
QOQOLUN “MÜFƏTTIŞ” PYESI: GÜLÜŞÜN ARDINDAKI ACI HƏQİQƏTLƏR
Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” (orijinal adı: “Ревизор”) pyesi, dünya ədəbiyyatında tənqidi realizmin ən parlaq nümunələrindən biridir. 1836-cı ildə yazılan bu əsər, insan cəmiyyətində mövcud olan rüşvətxorluq, saxtakarlıq və bürokratiya kimi problemləri satirik üslubda təqdim edir. Hüququn əksikliyi, korrupsiya və hakimiyyətin məsuliyyətsizliyi pyesin əsas dayaq nöqtələrindən biridir. Lakin Qoqolun bu problemləri təsvir etmək tərzi insana həm güldürür, həm də düşündürür. Pyes,üslub baxımından satirik komediya janrında olsa da, özündə əhəmiyyətli fəlsəfi dərinlik daşıyır. Əsər, insan təbiətinin, cəmiyyətin strukturlarının və mənəviyyatın universal problemlərini araşdırır. Qoqolun yumor vasitəsilə toxunduğu mövzular əslində insanlığın mənəvi-etik suallarına cavab axtarır. Onun “Müfəttiş” pyesi, təkcə gülüş doğuran bir əsər deyil, həm də insanı düşünməyə vadar edən bir şah əsərdir. İlk baxışdan adi bir komediya kimi görünsə də, onun dərinliyində çox ciddi və əbədi problemlər gizlənir: rüşvət, ikiüzlülük, saxtakarlıq, qorxu və cəmiyyətdəki əxlaqi tənəzzül. Bu pyesi oxuyarkən və ya səhnədə izləyərkən insan həm gülür, həm də gülüşün arxasında gizlənən acı həqiqətlərlə üz-üzə qalır.
Əsərin başlanğıcından etibarən hüququn formal mövcud olduğu bir cəmiyyət təsvir olunur, amma həmin hüququn real həyatda heç bir dəyəri yoxdur. Şəhər rəsmiləri – vali, məhkəmə hakimi, xəstəxana müdirləri və digərləri qanunları yalnız öz maraqlarını qorumaq üçün vasitə kimi istifadə edirlər. Onlar hüququn ədaləti təmin etməli olduğunu çoxdan unudublar. Əksinə, hüquq onlara görə, rüşvət, yalan və saxtakarlıqla dolu bir sistemin oyuncağıdır. Vali, şəhər rəhbəri olaraq qanunun tətbiqinə cavabdehdir, amma əslində bu qanun onun şəxsi maraqlarına xidmət edir. Xəstəxanadakı dəhşətli vəziyyəti ört-basdır etmək üçün “xəstələrin yatmağa məcbur olduğunu” söyləyən vali, hüququn və dövlət vəzifəsinin nə qədər gülünc hala gətirildiyini göstərir. Bu, açıq bir şəkildə hüququn yalnız kağız üzərində qaldığını, əməldə isə tamamilə fərqli bir mənzərə yaratdığını vurğulayır. Bəs Xlestakovun timsalında hüquq necə təsvir olunur? O, hüquqi sistemin və cəmiyyətin naqisliklərindən faydalanan bir dələduzdur. Maraqlıdır ki, Xlestakov heç bir qanun pozuntusuna görə cəzalandırılmır. Əksinə, hüququ “idarə edənlər” öz qorxaqlığı və yaltaqlığı ilə onun yalanlarına inanaraq özlərini daha da gülünc vəziyyətə salırlar. Qoqol burada hüququn yalnız güclülərin və ya manipulyatorların əlində bir vasitə olduğunu ironiya ilə göstərir. Əsərin sonunda isə hüququn komik trayektoriyası tamamlanır. Müfəttişin əslində şəhərə hələ gəlmədiyini öyrənən rəsmilər üçün artıq gecdir. Hüququn təməl prinsipləri – ədalət, şəffaflıq və vicdan – onlara yad olduğu üçün, öz riyakarlıqları ilə hüquq sisteminin bir parodiyasını yaradıblar. Və əsl müfəttiş gələndə, biz artıq bilirik ki, bu adamlar hüquq qarşısında deyil, yalnız öz qorxularının və günahlarının əsiridirlər. Qoqol göstərir ki, əgər insanlar əxlaqi prinsiplərdən uzaqdırsa, hüquq sistemi nə qədər mükəmməl olsa da, çürüyəcək.
Qoqol burada təkcə Rusiyanın XIX əsrdəki cəmiyyətini deyil, ümumilikdə insanlığın zəif cəhətlərini hədəf alır. Əsərdə hər bir personaj özünəməxsus naqisliklərin daşıyıcısıdır: vali rüşvətxor, məmurlar məsuliyyətsiz, adi bir dələduz olan Xlestakov isə bu xaosdan istifadə edən kimsəsiz bir dələduzdur. Maraqlısı odur ki, Xlestakov heç bir xüsusi plan qurmasa belə, hamı onun qarşısında özünü məhv edir. Bəs niyə? Çünki onların qorxusu, yalanları və günahları özlərini həqiqətdən uzaqlaşdırıb. Müfəttiş gəlməsə belə, bu insanlar artıq öz riyakarlıqları ilə özlərini məhv etməyə məhkumdurlar.Əsərdə adi bir şəhər məmurlarının absurd qorxusu, mənəvi iflası və riyakarlığı elə bir ustalıqla təsvir edilir ki, istər-istəməz özümüzü onların yerinə qoyuruq. Vali – böyük bir “mükəmməl rüşvət mexanizmi”nin başında duran adamdır, amma birdən xəbər alır ki, müfəttiş gəlir. Elə buradan başlasaq, maraqlıdır: müfəttiş gəlir deyə niyə qorxursan, ey vali? Niyə günahını bilən hər kəs həyəcanlanır? Çünki hər kəs çirkli işlərinin ifşa olunmasından qorxur. Bu qorxudan doğan vəziyyətlər isə insanı həm güldürür, həm də düşündürür. Sonra ortaya Xlestakov – tam təsadüfi, adi bir dələduz çıxır. Amma o qədər “inandırıcı” deyil ki, hamı onu müfəttiş hesab edir. Axı, biz belə vəziyyətləri reallıqda da görmürükmü? Biz də bəzən yalançıya inanmağa, həqiqəti görməməyə meyilli deyilikmi? Pyes göstərir ki, özünü aldatmaq bəzən həqiqəti qəbul etməkdən daha rahatdır. Gülüş də buradan gəlir – insanın öz absurdluğunu görə bilməməsi. Satira burada ən böyük silahdır. Qoqol açıqca deyir: “Hamımız Xlestakov kimi yalan deyə bilərik, amma məsələ ondadır ki, cəmiyyət yalanı sevəndə, yalan daha güclü olur.” Şəhər məmurlarının yaltaqlığı, qorxuları, rüşvətlə dolu həyatları o qədər ironik şəkildə təsvir edilir ki, özümüz də bu güzgüdə tanış üzlər görə bilərik. Rüşvət alan yalnız vali deyil, yalan danışan yalnız Xlestakov deyil – əslində bu, hər bir dövrün insanı, hər bir cəmiyyətin problemidir. Qoqolun təsvir etdiyi dünyada hüquq kağız üzərindəki qanunlardan ibarətdir, amma bu qanunların arxasında dayanacaq vicdanlı və əxlaqlı insanlar olmadıqda, hüquq sistemi öz mahiyyətini itirir. Əslində, hüquq sisteminin gülünc hala düşməsi, Qoqolun satirik güzgüsü vasitəsilə oxucunun diqqətinə çatdırılır. Oxuyarkən özümüzdən soruşuruq: “Hüquq idealına çatmaq mümkündürmü, yoxsa bu yalnız utopik bir düşüncədir?”
Qoqolun pyesində hüquq vicdandan tamamilə ayrılmış vəziyyətdədir. Şəhər rəsmiləri yalnız özlərini xilas etmək üçün hərəkət edir və hüququn ədalət prinsipləri onları maraqlandırmır. Əsərdə hüquq yalnız qorxu, yalan və manipulyasiya vasitəsidir. Müasir dünyada hüquq və vicdan bir çox cəmiyyətlərdə hələ də ayrıdır. Hüquq sisteminin effektiv işləməsi yalnız qanunlarla deyil, həm də onu tətbiq edən insanların vicdanı və əxlaqi dəyərləri ilə bağlıdır. Əgər hüquq vicdansız şəxslərin əlindədirsə, o zaman Qoqolun təsvir etdiyi mənzərə müasir dövrdə də reallığa çevrilir.Xlestakov, pyesdə yalançı müfəttiş kimi təqdim olunaraq, cəmiyyətin qüsurlarından istifadə edir və özünü sərbəst şəkildə ifadə edir. Onun davranışları əxlaqsız və riyakar olsa da, bu, cəmiyyətin içindəki böyük problemləri üzə çıxarmaq üçün bir vasitədir. Xlestakovun azadlığı əslində cəmiyyətdəki qanunsuzluğun nə qədər dərin olduğunu göstərir – insanlar onun saxta şəxsiyyətini sual etmədən qəbul edir və özlərini ona qarşı aciz hiss edirlər. Pyesin əsas fəlsəfi dərinliyi insan xislətinin naqisliklərini ifşa etməsindədir. Valinin və digər şəhər rəsmilərinin qorxu ilə dolu davranışları onların vicdanlarının təmiz olmamasını göstərir. İnsanlar rüşvət və saxtakarlıqla məşğul olduqları üçün özlərinə belə güvənmir, əxlaqi zəifliklərinin qurbanına çevrilirlər. Qoqol göstərir ki, insanın mənəvi zəifliyi onu daha da riyakarlığa, qorxaqlığa və özünə qarşı əminliksizliyə aparır. Qorxu və azadlıq mövzusu fəlsəfi cəhətdən diqqətəlayiqdir. Şəhər rəsmiləri “müfəttiş”dən qorxaraq öz hərəkətlərini gizlətməyə çalışırlar, lakin bu qorxu onların daxili mənəvi köləlik vəziyyətində olduğunu göstərir. Qoqolun fikrincə, mənəvi azadlıq yalnız insanın vicdanının təmiz olması ilə mümkündür. Həqiqətdən qaçmaq isə insanı yalnız daha dərin mənəvi köləliyə aparır. Xlestakovun müfəttiş kimi qəbul edilməsi əsərdə gerçəklik və illüziya arasındakı fərqi araşdırır. İnsanlar reallığı dərk etmək yerinə öz illüziyalarına inanırlar. Valinin və şəhər rəsmilərinin Xlestakovu müfəttiş kimi qəbul etməsi, onların həqiqəti anlamaq iqtidarında olmadığını göstərir. Bu, insanın öz gözləntiləri və illüziyaları ilə gerçəkliyi necə təhrif edə biləcəyini göstərən fəlsəfi bir mövzudur.
“Müfəttiş” pyesi həm də gülüşün gücünü göstərir. Qoqol bizə sübut edir ki, ən ciddi problemlər belə yumor vasitəsilə daha təsirli şəkildə ifadə oluna bilər. İnsanları düşünməyə məcbur etmək üçün onları güldürmək bəlkə də ən təsirli yoldur. Çünki gülüşün ardınca gələn düşüncə daha dərindir və insanın vicdanına toxunur. Oxuyarkən sanki Qoqol bir kənara çəkilib, əlinə güzgü alaraq hər birimizi bir-bir göstərir: “Baxın, budur siz, budur biz. Gülürsünüz, amma fərqindəsiniz ki, gülüşlərinizin arxasında siz də varsınız?” “Müfəttiş” nədir? Sadəcə bir oyun, bir tamaşa deyil. Bu, cəmiyyətin komediyasıdır. Gülürsən, amma axırda bir sual səni tərk etmir: “Mən də bu absurd teatrın aktyoruyam?” Yəni, Qoqol bizim həyatımızı gözümüzün önünə sərir, amma heç bir çıxış yolu təklif etmir. O, sadəcə deyir: “Özünüz baxın, qərarınızı özünüz verin.” “Müfəttiş” pyesinin fəlsəfi dərinliyi, insanın öz mənəvi məsuliyyətini anlaması və həqiqət qarşısında dürüst olması ilə bağlıdır. Qoqol, güzgü tutaraq insanları özlərini və cəmiyyətlərini dərk etməyə çağırır. Onun mesajı sadədir: insanın və cəmiyyətin inkişafı yalnız həqiqət, dürüstlük və mənəvi təmizliklə mümkündür. Pyes bu mənada yalnız gülüş doğuran bir komediya deyil, həm də insanın varoluşuna dair ciddi fəlsəfi bir araşdırmadır.
Bu əsər eyni zamanda güzgü kimi də işləyir – biz əsərin personajlarında yalnız Qoqolun dövrünün insanlarını deyil, özümüzü də görürük. Cəmiyyətin səhvlərini tənqid etmək asandır, amma bu əsər göstərir ki, bəzən bu səhvlərin səbəbkarı biz özümüz ola bilərik. Axı biz də bəzən həqiqəti görməkdən çəkinir, daha asan olanı seçir və vicdanımızın səsini susdururuq. Və bu qərar? Əgər biz də Xlestakovlara inanmağa, həqiqətdən qorxmağa davam etsək, bəlkə növbəti dəfə müfəttiş heç gəlməyəcək – çünki artıq hər şey çürüyüb bitəcək. Bu da Qoqolun güldürə-güldürə düşündürən mesajıdır. Bir az acı, bir az şirin, amma həmişə səmimi.
Müəllif: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru