
Mən ki, sənə bulud-bulud, yağış-yağış bağlıyam –
Aramızda nə çətir var, nə də dam var, İlahi.
Yer üzündə
Nə mənim tək göy üzünə ağlayan,
Nə də məni sənin kimi unudan var, İlahi.
Sənin ərşin – sonsuzluqdu, mənim ərşim – dualar,
Alanı çox…
Satanı çox…
Arşın-arşın dualar…
Bir məbəddən dərgahına uçur qurşun-dualar,
Bir məbəddə sönən ümid, yanan şam var, İlahi.
Min illərdi ümidləri yeyir…
Doyur adamlar,
Səccadədə hücrə-hücrə, oyuq-oyuq adamlar…
Bilirsənmi necə yanır soyuq-soyuq adamlar?
Mən bilirəm…
Nə tüstüm var, nə bacam var, İlahi!
Bir yol buldum min yolkəsən baxışların içindən –
Sualların, alqışların, qarğışların içindən…
Əlçim-əlçim buludların, yağışların içində
Bu dünyada unutduğun bir adam var, İlahi!
Bakı, 06 yanvar 2023-cü il
Müəllif:Elçin MİRZƏBƏYLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru