RAMİZ İSMAYIL. VİCDAN SANCISI.

RAMİZ İSMAYLIN YAZILARI

RAMİZ İSMAYIL
Ramiz Məmməd oğlu İsmayılov 1 fevral 1948-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.

VİCDAN SANCISI

Ön hissəsi vitrin şüşələrindən yığılmış üç mərtəbəli binanın qabağında maşını saxlatdırıb şüşəsinə qara plyonka çəkilmiş qapını açıb yerə düşdü. Maraqla bu yaraşıqlı binaya baxıb heyrətini gizlədə bilmədi. “Əclaf düz deyirmiş, çox gözəl binadır. Proyektini kim veribsə fantaziyası çox güclüdür. Yaxşı da maya qoymuş olar”.
Eynəyini çıxardıb yavaş addımlarla binaya tərəf gəldi. İri hərflərlə “V. İ. M Medikal Senter” yazılmış lövhəyə baxdı. Lövhə “qacan hərflərlə” işıqlandırılmışdı. Qapıya yaxınlaşanda qapı özü açıldı. İçəri girməmiş sürücüyə işarə elədi: yəni maşını bir sakit yerdə saxla, axtardığımız yer buradır.
Foyedə adam çox idi, növbəyə yazılırdılar. Maskasını taxıb şüşəli arakəsmə arxasında oturmuş cavan qızlardan birinin pəncərəsinə yaxınlaşdı:
-Xanım, dünəndən “onlayn” vasitəsilə növbə tutmuşam. Həm də məni Loğman Təbib göndərib.
Qız Loğman Təbibin adını eşidən kimi ayağa qalxdı:
-Xoş gəlmisiniz. Nə qulluğunuz?
-Saat 11 tamamda həkimin qəbulunda olmalıyam. Əlavə nəsə bit şey lazım olacaq, yoxsa… gedim doxdurun yanına.
-Siz düz saat 11 tamamda həkimin otağında olacaqsınız. Bir dəqiqə o yan-bu yan ola bilməz. Xatırladıram ki, hər pasiyent üçün səkkiz dəqiqə vaxt ayrılıb. Düz vaxtında otağa daxil olun.
-Çox sağ olun, xanım.
-Siz sağ olun.
Onun qəbula düşməyinə düz on iki dəqiqə qalırdı. Maşına qayıtmağa ehtiyac yox idi. İkinci mərtəbəyə qalxıb onu qəbul edəcək həkimin qapısına yaxınlaşdı. Səliqəli hərflərlə yazılmışdı: uzman doktor, vicdanoloq İnsaf Mürvətli. Qəbul saatları: 9:00-dan 18:00-a qədər. İstirahət günləri və fasilə barədə məlumat yox idi. Dəhlizə göz gəzdirdi. Hər oturacaqdan sonrakına “oturmaq olmaz” yazılmışdı. Bu xəbərdarlığa baxmayaraq oturanlar var idi. Divarda iri hərflərlə “məsafə saxla” yazılmış və pandemini əks etdirən plakatlar asılmışdı.
O, əlində növbəni bildirən qəbzə baxaraq “on beşinci kimdir” deyə soruşdu.
-Mənəm, – həkimin qapısının lap yanında oturmuş bir nəfər orta yaşlı, başı dazlaşmış, şişman bir kişi dilləndi. – Siz yəqin məndən sonrasınız. – Ayağa qalxıb yerini ona göstərdi. – Buyurun, əyləşin. Tələsirsinizsə, növbəmizi dəyişə bilərik. Səhv etmirəmsə…
O, yer göstərən adama təşəkkür edib sözünü tamamlamağa qoymadı. Guya təvazökarlıq edirdi. “Oturmaq olmaz” yazılan stolda oturub qarşısındakı şişmana diqqətlə baxdı. Sakit səslə soruşdu:
-Ağlın nə kəsir bu doxdurdan? Məni bura bir mötəbər adam göndərib. Deyir bura analoqu olmayan tibb mərkəzidir.
Şişman adam sanki söhbət üçün darıxırmış, maskasını çənəsinə salıb azacıq ona tərəf əyildi.
-Mən sizi tanıyıram, – deyib yaltaqcasına gülümsədi. – ona görə də açıq deyirəm, tam əminliklə həkimə inana bilərsiniz.
Şişman yenə nəsə demək istəyirdi. Bu vaxt həkimin otağının qapısı açıldı. Eynəyi başının ortasında, sinəsi yarıya qədər açıq, boğazında qəribə “tatu” olan, şalvarının dizləri bir neçə yerdən it parçalamış kimi cırıq görünən cavan qız nəzakətlə:
-On beşinci buyursun! – dedi.
Şişman tez ikiqat əyilərək: – müəllim, buyurun, keçin, – dedi.
***
…Həkimin yaxşıdan-yaxşı “abstanovkası” olan otağına göz gəzdirdi. Onun əvvəlki xəstəyə nisbətən özünü lovğa və təkəbbürlü aparması həkimin nəzərindən yayınmadı. “Xəstə” dilucu özünü təqdim etdi: mən Vəkil Daimiyəm. Həmkarım Loğman Təbibin tövsiyyəsi ilə gəlmişəm.
-Xoş gəlmisiniz. – Həkim təkəbbürün mənasını anladı. – Loğman bəy bir nəfəri göndərəcəyini demişdi. Adınız nəsə məni çaşdırdı. Bu, sizin əsl ad-familiyanızdır, yoxsa …
-Xeyir, bu mənim təxəllüsümdür.
-Siz şairsiniz?
-Həm də şairəm, nasirəm, dramaturqam. Loğmanla danışmışıq, sizinlə bərabər qəbulda iştirak edib bu xeyirxah işinizdən material toplayıb geniş məqalə yazacağam.
-Həm də…
-Bəli, həm də otuz ildi millət vəkiliyəm. Ona görə də deputat dostlarım hörmət əlaməti olaraq “Vəkil Daimi” təxəllüsü veriblər. Şairliyim yerində. Lazım gəlsə, kosmik tədqiqatlardan danışa bilərəm. Lazım gəlsə, atom nəzəriyyəsindən mühazirə oxuyaram, ailə-məişət məsələlərindən samballı mülahizələrimlə hamını mat qoyaram, sonsuzluqla mübarizə yollarını dünyanın ən məşhur ginekoloqlarına izah edə bilərəm. Pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına tövsiyyələr verərəm. Tak şto, doxdur, mən otuz ildə elə-belə, qara qaşıma, gözümə görə millət vəkili olmamışam. Boş yerə mənə “Vəkil Daimi” demirlər. Televiziya kanallarında gündə ən azı eyni vaxtda dörd-beş verilişdə məni göstərirlər. Özü də canlı, həm də müxtəlif mövzularda.
-Yəni millət qarşısında xidmətləriniz böyükdür.
-Böyükdür yox, lap çox böyükdür! Sayım?
-Zəhmət olmasa…
-Bakının dörd ən yaxşı yerində səkkiz dənə iki mərtəbəli şadlıq sarayı tikdirmişəm. Hər nəvəmin adına birini. Üç rayona avtobus marşrutu açmışam. Böyük bir taksi şirkətim var. Bunların hamısı xalqın xidmətindədir.
-Bütün bu xidmətlər yəqin ödənişsizdir.
Vəkil Daimi əlini-əlinə vurub şaqqanaq çəkdi:
-Kefin olsun, ay həkim! A kişi indiki zəmanədə adamın halal arvadı ərinə pulsuz… – Vəkil Daimi kənardan ona diqqətlə qulaq asan gənc xanıma görə deyəcəyi sözü dəyişdi. – xidmət eləmir. Elə sizin xidmət. Bütün özəl klinikalarda olmuşam. Sizdəki xidmət haqqı heç yerdə yoxdur. Sizdə qəbul, ödəniş iki üç-qat yüksəkdir. Səbəb nədir?
-Səbəb odur ki, bizdə xidmət superdi. Maşın parklama, yumşaq stullar, ayaqyolu, koridorda nəfəs almaq, hamısı xidmət haqqına daxildir. Yaxşı, heç demirsiniz sizin şikayətiniz nədəndir.
-Mənim vicdanım ağrıyır.
-Bu məlumdur, ayrı xəstəliyiniz olsa başqa yerə gedərdiniz. Vicdanınızı ağrıdan nədir?
-Qısa deyəcəm. Otuz ildə nəvələrimin hamısının nəvəsinə də gün-güzəran üçün şərait yaratmışam. Xeyli fasilədən sonra Avstraliyada yaşıyan qızımın nəvəsi dünyaya gəlib. İndi mənim vicdanım qəbul eləməz ki, məndən ona bir miras qalmasın. Çox fikirləşdim, axırda belə qərara gəldim ki, ona heç olmasa on-on beş hektar torpaq sahəsi alım. İçində bir arxitekturalı məscid tikdirim. Sonra fikirləşdim: baş molla başı buna imkan verməz. Yəni, ona bata bilmərəm. Belə qərara gəldim ki, torpaq alım, içində mürdəşirxana tikdirim, qəbir daşları üçün sex açım. Özün bilirsən də qəbir daşları get-gedə bahalanır. Bütün bunları təzə nəvəmin adına sənədləşdirim. Həm xalqa xidmət olar, həm də dolanışıq.
-Bütün bunların vicdana nə dəxli var?
-Ay doxdur, bunları eləməsəm, mənim vicdanım sakit ola bilərmi? Gəlişimin də səbəbi odur ki, vicdanım sakitləşdirmək üçün mənə dərman yazasınız, yerin deşiyindən də olsa taparam.
-Yerin deşiyi lazım deyıl. Düşün birinci mərtəbəyə, bizim aptekdə “Vicdanavin” adlı dərman var. Öz istehsalımızdır. Cəmisi iki yüz manatdır. Bir ay hər gün qəbul edin. Sonra yenə gələrsiniz.
-Nə bahadı, doxdur, bu qiymətə dərman olar?
-Vicdan ağrısı elə belə dərmanla müalicə olunmur, hörmətli millət vəkili. Bu dərman şəxsən Loğman Təbibin kəşf elədiyi dərmandır. – Həkim saatına baxdı.
Vəkil Daimi onun fikrini başa düşdü. Növbəti xəstə gəlməli idi. Bu şışman olmalıydı.
***
Şişman içəri girib əyilə-əyilə həkimə salam verdi. Həkimin göstərdiyi stulda əyləşəndə də elə görünürdü ki, stula da qıymır: stul əziyyət çəkər. Həkim diqqətlə ona baxdı:
-Siz elə bil mənim yanımda olmusunuz.
-Olmuşam, doxdur, ikinci dəfədir gəlirəm.
-Nə oldu, müalicənin xeyri dəymədi?
-Mən atama görə gəlmişəm.
-Necə yəni atama görə, başa düşmədim.
-Doxdur, mənim atam sovet dövründə “abaxeyis” işləyirdi. O vaxtlar bilirsiz də-ə, zambağlar yaxşı pul qazanırdılar. Amma ilişəndə də qazandıqları burunlarından gəlirdi. Üç qəpikdən ötrü tutub ya “qoduxluğa” salırdılar, ya da gönünə qədər soyurdular. Atam məni həmişə ayrı-ayrı mağazalara alver eləməyə göndərirdi. Mağazada məni uşaq bilib beş-üç qəpik aldadırdılar. Atam mağazanın çölündə məni gözləyirdi. Mən qapıdan çıxmamış saxlayırdı və… qalanı məlum məsələ idi. Zambaq…
Həkim onun sözünü kəsdi:
-Zavmaq.
-Hə, zavmaq da işini bilirdi. Ya əlli-ayaqlı getməli idi, ya da atam deyən məbləği verməli idi. Beləliklə… qazanırdıq. Dəfələrlə qulağım eşidə-eşidə atamın dalınca deyirdilər: vicdanın itin olsun.
-Bu söhbətin sənin xəstəliyinə nə dəxli var? Sənin vaxtın gedir. Dərdini de. – Həkim səbirsizliklə dilləndi.
-Həkim, elə dərdim budur. Atam rəhmətə gedib. Hər gecə yuxuma girir. Deyir, a bala, məni bu gorda da rahat yatmağa qoymurlar. Hey deyirlər oğlun sənə rəhmət oxutdurur. O qədər vicdanını itirmisən ki, mənim kimi “vicdanı itin olmuş” adama indi rəhmət oxutdurursan?
-Dayan görüm, sən nə işlə məşğulsan?
-İş verən adam kimi tanıyırlar məni.
-Pis iş görmürsən ki, adamları işlə təmin edirsən, çörək qazanırlar. Bunun nəyi pisdir ki?!
-Bu iş siz düşünən iş deyil, doxdur. Elə iş görürəm ki, mənim də arxamca “vicdansız köpəkoğlu vicdansız” deyirlər. İndi soruşmaq istəyirəm: bu vicdan nə olan şeydir? Siz onu necə müalicə edirsiniz? Vapşe onun müalicəsi varmı?
Həkim saatına baxdı.
-Sizin vaxtınız qurtardı. Ayrı vaxt gələrsiniz. Növbəti xəstənin haqqına girməyin.
Şişman ayağa qalxar-qalxmaz həkim xanım qapını açıb məlahətli səslə:
-Növbəti xəstə zəhmət olmasa, buyursun, – dedi.
***
Vicdanoluqun növbəti xəstəsi özünü millət vəkili kimi yekəxana aparmasa da sadəlik də hiss olunmurdu. O, otağa girib əyləşən kimi İnsaf Mürvətli onun üzünə baxdı: yəni eşidirəm.
-Mən super marketlər şirkətinin prezidentiyəm. Bura vicdanımın səsinə qulaq asıb gəlmişəm.
-Əcəb eləmisiniz. Bura gələnin heç biri bağırsaqlarının səsinə qulaq asıb gəlmir, – həkim özü də hiss etmədən kobud şəkildə dedi, – eşidirəm sizi, buyurun!
-İşçilərimdən biri mənə dedi ki, şef, yaxşı ucuz ət yeri eləmişəm. Dedim murdar olmuş heyvan ətidir? Dedi, yox əşi, at ətidi, eşşək ətidi. Rayonda kəsib itə, pişiyə yedizdirirlər. Vicdanım sancdı. Atın, eşşəyin dalında böyümüş adamam. Atdan düşüb eşşəyə, eşşəkdən düşüb ata, ayıb olmasın elə də minmişik, belə də, Tem bolye, at-eşşək də deputat seçildiyim, doğulduğum rayonun ərazisindən idi. At, eşşək mənim üçün əziz heyvanlardır. Elə Özbək, Qazax qazrdaşlarımız da bu heyvanlara hörmətlə yanaşırlar. Atın, eşşəyin kəsilib itə, pişiyə yedizdirilməsi vicdanımı göynətdi. O cür nəcib, illərlə insanlara xidmət eləyən məxluqların belə urvatsız olmasına vicdanım dözmədi. Beş tona yaxın ət idi, gətizdirib verdim qəssablarımıza. Mal əti əvəzinə camaata ucuz qiymətə satdılar. Hər dəfə atın, eşşəyin qabırğasına balta dəydikcə elə bilirdim mənim cəmdəyimə dəyir. Bir təsəllim o oldu ət itə, pişiyə yem olmadı. Həyəcanım son həddə çatmışdı. Ət satılıb qurtarandan sonra vicdanım bir az sakitləşdi. İndi hər ehtimala qarşı profilaktik tədbir üçün yanınıza gəlmişəm.
-Bax buna deyərəm vicdan.
Vicdanoloq bir az kövrəlmiş, bir az da məmnun halda dedi:
-Gedin birinci mərtəbəyə, aptekçiyə mənim adımdan deyin sizə “Vicdanavın” versin. Duyğulu insan belə olar.
Həkim ayağa qalxıb rəğbətlə xəstəni qucaqladı, əl tutuşub ayrıldılar.
Xəstələrin qəbulu davam edirdi. Növbəti xəstə vəkil idi. Hüquqşunas vəkil. Qırx il vəkillik etdiyini, lakin bir dənə də məhkəmə işini uda bilmədiyini etiraf etdi. Əzrayılla əlləşdiyini, o dünyada qır qazanında yandırılacağını qorxa-qorxa vicdanoloqa danışıb kövrəldi: bilirəm ki, günahımı heç nə ilə yuya bilməyəcəm. Ona görə gəlmişəm ki, vicdanımın, qismən də olsa, təmizlənməsinə köməyiniz dəyə bilərmi?
Həkim onu da “Vicdanavin” almağa göndərdi.
Növbəti xəstə nə təhər həyacanlanmışdısa vəzifəsini, iş yerini, adını da düz-əməlli deyə bilmədi. Dili dolaşa-dolaşa “mən pensionnu fonddan gəlmişəm” dedi.
O, həkimin sualını gözləmədən ləhliyə-ləhliyə dərdini danışmağa başladı:
-Doxdur, bütün umidim sizədir. Səkkiz-doqquz milyon əhalinin ahı-nifi məni tutmamış bir əlac eyləyin.
-Ay kişi, bir de görüm nə olub? Dərhal ağlaşma qurursan.
-Doxdur, mən pensiya idarəsində işləyirəm. Göstəriş aldım ki, pensiyaları artırmaq üçün sənədləri hazırlayım. Necə sevindiyimi özün təsəvvür elə. İşin gedişatında məlum oldu ki, bir milyon üç yüz min pensiyaçının pensiyasını orta hesabla iyirmi-iyirmi beş faiz artırmaq olar. Şöbənin müdirinə hesabatı göstərdim. Dedi lap yaxşı. Yaxın üç-dörd ay ərzində tam dəqiqləşdirib xalqımızı sevindirərik. Başağrısı olmasın, doxdur, televiziyadan xəbər tutdular. Təsəvvür elə də camaatın sevincini. Sən demə, qardaş, bu xəbərə qara camaatdan çox işbazlar sevinirmiş. Dərhal qiymətlər qalxmağa başladı. Köhnə malları da, təzə malları da gündən-günə artırılmış qiymətə satdılar. Altı aydan sonra pensiyalar vur-tut heç dörd faiz də artırılmadı. Bir milyon qara camaatın pensiyasının bu artımı səkkiz-doqquz milyonun “civinə vurdu”. Bu milyonun ahı-nifi məni tutacaq-tutmuyacaq, bilmirəm, amma vicdan əzabı məni öldürəcək. Bu az imiş kimi min manatdan yuxarı pensiya alanlara pensiyanın on faizi qədər yardım təyin elədilər. Bu az qala qara camaatın aldığı pensiyanın ümümi məbləği qədərdir. İndi doxdur, vicdan ağrısı öldürür məni. Bir əlac elə, yalvarıram.
Vicdanoloq müşkül vəziyyətə düşdüyünü anladı. Xeyli fikirləşəndən sonra çarəsiz halda dedi:
-Səninki, Allaha qalıb.
“Xəstə” iki əliylə başını tutmağı ilə stuldan tirtap yerə yıxılmağı bir oldu. Mühafizə işçilərini çağırıb onu ayıltmaq üçün başqa otağa apardılar.
Növbəti “xəstə” elə bil saatı-dəqiqəni gözləyirmiş, “nemes” dəqiqliyi ilə səkkizinci dəqiqənin tamamında vicdanoloqun otağına girdi. Salam verib əyləşdi. Həkim bayaqki xəstənin halından nigaran qalsa da özünü ələ alıb sakitləşdi. Hər halda həkim idi, soyuqqanlı, təmkinli olmaq vacib şərtdir.
-Buyurun, eşidirəm sizi, – deyib xəstənin üzünə baxdı.
-Həkim, mən “Abşeron” tikinti şirkətinin rəhbəriyəm. Bütün Abşeron ərazisində müasir “novostroyka”ları bizim şirkət inşa edir. Saysız-hesabsız binalarımız, saysız-hesabsız da müştərilərimiz var. “İpoteka” krediti ilə evlər tikib, Beynəxalq Bank vasitəsi ilə mənzillər satırıq. İyirmi il müddətinə ödənişlə. Nə gizlədim, elə mənzil vardı dörd-beş dəfə satmışıq. Krediti ödəyə bilməyənləri iki ay gözləyirik. Ödüyə bilməsələr sorğusuz-sualsız evdən çıxardırıq. Səksən-doxsan min ödəyən sakinlərin də elə olub evlərini əllərindən almışıq. Qısası, həm ev tikirik, həm ev yıxırıq. Ən mötəbər instansiyalara da şikayət etsələr, xeyri yoxdur. Üzümüzə itin sözünü deyirlər, peysərə veririk. Abrımızı (olmayan) ətəyimizə bükürlər, qarğış eləyirlər, qızara-qızara gözümüzü döyürük. O qədər qarğış elədilər ki, xəstəlik tapmışam. Bəla burasıdır ki, əlacını tapa bilmirəm. Ürək həkimi mədə-bağırsaq həkiminə göndərir. Mədə-bağırsaq həkimi pulunu alır, böyrək həkiminə göndərir. Böyrək həkimi qara ciyərimi yoxlatdırmağı məsləhət görür. Hamısı da özün bilirsən də, elə-belə başa gələn şey deyil. (Xəstə barmaqlarını bir-birinə sürtdü). Dərdimə əlac yox idi ki, yox idi. Bu yaxınlarda təsadüfən dərdimi tapdım. Səksən min manatdan cox kredit ödəmiş bir nəfər axırıncı iki ayı ödüyə bilmədi. Göz açmağa qoymadıq, evdən çıxartdıq. Onlar ev əşyalarını maşına yığanda ordan keçirdim, iki yeddi-səkkiz yaşlı qız uşağı məni görəndə yaxınlaşıb bir az üzümə baxdılar. İkisi də birdən dedilər: “Heç vicdanınız ağrıdımı?” Qəfil elə bil yuxudan ayıldım. Aha, bəlkə mənim vicdanım ağrıyır? İndi sizdən soruşuram; ola bilərmi mənim vicdanım ağrısın?
Həkim diqqətlə qulaq asırdı. Bir qədər fikirləşib “xəstə”nin üzünə baxdı:
-Narahat olmayın. Sizin vicdanınız ağrımır. İnsanın orqanizmində olmayan şey ağrımaz. – dedi:
“Xəstə” narazı halda dilləndi:
-Sizin sözünüzdən belə çıxır ki, mənim vicdanım yoxdur.
-Mən demədim, özünüz dediniz.
Növbəti vicdanı ağrıyan xəstə otağa girəndə şirkət rəhbəri otaqdan çıxmağa məcbur oldu. Hələ növbədə “vicdan xəstəsi” cox idi. Keçmiş icra başçıları, bələdiyyə sədrləri, ikinci (hətta birinci) Qarabağ müharibəsi dövründə rüşvət olan hərbi komissarlar, ölmüş xəstələrin yaxın adamlarını aldadıb pul alan həkimlər, keçmiş polis rəisləri, “uçaskovu “lar məktəb direktorları, işiq, qaz, su təsərrüfatı işçiləri kimlər… kimlər.
***
…Vəkil Daimi vicdanoloqun yanından çıxıb bu yaraşıqlı binaya bir də qibtə hissi ilə baxıb fikirləşdi:
-Nə təhər olub mənim ağlıma düşməyib belə bir tibb mərkəzi açmaq. Loğman Təbib məndən beş il sonra millət vəkili seçilib, amma gör necə ağıllı işlər görüb.
O, birbaşa Loğman Təbibin yanına getməyi qərara aldı. “Gedim həm təşəkkür edim, həm də bir az söhbətləşək”.
***
…Loğman Təbiblə şəstlə salamlaşıb həmişə çay içdikləri “cay evi” nə getdilər. Bu obyekt də Loğman Təbibin idi. Sakit, xudmani bir otaqda oturdular.
-Hə-ə, qardaş, sağlığına qismət, çox gözəl tibbi mərkəz yaratmısan. Zövqünə heyran oldum. Əcaib də ad qoymusan: “V. İ. M. Medikal senter”. Bu nə deməkdir?
Loğman Təbib gülümsədi:
-Elə bilirsən təkcə sən şairsən? V – Vicdan, İ – İnsaf, M – Mürvət deməkdir.
-A-a, başa düşdüm, doxdurun adına “aformut” eləmisən.
-Yox əşşi. Doxdurun adı deyil. Heç doxdurum da doxdur deyil. Bilmirəm baytarlıq kursunumu, zootexnik kursunumu qurtarıb.
-Dayan görüm, bəs məni o mal doxdurunun yanına niyə göndərmisən?
-Reklam üçün, desinlər filankəs də orada müalicə olunur.
-Sənin reklamın xatirinə beş yüz manatım getdi.
-Qaytaracam, qorxma
-Nə əcəb belə bir mərkəz ağlına düşüb?
-Bilirsən, kolleqa, bizim camaatın bir xüsusiyyəti var. Nə olur, olsun, xarici olsun. Burda öz həkimlərimizi qoyub üz tuturlar İrana, Turana. Görməzə-bilməzə əllərinə keçən həkimlərə pul paylayırlar. Əziyyətləri də daha demə. Vicdanım qəbul eləmədi. Dedim bu pullar niyə əcnəbililərə qismət olsun. Elə də elədim: gördüyün o tibb mərkəzi vicdanımın məhsuludu.
-Halaldı. Biz bu millətə hələ çox vəkillik eləməliyik. Amma bilmirəm bu millət qədrimizi biləcəkmi?
Vəkil Daimi mürəbbəli çay içməyə başladı. Loğman Təbib də armudu stəkana çay süzüb bir qurtum içdi.
-Kolleqa, heç demədin “vicdanoloq”un yanından nə təəssüratla qayıtdın?
-Qardaş, mən çox şeyi açıb ona demədim. Sözün düzü Qarabağda işğaldan azad olunmuş ərazidən torpaq sahəsi almaq istəyirəm. Gələcəkdə turizm mərkəzi yaratmaq fikrim var idi. Özün bilirsən da bilmək olmaz, bir də gördün ruslar erməniləri qaytardı basdı oralara. Yaxşısı budur Abşeronda torpaq alım. Nə qədər ki, sağam, bir mərasim evi tikdirim, qəbir daşı düzəldən usta tapım, ömürlük çörək var.
-Qarabağda torpaq sahəsi almaq ağıllı fikirdi. Amma bir məsələ var: 44 günlük müharibədə bizim bu ölkəyə qırx dörd qəpiklik xeyrimiz dəymədi. Uşaqlarımızın hamısı xaricdə yaşayırlar. Arvad da gah oğlunun, gah qızlarının yanında olur. Bir ay Türkiyədə, üç ay Niderlandda, iki ay Almanyada, heç üzünü də görmürəm.
-Zato “göyərçin”lə romantik həyat yaşayırsan.
Təbib Loğman güldü
-O da qudurub. Deyir “turac” yüz əlli minlik maşında gəzir, mənim haram ondan əskikdi ki, yetmiş minlik maşında gəzim. Dedim sən öl evi də əlindən alaram, maşını da, qalarsan mələyə-mələyə. Dedi səni şantaj eləyərəm, üzünə duraram, nə bilim nə…
-Yaxşı deyiblər: zəhərdə şəfa olmaz, qəhbədə vəfa.
-Hə, dedim səni küllü-küf edərəm, izin-tozun bilinməz. İndi köpü alınıb, yalvarır. Amma qələt eləyir o, iç üzünü göstərdi. Qardaş, o cəhənnəm olsun. Sözümün canına qulaq as. Qarabağda qohum-əqrabandan vuruşan var, yox! Heç mənim də yoxdur. Nə üzlə indi Qarabağda torpaq almaq istəyirik? Bircə əlacı var. Qarabağda vuruşan bir yetim, kasıb uşaq tapıb onun adına almaq. Bəlkə o da bəlkə belə mümkün olar. Biz Qarabağdan torpaq umuruq. Buna vicdan yol verərmi?
Vəkil Daimi yenə “bu məndən ağıllı yol tapıb” deyə fikirləşdi.
-Cəhd elə də, qardaş, Allahın işidir, bəlkə alındı.
-Allah bu sovet hökümətini dağıdanların atasına rəhmət eləsin. Sovet dövründə biz belə cəh-cəlal qura bilərdik. – Loğman Təbib söhbəti dəyişdi. – Amma bir şey pis oldu: Bu Rusiya-Ukraniya müharibəsi başımıza oyun açmasa yaxşıdır.
-Vaxtında tədbir görməmisən?
-Görmüşəm, xarici banklardakı pullarımın böyük bir hissəsinə bir neçə mülk almışam. Qalan hissəsi də uşaqlarla arvadın adındadır. Bir az arxayınam.
Mənim də sərvətim uşaqların və nəvələrin adınadır. Həm də Avstraliya bir az etibarlı yerdir.
-Allaha pənah, – deyib ayağa qalxdılar. Loğman Təbib Səhiyyə Nazirliyinə, Vəkil Daimi isə telekanallara gedəcəyini deyib ayrılanda Vəkil Daimi dedi:
-Sən vicdanın, mənim beş yüzümü qaytar ha!
-Vicdanım haqqı, qaytaracam! 

Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYLIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Valideyin nümunəsinin ailə tərbiyəsinin səmərəliliyinə təsiri

CABBAROVA SOLMAZ RAFİQ QIZI

Valideyin nümunəsinin ailə tərbiyəsinin səmərəliliyinə təsiri.

Ailə uşaq üçün ən yaxşı qarşılıqlı münasibət və ünsiyyət ocağıdır.  Ailə çox mü­hüm sosial­laşma amili, tərbiyənin subyekti, uşağın özünüinkişafı, özünütəs­di­qidir. Uşaq məhz ailədə ilk dəfə olaraq sosial qarşılıqlı əlaqədə olur, özü üçün in­sani müna­si­bət­lər aləmi açır, özü­nü­tərbiyə subyektinə çevrilir. Bu zaman ailə həm­çinin uşağın şəx­siy­yət kimi inkişafı pro­sesində neqativ, mənfi təsirlər də göstə­rə bilir ki, buna sə­bəb ailədaxili konfliktlər, ailənin maddi vəziyyəti, güc və zorakı­lığın tətbiqi, uşağın inki­şa­fına psixitravmaların təsiri, nəha­yətdə uşağın tərbiyəsinə valideynlərin mənfi müna­sibətləridir.

Normal ailə atmosferinin yaradılması o deməkdir ki, valideynlər uşaqları tər­biyəsi üzrə öz borc və məsuliyyət his­si­ni dərk etsin, ata və ana arasında münasi­bət­lər qarşılıqlı hör­mətə əsaslansın,  uşaqlar ailə təsər­rüfatının həlli məsələlərinə cəlb edilsin, istirahət, idman, turizm, birgə gəzintilər ağıllı, əlverişli və mü­nasib şə­kildə təşkil olunsun. Ailə birlikdə musiqi dinləmə, kitab mütaliəsi ilə məşğul ol­sun, incə­sənət və mədəniyyət təd­birlərinə, teatr və kinoya getsin və s. Bütün bunla­rın hə­yata keçirilməsi, müsbət həl­li isə valideyinlərin, ailənin yaşlı üzvlərinin biliyi, bacarığı və rəhbərlik üslubunun səviyyəsindən asılıdır.

Valideyn uşağın həyatında, ictimai aləmə, cəmiyyətə qoşulmasında mühüm rol oynayır. Onun şəxsi keyfiyyətləri ailədə  uşağın həyatına çox güclü təsir gös­tərən bir vasitədir. Tə­sadüfi deyil ki, biz həyatımızın çətin anlarında valideyn­ləri­mi­zi anır, onları düşünür, on­lara müraciət edirik. Ətrafdakı insanlara, hadisələrə münasi­bət­lərimiz, hiss və duy­ğu­larımız elə bir hisslər, duyğular və münasi­bət­lər­dir ki, onu digər emosional vəziyyətlərlə mü­­­qayisə etmək mümkün de­­­yil. Va­lideyn və uşaqlar ara­sındakı  doğma, spesifik hisslər belə bir baş­lıca cə­hə­ti müəyyənləşdir­məyə imkan verir ki, əgər uşaqlar vali­deyn­lə­ri­nin fikrini, dav­ranış tərzini özü üçün etalon, əsaslı nümunə kimi qəbul edirsə, valideyn­lər­də uşağın hə­ya­­tını qurmağı, ona həmişə qayğılı münasibət göstərməyi bacarmalıdır.

Valideyn nümunəsi və avtoriteti (nüfuzu) sosial varisliyin mühüm mexaniz­mi kimi yaş­lı nəslin yetişən nəslə mənəvi– əxlaqi təcrübəsinin ötürülməsidir. Vali­deyn nü­munəsi sos­i­al təcrübənin spesifik formasıdır. Ata və ana uşağın gözündə bu avto­ri­teti qoruyub saxla­ma­­lıdır.

Ailədə uşağın yüksək mənəvi– əxlaqi tərbiyəsi üçün ata və ananın nümunəsi uşaq üçün avtoritet olmalıdır. Valideynin həqiqi nüfuzu o zaman yaranır ki, o həm də siyasi və vətən­daşlıq keyfiyyətlərinə malik olsun. Uşaq bilməlidir ki, onun vali­deyn­lərindən hər ikisi, ya­xud hər hansı biri ictimai fəaliyyəti görüşləri ilə fərqlənir. Bu za­man uşaq valideynlərinin uğurları ilə fəxr edir

Valideynin işini layiqincə həyata keçirmək üçün avtori­tet  ilk özül, bünöv­rədir. Bu özülü doğru məcraya, müsbət məzmun istiqamə­tinə  yönlən­dir­mək üçün valideynlərin yüksək pedaqoji mədəniyyətə, uşaq tərbiyə­si işində pedaqogi­ka­nın müasir elmi nailiyyətlərini əks etdirən bilik və bacarıqlara yiyələnməsi vacibdir. Va­lideynin pedaqoji mədəniyyəti ümummədəniyyət bazası və xüsusi hazır­lıq əsa­sında forma­laşır. Məqsədin, vəzifələrin təhlili əsasında, tərbi­yənin məzmun, forma və metodlarının emp­rik modelini yaratmaq ailənin pedaqoji mədəniyyətini ifadə edir.

Valideynlərin pedaqoji mədəniyyətinin yüksəldilməsi üzrə işin  məqsəd­yön­lü təşkili üçün pedaqoq-müəllimlərlə ailənin əməkdaşlığına xüsusi önəm vermək lazım­dır. Peda­qoq­la­rın valideynlərlə qarşılıqlı əlaqələrinin formalaşdırılması təhsil müəs­si­sələrinin sosial si­ya­sətinin prioritet istiqamətini təşkil edir. Təhsil vətən­da­şın forma­laş­masında əhəmiyyətli rol oynayır. Lakin unutmaq olmaz ki, məhz erkən yaşlardan uşaqlarda əxlaqi dəyərlər, o cüm­lədən, vətəndaşlıq keyfiyyətləri forma­laş­­dırılır, həyat tərzinin ağılla və bacarıqla qu­rul­masının orientiri müəyyənləşdirilir. Ancaq təcrübə gös­tərir ki, bir çox valideynlər uşaq­la­rın tərbiyəsi sahəsində xüsusi biliklərə malik de­yillər. Onlar ailədaxili əlaqə və münasi­bət­ləri qurmaqda çətin­lik­lərlə rastlaşırlar. Ona görə də yeni nəsilin lazımi səviyyədə tərbi­yə olunmasında pe­da­qoqların ümumi səy­lə­rinə ehtiyac vardır.

Beləliklə, aydın olur ki, ailə institutunda uşaqların tərbiyəsinin müvəffəqiy­yə­ti­ni tə­min etməyin çox mühüm amili kimi valideyn nümunəsi, onun rəhbərlik xüsu­siy­yəti, av­to­ri­teti çox zəngin məzmuna və mahiyyətə malik pedaqoji hadisədir. Vali­deyn nümunəsi hamının qəbul etdiyi əhəmiyyətə və mahiyyətə malik olmaqla təsirli tərbi­yə amili və pedaqoji takt kimi hərəkət qay­da­ları, fəaliyyət üsuludur.

Müəllif: CABBAROVA SOLMAZ RAFİQ QIZI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru