ELDAR NƏSİBLİ

Eldar Nəsibli Sibirel – Şair publisist.

ELDAR NƏSİBLİ SİBİREL

(Qısa arayış)

1952-ci ildə Sibirdə anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib.
9 yaşlarından yaradıcılığa başlayıb.
Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, Bu da bir ömürdür ağlı-qaralı, “Bura Qazaxdır, oğlum!” Turan Şərqisi şeirlər kitablarının müəllifidir. E.Nəsibli uzun müddət “Elm və həyat” jurnalında məsul katib vəzifəsində çalışıb. “Mərhəmət” jurnalının isə baş redaktoru olub. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib.
Sovet postməkanı dövründə E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də gözəl tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər.
E.Nəsibli həmişə ürəyinin böyüklüyünə və istedadının gücünə arxalanıb. Bu güc, bu istedad heç vaxt onu zamanın, eləcə də kommunist rejimininin məngənəsində əyə, sındıra bilməyib. Hətta ailələri bir neçə dəfə repressiyanın qurbanı olsalar da.
Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.

MİN İL GƏZSƏLƏR DƏ…
(Şairin şeiri)

Vallah, səni bir də sevə bilərəm,
Sənə də sirr olar bu “qəbahətim”
Bütün sərhədləri yarıb gələrəm,
Demə ki, qalmayıb buna taqətim.
Sənin məhəbbətin yağar dünyaya,
Həsrətlər, möhnətlər qırğına düşər.
Günəş pəncərəndən doğar dünyaya,
Hissim də, ruhum da yanğına düşər.
Gecə pəncərənə mələklər qonar,
Qaranlıq ağarar ay işığında.
Heyrətdən göylərdə fələklər donar,
Qolları açılar sarmaşığın da.
Bu qəfil sevincdən buludlar dolar,
Qərib durnalar da köçündən keçər.
Səni evinizə aparan yollar,
Gəlib gözlərimin içindən keçər.
Qovaram dünyadan kədəri, qəmi,
Çəkilər dağlardan dumanlar, sislər.
Elə gizləyərəm sinəmdə səni,
Min il gəzsələr də tapa bilməzlər…

(1975 – şairlər ili)

HƏYAT HEKAYƏSİ

(Bir tanıyanın dilindən)

1982-ci ildən AYB-nin üzvü olan Eldar Əli oğlu Nəsibli 1952-ci il mayın 18-də Tomsk vilayətində Baxçari rayonunun Çernişovka kəndində dünyaya göz açmışdır. Qazax rayonunun ll Şıxlı kəndində orta məktəbi bitirmiş, ADU-nun jurnalistika fakültəsində ali təhsil almışdır. ,,Elm və həyat,, jurnalında ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdır. ,,Mərhəmət,, jurnalını təsis etmiş, baş redaktoru olmuşdur. Ömrünün son illərində ,,Azərbaycan,, qəzetində çalışırdı. Bədii yaradıcılığa 60-cl illərdən başlamış, şeirləri dövri mətbuatda çap olunmuşdur. Əsərləri SSRI xalqlarının dillərinə tərcümə edilmişdir. 1982-ci ildə Lvovda keçirilən XII ümumittifaq poeziya festivalının və 1984-cü ildə Moskvada keçirilən VIII ümumittifaq müşavirəsinin içtirakçısı olmuşdur. ,,Salam dan ulduzu,, ,,Məni səsləyən var,, ,,Harayla məni,, ,,Dünya məndən gəlib keçər,, və s. kitabları çap olunmuşdur.Yaxşı insan idi. Nəşriyyata gedəndə ,,Mərhəmət,, jurnalına da baş çəkərdim. Maraqlı söhbət edərdi. ,,Mərhəmət,, jurnalının əlavəsi kimi ,,Qazax şairləri,, adlı kitab buraxmışdı. Elə sevinirdi ki. Vətənpərvər idi. Çap olunan kitablarımı verərdim, oxuyardı, fikrini deyərdi. Son dəfə Azərbaycan nəşriyyatında görüşdük. Dedi ki: ,,Kitablarını oxudum, geniş bir yazı yazmaq fikrim var,,…Bir gün ,,Azərbaycan,, qəzetinə getdim, lövhədə şəklini gördüm, haqqındakı nekroloqu oxudum. Allah rəhmət eləsin. Amin…

Hazırladı: Sona XƏYAL


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir