Akif Abbasovun “Fateh Sultan Məhmət” romanı haqqında
Öncə qeyd edim ki, əsər oxucuya bitkin bir tarixi sənədli filmin mətnini xatırladır. Tarixi hadisələrin üçüncü şəxs adından birbaşa nəqli ilə realist üslubda yazılmış “Fateh Sultan Məhmət” romanı Akif Abbasovun “Sultan II Murad” romanının davamıdır. Müəllif kitabın ilk səhifəsində bu barədə qısa məlumat verir və əsərin əvvəlində bir daha Məhmətin atası Sultan II Murad və anası Xədicə Alimə Hüma xatunun hansı şərtlər altında evlənməsini oxucuya xatırladır.
Roman II Məhmətin dünyaya gəlişi ilə başlayır, onun dayəsi, mədrəsə həyatı, müəllimləri və qardaşlarının gənc yaşda ölməsi səbəbilə taxt-tacın varisliyinə namizəd olması ilə davam edir.
Əsərin davamında İstanbulun əsl fatehi sayılan, çöllərin sufisi adını alan Ağ Şəmsəddin haqqında da geniş məlumat alırıq. Öyrənirik ki, qəlbinin və ruhunun paklığına görə hələ gəncliyindən bu adla çağırılan Ağ Şəmsəddin doğma vətəni Göynükdən ayrılaraq, ali elm almaq üçün müəllimləri tərəfindən dövrünün böyük alimi, övliyası sayılan Hacı Bayram Vəlinin dərgahına göndərilir. Hacı Bayram Vəli Osmanlı Sultanı II Muradın vəzirlik təkliflərindən imtina etmiş, sufilik yolunu tutaraq, könül səltənətini zinətləndirməyi seçmişdi.
Ağ Şəmsəddin bazar meydanında Hacı Bayram Vəlini ianə toplayarkən görür və bunu şeyxə yaraşdırmadığı üçün oradan uzaqlaşır. Onunla görüşmədən yanından uzaqlaşıb gedən Şəmsəddinin ardından özünü pis hiss edən Hacı Bayram Vəli müridlərinə uzaqlaşan adamın Ağ Şəmsəddin olduğunu deyir. Müridləri soruşur ki, “Siz tanışsınız?” Şeyx deyir “Yox, kim olduğunu, hansı əməlin sahibi olduğunu bilmirəm, lakin onun adını uca Tanrı mənə diktə edib. Çıxıb getməyinə baxmayın, o, gələcək! Onun boynuna müqəddəs bir zəncir keçirilib. Ondan yaxa qurtara bilməz!”
Bununla realist romanın sufizm qatı öz uğurlu intişarını tapır və məlum olduğu kimi, qat İstanbulun fəthində çox önəmli rol oynayır.
Hacı Bayram Vəliyə agah idi ki, Osmanlının yüksəlişi, İstanbulun fəthi Ağ Şəmsəddinlə bağlı olacaq. Ona görə də, onun geri dönəcəyinə inanır və bunu səbirsizliklə gözləyir… Nəhayət, gözlədiyi qonaq geri dönür və müəllimi qonağı sınaqdan keçirir. Ağ Şəmsəddin səbir göstərərək sınaqdan üzü ağ çıxır. Elə o gündən də onların müəllim-mürid, eyni zamanda da dostluq həyatları başlayır.
Hələ yeddi yaşından Qurani-Kərimi əzbər bilən Ağ Şəmsəddin müəlliminin yanında həm övliya, həm də böyük tibb alimi kimi yetişir.
Ağ Şəmsəddin Sultan Fateh Məhmətin birinci və əsas müəllimi, eyni zamanda baş məsləhətçisi olmuşdur. Sufi məktəbinin öndəri Hacı Bayram Vəli qənaətində doğru çıxmışdı, Konstantinopolun fəthi Sultan II Muradın oğlu Fateh Sultan Məhmətə nəsib olmuş, mənəvi fatehi isə Ağ Şəmsəddin sayılmışdı.
Akif Abbasov bundan öncəki əsərində olduğu kimi, bu tarixi romanında da bəzən məsələlərə obrazlarının xarakterindəki struktur imkanları nəzərə almadan özünün peşə konsepsiyasından yanaşır. Belə ki, romanda Sultan II Murad Hacı Bayrama müraciətlə deyir: “Mənim üçün maraqlıdır, mənə nə kimi məsləhətlər verərdin?” Hacı Bayram Vəli: “Dövləti idarə edən zaman hər bir şəxsin öz yerində olmasına fikir ver. Elm və ürfan sahiblərinə qayğı göstər. Gənclərə sevgi, yaşlılara hörmət et. Xalqla görüşəndə səninlə eyni fikirdə olmayanlara pis münasibət bəsləmə, kinli, xəsis adamlardan uzaq dur. Xalqa yumşaq davran, tam inanmadığın adama sirrini açma. Padşahım, bir də heç vaxt doğru olduğuna əmin olmadığın bir iş haqqında hökm vermə”, – deyə cavab verir.
Bunlar müəllifin əsər vasitəsilə gənc oxucularına həm tövsiyələrini çatdırmaq istəyidir, həm də romanın əsil mahiyyətini düzgün qiymətləndirə bilmək üçün köməkçi vasitələrdir.
Romanın “Şahzadə II Məhmətin təhsili” bölümündə müəllif bu dəfə valideynlərə öz ismarıcını göndərir. O, şahların, sultanların, kralların mükəmməl təhsil almaları üçün öz övladlarına yaxşı müəllimlər seçdiklərini nəzərə çatdırır.
Makedoniyalı İsgəndəri xatırladaraq yazır: “O, “Dünyanın sonuna və Böyük xarici dənizə” şüarı altında müharibələrə başlayarkən təsadüfən qələbələr qazanmırdı. Aldığı təhsil, yiyələndiyi bilik və təcrübə, gördüyü tərbiyə sayəsində buna nail olurdu. Bu sahədə yaxşı müəllim, tərbiyəçi az rol oynamır. İsgəndərin müəllimi qədim yunan filosofu Aristotel idi. İsgəndər 16 yaşına qədər böyük filosofdan dərs almışdı”.
Sultan II Murad oğlu Fateh Sultan Məhmətə ləyaqətli və tanınmış alimləri müəllim seçmişdi. O cümlədən, orta əsrlərin məşhur alimlərindən Molla Ayaz, daha sonra riyaziyyat, həndəsə, təfsir, hədis, fiqh, kəlam və tarix fənləri üzrə kamil ustad Osmanlı Dövləti müftisi və dördüncü şeyxülislamı Molla Gürani də müəllimlər arasında idi. Onlar şahzadəyə italyan, fransız, ərəb, fars, latın, yunan, İndoneziya və serb dillərini də öyrətmişdilər. Ərköyün şahzadə ancaq Molla Güraninin sevgisi və səbri hesabına ipə-sapa yatmış, onun tövsiyələri ilə mükəmməl biliklərə yiyələnmişdir. Hələ yeniyetmə vaxtlarından gizlicə Konstantinopolun fəthinin plan-layihəsini hazırlamışdı. Sonradan şahzadənin təhsili əslən Azərbaycanlı olan Ağ Şəmsəddinə tapşırılır. Romanda da qeyd edildiyi kimi, Ağ Şəmsəddinin təlimi və təsiri Fateh Sultan Məhmətin həyatında güclü dəyişikliklərə yol açmışdır. Şahzadə müəlliminin islam epistemologiyasından bəhrələndi və bu onun Konstantinopolu tutmaqla Bizans İmperiyası kimi dünya dövlətinə son qoyması kimi önəmli bir vəzifənin yerinə yetirilməsi ilə nəticələndi.
Mükəmməl təlim-tərbiyə və təhsil almasına baxmayaraq, əsərdə Fateh Sultan Məhmət obrazı bütün davranışları ilə əvvəldən axıra qədər yalnız müsbət keyfiyyətləri ifadə edən və həmin keyfiyyətlərə zidd ola biləcək heç bir əlavə hərəkətə yol verməyən obrazlardan deyil. Əksinə, Fateh Sultan Məhmət obrazı mahiyyət etibarilə bütün sahələrdə daxili ziddiyyətlərlə doludur və qadına, dosta, düşmənə münasibətdə çox vaxt fərqli ənənələrdən çıxış edir. Onun xarakteri ilə dövrün adət-ənənələri arasında qırılmaz əlaqə olmasına baxmayaraq, oxucu onu səciyyələndirən digər xüsusiyyətlərlə də qarşılaşır. Başqa bir mühüm cəhət isə bundan ibarətdir ki, müəllif öz qəhrəmanın bir fərd kimi şəxsi duyğularını çox ciddi şəkildə nəzərə alır və Fateh Sultan Məhmətin dövrün adət-ənənələrinə bağlı sabit xarakterli, konkret məqamlardan yaranan hiss və həyəcanlarını cilovlayan bir türk kişisi kimi təqdim edərək onun xarakterindəki bəzi təzadlı məqamları arxa plana atır.
“Fateh Sultan Məhmət” romanında hürufilik məsələsinə də geniş yer verilir. Əsərin dolğunluğunu və müəllifi taktiki gedişi ilə fərqləndirən məsələlərdən biri də ondan ibarətdir ki, o, yeri gəldikcə qəhrəmanlarının duyğu və düşüncələrini bədii inikasın predmetinə çevirir. Belə ki, müəllif bir məsələyə diqqət çəkir ki, bütün dövrlərdə ölkə içində – daxili münaqişələrin səbəbinin bir qisim adamların şəxsi mənafeləri naminə və ya satqınlıqları səbəbilə dövlət və xalq arasında yalan məlumatlar yayaraq qarşıdurmalar yaratdığını bir daha nəzərə çatdırır. Belə ki, Müfti Fəxrəddin obrazının dili ilə Sultana yalan məlumatlar çatdırılır ki, guya hürufilər Əmir Teymurun oğlu Miranşahın əllərini, ayaqlarını ayrı-ayrı dörd ata bağlayaraq, ata qırmanc vurmuşlar və Miranşahı Əlincə qalasında dördə parçalayaraq edam etmişlər. Bu olayda qurbanların yerini dəyişdirərək, öz uydurma planı ilə Sultanı inandırır ki, hürufilər Osmanlı dövlətinin dayaqlarını sarsıda bilərlər və beləliklə, Sultanın razılığı ilə Müfti fətva verir ki, huürufilər öldürülsün. Əsərdə hadisə belə təsvir olunur. “Saray pəncərəsindən ətrafı seyr edən Sultan bir də onu gördü ki, şəhər odlara qalanıb. Qışqırıq, fəryad, ah-nalə şəhəri lərzəyə gətirir. Əsgərlər evlərə soxulur, küçə və meydanlarda, tin-bucaqlarda əllərinə keçəni yaxalayıb torpağa sərir, qılıncla, döyüş baltaları ilə qətlə yetirirdilər.” Sultan vəzirini çağırıb “Bu işləri qansız həll etmənin bir yolu yox idimi?” – deyə soruşanda, vəzir “Yox idi”, – deyir və Sultanı inandırmağa çalışır ki, o, narahatlıq keçirməsin, çünki İslam dininin təhlükəsizliyini qorumaq üçün belə qanlı tədbirlər vacibdir. Öldürülən adamlar islamın düşmənləridir, kafirlərdir, həqiqətən yollarını azmışlardır. (Həmin gün Ədirnədə on min hürufi qətlə yetirilmişdi.)
Romanın “Hürufi xofu” bölümündə Fateh Sultan Məhmətin dini-əxlaqi keyfiyyətlərini işıqlandırmağa çalışan müəllif obrazın konkret anlarla bağlı əhval-ruhiyyəsindən asılı olaraq qərarlar qəbul etdiyindən bəhs etməyə xüsusi əhəmiyyət verir.
Romandan bir çox bölümləri nümunə göstərmək olar ki, orada Fateh Sultan Məhmətin mənəvi sarsıntılarından, duyğularına qapılaraq çıxardığı qərarlar barədə ümumi bədii məlumat verilir, onun ruhi vəziyyətinə sanballı işarələr edilir. Bəzən də qəhrəmanın düşdüyü psixoloji vəziyyət müəllifin öz sözləri ilə şərh edilir. Bu əsərdəki digər qəhrəmanlar üçün də keçərlidir.
Məsələn, tarixdən bizə məlum olan İldırım Bəyazid və Əmir Teymur arasındakı çəkişmələr, hər ikisinin məktub vasitəsilə bir-birinə göndərdiyi ismarıclar, meydanoxumalar müəllifin özünəməxsus dünyagörüşü və bədii ifadə tərzi ilə, bir az da fərqli formada təsvir edilir. Bu bölümdə Azərbaycan hökmdarı Sultan Qiyasəddin Əhməd Cəlairi, Qaraqoyunlu tayfasının başçısı Qara Yusif və digər tarixi şəxslər də yad edilir.
Fateh Sultan Məhmətin Konstantinopolu fəth etmək üçün hazırlıq dönəmlərində gecə-gündüz bilmədən düşünməsi, bəzən yenilmiş kimi görünən güzəştə getmələri, qala divarlarının, Rumeli hasarının dörd ay içərisində tikilib başa çatdırılması rəngarəng və dolğun səhnələrlə təqdim edilir. Bütün bu hazırlıqlar zamanı gələndə bizanslıların gözlərini kəlləsinə çıxarır.
Romanda Sultanın inancı tez-tez önə çıxarılır, sanki Konstantinopolun fəthi – Osmanlı imperiyasının ən uğurlu səhifəsi sayılan bu hadisə İlahi həqiqətdir və göylərin bu mərhəməti fərasət sahibi Fateh Sultan Məhmətin alın yazısı idi. Onun sahib olduğu qutlu Osmanlı şəcərəsi, uzaq keçmişə dayanan soyu, daşıdığı genin nurlu nümayəndələrinin ruhlarından aldığı güc bu imkanı ona vermişdi. Hətta Bizansla müharibəyə başlamaq ərəfəsində sevgi şeirləri yazması belə o kökdən aldığı güc, qüvvət idi ki, bu inam ona eşq mülkündən baş alıb gələn qələbəni qazandırdı. Konstantinopol hücum etməklə alınmışdı və islami qaydalarda döyüşlə alınan şəhərin yağmalanması əsgərin halal haqqı sayılırdı. Yağmalamadan sonra Fateh Sultan Məhmət şəhərə girdi və atını dünya möcüzəsi sayılan Aya Sofiyaya sürdü. Orada namaz qılıb Allaha həmd-sənalar etdikdən sonra İstanbulu öz taxtı elan etdi. O zaman Fateh Sultan Məhmət 21 yaşında idi və Məhəmməd peyğəmbərin 800 il əvvəl bir hədisdə söylədiyi fikri təsdiqləmək ona nəsib olmuşdu.
Əsərdə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əmisi Üveysin felinə uyub atasına qarşı üsyana qalxmasını və məğlubiyyətə uğramasını “Uğurlu Nəhəmməd üsyanı” bölümündə oxuyuruq.
Daha sonra roman hadisələrinin gedişində Ağqoyunlu-Osmanlı qarşıdurması – Malatya döyüşü, ardınca Otluqbeli döyüşü əks olunur. Osmanlı İmperatoru Fateh Sultan Məhmət və Ağqoyunlu hökmdarı Uzun Həsən arasında uzun illər müharibələr aparıldı və bu daxili çəkişmələr Avropanı sevindirirdi. Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövləti öz yerini Səfəvilər dövlətinə verdi. Bütün bu tarixlər əsərdə bədii zənginlik və orijinallıqla verilir.
Romanın son bölümlərini Fateh Sultan Məhmətin qırx doqquz illik ömründə apardığı yürüşlərinin xronologiyası təşkil edir. Əsər tarixi roman olmasına baxmayaraq, bədii ümumiləşdirmədə müasirlik ruhu və çağdaşlığı ilə də diqqəti cəlb edir.
Müəllif: Adilə NƏZƏR
filologiya üzrə fəlsəfə doktoru
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru