
Lermontovun sevimli ağacı….
Müalicə və istirahətimin ikinci günü xəstələndim.
Xəstəliyin yolunu səbirsizliklə gözləyirdim. Ola bilməzdi , bu rahatlıqda, bu gözəllikdə , bu sakitlikdə azar məni xırxalamasın.
Həkimim 60 yaşında ,nazik rus qadınıydı. Əsil həkimiydi. Həmişə deyirəm, Allah mənim bəxtimə gözəl həkimlər yazıb.
Qızdırmam qalxan kimi, məni ” bağladılar” çarpayıya , tibbi dəstəni də oturtdular yanımda.
Elə qulluq elədilər, xəstəliyimin üçüncü günü ayağa qalxdım.
Dördüncü günü həkimim dedi:
– Bu gün qonaqlarımız Maşuk dağına, Lermontovun öldürüldüyü yerə gedəcəklər, səni də dəstəyə qoşacam. Beş qardaş dağı çoxillik cökə meşələridi.
İndi ağacların çiçək vaxtıdı, bu gəzinti bütün xəstəliyi canından çıxaracaq.
Hansı bulağın başında dayansalar, ordan su iç, əllərini yu, üzünə vur.
Nağıllarımız yadıma düşdü, bir bulaqdan üzünü yu, birində saçlarını, birində qaşlarını, ol ,dünya gözəli.
Olan- olmazdan torbama atıb, qarışdım camaata.
Şəhər at şabalıdıyla əhatələnib. Bizdəki çoxillik çinarlar kimi iriləniblər.
Pyatiqorskı (yerli xalq beş tau deyir)çıxmamış avtobusumuz xarab oldu.
Şəhər çox sakit, balaca , qırmızı kirəmitli , təmiz , tozsuz yerdi.
Küçələrində adamlar azdı.
Cavanların hamısı müharibədə, müharibəyə nifrət eliyənlər isə çoxdan sərhəddi bəridə qoyublar…
Qırılmış avtobusdan düşən kimi şıdırğı yağış başladı.
Canım qızdırmalıdı deyə qalın geymişəm.
Oğlumun qəribə xasiyyəti var. Bir saatlıq evdən çıxsam belə, yenə məni at kimi çullayır.
İndi yenə qalın qoftalar, şərflər, ayaqqabılar yığıb ey zəmbilimə…
Dəstədə millət olaraq təkəm, bu heç mənim vecimə də deyil. Danışırlar, gülürlər, torbalarından nəsə götürüb yeyillər.
İri şabalıd ağacının altında daldalandım.
Yeni avtobus gəldi, doluşub yola düşdük. Altı saatlıq gəzinti olacaq.
Beş qardaş dağını aralıdan görən kimi ,Kəlbəcərin Ağdaban kəndindəki yeddi qardaş dağı yadıma düşdü…
O dağlar da beləcə yan-yana sıralanıb durmuşdular , mən görəndə .
Dəstəbaşımlz Lermontovun vurğunudu. Şerlərini əzbər deyir, həyatından maraqlı epizodlar danışır, vaxtsız ölümünə yanır…
İndi də gözümün önündə Mikayıl Müşfiq canlanır…
Verə bildikmi qiymətini.?.
İlk duralğamız şairin öldürüldüyü yer oldu. Qalın meşənin içi, günəşin çox az düşdüyü bir yer.
Elə orda da barelyefini qoyublar.
Bələdçi xanım pafosla danışır, Martınova çox acıqlıdı, mən hündür ağacın dibində otururam.
Ayaqlarım əsir, başımdan tər açılır, hündürlükdən təzyiqim qalxır.
Gəldiyimə peşmanam.
Daldaya çəkilib yaş qoftamı dəyişirəm, boyunu sevdiyim kəlağayımı çiynimə salıram, yenidən dəstəyə qoşuluram.
Bir anlıq hamı böyük şairi unudur, diqqətlər mənim çiynimdəki ovsunlu kəlağayıya yönəlir.
Bunu hiss eləyib lap forslanıram.
Bədənimdə “ikinci cəbhə” açılır…
Qızdırma yoxdu, başım ağrımır, əhvalım çox yaxşıdı…
Bütün bunları gözəl yaylığıma borcluyam.
Rus xalqı həqiqətən öz şairinə layiqincə sahib çıxıb.
Bütün şəhər ancaq Lermontov qoxuyur.
Müxtəlif şəhərlərdən gəlmiş adamlar onun öldürüldüyü yerdə dualar oxuyur, xaç çevirir, göz yaşı tökür, torpağı öpürdü.
Onun sıldırım qayalar arasında çimdiyi iyli gölə tunel çəkiblər, gölü cağbəndə alıb ora heç kimi buraxmırlar. Gölün üstündən göyə millənən qayalarda yüzlərlə göyərçin yuva qurub.
Şairin hər gecə gölə enən ruhunun çiyinlərinə qonurlar…bunu bələdçi xanım dedi.
Onlarla yeri gəzdik, muzeyini ziyarət elədik, bura gələrkən qaldığı küləş örtüklü komasına baxdıq.
At axuruna getdik. Yoruldum, hətta paxıllıqdan bezdim.
Çox paxıllığım tutdu, Lermontova.
Başladım öz dilimdə azeylənməyə, deyinməyə.
Bayaqdan kəlağayıma qəribə bir baxışla baxan cütlük artıq üzümə gülümsəyirdilər.
Hara gedirdimsə, arxamca gəlirdilər. Mən ilk baxışdan onları gürcü ailəsi zənn etmişdim.
Narzanın iyli suyunu içən kimi, mədəm hoppanıb ağzıma dürtüldü.
Elə biləsən bir qabın içinə qurbağa, siçan, it öldürüb atıblar, üstünə də su töküb qoyublar günün altına.
İndi o suyu süzüb sənə içirdillər.
Daldaya çəkilib qaytardım, dana kimi böyürdüm.
Bir də gördüm kimsə əlini başıma qoydu, qolumdan tutdu. Qaraqaş, qara saçlı, qarayanız xanım , (məni izləyən cütlüyün xanımı) mənim dilimdə danışmağa başladı.:
– Al suyu ,üzünə vur, yəqin təzyiqin qalxıb, deyib şüşədən ovcuna tökdüyü suyu üzümə vurdu.
Gülüşüm, həyəcanım içimə qayıtdı, mədəmdəki sonuncu qidanı da bayıra püskürdüm.
Heç demiyəsən qadın da üzümə iyli sudan çırpıb…
Olan- qalan heyimi də qusmaq aldı əlimdən. Hardan təmiz su tapdılarsa yenə əlimin, üzümün iyini təmizləyə bilmədim.
Oturuqlu qaldım, mənim dəstəm meşənin içinə doğru getdi.
Lermontov depressiyada olanda Maşuk dağındakı bir talada , iri palıd , cökə ağaclarının altında, özünün daşdan yonduğu stulabənzər şeyin üzərində oturub saatlarla xəyala dalırmış.
Geri baxdım ki, gəldiyimiz avtobus görünür. Mən də düşdüm dəstənin getdiyi cığıra.
Qalın meşənin içində tanıdığım çiçəkləri dərib ovalayıb üzümə sürtürddm ki, bəlkə üfunət iyini apara bildim.
Xeyli urəli- geri getdim, bəni- insan görmədim.
Sürətlə geri qayıtdım, avtobus yerində yoxuydu….
Səfər başlayanda bələdçi öz nömrəsini telefonlarımıza yazdırdı. Hamı arvada zəng eliyə bildi, məndə alınmadı, heç özüm də əhəmiyyət vermədim.
Təkidlə tapşırmışdı, azdığınızı hiss elədizsə, gördüyünüz cığırlarda oturun…
İlk ağlıma oğlum gəldi.
Məni bu qalın meşədə tapmasalar, o neyliyəcək.
Çünki, bu səfərin torbasını o tikmişdi. Mənim nə işim vardı ,uzaq ellərdə.
Sonra qardaşlarımı düşündüm, gec tapılsam, onların təhnizindən, lağlağısından necə yayınacam?
Məni burda ayı, canavar, çaqqal parçalasa, elin üzünə necə çıxacaqlar?
Ancaq pis şeylər düşündüm. Cığırın alt tərəflərində, tanımadığım ağacların dibindən dolma yarpağı yığdım, türklərin sarı kantoron, bizim çay çiçəyi dediyimiz çiçəkdən balaca bir taya qurdum…
Jaketimi sərib üstündə uzandım, başı göylərə dəyən ağaclardan yuxarı boylandım…
Meşənin sıxlığı göyü aydın görməmə mane olurdu
İstəyirdim burdan özümü Allaha göstərim.
Mən hər zaman demişəm, məni qoruyan bir qüvvə var. Elə qüvvə ki, mən onu görmürəm, amma o hər an mənimlədi. Məni gözündən qoymur ,illərdi məni hər bəladan xilas eləyir.
Yenə o qüvvəmlə sakitcə danışmağa başladım.
Əlimin ,üzümün üfunət qoxusunu unutdum.
Özümü sehirli bir aləmə saldım…
Bilmirəm nə qədər keçdi, birdən qulağıma öz dilimizdə səs gəldi:
– Bacı, ay bacı, yaylıql bacı…
Azmamışdan qabaq üzümə su vuran qadınıydı, əri də yanında.
Qalxıb onlara əl elədim…
Bir az irəlidə səfər yoldaşlarımdan çoxunu gördüm…
Heç demiyəsən hamı məni gəzirmiş.
Aradan əlli dəqiqəlik bir zaman keçib.
Məni tapan , öz dilimizdə danışanların kimliyini yəqin ki, bildiniz …
Bizim köhnə qonşularımız.
Amma heç vaxt Qarabağımızda olmayıblar.
Krasnodar vilayətində yaşayıblar.
Avtobusa qalxan kimi hamı əl çalmağa başladı.
Bir neçə xanım məni qucaqladı.
Otelə çatanda həkimimi qapıda təlaşlı gördüm. Düşən kimi altıma stul verdilər, təzyiqimi ölçdülər, iynə vurdular.
Mən də içimi yeyirdim, öyrəncəliyik axı, xəstələnəndə danlanmağa, yıxılanda döyülməyə,
Evə gec gələndə söyülməyə…
Xüsusi diqqət və qayğı yaza bilmədiyim isterikaya saldı.
Məni bir şey maraqlandırırdı.
– Oğluma xəbər verməyiblər ki?
Həkimim yox deyəndə, elə bərkdən güldüm!!
Nə vaxt belə güldüyümü heç xatırlaya bilmədim.
Səfər yoldaşlarım dedilər ki, sənin dəstədə olmadığını o ailə bildi.
– Yaylıqlı qadın yoxdu, dedilər…
Nə Maşuk dağı, nə kəlağayı , nə də meşədə itməyim sinəmdəki Qarabağ yarasını mənə unutdura bilməz.
Sadəcə öz dilimdə eşitdiyim sözlər, mənə ( bəlkə də yaylığıma) təbəssümlə baxan baxışlar, mənim üçün narahat olan adamları sizlərə demək istədim.
Başqa heç nə….
İgid Natiqə Milli Qəhrəman adı verdi , dövlət başçımız…
Nə qədər ki, Natiqin o duruşu, idman geyimindəki baxışları var eyy, bizim nəyisə unutmağa haqqımız çatmaz.
Müəllif: Bircə XANIM
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru