ÇOXLUQ Və YA KÜTLƏ?
Son vaxtlar isanların kütlə sözündən xoşu gəlmir nədənsə. Çoxluğu kütlə adlandırmaq nədənsə insanları , bütövlükdə cəmiyyəti qıcıqlandırır.
Halbuki kütlə təfəkkürü dedikdə həmin o çoxluğu nəzərdə tuturuq –Burnunun ucundan kənarı görməyən, sözə dəyər verməyib Baləlilərə qulaq asan, Baboşlara, Ləmanlara qucaq açıb ümumbəşəri dəyərləri gözdən salan, günün çox sosial hissəsini sosial şəbəkədə mənasız adamların ailə dramlarına baxıb göz yaşı axıdan, ağzına gələn kommentlərlə gündəmi zəbt etməyə çalışan, ətrafına özü kimi minlərlə tamaşaçı yığan , həqiqətlərə yox, yalana çəpik çalan, kitab oxumaq mədəniyyətindən uzaq olan ,azərbaycan yazıçısını, şairini urvatdan salan toplum kütlə deyilsə bəs nədi? Tik-tokda bütün günü orasını burasını göstərən, ağzına gələni danışıb özünə reytinq qazananların ətrafında fırlanan çoxluğa kütlə deməyimizdən niyə narazıdılar axı? Kütləviləşmək adi hal alıbsa ,milli -mənəvi dəyərlər arxa plana keçibsə , musiqimiz, ədəbiyyatımız, mədəniyyətimi, incəsənətimiz yad ünsürlərə məruz qalıbsa, asilikdən, zadəlikdən çıxmışıqsa, keçmişimizi baltalayıb sabahımızı sual altına qoymuşuqsa , qapılarımızı taybatay nifrətə açmışıqsa , ürəyimizdəki sevgi hissini zərrə -zərrə əritmişiksə bunun günahı kimdədi? Əlbəttə səndə, məndə, onda, onlarda –hamımızda. Əsl sözün , əsl musiqinin başına döyə -döyə öz yolundan çıxarmışıq. Poeziyamız meyxana səviyyəsindən də aşağı düşüb . Klassik musiqilərimiz damlaların, nəfəslərin və adını çəkmək istəmədiyim yüzlərlə dırnaqarası müğənnilərin kölgəsində itib batır. Bütövlükdə dünyanı azdırmışıq. Gözəl amallardan , gözəl duyğulardan uzaqlaşa-uzaqlaşa özümüz olmaqdan çıxmışıq. Əcnəbinin mənfi hər nəyi varsa qarşımıza çəkmişik . Gözəlliklərdən uzaq düşmüşük. Ğözümüz rəngarəngliyi götürmür. Hər şeydə qara axtarırıq. Bəs niyə kütlə olmağı özümüzə ar bilirik? Çoxluğun içində olmayanlar da azlıqda əzab çəkir, əzilir, sıxılır. Yazıçımız, şairimiz küçə -küçə gəzib alıcı axtarır. Pinti şou əhlinı verilən dəyərin milyonda biri yazarlarımıza verilmir. Sözü bütövlükdə cəmiyyətdən küsdürmüşük. Bəs niyə kütlə anlayışı bizdə ikrah hissi yaradır? Axı iyrənc , mənasız selin axınında itib batmağı özümüz seçmişik. Günahkar bizlərik axı. Hər şeyi maddiyyata bağlamaqla günahı üstümüzdən ata bilmərik. Əcnəbi müğənnilərin konsertinə pul tapanlar, günün xeyli hissəsini kafedə, restoranda keçirənlər, mənasız və acı bağırsaq kimi uzanan serialları qarabaqara izləyənlər , şopinqlərdə və dükanlarda bunu geyinib onu soyunanlar ( siyahını istədiyiniz qədər uzada bilərəm) , əlbəttə kitab oxumağa vaxt tapmayacaq. “Yaxşı əsər yoxdu ” -deyib yaxasını qırağa çəkənlər də çoxdu. Zənnimcə ən zəif əsər belə nəyisə öyrədir insana, nəyisə təbliğ və təlqin edir. Lap qafiyədən kənara çıxan şeirlər də, modern adı altında yazılan ən ütüsüz poeziya nümunəsi də adama nəyisə qazandırır. Bapbalaca olsa da. Amma oxuyan, kitab almağa marağı olan kimdi? Robotlaşmış , soyuq, burnunun ucundan o yanı görməyən kütlə formalaşmaqdadı. Acığınıza gəlsə də , lap tənbehə və təhqirə keçsəz də bu belədi. Fərqinə varmasaq da cəmiyyəti arxasınca aparmağa qadir mənfur qüvvələr yetişməkdədi. Özünə, mənəviyyatına sadiq çox az adam qalıb. Bir ovucuq deyəndə məhz bunu nəzərdə tuturam. Nağıla qulaq asa-asa əsl həqiqətləri ört -basdır etmişik. Bir həyat mexanizmimiz yoxdu. Qəribə pərakəndəlik var prinsiplərimizdə. Dağılmışıq, ya da dağıdıblar. Boynumuza almasaq da ancaq həyatın ən eybəcər tərəfinə qaçmağa çalışırıq . Yeniliyi sosial şəbəkədə dost axtarmaqda, çılpaq bədənini bütün dünyanın qarşısında nümayiş etdirməkdə , küçə mədəniyyətinin təbliğində , əxlaq normalarını aşmaqda, dedi-qodu tipli verilişlərdə ailə sirrimizi kütləviləşdirməkdə, bütün günü əlimizdə telefon onun -bunun problemlərini müzakirə etməkdə və sairə və ilaxırda görürük. Elə müasirliyi də. Dəbdən xəbərimiz olmasa da “zövqlü” olmaqda iddialıyıq. Yəni özümüzü elə aparırıq. Əsas məsələlər ( elm öyrənmək, kitab oxumaq, idarəçilik…) arxa plana keçib. Boynumuza düşən öhdəliklərdən qaça-qaça kütlə mədəniyyətini formalaşdırmışıq və özümüz də narazıyıq. Bu yolu özümüz seçmişik. Cəzasını da özümüz çəkirik. Ən böyük bəlamız da budu ki, özümüzə qıraqdan baxa bilmirik. Bir də gözümüzü açıb özümüzü həyatın dibində görəcəyik . Onda da çox gec olacaq.
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru