
Darıxmağın rəngi
Bilirəm də…
Həyat səni yaman sıxır,
küncdə qoyub iki yazır.
Özünü müəllim,
səni şəgird sanır.
Mənim dostum,
qəm eləmə, düzəlməz!
Görürəm də…
O darıxmağın rəngini.
Aman, Tanrım, min təhərdir.
Hansından yapışsan,
rəngi qaçır.
Zənn etmə ki,
darıxmaq da gözəldir.
Vallah ömrü çox uzundur,
bir müddətdən dadı qaçır…
Çox darıxma, öldürər!
Baxsana bir göylərə,
uçur pambıq buludlar.
Əl atsan nəyi var süzülər,
guya əbədidir var olanlar?
Çox toxunma, qeyb olar!
Görürsənmi, qarışqanı?
Gör necə böyük yük daşıyır.
Sonra gəlir bir insanın acığı,
basıb boynundan suyun çıxarır.
Çox güvənmə, əzirlər!
Dövr edir ey fəsillər,
zaman da eyni qalmır,
əğyar da eyni yanmır…
Çox düşünmə,
zamandır da …
Tez gedər!
Adamdır da…
Dəyişər!
16.08.2021.
Mən Vətənəm!
İsmim Qaxdır…
Soyadım Türk yurdu!
Sonsuz axan bulaqlarım,
yaşıl çəmən oymaqlarım,
orda İlisu sultanlığım,
burda, qədim
Qıpçaq elim var…
Əzəliyəm, əbədiyəm,
yaranışımdan uluyam mən!
Torpağım var,
nemətlər yaradır.
Alimlərim var,
hər tərəfdə baş ucaldır!
Mən vətənəm!
Vətən deyirəm özümə!
Torpağının hər qarışını,
namus bilən Aqilim var!
Bayrağını qeyrət bilən,
Elçinim var, Nicatım var!
Qürurum göydən də ucadır,
məni sevən millətim var…
Mən Vətənəm!
Keşməkeşli həyatım var…
Hər çətinliyə sinə gərib,
dünyaya səs salan ,
obam var, yurdum var!
Mən Vətənəm!
Mərhəmətlə yoğrulmuşam,
hər millətə hörmətim var,
İzzətim var, sayğım var…
Mən Vətənəm!
Yeməklərimdən dadan,
bir də dadar!
Sürhüllüm var,
xəngəlim var,
xingilim var!
Mədəniyyət ocağıyam mən,
köksümdə abidələrim var,
muzeylərim var!
Yazıb yaradan,
şairlərim var,
yazarlarım var!
Mədəniyyətimi nəsillərə ötürən,
oğullarım var,
qızlarım var!
Mən torpağam!
ismim Qaxdır!
Soyadım Türk yurdu!
Əzəliyəm, əbədiyəm!
Yaşadıram, yaşayıram!
Müəllif: Aytac İBRAHİM
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru