
NƏ O KƏND O KƏNDDİ,
NƏ DƏ MƏN MƏNƏM
Köçəri quş imiş insan sən demə,
Xəyal köhlənimi minib çapıram.
Sevinclə dönürəm doğma kəndimə,
Xaraba yurdumda saray yapıram…
Dözə biləcəkmi qəlb bu sevincə? –
İlk vüsal gününü düşünürəm mən.
Qəlbim yarpaq kimi titrəyir necə! –
Həsrət sazağında üşüyürəm mən…
Orda kim olacaq dərdimə şərik? –
Suallar pərt edir adamı necə?
O evin yerində ev də tikərik,
Geri qaytaracam anamı necə?
Geri qaytaracam atamı necə?
Xiffətdi qəlbimdə gur ocaq çatan
Babam, nənəm varmış, atam var imiş…
Bu daşa, torpağa gözəllik qatan
Bizə doğma olan adamlar imiş…
Elə bil həyat da olub mənasız,
Məni cəlb eləyən nə yer, nə göydü…
Babasız, nənəsiz, ata, anasız,
Doğma kənd elə bil mənə ögeydi…
Yuvası boş qalan quşlar uçubdur,
Bu doğma dağ-dərə mənə bəs etmir…
Sanki çörəyimin duzu qaçıbdır,
Ən qaynar ocaq da məni isitmir…
Atalar, analar, nənələr köçüb,
Niyə ögey oldum axı mən mənə?
Aradan ağrılı sənələr keçib,
Nə o kənd o kənddi,
nə də mən mənəm…
17.12.2020
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru