Müzəffər Məzahim. ƏBƏDİ İZİNİZ VAR.

21 Azər haqqında məlumat

ƏBƏDİ İZİNİZ VAR

21 Azər inqilabçılarına

Siz dadıb azadlığın şəhdini, şərbətini,

Qırdınız yağıların harın əsarətini.

Qəlbinizdə qalandı zülməti yaran işıq,

Milləti azadlığa çəkib aparan işıq.

Şəfəqlərə döndünüz günəşə tən ölkədə,

İnsanın azadlığı, haqqı itən ölkədə.

Vətənin ürəyindən sızıldayan yaranı

qopardınız, Səttarxan, Xiyabani, Ərani,

Baş qaldırıb məzardan sanki, “Afərin”-dedi,

“Mübarəkdir, ey Vətən, şanlı zəfərin”,-dedi.

Səhənddən Kəpəzəcən səhər yelləri əsdi,

Şad xəbəri ellərə yaymaq üçün tələsdi.

Oxşayaraq narın meh geniş çəməni, çölü,

Qurutdu anaların gözündəki nisgili,

Ulu Təbrizin səsi yayıldı dalğa- dalğa,

Sanki, Şimalla Cənub durdu dodaq-dodağa.

Dikəldib qamətini Azərbaycan vüqarla,

Yuyundu igidlərin qəlbindəki o nurla.

Baxdı qoca dünyanın qırışmış alnına o,

Talelərin tor kimi qarışmış alnına o.

Baxdı, vüqarla baxdı, o sərt üzə, pərt üzə,

“Kim-kimi?!” sualıyla dayandılar üz-üzə…

Elə bil qopdu tufan, yarıldı yer, endi göy,

Dünya Azərbaycana baxırdı ögey-ögey…

Siz ey günəşli yurdun, xalqın pərvanələri,

Ədalətin, mənliyin, haqqın pərvanələri.

Qurduğunuz azadlıq, abadlıq dağılsa da,

Həqiqət xəyanətlə, böhtanla boğulsa da.

Yaşayır idrakınız, əzminiz, qüdrətiniz,

Əsrlərə bəs edən adınız, şöhrətiniz.

Bu xalqın tarixində əbədi iziniz var,

Hər kəsin ürəyində doğma mənziliniz var.

Müəllif: Müzəffər MƏZAHİM

MÜZƏFFƏR MƏZAHİMİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir