Xuraman Zakir qızı Fətullayeva 2 mart 1956-cı ildə Neftçala rayonu, Qaraymanlı kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.
ŞƏHİDLƏR ÖLMÜR
29 mart 1978-ci il doğumlu BDU-nun İqtisadiyyat fakultəsinin məzunu 3 övlad atası 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib və Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan, 14 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi qəbirstanlığında dəfn olunmuş baş leytenant Əsədov Əsəd Cəmaləddin oğlunun əziz xatirəsinə ithaf edirəm
Orta məktəbi əla göstəricilərlə bitirib univerisitetə hazırlaşırdım. Bütün qayğılardan, həyatın keşməkeşlərindən uzaq idim demək olar. İndiki kimi xatırlayıram, şəhərin mərkəz küçələrindən birində hündür boylu, şux qamətli bir oğlanla qarşılaşdım. Əvvəl heç görmədiyim bir insan idi, amma qəribə doğmalıq əks olunurdu üzündə… Ya da mənə elə gəldi. Çox xarizmatik bir görkəmi vardı oğlanın. Göy rəngli köynəkdə idi… ona xüsusi yaraşıq verirdi bu rəng. Açıq etiraf edəcəm, – “nə qəşənq oğlandır”, deyə düşündüm. Sonralar münasibətlərimiz başlayanda etiraf etdi ki, o da mənim haqqımda eyni düşüncədə olub. Taleyin yazısı idi, ya nədənsə bir neçə dəfə rast olduq bir-birimizə, mən müəllim yanına gedib-gəlirdim o küçədən, onun da iş yerinə – Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə yaxın olduğundandı yəqin. Bir dəfə yaxınlaşıb adımı soruşdu, tanış olmaq istədiyini bildirdi, dostluq təklif elədi və mən onun dostluq təklifini qəbul elədim. Çünki onun siması mənə çox xeyirxah, alicənab insan təsiri bağışlayırdı.
Qəbul imtahanlarına hazırlaşdığımı bildirərkən o, mənə bütün ixtisaslardan öncə jurnalistika fakultəsini seçməyi məsləhət bildi. Sanki nəsibimi əvvəlcədən bilirmiş Əsəd. Həqiqətən də mən univerisitetin jurnalistika fakultəsinə qəbul olundum, deyərdim mənim bu uğuruma Əsəd hər kəsdən, hətta doğmalarımdan da çox sevinirdi.
Bizim dostluq münasibətlərimiz davam etsə də, duyğularımızı hər birimiz yalnız özümüzə etiraf edə bilmişdik. Mən artıq tələbə idim və dərslərimə başım qarışdığı üçün ürəyimin dərinliyindəki hisslərim haqqında düşünmək belə istəmirdim. Bir gün dərsin sonunda univerisiteti təzəcə tərk etmişdim ki, kənardan Əsədin mənə tərəf gəldiyini gördüm… ürəyim şiddətlə döyünməyə başladı… daxilən bu halıma görə özümü qınasam da, açığı onun mənə görə bura qədər gəlməsi ürəyimdə xoş hisslər yaradırdı.
Bu gəliş həyatımda çox böyük dəyişikliyə səbəb oldu.
Həmin gün Əsəd sevgisini etiraf etdi mənə… Sözsüz ki, mən də onun sevgisinə qarşılıq verdim və bütün dünya mənimdir, sanırdım.
Beləcə, beş il davam edən sevgimiz günü-gündən dərinləşir, artır, ülvi hisslər bizi çox güclü tellərlə bağlayırdı bir-birimizə. Beş il ərzində hər birimiz gələcək həyatımız üçün maneələri aşmağa çalışır, bütün problemlərin öhdəsindən gəlməkdə böyük sevgimiz stimul verirdi bizə. Əsəd hərbi xidmətdə oldu, mən univerisiteti bitirdim. Həyatı nə mən Əsədsiz, nə də Əsəd mənsiz təsəvvür edə bilmirdik. Hətta bəzən onun varlığının mənim üçün günəş, hava, su, qida olduğunu düşünürdüm. Univerisiteti bitirən kimi nişanlandıq və həmin il evləndik. Hər ikimiz özümüzü dünyanın xoşbəxti sanırdıq, elə bilirdik göyün yeddinci qatındayıq. Əsəd çox diqqətli, şəfqətli, nəvazişkar ər olduğu üçün mən bir qadın kimi çox xoşbəxt hiss edirdim özümü. Evə, ailəyə çox bağlı biri idi sevdiyim insan. Univerisiteti bitirərkən leytenant, hərbi xidməti başa vurarkən baş leytenant rütbəsi almış biri kimi hərbçi nizam-intizamı vardı ömür-gün yoldaşımda. Evləndiyimizin bir ili başa çatar-çatmaz bir oğlumuz oldu. Heç vaxt dilə gətirməsə də, onun əvvəl oğul atası olmaq arzusu vardı, bunu hiss etmişdim…
Arzuları çiçək açmışdı Əsədin. Onun bəxtiyarlığını, sevincini, sevgisini gördükcə dünya gözümdə cənnətə dönürdü. Oğlumuzun yaş gününü qeyd etməyə hazırlaşdığımız bir vaxtda üç gün fərqilə ikinci oğul övladımız da doğuldu və Əsədin atalıq sevinci ikiqat artdı. Uşaqlarla vaxt keçirmək xüsusi zövq verirdi həyat yoldaşıma. İşdən sonra, istirahət günləri – bütün zamanını övladlarıyla keçirməyə çalışırdı Əsəd. Hətta balıq ovuna gedəndə də, mağazaya düşəndə də uşaqlarla birlikdə getməyi adət eləmişdi. Bağda-baxçada ağacların dibini belləyəndə də uşaqlar yanında olmalıydı, uşaqları da alışmışdı onun bu xasiyyətinə. Nə gizlədim, bir mahnının sözlərində deyildiyi kimi elə bilirdim, dünyanın xoşbəxti mənəm dünyada… özümü səadət gölündə hiss edirdim.
Onun qız atası olmaq arzusu on ildən sonra reallaşdı. Artıq bütün əyləncəsi Selinə – qızımıza bağlıydı. Bütün varlığıyla bizim – ailəsinin, övladlarının maddi-mənəvi ehtiyaclarının tam ödənilməsi üçün çalışırdı yoldaşım. Bir insan qəlbində bu qədər sevgi daşıyarmı?! Bu insan evini-ailəsini çox istəməklə bərabər, ata-anaya, vətənə, torpağa, üçrəngli bayrağımıza da çox dəyər verir, çox sevirdi. O, həddən artıq zəhmətsevər, çalışqan insandı. Səliqə-sahmana xüsusi diqqət yetirərdi.
Bir gün oğluma bayraq hazırlayıb gətirməyi tapşırmışdı müəllim. Mən də kömək elədim oğlumuza, böyük həcmli qalın kağızın üzərində bayrağımızın üst hissəsinə mavi kəpənəklər, orta qırmızı guşəsinə çiçəklər, güllər, alt hissəyə isə yaşıl yarpaqlar çəkməklə gözəl bir bayraq şəkli hazırladıq. Sonradan oğlum onu gətirib oz otağında kitab rəfinin üstünə qoymuşdu bağlı halda. Yoldaşım təəssüflə bizi qınadı ki, belə gözəl əsərin yeri bura deyil və onu gətirib qonaq otağında divardan asdı, mən etiraz etmək istəsəm də, Əsəd: “belə gözəl əsərin yeri göz qabağında olmalıdır, mənim əzizlərim”, – dedi.
Onun bayraq, vətən, torpaq sevgisini bilsəm də, ehtiyatda olan zabit olması məndə nə zamansa orduya qayıdacağı narahatlığı yaratmırdı. Həmişə düşünürdüm ki, bizim torpaqlarımız işğal olunub və mənfur düşmən bir gün sülhə gəlməyə, danışıqlar nəticəsində torpaqlarımızı qaytarmağa məcbur olacaq… Müharibə haqqında düşünmək belə istəmirdim.
Beləcə, ömrüm səadət içərisində axıb gedirdi… Taa bir gün qapıdan içəri girərkən yoldaşımın kiminləsə telefon söhbətini eşidənə kimi… Telefon söhbətində Əsəd dostuna: “mən də gedib rayonun hərbi komissarlığında qeydiyyata düşmüşəm. Səfərbərlik əmri verilən kimi məni çağıracaqlar, bilirəm”, – deyirdi. Mən onun telefon söhbətinin bitməsini gözləyib:
-Sən nə danışırsan, Əsəd?! Nə səfərbərlik? – soruşdum, həyəcanımı gizlədə bilmədim.
-Canım mənim, heç bir təşvişə gərək yoxdur, heç bir müharibə olmayacaq. Mən ehtiyatda olan zabitəm, təlimlərdə iştirak hələ o demək deyil ki, müharibə başlayır. Bir də lap başlasa da, mən getməliyəm əlbət ki… yoxsa təcrübəsiz uşaqları irəli verə bilmərik axı…
O söhbətdən çox çəkmədi ki, bir gün…
Bir gün deyəndə ki, 2020-ci ilin sentyabr ayının 21-də səhər övladlarımızı dərsə yola salırdım, Əsəd uşaqları bərk-bərk öpüb bağrına basdı və axşamdan hazırladığı yol çantasını alıb qapıdan çıxdı… Mən əlim qoynumda yerimdə donub qalmışdım… yuxudaydım sanki… İti addımla aşağı düşən Əsəd iki dəqiqə keçməmiş tələsik geri qayıtdı, mən donuq vəziyyətdə doluxsunmuş halda onun üzünə baxırdım. Heç bir söz demədən məni bərk-bərk qucaqlayıb:
-Dəyanətli ol, Ülkərim mənim, uşaqları sənə, səni də Allaha əmanət edirəm, – dedi və getdi.
Əsəd gedəndən bir həftə sonra torpaqlarımızın erməni qəsbkarlarından azad olunması uğrunda müharibə başlanması xəbərini eşitdik, özümü nə qədər dözümlü, dəyanətli aparsam da, ürəyim uçunurdu hər an… Xəyalıma gələn fikirləri özümdən uzaqlaşdırmağa çalışır, özüm özümə təskinlik verirdim ki, Əsəd hərbin sirlərini gözəl bilir, özünü, əsgərlərini qoruya bilər, inşallah, heç bir şey olmayacaq ona. Allah böyükdür, mənə görə olmasa da, üç övladına görə Allah qoruyar onu. Şəhadətini heç cür ağlıma gətirmək istəmirdim, qorxurdum belə fikirlərdən. Hər dəfə evlə əlaqə saxlayanda bizi qələbəyə ümidləndirir, ordumuzun gücünə, zəfərin yaxınlarda olmasına inandırırdı Əsəd. Elə danışırdı ki, sanki heç müharibə getmir, bu da odun-alovun içində deyil, hansısa maraqlı film izləyirmiş kimi… Bilirdim ki, məni sakitləşdirmək üçün belə deyir.
Oktyabr ayının əvvəlləri idi, bir şəkil göndərmişdi bizə, bu şəklə görə uşaq kimi sevinirdim, elə bilirdim Əsəd özü çıxıb gəlib odun-alovun içindən. Mən də ona kiçik qızımız Selinin şəklini göndərdim, o da çox sevindi şəklə görə… İnsan təbiəti nə qədər qəribədir… Bəzən əhəmiyyət vermədiyimiz ən kiçik şeylər belə zamana, məkana görə öz dəyərini anladır insana. Mən bir qadın, bir ana kimi anlayırdım ki, Əsəd və onun kimi mərd oğullar üçün Vətən, torpaq bütün qiymətlilərin ən qiymətlisi, dəyərlisidir, torpaqlarımızın düşmən tapdağından, işğaldan azad olunması namus, şərəf məsələsidir. Bunları anlamış olsam da, amma içimdə bir hiss mənə Əsədi itirə bilmə qorxusu təlqin edirdi. Həmin anlarda kiminsə boğazımdan ikiəlli yapışıb məni boğmağa çalışdığını duyurdum, qorxudan nəfəsim kəsilirdi. Amma uşaqlara görə mətanətli olmağa çalışır, onların qorxu keçirməsini istəmirdim. Çünki son vaxtlar böyük övladımız Cəmaləddinin də çox həssaslaşdığını hiss edirdim. Üzümə elə diqqətlə baxırdı ki… ondan nəyisə gizlətdiyimi düşünürdü elə bil…
Nədənsə Əsəd, əsasən öz telefonundan deyil, dostunun nömrəsindən əlaqə saxlayırdı bizimlə. Oktyabr ayının 12-də bütün günü onun nömrəsi cavab vermədi, dostunun nömrəsinə zəng etməyə məcbur oldum. Dostu:
-Mən yaralıyam, qospitaldayam, xəbərim yoxdur, – dedi.
Mən ona inandım, çünki Əsəd haqqında heç bir qorxulu fikri ağlıma gətirmək istəmirdim.
Oktyabrın on üçündə səhər uşaqları məktəbə yenicə göndərmişdim, yaşadığımız binanın həyətində Əsədin ata-anasının bizə gəldiyini gördüm, anası ağlayırdı. Onu belə görüb qorxa-qorxa:
-Nə olub, ana, niyə ağlayırsan?! – təşvişlə soruşdum.
Atası izahat verdi:
-Mən bazara getmişdim, gördüm tanış-biliş mənə qəribə baxır, soruşdum nə olub? Dedilər, bəs deyirlər Əsəd yaralanıb, qospitala aparıblar…
Onu axıra qədər dinləmədən qaçaraq evdən telefonu götürüb Əsədin dostunun nömrəsini yığdım, dostu telefonu açar-açmaz ondan:
-Bilirdin, bizə niyə demədin? – deyə soruşduqda, o, mənim nəyi soruşduğumu anlamadan: – Allah rəhmət eləsin! – dedi.
O anda dünyam başıma yıxıldı, elə bildim sözün əsl mənasında evin tavanı başıma uçdu…
Aylarla bu xəbərə inanmadım, inanmaq istəmədim. Özümün də öldüyümü, yox olduğumu hiss edirdim. Ağlım, şüurum sönmüşdü sanki. Düşünə, heç nəyi xatırlaya, həttta danışa bilmirdim. Bu nə yaşamaqdı? Bir neçə dəfə intihar haqqında düşündüm. Amma uşaqlar elə məsumluqla baxırdı ki, üzümə… sanki ağlımdan keçənləri hiss etmişdilər… Bizi, övladlarını heç vaxt yalnız, kimsəsiz buraxmayan Əsədim Şəhadət zirvəsinə ucalmaqla biryolluq tərk etmişdi bizi.
Demək ki, ömür-gün yoldaşım da başqa mərd, cəsur vətən oğulları kimi yurdunu, torpağını, vətənin azadlığını daha üstün tutmuşdu. Artıq bu nöqtədə insanın sözü bitir… Çünki, bütün aqil insanlar belə deyib, öncə VƏTƏN !
Nə mən, nə də övladları heç bir zaman Əsədin yoxluğu qəbul etmədik, etmərik də… Mənim qəhrəmanım hardasa yaxınlıqdadı, cismi olmasa da, ruhu bizimlədi, bilirəm… Hətta məzarını zayarətə gedəndə də gözüm Əsədi axtarır, qulağım onun səsini eşidəcək kimi dinşəyirəm hər yeri. Hər an hardansa çıxıb gələcəyi günü, anı gözləyirəm. Düşünürəm Əsəd bizi yalnız qoymaz, rəva görməz…
Mənə bir dünyalıq sevgi verdin yar,
Yaşadım səninlə xoşbəxt, bəxtiyar.
Qayıt ömrümüzə, dön gəl, nə olar?!
Sənsiz yaşamıram, ölüyəm mən də,
Quru nəfəsimdi ruhsuz bədəndə…
Sənin yoxluğundur ölümdən betər,
Qoxun burnumdadır keçsə də illər,
Deyirlər, ölməyib sağdır Şəhidlər!
Gözləyir yolunu əzizlərin də,
Cəmaləddin, İslam, körpə Selin də!
Canından çox sevdin Vətənimizi,
Bilirəm, duyursan zəfərimizi!
Yəqin ki, göylərdən görürsən bizi,
Şəhidlər müqəddəs əməlləriylə,
Yaşayır millətin ürəklərində!
Əsədin cəbhəyə gedərkən əynindən çıxardığı köynəyi hələ də yumamışam. Hər gün o köynəyi iyləyib Əsədin iyini alırıq. Hətta körpə Selin də gedib o köynəyi iyləyib, – “ana bax, atamın iyi gəlir bu köynəkdən” – deyir.
Bir gün hədsiz çox darıxmış, çox ağlamışdım. “Allahım, nə olar, bizi hifz elə, yalnız buraxma, təkliyə, yalnızlığa dözə bilmirəm artıq”, deyib yalvarırdım rəbbimə. Bu zaman çiynimdə isti bir əl hiss elədim və bütün varlığımla bu əlin Əsədin əli olduğuna inandım. O zamandan bəri sanki içimdə bir güc-qüvvət, dözüm, dəyanət hiss elədim və “Şəhidlər ölmür, onlar sağdır, biz onları görməsək də, onlar bizi görür”, fikrinə bütün ağlım, idrakımla inanmağa başladım.
Son
MÜƏLLİF: XURAMAN ZAKİRQIZI
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru