
HƏSRƏTİN TAXTA ÇIXIBDIR
Baxışların şimşək kimi
Çaxıb başımda -sevmişəm .
Mən səni aprel ayında
On dörd yaşımda sevmişəm .
* * *
O vaxtdan sevgin Gərayın
Canı , qanı ,iliyidir .
Bilirsənmi sevgimizin
Bu aprel qırx illiyidir ?
* * *
Sanki indicə sevmişəm .
O günlər lap dün kimidir.
Gözlərimdə inan mənə
Bu qırx il qırx gün kimidir .
* * *
O vaxtkıtək sevən qəlbim
Eşqin yanan ocağıdır .
Dəli -dolu sevgimizin
İndi ən müdrik çağıdır !
* * *
Həsrətin taxta çıxıbdır ,
Qırmızı geyib əyninə .
Qəzəblə çağırır səni
Eşqimizin yubileyinə !
31.03.2017.
ÖLÜM NEYLƏSİN
Nanə yarpağıtək əsməsin ürək ,
Saçlarına dəyən əlim neyləsin ?
Sənin həsrətindən , gözəlliyindən,
Yanmasın ağzımda dilim , neyləsin ?
* * *
Bu necə taledi , həyatdı , gülüm ?
Səndən ayrı düşmək zülümmüş ,zülüm !
Kərəm xoşbəxtiymiş qovuşdu külü ,
Sənə qovuşmayan külüm , neyləsin ?
* * *
Görüşdük , çox yaxşı , gedirsən niyə ?
Dünyamı tarımar edirsən niyə ?
Qəlbimi tərlantək didirsən niyə ?
Haraya çatmasın ölüm , neyləsin ?
QURBAN SƏNƏ,MƏNİ DİNLƏ !
Sığışmırdım bu dünyaya ,
Sığışdırdın öyə məni .
Allahım , Tanrım , bağışla ,
Yerə məni , göyə məni !
* * *
Sevgini et ,başıma tac ,
Qapıları üzümə aç ,
Sənə olum , etmə möhtac ,
Şaha , xana , bəyə məni .
* * *
Halal yerdən ver ruzimi ,
Qara eyləmə üzümü ,
Külə döndərmə ,közümü ,
Yandır , döndər , neyə məni !
* * *
Qurban sənə , məni dinlə ,
Qəmini ver. gözəlinlə ,
Canımı al , mərd əlinlə ,
Qiyma , namərd əyə məni .
* * *
Qoy vətənim olsun abad ,
Millətimi görüm azad .
Düşmənləri sən etmə, şad ,
Dərdlə döyə -döyə məni .
* * *
Nə olar yetiş , haraya ,
Məlhəm göndər, hər yaraya !
Yiyə dur ,şair Gəraya ,
Ucalt , öyə -öyə məni !
04.04.2020 .
GƏL BAŞDAN , TƏZDƏN BAŞLAYAQ
Dünya , bu oyun olmadı ,
Gəl başdan , təzdən başlayaq .
Qismət ola , ya olmaya ,
Beş arşın bezdən başlayaq .
* * *
Baş vurdum dərdi -sərinə ,
Heyran qaldım hünərinə !
Çox da getməyək dərinə ,
Dayazdan ,üzdən başlayaq .
* * *
Bəhrələnməyək talandan ,
Uzaq dolanaq yalandan ,
Mayada olub -qalandan ,
Doğrudan , düzdən başiayaq .
* * *
Qılıncı çıxaraq qından ,
Vətən üçün keçək candan!
Qarabağdan , İrəvandan ,
Hətta Təbrizdən başlayaq .
* * *
Təzələnək gəl bu gündən ,
Söz açaq insafdan , dindən ,
Uca vətən sevgisindən ,
Eşq adlı közdən başlayaq .
05.04.2020.
ƏYDİ GƏL
Cana gəldim ürək üzən dözümdən ,
Zalım həsrət axır məni əydi ,gəl .
İnan , dünya tamam çıxdı gözümdən ,
Yeri – göyü bir- birinə dəydi , gəl .
* * *
Kim qarğadı görən belə qarğışı ,
Gətirmədi bu sevdanın naxışı .
Tutdu yenə həsrətinin yağışı ,
Dərdin məni dolu kimi döydü , gəl !
* * *
Həyacandan az titrə , az əs, gülüm ,
Neynək , tale gətiribdir nəs , gülüm ,
Sən məndən yox , öz bəxtindən küs ,gülüm ,
O gileyin , o güzarın nəydi , gəl ?!
* * *
Dünya bənzər nemət dolu zəmiyə ,
Bir suyu yox dəyirmandı kimiyə .
Daha bıçaq işləyibdir sümüyə ,
Ölüm sənsiz yaşamaqdan iydi , gəl !
* * *
Duyğularım aşıb -daşan pətəkdi ,
Bu dünyada bənzərsizdi , o təkdi ,
İndi cismim başdan -başa ürəkdi ,
İndi Gəray nəğmə dolu neydi , gəl !
Müəllif: Gəray GÖYYURD
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru