Gənc şair Əyyub Türkayla balacaların görüşü keçirilib
Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mərkəzləşdirilimiş Kitabxana Sisteminin “Uşaq şöbəsi”ndə gənc şair Əyyub Türkayla görüş keçirilib. Görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər , körpələr evi-uşaq bağçalarının balaca fidanları iştirak ediblər. Uşaq şairi Əyyub Türkay görüş zamanı bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər ifa etdi.
Səmimi keçən görüşdə uşaqlar da öyrəndikləri şeirlərdən tədbirdə ifa ediblər. Daha sonra görüşdə mədəniyyət mərkəzinin rəisi Şahin Şahbazov, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevər və yazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək günümüzdə uşaq ədəbiyyatının inkişaş edtdirilməsindən, uşaqlar üçün yazan şair və yazıçılarla tez-tez balaca oxucuların görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar.
Murad kişi kənd-kəsəkdə, həyat yoldaşı Zeynəb də tarlada olanda kimsə onların evini çalıb-çapır. Ev sahibləri gələndə görürlər ki, lələ köçüb, yurdu qalıb. Zeynəb qarı ağlayıb, qışqırıb üz-gözünü cırır. Murad kişi tədbirli adam idi. Ani fikirləşib arvadını sakitləşdirməyə çalışır:
-Sən özünə əl qatma, oğrunu tapacağam!
Zeynəb qarı gözünün qorasını tökməkdə davam edərək:
-Haradan tapacaqsan, ay kişi? Necə tapacaqsan? Səfərlə Cəfər inəyini, qoynunu tapdılar? Yaxşısı budur, polisə şikayət ver. Bəlkə bir əncam qıldılar.
-Sən mənim sözümə baxsan, uzağı bir-iki günə mallarımız, qır-qızıllarımız, pullarımız olacaq evimizdə.
-Təklifin nədir, ay kişi?
-Bir xahişim var: dilini dinc qoy. Evin oğurlanmasını heç kimə demə.
-Necə deməyim, ay sağ olmuş? Oğul-uşaq qonaq gələndə duyuq düşəcəklər axı.
-O vaxta hamısı tapılar, inşallah! Sən mənə qulaq as. Oğurluq məsələsini bir sən bilirsən, bir mən, bir də oğrunun özü.
Zeynəb arvad qırıla-qırıla qalsa da, dərdini heç kimə demədi. Kişi onu arxayın eləmişdi.
Bir-iki gün keçdi. Kənd arasına çıxan, həyət-bacada dolaşan Murad kişi özünü tox tutur, başına gələn qəzanı kimsəyə bildirmirdi.
Bir gün çayxanaya getmişdi. Burada xeyli adam toplaşmışdı. Çayı bəhanə edib buraya gəlir, bir çaynik çay sifariş verir, səhərdən axşama kimi nərd və domino oynayırdılar. Sahə müvəkkili də burada idi. Vəli ilə nərd oynayırdı. Murad kişi salamlaşıb, bir tərəfdə oturdu:
-Ay oğul, mənə bir stəkan çay gətir, – dedi.
Çay gəldi. Murad kişi fikrə getmişdi. İçəridəkilərin başı qarışıq idi. İbiş çayxanaya gəldi. Ucadan:
-Oyunçu aparsın, – dedi. Gözü Murad kişiyə sataşanda:
-Nə olub, sənə qəm dəryasına batmısan, – dedi.
Gəib onunla üzbəüz oturdu:
-O məsələ necə oldu?
Murad kişi:
-Hansı məsələ, – deyə xəbər aldı.
-O məsələ də…
-Sən hansı məsələni soruşursan, axı? Bilmirəm. bilmədiyim şeyə nə cavab verim?
İbiş yerini rahatlayıb sözünə davam etdi:
-Tapıldı?
Murad kişi dikəldi:
-Nə tapıldı?
-Evinə oğru girib, evini talamışdı. Onu soruşuram.
İçəridəkilər əl saxladılar. Yeri-yerdən:
-Necə, necə? Murad, evinə oğru girib?
-Hə, girmişdi, tapdım.
-Kim imiş?
Sahə müvəkkili yaxın gəldi:
-Bizim niyə xəbərimiz olmayıb. Balam kimdir günün günorta vaxtı sənin evinə girən? De, ciyərini çıxarım.
Murad kişi dərindən nəfəs alıb:
-Uzağa getmək lazım deyil, – dedi. -Oğru mənimlə üz-üzə oturub.
Hamının diqqəti İbişə zilləndi. İbiş ayağa qalxıb:
-Danışığına fikir ver, ay kişi. Bu nə deməkdir? Mənə niyə şər-böhtan atırsan? Utanmırsan?
-Sən utan, qırışmal! Evimizə oğru girdiyini hələ heç kimə deməmişik. Elə isə sən haradan bilirsən ki, bizim evi yarıblar? Bu məsələdən üç nəfərin xəbəri vardı: mənim, arvadımın, bir də oğrunun. Bizim ağzımızdan bir kəlmə çıxmayıb. Darqursaq olub özünü ələ verdin.
Hamının nifrət dolu baxışları İbişə zilləndi. O, bu baxışlara dözə bilməyib özünə haqq qazandırmaq istədi, lakin bacarmadı. Yalnız:
-Mə… mə… mən… – deyə bildi.
Sahə müvəkkili onun qollarını buraraq:
-Mələmə, gəl gedək, – dedi. -Oğurladığın şeyləri gətir qoy yerinə. Bundan sonra səninlə danışacağam.
İnsanın dəyəri onun fikirləri ilə ölçülür. Dəyərli fikir sahibi olan tanınmış şair Dəyanət Osmanlının “Məzarım alınmaz bir ürək” şeiri vətəni, torpağı öz anası bilib müqəddəs sayan, uğrunda canını fəda edən qeyrətli oğullarımızın daim qəlbimizdə yaşayacağını ifadə edən qiymətli nümunələrdən biridir.
Vətəni ana bilən əsgər öz balasını da Vətənə etibar edir, inanır ki, o, olmasa da balası əmin əllərdədir. Bu inam o qədər qüvvətlidir ki, heç kim qəhrəmanı YOLundan döndərə bilməz:
Bir əsgər vətənini
anasıyla al-dəyişik salmışsa
bu vətən uğrunda savaşdığında
balasının ana ovucunda
özgür yaşayıb
onurlu öləcəyinə inanmışsa
Tanrı da döndərəmməz onu ölümdən
“Tanrı da döndərəmməz onu ölümdən” deməklə əsgərin qərarının qəti olduğunu vurgulayır və Tanrı özü onu qəbuluna çağırır. Biz insanlar seçim hüququna malık yaradılmışıq. Cüzi iradə hüququmuz var. Bu hüququndan istifadə edib insan öz yolunu seçib bu yolda qərarlıdırsa, Allah bu yolu onun üçün açır. Yolundan öz iradəsi ilə dönmək istəməyən adamı Allah da döndərmək istəməz.
Qərar qətidir. Hakim(ALLAH) Hökm vermiş, qələm qırılmışdır.
SON UCda Allah Ona tərəf gələnin yolunu açar:
Şəhidlər Cənnət ətirli olar. Onları qoynuna alan Torpa(k)q da bu ətir sayəsində müqəddəsləşər, qiymətli olar. Və başqaları da bu yolda hər şeydən keçər.
Lakin bu ölümlər öz nəticəsini almayıb. Çünki torpaqlar hələ də əsirlikdədir:
Üstündən saysız illər keçib
kiminçün yaşayıb
kiminçün öldüyüm yadımda deyil
dağilmiş bir qurd yuvasında
kimliyim unudulub ,-
deməklə uzun müddət erməni terroristlərinin tapdağı altında viran qalmış torpaqlarımıza və orada amansızcasına, xüsusi vəhşiliklə öldürülmüş türk övladlarına işarə edir.
30 ilə yaxın erməni işğalına məruz qalmış torpaqlarımızda narahat ruhlar gəzir. Bu ruhlar həm də küskündürlər: torpaq əsl sahibini gözləyir.
Bu üzdən:
Məzarım alınmaz bir qala
daşım susmaz bir tribuna
torpağım inləyir ürək kimi
küskün ruhların ayaqları altında.
Haqq sonunda öz yerini tutdu.
Nəhayət, tam olmasa da, torpaq uğrunda tökülən QIZIL QANlar hesabına əsirlikdən azad olundu.
QƏLƏBƏ – işgəncədən sonra yaranan YARAların ACIsını, AĞRIsını MƏLHƏM kimi sarır.
Qələbənin dadı uzun sürsün.
Türkün ÜZÜ hər zaman ALLAHa doğru yönələr. Allaha əmanət olun.