Xalq şairi Osman Sarıvəlli qələmindən “Gətir, oğlum, gətir” Mən kənddə doğuldum, sənsə şəhərdə, Sən beşikdə yatdın, mənsə yəhərdə. Yatdım boz otlaqda boz dovşan kimi… Gözümüz dünyaya açılan kimi Mən çomaq götürdüm, sən kağız, qələm, Çomaq bir aləmdir, qələm bir aləm… Dolandı sənələr, dolandı aylar, Gah dondu, gah coşdu, bulandı çaylar. Zaman hökm elədi…Bir qərib axşam Yolun məskənimə düşdü nagahan. Səni oğul kimi o yerdə mənsiz Bağrına basdımı ana kəndimiz? Xoşuna gəldimi Kürün kənarı? Gördünmü, gördünmü göy çinarları? Görürəm, səfalı bir yaz axşamı Çinarın dibinə yığışır hamı. Bu saz məclisindən olanlar halı – Kəndin ağsaqqalı, qarasaqqalı Oraya toplanıb…Sən də bu axşam, Orda, uşaqların arasındasan. Ortada vüqarla aşıq gəzişir, Danışır arabir, deyir arabir. Bir qoca yerindən səslənir bu an: – Aşıq, bir nağıl de, səsinə qurban! Hamı vəcdə gəlir…Bu məsləhəti Bəyənib dəyişir aşıq söhbəti; Bir dastan başlayır coşqun həvəslə, Min yerdə xal vurur yanıqlı səslə. Xalqın əzəməti, fikri, xəyalı, Onun hissi, zövqü, ağlı, kamalı Sanma bir qılıncda, bir hünərdədir, Onlar bu sazlarda, bu sözlərdədir!.. Bu günün qəlbinə girmək istəsən, Durduğun pillədən hələ bir az en. En! Uçan alçalar, enən ucalar! En! Yerin təkində xəzinələr var. Demə “köhnə sözün mənası nədir?” Hər söz, anlayana bir qərinədir!.. Hər fikir mülkündə zərrin tac yatır, Hər meyvə tumunda bir ağac yatır. Hər kiçik bayatı xalqın səsidir, Kamal dünyasının xəzinəsidir. Bahar gecələri enib sahilə Uçan ləpələrin səsini dinlə! Gümüş dalğalarda Ay baxan zaman Düşün, gör nə deyir çay axan zaman? Kömürdən almaz çək, yarpaqdan ipək, Daşdan gövhər çıxart, buluddan şimşək. Gətir ildırımın məğrur səsini, Qumru bulaqların zümzüməsini. Zəmilərdən sünbül, bağçalardan bar, Dərələrdən vüsət, dağlardan vüqar… Özünlə çiçəkli, güllü yaz gətir, Bir aşıq mahnısı, bir də saz gətir! Gətir, yollarına müntəzirəm mən! Gətir, bu fürsəti vermə əlindən! Ana yurdumuzun nəyi var gətir – Məhəbbət, sədaqət, etibar gətir!..
Bu şeri AYB-də çoxlarının sevimlisi olan şair dostum Zaur Ustaca həsr eləmişəm. ZAUR müəllim Azərbaycanın qəhrəman oğullarından biridir. 1-ci və 2-ci Qarabağ savaşında iştirak edib, qazidir. Şirin dili, gözəl qələmi var.
O ağacın altı bu gün boş qalıb
Atamdan yadigar həyətımızdə, Dostluğun məbədi nar ağacı var. O nar ağacını sevirik biz də, Narın meyvəsinin çox əlacı var.
Çoxdandır, Zauru gözəl insanı, Narı ziyarətə çağırmışam mən O, igid, qəhrəman, qazi oğlanı, Ülvi sevgisiylə bişirmiş Vətən.
Onun qəlbindəki duyğular,hisslər, Gözəl Qarabağın mayasındandır. Şuşanın üzünü bəzəyən çislər, Ağdamın saf təmiz havasındandır.
Ağ üzlü Ağdamın zəvvarı olan, Hələ ziyarətə gəlməyib narı. Vətənin qazisi, şairi oğlan, Gözü yolda qoyub dost olanları.
Bahardır, rəvamı belə gözəl gün, Nar ağacımızın altı boş qala?. Sındırıb şeytanın qıçını bu gün, Zaur öz dostunun qonağı ola.
Oturaq altında biz gözəl narın, Şirin söhətlərlə dincələk bir az. Udub nəfəsini gözəl baharın, Döşəməli aşdan yesək pis olmaz.
O ağacın altı boş qalıb Zaur, Sənin qulaqların cingildəmirmi? Şəhərdə qaldığın daha bəsdir, dur, Ruhun dincələcək dost istəmirmi? Göyçay şəhəri
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
“Fotonu 2000-ci illərin əvvəllərində Strasburqda Şahin Sinariya çəkib. Şəhəri gəzərkən Vaqif müəllim qeyri-adi adı olan bu məkanı görüb ayaq saxladı,-gəl, burda bir şəkil çəkdirək- dedi. Şairin 85-ci doğum günündə onunla bağlı xatirələrimi yazdım, bu fotonu da xatırladım. Ruhu şad olsun!” – RƏŞAD MƏCİD