
QƏMİŞ OLMASIN
(hekayə)
Ağanın qonağı gəlir. O, nökəri çağıraraq:
-Yaxşı çay dəmlə. Adımıza-sanımıza layiq.
Ağa çox vas-vası olduğundan nökər ayaq saxlayaraq hey suallar verir:
-Ağa, çayı otlardan – kəklikotundan, nanədən, mixəkdən, darçından, yoxsa hildən dəmləyim? Bəlkə adi quru çaydan istəyirsiniz?
Ağa qeyri-müəyyən cavab verir:
-O da olsun, bu da.
Nökər key-key baxır. Sonra təzədən xəbər alır:
-Ağa, çay tünd olsun, yoxsa açıq?
Ağa cavabında deyir:
-Nə çox tünd olsun, nə də çox açıq? Bildin?
-Bildim.
-Di get.
Nökər yola düzəlir, lakin nə isə fikirləşib geri dönür:
-Ağa. Çay acı olsun, şirin?
Ağa artıq əsəbiləşməyə başlayır:
-Kəmşirin olsun, kəmşirin. Bunu da bildin?
-Bildim, ağa.
-Ağa, acığın tutmasın. Çayın yanında mürəbbə olsun?
Bu dəfə qonaq dillənir:
-Yaxşı nökərdir, iş bacarandır. Yerli-yataqlı öyrənmək istəyir ki, çay ürəyimizcə olsun.
Nökər yerindən tərpənmir. Qonağın onun tərəfində olduğunu görüb ürəklənir:
-Ağa, bir sualım da var. Olar?
-Buyur.
-Çay limonla olsun?
-Limonla.
-Yanında qaşıq olsun?
-Qaşıq da olsun.
-Çay qəndlə olsun, konfetlə?
-İkisi də olsun, ay qanmaz!
İsti yay günləri idi. Artıq sorğu-sual yarım saat olardı davam edirdi. Qonaq da, ağa da susuzluqdan dodaqlarını yalayırdılar.
Ağa axır ki, dözə bilməyib cin atına mindi:
-Ay yaramaz, susuzluqdan nəfəsimiz kəsildi!.. Gör nə vaxtdan dayanıb durmusan. Heç bir iş görməmisən!
Qonaq da söhbətə qarışdı. Üzünü nökərə tutaraq dedi:
-Ay pir olmuş, necə çay gətirirsən – gətir. Yanında qəmiş olmasın!
Müəllif: Akif ABBASOV
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru