Etiket arxivi: Yazarlar 63

Zaur Talıblı – Pritca

ADİL

(pritça)

Bir padşah sarayında oturarkən bayırda səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır. Ətrafı müştərilərlə doludur. Padşah baş vəziri çağırıb deyir:

-Al bu 5 qızılı, get mənə alma al.
Baş vəzir vəzirlərdən birini çağırır:

-Bu 4 qızılı götür, get alma al.
Vəzir əyanlardan birini çağırır:

-Al bu 3 qızılı, get alma al.
Əyan mühafizə rəisini çağırır:

-Al bu 2 qızılı, get alma al.
Rəis mühafizəçini çağırır:

-Al bu 1 qızılı, get alma al.
Mühafizəçi alma satanın yaxasından tutub deyir:

-Ey, nə qışqırırsan? Bura bazardır, yoxsa saray? Buradan get, almalarını və arabanı müsadirə edirəm.
Mühafizəçi rəisinin yanına qayıdıb deyir:

-Budur 1 qızıla yarım araba alma aldım.
Rəis əyanın yanına gedir:

-Budur, 2 qızıla bir kisə alma.
Əyan vəzirin yanına gedir:

-Budur, 3 qızıla bir çanta alma.
Vəzir baş vəzirin yanına gedir:

-Budur, 4 qızıla yarım torba alma.
Baş vəzir padşahın hüzuruna çıxır:

-Şah sağ olsun, 5 qızıla beş alma aldım.
Padşah oturub düşünür: “Beş qızıla beş alma. Adamlar necə həvəslə alırdı. Yəni vətəndaşın vəziyyəti çox yaxşıdır. O alma ağacını su ilə böyüdürlər, dərhal su pulunu 2 dəfə artırmalıyıq!

Müəllif: Zaur Talıblı

ZAUR TALIBLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bahar Bəxtiyarqızının ədəbi portreti

Bahar Bəxtiyarqızının ədəbi portreti
Müasir Azərbaycan ədəbiyyatında yeni adların meydana çıxması təsadüfi deyil; bu, zamanın, düşüncənin və daxili ehtiyacın diktə etdiyi bir prosesdir. Bu prosesin diqqətçəkən simalarından biri də yazıçı, esseist Bahar Bəxtiyarqızıdır. Onun yaradıcılığı insanın daxili aləmini, düşüncə qatlarını və varlıq suallarını səssiz, lakin dərin bir dillə ifadə etməsi ilə seçilir.
Bahar Bəxtiyarqızı 13 mart 1992-ci ildə Bakı şəhərində anadan olub. Əslən Sabirabad rayonundan olan müəllif hazırda Bakı şəhərində yaşayır və yaradıcılıq fəaliyyətini də burada davam etdirir. Onun həyat yolu paytaxtın mədəni mühiti ilə kənd köklərinin mənəvi saflığını birləşdirən maraqlı bir sintez yaradır.
Orta təhsilini Bakı şəhəri 49 nömrəli İntellekt liseyində alan Bahar Bəxtiyarqızı uşaq yaşlarından ədəbiyyata xüsusi maraq göstərib. Sözə, düşüncəyə, insanın daxili dünyasına qarşı formalaşan bu həssas münasibət onun yaradıcılıq taleyinin əsas bünövrəsini təşkil edir. Hələ erkən yaşlardan müşahidə qabiliyyəti, hissləri incəliklə dərk etmək bacarığı və düşüncəni yazıya köçürmək ehtiyacı onun fərdi yaradıcılıq yolunu müəyyənləşdirib.
Müəllif 13 yaşından etibarən bədii ədəbiyyat oxumağa başlamış, paralel olaraq yazı ilə məşğul olmuşdur. Bu mərhələdə o, klassik və müasir ədəbiyyat nümunələrindən bəhrələnərək öz daxili dünyasını kəşf etməyə çalışıb. Uzun illər yazarlıq fəaliyyəti Bahar Bəxtiyarqızı üçün daha çox şəxsi yaradıcılıq mərhələsi kimi davam edib. O, bu dövrdə yazını bir ünsiyyət vasitəsindən çox, özünə hesabat, daxili sükutun dili, ruhun gündəliyi kimi qəbul edib.
Gündəlik qeydlər, bədii parçalar və esselər müəllifin daxili müşahidələrinin, psixoloji axtarışlarının və həyatla dialoqunun yazılı ifadəsinə çevrilib. Bu yazılar Bahar Bəxtiyarqızının ədəbi dünyasını formalaşdırmaqla yanaşı, onun yaradıcılığında səmimiyyət və təbiiliyin əsas xətt olmasına səbəb olub.
Oxucu ilə ilk rəsmi görüş isə 2024-cü ildə baş tutub. Həmin ildə müəllifin ilk kitabı — “Əlvida deməyə tələsmə” işıq üzü görüb. Bu kitab, adından da göründüyü kimi, ayrılıq, zaman, itki və insanın içində qalan sözlər mövzusuna toxunur. Əsər oxucunu tələsik qərarlardan, ani vida anlarından çəkindirən bir düşüncə çağırışı kimi dəyərləndirilə bilər. Kitab müəllifin daxili səsinin artıq oxucu ilə paylaşılmağa hazır olduğunu göstərən mühüm mərhələdir.
Bahar Bəxtiyarqızının ikinci kitabı isə “Əslində mən kiməm?” adlanır. Bu əsər müəllifin yaradıcılığında yeni bir mərhələni, daha dərin fəlsəfi və psixoloji axtarışları ifadə edir. Kitab insanın özünüdərk prosesi, daxili parçalanma, cəmiyyətlə fərd arasındakı ziddiyyətlər və şəxsiyyət sualı üzərində qurulub. Müəllif bu əsərdə oxucunu yalnız oxumağa deyil, düşünməyə, sual verməyə və öz daxili aləmi ilə üzləşməyə dəvət edir.
Bahar Bəxtiyarqızının yaradıcılığı publisistik və bədii düşüncənin qovşağında dayanır. Onun yazıları pafosdan uzaq, lakin emosional dərinliyi ilə seçilir. Müəllif oxucuya hazır cavablar təqdim etmir; əksinə, suallar yaradır, düşüncə üçün boşluqlar saxlayır və insanı öz daxili dialoquna qaytarır:


-“Əlvida deməyə tələsmə” insan münasibətlərində ən kövrək, amma ən təhlükəli nöqtəyə — yalanla qorunan sevgiyə toxunan psixoloji-emosional bir əsərdir. Kitabda gənc bir qızla gənc bir oğlanın münasibəti üzərində qurulan hadisələr əslində təkcə iki insanın hekayəsi deyil, itirmək qorxusu ilə susan minlərlə insanın daxili dramıdır.
Onlar bir-birini sevirlər, amma bu sevgi dürüstlük üzərində yox, gizlədilən həqiqətlər üzərində formalaşır. Əvvəl oğlan yalan danışır, sonra qız. Hər iki yalanın kökündə eyni qorxu dayanır: sevgini itirmək qorxusu. Amma yazar incə bir mesaj verir — insan bəzən sevdiyini itirməmək üçün yalan danışdığını düşünür, əslində isə yalanın özü itkinin başlanğıcı olur.
Bu kitabda oxucuya aşılansa romantik sevgi deyil, sevginin məsuliyyətidir. İnsanlar burada bir-birinə yox, daha çox öz qorxularına aşiq olurlar. Həqiqəti deməyə cəsarət etməyən qəhrəmanlar zamanla yalanın içində boğulur və sonda ən asan yolu seçirlər — əlvida deməyə tələsməyi.
Müəllif oxucuya açıq sual ünvanlayır:
Sevgi həqiqətsiz yaşaya bilərmi?
və cavabı da sətiraltı verir: Sevgi yalanla qorunmur, yalanla məhv olur.
“Əlvida deməyə tələsmə” ayrılıq hekayəsi olmaqdan çox, danışılmamış həqiqətlərin romanıdır. Bu kitab oxucunu yalnız oxutmur, düşündürür, öz münasibətlərinə güzgü tutur və pıçıldayır:
Bəzən insan əlvida deməyə tələsmir, sadəcə həqiqəti deməyə cəsarət etmir.


-Bahar Bəxtiyarqızının “Əslində, Mən Kiməm?” adlı kitabı oxucunu sadəcə bir hekayələr toplusu ilə deyil, insanın daxili dünyasına yönəlmiş psixoloji və mənəvi bir yolçuluqla qarşılayır. Bu əsər özünü axtaran, keçmişi ilə mübarizə aparan və qorxularının kölgəsində yaşayan insanların səsini əks etdirən güclü bir çağırışdır.
Kitabın əsas mövzusu müxtəlif talelərə sahib insanların psixoloq yanına gəlişi üzərindən qurulub. Hər bir obraz fərqli həyat hekayəsi, fərqli ağrılar və qorxularla oxucunun qarşısına çıxır. Onları birləşdirən isə eyni sualdır: “Əslində, mən kiməm?” Psixoloqla aparılan söhbətlər sadəcə terapiya seansları deyil, eyni zamanda insanın özü ilə üz-üzə qalmasının, keçmişin dərin qatlarına enməsinin simvoludur.
Əsərdə qəhrəmanlar keçmişlərindən qaçmırlar, əksinə onunla üzləşirlər. Uşaqlıq travmaları, yarımçıq qalan hisslər, bastırılmış qorxular bir-bir üzə çıxır. Müəllif bu prosesləri incə psixoloji detallarla təsvir edərək oxucuya göstərir ki, insanı azad edən məhz həqiqətlə üzləşməkdir. Keçmişlə barışmadan gələcəyə sağlam addım atmaq mümkün deyil.
“Əslində, Mən Kiməm?” kitabının əsas mesajı aydındır: insan keçmişi ilə yaşamamalıdır, amma ondan qaçmaq da çıxış yolu deyil. Keçmiş insanın bir parçasıdır və onu qəbul etmək, ondan dərs çıxarmaq insanın daxili gücünü üzə çıxarır. Qorxuların üzərinə getmək, onlara meydan oxumaq isə insanı özünün ən güclü versiyasına çevirir.
Bu kitab oxucuya psixoloji rahatlıqla yanaşı, dərin bir özünüdərk mesajı ötürür. Bahar Bəxtiyarqızı əsəri ilə göstərir ki, “mən kiməm?” sualının cavabı kənarda deyil, insanın öz içində gizlidir. Onu tapmaq üçün isə cəsarət, səmimiyyət və özünlə üzləşmək lazımdır.
“Əslində, Mən Kiməm?” — özünü tanımaq istəyən hər kəs üçün güzgü rolunu oynayan, düşündürən və dəyişməyə təşviq edən bir əsərdir.
Bu gün Bahar Bəxtiyarqızı müasir Azərbaycan ədəbiyyatında sözə səmimi münasibəti, daxili müşahidələrə əsaslanan yazı tərzi və düşüncə yönümlü əsərləri ilə seçilən gənc qələm sahiblərindən biridir. Onun yaradıcılıq yolu hələ davam edir və görünən odur ki, bu yol oxucu ilə dərin mənəvi təmaslara aparan uzun, mənalı bir ədəbi səfər olacaq.

05.02.2026. Bakı.

Müəllif: Hacıxanım Aida

kitabşünas-biblioqraf

HACIXANIM AİDANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – “Danışan şəkillər” silsiləsindən

MƏN BURADAYAM
(esse)
“Kür qırağının əcəb seyrəngahı var…”
                                               M.P.Vaqif

    Bağ yolunun sükutu içində dayanmış bir qadın… Ətrafında rənglərin bayramı var: çəhrayı, ağ, bənövşəyi güllər sanki bir-biri ilə pıçıldaşır. Amma bu bolluğun içində ən səssiz, ən dərin çiçək onun dodağındakı təbəssümdür.
   “Dodağımızdakı təbəssüm, üzümüzdəki ifadə bəzən içimizdəki söhbətlərin səssiz şəkli olur…”
Bu cümlə fotonun ruhunu açan açardır. Çünki bu təbəssüm nə sadəcə sevincdir, nə də ötəri bir anın donmuş halı. O, illərin, yaşanmışlıqların, udulmuş sözlərin, vaxtında deyilməmiş etirafların sükutla danışan dilidir.
   Ağ libasda dayanmaq — bu, təsadüf deyil. Ağlıq burada saflığın yox, barışın rəngidir. İnsan öz daxilində fırtınaları sakitləşdirəndən sonra ağ geyinir. Hər şey keçmişdə qalanda, artıq mübarizə yox, qəbul başlayanda… Üz cizgilərindəki sakitlik “mən bu yolu tanıyıram” deyir. Arxadakı yaşıl tağ isə elə bil bir keçiddir: ötən günlərdən bu ana açılan bir qapı.
   Bu fotoda baxışlar birbaşa obyektivə meydan oxumur. Onlar sakitcə dayanır, amma qaçmır da. Bu, özünlə üz-üzə gəlməkdən qorxmayan baxışlardır. Bəlkə də içində uzun-uzadı söhbətlər gedir: “Düz etdimmi?”, “Dəyərdimi?”, “Yenidən başlasaq, fərqli olardımı?” Amma cavablar səsə çevrilmir. Çünki artıq səsə ehtiyac yoxdur. Cavablar üz ifadəsinə hopub.
    Güllər çoxdur, amma o, güllərə qarışmır. Yolun ortasında dayanıb. Yol — insanın taleyidir. Kənara çəkilməyib, amma tələsmir də. Bu dayanış bir anlıq pauzadır: həyatın cümləsində qoyulmuş nöqtə deyil, vergüldür.
    Bu esse bir qadın haqqında deyil yalnız. Bu, insanın özü ilə apardığı səssiz dialoq haqqındadır. Hər kəsin dodağında bir təbəssüm var, amma hər təbəssüm gülüş demək deyil. Bəzən təbəssüm — “mən danışdım, amma səni sözlə yormadım” deməyin ən zərif formasıdır.
   Və bəzən bir foto min söz demir…
   Sadəcə bizi dinləməyə məcbur edir.  Biz buna ya “kürrük”, ya da “sükutun səsi” deyirik… Əslində isə bu sadəcə içdən gələn “MƏN HƏLƏ VARAM”, “MƏN HƏLƏ BURADAYAM” hayqırtısıdır.

29.01.2026. Bakı .

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“Türk” etnonimi və törələri

(On ikinci yazı)

Əvvəli burada: “Türk” etnonimi və törələri – YUNUS OĞUZ yazır

Yuxarıda qeyd etdiyimiz kimi türk cəmiyyətinin nüvəsi ailə idi və bu alənin əsasını ata-ana-usaq təşkil edirdi. Ata-ananın üç əsas vəzifəsi vardı:

1.    Övladı halal  qazancla  yedizdirmək, ləyaqətlə yetişdirmək, böyütmək, cəmiyyətin bir hissəsi etmək;

2.    Övladı cəmiyyətin bir hissəsi etmək üçün dövrün tələbinə uyğun olaraq tərbiyə etmək, törələri mənimsətdirmək, qorxmaz döyüşçü kimi böyütmək;

3.    Övladı evləndirmək, yaxud ərə vermək.

Ata-ananın yazılmamış bu vəzifələri min illərdir nəsildən-nəsilə keçir, zamana uyğun olaraq dəyişikliklər olsa da, mahiyyəti dəyişmirdi. Elə indinin özündə də dünyanın qloballaşmasına baxmayaraq, türk dünyasında ata-ananın bu fundamental vəzifəsi dəyişməmişdir.

İslamaqədərki dövrdə türk qadınları üzlərini, (elə islamın ilk çağlarında da) gizlətmirdirlər. Törəyə uyğun olaraq qızın razılığı olmadan xaqan da olsa ona ərə getməzdi.

Oymaqda, obada “bayramlar, yarışlar və digər mərasimlər zamanı “qız”, yaxud “oğlan” bəyənmək prosesi gedirdi. Ola bilərdi ki, qız və oğlan uşaqlıqdan bir yerdə böyüsünlər, sonradan bir-birlərinə könül versinlər.

İslam dövründə isə bu qaydalar qismən dəyişikliyə məruz qaldı. Belə ki, şəhərdə oturub yaşamaq istəyən türkləri öz soydaşları “duraq” adlandırırdı. Bu, o anlama gəlirdi ki, şəhərdə yaşamaq istəyən türklər, axınçılığı dayandırır, daha yürüşlərdə iştirak etmirdilər, yəni dayandı, durdu.

İslam dövründə şəhərdə yaşayan türklərin qız bəyənmək prosesi islam dövründə başqalaşdı.

Yuxarıda qeyd etdiyimiz kimi türk ailəsində, nəslin davam etdirilməsində əsas məsələ sağlamlıq hesab edilirdi. Buna görə də islamiyyət dövründə “qız bəyənmək”  prosesi hamamdan başlayırdı. Qızın bədən düzlüyünü, əyriliyini, yarasını, xorasını, təmizliyini hamamda yuyunmaq prosesi daha tez üzə çıxarırdı. Adətən, “araçı” vasitəsilə bəyin anası gələcək gəlininə göz yetirir, vücudunun sağlamlığına, dilinin şirinliyinə, acılığına, oturuşuna, duruşuna diqqət yetirirdi.

Bir-birini sevən gənclərin evlənməsinə (təbiidir ki, ata və anaların razılığından sonra) “qovuşmaq” deyilir. Qızın bakirəliyi bu evlənmədə xüsusi əhəmiyyət kəsb edir və qədim türklərdə bu “qapaq” adlanırdı.

“Araçı” vasitəsilə oğlan evindən ana qız evinə təşrif aparırdı. Buna “ağız aramaq” deyirdilər. “Ağız aramaq” bir neçə gündən, bir neçə aya qədər çəkə bilərdi.

Bundan sonra “araçı” ilə oğlan evinə xəbər göndərilirdi ki, gərək qızın da ağzını arayaq, atası ilə məsləhətləşək. Hər iki tərəf razılığa gəldikdən sonra, oğlan evi elin ağsaqqalı, ağbirçəyi başda olmaqla qız evinə yollanırdılar. Bəzən qız evi naz edir, oğlan evini əliboş geri qaytarır, deyilirdi ki, bir fikirləşək. Amma yenə də razılıq olurdusa, oğlan evi bilirdi ki, bu dəfə qızı verəcəklər. “Araçı” bu aralarda çox fəal olurdu. O zaman oğlan evi erkək heyvana qırmızı lent bağlayıb qız evinə yollanırdı.

Razılıq zamanı qız atası “verdim”, oğlan evi isə “aldım” deyər, bununla da vədə sadiq qaldıqlarını bildirərdilər. Bundan sonra evlilik və toy müzakirəsinə başlayırdılar. Oğlan evi sosial vəziyyətinə görə qız evinə başlıq verirdi. Bundan əlavə “südlük”, “qan bahası” deyilən ödəmələr, yaxud hədiyyələr olurdu. Gəlinin ata-anasına, qardaş və bacılarına da hədiyyələr verilirdi, buna “ağırlıq” deyilirdi.

Bütün bunlara “kalın” deyilirdi. Sonralar bu sözü “kalım” kimi işlətdilər və indi də işlək sözdür. Yenə sosial vəziyyətdən asılı olaraq “dünir”lər (qudalar) qız toyunun xərcinin bir hissəsinin oğlan evi tərəfindən ödənilməsini müzakirə edirdilər.

Beləliklə, evlənmə bir necə mərhələdən keçir:

1.    Qızaxtarma (bəzən oğlan və qız bir-birlərini sevir, anaya bu barədə bildiriş verirlər.)

2.    Qızbəyənmə (oğlan və qızın bir-birlərini bəyənməsi hələ heç nəyi həll etmirdi. Lazım idi ki, ata-ananın da razılığı olsun).

3.    Elçilik.

4.    Toy mərhələsi

Toy mərhələsi iki yerə bölünürdü; qız toyu, oğlan toyu.

Qız toyundan sonra qız rəsmən gəlin sayılırdı. Əsasən qadınların iştirak etdiyi bu toyda gəlinə müxtəlif hədiyyələr verilirdi. Qırmızı gəlinlik paltarı geyinən qız, başına “didim” deyilən tac qoyurdu. Bəyin “sağdışı və soldışı” olduğu kimi, “qız toyu”nda da gəlinin “sağdışı”, “soldışı” olurdu. Adətən sağdış evli, soldış isə subay olurdu. Gəlinin üzünü örtən duvağa isə “didək” deyilirdi.

Türklərdə “bəy və gəlin otağı” qabaqcadan hazırlanırdı. “Qız toyu”ndan sonra gəlinin ata-anası tərəfindən verilən cehiz “bəy və gəlin otağı”na daşınırdı. Gəlinin cehizi bəy evinə daşındıqdan sonra qadınlar gətirilən əşyaları bir-bir nümayiş edirdilər. Qadınlardan biri əşyanı qaldırıb “Bu onun filan əşyası” deyəndə yerdəkilər “Tanrı mutlu etsin”, yaxud da “Allah mübarək eləsin” cavabını verərdilər. Gəlinin gətirdiyi cehiz onun öz malı hesab edilirdi. Gəlini bəy evinə at üstündə gətirərdilər. O atdan enərkən bəy tərəfindən verilən qulluqçunun çiyninə söykənirdi. İzdivac zamanı oğlan tərəfindən qızın bakirəliyini təsdiq etmək üçün “yengə” deyilən bir qadın təhkim olunurdu. Bundan sonra deyirdilər: “Qadın bəy sahibi oldu.”

Qız toyundan bir neçə gün öncə “paltarbiçdi” deyilən mərasim keçirilirdi. Oğlan evinin adamları qız-gəlingilə gəlir, hazırladıqları geyimi, bəzək əşyalarını, şirniləri onlara təqdim edirdilər. Əgər bu gəliş bayram günlərinə düşürdüsə, o zaman əlavə olaraq qızıl əşyalar və xınalı qoç gətirirdilər. Gətirilən əşyaları burada da mərasimə gələnlərə göstərirdilər.

Oğlan evində toya bir gün qalmış qız evində “xınayaxdı” mərasimi keçirilirdi. Bölgələrdən asılı olaraq bu mərasim müxtəlif cür keçirilirdi. Qızın əl-ayağına xına qoyulur, sonra isə gələnlər əllərinə xına yaxardılar. “Xınayaxdı” mərasimində müstəsna olaraq qız-gəlinlər, qadınlar iştirak edirdilər.

Gəlini bəy evinə aparmağa gələndə bəyin kiçik qardaşı onun belinə qırmızı lent bağlayırdı.

Qız həyətinə çalğıçı dəstəsi gəlir, bununla da bildirmək istəyirdilər ki, bu gəlin bəy evinə aparılacaq. Bəy gözə görünməz, gəlin arxasınca özü gəlməzdi.

Gəlini bəy evinə aparanda “qabaqkəsdi” adəti də vardı. İstənilən böyük-kiçik gəlinin qarşısını kəsib “nəmər”, “xələt” istəyirdi. Oğlan evinin çibindən, qurşağından nə çıxardısa onu verərdi. Gəlin həyətə daxil olanda onun başına şirni atırdılar ki, həyatı şirin olsun. Bəzi bölgələrdə isə meyvə qurusu da səpirdilər.

Gəlin evə, yaxud çadıra daxil olmamış bir qaşıq bal yedizdirirdilər ki, şirin övladları olsun. Gəlin duvaqda olar, oğlan toyu qurtarana qədər otağından çıxmazdı.

Oğlan evində toy günündən bir gün öncə heyvanlar kəsilər, çadırlar qurular, toy hazırlığına gələn dostlar-tanışlar, qohumlar vəzifələri bölüşdürərdilər. Yemək  və şənlik çadırları ayrılıqda qurulardı. Oğlan toyunda, eləcə də qız toyunda oba, kənd ellilikcə  iştirak edərdilər.

Toy günü bəy sağdış, soldışla “bəy hamamı”na gedərdi. Hamamda saclarına, saqqalarına düzən verər, təzə paltarlar geyinərdilər. Daha sonra bəyi toy mağarına aparardılar, yaxud bir otaqda gözlətdirərdilər. Bu zaman sağdış və soldış onun ayrılmaz hissəsi olurdu.

Bəyin soldışı evli, sağdışı isə subay olmalı idi. Bu, o anlama gəlirdi ki, bəy subay həyatından evliliyə qədəm qoyurdu. “Bəy toyu” üç gün, üç gecə keçirilərdi. Hətta daha imkanlılar “Dədə Qorqud” dastanında deyildiyi kimi “qırx gün, qırx gecə toy-düyün eylədilər”.

Toyda ozanlar (aşıqlar) söz sözləyər, söyləmələrinə (şeirlərinə) möhür vurar, qıfılbənd deyər, bir-birlərini bağlamağa çalışardılar.  Kim məğlub olurdusa, qopuzu (sazı) əlindən alınar, bir daha qalibin yanında söz söyləməzdi. Aşıqlar dastan söyləyər, uzun toy gecəsində iştirak edənlər intizarla gözləyərdilər ki, hadisələrin sonu nə ilə nəticələnəcək. Bundan əlavə toyda zurna-balaban və nağara dəstəsi də iştirak edərdi. Əsasən gənclər halay tutar, toy mağarına xüsusi bir şirinlik və şənlik gətirərdilər. Toyda gənclər əsasən qımız və şərab içər,  xoşagəlməz hərəkətlərə yol verməzdilər.

Mağarda toyu idarə edən hörmətli adama “toybaşı”, yaxud “sərpayı” deyirdilər. O adətən toyun düzənini qorumağa çalışar, oynayıb yorulanları başqaları ilə  əvəz edərdi. Mağarda heç kim onun sözündən, əmrindən çıxa bilməzdi.

Gündüzlər toyda at, ox, güləş (qurşaqtutdu) yarışları keçirilərdi. Qaliblərə ya bəy, ya da atası tərəfindən mükafatlar verilərdi.

Toy mərasimində heç bir dini mövzu haqqında danışılmaz, dini söhbətlərə icazə verilməzdi. Bu da onu göstərirdi ki, dinin törələrə təsir gücü yox dərəcəsində idi.

Mərasimin sonuncu günü “bəy tərifi” başlayardı. Bəyi sağdış və soldışla birgə otuzdurar və bəy tərifi başlanardı. Toybaşı növbə ilə adları çəkər, aşıq da “Gəlsin xələt versin bəyin filankəsi” deyərdi. Bu gələnəklər günümüzə qədər gəlib çıxmış və təəssüflər olsun ki, artıq unudulmaqdadır.

Yadımdadır, məsələn bəy tərifi deyən aşıq söylərdi:

Bakıdan yol gedir Duvannı, Ələt

Gəlsin xələt versin bu təklə Bələd.

Adları çəkilənlər də imkanları daxilində xələt verər, bəyin evliliyinə dəstək verərdilər. Daha əvvəllər isə tərəkəmə həyatı yaşayan bəy və gəlinə yeni çadır qurular, oturaq türklər üçün isə, əgər evin böyük oğludursa ev tikilər, həm də evin qurulmasına elliliklə kömək edərdilər.

Toydan üç gün sonra bəy və gəlin gərdəkdən çıxıb evdəkilərin üzlərinə görünürdü. Buna “üzə çıxdı” deyirdilər. Bu zaman oğlan evi gəlinə qiymətli hədiyyələr verərdi. Gəlinin ata-ana evinə ilk gedişinə “ayaqaçdı” deyirdilər. Bu dəfə isə bəyə hədiyyələr təqdim olunurdu. Beləliklə, evlilik və möhkəm qurulmuş ailə həyatı başlayırdı.

Toy mərasiminə yekun vuraraq elə bölümü  F.Ağasıoğlunun sözlərilə tamamlamaq istəyirik: “Göründüyü kimi, evlənmə, toy gələnəyilə bağlı “bəy, gəlin, söz alma, elçi, elçi daşı, başlıq, cehiz, duvaq, yançı, yengə, qayın, qaynata/qaynana, baldız, günü, kürəkən, damad, yeznə, sağdış, soldış, quda, toy gecəsi, toy xınası, xınayaxdı, paltar biçdi/kəsdi, ayaqacdı, bəy hamamı, bəy tərifi, bəy toğlusu, toybaşı” və sair bu kimi onlarla söz vardır. Bu terminlərin əvvəlki leksik anlamının öyrənilməsi çox önəmlidir, çünki belə etnoqrafik sözlər bizi xalqımızın qədim gələnəklərinə aparıb çıxarır…”

Ardı burada: “Türk” etnonimi və törələri

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru