Etiket arxivi: Turan Uğur

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
3-cü hissə
Qövsi Təbrizi
(Qeyd: Həm “Öncə söz vardı”, həm də “Fədailərimizi tanıyaq!” rubrikalarında bir kəlmə belə vikipediyadan məlumat yoxdur, çünki əziyyətli araşdırmalarımı rəzalətə sürükləyə bilmərəm.Ona görə ki, vikipediyadakı informasiyalar bərbad vəziyyətdədir)
Qövsi təbrizlidir, İsfahanda yetişib, ilk ədəbi çağlarında Füzulini təqlid edərək şeirlər yazıb.
Bəs niyə “Qövsi” təxəllüsü ilə?
Biləsiniz ki, ərəbcə yayın, kamanın adına qövs deyirlər.Görünür gözəl kaman və ox yonduğundan təxəllüsünü Qövsi götürüb.Sonuna “yayi” nisbi izafə qoşursan olur-Qövsi.Dostlar, indi ərəbcə lüğətimə baxıram ki, yozumları bir daha dəqiqləşdirim.
“Qövs” sözünün mənaları:
1) yay, kaman
2) çevrənin bir hissəsi
3) on iki bürcdən günəşin noyabr ayına daxil olduğu bürc.Qövsi-qüzəh isə göy qurşağı deməkdir.
Qövseyn-iki yay, iki kaman
Qövsi-qövs şəklində.
Deməli, doğru yozumdur.
-Bəs əsl adı nə idi bu təbrizli balasının?
-Əlicandır, bəzi mənbələrdə Əlicanbəy.
Haşiyə:
Onu da qeyd edim ki, orta çağda təkcə “təbrizli” nisbəsi ilə yazan şairlərin sayı minlərlə olub.
İndi gələk, şairin barəsində yazılanlara:
İngilis yazıçısı Şarl Rio Britaniya Muzeyi üçün tərtib etdiyi kataloqda Qövsi haqqında belə məlumatlarda bulunub:
“Qövsinin əsərlərindən əsasən Təbrizdə yaşaması, şiə olması, Füzuliyə mötəqid şeirlər deməsi aydınlaşır”
Şarl Rionun sözünə əsas gətirək, yəni ki, deyib keçməyək.Təbrizli olduğuna onlarla dəlil, şeir var.Ən azı Qövsi Təbrizi deyəndə Təbrizin mənzərəsi açılır üzümüzə.Bəs şiə olduğunu necə bilək? Ona da dəlillər var:
Heç bundan çəkmə qəm Qövsi, əgər bina isən,
Qəm neçün çəksin qulami-Heydər Kərrar olan.

Qulami-Heydər.Açar ifadə budur.Yəni Hz.Əlinin (əs) qulu.Heydər-yəni ərəbcə aslan, şir, igid, cəsur. Həzrəti Əlinin ləqəblərindən biridir Heydər, Şahi-Mərdan kimi. Bəs Kərrar nədir?
Kərr-ərəbcə hücum deməkdir.Əsasən, təkrar-təkrar hücum etmək mənasında işlənir.İmam Əli (əs) döyüşlərdə, cənglərdə bu cür ad çıxarıbmış, sən demə.Yenilməzliyi, inadı ilə, geri çəkilib yenidən yağı üzərinə şığıması ilə məşhur imiş.
Qövsi bizə məhz bunu eyham vuraraq, dəqiq və yerində deyilmiş bir ifadə tapır-Kərrar.

Qayıdaq Şarl Rioya:
“Britaniya Muzeyində olan əlyazması isə naqisdir, əvvəl və son beytləri yoxdur”
Eylə kim dərman sənindir, dərdi-bidərman sənindir,
Hər nə etsən padişahım, eylə kim, fərman sənindir.
“Nəhayət, 17-ci əsrdə Azərbaycanın “lirik-rübabi” şairlərindən olan Təbrizli Qövsi parlayaraq rübabi şeirlərində şəksiz Füzulinin qəzəllərinə təqlidən inşad etdi”
Bunu da professor, rus şərqşünası A.Krımski yazıb.Onun haqda məxəzləri göstərərkən
Nur Həsənin “Nigaristani-süxən” təzkirəsini də unutmayaq! Ancaq bütün məxəzlər bir-birinə uyğun gəlir, şair haqqında kəskin fərqlər, ziddiyyətlər görünmür.(Adətən əksinə olur)
Təbriz açar könlümü, Qövsi, gər açılsa,
Hərçənd ki, firdovs İsfahanə yetişməz.

Qövsinin Uğurlu xanla yaxın dostluğu da olub.Söhbət Qarabağ və Gəncə bəylərbəyisi olan Məhəmmədqulu xanın oğlundan, Molla Əbdülrəzzaq Kaşinin şagirdindən gedir. Gözəl də şair olub Uğurlu xan.Uğurlu xanın bir müddət İsfahanda yaşamasını nəzərə alsaq, bu yazılanlar təsdiqini tapır.
Haşiyə:
Bir mənbədə Uğurlu xanın İsfahanla yanaşı Qumda yaşadığına da rast gəlmişəm.

Digər təsdiq isə bu haqda yazılan şeirlərdir.

Uğurlu xan Ziyad oğlu müsahib ruzgarında,
Ki daniş gövhər ilə var malamal dərya tək.

Qövsi şairlərimizin bir neçəsi ilə müasir olub.Məsələn, Qövsinin Mövci ilə olan qəzəllərini buna nümunə çəkmək olar.

Mövci:

Aldı könül qulağa yenə dilruba səsi,
Pəjmürdə gül açıldı, eşitdi səba səsi.

Qövsi:

Ta ovuc tutdu bülbüli-dastan səra səsi,
Kahi gəlir qulağıma bir aşina səsi.

Mövci:

Mövci, xudadən istəbu bəhr içrə sən nicat,
Girdabə düşsə gəşti neylər naxuda səsi.

Qövsi:

Rahzən bu yolda Xızır libasında ün verir,
Qövsi necə təmiz bula rəhnüma səsi.

Böyük ehtimalla Qövsi ömür boyu evli olmayıb, yaxud da evlənib, amma sonsuz olub.
Hər halda, iki variantdan biridir.Yəni şairin övladının olmadığı dəqiqdir.Belə bir beyti var:

Qövsi yaxardı nəsil qəmi cavidan məni,
Yandırmasaydı müsərrih rəngin çırağımı.
06.05.2024

(Yazıda Şarl Rionun, Nur Həsənin,
Salman Mümtazın dəlilləri ilə yanaşı öz mülahizələrimdən, habelə rəhmətlik
Cavid Axundovun zəngin kitabxanasında olan və mənə yadigar qalan
“ərəb və fars sözləri lüğəti” ndən istifadə etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
2-ci hissə
Şair Həbibi (Sultanüş-Şüəra, Şairlər Sultanı)
Əsl adı Gürzəddin, təxəllüsü Həbibi olan şair Göyçayın Bərgüşad kəndində (qəsəbəsində) doğulub.Bəziləri deyəcəklər, Bərgüşad Ucardadır axı.Xeyr, Həbibi doğulandan təxminən 469 il sonra Ucar rayonu yaranıb.O kəndlər ta qədimdən Göyçay nahiyəsinə, daha sonra isə Göyçay qəzasına aid olub, yəni tarixi kontekst baxımından kobud səhvdir Ucar yazmaq.
Həbibinin Azərbaycan hökmdarlarından Ağqoyunlu Sultan Yaqubun dövründə yaşamaqla, çobanlıq etdiyi bizə məlumdur. Bu haqda məşhur bir rəvayət də günümüzə qədər gəlib ki, bu da şairin Sultanın müasiri olduğuna işarədir.
Bir gün Sultan Yaqub şikara çıxdıqda bir çobanın sürü ilə qoyun otardığını görür.Quzuların yiyəsini öyrənmək üçün mülazimlərindən birisini çobanın yanına göndərir.Mülazim (yavər) Həbibidən soruşur:
-Bu quzular kimindir?
-Qoyunların
-Bu kəndin böyükləri kimlərdir?
-Öküzlər və camışlar
-Mən insanları pişvaz edən böyükləri soruşuram
-İtlər və köpəklər
Mülazim qəhərlənərək türkcə deyir:
-Eh, nə çapaydım səni!
-Çapa gör ki, yoldaşların getdilər.
Mülazim Həbibinin yanından qayıdır, qəziyyəni Sultan Yaquba ərz edir. Sultan isə bu əhvalatdan çox xoşlanır, Həbibini öz yanına cəlb edir.Gələcək şairin təlim və tərbiyəsi üçün əmrlər verir.Həbibi o gündən Sultanın himayəsində yaşayır, onun vəfatından sonra Şah İsmayıl Səfəvinin məliküş-şüərası olur.Yenidən gerçək adı ilə Gürzəddinbəy çağrılır.
Həbibi həm də ədəbiyyatımızın tacı Füzulinin də mürşidi-kamili olub.Füzuli Həbibinin kəlamlarına olan heyranlığını gizlətməyib.
Gər səninçün etmiyəm çak ey güli-nazik bədən,
Qəbrim olsun ol qəba əynimdə pirahən kəfən.
mətləli qəzəlin tamamını böyük Füzuli təxmis etməklə rəhmsiz ruzgarın çəngindən xilas edərək bu günə kimi qoruya bilib.
Çaldıran savaşı olmasaydı Həbibi də aləmdə məşhur şair olardı, zira bu döyüşün şahidi olmuş Həbibi bu olaydan sonra el-obadan dərbədər düşür, necə deyərlər isti aşına soyuq su qatılır, güzəranı təlx olur.
Həbibini qarşıda isə yorucu səyahətlər gözləyirdi.
Səhvən müxəmməs kimi şöhrət tapan məlum təxmisi “Füzuli divanı” nda yer alıb.

M.Füzuli:
Ta cünun rəxtin geyib tutdum fəna mülkün vətən,
Əhli-təcridəm qəbul etməm qəbaü pirəhən.
Hər qəbaü pirəhən geysəm misal qönçə mən.

Həbibi:
Gər səninçün qılmıyam çak ey büti-nazik bədən,
Gorum olsun ol qəba, əynimdə pirahən kəfən.

M.Füzuli:
Gərçe sövdayi-sər zülfündəyəm zarü zəlil,
Keçmən ol sövdadən olduqca məna ömr təvil.
Sanma tərk etdim bu sövdanı gər olsam mən qətl.

Həbibi:
Çıxmaya sövdai-zülfün başdan, ey meh, gər yüz il,
Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən.

Əslində, Həbibi Füzulidən yarım əsr əvvəl vəfat edib.Şəmsəddin Sami yazırdı ki, hicri 918 ilə 926 arasında olub.Füzulinin təvəllüdü isə hicri 910- cu ildir.Deməli, Həbibi vəfat edəndə Füzuli 12-15 yaşlarında yeniyetmə idi.
Haşiyə:
(Şəxsən mən Turan Uğura görə yuxarıdakı rəqəmlərdə qeyri-dəqiqlik var, əgər Həbibi Çaldıran döyüşünü görübsə, ki səyyahlar, tədqiqatçılar bir ağızdan deyirlər ki, görüb, deməli, şairin Füzulidən 50 il öncə vəfat etməsi düz alınmır.Miladi təqvimlə 1556-cı ildə vəfat edən Füzuli və 1514-cü ildə baş vermiş Çaldıran döyüşü: məsafə 42 il düşür, yəni Həbibi vəfat edəndə Füzulinin ən azı 20 yaşı olub, ən çoxu isə 26.Hər halda, əsas odur ki, Füzulinin Həbibinin müasiri olduğu dəqiqdir)
Həbibinin vəfatı ilə bağlı Övliya Çələbi daha geniş bilgilər verib.Onun dəlillərinə görə şairin məzarı Südlücə qəsəbəsində Cəfərabad təkiyəsindədir.Həmin təkiyəni Övliya xeyli öymüş, sən demə, nəqqaş Ağa Rza divarına siyah qələmlə bir vəhşi dağ keçisinin surətini qaya üzərinə elə gözəl həkk etmiş ki, Behzad və Mani də belə təsvir yaratmaqda aciz görünərlər.Yəni, Həbibi böylə nəfis bir təkiyə içərisində əsrlərdir ruhən dinclik tapmaqdadır.
Ruhuna dinclik, ey gözəlim Göyçayın fəxri, şairlər sultanı Gürzəddinbəy Həbibi!
05.05.2024
(Həbibi haqqında yazımda Salman Mümtazın, Övliya Çələbinin, Şəmsəddin Saminin dəlillərinə, araşdırmalarına istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (5)

Əli Azəri-şair, alim, general, hərbi xadim, Azərbaycanın qəhrəman övladı.
(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə, fədailərimizə ithafən)
Ə.Süleymani:
1946-cı ilin 14-16 may tarixlərində Təbrizdə keçirilən müşavirədə mən də iştirak edirdim.Burada gözü çeşməkli, mavi gözlü bir rus nümayəndəsi SSRİ tərkibinə daxil olmağı bizə təklif etdi.Verilən cavablar eynilə yadımdadır.Məhəmməd Qazi dedi ki, biz bir boyunduruqdan açılıb digərinə qoşula bilmərik.Pişəvəri isə sərt yox, nəzakətlə cavab verdi:
“Əlbəttə, sizin qardaşlıq ailəsində yaşamaq bizim üçün şərəfdir.Lakin hələlik belə bir addım atmağa ona görə yol vermərik ki, bu Tehran, Vaşinqton radiolarının, mətbuatının hər gün bizim barədə qusduğu yalanı təsdiq etmiş olar.Lakin Sovet Azərbaycanının Cənubi Azərnaycanla birləşməsinə razılıq versəniz, SSR-nin yanında Çexoslavakiya kimi bir respublika yaranmış olar.Əlbəttə, Stalin belə bir təklifə razılıq verə bilməzdi.Dekabrın 9-da bizə demişdilər ki, düşmənə qarşı son nəfəsinə kimi döyüşənlərə Azərbaycan qəhrəmanı adı veriləcək.Zatən heç kəs qaçmaq niyyətində deyildi.Ertəsi gün Təbriz İran faşistləri tərəfindən tutulduqda xalqı aldatdılar.Radiodan elan etdilər ki, biz seçki keçirməyə gəlmişik, silaha əl atmayın.Xalq bu vədə inandı.Ən ciddi səhvlərdən biri bu oldu ki, Pişəvərinin, Qulam Yəhyanın və Bedaganın ailəsi Təbrizdən köçürüldü.Xalq bundan təşvişə düşdü, köçməyə başladı.Culfada bu taya keçəndə sərhədçilər demişdilər ki, bizə yalnız 3 ailəni buraxmaq tapşırılıb.Əslində, Güney Azərbaycan Hökuməti elə bir qüvvəyə malik idi ki, öz gücü ilə İranı başdan-ayağa kimi tuta bilərdi.Fars zabitləri dəstə-dəstə bizim tərəfə keçirdilər.Bağırovun, Stalinin himayəsinə sığınıb inqilabi qətiyyəti əldən verən Pişəvərinin nöqsanı bağışlanmazdı.
-“Axı sən fədailərini qoyub hara qaçırsan?”-deyən cəsur Azərbaycan qəhrəmanı, şair, alim, general
Əli Azəri Naxçıvanda Pişəvərini yaxalamış və ona bir sillə çəkmişdi.
-Bu, xalqın silləsi idi.Tarixi sillə idi.Yerində vurulmuş sillə idi.
Əli Azəri fransızca mükəmməl bilən, əsasən farsca yazan misilsiz şair idi.
Nə Firudin İbrahimi, nə də Əli Azəri Seyid Cəfərlə düz gəlirdilər.Onlar daha qəti, daha inqilabi mövqe tuturdular.”Qonşuya ümid olan şamsız yatar” deyirdilər.
Pişəvəri Azərbaycanın böyük oğludur, inqilab xadimi, mühərriridir, ancaq ona yaraşmayan ölüm nəsib oldu.Halbuki ən şərəfli, ən gözəl ölüm qazanmaq imkanını tarix özü ona təklif etmişdi.
Düşünürəm ki, Pişəvəri öyrədilmiş bir erməni şoferinin sürdüyü maşında başı dəmirə toxunub qan sızmasından deyil (əslində, Pişəvəri Gəncə-Yevlax yolunda, Yevlaxın 14 kilometrliyində baş verən qəzada yerindəcə həlak olmamışdı, xəstəxanada canını naməlum şəkildə tapşırmışdı) səngər başında, Təbrizdə qəhrəman kimi həlak olmalı idi.

(Yazımda Əli Azərinin, Əsgər Süleymaninin və Xəlil Rzanın xatirələrindən istifadə olunub)
07 may 2024.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq

Fədailərimizi tanıyaq! (4)

Günlərdən Qulamhüseyn Beqdeli.

(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə ithafən!
Qulamhüseyn Beqdeli və Xəlil Rza Ulutürkün xatirələrindən
)
Beqdeli Şəhriyarı şəxsən gördüyünü bildirir.Şəhriyarın sitar adlı üçtelli musiqi alətində gözəl havalar çaldığını söyləyir.Çox iri olan qara gözləri həmişə kədər dumanına bürünən Şəhriyar çalır, bəzən kirpiyindən üzülən göz yaşı yanağında parlayır.
Şəhriyarın iri, uzun əlləri, sanki fil sümüyündən yaranmış barmaqları, sitar çalmaq üçün saxladığı uzun dırnaqları vardı.Yalnız Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda böyük şairlik nüfuzuna malik olan Şəhriyarı sevirlər, hətta ona maddi kömək göstərirlər. Elə vaxt olur ki, Şəhriyarın ünvanına içində 40-50 min tümən pul olan zərflər gəlir.Belə zərfləri şairə verməyə ar edən poçtalyonlar zərfləri şairin anasına təqdim edirlər.Şəhriyar bundan xəbər tutanda pulu götürüb, öz adətincə, ehtiyacı olan adamlar arasında paylayır.Tehranda yaşadığı zaman onun tez-tez Savə qəsəbəsinə getdiyini, kəndlilərə kömək etdiyini söyləyirlər.Tehranın 6 kilometrliyindən türk kəndləri başlayır.
Girəm ki, abu dane dəriğəm nədaştənd,
Çün makonənd ba ğəme bi həmzəbaniyəm.
(Tutalım ki, dəni-suyu məndən əsirgəmədilər,
Bəs Həmzəbanım yoxdu, bu qəmimə neyləyərlər?)
Qürbətdə keçirdiyi bütün illərdə Şəhriyarın könlü vətən eşqi ilə çırpınmış, həmzəban aramışdı.Burada Şəhriyarın işlətdiyi “abu-danə” -“dən-su” ifadəsinə xüsusi diqqət yetirək:
“Dən-su” ifadəsi insandan daha çox quşa, həm də qəfəs quşuna verilən bir neməti bildirir.Bu o deməkdir ki, Şəhriyar Tehranda keçən illərini qəfəsdə çırpınan quş sanarmış.
Şəhriyarın Tehrandan Təbrizə köçməsinin psixoloji səbəblərini məhz bu misralarda aramaq lazımdır.Tehranda yaşamaq maddi cəhətdən daha əlverilşli olsa da, o daha böyük amalı, mənəvi ehtiyacını ödəmək üçün Təbrizə qayıtmaq yolunu üstün sayıb.
03.05.2024

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
Məhəmməd Füzuli-1-ci hissə.
(Dostlar, bu gündən etibarən “Fədailərimizi tanıyaq!” rubrikası ilə yanaşı “Öncə söz vardı…” rubrikasına başlayıram.İlk olaraq, ədəbi düha, ustad Məhəmməd Füzulidən başlayaq ki, sözümüzün sanbalı olsun.Bu rubrikamda böyük alimlərimzdən iqtibas etdiklərimlə, müxtəlif yazılardan, məqalələrdən əxz etdiklərimlə yanaşı, həm də öz təhlillərim, öz mülahizələrim yer alır)
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Məşhur qəzəlin, məşhur beyti.
Pənbə-pambıq, dağ-basılmış dağ, cünun dəlilik deməkdir.
Bəs Füzulinin qəzəlində bu spesifik, açar sözlər daha sonra hansı kodlarla, şifrələrlə bir-birinə bağlanır? Lap Jorj Kulonun “Motsart qazamatda” əsərindəki atributlar, hadisələr kimi.İlk baxışdan gərəksiz yerə dınqıldanan piano da, yaşlı xanım da, kafedə yubanan (qazamatda Motsart ləqəbi verilən) qatil də-hər kəs bir-birindən qopuq görünür, ancaq süjetin sonunda deyirsən “aha, nə qədər təbii, elə bunlar bir-biri üçün yaradılıblarmış ki!”
Maraqlıdır! Hekayəni yox, qəzəli deyirəm.
Pambıq hara, dəli hara, dağ basmaq hara.Birazdan görəcəyik ki, təcrübələrdən ilmə-ilmə xalı hörüb Füzuli.
Sən demə, qədim təbabətdə dəlini 3 üsulla müalicə edirmişlər: -çalğı-qan almaq və dağ basmaq.Əbu Əli İbn Sina, ərğənun adlı çalğı alətinin ixtiraçısı kimi xəstəni müalicə etməkdə metoterapiyadan istifadə edərmiş.İbn Sina müəyyən eləmişdi ki, hansı lad, hansı tembr hansı mərəzin dərmanıdır.
…Dağ basıb pambıq yapışdırmaq isə dəlini müalicə etmək üçün son vasitədir.Füzuli demək istəyib ki, mən cünunluğun son həddində dayanmışam.Ona görə də məni son vasitə ilə müalicə etmək lazımdır.Yəni, eşqim hüdudsuzdur.Adi dəlilərə dəmirlə dağ basırlarsa, mənə eşq dağı basılır.Eşq dağının üstünə qoyulan pambıq mənim libasımdır.Tam əminliklə burada Allaha olan məhəbbətdən söhbət gedir.Fuad Köprülü də bu cür düşünür, amma bəzi alimlərimiz qadına real məhəbbətlə yazıldığını iddia edirdilər, hərçənd sovet dönəmində yəqin ki, başqa cür yaza bilməzdilər, sosialist realizminin diktəsinə uyğun olaraq.Onu da ərz edim ki, sovet dönəmində Füzuliyə münasibət müsbət deyildi, çünki hayana vurdular, nə tövr etdilərsə, canından irfanı, eşqi, Allah məhəbbətini çıxara bilmədilər, yoxsa sovet “başbiləlnəri” maraqlı idilər ki, ondan da bir sosial bərabərlik simvolu düzəltsinlər.Bu, həm də Füzulinin dühalığı ilə bağlıdır ki, onun ehtişamı, uca ruhu şeirlərini zərrəcə təhrif olunmağa rüsxət vermədi.
Canı kim cananı üçün sevsə, cananın sevər.
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Füzulinin eşqi ilahi idi, eşqi bəşər müstəvisindən Tanrı müstəvisinə qaldıra bilib Məhəmməd Füzuli.Yəni, hər iki məfhuma xitab edən həm ucalıqda, həm də əlçatanlıqdadır bu misralar.
“Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim
Bir hübabəm ki, havadan doludur pirəhənim”.
Şair deyir ki, mən göz yaşlarımın içində bir hübabəm (su üzündə qabarcıq, pappıldaq)
Su üzündəki qabarcıq adi hava ilə dolu olduğu halda, mən eşqin havası ilə doluyam.Su qabarcığı, əslində, havadan ibarətdir, püf eləyən kimi yox olur.Mən də eləyəm.Yalnız eşqdən ibarətəm.
Eşqi məndən alsan, yerində heç nə qalmaz.
Gerçəkdən də qalmır! Sonda Əkrəm Cəfərin bir fikri hafizəmdə ilişib qalıb, gərək onu da təkrarlayım:
“Füzulinin adı gələndə yaxşı olar ki, salavat çevirəsən”
01 may 2024
(Yazımda vaxtilə Əli Fəhminin, M.F.Köprülünün, Xəlil Rzanın, Əkrəm Cəfərin və digər alimlərimizin tədqiqatlarından təsirləndiyim fikirlər var)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Türkcəmizdən xoflananlar!

Türkcəmizdən xoflananlar!

Dilçilik İnstitutunun dilimizin başına açdığı dürlü-dürlü oyunlardan nə yazıq ki, doğma türk dilimiz itirir.Ancaq dostlarımızın bəxti yenə gətirmədi.Çünki “xoca” sözünün ərəbcə olmasına dair bir qənaət, bir versiya belə yoxdur.Farsca olması haqqında isə yetərincə mənbələr var, hərçənd 2 müəllif- Rəşidəddin və Fuad Köprülü “xoca” sözünün “koca”, yəni “qoca” sözündən, xalis türkcədən yarandığı variantını deyirlər.Amma böyük ehtimalla keçən dəfə yazdığım kimi “xoca” sözü Samanilər dövründə sıx-sıx işlənməyə başlayıb, əfəndi, böyük, bilgili mənasında.Səfəvilər dönəmində isə daha çox “tüccar” anlamında işlənib.Həmin vaxt “xoca” və “xacə” sözləri eyni kökdən ayrılıb müxtəlif məna çalarları ilə fərqləniblər.Əslində, hökmdar hərəmxanalarında da xacələr hörmətli və nüfuzlu sayıldığından bu sözün leksik mənasını bir o qədər itirməmiş saymaq olar.Son 200-300 ildə isə daha çox dini bilgilər verən, təlim edən, tərbiyə verən anlamında işlənib.
O ki qaldı xocanın “hoca” kimi işlənməsinə, türk qardaşlarımız demiş:
“Bu, heç sözkonusu deyildi axı!!!”
Söhbət bu sözün dilimizdə işlənib- işlənməməsindən gedirdi, hərçənd elə “hocam” deyənlər bəlkə ən dürüst formada ifadə edirlər.Zira sözün kökü farscadan (təxminən 12 əsr öncə) hacə, hacəgan(cəmdə) kimi yaranıb. “H” hərfinin yeri gəldi-gəlmədi
“x” hərfinə transferi “bizimkilər”in dilimizin başında dəlləkliyi deyil, bəs nədir?!
Yeri gəlmişkən, ərəb-farsca mötəbər lüğətimi açdım. Demək olar ki, ərəbcə “h”-dan və “x” dan sonra “o” hərfinin işləndiyi söz tapmadım.Tək bir söz-“xof” sözündən başqa.Öz aramızdır, bu da türkcəmizdən xoflananlar üçün heç də xoş olmadı.

TRİBUNADA: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (3)

Günlərdən Mədinə Gülgün!

(Babam İsmayıl Paydarın və güneylilərimizin ruhuna ithafən)
Mədinə Gülgün və Xəlil Rzanın söhbətlərindən:
7 iyul 1965-ci il.

Mən Bakıda doğulmuşam.1926-cı ildə.Birinci-ikinci siniflərə burada getmişəm.O günlər dumanlı bir xatirə kimi ürəyimdə yaşayır.Şors küçəsində, 13 nömrəli məktəbdə latın əlifbası ilə dərs keçmişik.Atam Nurulla Ələkbərzadə dəmiryol işçisi olub.Dəmir yolu ilə pulsuz gəzərmişik.Əslində, atam ərdəbilli idi.Biz Xətainin həmvətənləriyik.Dörd qardaş, bir ana burada qərar tutur.1936-cı ildə üç qardaşı anamla, nənəmlə birgə sürgün edirlər.Biz Pəhləvidən köçüb Ərdəbilə getmişik.İş dalınca.1941-ci ildə sovet ordusu Cənubi Azərbaycan torpağına qədəm basanda atam həbsdən azad edildi.Karxanada işləyirdim.Bizə əməkhaqqı yerinə qəpik-quruş verirdilər.Təbrizdə sovet məktəbi açıldı.İlk şeirlərimi mən “Yeni şəfəq” qəzetində çap etdirdim.
-Mədinə xanım, Təbrizlə bağlı yadınızda nələr qalıb?
-Yadımda bir roman qalıb, bir dünya qalıb.Hər iki tərəfdən su axan gözəl xiyabanlar, gözəl Ərk qalası, “Şiri-xurşid” i devirib “Milli teatr” adlandırdığımız binanın arxasından yüksələn möhtəşəm abidə, vağzalla şəhəri birləşdirən konka yolu, qızılgüllər içində alışıb-yanan “Gülüstan bağı” qalıb.Mən partiya sıralarına 1945-ci ildə keçmişəm.Adamın öz xalqı, öz dövləti olması ən böyük səadətdir.Onda irticaçılar S.C.Pişəvərinin əleyhinə təbliğat aparırdılar ki, səs çoxluğu qazanmasın.Biz var qüvvə ilə çalışıb məqsədimizə nail olduq.Pişəvəri Milli Məclisə baş vəzir seçildi, Milli hökumətin rəhbəri, Mərkəzi Komitənin sədri oldu…

Ardı var …

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (2)

Günlərdən Firudin İbrahimi.
(Babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizin, fədailərimizin ruhuna ithafən)

(Xəlil Rza Ulutürk və Əsgər Süleymaninin söhbətlərindən)

-Firudin İbrahimini 7 dəfə görmüşəm,-Süleymani bu cümləni deyəndə mən dəftər-qələm çıxartdım, bu görüşləri təfərrüatı ilə danışmasını xahiş etdim.
-Firudin İbrahimini ilk dəfə sərhəng (polkovnik) Zəngənənin mühakiməsində görmüşəm. Urmiyə faciəsini törədən, inqilabçılara qanlı divan tutan bir cəllad idi.Zəngənə çox savadlı və igid bir düşmən idi.6 dəfə mühakimə olunmuşdu.
“Bu sədr əsl İranlı deyil, məni mühakimə edə bilməz”
“Mən polkovnikəm, bu sədrin hərbi dərəcəsi məndən aşağıdır, məni mühakimə edə bilməz…”
Hər dəfə o, hakimlərə irad tutur, məhkəməni təxirə salırdı.Axırda milli dövlətin gənc prokuroru Firudin özü onu mühakimə etməli oldu.Yüksək elmi səviyyəyə, ali hüquq təhsili barədə diploma malik Firudinə heç bir irad tuta bilmədi.
Firudin mühakiməni azərbaycan türkcəsində olduqca ləyaqətlə, təmkinlə aparırdı.Üçüncü gün mütərcimlər gəldi.Sərhəng Zəngənə ilə birlikdə mühakimə olunan Rzaxan Dəhtir ağlayırdı.Zəngənə isə özünü şax aparırdı.
“Hər nə etmişəmsə, öz dövlətimin tutduğu müqəddəs yol naminə etmişəm”-deyirdi.
Etdiyi cinayətləri boynuna almayanda isə Firudin İbrahimi deyirdi: “Buyur, lentə bax” Sərhəng Zəngənənin cinayətləri lentə çəkilmişdi.Hakim, Əsgər və Qasım adlı 3 fədai qardaşı öldürəndə kiçik qardaş xahiş etmişdi ki, əvvəlcə məni öldürün, böyük qardaşımın ölümünü görməyim.Lakin faşistlər əvvəlcə böyük qardaş Hakimi, sonra ortancıl Əsgəri, axırda Qasımı öldürdülər.
Firudinin apardığı məhkəmədə Zəngənəyə ölüm kəsildi.Sonra 4 əsiri verib 24 inqilabçını xilas etmək zərurəti yarananda Milli Hökumətin pəncəsindən yaxa qurtara bildi.
-Bəs Firudini 2-ci dəfə harada görübsünüz?
-1946-cı ilin şəhrivər ayında, sentyabrın 2-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının elan olunduğu təntənəli gündə, Milli Məclisdə Pişəvərinin yanında.
Üçüncü dəfə Urmiyə məsələsini həll etməyə gedəndə.Urmiyədə çoxlu kürd yaşayır.Buranın kürd torpağı olduğunu iddia edən kürdlər Urmiyəni bizdən tələb edirdilər.
-Bəs Urmiyə məsələsini necə həll etdiniz?
-Kürdlərə çoxlu maaş təyin etdik, güzəştə getdik.Əslində, Urmiyə Azərbaycanın ən doğma, ən qədim yerlərindən biridir və kürdə aid olması bir xəyaldır.
Nərddə bir-iki dəfə udub-uduzandan sonra Məhəmməd Rza Pəhləvini adam yerinə qoymayan Stalindən danışırıq.
-Məhəmməd Rza Pəhləvi 1941-45 -ci illərdə sovet ordusunun İranda olması faktı müqabilində “torpaq basdı” haqqı tələb etdikdə Stalin deyir:
-Biz şaha deyil, İran xalqına borcluyuq.İran xalqı hakimiyyəti ələ alanda biz borcumuzu qaytararıq.
Xruşşovla ticarət əlaqəsinə girən indiki şah isə 11 ton yarım qızılla yüklənmiş vaqonları Culfada qəbul edir, kəllə qəndlə, qırmızı “Moskviç” və qeyri maşınlarla dolu vaqonları geri qaytarır.Həmin qənddən və maşından bakılılar istifadə etdi.İndiki şah ingiliscəni, fransızcanı mükəmməl bilən hiyləgər adamdır.Baş nazir Mənsur onun tapşırığı ilə öldürüldü.Şah bununla 2 hədəfi vurdu.Əvvələn, o, rövşən fikirli, 41 yaşlı baş naziri öldürməklə Naser tərəfdarı olan “Fedaiyan İslam” partiyasına və onun liderlərinə qarşı nifrət oyatmaq istədi.İkincisi, şahın hüquqlarını məhdudlaşdıran və yeri gəlsə, onu ləğv etmək qüdrətində olan “İrani nəvin” partiyasının əl-ayağını yığmaq istədi.
-Yəni İranda Naser tərəfdarı belə güclüdür?
-Əlbəttə, Naser İslam imperiyası yaratmaq istəyir.Buna qoşulanlar az deyil.Hacı Molla Kərim İraqi kəfən geyinib irəli çıxanda şah öz qərarını ləğv etməyə məcbur oldu.Dinin hökmünə bax.Şah hiyləgərdir.Nüfuzlu bir Təbrizlinin qızını alıb ki, Azərbaycanı əldə saxlaya bilsin.Fəqət, bu, mümkün deyil.

Ardı var…

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (1)
İlk olaraq inqilabçı-şair, böyük fədai
Mir Mehdi Çavuşidən başladım.

(Dostlar, bugündən etibarən güneylilərimiz haqqında çeşidli bilgilərlə sizin üçün
“Fədailərimizi tanıyaq!” rubrikasını təqdim edəcəm.Müxtəlif fədailərimiz, cəsur, rəşadətli Təbrizli-ümumən güneyli inqilabçılarımız barəsində bilgilərimi sizinlə bölüşəcəm.Bütün bu silsilə yazılarımı Təbrizin Dəryan kəndində doğulan 64 illik ömrünün böyük hissəsini Təbrizdə keçirən babam İsmayıl Paydarın və fədailərin ruhuna ithaf edirəm)

21-22 sentyabr-1965-ci il
Xəlil Rzanın gündəliyindən:
“Mir Mehdi Çavuşinin sinəsi Cənubi Azərbaycanın ensiklopediyasıdır” – Söhrab Tahirin dilindən eşitdiyim bu cür ifadələr hafizəmdə əbədi nəqş bağlayıb.
“Mir Mehdi Çavuşi firqə tərəfindən ona kəsilən və Moskva tərəfindən təsdiq edilən personal pensiyanı almaqdan boyun qaçırıb.” Bu kimi cümlələr bu fövqəladə insana bəslədiyim məhəbbəti və marağı gündən-günə artırdı.
Nə qədər ki mənim iki əlim sağdır, pensiyaya əl açmaram.Firudin İbrahiminin, Azad Vətəninin qanpulunu yeyə bilmərəm.
Quba Rayon Partiya Komitəsinə qədəm qoyduğum zaman birinci Çavuşini soruşdum.Təbliğat şöbəsində işləyən Mövlud Qonaqov zəng çaldı, traktor təmiri stansiyasında indi çilingərlik edən bu qocaman inqilabçının səsini telefonda eşitdik.Ardınca göndərilən maşın az sonra Çavuşini gətirdi.
Mir Mehdi Çavuşi 1909-cu ildə çilingər Mir Həbibin ailəsində dünyaya gəlib.Ata yurdu Təbrizdir.
-Təbriz sözünün mənası “qızdırma tökən” dir.
Mən 11 yaşda ikən Şeyx Məhəmməd Xiyabanini görmüşəm.Ucaboy, şəstli, alnı guşad, gözlərinin kənarında qırış yoxdur.Bunun səbəbi o idi ki, Xiyabani Təbrizin şərqində yerləşən Xiyaban məhəlləsindən idi.Xiyabanlılar hər səhər evdən çıxıb şəhərə gedəndə günəş arxadan düşür, boyunlarının ardını qızardır, işıqdan qamaşmadığı üçün gözün kənarında uzun müddət qırış olmur.Biz isə Təbrizin qərbindənik.Himavar məhəlləsindən.
…Xiyabanidən danışdıqca hiss edirəm ki, Mir Mehdi Çavuşi özü də məhz Xiyabani məktəbində yetişniş bir inqilabçıdır.Londonda 15 il hüquq təhsili alan ingilis casusu Mirzə Rza xan Səidi günlərin birində Çavuşinin dükanına girir.Dükanda Çavuşidən başqa heç kəs olmadığı halda, yenə ehtiyat edərək zərli əsasını arxadan qapıya dirəyib müxatibinə üz tutur.
-Ağayi Çavuşi, səninlə məxfi bir söhbətim var.Sən mənə de görüm, həyatda yaşamaqda məqsəd nə?
-Yaşatmaq
-Yox, o şurəvilərin sözüdür.Öz sözünü de.Yaşamaqda məqsəd ağ gün görməkdir.Ağ gün üçün nə lazımdır? 200 tümən pul, bağlı-bağatlı bir ev.İstəsən bunlar sənin üçün mümkündür.
Bu şirin kəlamların arxasında gizlənmiş alçaq niyyəti dərhal başa düşən Çavuşinin dodaqlarında kinayəli bir təbəssüm oyanır.Cavuşinin cavabı səkkiz misralı bu şeir olur:
Aldat özünü, şöhrətə talib deyiləm mən,
Heyhat! Yaşamaqçün ona bir an əyiləm mən.
Minnətlə əgər başimə şah tək qoyalar tac,
Haşa, o taca tuf deməsəm, ən rəziləm mən.
Yalvarmaram, hətta belə məhv olsam həyatda,
Gör dar ağacından asılıb, ya kəsiləm mən.
Azad yaşamaqdır mənim aləmdə məramım,
Çün böyük amallara mənsub nəsiləm mən.

Ardı var…

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cavid Salmanoğlu – Nümunə

CAVİD SALMANOĞLU

NÜMUNƏ

Arif olan, bu dünyada düz dolan,
Hər addımı almalısan nəzərə.
Mənəm deyib, çox da meydan sulama,
Göz dəyər, gələrsən birdən nəzərə.

Gül yağdırar bu dünyaya gül əllər,
Güldən qaçan gülünclərə güləllər.
Bağban olan, cəfa çəkər gül əllər,
Şeş verməsə, nə baxta söy, nə zərə.

Sən Cavidi ha lağa qoy, ha sarı,
Yaralarım sağalmazdır, ha sarı.
Dağıdarlar ucaltdığın hasarı,
Bel bağlama nə altuna, nə zərə.

Müəllif: CAVİD SALMANOĞLU
23 fevral 1985.

Mənbə: Turan Uğur

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru