EMİN BƏHMƏN oğlu SÜLEYMANOVUN

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi EMİN BƏHMƏN oğlu SÜLEYMANOVUN Şəhidlik zirvəsinə ucalmasından 2 il ötür. (21 iyul 1977; Xubyarlı, İmişli rayonu — 9 noyabr 2020; Laçın rayonu
Əziz xatirəsini hörmətlə yad edirəm. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!

Atam mənə ən yaxın dost, sirdaş, qardaş və ata idi…

Şəhid mayor Emin Süleymanovun oğlu Bəhmən Süleymanzadə ilə müsahibə.

Hər uşaq üçün atası onun böyüyü, güvənc, məsləhət yeri, yol göstərən, qaranlıqlardan işığa çıxaran mayakı, onun başının üstündə daim cövl edib onu qoruyan qaraçuxasıdır. Bəzən elə uşaqlar olur, onların taleləri, qismətləri elə gətirir ki, atalarını görə bilmirlər və yaxud da ataları onlara atalıq qayğısı göstərmir, pislik edir, onları işlədir, onlara əziyyət verməkdən, elə bil ki, zövq alır. Bu həyatda hər şey olur. Tale, qismət bir insanda bir ayrı cür, digərində isə tamam başqa cür olur. Dünyaya gələn hər uşağın atası olur. Amma hər uşağın atası ona səmimi dost, qayğıkeş ata, el-obası üçün vətənpərvər, igid, qəhrəman, arzusu, amalı üçün şəhid olmur. Adətən, hər bir uşağın atası ailənin başçısı kimi ailəsini qoruyur. Amma elə uşaqlar da var ki, onların ataları təkcə ailəsini deyil, həm də Vətənini qoruyur. İkincilərin işləri çox məsuliyyətli, ağır olur. Belələri lazım gələndə ailələrindən Vətən üçün əl çəkə biləcək qədər qəhrəman, cəsur, təmkinli, dözümlü olurlar. Biz də ikincilərdən olan ataları işıqlandırmağa çalışırıq ki, ana Vətənimiz Azərbaycan, onun böyütdüyü və böyüdəcəyi saysız-hesabsız igidlər belə atalardan örnək götürsünlər, belə ataların izi ilə getsinlər ki, belə ataların cığırları, izləri əbədiyaşar olsun.
Bu dəfəki müsahibim Aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəman zabitlərindən biri, 25 il yorulmaq nədir, çətinlik nədir bilmədən sevə-sevə Vətəninə xidmət etmiş, 44 günlük müharibədə qəhrəmanlıq göstərərək müharibənin 44-cü günü Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Emin Bəhmən oğlu Süleymanovun oğlu, atası kimi igid qardaşım Bəhmən Süleymanzadədir. Gəlin birlikdə Şəhidimiz haqqında onun nəslinin, soyunun mübariz davamçısı olan yadigarının dilindən eşidək.

Sual: Salam. Xahiş edirəm, əvvəlcə özünüzü təqdim edəsiniz.
Cavab: Salam. Mən, Süleymanzadə Bəhmən Emin oğlu 6 mart 2007-ci ildə İmişlidə anadan olmuşam. 2013-cü ildə Balakən şəhər Nizami adına 1 saylı məktəbin 1-ci sinifinə daxil olmuşam. Sonra isə atamın xidmət yeri dəyişdirildiyindən müxtəlif illərdə Mingəçevir, Göygöl, Gəncə şəhərində təhsilimi davam etdirmişəm. Hal-hazırda Bakı şəhər 189-190 saylı məktəbin 9-cu sinfində təhsil alıram.
Sual: Atanız, şəhidimiz Emin Süleymanovla ata-oğul kimi aranızda münasibətiniz necə idi? Sizin nəzərinizdə o, ümumiyyətlə, necə bir xarakterə malik insan, eyni zamanda bir ata idi?
Cavab: Mən bir oğul kimi deyil, başqalarının gözü ilə atamı xarakterizə etmək istərdim. Atam həddən çox qayğıkeş, mehriban, səmimi, sadə, qadına, uşağa, qocaya, özündən böyüyə diqqətlə yanaşan, yalan sevməyən, həmişə haqqın-ədalətin tərəfində olan, Vətənini çox sevən bir insan idi. O lap mənim körpəliyimdən, yadımda qalandan məni özünə dost, həmdəm kimi qəbul edirdi. Ancaq tərbiyə, təlim, təhsil məsələlərində ata-oğul münasibətində idik. Atamın bizimlə əylənmək, gəzintiyə çıxmaq, əlavə vaxt keçirmək üçün çox az zamanı olurdu. Amma onu deyə bilərəm ki, peşəsinin ağır, məsuliyyətli olmasına baxmayaraq diqqəti bizdə, yəni bacım Emiliya ilə məndə olardı, həmişə dərslərimizə necə hazırlaşdığımızı soruşub maraqlanardı. Deyərdi ki, dərslərinizi yaxşı oxuyun və sevdiyiniz peşəyə yiyələnin. Çox vaxt bizə bədii ədəbiyyat oxumağı da məsləhət görərdi. Özünü bizə nümunə çəkib məktəbin nəzdində olan kitabxanaya üzv olduğunu və kitablar seçib oxuduğunu, çoxlu mütaliə etdiyini deyərdi. Bizə deyərdi ki, siz də bundan yararlanın. Adətən, iş yerindən, yəni hərbi hissədən çox yorğun gəlməsinə baxmayaraq imkanı çatdığı qədər bizə vaxt ayırar, əsasən də hara getsəydi, ən çox da məni özüylə aparardı. Cüdo idman növü ilə məşğul olmağım üçün atam məni məşqçi yanına qoymuşdu. Deyərdi ki, idman sağlamlıqdır, biz də Vətənə sağlam orqanizmlə daha çox xidmət göstərə bilərik. Hərdən vaxt edib məni cüdo yarışlarına aparardı. Son yarışmada mən 1-ci yer tutduğuma görə onun sevincinin həddi-hüdudu yox idi. Mənə bir neçə idman hərəkətləri etdirirdi ki, həmişə özümü müdafiə edə bilim. Onun 43 yaşı olmasına baxmayaraq idmana böyük marağı var idi. Məni öz peşəsi kimi poqonlu bir peşədə görmək istəyirdi. Mən də onun arzusunu yerinə yetirmək üçün 1-ci ixtisas qrupu üzrə hazırlaşıram, qismət olarsa, arzum Aviasiya Akademiyasına qəbul olmaqdır. Kompüter mühəndisi peşəsinə də yiyələnmək istəyirəm. Əslində, hərbi pilot olmaq istərdim, amma bunu anam istəmir. Onu tam mənada başa düşürəm. Çünki atamın bu peşədə şəhidlik zirvəsinə ucalması hamımız üçün nə qədər qürurlu oldusa da, anamı sarsıtdı.
Sual: Atanız sizinlə, bacınızla və ümumiyyətlə, uşaqlarla necə davranırdı, onlara necə münasibət bəsləyirdi?
Cavab: Qeyd etdiyim kimi atam mənə, bacıma, ümumiyyətlə, hər bir uşağa qarşı çox həssas, diqqətli bir insan idi. Mənim adi bir xırda nöqsanım olardısa, onda, dərhal mənə iradını bildirər, nöqsanı aradan qaldırmağım üçün düzgün istiqamət, gələcəkdə bu nöqsanı təkrarlamamaq üçün isə məsləhət verərdi. Bacıma da diqqətlə yanaşar, aramızda ayrı-seçkiliyə yol verməzdi. Eyni zamanda o, çox səliqəli, planlı, məsuliyyətli insan idi. Bizdən də belə olmağı tələb edirdi. Murov silsiləsində “N” saylı hərbi hissədə xidmət etdiyi zaman vaxtı olanda bizimlə qartopu oynayardı. Məlum olduğu kimi qış aylarında Murov dağ silsiləsindən qar əskik olmazdı. Atam dağları çox sevirdi. İsti havadan çox da xoşu gəlməzdi. Yayda məzuniyyət vaxtlarında atam bizi Göygölə, Maralgölə gəzməyə aparardı. Demək olar ki, atam heç bir vaxt diqqətə, qayğıya, məsləhətə, ümumiyyətlə, hər hansı köməyə ehtiyacı olan uşaqlara, yeniyetmələrə imkanı dairəsində lazım olan köməyini əsirgəməzdi. Mən onu belə görmüşdüm və belə də xatırlayıram.
Sual: Atanızın danışdıqlarından onun öz peşəsinə, iş yoldaşlarına, tabeçiliyindəkilərə münasibəti ilə əlaqədar xatirələrinizi bölüşməyinizi xahiş edirəm.
Cavab: Atam peşəsini çox sevər, iş yoldaşları ilə mehriban, səmimi münasibətdə olardı. O, tabeçiliyində olan əsgərlərinə münasibəti haqqında danışardı. Deyərdi ki, mən əsgərlərimə qarşı nə qədər tələbkarlıq edirəmsə, bir o qədər də onlara valideynlik qayğısı, münasibəti ilə yanaşıram. Özünün kursantlıq dövrlərindən danışarkən isə deyərdi: “Bir problemim yarandığı zaman heç vaxt atamı, anamı narahat etməmişəm. Hətta Cəmşid Naxçıvanski adına liseydə oxuyanda da böyük qardaşım, anam, atam yanıma gələndə onların əziyyət çəkməsinə qıymazdım, narahat olardım. İstirahət günlərində rəhbərlikdən icazə alıb mən özüm rayona gedərdim onları görməyə.” Atamın dediklərindən belə xatirələr çoxdur. Onu da deyim ki, atam çox söz danışan da deyildi. Atam peşə sirri ilə əlaqədar isə evdə, başqa yerlərdə, ümumiyyətlə, bir kəlmə də danışmazdı.

Sual: Atanız, şəhid Emin Süleymanovun 2016-cı ilin aprel ayında baş vermiş və tarixə “Aprel döyüşləri” kimi daxil olmuş döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar barədə nə vaxt, kimdən xəbər tutdunuz və bir oğul kimi hansı hisslər keçirdiniz?
Cavab: Onu deyə bilərəm ki, atam heç vaxt nə Aprel döyüşlərində, nə də 2-ci Qarabağ, yəni Vətən müharibəsində bizə heç bildirmədi ki, müharibəyə gedir. Bizə müharibə başladığını və ya hər hansı bir nigarançılığın olduğunu hiss etdirmədi. İndi anlayıram ki, atam özünə çox güvənli, cəsur, peşəkar zabit olub. Özü əsgərlərini necə qoruduğundan danışırdı. Həmin ərəfələrdə biz hətta bilmirdik ki, atam döyüşdədir. Onun döyüşdə olması barədə anam qonşularımızdan xəbər tutdu. Nənəm də bizimlə qalırdı, belə hallarda anam bu barədə nə nənəmə, nə də bizə bildirməzdi. Aprel döyüşləri zamanı biz yenə Murovda idik. Atam orada yerləşən “N” saylı hərbi hissədən Aprel döyüşlərinə qatılmışdı. Olduğumuz yerə Tərtər, Goranboy istiqamətində atılan topların səsi asanlıqla gəlirdi. Vəziyyətdən anam çox narahat idi. Atəş səsləri Kəlbəcər tərəfdən gələndə isə anam tez getdi qonşuya ki, bilmirsiniz, bu səs nədir?. Çünki atam bizə Kəlbəcər tərəfə döyüşə deyil, təlimə getdiyini demişdi. Amma həmin qonşu digər qonşunun da oğlunun döyüşdə olmasını görübmüş. Bildirmişdilər ki, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüşlər gedir. Onsuz da anam və nənəm televiziyadan bir an olsun ayrılmırdı. Döyüşə getdiyi halda anam və nənəm narahat olmasın deyə atam onlara təlimə gedirmiş kimi deyibmiş. Buna baxmayaraq artıq biz hamımız onun döyüşdə olmasını bildiyimiz üçün tezliklə döyüşün qələbə ilə bitməsini, atamın sağ-salamat qayıtmasını böyük narahatlıqla gözləyirdik. O, çox solğun, yorğun halda, toz torpaq içərisində qəfil evə daxil olanda sevincimizin həddi-hüdudu yox idi. Hələ onda lap uşaq olmağıma baxmayaraq hər dəfə atamın evə gəlişində olduğu kimi mən daha çox sevinirdim. O vaxtlar kiçik olduğumdan müharibəni indiki kimi dərk edə bilmirdim. Vətən müharibəsindən sonra döyüş yoldaşlarının deməsindən atamın necə məsuliyyətli, cəsur, tabeçiliyində olan əsgərlərinə atalıq qayğısı ilə yanaşan bir komandir olduğunu bir daha bilmiş oldum. Atam Aprel döyüşlərində göstərdiyi şücaətlərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə Fəxri Fərmanla təltif olunmuşdu. Atamın hər dəfə evə gəlişi bizim üçün toy-bayram idi. Atam mənə ən yaxın dost, sirdaş, qardaş və ata idi. Mən Azərbaycan Ordusuna şərəfi, qeyrəti, namusu, vicdanı, məsuliyyəti ilə xidmət edən zabitin oğlu olduğum üçün atamla qürur duyur, onunla fəxr edirəm. Onun Şəhadətə yüksəldiyini bildiyimiz halda bu gün hələ də atamın yolunu gözləyirik. O, sağlığında hər il bizə ad günləri keçirərdi, özü də aldığı hədiyyələri sürpriz etməyi çox xoşlayardı.
Sual: Onunla sonuncu dəfə aranızda olan görüşünüzü xatırlayırsınızmı, əgər yaddaşınızdadırsa, sonuncu görüşünüzlə əlaqədar xatirələrinizi bizimlə bölüşməyiniz yerinə düşərdi. Atanızın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığından, şəhid olmazdan əvvəl sizinlə hər hansı formada isə əlaqə saxlayıb-saxlamadığı barədə nələri deyə bilərsiniz?
Cavab: Hamı kimi bizim üçün də 2020-ci il çox narahat il oldu. Başladığı gündən pandemiya, dərslərin bağlanıb onlayn sistemə keçməsi, iyul ayında general Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə birlikdə hərbçilərimizin şəhid olması atama çox təsir etmişdi. Atamda yağı düşmənə hədsiz nifrət var idi. Həmin ilin yay aylarında atam çox pis xəstələndi. Sağalmasına baxmayaraq sanki yorğunluq var idi canında. Baxmayaraq ki, sonda, xalqımıza qələbə sevinci yaşatdı, bununla belə 2020-ci il çox ağır il oldu. Anam hətta atama çox israrla söyləyirdi ki, məzuniyyət götürsün, bir az istirahət etsin, müalicə olunsun. Amma bunun mümkün olmadığını bizə, ola bilsin ki, demirdi. Atamın daxilində müharibə həyəcanı var idi. Atam həmişəki kimi bu haqda elə də danışmırdı. Hərdən tərxis olmuş zabit yoldaşına zarafatyana müharibənin başlayacağını da deyirdi. Amma biz bunu ciddi qəbul etmirdik. Çünki narahat olmayaq deyə bu barədə bizə ciddi olaraq heç nə demirdi. Axırıncı dəfə atam tələm-tələsik gəldi evə ki, mən getməliyəm, məni gözləyirlər. Anam yenicə bişirdiyi yeməkdən süfrə hazırlamışdı. Buna baxmayaraq atam hazır yeməkdən belə yemədən evdən çıxdı, “Uşaqlar məni gözləyir, tələsirəm” dedi. Biz buna vərdiş eləmişdik, çünki çox vaxt belə olurdu. Mən də həmçinin həmişəki kimi atamın qayıdacağı vaxtı gözləyirdim. Gəncə şəhərinə mənfur düşmənlərimiz tərəfindən raketlər atılan zaman atam çox narahat oldu, çünki onda biz Gəncədə yaşayırdıq. Özü yanımızda ola bilməyəcəyindən bizi Bakıya göndərdi. Hər gün, demək olar ki, telefonla danışırdıq. Hər dəfə də yenə həmişəki kimi dərslərimizdən və özümüzdən muğayat olmağı deyirdi. Ən ağır döyüş bölgələrində vuruşduğu, hər an təhlükədə olduğu halda yenə də bizim qayğımıza qalırdı. Anam hər danışanda ona deyirdi ki, sən özündən muğayat ol. Özünü qoru, gözlə, bizi düşün, sənsiz bizim halımızın necə olacağını fikirləş. 7 noyabr atamla son danışığımız oldu. O, mənə yolda olduğunu, sonra zəng edəcəyini dedi. Biz sonradan bildik ki, həmin tarixdə elə həmin vaxtda erməni mənfurlarından, qəsbkarlarından torpaqlarımızı azad etmək üçün əlbəyaxa döyüşdə imiş. Axşamüstü idi, anam təkrar zəng edəndə artıq atama zəng çatmadı. Anam narahatçılıqdan özünə yer tapa bilmirdı. Ona görə də atamın müharibədə iştirak edən digər zabit yoldaşı ilə əlaqə saxladı. O da dedi ki, onlar öndə olduqları üçün əlaqə zəifdir. Həmin gündən də atam üçün daha çox narahat olmağa başladıq.
Sual: Atanızın necə şəhid olması, bundan necə xəbər tutmağınızı, həmin anda hansı hisslər keçirdiyinizi, onu nə vaxt dəfn etdiyinizi necə xatırlayırsınız?
Cavab: Atamın şəhid olması xəbərini eşidəndə bir oğul kimi buna inanmağım gəlmirdi, özümü böyük şok və yuxuda hiss edirdim. Çünki bu günün mənim üçün çox mümkünsüz dərəcədə ağır olduğunu hesab edirdim. Atamla çox arzularımız, söhbətlərimiz olardı. Hələ tezliklə böyüyüb atama layiqli oğul olmağımı səbirsizliklə gözləyirdim. Maşına çox böyük marağım var. Bu marağı da mənə məhz atam aşılamışdı. Anamın dediyinə görə heç 1 yaşım olmamış məni özüylə götürüb maşını işə salana qədər qucağında, sükan arxasında oturdarmış, sonra məni evə qoyub hərbi hissəyə gedərmiş. Bundan sanki xüsusi bir zövq alarmış. Bu hal mənim 6-7 yaşıma kimi atamda vərdiş halı almış imiş. Atam mənim qürur mənbəyim idi. Atam mənim arxa-dayağım, ürəyimin taqəti idi. Atam – mənim həyatımda ən dəyərli varlığım idi!

Sual: Bir şəhid övladı kimi həmyaşıd həmvətənlərimizə arzu, istək və tövsiyələrinizi bildirməyiniz yaxşı olardı.
Cavab: Heç bir uşağa arzu etmərəm ki, şəhid övladı olsun. Çünki hələ mənim bu yaşımda, atamın özünün də cavan yaşında onu torpağa tapşırmaq qədər mənim üçün ağır heç nə ola bilməz. Bu, mənim qismətimdə var imiş. Digər şəhid övladlarının da həmçinin. Buna baxmayaraq, adını Azərbaycanın şanlı tarixinə yazdığı üçün atamla, şəhidlərimizlə qürur duyuram. Bu gün bizim şəhid övladları ilə də sıx münasibətimiz var, çünki atalarımız Vətən yolunda canından keçdi! Atam hər dəfə evə gələndə və ya bir yerə gedəndə onsuz da onunla qürur duyurdum. Bu yerə-göyə sığmayacaq qədər sevinc, qürur idi. İndiki bu qürurda isə qürurla bərabər kədər də, hüzn də var. Həmyaşıdlarıma, şəhid övladlarına da şəhid atalarımız kimi Vətəni sevməyi, Vətən uğrunda canlarını sevə-sevə qurban vermək ruhunda böyüməyi, ləyaqətli, dəyanətli, mərd, cəsur, vicdanlı, ədalətli olmağı arzu edirəm. Onda, şəhid atalarımızın ruhu şad olar. Son olaraq bildirmək istəyirəm ki, Ali Baş Komandanın müvafiq fərmanları ilə Vətən müharibəsində göstərdiyi igidliyə, şücayətlərə, qəhrəmanlığa görə atam “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Çox arzulayıram ki, İmişli şəhər 8 saylı tam orta məktəbə atamın adı verilsin. İnşəAllah, arzum yerinə yetər və atamın adı əbədiləşər. Məncə, bu şəhidlərimizin ruhuna böyük ehtiram, şəhid ailələrinə isə böyük təskinlik, təsəlli olardı.
Çox sağ olun. Qiymətli vaxtınızı ayırıb müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allah atanız – şəhid mayor Emin Süleymanovla birlikdə Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Bu qürurlu, fəxrli və ağır itkini sona qədər çiynimizdə saxlayacaq və əlimizdən gələni edib şəhidlərimizi unutmayacağıq və unutdurmayacağıq! Bu, bizim Allah dərgahında, Vətən və şəhidlərimizin ruhu qarşısında ən müqəddəs borcumuzdur!
Şəhidimizin əziz xatirəsinə həsr etdiyim Şuşa qalasının topçusu Emin adlı şeirimi oxucularımın nəzərinə çatdırıram.

Şuşa qalasının topçusu Emin!
Şəhid mayor Emin Bəhmən oğlu Süleymanovun əziz xatirəsinə həsr edirəm (21 iyul 1977-ci il İmişli rayonu Xubyarlı kəndi – 9 noyabr 2020-ci il Laçın dəhlizi)

43 il yaşadın təmiz adınla,
Doğru addımladın cənnət yolunda,
Sonda, şəhid oldun Laçın uğrunda,
Ana yurdun qüruruna çevrildin,
Şuşa qalasının topçusu Emin.

Yaxınlar gözündə pirdin, ocaqdın,
Onlar üçün yanırdın, yanacaqdın,
“Şəhid oğlu” adını bağışladın,
Səninlə fəxr edir igid Bəhmənin,
Şuşa qalasının topçusu Emin.

Övladın bilirdin əsgərlərini,
Ordumuzun aslanını, nərini,
Hərbə həsr etmişdin sən illərini,
Şıxlinskinin yolun davam etdirdin,
Şuşa qalasının topçusu Emin.

Sən Vətən yolunda fədai idin,
Gəncliyini bu yolda fəda etdin,
Dastan oldu Laçında şəhidliyin,
Müqəddəs amal uğrunda can verdin,
Şuşa qalasının topçusu Emin.

Şuşanı azad elədiyin anlar,
Səni görüb fəxr, qürur duydular,
Qacara meydan oxuyan topçular.
Qəhrəmanı oldun yüzilliklərin,
Şuşa qalasının topçusu Emin.

Çin oldu Qarabağla keçən yuxun,
Döyüş başlayanda quş kimi uçdun,
Murovdağdan başladı döyüş yolun,
44 gündə Laçına qədər getdin,
Şuşa qalasının topçusu Emin.

Yağı düşmən girsə donundan-dona,
Əbədi, tarixi dərs keçdin ona,
Zəfər tarixini əvvəldən sona,
Sən yazdın, oxudun, həm vərəqlədin,
Şuşa qalasının topçusu Emin.

Murovdağa biz qalxa biliriksə,
Qarabağa biz səfər ediriksə,
Şuşa qalasını seyr ediriksə,
Sənin sayəndədir, igidim mənim!
Vətənimin fəxri, Eminim mənim!

Ey şəhidim! Rahat uyu, rahat yat,
Cənnətində ruhun olsun daim şad,
Daha Qarabağda olmayacaq yad,
Şair qələmimlə edirəm əmin,
Ey qürur yerimiz, qəhrəman Emin.

Müəllif və Söhbət edən: Sevindik Nesiboglu
8-ci sinif şagirdi, şair-publisist, AJB-nin üzvü

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bayrağı düşmənə verməyən oğlan – NATİQ QASIMOV

Bayrağı düşmənə verməyən oğlan – NATİQ QASIMOV

Özündə müharibənin dəhşətlərini əks etdirən çoxlu sayda, fotolar, kadrlar, rəsmlər var. Amma bir foto var ki, baxanda – bax, qəhrəmanlıq budur, vətən sevgisi, bayraq sevgisi budur deyirsən!

Bircə fotosu ilə tanındı Natiq Qasımov. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə ala bilib. Şəkildə bu oğlan erməni yaraqlılarının müşayiəti ilə bayrağı aparır. Şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan «Oqonyok» jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsindəndir. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi gördüyünüz bu şəkillə müşayiət olunur. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub. Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular.

Natiqin qəhrəmanlığı az bir vaxtda dildən-dilə düşdü. Bu qəhrəmanlığın bütün keçmiş ittifaqa tanıdılmasında isə «Oqonyok»un xidməti əvəzsiz oldu. Redaksiya şurasında Y.Əlixanyan-Bonner kimi qatı millətçinin və V.Korotiç kimi ermənipərəstin təmsil olunduğu “Oqonyok”un müxbiri K.Smirnov özü də bilmədən vaxtilə kitablardan oxuduğumuz və filmlərdən seyr etdiyimiz cəsur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaətini təkrarlamış Natiq Qasımovun düşmənə əyilməzliyini, onun qorxmazlığını və cəsarətini tam xırdalığınadək vəsf etmişdi. Baxmayaraq ki, yazıda erməni təəssübkeşliyi müəyyən qədər də olsa özünü büruzə verib.

Tanış olaq:

Onun haqqında nə keçmiş, nə də indiki zamanda danışmaq olur. Çünki dillərdə dastan olan sonuncu fotosundan sonra onun sonrakı taleyi barədə indiyədək heç bur məlumat yoxdur.

Natiq Səlim oğlu Qasımov. 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir şəhərinə köçür. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, «Kosmos» kinoteatrında kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. «Qarabağ şahinləri» batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir. Yurdsevərliyi və mehribanlığı ilə cəbhə yoldaşlarının hörmət və rəğbətini qazanır.

Xocalı faciəsi Natiqin sonrakı həyatının başlanğıcı olur. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilmir. Bunu faciədən bir neçə gün sonra, onun valideynlərinə ünvanladığı məktublar da təsdiq edir.

Atası Səlim kişinin dediklərindən: «Xocalı faciəsindən bir neçə gün sonra evdə tapdığımız məktubdan məlum oldu ki, Natiq Yaqub Rzayevin «Qarabağ şahinləri» dəstəsində vuruşmağa gedib. Evə göndərdiyi məktublarda yazırdı ki, Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm».

1992-ci ilin mart ayının əvvəllərində «Qarabağ şahinləri» batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. «Şahinlər» qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, kömək gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən «yararlanmaq» qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.

“Bayrağı və postu qoyub gedə bilmərəm”

Bu arada qeyd edək ki, 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı əsir düşmüş Cəfər müəllim Natiqi ən son görənlərdən biridir.

Cəfər müəllimin xatirələrindən: «Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxcağıq. Əgər türklər təslim olmasalar, kilsəni partladacağıq, əsirləri isə güllələyəcəyik».

Cəfər müəllimin xatirələrindən: «Ermənilər təxminən 100 metr aralıdakı kolların, qayaların arasında gizlənib məni sürünə-sürünə irəli getməyə məcbur etdilər. Xarabalığa çatıb başımı qaldırıb baxanda gözümə 3-4 meyit dəydi. Bildim ki, bizimkilərdir. Kilsədən tüstü çıxırdı. Nəfəsimi dərib soyuq divara söykəndim, yuxarı baxdım. Gecədən islanmış üçrəngli bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. Kilsəyə çatıb ana dilində «içəridə kim var, mən Xocalıdan əsir düşənlərdənəm, məni sizin yanınıza göndəriblər» dedim. Az sonra içəridən öskürək və hənirti səsi gəldi. Diksindim, həm də sevindim ki, burada bizimkilər var. Güclə eşidilən bir səs məni içəri çağırırdı. Əlimi divara sürtə-sürtə səs gələn tərəfə getdim. Bacadan düşən işığın altında bir avtomat, bir əl pulemyotu, çoxlu patron gördüm. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa, çörəyi yedi. Yoldaşlarını soruşdum. Dedi ki, komandirim məni 6 nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdu. Beş gündür ki, tək qalmışam. Niyə qaçmadığını soruşdum. Dedi ki, komandirə söz vermişəm, bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, lakin gəlmədilər.

Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər. Sonralar bildim ki, həmin şəkil «Oqonyok» jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbirstanlıqda dəyişdilər».

“O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”

“…Tezliklə biz Stepanakertdən Əsgərana tərəf yollandıq. Oradan vaxtaşırı atışma səsləri gəlirdi. Lakin Əsgərana gedib çıxmadıq, çünki yolda silahlı saqqallılarla dolu BTR-ə rast gəldik. Şübhəsiz, buradakı dəstənin yaraqlıları «iş dalınca» gedirdilər. Onların aldıqları məlumata görə, bir neçə gün bundan öncə əks tərəf dağlarda kənd tutmuşdu. Ermənilər onları sıxışdırıb çıxartsalar da köhnə Qriqorian kilsəsində (Alban kilsəsində – N.Q) Azərbaycan Milli Ordusunun bir qrup «boyeviki» qalmışdı. BTR-dəki adamlar ən uca zirvədə yerləşən kilsəni azad etməyə yollanırdılar. Kiçik kilsədə azərbaycanlıların sayı heç kimə məlum deyildi. Lakin onlara hücum edən dəstə artıq iki nəfər itirmişdi. Hücumçular müxtəlif vasitələrə – gözyaşardıcı qazdan qumbaralaradək əl atsalar da məqsədlərinə nail ola bilmədilər. Təbiidir ki, biz onların izinə düşdük.

Təəssüf ki, hadisə yerinə çata bilmədik. Maşınımız dağın ətəyindəki yolda bataqlığa düşdü və BTR gözdən itdi. Buna baxmayaraq o böyük əks-sədaya səbəb oldu. Belə ki, nə bu gün, nə də ertəsi gün yaraqlılar kilsəni ələ keçirə bilmədilər. Yalnız üçüncü cəhddən sonra onlar kilsənin yeganə sağ qalmış müdafiəçisini təslim olmağa vadar etmiş və məbədlə qəbirstanlığı geri qaytarmışlar. Əsir düşmüş cavan oğlan tüstüdən qapqara idi. O, üzərində bayrağımız sancılmış kilsədə beş gün ac-susuz qalmışdı”.

Natiqin taleyi barədə beynəlxalq təşkilatlara da məlumat verilmir

Bu sözləri məqalə dərc olunandan sonra Moskvada «Oqonyok»un redaksiyasında olmuş Natiqin qohumlarına yazının müəllifi söyləyib. Müxbirin sözlərinə görə, o, Qarabağdan çıxanda Natiq sağ idi. K.Smirnov hətta əvvəlcə yaxınlarına Natiqin axtarışında köməklik göstərəcəyi barədə vəd verib. Lakin sonradan naməlum səbəblərdən o, bundan imtina edib.

Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Mingəçevirdəki Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.

Müəllif: Naibə Qurbanova, (Modern.az).

Mənbə: İntiqam Yaşar


ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. ÜÇ QARDAŞ.

ZAUR USTAC زائـــور اوستاج

ÜÇ QARDAŞ

Bir qardaş sağında, biri solunda,

Təpəri dizində, gücü qolunda,

Qardaşlıq məşəli yanır yolunda,

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

* * *

Xətai amalı bu gün oyaqdır,

Nadirin əməli bu gün dayaqdır,

İlhamın təməli bu gün mayakdır!

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

* * *

Zamanla yaşadıq xeyli qeylü-qal,

Görməsin bir daha bu birlik zaval,

Dağlara biryolluq qayıdır Hilal,

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

05.10.2020. – Bakı.

Müəllif: ZAUR USTAC زائـــور اوستاج

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru