ÖMRÜN PAYIZ DUYĞULARI…
Deyirlər, insanın 60 yaşı ömrün zirvəyə həsrətlə boylanan çağıdır. Ömrünün 60-cı baharını yaşayan dostum Murad Məmmədovun şeir yazdığını son bir ildə bilmişəm. Adətən 60 yaşında şairlərin seçilmiş əsərləri nəşr olunur. Amma Murad yaşının bu cağında şeirlərini təzə-təzə işıq üzünə çıxarmağa başlayıb. Onun bu yaşda şeir yazmağa başlaması bir çoxlarını təəccübləndirsə də, şəxsən bu, mənə heç də qəribə təsir bağışlamadı. Çünki insan həyatda ömrü sınağa çəkən elə anlarla qarşılaşır ki, bəzən kədərlənir, bəzən sevinir. Bu da insanın hiss- həyacanına təsir edir. Bu mənada Murad da özünə- sözünə əmin olduğu üçün yazır, öz yaşantılarını yazır, özünü yazır. Bununla yanaşı, öz müşahidələrini də qələmə alıb, şeirə-sözə çevirir.
Yəqin ki, bu da ömründən ötənləri dilə gətirmək ehtiyacından və səmimiyyətindən doğur. “Neynəyim söz məni rahat buraxmır”,-deyir. O, sazlı-sözlü İncə dərəsində doğulub, boya- başa çatıb. Saza-sözə vurğunluğu ana laylası kimi beşikdən başlayır.
Şeirlərində illərin bəxş etdiyi müdrikliklə yanaşı, gənc yaşlarındakı saflığını əks etdirən duyğuların da nəfəsi duyulur:
Bir kənddən şəhərə heç nəyə satdı,
Məni gəncliyimdən qoparan yollar.
Yaman dilə tutdu, yaman aldatdı
Qazaxdan Bakıya aparan yollar.
* * *
Yüz arzu vəd etdi, gözüm qamaşdı,
Beynim dumanlandı, əlifim çaşdı.
Önümdə yeni bir mənzərə aşdı
Qazaxdan Bakıya aparan yollar.
Muradın duyğuları düşdüyü ovqatın obrazlı mənzərəsini də yarada bilir:
Baxıram bu ömrə, bu günə yadam,
Söz məni dünyamdan, özümdən alır.
Ona sevinirəm, bir ona şadam,
Yazdığım nə varsa nişanə qalır…
Murad Məmmədov ixtisasca mühəndisdir. Uzun illər istehsalada çalışıb. Yaradıcılıq sahəsindən uzaq olsa da, ruhən saza- sözə bağlıdır. Bu da səbəbsiz deyildir. O, şairlər diyarı, sazlı-sözlü Qazaxdandır. Muradın saza- sözə bağlılığından el-oba mehri duyulur. Bakıda yaşasa da, doğulduğu yurddan ilham alır. Saz ovqatına köklənməsi şeirlərini bir qədər də şirinləşdirir, incəlilərə sevdirir. Muradın şeirlərinin qayəsini insanın mənəvi saflığı, mənəvi bütövlüyü təşkil edir:
Bir ömür yaşadım bildiyim kimi,
Səssizcə gedəcəm, gəldiyim kimi.
Neçə günahları sildiyin kimi,
İlahi, rəhm elə, keç günahımdan.
* * *
Bilmədim, kiminsə haqqına girdim,
Bəzən gec anladım, səhvimi gördüm.
Oldu ki, nahaqdan yüz günah dərdim,
İlahi, rəhm elə, keç günahımdan.
* * *
Mən elə yaşdayam məramım bəlli,
Üzümdə yalvarış, gözdə təsəlli,
Nə desən razıyam, indi beşəlli,
İlahi, rəhm elə, keç günahımdan.
Murad Məmmədovun duyğular aləmi mənə də məhrəm və doğmadır. Qısa da olsa, onun duyğu dünyası ilə sizi tanış etməyə çalışdım. O, ilk şeir toplusunu sizin mühakimənizə verir. Düşünürəm ki, onun şeirlərini küll halında oxusanız, özünüzdə aydın təsəvvür yaranacaqdır.
Müəllif: Həzi HƏSƏNLİ ,
Şair-publisist.
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru