
27 iyun 1918-ci ildə Türk dili rəsmi dövlət dili elan edilib.
Dövlət dilimizin elan olunmasından 106 il keçir.
Dünən Ordumuzun yaranmasının 106 illiyini qeyd etdik. Ümumiyyətlə zaman-zaman Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Azərbaycan Respublikasının ölkəmiz üçün əlamətdar olan, özəlliklə dövlət tarixi ilə bağlı məsələlərdə təməlin Cümhuriyyət dönəmindən götürməsi həm hüquq, həm siyasi-ideoloji olaraq doğrudur və vacib amildir.
Lakin bu sadəcə dövlət qurumlarının yaradılışı ilə olmamalıdır. Biz sadəcə yaradılan nazirliklərin varisi deyilik axı. Biz hər şeydən öncə “Millətlərə İstiqlal, İnsanlara Hürriyət” fikrinin varisləriyik. Biz bu fikirlərlə Azərbaycan türklərinin dövlət anlayışının necə bir fəlsəfəyə söykəndiyini tarixdə dövlət quraraq isbat etdik.
Qurduğumuz dövlətin dili isə 27 iyun 1918-ci ildə Azərbaycan Hökuməti tərəfindən dövlət dili haqqında qərar qəbul edilərək Türk dili rəsmi dövlət dili elan edilib.
Azərbaycan xalqının 70 illik sovet əsarəti dövründə öz kökündən qopmamasının, Türkçülük ideologiyasını daha da gücləndirməsinin təməlində bu cür tarixi qərarlar dayanır. Qeyd etmək yerinə düşərdi ki, 1926-cı ildə keçirilən və bütün Türk cümhuriyyətlərindən elm adamları, ziyalıların iştirak etdiyi ilk türkoloji qurultay Bakıda baş tutub.
Cümhuriyyət dönəmində dövlət dili ilə bağlı müəyyən edilən siyasəti SSRİ ziyalılarımızın başını kəsdikdən sonra, yalnız 1938-ci ildə dəyişdirə bildi.
Hesab edirəm ki, cümhuriyyətçi babalarımızdan bizə miras qalan ideologiyanı inkişaf etdirməli, Türk kimliyinin gücləndirilməsi üçün vacib olan dil amilinə xüsusi önəm verməli və xarici təsirlərdən qorumalıyıq.
Milli şüurun formalaşması, milli kimlik kimi vətəndaşın yetişməsində önəmli rol alan amillərin fundamental özülü Ana dilinin Dövlət dilinə çevrilməsi üzərində qurulur.
Bu da o deməkdir ki, dili milli-strateji məsələdir, milli təhlükəsizlik konsepsiyasına aiddir.
Və bu gün siyasi olaraq bir türk ailəsi modelindən dövlətin ən üst səviyyələrində fikirlər dilə gətirilirsə demək ki, bu məsələyədə yenidən baxmaq günümüzün reallığıdır.
Bunu isə aydınlarımız müzakirəyə çıxartmalıdırlar. Aydınlarımız isə susur.
Susqunluqla aydın olmaq mümkün deyil, cənablar. Aydını olmayan cəmiyyət qaranlığa məhkumdur. Tarixi və zamanı unutmayın.
P.S. Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin. Bu gün həm də onu anmaq haqqıdır.
Müəllif: Anar ƏSƏDLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru