Etiket arxivi: ŞAİR

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA-CABİR NOVRUZ

CABİR NOVRUZ

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA…

Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir…
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

Müəllif: Cabir NOVRUZ

CABİR NOVRUZUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BAYRAMINIZ MÜBARƏK!!!

Salam hörmətli oxucular və çox dəyərli ziyarətçilər! Bayramınız mübarək! Bu il Ramazan bayramını Şuşa məscidində bayram namazı qılmaqla, Cıdır düzündə “Xarıbülbül festivalı – 2021”-in qala konserti ilə qeyd etmək böyük xoşbəxtlikdir! Bu səadəti bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, hamınızı bütün bu şanlı qələbələr, nilliyyətlər, bayramlar münasibəti ilə təbrik edirik! Bayrağımız uca, uğurlarımız daimi, müstəqilliyimiz əbədi olsun, İnşəaAllah!!!

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi… – Qurban BAYRAMOV yazır

Qurban Bayramov – tənqidçi-ədəbiyyatşünas.

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi… – Qurban BAYRAMOV yazır

Bir gün Pablo Nerudadan soruşurlar: “Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız, həmin antologiyada Nazim Hikmətə də yer ayırardınızmı?” Pablo Nerudanın cavabı belə olub: “Əgər tək bir şairdən ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət olardı.”Düşünürəm ki, Nazim Hikməti Azərbaycanda tanımayan yoxdur, eləcə də, Hidayəti…  Həmçinin Nazim Hikmətin “Ceviz ağacı” şeirini də bilməyən yoxdur. Nazim Hikmət və ceviz ağacı, eləcə sinonimə çevrilibdir…Bu şeirdə belə bir qoşa misra var: ”  Ben bir ceviz ağacıyım Gülhane Parkında.  Ne sen bunun farkındasın, ne polis farkında.” Ola bilsin ki, indiki gəncliyimiz bu dediklərimin “farkında” olmasın, ona görə də, yaddaşı bərpa farkında olaraq məlumat vermək məcburiyyətindəyəm.
Nazim Hikmət! Türk şairi, yazıçı, ssenarist, dramaturq və ictimai xadim. Ləqəbi “Gözəl üzlü şair” və ya “Mavigözlü dev”dir. Əsərlərinin qadağan illərində Orxan Səlim adından da istifadə etmişdir. Türkiyə poeziyasında sərbəst şeirin ilk nümayəndəsi və çağdaş Türk şeirinin ən ünlü və önəmli şəxsiyyətidir. Türk inqilabi poeziyasının əsasını qoymuşdur. Beynəlxalq miqyasda tanınmış və adı XX əsrin ilk yarısından məlum olan dünyanın ən böyük şairləri sırasında çəkilməkdədir. Beynəlxalq Sülh mükafatı laueratı (1950) fəxri adını almışdır.
Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga,
hasret ve ümitten ibaret.
20 noyabr 1901-ci ildə Selanikdə doğulsa da, ailəsi tərəfindən 15 yanvar 1902-ci il qeydiyyata alınmışdır. “Vətən fəryadı” adında ilk şeirini 1913-cü ildə yazmışdır. 1922-ci ildən Türkiyə Kommunist Partiyasının üzvü olmuşdur. Buna görə ayrı-ayrı vaxtlarda üst-üstə 11 dəfə məhkəmə çəkişmələrində olmuş və həbs edilmişdir. Sonra mühacirət eləmiş, Moskvada məskunlaşmışdır. Nazim Hikmət əvvəllər də, 1922-1925-ci illər arasında da Sovetlər Birliyində yaşamışdı… “Günəşi içənlərin türküsü” adlanan  ilk kitabı da burada – Azərbaycanda, Bakıda nəşr edilmişdir. “Bakıya gəldim, dünyalar mənim oldu” deyirdi şair. Lakin hər gəlişində o da Bakıya bir dünya bağışlayırdı. “Günəşi içənlərin türküsü” kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin və digər ünlü sənətkarların yaradıcılığında bariz şəkildə öz təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim poeziyasının ətri duyulur. Bu şairlərin içərisində Rəsul Rzanın özünəməxsus yeri vardı.
Əsərləri 1938-ci ildən Türkiyədə yasaqlanmış və 25 iyul 1951-ci il tarixində Türkiyə vətəndaşlığından  çıxarılmışdır. 28 il həbs cəzası almış, onun 12 ilini Bursa həbsxanasında  keçirmiş, 1950-ci ildən yenidən Moskvaya getmişdir. Nazimə görə bu həbsxana da belə xoşbəxt olaraq məşhurlaşmışdır… 3 iyun 1963-cü ildə Moskvada infarktdan vəfat etmiş, ölümündən iki il sonra – 1965-ci ildən əsərləri Türkiyədə yayımlanmağa başlamışdır… 5 yanvar 2009-cu ildə Türkiyə dövlətinin qərarı ilə Türkiyə vətəndaşlığı bərpa edilmişdir. Həmin hadisə “Ədəbiyyat qəzeti”ndə görkəmli yazıçı, Nazim Hikmətə həsr etdiyi “Kərəm kimi” mükəmməl əsərin müəlifi  Anarın “Zəfərin mübarək, Nazim” məqaləsi ilə qeyd edilmişdir.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Mahir pedaqoq və ədəbiyyatşünas Əli Sultanlı isə şairi “Türk şeirinin Prometeyi” adlandırmışdır. Müxtəlif vaxtlarda  onu “Nazim Hikmət qalaktikası”, “Dünya poeziyasının türk şahzadəsi”, “Şeir inqilabçısı – Nazim Hikmət”, “Dühanın tənhalığı”, “Türk sərbəst şeirinin banisi” təşbihləri ilə vəsf etmişlər. Tanınmış Türk ədibi və jurnalisti Zəkəriyyə Sertelin “Mavi gözlü dev” adlandırdığı Nazimi “Nazim Hikmətov”, “Kommunist Don Kixot” adlandıranlar da olubdur. Amma Pablo Neruda demiş: “Bu o Nazim Hikmətdir ki,
Türkün səsini bütün bəşəriyyətin səsinə çevirdi!”
Azərbaycan ədəbi mühitində fövqəladə bir səviyyədə sevilmiş və poeziyamıza, poetik təfəkkürümüzə gözəl təsiri olmuş, barəsində tədqiqatlar aparılmış, kitablar və məqalələr dərc edilmişdir…  Nazim Hikmətin “Otuz ildən sonra” adında bir şeiri var, 1957-ci ildə, Bakıya gəlişində yazıb, orada bu misra keçir: “Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu”.
İndi 2017-ci ildir, XXI əsrdir və həmin şeirdən 60 il sonra Azərbaycanın ünlü şairi, dramaturqu, yazıçı-publisisti, ictimai xadim Hidayət “Ceviz ağacı”nın budaqlarında Nazim Hikməti yenidən Bakıya gətirdi. “Ceviz ağacı”nı isə dilimizə ilk dəfə Rəsul Rza uyğunlaşdırmışdı və “Rənglər” silsiləsi şeirlərinin birində “Üfüqdə göy gözlərin sarı həsrəti” deyərkən Nazim Hikmətin həsrətini nəzərdə tuturdu… Və bu həsrət “Ceviz ağacı” şeirində də budaq-budaq budaqlanır, yarpaq-yarpaq yarpaqlanır…
Nazim Hikmət haqqında Azərbaycanda yazılan və hələlik son əsər olan ünlü ədibimiz Hidayətin “Ceviz ağacı” essesi bizi bu  sətirləri yazmağa vadar elədi…
Nazim Hikmət Hidayətin ən çox sevdiyi şairlərdəndir, özü də barmaqhesabı… Onun poetik ruhunun və üslubunun bir damarı da Nazim Hikmətdən gəlir… Bu essesində isə məhəbbətini və ehtiramını belə ifadə edir: “…O ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. – Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, – deyirəm, – bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda – Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə…, Rusiyada – Sergey Yesenin, Braziliyada – Jorj Amadu… Səməd Vurğunun misralarını xatırlayıram: “Nazim də ucaltsın haqqın səsini / Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini” Qavalos Romadan, Siya-U Çindən… XX əsrdə çoxdur böyük şairlər.  Ancaq ən böyüyü Nazim Hikmətdir.”
Hidayət müəllim bu esseni 2011-ci ildə qələmə alsa da, mən bunu ilk dəfədir ki, oxudum və olduqca təsirləndim. Əslində, bu esse janrında yazılmış və nazimşünaslıqda “gizli” qalan mühüm bir bədii fakta elmi, ədəbi-estetik münasibətdir, müasir intellektimizin Nazim Hikmətə ucaldılan abidəsidir…
Hamıya məlumdur ki, Nazim Hikmətin “Ceviz ağacı” şeiri onun ən məşhur, geniş yayılmış, deyərdim ki, dillərdə əzbərə çevrilmiş monumental ədəbi dəyər qazanmış əsərlərindən biridir. Bu şeirin yaranması barəsində, hətta belə bir əfsanə də uydurulubdur: “Bu şeirin gerçək bir hekayə olduğunu bilməyənlər üçün isə hekayəni danışmaq istəyirəm.  Güya bir gün Nazim Hikmət sevgilisi ilə Gülhane parkında görüş təyin edir. O dövrdə Nazim Hikmət haqqında həbs olunma qərarı var idi. Qaçaq şəkildə yaşayan Nazim parka polislərin gəldiyini görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də şairin sevgilisi keçir. Nazim Hikmət isə onları üzgün bir şəkildə izləyir, şeiri yazır.”  Əlbəttə, bu “Ceviz ağacı” şeirinin sehrinə düşərək söylənilən əfsanədir və eləcə Nazim Hikmətə xalq-oxucu məhəbbətinin ifadəsidir. Və bu məhəbbətin gücüdür ki, yolu İstanbula düşən elə bir “Nazim sevdalı” ziyalımız, yazıçımız, şairimiz olmasın ki, Gülhanə parkına gedərək Nazimin ceviz ağacını aramasın…
… Gülhanə parkında ceviz ağacı olmayıbdır. Bunu Nazim yaxşı bildiyindən özünü Türkiyədə, məmləkətin baş şəhərində, bu baş şəhərin baş parkında  bir ceviz ağacı kimi təqdim edibdir. “Ben bir insan, ben bir Türk şairi Nazım Hikmet, ben tepeden tırnağa insan, tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…” – deyə, bağıran Nazim Hikmət Türkiyədən məcburən  mühacirət etsə də, heç kimin farkında olmasa da, o yenə də Türkiyədədir, Türkiyənin bağrındadır. Nazim “Sen” ifadəsini də sevgilisinə yox, sevdiyi Türk vətəndaşlarına, istanbullulara xitab edibdir…
Hidayət müəllimin “Ceviz ağacı” essesinin ədəbi-estetik mahiyyəti də bu gerçəyə bağlanır. Essenin əsas məzmunu bundan ibarətdir ki, Hidayət müəllim də Gülhanə parkında Nazim Hikmətin ceviz ağacını axtarır və məlum olur ki, bu parkda yaranışından bəri ceviz ağacı olmayıbdır. Bunu parkda 40 ildən artıq işləyən bağban da, Hidayət müəllimi müşayiət edən Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqan da bildirirlər…
Qayıdıram Hidayətin şairanə, təsirli, assosiativ duyğularına: “…Əvvəlcə Topqapı muzeyində sehirlənirəm. …Topxananın sehirlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam. Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə parkındakından. İçimdə Nazimin şeirinin misraları səslənir:
Yüz bin elle dokunurum sana, İstanbula;
Yapraklarım gözlerimdir, şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni, İstanbulu,
Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında.”
Hidayət də, öz doğma kəndindən, ordakı ceviz ağacından erməni işğalçılarının məkri ilə perik düşüb…Nazim Hikmətin bütün şeirlərini nəzərdən keçirdim, nə əvvəl, nə də bu şeirdən sonra heç bir yerdə ceviz ağacının adı çəkilmir, bundan bədii detal kimi istifadə edilmir. Amma Nazimin əsərlərində Çinar ağacı sıx-sıx poetik detala şevrilir -“Çınarlarında kolan vurdum, hapisanelerinde yattım. Hiçbir şey gidermez iç sıkıntımı, Memleketimin şarkıları ve tütünü gibi…”  Hətta Nazim Hikmətin belə bir vəsiyyət şeiri də var:
“Anadoluda bir köy mezarlığında gömün beni
Ve bir de uyarına gelerse
Tepemde bir de çinar olursa,
Daş-maz da istemez…”
“Ceviz ağacı” şeiri dəfələrlə təhli edilib, ona münasibətlər bildirilib. Lakin hec kim “farkında” olmayıbdır ki, bu ceviz ağacı Nazimin özüdür, öz obrazıdır, özünün özünə İstanbulun mərkəzində ceviz ağacı ilə ucaltdığı heykəldir. Türkiyəni qollara çevrilmiş yüz-yüz budağıyla qucaqlayır, min-min ürəyə çevrilmiş (qəribədir qoz yarpağı da ürəyə oxşayır) yarpağıyla sevən, vətən sevdalı yeganə, təkcə, tək şair olmasına işarədir… Olmayanı oları etməkdir! Hidayət müəllimin “Ceviz ağacı” essesi mənim hisslərimdə bu kodun açarına çevrildi… Düyünləri açdı…
Müəllifin – Hidayətin yaşı, ictimai statusu, intellekt səviyyəsi və həqiqət sevdası ona inanmağı tövsiyə edirdi və inandım… Hidayət müəllim bu çalkeçid fikirlərə bir aydınlıq gətirdi və Gülhanə parkında heç vaxt olmayan bir Nazim Hikmət adında ceviz ağacı əkdi…  Nazim Hikmət fiziksəl olaraq ölənə qədər Peredelkinoda yaşasa da, ruhən Gülhanədə ceviz ağacına dönüb əbədən öz yerini tutdu… O, bütün şeirlərində “Qübbəli, çinarlı bir mavi liman” axtarsa da, yenə də Gülhanədə, Türkiyənin ürəyi İstanbulun ürəyində Ceviz ağaçı olaraq ucaldı…

Müəllif: Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ehtiram İlham – Bilmədim

Ehtiram İlham – şair.

BİLMƏDİM

Sən yaxşı adamsan, Adam!
Mən yaxşı ola bilmədim.
Səni görə-görə,
gör ki,
Mən adam qala bilmədim.

Düz nə varsa, Allah sandım,
Haqq olmayanı dandım.
Hallı-hallı havalandım –
Gəldim nə hala, bilmədim.

Bilmədim eşq nə, yar nədir,
Bilmədim gen nə, dar nədir,
Bilmədim göy nə, yer nədir,
Dağ, dərə, tala bilmədim.

Dillərdə əzbər olardım,
Pis-yaxşı xəbər olardım.
Ölsəm, bəxtəvər olardım,
Vaxtında ölə bilmədim.

Məni boş ver….
Balam iki!
Onlar var olsunlar təki.
Eh…mənə nə qalmışdı ki,
Məndən nə qala, bilmədim.

10.05.2021.

Müəllif: Ehtiram İlham



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MİN ŞÜKÜR

Zaur Ustac – şair, publisist.

MİN ŞÜKÜR

Bir yaqut gizlidi sədəf dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib əlif dalında,
Dildən dilə gəzdirənə min şükür…
* * *
Dədəm, babam nəğmə deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis qurub, min oxuyb, yüz qoşub,
Teldən telə gəzdirənə min şükür…
* * *
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm süzülər bilinməz,
Eldən elə gəzdirənə min şükür…
20.10.2016.  Bakı.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÜLYAHƏZRƏT – ZAUR USTAC

Zaur Ustac – şair, publisist.

ÜLYAHƏZRƏT
Könül sarayımın sultanı sənsən,
Qəlbimdə qurduğun taxtın mübarək!
Ruhum təbəəliyi özü üstənib,
Biətin mübarək, andın mübarək!
* * *
Zaman neçə kərə dayandı, durdu,
Adi təbəssümün bir dünya qurdu,
Baxışın isitdi viranə yurdu,
Ocağın mübarək, odun mübarək!
* * *
Sözdən ilmə – ilmə toxunub tacın,
Nəyim var, nəyim yox qoy olsun bacın,
Bu yolda qurbanlıq özü Ustacın
Məqamın mübarək, adın mübarək!
18.03.2020. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“HƏ” DEYƏSƏN KAŞ… – İLDIRIM ƏKBƏROĞLU

İldırım Əkbəroğlu (Füzuli) – şair. MYK-nın sədri.

“HƏ”  DEYƏSƏN  KAŞ  MƏNƏ  BİRCƏ  KƏLMƏ

Qınamasın bu oba, bu el məni,
Gəl, ürəkdən, sən də, gülüm, duy məni.
Çox eşitdim dilindən xoş kəlməni,
Söylə mənə bu sözü gəl, çox bilmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə.

Nurla yuyur düz-dünyanı- Ay oyaq,
Qəlbimizi biz də bu nurda yuyaq.
Ay ulduzla gəlib görüşən sayaq,
Gəl görüşək, bu gün yuxuma gəlmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə

Sevgi qəlbdə toxum salan gül-çiçək,
İnadını boşla getsin, gəl, əl çək!
Gözlərindən göz yaşını silən tək,
Saf eşqini ürəyinə yaz, silmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə

İldırım, sevgidən hər kəs halıdı,
Söz var ki, sözlərin qəndi, balıdı.
Həyat göz oxşayan gözəl xalıdı,
Sən də xoş sözünlə ona vur ilmə,
“Hə” deyəsən  kaş  mənə bircə kəlmə.

Müəllif: İldırım Əkbəroğlu


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ – MAY 2021 SAYI PDF

“YAZARLAR” JURNALININ – MAY 2021 SAYI PDF

                               BU  SAYIMIZDA

Baş  redaktordan………………………………………………….3

Qələndər  Xaçınçaylı. Q.Bayramova doğum günü təbriki……4

Akif  Abbasov. Alça ağacı…………………………………………9

Təranə  Məmməd. Gül  səbəti………………………………….13

Adilə Nəzər. Şeirlər……………………………………………….16

Rahim Üçoğlanlı (Rzayev). Şeirlər…………………………….21

Tarixi yaşadanlar – Əliqulu Qəmküsar…………………………27

Zaur Ustac. Belə bir kitab var…………………………………..32

“TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 39 səh.                Çapa imzalanıb: 05.05.2021.

“YAZARLAR” JURNALININ MAY – 2021 SAYI PDF:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA – M. FƏRQANƏ

Fərqanə Mehdiyeva – şair, sonuncu iş yeri “Ulduz” jurnalı.

QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA

Sevin, sevginizi kəsir qoymayın,
Ürəyi nanə tək əsir, qoymayın,
Ömrünü misradan asır qoymayın,
Qızları qoymayın şeir yazmağa.

Yazırsa..Tanrıdan söz alıb nədi,
Soyuq bir baxışdan sozalıb nədi,
Sevdi qismətləri azalıb nədi,
Qızları qoymayın şeir yazmağa.

Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar,dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Bacarın dərdini,odunu alın,
Yaralı soyunu adını alın,
Dağılmış yerini,yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Müəllif: Fərqanə  Mehdiyeva

Allah rəhmət eləsin… Ruhu şad olsun…


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRQANƏ MEHDİYEVA HAQQINDA – RUHU ŞAD OLSUN

Fərqanə Mehdiyeva 2 may 2020 – ci ildə vəfat edib. Allah rəhmət eləsin.

“QIZLARI  QOYMAYIN  ŞEİR  YAZMAĞA”

(Fərqanə Ananaın əziz xatirəsinə)

Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan  hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun  bu rəzalət və zəlalət dolu dünyada  daha çox əziyyət çəkməsini  rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…

Əlbəttə, bu  tam subyektiv  bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və  bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm  axtarıb, bu yazını yazım  məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın  deyə  içini boşaltmaq istəyənlər …  Birinci qrup qələm adamlarını  yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə  həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq… Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) …  O,  bax elə adına, ruhuna istinad edib,  yazmaq istədiyim  bu yazının da yoluna çıraq tutan “QOYMAYIN  QIZLARI  ŞEİR  YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə  öz ağzından eşitdiyim yadımda deyil. Ancaq, sonuncu  dəfə  özünün  içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində  Bakı şəhəri,  Xətai rayonunda  yerləşən 64 saylı məktəbdə  keçirilən  Gülşən Mustafanın kitab təqdimatı  zamanı  ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin…  Nəsə  o  səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar  müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək  çox asanlıqla tapıb oxuya bilərlər.  Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda  istinad etmişəm):

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Şeirin ilk sözündən son kəlməsinə  qədər  içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur.  Və “…mən bilirəm, bu nə deməkdir…”  onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin,  hələ “beş dərdindən biri”  olsa da,  el-aləmə faş olmasın…  Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən  keçirmiş, yaşamış  insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına  rəva görməyən  yazarın, seçilmiş  müdrik bəndənin,  ilahi məqamdan  söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan  (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə  Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə  həmişə  bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri  də eyni qəbildən olan sənət əsərləridir.  Bəlkə də  mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları  narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə  düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib…  Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu  şad osun:

ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!

Atalar, qızlara siz ad verəndə,

Elə ad vein ki, bəxti yar olsun!

Ya Humay çağırın, ya Sona deyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Sükeydə, Fəğanə, adı verməyin,

Bəxtinin yoluna “cadu” hörməyin,

Uğurlu bir adı əsirgəməyin,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Adı elə seçin, Aydan bac alsın,

Ayağı  zəmində, göyə ucalsın,

Adıyla qarıyıb, xoşbəxt qocalsın,

Elə ad verin ki, bəxti yar olsun!

*    *    *

Əridib gözünün, nurun qarəsin,

Zaur  “Ustac” ilə tapıb çarəsin,

Hamı xoşbəxt istər  ciyərparəsin,

Elə ad verin ki, bəxti yar olsun!

Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…

04.05.2020 – Bakı ş.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ ALTINCI yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda şair Fərqanə Mehdiyevanın əziz xatirəsinə həsr olunmuş “Mən sizə darıxmaq öyrədəcəyəm” xatirələr toplusunda çap olunub. səh. 369.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru