Qoyun,  bir az dincəlim…

 “Şuşam” adlı bir şeirində o, milli kimliyimizin iftixar-qürur rəmzi olan bu qədim mədəniyyət beşiyinə yönəlik sevgisini aşağıdakı misralarla dilə gətirir:

                  Şuşam, əllərini ver əllərimə,

Gəlib bircə gecə qonağın olum.

Söykəyib üzümü ağ tellərinə,            

Həsrətdən qırışan yanağın olum.

… Daha yad qucaqda olmasın yerin,

Çəkdiyin acılar dərindən dərin,

Deyə bilmədiyin xatirələrin,

Yaza bilmədiyin varağın olum.

     Həzin-kövrək notlar üstə köklənən “Ana” adlı bir şeirində isə Nəcibə xanım daha həyatda olmasa da, yuxularında  üzləşdiyi bu ülvi varlıdla ilgili həsrətini belə ümumiləşdirir:

Məni çox incidir küsüb getməyin,

Kimi bağışlayım, nə haqla ana!

Dediyin son kəlmə, son vəsiyyəti,  

                Gəl könül evimdə  varaqla, Ana!

                   Və  şeirin sonunda belə deyir:

Daha ümidlərim yolunu azıb,

Bilmədim bu bəxti kim belə yazıb,

Esitsən ölmüşəm, qəbrimi qazıb,

Əlinlə üstümü torpaqla, ana!

   Təbiətən həssas və kövrək qəlb sahibi kimi tanınan şairə sevgi-məhəbbət mövzusunda yazdığı şeirlərdə də ürəyinin bulud harayı ilə oxucunu riqqətə gətirməyi bacarır. Aşağıda bir neçə şeirindən seçim etdiyim misralarda olduğu kimi:

Ruhum şeir havasıyla,
Dolanlr sevda bağımda.
Bulud kölgəsinə dönüb,   

Kipriklərim yanağımda.

Bu həsrətin qəm yuxusun
Gözümdə bükən olaydı.
Qana dönmüş ürəyimin,
Şəklini çəkən olaydı….

                      (“Olaydı” adlı şeirindən)

                              Və ya:

 Şirin ümidiylə, aldanışıyla,
Bir sevgi qapımı döyür yenə də. 
İndidən görürəm saçda ağ dəni,
Qərib harayı var yenə sinədə.

Hicran oyanmasın, ümid sönməsin,
Qəm xəbər tutmasın, kədər dönməsin,
Dözərəm, mənim də anam ölməsin,
Qorxmaram bu yolda olan tənədən.

                             Və yaxud:

Nimdaş təsəllidir şirin sözlərin,   

Tavanı sökülmüş uçuq bir damam.
Elə qalayıb ki, oda gözlərin,  
Qorxuram əriyib ovcuna damam.

Üzümə bağlanıb xatirə qapım,
Öləm-ürəyimdən keçməz bu sitəm.
Keç get, atam oğlu, mən gül deyiləm,
Hər bahar bir çəmən qoynunda bitəm.

                                 (“Nimdaş təsəlli”)

               Bu da müəllifin ülvi məhəbbət mövzusaunda qələmə aldığı  şeirlərdən seçdiyim sonuncu nümunə:

Mənə küsməyi öyrət

Darıxım səndən bir az.    

Baş qoyum həsərətinə,

Oyanım, gələndə yaz.

Mənə küsməyi öyrət

Bir az çıxım yadından.

Sənə məktub göndərim   

“Küsəyən qız” adından.

         (“ Mənə küsməyi öyrət”)

     Ötüb keçən illər ərzində Nəcibə xanım kitablarını da nəşr etdirməyə macal tapıb, ədəbi uğularına görə Prezident təqaüdçüsü adına layiq görülüb, istedadlı gənc ədəbi qüvvələrin üzə çıxarılmasında önəmli pay sahibi olub. Qardaş Türkiyənin tanınmış yazarları ilə əməkdaşlıq edib və ən başlıcası isə, ölkəmizin ən tanınmış yazıçı-şairləri arasında özünə xas olan yazı üslubu ilə tanınmağa müvəffəq olub…

  Zəngin və çoxşaxəli ədəbi yaradıcılığa sahib olan Nəcibə İlkinin keçdiyi yolun elə bu məqamındaca yazdıqlarımı sonuclamağı münasib hesab edir və əziz həmkarımın qarşıdakı illərdə də növbəti uğurlarını sıralayacağını əminlik hissiylə vurğulayıram. Uğurlar diləyi ilə:

  MÜƏLLİF: İSMAYIL MƏRCANLI İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL MƏRCANLI İMANZADƏNİN YAZILARI

NƏCİBƏ İLKİNİN YAZILARI


“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“XƏZAN” JURNALININ 36 – CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“Xəzan” jurnalı

“XƏZAN” – 36
Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər…
“XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır.
2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur.
Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb.
Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub.
Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının
“Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur.
Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır.
Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur.
Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.
Xoş gəlib.

“XƏZAN” JURNALI PDF


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayxan Hüseynli – Şeirlər

Ayxan HÜSEYNLİ – şair.

Dua elə…

Bir gün tək qalanda,

          bir vərəq götür, bir də ki qələm…

Aç sinəni, bax qəlbinə

             gördüklərini başla,

                           vərəqə köçürməyə.

Gördüklərin həqiqətdir,

                  həqiqəti təsvir elə.

Bütün qəlblər bir ziynətdir,

                    zərgərini təsvir elə.

Orda vicdan görəcəksən,

                    yeri, yurdu bəlli deyil.

Orda insaf görəcəksən,

                    sağı, solu bəlli deyil.

Mərhəmət, ləyaqət,

                      mətanət görəcəksən,

Dağılıbdır, hərəsi bir tərəfə,

Vəfa gizlənibdir, deyə

                       yer tapmırlar özlərinə.

Səni möhkəm üzəcəkdir,

                        məhəbbətin acizliyi,

saxta hisslər hökmrandır,

                         bəzəyibdir səadəti.

Yaz bunları o vərəqə,

                     vərəqə bax, dua elə…

Qalibi mən, məğlubu mən…

Mən yazmışam…

Həqiqəti yalanların arasında incə-incə

Oxumuşam doğruları,

              yalnışların arasında bircə-bircə.

Mən bilmişəm…

                  ədalətdə tərəzinin haqq tərəfin

Mən görmüşəm…

Mən etmişəm…

Niyə axı hər cümlədə “mən” demişəm.

Mənsiz olmaz bu fikirlər?!

Yazırmışlar həqiqəti

               yalanların arasında incə-incə,

Oxumuşlar doğruları

                 yalnışların arasında bircə-bircə.

Bilirmişlər…

                ədalətdə tərəzinin haqq tərəfin.

Görürmüşlər…

Edirmişlər…

Demək mənsiz

                         yazılarmış həqiqətdə,

                         bilinərmiş ədalətdə.

Onda niyə gərək,

            bu qədər məndən demək???

Bəlkə vardır daxilimdə,

Məni məndən sorğulayan.

Müsbət məni, mənfi məndən

                    ayırd edib vurğulayan.

Qoy savaşsın daxilimdə

                           mənlər daim,

qalibi mən, məğlubu mən

                               olum qaim…

                                                                                                        

Müəllif: Ayxan HÜSEYNLİ

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Doktorant.

AYXAN HÜSEYNLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İmdat Avşar – ƏJDƏR OLUN AZƏRBAYCAN VƏ TÜRKİYƏ SEVGİSİ

ƏJDƏR OLUN AZƏRBAYCAN VƏ TÜRKİYƏ SEVGİSİ

Azərbaycana bağlılığım, Azərbaycan ədəbiyyatına sevgim ilk gənclik illərimdən başlayıb. Təbii ki, o dövrdə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etmək bizim üçün olduqca çətin idi. Üstəlik əlimizdə olan əsərlər kiril əlifbası ilə çap olunduğundan oxumağımı daha da çətinləşdirirdi. Elə buna görə 1987-ci ildə universitetə ​​qəbul olduğum ərəfədə oturub bir həftə içində kiril əlifbasını öyrəndim. Bu əlifba ilə oxuduğum ilk əsər “Çağdaş Azərbaycan povesti” adlı maraqlı bir kitab idi. Orada Anar, Mövlud Süleymanlı, İsi Məlikzadə, Elçin və başqa yazıçıların hekayələri toplanmışdı. Əlifbanı təzəcə öyrəndiyim üçün ibtidai sinif şagirdi kimi hecalaya-hecalaya oxuduğum  “Quyu”, “Dəyirman” və “Dantenin yubileyi” adlı əsərlər hələ də xatirimdədir.

O illərdə Türkiyədə yayımlanan, indi mənim baş redaktoru olduğum “Türk ədəbiyyatı” və “Qardaş ədəbiyyatlar” dərgilərində şeirləri dərc olunan Azərbaycan şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, Məmməd Aslan, Məmməd Araz, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub kimi şairlərin bir çox şeirlərini də əzbərləmişdim.

Bizim nəslin tələbəlik çağı – universitet illəri Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrə, siyasət və iqtisadiyyat baxımından keşməkeşli illərə təsadüf edib. Həmin dönəmdə Azərbaycanda baş verən hadisələri, Birinci Qarabağ müharibəsi ilə başlayan fəlakətləri ürək ağrısı ilə izləyirdim. O illərdə Azərbaycana dəstək üçün təşkil etdiyimiz mitinqlərdə  atəşli nitq söyləyənlərdən biri də mən olmuşam.

Azərbaycana, Azərbaycan ədəbiyyatına sevgim sonsuz idi. Azərbaycanı heç görməsəm də, hekayə və romanlarda təsvir olunan yerlərin adlarını, xüsusiyyətlərini, tarixini, hətta  taleyini belə öyrənmişdim. İçərişəhər, Sınıq minarə, Xəzər, Bakı bulvarı, Qız qalası, Atəşgah, Yanar dağ, hətta Neft buruqları… Qalaaltı, Narın qala, Xudafərin körpüsü, Ağdam, Füzuli, Şuşa, İsa bulağı, Cıdırdüzü, Gəncə, Cavad xanın şəhid olduğu Gəncə qalası, İmamzadə məscidi, Şamaxı, Gülüstan…  Dəli Kür, Xan Araz, ceyranların su içdiyi bulaqlar, Qəçrəş meşələri…

         2000-ci illərdə isə Azərbaycan ədəbiyyatı nümunələrini əldə etməklə yanaşı, demək olar ki, bir çox yazıçı və şairlərin ən azı bir-iki əsərini oxumaq, hətta çox sevdiyim və yalnız adını eşitdiyim yazıçılar, şairlər, alimlərlə yaxından tanış olub dostluq etmək nəsibim oldu. Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Sarvan, Fikrət Qoca, Abbas Abdulla, Fikrət Sadıq, Ramiz Rövşən, Rəşad Məcid, Səlim Babullaoğlu, Aslan Quliyev, Elçin Hüseynbəyli, Eyvaz Zeynalov kimi şair və yazıçılar; İsa Həbibbəyli, Kamal Abdulla, Rahid Ulusel, Abuzər Bağırov və başqa elm adamları…

Bütün bunlarla yanaşı, Əjdər Olun  mənim ürəyimdə çox xüsusi və əvəzolunmaz bir yeri var. Əjdər Ol mənə Azərbaycanı qarış-qarış gəzdirdi, adını andığım bütün şəhərlərə, qəsəbələrə, hətta kəndlərə apardı…  Mən ondan Azərbaycanın tarixini, taleyini, etnoqrafiyasını, Azərbaycan xalqının başına gətirilən müsibətləri öyrəndim. Onun bələdçiliyi ilə etdiyimiz səfərlərdə Azərbaycan təbiətinin bütün gözəlliklərini seyr etdim. O, mənə Azərbaycan şairlərini misra-misra; Azərbaycan yazıçılarını sətir-sətir oxutdu…

Mən Nizamini, Xaqanini, Nəsimini, Füzulini, Sabiri, Vahidi onunla səfərlərimizdə yol boyu əzbərdən söylədiyi və şərh etdiyi beytlərlə daha dərindən dərk etdim. Onun nəql etdiyi səhnələrlə Azərbaycanın teatr xadimlərinə, rəssamlarına, onların sənət əsərlərinə aşiq oldum. Onun sayəsində çağdaş Azərbaycan poeziyasının və nəsrinin dərinliklərinə bələd oldum. O, mənə Azərbaycan musiqisini, təsviri sənətini bütün incəlikləri, təfərrüatı ilə tanıtdı. Onun izahları ilə aşıq havalarını və muğam sənətini bir-birindən ayıra bildim. Onun köməyi ilə Habil Əliyev kimi ustad bir sənətkarla tanış oldum. Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” povestini və  komediyalarını Əjdərin dəstəyi və təşfiqi ilə türk dilinə çevirdim.

Azərbaycanın sovet dövründəki mürəkkəb ictimai tarixini, müstəqillik dövründəki siyasi hadisələrin arxa fonunu onun son dərəcə dəqiq və yerində təhlilləri ilə  kəşf etdim. Mən Ulu Öndər Heydər Əliyevin dühasını, onun siyasətinin incəliklərini Əjdən Oldan öyrəndim.

Onun bir çox dilə, o cümlədən türkcəyə çevirdiyim “Əjdər Olun Kitabı” (Azərbaycan lətifələri) başda Heydər Əliyev olmaqla, Azərbaycanın ictimai-siyasi xadimlərinin müxtəlif hadisələrlə bağlı aforizmlərini; Azərbaycan şair, yazıçı və incəsənət adamlarının zərif yumoristik məqamlarını; Azərbaycan xalqının müdrik şəxsiyyətlərinin hazırcavablıqlarını və rəngarəng Azərbaycan mənzərələrini oxucuların gözü qarşısında sərgiləməkdədir.

“Portret Hekayələri” kitabında işıq üzü görən əsərlər isə bir çox yazıçı, şair və incəsənət xadimlərini müxtəlif maraqlı yönləriylə təqdim edən möhtəşəm hekayələrdir. Klassik ədəbiyyatımızda təzkirə ənənəsini davam etdirən Əjdər Olun “Portret hekayələri” sanki çağdaş-satirik təzkirələr silsiləsidir…

Onun türkcəyə çevirdiyim “Səhra Komandirinin meymunu” və “Tütün limanı” adlı kitablarında yer alan hekayələri son dövr Azərbaycan ədəbiyyatının ən gözəl nəsr nümunələridir. Əjdər Ol bu hekayələrdəki obrazlar, bəhs etdiyi mövzular, təsvir etdiyi sosial-ictimai məsələlərdə Azərbaycan mühitinə xas insan mənzərələrini bədii boyaların ahəngində bir rəssam incəliyi ilə yaratmışdır.

Onun türkcəyə tərcümə etdiyim, lakin hələ çap etdirmədiyim “Lo” romanında hadisələr 1986-cı ildə baş vermiş və SSRİ-nin dağılmasına səbəb olan Çernobıl faciəsinin təsviri ilə başlayır. Siyasi hadisələri özündə ehtiva edən, Azərbaycanın müstəqillik yolundan bəhs edən bu roman o dövrün sosioloji mənzərələrini son dərəcə realist prizmadan əks etdirir. Bu roman müstəqillik dövrü Azərbaycan tarixinin ən yaxşı portretidir. Sənədli roman xüsusiyyətini daşıyan bu əsər oxucuya o dövrün siyasi hadisələrini, şəxsiyyətlərini düzgün qiymətləndirmək imkanı verir. “Lo” romanını oxuyandan sonra mən bir həqiqəti öyrəndim və dərindən dərk etdim ki, hadisələr və şəxsiyyətlər xarici aləmdən, kənardan göründüyü kimi deyil. Məsələlərin daxili mahiyyəti, batinindəki məna kənardan zahiri görünənlə həmişə eyni olmur.

Əjdər Olun nəsrini bilməyənlər onu Türkiyədə daha çox şair kimi tanıyır. Əjdərin şeirləri Türkiyədə onlarla jurnalda dərc olunub. Mən onun şeirlərindəki vətən, millət sevgisini, misralarındakı poetik sadəlövhlüyü dərindən duyuram. Həssas oxucu onun şeirlərindəki birinci Qarabağ müharibəsində işğal olunan, itirilən torpaqların acısıyla, vətənin dərdindən, kədərindən doğan ağrılarını görə, duya bilir. Əminəm ki, indi o, böyük zəfərlə, qələbə ilə azad edilmiş vətənin azadlığını, millətin sevincini tərənnüm etməkdədir…

Biz Əjdərlə ildə bir dəfə Azərbaycanı, bir dəfə Türkiyəni gəzirdik. Azərbaycanın hər rayonunu Əjdərin bələdçiliyi ilə tanıdığımı demişdim. Etiraf edim ki, Türkiyənin bəzi şəhərlərini də onun sayəsində tanıdım. Əjdər hər gələndə bir rayon seçər, ən azı bir həftə o rayon və şəhərlərə birgə səyahət edərdik. Mən daha öncə heç görmədiyim Urfa, Mardin, Diyarbəkir, Qaziantep, Kilis, Osmaniyə, Hatay, Təkirdağ və Ədirnə şəhərlərini Əjdər Ol sayəsində gəzdim, gördüm.

Türkiyənin bu gözəl şəhərləri haqqında Əjdərin  çoxlu xatirə yazıları, ürəyaçan misraları var. İndi bir əhvalatı xatırlayıram. Bir yay günü Sivasa – Qazi Bürhanəddinin qurduğu dövlətin paytaxtına səfər etmişdik… Oradakı memarlıq abidələrini gəzdikdən sonra bir qədər söhbət etdik. Sözün açığı, onun Qazi Bürhanəddin haqqında bildiyi, danışdığı, tuyuğlarından əzbər dediyi parçalar  məni çox təəccübləndirdi…  Ramazan ayı idi, şam yeməyi ərəfəsində bir restorana girdik. Şəhər əhalisi şəhər meydanına toplaşmışdı.  Restoranlarda böyük sükut hökm sürürdü. Oruc tutmasaq da, yeməyə başlamaq üçün hamı kimi iftar topunun atılmasını, axşam azanının oxunmasını gözləyirdik. Birdən top atıldı və azan səsləndi. Elə bir təlatüm yaranmışdı ki, boşqablara toxunan qaşıq və çəngəl  səsləri bütün səsləri boğurdu. Əjdər Olun bu səhnə qarşısında zarafatla dediklərini heç vaxt unutmuram: “Buna bax, ee! Üç yüz min adamı olan şəhər yemək-içmək üçün  mollanın azanına bənd imiş! Hələ bu səslərə bax! Eşidən də deyər ki, Əmir Teymurla Qazi Bürhanəddinin qoşunları vuruşur!”

Əjdər OL Türkiyəni də, Azərbaycanı da, bütövlükdə Türk Dünyasını çox sevən adamdır. Birlikdə Kiprə, Qazaxıstana, başqa türk ellərinə səfərlərimiz zamanı getdiyimiz hər yerdə onunla türk yurdları, türk tarixi, türk mədəniyyətləri haqqında dərindən söhbətlər etmişik.

Əjdər Olun əsərləri Türk dünyasında böyük mükafatlara layiq görülmüşdü. Türkiyədə “Qəzənfər Müəllimgilin Şuşa yürüşü”  hekayəsi ilə  “II Beynəlxalq Kaşğarlı Mahmut Hekayə Yarışması”nda birincilik qazanmışdı. O qədər vicdanlı, xeyirxah və yardımsevər bir dost idi ki, həmin yarışmada aldığı pul mükafatının böyük bir hissəsini Türk Dünyasının müxtəlif ölkələrindən gələn tələbələrə və oradakı azərbaycanlılara bağışlamışdı.

Azərbaycan, Türkiyə və Türk Dünyası sevdalısı Əjdər Olun bu il Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülməsi təsadüfi bir məqam deyil, onun çoxşaxəli yaradıcılığının, gördüyü əvəzsiz işlərin və işıqlı fəaliyyətinin nəticəsidir.

Müəllf: İmdat AVŞAR

İMDAT AVŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – SALAM, PAYIZ!

Aytac İBRAHİM– şair, yazar.

SALAM, PAYIZ!
Salam, payız!
Yenə bizə xoş gəlmisən!
İstin yoxdur,
Soyuqlarla bol gəlmisən!
Mənə danış,
Sarı, ölmüş yarpaqlardan.
Xəzəl olub,
Ayaq altda qalanlardan.
Külək vurub,
Sındırılmış budaqlardan,
Canı yanmış,
Tənha qalan qadınlardan!
Danış mənə, şairlərdən,
Gecəyarı sərxoş olub,
Yuxarıya deyənlərdən.
Əcəl olub yuvamızda,
Şirin-şirin gülənlərdən!
Söylə mənə kimliklərdən,
Beş köpüklük mütilərdən!
Səsin yoxdur, a payız,
Bilirəm ki, gəlməyəcək.
Sənə yazdım gördüyümdən,
Ölə-ölə, bilə-bilə
Damarıma gömdüyümdən…
Di gəl, payız,
Ağrın alım…
Onsuz sən də gedəcəksən!
Salamat ol, qal hələlik
Bir gün sən də bezəcəksən…

ƏZİZİM
Daha yazılmır, əzizim,
o çiçəkli, böcəkli şeirlər …
Daha göylər də ağlamır,
quruyur həyətimizdəki güllər.
Mürəkkəb əvəzinə qan axır,
tökülür asta-asta mərmilər..
Söz deməyə dil axtarır,
bir busəyə ad axtarır.
Xoş görməyə göz axtarır,
ölür burda nakam şeirlər…
Yarısı yazılır, başdan pozulur
cırılıb atılır, qələm yorulur.
Hisslər donur, qəm sovrulur
doğulmadan ölür körpə şeirlər….
Kimlər ölmür ki, gün işığım,
kimlər getmir ki, bircəciyim …
Hamı gedir, sən getmə,
Hamı bitir, sən bitmə
Hamı ölür, sən ölmə…
Qoy sağalmasın şairlər,
Heç tükənməsin şeirlər…

KİM
İndi kimsəsizəm,bir az da cəllad,
İçimdəki fəryadı boğmağım gəlir.
Gözlərim kövrəlib,damlalar durğun,
Çıxıb hər kəsimdən getməyim gəlir.
* * *
Əllərim boş qalıb,gözlərim sərxoş,
Güzgüdən əksimə gülməyim gəlir.
Nə pismiş fələyin qisas oyunu,
Torpaqla qol-boyun yatmağım gəlir.

ELƏ BİL Kİ…
Elə bil ki,
Milyon ilin ölüsü uyuyub içimdə,
Paltarlarım təptəzə, asılqandan asılmış
Geyinməyim yox,
Nemətlər düzülmüş sıra ilə önümdə,
Yeyib-içməyim yox.
Ayaqqablarım gəzilməyə hazır,
Düz pilləkənin dibində,
Getməyim yox.
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.
* * *
Hardan gəlib tapdı məni bu mirət
Tank kimi üstündən keçdi ömrümün
İliklərimə qatışıb, qandı bu mirət
Axır ki sonuna çıxdı ömrümün.
* * *
Tənhalığın ipin çəkdim, atdım ocağa
Ki bəlkə şadlığımı mənə qaytara
Bəlkə sıxıntıdan yaxam qurtara
Döndüm ki,çarə yox, döz, a bəxti qara!
* * *
Yarımadım dostumdan,nə tanışımdan
Bezmişəm dünyanın pis axışından.
Hər kəsimin yerinə utanıram yaşımdan
Neçə zillət çəkmiş bu səbirsiz başımdan.
* * *
Gəl,
Gəl dəymə bu bəndənin xətrinə
Səndən ömür istəmirəm,gün istəmirəm
Bircə harayına yetiş duamın
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ABBASƏLİ NƏZƏROVUN ŞEİRLƏRİ

AŞIQ ABBASƏLİ NƏZƏROV

AŞIQ ABBASƏLİ NƏZƏROVUN ŞEİRLƏRİ

ANANIN
Analar can deyər, balasın sevər,
Siz Allah, eşidin sözün ananın.
“Balamdı ürəyim, bu canım” deyər,
Dərdinə dərmanlar gəzin ananın.
* * *
Anam olsa gözüm üstə bəslərdim,
Əzizlərdim, “ana”, “ana” səslərdim.
Canımnan artıq da onu istərdim,
Nə olsa cəbrinə dözün ananın.
* * *
Abbasəli, hər varlıqdan şirindi,
Ana məhəbbəti yaman dərindi.
Görürəm anaya çoxu sərindi,
Öpün gözləriynən üzün ananın.

TAPILMAZ
Dostu satıb yaltaq olan adamda,
Nə namus, nə qeyrət, nə də ar olmaz.
Kişilik insanda bir nişanədir,
Nə pulnan, nə varnan bilin, var olmaz.
* * *
Qorxuludur, insanların yaltağı,
Çəkər səni ayağından aşağı.
Dili də acıdır, qurtarmaz dağı,
Çox illər ötüşər, yeri sağalmaz.
* * *
Abbasəli gəlib Göyçətək eldən,
Mehriban danışaq, bağırma zildən.
Qoşacam xırmana, açacam vəldən,
Hayına yetməyə kimsə tapılmaz.

DAĞLAR
Həkim də, loğman da, sağ can da sizsiz,
Dərdlərin dərmanı, a gözəl dağlar.
Mən ağıl ucunnan olmuşam xəstə,
Ürəyim çırpınır, gözlərim ağlar.
* * *
İki ildir, dağlar, sizə gəlmədim,
Qohumdan, qardaşdan əhval bilmədim.
Nə lalə, bənövşə, nərgiz dərmədim,
Yadımdan çıxmayır soyuq bulaqlar.
* * *
Abbasəli, qəlbin çıxmır qaradan,
Rəhm eyləsin yeri-göyü yaradan.
Çətin dərddir köçüb gəlmək oradan,
Gavıra qalmasın gözəl yaylaqlar.

QURBAN OLUM
Ata-ana qədri bilən,
İnsanlara qurban olum.
Dar ayaqda bəd halını,
Duyanlara qurban olum.
* * *
Böyük yolu saxlayanlar,
Allaha da əziz olar.
Yaxşılıqdan əla nə var,
Yaxşılara qurban olum.
* * *
Abbasəli bir veteran,
Çoxdu sevən, hörmət qoyan.
Arxa olan, kömək duran,
Oğlanlara qurban olum.

DAĞLAR
Otuz ildir aralıyam,
Çıxmırsınız yaddan, dağlar.
Qardaş öldü, yaralıyam,
Ağzım düşüb daddan, dağlar.
* * *
Hacı Qurban, Tərsə dağı,
Gəşd eylədim cavan çağı.
Seyid Bayramın ocağı,
Çıxardandı oddan, dağlar.
* * *
Abbasəliyəm, oralıyam,
Dost-qardaşdan aralıyam.
Dərdim çoxdur, yaralıyam,
Xəbər verin Zoddan, dağlar.

YAMANDI
Gözəl Göyçə kimə qaldı,
Hamı susqun, hamı laldı.
Millətə çox zülüm oldu,
Çəkilməz dərddi, yamandı.
* * *
Yaddan çıxmaz o yaylaqlar,
Durna gözlü gur bulaqlar.
Qərib didərginlər ağlar,
Kömək ol, Allah, amandı.
* * *
Abbasəli, artıq gecdi,
Yaş yetmişi gəlib keçdi.
Hər nə etsən, daha heçdi,
Ürək susur, son zamandı.

XOŞ GƏLDİN
Yönün düşüb bu dağlara,
Şair, xoş gəldin, xoş gəldin.
İstisuya, bulaqlara,
Şair, xoş gəldin, xoş gəldin.
* * *
Arzu edirdik sizi də biz,
Yaman şad oldu qəlbimiz.
Aləmə dəydi görüşümüz,
Vurğun, xoş gəldin, xoş gəldin.
* * *
Şair Məmmədsöyün babam,
Dost yolunda müdəm varam.
Abbasəli sənətkaram,
Şair, xoş gəldin, xoş gəldin.

VURĞUNA
Görməmişdim, arzulardım görməyi,
Əlli beşdə mən rast gəldim Vurğuna.
Kəlbəcərdə, İstisuda, kurortda,
Qulaq asdıq bircə gecə biz ona.
* * *
İnsan gedərgidir yaxşılıq qalar,
Vurğun kimi insan harda tapılar?
Xanəndə, aşıqlar şeirin oxuyar,
Min rəhmət deyirik gözəl insana.
* * *
Adım Abbasəli, şair nəvəsi,
Çətindir dünyada deyib gülməsi,
Dolaylarda bulaq üstə məclisi,
Çox böyük şöhrətdi Azərbaycana.

YAMAN DƏRDDİ
Ana baladan ayrılsa,
Yaman dərddi, yaman dərddi.
Həm ağlayır, həm öpüşür,
Yaman dərddi, yaman dərddi.
* * *
Bala – ananın ürəyi,
Canına sinmir yeməyi.
“Of-of” bala, can deməyi,
Yaman dərddi, yaman dərddi.
* * *
Ana-bala ağladılar,
Ürəyimi dağladılar.
Qəm-qüssədə çağladılar,
Yaman dərddi, yaman dərddi.

GETDİ
İndən belə başlı başın saxlasın,
Kənddən ağsaqqallar, alimlər getdi.
Dost-qardaşlar bir-birini yoxlasın,
İnsana ən lazım bircə rəhmətdi.
* * *
Hacıyev Tanrıverdi çıxmayır yaddan,
Misir, Şahin, Tahir getdi dünyadan.
Odur ki, ağzımız düşübdü daddan,
Gözümüzdən neçə cavanlar itdi.
* * *
Abbasəli, niyə belə olubsan?
Qardaş ölüb, saralıbsan, solubsan.
Yetmiş yaşa az qalıbdı, dolubsan,
Bilirəm çəkirsən çox əziyyətdi.

Müəllif: AŞIQ ABBASƏLİ NƏZƏROV
Təqdim edir:
 Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

AŞIQ ABBASƏLİ NƏZƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏNİ UNUTMAQ OLMUR – BALAYAR SADİQ

Balayar SADİQ – şair-publisist.

SƏNİ UNUTMAQ OLMUR
Rekviyem çələngi
I
Belə qərib-qərib ağlama, qızım,
Bir az da mənimçün göz yaşı saxla.
Balaca əllərin çətirim olsun,
Ömrümü isladan yağışı saxla.
* * *
Ta uçdu könlümün arzu qoxusu,
Baş qoyub sinəmə ümidim ağlar.
Hər gün göz yaşımda dəstəmaz alır,
Əcəl köynəyini geymiş ağrılar.
* * *
Dilimdə sözlərin dili quruyub,
Könlü qancır olub bu sətirlərin.
Yellənir bir ömrün əcəl bayrağı,
Gözü doluxsunub xatirələrin.
II
Gözü doluxsunub xatirələrin,
Qırpır kirpiyini sözlər içimdə.
Könlümün ətrinə tamarzı qalan,
Bir məzar yolumu gözlər içimdə.
* * *
Mələk göyə uçar, mənim mələyim,
Niyə uçub getdin torpağa sarı?!
Götür öz əlinlə öz məzarından,
Könlümə bir ovuc torpağı sarı.
* * *
Kədər təbəssümlə baxır üzümə,
Sözüm, sətir-sətir gəl, ayağa dur.
Mənim pəncərəmdə üşüyən işıq,
Nakam bir ananın son məktubudur.
III
Nakam bir ananın son məktubudur,
Gözümü oxuyan payız yağışı.
Əcəlin köynəkdən çıxdığı yerdə,
Yağış-payız oxur, payız-yağışı.
* * *
Ürəyimdən keçən tənhalıq yolu,
Özünə don biçib sənin səsindən.
Asılıb kədərin nəm təbəssümü,
Bəxtimin qırılmış pəncərəsindən.
* * *
İlahi, könlünü mən necə alım,
Sinəmdə hönkürən qərənfillərin.
Ovcunda bir layla buz bağlayıbdı,
Göz yaşı qoxulu çiçək əllərin.
IV
Göz yaşı qoxulu çiçək əllərin,
Əyninə dar gəlir sükut köynəyi.
Alnımdan torpağa yıxılan yolun,
Üstündə bir əlçim ümid göynəyir.
* * *
Ürəyim, səbrimə daha qar yağır,
Götür qalan ömrü yığışdır, gedək.
Üzündə xəfifcə qəm gülümsəyir,
Bu qəbri mənimlə danışdır, gedək.
* * *
Könlü məzar-məzar hönkürən sözün,
Gözündə ünvansız qəbrim islanır.
“Təsəlli” sözünü külək apardı,
Payızın ovcunda səbrim islanır.
V
Payızın ovcunda səbrim islanır,
Boğazı quruyub təsəllilərin.
Daha ürəyimdə ürək qalmayıb,
Geysin köynəyini sənsiz illərin.
* * *
Nəm çəkməz bu qəbir göz yaşlarımdan,
Sükutu sərmişəm başdaşın altda.
Saçların torpağa qoy dağılmasın,
Götür ürəyimi qoy başın altda.
* * *
Adın damcılayır, adın, əzizim,
Yaralı sükutun qara səsindən.
Ümid sahilləri görünmür daha,
Yelkənsiz qayığam dərd dənizində.
VI
Yelkənsiz qayığam dərd dənizində,
Gözümün yaşından su içir sular.
Payız yarpağıtək düşür gözümdən,
Əlləri qoynunda qalan arzular.
* * *
Geyib köynəyini “gedər-gəlməz”in,
Ümid xəcalətdən üzümə baxmır.
Sən mənim əlimi buraxıb getdin,
Nə yaxşı həsrətin məni buraxmır.
* * *
Yeriyən bir damla göz yaşıyam mən,
Səbrimin yarası qan verir hər gün.
Sən gedən yolların dodaqlarında
Könlüm sətir-sətir can verir hər gün.
VII
Könlüm sətir-sətir can verir hər gün,
Hüsnün ləpələnir baxışlarımda.
Gecələr yuxunu yuxuya verib,
Gəzirəm alnımın qırışlarında.
* * *
İslanmış məktubdu gözümün yaşı,
Xəttimi min dəfə oxuyanım, gəl.
Ölümün əlləri sevgiyə çatmır,
Məzarı məhəbbət qoxuyanım, gəl.
* * *
Ətri burda qalıb qədəmlərinin,
Ahım tonqal çatıb göyün üzündə.
Hər gün ürəyimi dəfn eləyirəm,
Sənin ləpirində, sənin izində.
VIII
Sənin ləpirində, sənin izində,
Mənim ağrılarım gül-çiçək açır.
Asıram gecəni kirpiklərimdən,
Hər səhər dərdlərin dodağı qaçır.
* * *
Əcəlin çiynində gedən baharım,
Bir bənövşə ömrü dur, ayaq saxla.
Sinəm arzuların məzar yeridir,
Məni başdaşıtək bir az qucaqla.
* * *
Mənim gözlərimin payız günüydü,
Əcəl qəfil dərdi bənövşəm – səni.
Yığıb göz yaşımı ümid əvəzi,
Yenə görüşünə gəlmişəm sənin.
IX
Yenə görüşünə gəlmişəm sənin,
Gözümdə min ilin həsrət buludu.
Qəlbimdə bir sətir yer qoymamısan,
Barı bircə sətir səni unudum.
* * *
Ta ömrüm bir gündü – sənsizlik günü,
Ayrılıq qolunu boynuma salıb.
Söylə Əzrayıla saata baxsın,
Yanına gəlməyə nə qədər qalıb.
* * *
Surələr yüyürür, ayələr qaçır,
Solur çiçək-çiçək sonuncu güman.
Səsimi isladır sükutun şehi,
De, niyə dinmirsən, səbrinə qurban?!
X
De, niyə dinmirsən, səbrinə qurban?!
Adını asmışam öz ürəyimdən.
Bəyaz varaqları camalın bilib,
İntihar eləyir söz ürəyimdə.
* * *
Üzü göyə gedən tənha cığırdı,
Bu qəbrin başında dalğalanan daş.
Dur, gəl əllərimlə dara saçını,
Çatlamış güzgündü gözlərimdə yaş.
* * *
Elə sakit-sakit baxır üzümə,
Bu dərdin Allahdan xəbəri yoxdur.
Üstümə qar kimi yağır ayrılıq,
İsin göz yaşımla, hava soyuqdur.
XI
İsin göz yaşımla, hava soyuqdur,
Kövrəlib sözümün sehri, ovsunu.
Yumdu gözlərini insaf yolları,
Apardı ömrümün yar qoxusunu.
* * *

Getdin, bu dünyanı çırpdın üzümə,
Utandı bəxtindən bütün qapılar.
Nə mənim könlümtək bir eşq yolçusu,
Nə sənin hüsnündə gözəl tapılar.
* * *
Məhəbbət ətirli başdaşınam mən,
Səsimlə-güzgülən, sözümlə-daran.
ənim gözlərimin yaraşıq yeri,
Əyninə geydiyin qəbrinə qurban.
XII
Əyninə geydiyin qəbrinə qurban,
Dərdimin boynuna qolunu sal, get.
Sənin saçlarında qalıb əllərim,
Gəl, bu son ümidin tozunu al, get.
* * *
Ocaq qalamışam göz yaşlarımdan,
Külümü ovcunda tutub mələklər.
Hər gün gülümsəyir dağlar sinəmdə,
Ətrindən danışır hər gün çiçəklər.
* * *
Elə qəfil əsdi əcəl küləyi,
Düşüb çilikləndi bu alın yazım.
Bir layla üşüyür bu məzar üstə,
Belə qərib-qərib ağlama, qızım.
XIII
Belə qərib-qərib ağlama, qızım,
Gözü doluxsunub xatirələrin.
Nakam bir ananın son məktubudur,
Göz yaşı qoxulu çiçək əllərin.
* * *
Payızın ovcunda səbrim islanır,
Yelkənsiz qayığam dərd dənizində.
Könlüm sətir-sətir can verir hər gün,
Sənin ləpirində, sənin izində.
* * *
Yenə görüşünə gəlmişəm sənin,
De, niyə dinmirsən, səbrinə qurban?!
İsin göz yaşımla, hava soyuqdur,
Əyninə geydiyin qəbrinə qurban…
Müəllif: Balayar SADİQ

BALAYAR SADİQİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AŞIQ ABBASƏLİ NƏZƏROV

AŞIQ ABBASƏLİ NƏZƏROV

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur.

Azərbaycan aşıq sənətinin aparıcı qolu, sütunu Göyçə aşıq məktəbidir desək, yanılmarıq. Dəfələrlə ədəbiyyatşünaslar müxtəlif yazılarında bu məktəbin rolunu dəyərləndirmiş, yüksək qiymət vermişlər. Aşıq yaradıcılığının tədqiqatçılarından olan Elxan Məmmədli “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı” adlı məqaləsində yazır: “Azərbaycan aşıq poeziyasını Göyçəsiz təsəvvür etmək mümkünsüzdür. Poetik yaradıcılığın saz ahəngli qüdrətli nümunələrini yaradan Göyçə sənətkarları zəngin aşıq irsimizin əlçatmaz ustadları kimi həmişə diqqət mərkəzində olmuşlar.” [1,s.3] Bu məktəbin təşəkkül tapmasında və inkişafında Ağkilsə, Ağbulaq, Ardanış, Nərimanlı, Böyük Qaraqoyunlu, Kiçik Məzrə, Qızılvəng, Yarpızlı, Zərkənd və başqa kəndlərin ön sıralarında  Daşkənd sənətkarlarının da yeri danılmazdır. Belə ki, Daşkəndin adını şöhrətləndirən onlarla aşıq və şair Göyçə aşıq məktəbində sazı və sözü ilə tanınmış, bu məktəbin inkişafında layiqli yer tuta bilmişlər. Təkcə Aşıq Ələsgərin ən sevimli şəyirdlərindən olan, erməni daşnakları tərəfindən belinə odlu samovar bağlanaraq öldürülən Aşıq Nəcəfin və Azərbaycan aşıq sənətində dastançı aşıq kimi məşhurlaşan, “Aşıq Alının Türkiyə səfəri” dastanının ifaçısı Aşıq Hacının adlarını çəkmək kifayətdir ki, Daşkənd sənətçilərinin Göyçə aşıq məktəbində yeri və mövqeyi bəlli olsun. Daşkənd kəndinin aşıq və şairləri haqqında tərəfimizdən zaman-zaman araşdırmalar aparılmış, elmi və publisistik məqalələr yazılmış, mətbuatda nəşr olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin müəllifinin hələ 2008-ci ildə “Daşkənd aşıqları və şairləri” adlı kitabı “Nurlan” nəşriyyatında çap edilmişdir.

Ənənəmizə sadiq qalaraq bu dəfə də Daşkənd kəndində doğulan aşıqlardan biri – Abbasəli Nəzərov haqqında oxucuları məlumatlandırmaq fikrindəyik.

Öncə onu bildirək ki, Aşıq Abbasəli Nəzərov haqqında yazılı mənbələrdə demək olar ki, məlumat verilməmiş, yazılanlar isə çox səthi və azdır. Belə ki, aşığın adına ilk rast gəldiyimiz mənbə tədqiqatçı alim Ziyəddin Məhərrəmovun “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” mövzusunda yazdığı namizədlik dissertasiyası  oldu. Dissertasiyanın “Sənətkarların sənət şəcərəsinə aid siyahı və folklor xəritəsi” adlı əlavələr bölməsi var. Alim bu bölmənin “XX əsrdə Göyçə mahalında yazıb-yaradan aşıqlar və el şairləri barədə geniş məlumat” başlıqlı hissəsinin 10-cu sırasındakı Daşkənd kəndinə aid cədvəlin 6-cı sətrində yazır: “Aşıq Abbasəli Hüseyn oğlu; 1916-1995; Bərdədə vəfat edib” [2,s.132]. Z.Məhərrəmovun verdiyi bu informasiyada yalnız aşığın adı və atasının adı doğrudur. Doğum tarixi, vəfat tarixi və vəfat yeri haqqında aşağıda daha düzgün və dolğun məlumat verəcəyik.

İkinci məlumatı isə hələ biz 2011-ci ildə Yarpızlı Aşıq İslam haqqında araşdırma apararkən müəyyən etmişdik. Belə ki, sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Göyçə aşıq məktəbi” adlı məqalələr silsiləsində Aşıq Hacı haqqında yazırdı: “Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. …Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, – sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! – A.O.K.) imiş.

Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir”. [3] Biz o zaman “Filologiya məsələləri” elmi toplusunda bu fikirlərə aşağıdakı kimi şərh vermişdik: “Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.” [4,s.351] Qeyd edək ki, 2011-ci ildəki bu açıqlamamızdan bir neçə ay sonra İkinci Dünya müharibəsində həlak olan və itkin düşən Daşkəndlilər ilə bağlı ətraflı araşdırmamız oldu. Məlum oldu ki, Aşıq Ziyad heç də 1917-ci ildə yox, 1911-ci ildə doğulubmuş [5; 6,s.645]. Biz 2008-ci ildə aşığın təvəllüdünü qohumlarının söyləmələrinə əsasən yazdığımızdan yanlışlığa yol vermişik [7,s.85].

Aşıq Abbasəli Nəzərov haqqında yuxarıda yazdıqlarımızdan əlavə olaraq bir neçə digər kitab və məqalələrdə də dastançı aşıq kimi məşhur olan Aşıq Hacı Bayramovun ilk ustadı kimi xatırlanır, 1945-ci ildə ona bir il ustadlıq etdiyi qeyd olunur [8,s.199; 9,s.143; 7,s.133]. Aşıq Abbasəli Nəzərovun haqqında bəzi məqalələrdə isə yalnız ad, soyadına rast gəlinir, Daşkənd kəndində belə bir aşığın da olduğu yazılır [10,s.119; 11,s.107].

Biz “Daşkənd aşıqları və şairləri” kitabında Aşıq Abbasəli Xəlilovun həyatı haqqında bilgi verərkən onun ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslamın, həmçinin Daşkəndli Aşıq Abbasəli Nəzərovun da ustadı olduğunu yazmışdıq [7,s.67]. Adı çəkilən kitabı yazarkən Aşıq Abbasəli Nəzərovun doğmaları ilə əlaqə saxlaya bilmədik. Ona görə də onun haqqında kitabdakı digər aşıq və şairlər kimi daha geniş məlumat vermək mümkün olmadı. Hər iki Abbasəlinin ustadından söz düşmüşkən onu da vurğulayaq ki, biz “Filologiya məsələləri” elmi toplusunda belə bir cümlə də yazmışdıq: “Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır” [4,s.351]. Yuxarıdakı ifadəmizdə ilk dəfə olaraq Aşıq Abbasəli Nəzərovun doğum və vəfat tarixini səhih yazmış olmuşduq.

Yeri gəlmişkən, yuxarıda iki müxtəlif Aşıq Abbasəli adları çəkdik. Oxucularda çaşqınlıq yaranmasın deyə buna aydınlıq gətirmək yerinə düşərdi. Çünki bəzən onlar dəyişik salına, yaradıcılıqları bir-birinə qarışa bilər. Ona görə də bu sahənin tədqiqatçıları diqqətli olmalıdırlar. Məhz bu üzdən biz bu aşıqların adlarını çəkərkən mütləq soyadlarını da yazırıq. Daşkənd kəndində iki Aşıq Abbasəli olub. Boylarına görə biri uzun, digəri isə gödək idi. El-obada onları fərqləndirmək üçün çox vaxt Abbasəli Xəlilova “Uzun Abbasəli”, Abbasəli Nəzərova isə “Gödək Abbasəli” deyərdilər. Bu ənənə tarixən Göyçə kəndlərinin bir çoxunda eyni adlı insanları fərqləndirmək üçün bu və ya digər formada çox istifadə olunurdu. Hətta bu bədii ədəbiyyata, poeziyaya da sirayət etmişdir. Məsələn, İsrail Şairov Daşkənd sənətkarları haqqında yazdığı şeirdə də bu ənənəvi adlandırmadan istifadə etmişdir:

Abbasəlim uzun, gödək,

Aşıq Novruz sinədə tək. [7,s.277]

Aşıq Abbasəli Pirnəzərlilər (Pirnazarlılar) nəslində dünyaya gəlib. Pirnəzərlilər nəslinin ulu babalarının əslən Sulduz mahalından olduqları söylənilir. Bizə adı məlum olan Pirnəzərin Həsən (Hasan), Cəlil və Hüseyn adlı üç oğlu olub. Həsənin övladları: Abbas, Alı, Mirsəqulu, Hüseynqulu, Rzaqulu, Çəmən; Cəlilin övladları: Elbəyi, Səmər, Mehbalı, Xıdır; Hüseynin isə övladları Elyaz, Yəmən və Abbasəli (bu yazıda haqqında danışacağımız aşıq) olublar.

Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur [12; 13; 14]. Aşıq Abbasəli Nəzərov ana tərəfdən Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir. Belə ki, onun anası Zinyət Məmmədhüseynin böyük oğlu Kərbəlayi Məhəmmədin qızıdır [15,s.19].

Aşıq Abbasəli 1939-cu ildə Basarkeçər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır [12]. Xidmətini başa vurub qayıtdıqdan bir müddət sonra Böyük Vətən müharibəsi başlayır və 1941-ci ilin sonlarında Basarkeçər RHK-ğı tərəfindən orduya səfərbər olunur. SSRİ Müdafiə Nazirliyinin arxivlərində saxlanılan və hal-hazırda “obd-memorial.ru” saytında paylaşılan sənədlərdən aydın olur ki, Abbasəli Nəzərovun xidmət etdiyi 30-cu İrkutski atıcı diviziyanın 35-ci atıcı alayı 1941-ci il dekabr ayının 5-də Alman qoşunları tərəfindən bütünlüklə əsir götürülmüşdür [13; 14]. Bir neçə aylıq əsirlikdən sonra ya azad olunmuş, ya da əsirlikdən qaçaraq azad ola bilmişdir. Bundan sonra 15 mart 1942-ci ildən döyüşlərdə tağım komandiri kimi xidmət etmişdir. O, əsasən Moldaviyada, Rostov-na-Donuda döyüşlərdə iştirak edir. 15 noyabr 1942-ci ildə döyüş zamanı yaralanır. Müalicə olunduqdan sonra – 1942-ci ilin dekabrında ordudan tərxis olunur [16]. Müharibədən qayıtdıqdan sonra Daşkənd kənd orta məktəbində hərbi müəllim işləmişdir. Qeyd edək ki, Azad Ozan Kərimli də Aşıq Hacı Bayramovun söylədiklərinə əsasən Aşıq Abbasəli Nəzərovun əsirlikdə olduğunu, 1945-ci ildə qayıdıb gəldiyini qeyd etmişdi [3]. Bizim gəldiyimiz nəticəyə görə  Abbasəli Nəzərov 1942-ci ilin dekabrında ordudan tərxis olunub. Azad Ozan Kərimli isə 1945-ci ildə əsirlikdən qayıtdığını yazır. Bu məsələ hələlik açıq qalır və qəti söz demək çətindir.

Abbasəli Nəzərov müharibədə iştirakına görə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (09.05.1966), “İgidliyə görə” medalı (08.06.1967) [12], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.03.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (29.08.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) [17], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (19.05.1988) ilə təltif olunmuşdur [18].

Aşıq Abbasəli 1953-cü ilin may-iyun aylarında həmkəndliləri ilə birlikdə Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur. 1979-cu ilədək Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Naftalan şəhərinə köçməli olmuşdur. 5 iyun 1992-ci ildə Naftalan şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur [18].

Aşıq Abbasəli Nəzərov Abutel Paşa qızı ilə ailə həyatı qurmuş, Fərzəli (Əhliman), İman, Səmədvurğun (Səməndər), Mehmandar, Kamandar, Ədalət adlı altı oğlu, Sarıtel, Tahirə və Rahilə adlı üç qızı olmuşdur.

Abbasəli uşaqlıqdan saza, musiqiyə, sözə maraq göstərmişdir. Doğulduğu ailənin hər iki tərəfi el sənətkarları olmuşlar. Əmisi Cəlilin oğlu Mehbalı dövrünün mahir qara zurna ifaçısı kimi məşhur sənətkarlardan olmuşdur. Onun da taleyi həmkəndlisi Aşıq Nəcəfinkinə bənzəmiş, xain erməni xislətinin qurbanı olmuşdur. Bu gün də Daşkəndlilərin dilində el misalına çevrilən “Ölsəm də, dü də demərəm” sözü Mehbalıdan qalıb. Belə ki, təxminən 1939-cu ildə Mehbalı şərə düşmüş, bir oğurluq hadisəsində günahlandırılaraq Kəvər türməsində saxlanılırmış. Türmənin rəisi bir gün Mehbalıya təklif edir ki, İrəvandan türməyə gələcək generalın qarşılanmasında zurna ifa etsin və bunun müqabilində azad olunsun. Mehbalı üzdə razı olsa da, fikrində onu aldadaraq qarşılanma məqamında nə qədər təkid etsələr də zurnanı ifa etməmiş və belə demişdir: “Gavır köpək oğlu, türk oğlu sizi şənləndirməz. Ölsəm də, dü də demərəm”. Qeyd edək ki, Mehbalı elə bir mahir ifaçı imiş ki, dağın döşünə yayılıb otlayan qoyun-quzu onun ifasının səsinə yanına toplaşarmış. Sonralar Daşkənddə Məcid Şıxəliyev və Zamaxan Qəhrəmanov da belə bir istedadlı sənətkar olacaq, Mehbalının ifaçılıq məharətini təkrarlaya biləcəkdilər.

Əvvəldə də vurğulamışdıq ki, Aşıq Abbasəli Nəzərovun anası Zinyət XIX əsr Azərbaycan şairi Məmmədhüseynin  nəvəsidir. İrsi olaraq istedadın Abbasəliyə ötürülməsi heç də təəccüblü deyil. Aşıq Abbasəli sənətə başladığı ilk illərdə balabançılıq da etmiş, Aşıq Səfiyarın əvvəlcə balabançısı olmuş, sonralar səsinin də yaxşı olduğundan aşıqlığa üstünlük vermişdir. O, sənət yoldaşlığı etdiyi həmkəndliləri Aşıq Ziyad,  Aşıq Əli Şairov, Aşıq Abbasəli Xəlilov, Aşıq Səfiyar kimi nəhənglərlə ayaqlaşa bilmiş, bəzən onlardan da üstün olmuşdur. Aşıq Abbasəli Nəzərov Aşıq İslam Yarpızlı kimi ustad aşığa şəyirdlik etmişdir. Özü isə Aşıq Hacı Bayramovun ilk ustadı olmuş, sazın-sözün incəliklərini – belə demək mümkünsə, əlifbasını ona öyrətmişdir.

1953-cü ildəki məlum köçürülmədən sonra Aşıq Abbasəli Nəzərov aşıqlığını Bərdə rayonunun Yeni Daşkənd kəndində davam etdirmişdir. Bərdə rayon mədəniyyət evinin üzvü olmuş, respublika tədbirlərində fəal iştirak etmişdir. O 1961-ci il 27 apreldə keçirilən Azərbaycan Aşıqlarının III qurultayının iştirakçısı olmuşdur. Qurultay sonrası çəkilən və o illərdən xatirə kimi saxlanılan nadir fotoşəkili də Aşıq Abbasəlinin ailə albomundan əldə etmişik. 1970-ci illərdə Aşıq Abbasəlinin bacısı Yəmənin oğlu, balaban və qara zurna ifaçısı Əjdər Qədirov Yeni Daşkənd Mədəniyyət evinin direktoru idi. Bu mədəniyyət evinin üzvlərinin respublika tədbirlərində fəal iştirakına görə hətta Bərdə rayon Yeni Daşkənd Mədəniyyət evinin direktoru Qədirov Əjdər Papır oğluna 24 may 1978-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir [19].

Sirr deyil ki, şair və aşıqlar dağlara, yaylaqlara daha çox bağlı insan olurlar. Hətta dağlıq ərazilərdə arana nisbətən söz sahibləri çoxluğu ilə həmişə seçilir. Aşıq Abbasəli Nəzərov da üç ay yayı Kəlbəcərin və Göyçənin füsunkar gözəllikləri ilə insanı valeh edən, dağların qoynunda yerləşən kəndlərində keçirmişdir. Göyçənin Sarı bulağı, Tərsə dağı, Hacı Qurban yaylağı, Kəlbəcərin Sarı yeri, İstisuyu, Zülfüqarlısı, Taxta yurdu onun saz sinəsində seyrangahı olardı. Belə günlərin birində – 1955-ci ildə Aşıq Abbasəli Nəzərov Kəlbəcərin İstisu kurortunda Səməd Vurğunla görüşür. Görüşdə Şair Məmmədhüseynin nəticəsi olduğunu Xalq şairinə bildirmiş, şirin söhbətlər etmiş, şeirləşmişlər. Həmin görüşdən təsirlənən aşıq “Xoş gəldin” və “Vurğuna” adlı şeirlər də yazmışdır [20,s.4]. Sonralar Aşıq Abbasəli bu görüş haqqında dönə-dönə söhbətlər edər, Səməd Vurğunla görüşündən qürur duyardı. Aşıq Abbasəlinin doqquz övladından dördünün adı tanınmış aşıq və şair adları (İman, Səmədvurğun, Kamandar, Ədalət) olması da onun aşıq sənətinə nə qədər bağlı olduğunun bariz nümunəsidir.  

Aşıq Abbasəli Nəzərov mənim xatirimdə həm də bir nüansı ilə daha çox xatırlanır. Onun səliqə-sahmanlı geyimi, üzünün həmişə təraşlı olması, çəkmələrinin  bərq vuran parıltısı çox diqqətçəkici idi. O, toylarda, el məclislərində  aşıq geyimində olar, özündən əvvəlki aşıqlıq ənənələrini yaşadar, oturuşu- duruşu, ədəb-ərkanı ilə gənc sənətkarlara nümunə olardı.

Aşıq Abbasəli Nəzərov sonralar Naftalan şəhərinə köçərək orada yaşayırdı. Aşıq Göyçə, Kəlbəcər, Bərdə  ədəbi mühiti ilə əlaqələri kəsmədən burada da bölgənin aşıq və şairləri ilə sıx təmasda olur, el-oba şənliklərində aktiv iştirak edirdi.

Aşıq Abbasəli Nəzərov ifaçı və yaradıcı aşıq olaraq Göyçədə tanındığı kimi, XX əsrin ikinci yarısında Bərdədə, Naftalanda, Tərtərdə, Goranboyda, Kəlbəcərdə daha çox tanındı. Şair və aşıqlarla sənət yoldaşlığı etdi. O, Şirvan aşıqlarından Şakir Hacıyev, Bəylər Qədirov, Göygöldən Aşıq Məhərrəm Hacıyev, Goranboyun Balakürd kəndindən balabançı Binnət, Səfikürd kəndindən balabançı Kərəm, Qızılhacılı kəndindən balabançı Cəmil, Aşıq Saleh (Göyçəli), Tapqaraqoyunlu kəndindən Bisavad Teymur, Tərtərin Qaradağlı kəndindən balabançı Şavağat, Kəbirli kəndindən Aşıq Qaçay, Kəlbəcərdən Aşıq Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Qardaşxan, Balabançı Salman, öz həmkəndlilərindən balabançılar Əjdər, Əli, aşıqlar Abbasəli Xəlilov, Novruz Şairov, Hacı Bayramov, Nuriddin İsgəndərov ilə tərəf müqabili oldu.

İfaçılığı zamanı repertuarında daha çox Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Həsən Xəyallı, İsmixan, Alqayıt, Sərraf Şiruyə, şair Səfər, Sücaət,  Bəhman Vətənoğluna yer verər, onların şeirlərini oxuyar, “Baş sarıtel”, “Orta sarıtel”, “Ruhani” aşıq havalarını ifa edərdi. O həmçinin “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz” dastanlarından da ayrı-ayrı parçaları el şənliklərində xüsusi şövqlə ifa edərdi. Aşıq Abbasəli Nəzərov ifaçı olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Hələlik aşığın 10 şeirini əldə edə bilmişik. İnanırıq ki, onun hələ neçə-neçə şeir nümunələrini də əldə edib çapına nail olacağıq.

***

Aşıq Abbasəli Nəzərovun əmisi Hasan kişi haqqında da bu məqalədə bəzi məqamlara toxunmaq istərdik. Pirnazar oğlu Hasan toylarda, el şənliklərində məclisin şux keçməsi, maraqlı və baxımlı olması üçün oynamağı, toybəyiliyi və müəyyən şən hərəkətlər etməsi ilə də yaddaşlarda qalıb. Onun iştirakçısı olduğu toylar xüsusi folklor ənənələri (at yarışı, şax oynatmaq və s.) ilə seçilərmiş.

Aşıq Ələsgərin aşağıda verdiyimiz “Qoymadı” rədifli qoşmasının ikinci bəndində adı çəkilən Hasan məhz Aşıq Abbasəli Nəzərovun əmisi Pirnazar oğlu Hasandır.

…Yar çıxdı qarşıma yaman halımda,

Gözüm qaldı o bimürvət zalımda.

Söynalı başını qoydu yolumda,

Hüseyn pəl vurdu, Hasan qoymadı.[21,s.19].

Şeir haqqında “Aşıq Ələsgər” kitabının “Qeydlər” bölümünün 6-cısında yazılır: “Şeirdə adı çəkilən Söynalı Aşığın şəyirdi, Hüseyn isə zurnaçı imiş. Hər ikisi Göyçənin Çaxırlı, Hasan isə Daşkənd kəndindən imiş.” [21,s.175]. Şeirdən və qeyddən də anlaşılır ki, Hasan kişi Aşıq Ələsgərin də aşığı olduğu toylarda, məclislərdə olub. Pirnazar oğlu Hasanın Aşıq Ələsgərlə aralarında olan bir əhvalata da aydınlıq gətirməyimiz labüd görünür. Belə ki, bu əhvalat bir çox hallarda yanlış söylənilir, dinləyicilər və oxucular arasında anlaşılmazlığa səbəb olur. Öncə Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanından mövzu ilə bağlı bir hissəyə də diqqət yetirək:

“Aşıq Ələsgər Daşkənd kən­dində Hacı Kə­ri­min oğlu Mux­tarın toyuna aşıq çağırıl­mışdı. Şəyirdi Əsədlə üç gün, üç gecə çaldılar, oxudular. Toyun üçüncü gecəsi Aşıq Ələs­gərə dövran yığmışdılar. Çoxları da aşığın dövranına toğlu, ke­çi, çəpiş yazılmışdı. Səhər aşıq gedəndə qabağına qata­caydılar” [22.s,351]. Dastanın müəllifi Nəcəfin məhz həmin toyda şəyirdliyə götürüldüyünü də təfsilatı ilə yazmışdır. Toyun üçüncü gününün səhərisi Aşıq Ələsgərin yola salınması dastan dilində belə nəql olunur:

“Bəli, əzizlərim, səhəriniz xeyirliyə açılsın, elə ki, səhər açıldı, Allahverdi kişi Nəcəfin pal-paltarını qoltuğuna verib, özüynən bərabər Hacı Kərimin qapısına gəldi. Hacı Kərim aşığın dövranına yığılan toğluların yanındaydı. Bir azdan Aşıq Ələsgər də, Əsəd də, qapıya çıxdılar. Allahverdi kişiyə, Nəcəfə sabahın xeyr dedilər. Bu arada, haradansa, Pirnazaroğlu Hasan da gəlib çıxdı.

Baxdı kı, aşığın dövranına çəpiş verən də var. Dedi, – Aşıq Ələsgər, ayıb olar Daşkənddən Ağkilsəyə çəpiş apa­rasan. Çəpiş mənə qalsın, sənə bir toğlu verim. Aşıq Ələs­gər, “sağ ol” deyib, razılığını bildirdi. Hasan kişi getdi, bir azdan atın qucağında toğlunu gətirib aşığın toğ­lu­la­rı­na qatdı. Aşıq Ələsgər camaatla görüşüb, hey­van­ları da Əsəd­lə Nəcəfin qabağına qatıb yola düşdü. Yol boyu on toğ­­lu bir yana oldu, Hasan verən toğlu bir yana, nə hey­­vanlara yaxınlaşdı, nə yolnan düz getdi, ağzı hara dü­­şür­dü qaçırdı. …Səhər Əsəd­lə Nəcəf oyandılar ki, Ələsgər kişi heyvanı sürüyə qatır, amma Hasan verən toğ­lu getmir. Ora-bura qaçır. Çox çalışdılar, mümkün ol­madı, naəlac qalan Aşıq Ələsgər toğlunu gətirib hörüklədi. Bu minval ilə bir həftə gəldi keçdi, ancaq ki, toğlu hörükdə qaldı Ələsgər kişi istədi toğlunu geri qaytarsın, fikirləşdi ki, düzgün çıxmaz. Nəcəfi çağırdı:

– A Nəcəf, hazırlaş, get bir evinizə baş çək, gəl. Pir­na­zar oğlu Hasana da bir tapşırığım var, onu da çatdır. Nəcəflə Əsəd işi başa düşdülər. Nəcəf dedi, Ələsgər əmi, ha­zıram, nahar eləmişəm. …Aşıq Ələsgər Hasana deyəcək tapşırığı Nəcəfə dedi. Gö­rək necə dedi. Biz deyək, eşidənlər xoşbəxt olsun.

Bizdən salam olsun, ay Hasan qardaş,

Əzəl başdan səhv eylədin bu işi.

Toğlun dəli çıxıb, getmir qoyuna,

Göndər gəlsin bizim ala çəpişi…” [22,s.352-353]

Pirnazar oğlu Hasanla bağlı olan bu əhvalata Abbas Vəfadağlı da “Ulu Göyçəm”  adlı kitabında yer vermişdir. Böyük Qaraqoyunlu kənd sakini Rzayev Məşədi Mürsəl Əhməd oğlunun söhbəti əsasında müəllifin qələmə aldığı “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” adlı yazısında oxuyuruq. O yazır:

“Günlərin bir günü kəndə səs yayılır ki, bəs deməzsənmi, Aşıq Nəcəfın oğlunun sünnət toyudur. Bozalqanlı Aşıq Hüseyn başının dəstəsi ilə gəlir kəndə, atları birbaşa sürürlər Aşıq Ələsgərin həyətinə.” [23,s.279]. Abbas Vəfadağlı dastan-əhvalat janrlı yazısında Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin görüşünü, söhbətlərini, bir-birilərinə şeir demələrini də qeyd etdikdən sonra davam edir:

“Sünnət toyu yaylaqda, Tərsə dağında keçirilir. Bu yaylaqda olan on səkkiz çoban sürülərini vururlar çəpərlərə. İtləri açırlar, özləri də gəlirlər məclisə. Ancaq, qonaq-qara o qədər çox olur ki, çobanlara yer çatmır. Aşıq Nəcəf irəli durur, əyləşənlər arasında olan qohumlarına xahiş eləyir ki, durub çobanlara yer eləsinlər. Çobanlar əyləşirlər və nəmər olaraq, Allah qoysa, oğlaqqıranda on səkkiz toğlu gətirəcəklərini bildirirlər.

Aşıq Nəcəf deyir ki, a kişi, heç nə lazım deyil, keçin əyləşin, ürəyiniz istədiyi kimi yeyin-için. Bu toy dağların toyudu, dağların da yiyəsi, xeyir-bərəkəti, varı-dövləti sizsiniz.

Deyilənlərə görə, yaylaqda gözəl bir sünnət toyu baş tutur. Kirvə isə aşıq Hüseynin qohumu Bozalqanlı Ələs olur.” [23,s.281]. Müəllif dastan-əhvalatda 1919-cu ildə Göyçədə baş verən hadisələri, Səməd ağanın və Aşıq Nəcəfin faciəli ölümlərini də yazdıqdan sonra sonluğu belə bitirir:

“İlqar-iman, çobanlar, həqiqətən də oğlaqqıranda toğluları yığırlar. Daşkəndli Şahnəzər kişi deyir ki, mənim nəmərliyə layiq toğlum yoxdu, mən çəpiş verəcəm. Çobanlar razılaşmırlar ki, söz danışıqdan keçər, biz toğlu söz vermişik. Şahnəzər də gətirib toğlu verir. Amma, iş elə gətirir ki, toğlu dəli çıxır. Aşıq Ələsgər zarafat eləmək üçün götürüb çobanlara belə bir ismarıc göndərir:

Başına döndüyüm, Şahnəzər qardaş,

Əzəldən pis qurdun, vallah, bu işi.

Toğlun dəli olub sürüyə getmir,

Göndər gəlsin bizim ala çəpişi.” [23,s.282]

Əvvəla onu bildirim ki, Daşkənddə Pirnazar oğlu Hasan başqa, Şahnazar oğlu Hasan isə başqa bir şəxsdi. Başqa-başqa nəsillərdəndilər. Sadəcə adları eyni, ata adlarında isə oxşarlıq var. Abbas Vəfadağlı Pirnazarla Şahnazarı səhv salır. Müəllif şeiri də Şahnəzərə (!) müraciətlə verir. Halbuki şeir Pirnazarın oğlu Hasana yazılıb. İkincisi isə Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin söylənilən tərzdə görüşü də mübahisə obyektidi. Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn məlum sünnət məclisində görüşərkən toyda ağsaqqal kimi iştirak ediblər, aşıq kimi yox. Toyun aşığı da Aşıq Əsədlə Aşıq Qurban olub. Hətta həmin görüşə Bozalqanlı Aşıq Hüseyn bir neçə nəfərlə, özü də sazsız gəliblərmiş. Bu barədə Aşıq Talıbın xatirələrindən də ətraflı məlumatlanlamaq olar [24,s.523]. Üçüncüsü də çəpiş əhvalatı olanda Nəcəf hələ şəyirdliyə götürülürdü, heç evlənməmişdi. Digər bir məsələ də odur ki, Aşıq Nəcəfin oğlunun sünnət toyuna verilən nəmərlik toğluya və ya keçiyə Aşıq Ələsgər niyə şeir yazmalıydı ki? Əhvalatlar yazılarkən təəssüf ki, dəqiqləşdirmə aparılmamışdır. Ona görə də ciddi qüsurların olduğu göz önündədir. Məhz bu səpkili yanlış məlumatlar haqlı olaraq oxucular və tədqiqatçılar arasında çaşqınlığa səbəb olur. Hətta onu da qeyd edim ki, “Şahnazarlılar tayfasından Şahnazar oğlu Hasan kişi 17 il kəndin (Daşkəndin – A.Y.) koxası olmuşdur” [11,s.103]. Elə bu səbəbdən də onun bu əhvalatın iştirakçısı olması inandırıcı görünmür. Daha doğru olanı əvvəldə verdiyimiz Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanındakı variantdır.

İstifadə edilmiş ədəbiyyat:

1.Elxan Məmmədli, “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı”, Aşıq Talıb, “Könlüm Vətən arzular”, Bakı, “Elm və təhsil”, 2013.

2.Ziyəddin Məhərrəmov, “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (namizədlik dissertasiyası), AREA Ədəbiyyat İnstitutu, Bakı, 1997.

3.Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi” (məqalələr silsiləsi). // http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=144

4.Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Filologiya məsələləri” elmi toplusu, №2, 2011.

5.Мамедов Зият Мадрович // https://obd-memorial.ru/html/info.htm?id=85431906 

6.Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M (Mu…-N). RXKR, Bakı, 2011.

7.Araz Yaquboğlu, “Daşkənd aşıqları və şairləri”, Bakı, “Nurlan”, 2008.

8.Tərlan Göyçəli, “Göyçə aşıq məktəbi”, Bakı, “Göytürk”, 1998.

9.Məhərrəm Bədəlov, “Aşıq Hacı oxuyanda…”, Aşıq Hacı Göyçəli, “Mənim sazlı, sözlü dünyam”, Bakı, “Zərdabi LTD” MMC, 2008.

10.Xasay Zeynalov, “Göyçəsiz günlərim”, Bakı, “Nurlan”, 2006.

11.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, “Başı dumanlı Göyçə”, Bakı, “E.L.”, 2007.

12.Назаров Аббосали Гусейн-оглы // https://pamyat-naroda.ru/heroes/podvig-nagrada_kartoteka1273960005/

13.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=50232141

14.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=63684932

15.Daşkəndli Şair Məmmədhüseyn, “Yatıb oyanmaz, oyanmaz…”, Bakı, “Nurlan”, 2005.

16.Goranboy RHK-nın 18.06.1991-ci il tarixli, 4/643 nömrəli arayışı

17.Назаров Аббасали Рустам-оглы (mənbədə ata adı səhv yazılıb) // https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_yubileinaya_kartoteka1512702006/

18.Araz Yaquboğlu. “Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları”, “goyce.az” saytı, 09.05.2021. // http://goyce.az/news.php?id=1739

19.Respublikanın mədəniyyət və maarif idarələri işçilərinə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24.05.1978-ci il tarixli fərmanı // http://www.anl.az/down/he_serencamlar.pdf

20.“Səməd Vurğunla Aşıq Abbasəlinin deyişməsi”, “Naftalan” qəzeti, 19 may 2014.

21.Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər. (tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgərov), Bakı, “Yazıçı”, 1988.

22.Şiruyə Həsənoğlu. “Ağlama, bülbül, ağlama”, “Gəncə” nəşriyyatı, 1994.

23.Abbas Vəfadağlı. “Ulu Göyçəm”, Bakı, “Renessans”, 2017.

24.İslam Ələsgər. “Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn haqqında rəvayət” və mənim başıma gələn hekayət. // Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgər), Bakı, “Şərq-Qərb”, 1999.

Müəllif: Araz  YAQUBOĞLU

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

AŞIQ ABBASƏLİ NƏZƏROVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru