Orxan Saffari – Ay, Laçın!

Orxan Saffari

“HƏR ZÜLMƏT GECƏNİN BİR SONU VAR…”

– Gecəyarı qapıları döyməyin
– Ata var ki, yuxu bilməz həsrəti,
– Ana var ki, namaz üstə yaşayır,
– Oğul var ki, başa çatıb xidməti…

Bu gün, Əsgər Səfərovun xidmətinin başa çatdığı, Azərbaycan Milli Ordu sıralarından tərxis olunduğu gündür.

Qəribədir, əsgərlikdə olduğun anlarda hərdən elə bilirsən ki, bu günlər heç keçməyəcək, bu çilə heç vaxt bitməyəcək. Amma sonra, sonda görürsən ki, əslində, hər şey bir göz qırpımındaca ötüb keçirmiş. Buna isə çox yox, elə əsgər yoldaşlarım, prizivlərimlə koridordan ayaqla düşüb Laçın dağlarına hələlik son dəfə baxanda anladıq ki, buranın udduğumuz sonuncu toz-tozanağı, gördüyümüz sonuncu gül-çiçəyi, dağlarıdır.

Şair demiş, duman salamat qal, dağ salamat qal.

İndi getməyə tələsdiyimiz bu yerlər yurd yeridir, vətəndir.

Bura Laçındır, bura Vətəndir!


Geriyə isə sadəcə, çox danışan bir zabitin, maxe-gizirin sıranı düzüb saatlarca danışacağı qədər xatirə qalır.

Yaşadığın bütün çətinliklər səndən nələrsə alıb, saya gəlməz şeylər də qatır.

***
Əsgəri dillə desək, əvvəldən sonadək xidməti yandırmadıq, ümumi danışsaq, kişi kimi gəldik, kişi kimi də gedirik.

Xidmətimi Laçında, Zəngəzur mahalında başa vurdum. Burada əsgərlik sözün əsl mənasında mənim həyatımın dönüş nöqtəsi oldu, Laçın məni bu qoca əsgər yaşımda bir az da böyütdü, Laçın məni tamamilə başqa adam elədi. Dolayısı ilə Laçın günlərim Laçında keçdi, olduq Laçın əsgəri, post əsgəri, dağ-dərə adamı.

Vətənə olan borcumu Laçında ödəsəm də, mənə qatdığı mənəvi məsələlərə görə Laçına yenidən borclandım.

Sağ ol, Laçın!

Var ol, Laçın!

Təşəkkürlər, Vətən!



Aydın məsələdir ki, Vətən haqqında söz-söhbətlər pafossuz olmur. İndi fərq etmir, pafoslu ya pafossuz, buralar həm də ona görə gözəldir ki, 30 illik bir həsrətin yaşantısıdır. Buranı görə bilməyib həsrəti ilə dünyadan köçənlərin həsrətini də üstünə gəlsək, adamın danışanda boğazı quruyur.

Məmməd Araz demiş;

-Bircə sağ olunda bəsimdi, Vətən.

İndi sözün əsl mənasında burada xidmət elədiyim üçün özümlə fəxr edirəm. Buralar üçün o qədər darıxacam ki. Nə olsun əsgərlikdə olanda ancaq mülki həyat arzulayır, buralara daş qoyanları söyürsən? Adam sonra pis darıxır. Özü də, nələrdən ötrü? Ən əziyyətli anlarından, günlərdən, özünə, həyatına söydüyün dəqiqələrdən ötrü.

Mən heç, mən Allahın darıxan bəndəsi darıxmadığım şey yoxdur. Yaxşı yadımdadır, qışda anamız bizi doğduğu üçün peşman idik. Aylarla dizdən, göbəkdən qarın içində xəstəhal hərəkətlər, yeməyin, içməyin, çimməyin qar suyu, post-patrulun sızıltıyla keçdiyi şaxtalar, daha nələr-nələr. Onların çoxunu nə ifadə etmək olar, nə başqa şey. Ancaq hiss etməli, yaşamalısan.

Məsələn, mən istəmərəm o günləri bir doğma, bir tanış yaşasın. Düşmənə arzu edirəm amma. Onların yaşamağından ziyan gəlməz.

Nə bilim…



Həkərisindən, Minkənd çayından tutmuş, Hoçaz yalına, Rövşən Cavadovun evinə qədər. Pircahandan tutmuş, Zəngəzur mahalının, erməni ilə 15 metr məsafədə durduğum postlarına qədər…

Hər şeydən, hər şeydən ötrü darıxıram, darıxacam. Deyib, deyə bilmədiyim hər şeydən ötrü.

İlahi, nələr olmadı, nələr yaşanmadı buralarda? Əzabı, əziyyəti, səfası ilə gözəl Laçın.

Diqqət,
Düzül,
Düzlən,
Farağat!

Həmişəlik yox, hələlik, Laçın! 

Müəllif: Orxan SAFFARİ

ORXAN SAFFARİNİN YAZILARI

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir