PAYIZ YAĞIŞI
Yenə də gəlişi xəbər-ətərsiz,
Gəlib ki, qəm yuya payız yağışı.
Apara mənzilə xəzan yarpağı,
Torpaqda uyuya payız yağışı.
* * *
Yerdə bizlər üçün möcüzədir göy,
Nazını çəkmədi bulud-o köntöy.
Mən döyə bilməyən pəncərəni döy,
Qoyma o uyuya, payız yağışı.
* * *
Qurbandı tufanın qəsd elədiyi,
Şikardı şimşəyin üstələdiyi.
Narın damcıların bəstələdiyi
Nəğməmi oxuya payız yağışı.
* * *
Eh, sənin qədrini nə bilər naşı,
Sərinlik tapacaq qəlbimin başı.
Vura, döyəcləyə torpağı, daşı,
İlmələr toxuya payız yağışı.
* * *
Mahirə vurğunun deyilmi gerçək,
Daşa, divarıma sığalına çək.
Nazlı anam kimi layla deyəcək,
Verəcək yuxuya payız yağışı.
AY QIZ
Ay qız,mənə aman eylə,
Önündə qula çevriləm.
Səhər bağçan-bağın olam,
Əlində gülə çevriləm.
* * *
Yuvan olam o kənd kimi,
Açılmayam kəmənd kimi.
Dəmir qapı Dərbənd kimi,
Önündə yola ç* * *evriləm.
* * *
Arif olmağın bəllidi,
Eşqin mənə təsəllidi.
Adım- dağlıdı,çöllüdü,
Çölündə kola çevriləm.
* * *
Bu ömürdü-qışlı,yazlı,
Məclislərim sözlü,sazlı.
Atam Nağı,anam Nazlı,
Dilində bala çevriləm.
YIĞILIR
O nədir ki, Nuh Nəbidən seçilib,
Zərrə-zərrə, binəsindən yığılır.
Anaların laylasınnan içilib,
Ataların sinəsindən yığılır.
* * *
Bir ağacdır, yükdaşıyan bitirər,
Meyvəsini nəsil-nəsil yetirər.
Qədirbilən yerdə qoymaz, götürər,
Damla-damla, künyəsindən yığılır.
* * *
İrs deyildir, alan kəslər öyünə,
Çəkisi yox daşıyanlar deyinə.
Ata kürkü deyil, övlad geyinə
Müdriklərin məsəlindən yığılır.
* * *
Onsuz ruhun ac qalacaq, tox olmaz,
Nə var götür, ağır gəlməz, çox olmaz.
Sellər gələ, sular basa, yox olmaz,
Bu dünyanın əzəlindən yığılır.
* * *
Nağıqızı, yüz ələkdən ələnər,
O kamaldır, öz nuruna bələnər,
İnsanlığın əməlində görünər,
Müdrikliyin timsalından yığılır.
Müəllif: Mahirə NAĞIQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru