HƏR ŞEY HƏYATININ BIR PARÇASI

HƏR ŞEY HƏYATININ BIR PARÇASI

Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Rafiq Yusifoğlunun yaradıcılığı çoxtərəflidir; şair, ədəbiyyatşünas, publisist kimi zəngin ədəbi yol keçib. 80-ci illərdən bəri ədəbiyyatşünaslıqla yollarımız bərabər yürüyüb, indi də Dissertasiya Şurasında tez-tez görüşürük. Həm də ali məktəbdə çalışır, necə deyərlər, burada çalışdınsa, gərək tələbələri də nəzərə alasan. Bu cəhətdən Rafiq Yusifoğlu tələbələrinə borclu qalmayıb, çoxlu proqram, dərslik və dərs vəsaitləri yazıb. Son on beş ildə onun «Ədəbiyyatşünaslığın əsasları» (2001, 2005, 2009), «Uşaq ədəbiyyatı» (2002, 2006), «Müasir ədəbi proses və ədəbi tənqid» (2004, 2014), «Azərbaycan poeması: axtarışlar, perspektivlər» (1998), «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» (2010), «Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri» (2016) kimi son dərəcə gərəkli dərslik və monoqrafiyaları nəşr olunub.
Doğrusu, onun ədəbiyyatşünaslıq sahəsindəki araşdır¬ma¬¬¬-larının niyə diqqətdən kənarda qaldığını kəsinləşdirə bilmirəm. Hər halda bunu ədəbiyyatşünaslığımızın ayağına yazmaq lazım gəlir. Bu üzdən mən də onun zəngin ədəbiyyatşünaslıq fəaliyyətini və bu sahədə gördüyü işləri qiymətləndirməyi düşünürdüm. Lakin Rafiq Yusifoğlu həm də gözəl, bənzərsiz şairdir, yaradıcılığa poeziya ilə başlayıb və düz əlli ilə yaxındır ki, ona sədaqətini ifadə edir. Və bu əlli ildə onun əlliyə yaxın şeirlər kitabı çıxıb. Bu, demək olar ki, ildə bir kitab edir. Özü də heç bir kitabında təkrar şeirlər çap etdirməyib. Hər zaman oxucuların görüşünə yeni şeirlərlə gəlib. Sonuncu şeirlər kitabı «Üçüncü qərinə» (Redaktoru Məhərrəm Qasımlı, Bakı, 2017) bu günlərdə işıq üzü görüb. Elə məni də fikrimdən daşındıran məhz bu kitab oldu; elmi əsərlərini təhlil edəcəyimi düşündüyüm halda, şeirləri özünü qabağa saldı. Bəlkə də belə daha ədalətli olar; axı Rafiq Yusifoğlu yaradıcılığa şeirlə başlayıb və çağdaş poeziyamızı obraz və obrazlılıq, bədii təsvir və ifadə vasitələri, bədii detal, poetik ruh baxımından əhəmiyyətli dərəcədə zənginləşdirib, yeni üslubi çalarlar gətirib.
«Üçüncü qərinə»də toplanan şeirlər son iki ilin şeirləridir, yaxşıdır ki, şeirlərin altında zaman və məkanı ifadə edən qeydlər də var; bu şeirlərdə nələr yoxdur; insan həyatının bütün böyük, sirli, sevincli, kədərli anları, həyatı, sevgini, başlancıcı, sonu anlatmaq və s. Bu şeirlər insana dünyanı və kainatı anladır, səni gündəlik qayğılardan uzaqlaşdırır, həm də həyatın özünü göstərir. Şair bu şeirlərində yeknəsəq bir həyat təsvir etmir, yaşadıcımız cəmiyyətdə görmədiyimiz nəsnələri göstərir. Onun şeirlərini sən bir mənəvi ehtiyac olaraq oxuyursan və düşünürsən. «Əsl yaşamalı gün indi gəldi», «Bu gecə sübhəcən», «Bir yağış yağır ki», «Xoş gördük, ömrümün təzə payızı», «Çox şükür, builki qışı da gördük», «başımın üstündən uçan durnalar», «Bir qocaman dağam mən», «Yaşamaq lazımdı» və sair onlarla şeirlərində yaşantılarını bütün dəyişik yönləri, çalarları ilə verir.Bu yaşantılar şairin təqdimində yenidir; sanki bu yaşda yaşadıqlarını heç zaman qələmə almayıb, yəqin ki, bundan sonra yazdıqları da başqa bir yaşantı olacaq. Bu yaşantılardan biri də doğma torpağı, yurdu, el-obanı içində yaşatmaqdır. Deyim ki, Rafiq Yusifoğlu bir vətəndaş kimi narahatlıqlarını həm də yurd sevgisində büruzə verir. Bu yaşda doğma diyarında özünü qərib hiss edən lirik Mən doğulub boya-başa çatdığı, lakin heç zaman gedə bilmədiyi torpağı yuxusunda görür. Başqa bir şeirində «Biz bütün arzulara yuxuda çatmağı çox sevirik…» fikri də burada yerinə düşür. Yuxuda görmək ona əlinin çatmaması deməkdir, ona qovuşmaq istəyini əks etdirməkdir. Lakin nə yazıq ki şair (təkcə şairmi!) hələ bu imkandan məhrumdur.
Şimşək oynayırdı bulud içində,
Külək işardırdı kül altda köyü.
Dağlar dayanmışdı sükut içində,
Pəyhanın, Qısrağın dolmuşdu göyü…
Kimsə eşitməsin qoy ahlarımı,
Ruhuma şəfəqlər səpirdi Allah.
Ot basan cığırlar ayaqlarımı
Necə qucaqlayıb öpürdü, Allah?!
Rafiq Yusifoğlunun şeirlərinin özəlliyi ondadır ki, strukturu sadə bir detal üzərində qurulur; bu detalda yaşadığı ovqatı, içinə aldığı düşüncəsini söyləyir və mütləq şəkildə onu həyatla, yaşamla bağlayır. Şeirlər duyğu və həyəcanların təsvirindən asılıdır, çox qısa da ola bilir, ya da uzağı beş altı bənddə özünü ifadə edir. Bu şeirlərin hər birinin tarixi var, bu tarix elə şairin duyğularının stenoqramı kimi mənalanır. Hər şeyin bir yaranışı olduğu kimi, duyğuların, yaşantıların da yaranışı vardır. Bu yaşantılardan biri «Yaşamaq lazımdı» şeirində orijinal bir tərzdə ifadə olunub. Oxucu dərhal düşünür: «Kimin, nəyin naminə?» Cəmi altı sətirdən ibarət şeirdə şair yaşam kredosunu və nədən yaşamaq lazım olduğunu belə açıqlayır:
Həyat biyi
mübariyəyə səsləyir
açıq-açığına.
Yaşamaq layımdı
yaxşı adamların xətrinə,
pis adamların acığığına!
Yaxud, ilin dəyişməsi nədənsə insanda fəlsəfi düşüncələr oyadır, xatirələr çözələnir, sən sadəcə köhnə ildən yeni iləmi keçirsən; il dəyişirsə, nələr dəyişir?
Küçə həmin küçədi,
Şəhər həmin şəhərdi,
Mən həmin mənəm –
Təkcə təqvimdə
2015-ci ildi…
Rafiq Yusifoğlunun poetik obrazlarından biri də dənizdir. Onlarla şeiri dənizə həsr edib, lakin bu şeirlərin hər birində yalnız dənizin təkrarsız mənzərələrini yaratmır, həm də onu bir bədii obraz səviyyəsinə qaldırır, dənizlə həmsöhbət olur, onu əzizləyir, sevir, qorumağa çalışır və hamını buna səsləyir. Bu poetik çağırışda şairin vətəndaşlıq missiyası başlıca yer tutur.
«Əlli ildə səbrlə, nəvazişlə» əsəblərinə sığal çəkən dənizin boynunda böyük «haqqı-sayı» olduğunu dilə gətirir. Lakin şairin lirik Məninin dənizi sevənlərdən bir fərqi var: «Siz həmişə onun sahilindəsiniz, mən isə onun qoynunda»… «Tənha qoymayacam», «Dənizdə səhər», «Dəniz duyur», «Dəniz, sahil, ləpədöyən», «Dəniz sevgisi» və s. onlarla şeirində dəniz müxtəlif çalarlarda təsvir edilir. Bu şeirlər insanla dənizin söhbəti kimi yadda qalır. Dəniz də insan kimi bir varlıq olaraq göstərilir; onu tənha qoymaq istəmir. Dünya «istidən od tutub yananda», «suları şaxtadan donanda» belə onun yanında olur. Şairin dənizi də insan kimi duyur, hiss edir, üşüyür… Il boyu dəniz üzərində uçuşan qağayıların dəniz sevgisi son dərəcə poetik şəkildə verilir:
Dayazda üzən balıqlar
Arabir düşürlər
pis günə.
Acgöz quşlar
qəflətən şığıyırlar
onların üstünə…
Dalğaların üzərində
ora-bura uçuşub
yem gəzir qağayılar
Ilin bütün fəslində…
Onların da dəniz sevgisi
qarın sevgisidi əslində….
Rafiq Yusifoğlunun «Üçüncü qərinə» kitabında toplanmış şeirlərinin çoxu Azərbaycandan kənarda yazılıb: Istanbul, Los Anceles, Santa Monika, Venis, Dubay və s. Bu şeirlər «Dünyanın o üzü və qürbət nəğmələri» bölməsi adı altında toplanıb. Doğrusu, indiyədək poeziyamızda bu silsilədən olan şeirlər yazılmışdır. Rafiq Yusifoğlunun şeirləri isə bu mövzuda yazılan ənənəvi şeirlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onun sanki qürbətdə yazdığı şeirlər qəriblik üzərində qurulmayıb. Bunun da müəyyən səbəbi var. Şair tanımadığı uzaq bir diyarda oğlu və nəvələri tərəfindən qarşılanırsa, ona «qərib diyar» deməyə dili gəlmir.
Qürbətdə tənhalığın
nə demək olduğunu
qərib duyar.
Tanımadığın
qərib bir diyarda
səni oğlun, nəvələrin
qarşılayırsa,
ora necə deyəsən
qərib diyar?!
Başqa bir şeirində isə bu yerləri öz vətəninə oxşadır və qəriblik hiss etmədiyini dilə gətirir. Ümumiyyətlə, onun şeirlərinin qürbət nəğmələri adı altında verilməsinə baxmayaraq, lirik qəhrəmanın əhvali-ruhiyyəsində qürbətçilik demək olar ki, hiss olunmur. Ona görə belədir ki, şair bu yerləri gəzərkən belə heç zaman vətənini, elini unutmur, yaddan çıxarmır:
Adam burda özünü
zərrə qədər də
qərib hiss eləmir,
elə bil öz evində,
öz oylağındasan.
Günün altında duranda özünü
Yazı düzündə sanırsan,
kölgədə olanda elə bil
Salvartı yaylağındasan…
«Mələklər şəhəri», «Sakit okean nəfəs alır», «Santa Monika» kitab mağazasında, «Bu şəhər», «Səfil kitab oxuyur», «Möcüzələr qitəsi», «Vətəndən gələn işıq», «Marina Del Reydə», «Qərb diyar, qəribə diyar», «Santa Monika çimərliyində», «Iki okean arasında», «Göydə elədiyim dualar» və sair şeirlərində Amerika lövhələri yaradılır. Bu şeirlərdə şairin təkcə təsvir məkanı dəyişmir, düşüncələri, obrazları, təsvir və ifadə vasitələri (elə ifadə imkanları da!) də dəyişir, yeniləşir. Şairi təəccübləndirən bir də Amerikanı hələ «otuyla», «suyuyla», «insanıyla», «cəmiyyətiylə» tanımamasıdır. Burada hər şey ona yeni görünür, yeni göründüyü üçün də möcüzələr ölkəsi kimi gəlir:
Burda nə qədər meyvə var,
hələ dadını bilmirəm.
Burda nə qədər gözəl ağac var,
birinin də adını bilmirəm.
Bildiyim odu ki,
bu bərəkətli torpağa
nə əksən bitəsidi…
Doğrudan da, Amerika
möcüzələr qitəsidi…
Şair Amerikanı, onun təbiətini, insanlarını, Sakit okeanı çox təsvir edir, oxucu üçü o qədər də tanış olmayan cazibədar lövhələr yaradır. Bununla da bu qitənin təbiətinə vurğunluğunu gizlətmir, ancaq qürbəti heç vaxt dərdə əlac hesab etmir, vətəni sevdiyi üçün darıxır, darıxdığı üçün «Qollarını sevgiylə aç, gəlirəm, vətən, gəlirəm!» – deyə lacivərd göylərini heç vaxt unutmadığın dilə gətirir, onun budaqda saralıb-solan bir yarpağına belə vurğunluğunu gizlətmir.
Şairin poetik düşüncəsində torpaq elə hər yerdə torpaqdır, daş elə hər yerdə daşdır. Şair özü üçün müəyyənləşdirir ki, vətən heç də torpaqdan, daşdan ibarət deyilmiş. «Vətəni vətən eləyən demə ana dili imiş…» «Bir dəli sevdadır ömrün mənası» başlığı altında toplanan şeirlərdə müəllif sevgi yaşında olmasa da, oxucuya yepyeni bir sevgi hissləri, bənzərsiz duyğular çələngi təqdim edir. Bu duyğular, əslində, sevgi yaşının və sevginin yaşının olmadığını göstərir. Məsələ heç də şairin bu sevgini zəruriliyində deyil, onu necə təsvir etməsindədir. «Bir dəli sevdadır ömrün mənası», «Közərdi qəlbimin sönən atəşi», «Ürəyim sevgiylə gəlirdi dilə, Dəvət göndərmişdi sanki göy yerə», «Bir payız günündə gəldik üz-üzə, Hara baxırdımsa, duman, çən idi», «Həsrətin ağlatdı dərəni, düzü», «Hicran dumanında ümidlər itdi», «Sevgimin yolları dirəndi dağa», «Çıxmaq istəsəm də eşq dənizindən, Sahilə qoymursan sevda gəmimi», «Ürəkdə ümidlər tumurcuqlayıb, Sevgi böyüdükcə dünya daralıb», «Nəfsin toxunsa könül tarıma, Içimdə həsrətin puçurlayacaq» və s. orijinal poetik düşüncələri ilə sanki yeni sevgi hekayəti yazır. Onun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlmətiOnun sevgisi safdır, təmizdir. Əsl sevginin özü kimi səmimiyyət və saflıq bu şeirlərin başlıca əlmətidir.
Rafiq Yusifoğlunun «Üçüncü qərinə» kitabında toplanmış şeirlərin bir hissəsi «Ağrılar çələngi» başlığı altında toplanıb. Bu şeirlərdə dünyanı düşündürən, onun içindən keçən ağrılar qələmə alınır. Şair sanki bu ağrıları gözlə görür, ona əllə toxunur. Bəzən M.Ə.Sabir kimi «Toylar bizə toy tutur», «Bətbəxt varlıların gözü kasıbların cibindədir», «Neynirəm belə əmini, neynirəm belə dayını», «Elə bil ki, haqq-ədalət Bu dünyayla vidalaşıb», – deyə cəmiyyətdə gedən ağrılara poetik-publisistik münasibətini bildirir. Bu şeirlərdə satirik çalarlar üstünlük təşkil edir. Çağdaş dünyada baş verən proseslərə satirik gözlə baxan şair daim haqq-ədalət axtarışındadır, tərəzinin əyilən gözünü düzəltməyə çalışır və oxucunu da buna kökləyir. Bəzən kinayə, bəzən istehza və təmsilvarilik bu şeirlərə yeni rəng qatır, kiçik parçada böyük mənalar ifadə edir. «Nə üzlə», «Nə vermisən», «Maska», «Şəkər», «Inanma», «Bir xəbisə», «Məmurlar adam olsa», «Insanlıqdan çıxan adamlar», «sahibsiz itlər», «Kölgə» və sair şeirlərində cəmiyyətdə olan qüsurları lirik-satirik dillə təsvir edir, insanları insanlığa dəvət edir.
Rafiq Yusifoğlunun «Üçüncü qərinə» adlandırdığı şeirlər kitabı ömrünün üçüncü qərinəsində poetik duyğuların, hisslərin məcmusudur. Bunu həm də obrazları, təsvir məkanları ilə birgə şairin ömrünün anlarından ibarət tərcümeyi-halı hesab etmək olar. Hər şeir onun həyatının bir parçası, məqamıdır. Şeirlərin hər birinin altında günü ilə göstərilən tarix duyğularının, məqamların və onu yaşadacaq düşüncələrinin tarixidir.


Müəllif: Bədirxan ƏHMƏDLİ
filologiya üzrə elmlər doktoru, professor.
“Kaspi” qəzeti, 1 iyul 2017

BƏDİRXAN ƏHMƏDLİNİN YAZILARI

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir