
XAN BABAMIN KƏNDİNƏ GETMİŞDİM…
XANKƏNDİMƏ…
Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa-Laçın-Qubadlı
Uşaqlıqda Xan nənəmin, xanım nənəmin güllü yorğanının üstündə oturub dinlədiyim şirin, kövrək, nisgilli xatirələri elə o vaxtdan ovcumda sıxıb, bölüşməyə kimsə tapmadığım üçün qiymətli əmanət kimi gizləyib saxlamışdım… Öz-özümə danışar, kövrələr, köks ötürərdim. Düz 45 ildən də bir az uzun zamandı…
Nəhayət ki… Tale mənə elə o xatirələrin cücərib baş qaldırdığı torpaqları ziyarət etməyi nəsib etdi…
2 əsrlik xatirələri acgözlüklə, bir anın içindəcə üzümü göyə tutub sahiblərinə “çatdırdım”… Yerdə kimsə qalmayıb axı…
Çiynimdəki yük yüngülləşdi sanki… amma tam boşalmadı… Xan babamın kəndini belə pəjmürdə görmək mənə çox ağır gəldi. Murdarların izləri hələ tam təmizlənməmiş yəqin ki, bu hissləri yaşamağım təbii idi…
Ən ağırı XOCALI ziyarətim oldu. Yerə ayaq basmağa utanırdım. O müdhiş gecədəki ah-nalələr qulağımı, beynimi deşirdi sanki… Sevinc hissi yaşaya bilmədim, bilməzdim. Biz bu faciəli tarixi heç zaman unutmamalıyıq. Bir gözümüz güləndə, o biri ağlamalıdır… Tez maşına qayıtdım… İçimdə hıçqırtı ilə ağladım. Ora tamamilə başqa əhval-ruhiyyədə getsəm də, o hisslərim yoxa çıxdı… Yəqin bizə çox uzun illər lazımdır bu faciəni unutmaq üçün. Yox, unutmaq yox… Şəhidlərimizin qanları hesabına alınan bu torpaqlarımızı, qisası alınmış Xocalımızı elə gözəlləşdirməliyik ki… Bəlkə onda o torpaqlarda rahatlıqla addımlaya bilərik…
Şuşa-Laçın səfərimiz daha yüngül oldu. Qələbənin Sevincini bir az yaşaya bildim…
Qanımı qaraldan o oldu ki, Laçından üzüaaşağı Qubadlıya düşəndə hündür sağ zirvədə o murdarların bayrağını və əsgərlərini gördüm. Əbədi bir yaradı bu murdarlar bu torpağın bağrında təəssüf ki… Daim görmək məcburiyyətindəyik…
Sol tərəfdə bizim bayrağımız dalğalanırdı. Üz-üzə idilər.
Aşağıda isə bizimkilər buldozerlərlə nəhəng qayaları yarıb yeraltı tunellər tikir, yolları daha da genişləndirirdilər…
Qarabağda nəhəng quruculuq işləri getmir. Belə təsəvvür etmirdim… Yəqin sülhün imzalanmasını gözləyirlər… Ümid edək. İnşaallah…
Ehtiramla: Aliyə CAVANŞİR,
tədqiqatçı
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru