Yadındadır o günlər? Sizə gələrdik … Gülərdik, əylənərdik, sonra qəfildən hamımız bircə-bircə susardıq… Bir də görərdik ki, uzaqların lap uca məqamından gözlərimizə baxırsan… Gizlətmə məndən ; Ha tərəfə dalırdı gözlərin? Şəhid qardaşının, hələ cavan yaşda, beli bükülən ananın, sənə həyan olan, o sadə atanın yanına ? Uzaqlara? Çox darıxırdın, gözünə qurban? kimsəsizliyin çox mu dərd olurdu, ömrün boyu yük daşıyan başına? Səninləyəm e, torpağına həsrət, Cavab ver … Çoxmu əzab çəkirdin ölüm yatağında? Susma … Yaxşı, sus… Sən sus, mən danışım… Xatırlayırsan? bir konfeti, bir almanı, bir çörəyi yarı bölərdin, düz üçümüzün arasında. Götürməsək, söz edərdin… Bəs indi dillən görüm, son istəyin nə oldu ? Nəyi dadmaq istədin? Kimi görmək istədin ? Hansımızın adı əzbərində idi? Lənət oxudun mu bizə ? İncidinmi, bu yad doğmalardan, küsdünmü, biriciyim? Necə dirəndin bu səfalətə, necə dirəndin bu ağrılara, bu səfilliyə, bu alçaqlığa ?! Çox yaxşı xatırlayıram… Son görüşlərimizdə, divarları nəmdən paslanmış, soyuq xəstəxananın bir küncündə, astadan danışdın; Dedin, aparın məni… Çox aciz idim, çox uşaq idim, yanında idim, amma əlim çatmırdı sənə. Görərdin xeyir yoxdur kimsədən, bir sığal çəkərdin, İndi əllərinə möhtac qalan, ucu qırıq-qırıq saçıma. Sən gedəndən küsüb e, uzanmır ki bu mirət… Yoxluğundan 3 həftə əvvəl, burnumun ucu göynədi sənə; baxışına, duruşuna, sözlərinə kimi. sözlərinin hərflərinə kimi . Varlığını düşündüm hər gecə, hamıdan xəbərsiz. Amma bağışla, hamı ilə birgə yoxluğunu düşünə bilmədim. Ağrını, Xəstəliyini, sənin də darıxdığını, düşünə bilmədim … Bilmədim sənsizliyə az qalıb… Yuxuma girdin dəfələrlə, yuxularda mesajlaşdıq biz… Əl etdin, qaçdın, gəldin, amma birdən getdin … Bu dəfə röyalarda yox, reallıqda heçə döndün… Sən onları bağışlayarsan, körpədir sənin qəlbin, incədir, qıymaz heç kimə, bilirəm… Amma mən bağışlamayacam heç kimi ; Özümü, Onu, Bunu, heç kəsi, heç bir kəsi, heç vaxt bağışlamayacam…. Son dəfəki gülümsəmən, bir iz qoydu beynimin sağ yarımkürəsində. Hansı ki, çarəsizlikdən, kimsəsizlikdən, yetimlikdən kinayə ilə gülürdün… Neçənci gündür yoxsan? Neçənci yuxundasan? Gəlim, oyadım səni? gəl, yuxuma… Gəl elə yuxumdaca, səssizcə apar məni öz yanına… Qayıtmayaq bir də… Görməyək heç kimi, kimsəylə danışmayaq… İnsanlar pisdir, dostum… Gəl ruh olaq, dalaq göy üzünün ənginliklərinə, gülək bir-birimizin üzünə… Bu dəfə kinayə ilə yox, daxildən gülək, qəhqəhə ataq, dolaşaq göy üzündə… Amma nə olar, haçansa, bir də, əsla, buralara enməyək … Qayıtmayaq, dostum, qayıtmayaq ….
Sən olmasaydın, ölərdi mənim son hisslərim … Yaşı quruyardı, kirpiyi tökülərdi, kor olardı, bu gözlərim … Gəlməzdi dünyama baharlar, qışlar inan, heç səmamda uçmazdı da quşlar. Sən olmasaydın, bilməzdim ki, eşq nədir, aşiq kimdir, yuxular ilandır, zəhəri bətərdir … Sən olmasaydın, yıxılardı başıma, bu uçuq dünya . Sökə-sökə, tikə-tikə, ölə-ölə dünya tikərdim mən özümə guya … İndi elə bil ki yoxsan, yoxsanmı, əzizim, daha ? Yaşı qurumur, kirpiyi tökülmür, donub qalıb bu kor olası mirət. Yenə uçmaq istəyir səmamda, qanadı qırıq, ürkək quşlar, Amma heyif ki, yağır göydən daşlar. Bahar da gəlir e, gözümün işığı, sevdiyimiz həmin fəsil, sevdiyimiz həmin hava … Eh, əzizim … Əzizim, mən hara, dünya hara, sən hara … İşdir, birdən alınmaz, baxma, nakam gedərəm . Sən Allah, mən sənsiz ölsəm, məni çoxdan bağışla …
15.03.2021.
BİR AXŞAM…
Bir axşam qoca palıd ağacının altı, Yenə saatın əqrəblərində ilişmişəm. Ən yaxınım yupiter qədər uzağımda, Nə vecinədir axı, nələr çəkmişəm… Ups… Deyəsən şimşək çaxır, düz başımın üstdə Ayaqlarım corabsız, şalvarım dizdən. İslanıb batıram səssiz bir küncdə Axı, batanın yağışdan nə qorxusu… Hey ? Sizinləyəm,gəlin görüm bir-bir çiynimə Yoxlayaq hərənizi, yarışdıraq çəkinizi. Sağımdakı mələk yaman gülümsünür Görən çoxmu qanadıblar dizini. Şişt … Heç kimə heç nə demə, az qalıb Bir gün bitəcək tüfeyli günlər Əlimi uzadıb dınqıldadacam sazımı, Görüm səsini hansınız eşidəcək ? La-la-la … Fikir vermə dilimə, beynimə nəğmə çalır Kürəyimdəki oxlar yaman əcayib Mən çıxartdıqca özü yenidən batır, Elə bil dostlarımın əmanəti deyillər. Hah-hah- hah … Bilirəm, onlar heç nə anlamayacaq Qayığıma təkan verirəm, özü gedir . Dibə batması an məsələsidir, Nə fərqi var? Ruhum ki çoxdan gedib. Mən..Siz…Onlar…Dünya…Aləm… Bir ləzzətə uyub beləcə gedirik, Doğrusu, heç özüm də bilmirəm nə nədir… Yazıram bu hər nəyimdirsə, burda qalsın Bir gün düşüncəmi də oğurlasaz Analiz edərsiz , görən bu dəli nə deyir …
ÜLYAHƏZRƏT Könül sarayımın sultanı sənsən, Qəlbimdə qurduğun taxtın mübarək! Ruhum təbəəliyi özü üstənib, Biətin mübarək, andın mübarək! * * * Zaman neçə kərə dayandı, durdu, Adi təbəssümün bir dünya qurdu, Baxışın isitdi viranə yurdu, Ocağın mübarək, odun mübarək! * * * Sözdən ilmə – ilmə toxunub tacın, Nəyim var, nəyim yox qoy olsun bacın, Bu yolda qurbanlıq özü Ustacın Məqamın mübarək, adın mübarək! 18.03.2020. Bakı.