keçirilən canlı yayımda 49 (qırx doqquz) nömrəli diplomun sahibi Aysel Xanlarqızı – Səfərli 28 may 2022-ci il tatixində Beynalxalq Muğam Mərkəzində baş tutacaq Almaxanımın solo konsertinə iki nəfərlik bilet qazandı. Təbrik edirik.
Bu gün Təranə MƏMMƏD öz “Sirr”ini oxucularla bölüşdü. İçərişəhər – Bookhouse & Cafedə gerçəkləşən görüş məkana, mən deyərdim ki, söhbətin predmetinə uyğun olaraq bir qədər fərqli formatda təşkil olunmuşdu. Əksəriyyəti adlı-sanlı qələm adamları olan qonaqların oxucu qismində iştirak etdiyi görüş geniş və əhatəli diskusiya şəklində əsl nümunəvi bir tədbir kimi yaddaşlara yazıldı. Tədbirdən fotolar:
Pərvanə Salmanqızı10 noyabr 1974-cü ildə anadan olub. Gənclik illərindən poeziya aşiqidir. “Dəmir yumruq” adlı kitabı 2021-ci ildə “Borçalı” nəşriyyatında nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunur. Bir neçə Fəxri fərman və mükafatla təltif olunub.
DOSTUMA Sevgidir məlhəmi sevən ürəyin, Sevmirsə , o ürək, daşdı, əzizim. Ayrılıq bir dərddi, olmaz gərəyin, Çarəsi gözlərdə yaşdı, əzizim. * * * Ürək geniş olsa, yerin dar olmaz, Sevən könüllərdə dərd, azar olmaz, Gözü oynayandan sənə yar olmaz, Məhəbbət ağılla xoşdu, əzizim. * * * Hər yaşın sevgisi ruha dayaqdı, Yüz insan seyr edir, baxma, oyaqdı, Bir qoca kiminsə gözünə baxdı, Dalınca dedilər, çaşdı, əzizim. * * * Məhəbbət yandıran, alovlu yoldu, Neçəsi alışdı, yarıda qaldı, Kimi dəli etdi çöllərə saldı, Dedilər həddini aşdı, əzizim. * * * Neçə canda neçə sevgi boğular, Qocalarıq, eşq, məhəbbət soğular, Sevgi də beyində, başda doğular, İnsanı var edən başdı, əzizim. * * * Ay Murad, ayıq ol ,yuxudan oyan, Naşıdı dünyanın malına uyan, Eşqdən xumarlanıb, iyini duyan, Ləzzət alan, gözlə qaşdı , əzizim.
ÖVLADLARIMA Dünya, fani dünyadır, Öz ağlınla otur, dur. Laylay çalır, oynadır, Axırda qalib odur. * * * Yıxıldınsa, çalış dur Qorunma yedəklərdə. Özünə bir koma qur, Sürünmə ətəklərdə. * * * Öz qədrini özün bil Özgəyə möhtac olma! Eşqlə yaşa, sevin, gül, Çalış, işlə, ac olma! * * * Ümid olma heç kəsə, Nəyin varsa, yiyə dur. Girmə heç kimlə bəhsə, Ağıllısı, bax budur! * * * Pisi yaxına qoyma, Sadə davran, ayıq ol. Yalana, küyə uyma, Aldanarsan, sayıq ol. * * * Yalqız olma həyatda Təklik bir həyat deyil. Yandırsalar da odda, Ancaq Allaha əyil. * * * Nəfsinə qul olma sən, Tamahında batarsan. Səbr eyləyib gözləsən, İstəyinə çatarsan. * * * Təkəbbürlü olma heç, Tanrı sevmir dikbaşı. Sən gəl günahından keç, Adam olmur hər naşı. * * * Dərdi yaxına qoyma, Həyatda pozitiv ol! Yaxşılıq elə, doyma, Pisliyə heç açma yol! * * * Həyat, mübarizədir, Sabaha yoxdur güman. Mənim sözüm sizədir, Halal olun hər zaman!
İNCƏ DƏRƏSİ Nə gözəl mənzərədi Ruhumu alıb gedir. Bəlkə, buna görədi Əhvalım göylərdədi. * * * Yaradandan bəndəyə Lütf olan gözəllikdir. Ruhum dil açır deyə Yarəb, dünya mənlikdir. * * * Ətrafımda quş səsi Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdir. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdir. * * * Bütün dərdi-sərini Burda unutmaq olur. Könlüm məzar yerini Sonunda burda bulur. * * * Bura arxam, güvənim Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Bu yaşımda anladım, Ömrü harda bitirdim. Öz-özümü danladım Gör, nələri itirdim. * * * Bu yurdun torpağına, Daşına qurban olum! Gələcəm ayağına İncə dərəm, son yolum!
XEYİR GÖZLƏ Hər işdən bir xeyir gözlə, Şəri ancaq xain istər. Dərd ovunmaz adi sözlə, Bir istilik, qayğı göstər. * * * Alnımızda yazılanın Sahibiyik, yiyəsiyik. Bir qaranlıq gündə hamı Eyni qapı döyəsiyik. * * * İçimizdə ölüm xofu Gah ölürük, dirilirik. Canımızdan qopan ofu Ağrı, acı, dərd bilirik. * * * Bu dünyanın qonağıyıq Dünyamızda çoxu kimi. Yüz oyunun qınağıyıq Unudarıq yuxu kimi. * * * Arzuların arxasınca Hey qaçarıq, yorulmarıq. Ömür bitib can çıxınca Nəfsimizdə durulmarıq. * * * Sonda ruhla vidalaşıb, Bu dünyanı anlayırıq. Son keçilən səddi aşıb, Özümüzü danlayırıq.
MÜBARƏK OLSUN Gəldi ramazan ayı Yarəb ayın mübarək! Payla ramazan payı Hər süfrəyə! Şükr edək! * * * Qoy sevinsin insanlar Xəstələr şəfa tapsın. Nolar naşükür canlar Şükr etsin, tövbə yapsın. * * * Yaradan millətimə, Kin, küdurət verməsin! Daim gülsün ürəklər, Heç kim kədər dərməsin! * * * Küsülülər barışsın, Nifrət, nifaq olmasın. Başlar xeyrə qarışsın, Şər əməllər qalmasın. * * * Bu ay ruzi gətirsin, Hər süfrəyə, hər evə. Saf diləklər bitirsin Yaşayaq sevə sevə.
ÜRƏYİMİN SƏSİ Ruh halımı bölüşməyi sevmərəm Üç olarıq kağız, qələm, bir də mən. Dəyişmədim, dəyişmədi yan yörəm Otaq həmən, masa həmən, ruh həmən. * * * Sakit gecə, sözə bağlı bir canam Eşidirəm ürəyimin səsini. Uşaqlıqdan üzüyola insanam Nə deyir yazıram hər kəlməsini. * * * Elə gün olur ki, qapımı döymür Bəzən əzab verir ürəyim mənim. Olur ki, ruh verir xətrimə dəymir Nə bu günüm inciyir, nə də dünənim. * * * O, məni yaşadır, o, nəfəs verir Məni incitsə də, mən ona qulam. Əgər ağrımırsa boş həvəs verir Bilir ki tükənmiş , keçilmiş yolam. * * * Bu yaşa çatmışam, ona borcluyam Nə yazdım qəlbimin səsiylə yazdım. Vallah inanmıram yazmaqdan doyam Yazdıqca bu ömür yolunda azdım.
YAĞIŞ YAĞIR Yağış yağır ümidlərim yuylur Çiçək ömrüm yavaş yavaş gül açır. Bu yağışdan saf diləklər ayılır Körpə kimi gülümsəyir, dil açır. * * * Damlaların tappıltısı oyadır Neçə neçə mürgüləyən hissləri. Qəm yuyulur, sanki rəngli boyadır Tam ağardır günah görmüş kəsləri. * * * Yağış yağır, həyat sanki canlanır Elə bil ki nəfəs alır kainat. Köhnə dərdlər yaddan çıxır sonlanır Gül arzular həmən açır qol qanad. * * * Bu his pasın çevrəsində bəxtimiz Yuyulmasa kif balayar pas atar. Nə yaxşı ki, selə dönüb axdınız Yağ ey yağış, yoxsa dünya tam yatar.