GECƏNİN NAĞILI
Hava sakit idi o gecə…
Ulduzlar sayrışır,
Ay gecəylə yarışır,
yorğun bulud sərin mehlə barışır,
topa-topa üzürdü dənizə sarı.
Çəkilmişdi qınına Xəzərin dalğaları…
Xəzri daradıqca çal tellərini
köpüklər öpürdü sahillərini…
Qayalar dərd-səri başdan atmışdı,
Suların qoynunda rahat yatmışdı…
Qağayı qoşurdu sevgidən bəstə,
Zümzümə edirdi həzin, ahəstə…
Hava sakit idi… Şəhər nigaran…
Meydanlar qaynayır, gecikir fərman…
“Azadlıq!” sədası dəlir səmanı,
Gətirir salama bütün dünyanı.
Birləşən əllərim deyir:”Azadlıq!”
Oyanan ellərim deyir:”Azadlıq!”
Nəğməkar dillərim deyir:”Azadlıq!”
Sədalar ucalır, sərhədlər aşır,
Mavi səmaların üstə dolaşır…
Hava sakit idi… Gecə yarısı
Gizləndi buludda Ayın yarısı…
Ulzdular sönərək yumdu gözünü,
Çəkdi kül altına odlu közünü.
Gurultu bürüdü bütün şəhəri,
Başladı güllənin “ölüm” səfəri.
Kinin, xəyanətin, məkrin qarısı,
Süründü şəhərə gecə yarısı…
Yarışdı güllələr biri-biriylə,
Yedi cavanları odlu diliylə…
Birləşən yumruqlar kövrəlmədilər,
Ölüm qorxusundan seyrəlmədilər.
Yeridi ölümün üstə şəhərim,
Zülməti qanında boğdu səhərim.
Qeyrətlər çevrildi odlu silaha,
Çiləndi al qanı gələn sabaha…
Hər damla çevrildi al qərənfilə,
Döndü sinəmizdə ötən bülbülə…
Dolandı həftələr, döndü fəsillər,
İllərin üstünə qalandı illər.
Sönmədi qəlblərin arzu-diləyi,
Çökdü önümüzdə ölüm mələyi.
Üçrəngli bayrağım səmanı yardı,
Qüdrəti düşməni lərzəyə saldı.
İmzalar içində anıldı adım,
Kimliyim, mənliyim – türklük soyadım.
Doğuldu şəhidim hər doğan günlə,
Uyudu qəlblərdə imanla, dinlə.
Müəllif: Naibə YUSİF
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru